Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
Fevralın 21-də Bakıda xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Azərbaycan Dövlət Simfonik Orkestri dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürasını ifa etdi.
Dövlətimizin başçısı abidənin üzərindəki örtüyü götürdü.
Azərbaycan Prezidenti abidənin önünə əklil qoydu.
Dövlətimizin başçısı Azərbaycanın elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşdü.
Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:
- Əziz dostlar! Bu gün şəhərimizin tarixində çox əlamətdar və unudulmaz bir gündür. Bu gün Bakının mərkəzində, şəhərimizin gözəl guşəsində biz böyük şəxsiyyət, Azərbaycan xalqının qəhrəman oğlu Koroğlunun abidəsinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Koroğlu bizim xalq qəhrəmanımızdır. Koroğlu vətənpərvərlik, igidlik rəmzidir. Azərbaycan xalqının qəlbində Koroğlu daim yaşamışdır. Bütün dövrlərdə Koroğlunun xalq qarşısında etdiyi xidmətlər Azərbaycan xalqının xatirəsində yaşamışdır və bu gün də yaşayır.
Koroğlu obrazı vətənpərvərlik, igidlik, mərdlik, şücaət obrazıdır. Koroğlu Azərbaycan xalqına xas olan bütün gözəl xüsusiyyətləri özündə əks etdirir. Vətənpərvərlik kimi bu gün də çox vacib olan amil Koroğlu obrazında bariz şəkildə özünü göstərir.
Müxtəlif dövrlərdə bizim böyük sənətkarlarımız "Koroğlu" mövzusuna müraciət etmişlər. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 1930-cu illərdə yazdığı "Koroğlu" operası bu gün də yaşayır və əbədi yaşayacaqdır. Bütün təntənəli mərasimlərdə "Koroğlu" operasının uvertürası səslənir. Bu, bizim dövlət himnimizlə bərabər Azərbaycan xalqının ayrılmaz böyük dəyəri kimi bu gün də yaşayır.
Ölkəmizin müxtəlif şəhərlərində Koroğlu abidələri ucaldılmışdır. Ancaq Bakıda Koroğlu abidəsi yox idi və bu boşluğu biz indi aradan qaldırdıq. Mən 2009-cu ildə Bakıda Koroğlu abidəsinin ucaldılması haqqında müvafiq sərəncam imzalamışam. Bizim istedadlı heykəltəraşımız Tokay Məmmədov gözəl və əzəmətli əsər yaratmışdır. Koroğlu abidəsi üçün müvafiq yerin seçilməsi prosesi başlanmışdı. Mən çox istəyirdim ki, şəhərimizin gözəl yerində gözəl, əzəmətli abidə ucaldılsın və bu gün biz bu tarixi hadisənin şahidiyik.
Ölkəmizin müxtəlif bölgələrində, bir daha demək istəyirəm ki, Koroğlu abidəsi vardır. Artıq Bakıda da bu abidə vardır. Artıq bu gündən etibarən bu parka da "Koroğlu parkı" adı verilib.
Gənc nəslin tərbiyə edilməsində "Koroğlu" dastanı çox mühüm bir vasitədir. Çünki gənc nəslimiz vətənpərvərlik ruhunda böyüməli, tərbiyə almalıdır. Müstəqil Azərbaycanın vətəndaşları öz Vətənini, xalqını sevməlidirlər. Koroğlu xalq içərisindən çıxmış, xalq üçün yaşamış gözəl insan, böyük sərkərdə idi. Koroğlu, eyni zamanda, istedadlı insan idi - həm şair, həm aşıq idi. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqının ən gözəl xüsusiyyətləri onda var idi və bizim gənclərimiz keçmişimizdə olan müsbət obrazları da bilməlidirlər, yaxından, dərindən tanımalıdırlar. Biz keçən il müstəqilliyimizin 20 illiyini qeyd etmişik. Ancaq bizim çox böyük, zəngin tariximiz, mədəniyyətimiz vardır. Şifahi xalq yaradıcılığımız vardır. Gözəl əsərlərimiz, dahi şəxsiyyətlərimiz vardır. Bizim vətəndaşlar, xüsusilə gənclər o dahi şəxsiyyətləri tanımalıdırlar.
Koroğlu abidəsinin ucaldılması bir tərəfdən tarixi ədaləti əks etdirir, digər tərəfdən Koroğlu abidəsi bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu əyani şəkildə göstərir.
Biz öz dahi şəxsiyyətlərimizin xatirəsinə böyük hörmətlə yanaşırıq. Təkcə keçən il Bakıda görkəmli şəxsiyyətlərin abidələri ucaldılmışdır. Keçən il Zivərbəy Əhmədbəyovun, Fikrət Əmirovun abidəsi ucaldılmışdır. Bu gün biz Koroğlunun abidəsinin açılışını qeyd edirik. Yaxın gələcəkdə Bakıda, şəhərimizin gözəl yerlərində Babəkin, Qara Qarayevin, Bülbülün abidələri ucaldılacaqdır. Artıq müvafiq göstərişlər verilmişdir.
Sovet dövründə də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın görkəmli şəxsiyyətlərinin şərəfinə abidələr ucaldılmışdır. Bu gün bu siyasət davam etdirilir. Bu abidələr bir daha onu göstərir ki, Azərbaycan xalqı nə qədər böyük, nə qədər istedadlı xalqdır, bizim nə qədər böyük tarixi şəxsiyyətlərimiz olmuşdur. Onların fəaliyyəti, həyatı, xalqa bağlılığı bizim üçün də bir nümunədir, örnəkdir. Onlar bu yolu bizə göstərdilər. Bu yol ədalət yoludur.
Koroğlu da haqq-ədalətin tərəfində idi. Koroğlu kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi. Biz, bir daha demək istəyirəm ki, gənc nəsli bu müsbət nümunələr əsasında tərbiyə etməliyik. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar, Vətəni sevirlər. Bizim vətəndaşlar haqlı olaraq qürur hissi keçirirlər ki, biz hamımız Azərbaycan vətəndaşıyıq.
İyirmi il ərzində ölkəmiz böyük və şərəfli yol keçmişdir, bütün sahələrdə böyük uğurlara imza atmışdır. Uğurlarımızın təməlində məhz milli mənəvi dəyərlər dayanır. Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə güclü mövqelərə malik olmaq olar, - halbuki bunun üçün də çox çalışmaq lazımdır, - ancaq milli mənəvi dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulubdur. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulubdur. Milli mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir.
Bu gün ölkəmizdə hər bir sahədə olduğu kimi, milli mənəvi sahədə də dirçəliş, inkişaf vardır. Biz güclü, müasir dövlət qururuq. Ancaq ənənələrimizə, tariximizə, keçmişimizə çox bağlıyıq. Dünyada qloballaşma prosesləri gedir, istər-istəməz bizə də təsir edir. Yəni bu, heç bir ölkədən yan keçə bilməz. Xüsusilə, bu dövrdə milli dəyərlərə diqqət daha da böyük olmalıdır. İnsanlar milli ruhda tərbiyə olunmalıdırlar. Öz Vətəninə, öz keçmişinə, tarixinə, dahi şəxsiyyətlərinə hörmətlə yanaşmalıdırlar. Mən çox şadam ki, bugünkü Azərbaycan reallıqlarını bu amillər müəyyən edir. Bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz odur ki, Azərbaycan dövləti güclü milli təməl üzərində qurulubdur. Eyni zamanda, Azərbaycanda yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələri ölkəmizin dəyərli vətəndaşlarıdırlar və Azərbaycanın təcrübəsi bu baxımdan diqqətə layiqdir və böyük maraq doğurur.
Bu gün bu abidənin açılışı, eyni zamanda, bu gözəl parkın abadlaşmasına da şərait yaratdı. Abidənin yaradılması ilə bərabər, Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş vermişdik ki, bu park da abadlaşsın, gözəlləşsin. Bakıda böyük quruculuq işləri aparılır. Bütün parklar, bağlar yenidən qurulur, abadlaşır. İnsanlar üçün gözəl istirahət yerləri yaradılır. Bakı doğrudan da indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının tarixi gözəlliyi vardır. Tarixi, qədim binalar şəhərimizə gözəllik verir. Eyni zamanda, Bakının müasir meqapolisə çevrilməsi prosesi də uğurla gedir. Bu iki istiqamət arasında heç bir ziddiyyət olmamalıdır və yoxdur. Həm müasir binalar, həm qədim Bakı bir-birini tamamlamalıdır və tamamlayır. Şəhərimizin gözəlləşməsi hər bir Bakı sakini, hər bir Azərbaycan vətəndaşı üçün çox vacib olan məsələdir. Bakıya gələn hər bir qonaq şəhərin gözəlliyinə heyran olur. Bakı da bizim böyük, milli sərvətimizdir.
Mən bu gün bir daha qeyd etmək istəyirəm ki, Koroğlu abidəsinin ucaldılması böyük məna daşıyır. Bu, həm tarixi şəxsiyyətə hörmətimizin əlamətidir, həm keçmişimizə olan münasibətdir, həm də Koroğlunun etdiyi fədakarlığa görə Azərbaycan xalqının qiymətidir. Bu gözəl əsər, əminəm ki, bütün Azərbaycan xalqını sevindirəcəkdir. Koroğlu abidəsi məhz belə olmalı idi. Gözəl, möhtəşəm, qürurlu və əzəmətli.
Bir daha əsərin müəllifinə, görkəmli heykəltəraş Tokay Məmmədova minnətdarlığımı bildirmək istəyirəm. Əsərin yaradılmasında iştirak etmiş bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. Bakı sakinlərini və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Sağ olun!
* * *
Abidənin müəllifi, Azərbaycanın xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, professor Tokay MƏMMƏDOV çıxış edərək dedi:
- Hörmətli xanımlar və cənablar!
Bu gün mənim üçün çox əlamətdar bir gündür.
"Koroğlu" otuz il işlədiyim bir mövzudur, mənim üçün əziz bir obrazdır, xalqımızın qəhrəmanlıq rəmzidir. Mən dəqiq bilirdim ki, Azərbaycanın paytaxtı üçün bu heykəl lazım olacaqdır.
Nəhayət, iki il əvvəl möhtərəm cənab Prezident Bakıda Koroğlunun abidəsinin ucaldılması haqqında sərəncam imzaladı və bu işə təkan verildi. Heykəlin qurulmasında çox adamların zəhməti oldu. Bu gün onun açılış mərasimində mən müəllif kimi hamıya təşəkkürümü bildirmək istəyirəm. Ən böyük minnətdarlığım Sizədir, hörmətli Prezident!
Bakının gündən-günə gözəlləşməsini hamımız görürük və sevinirik. İnanıram ki, Koroğlunun heykəli şəhərimizə yaraşıq verəcək, Sizin böyük işlərinizə bir əlavə olacaqdır.
Çox sağ olun.
* * *
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri, professor Nizami CƏFƏROV dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli mərasim iştirakçıları!
Bu gün biz həqiqətən tarixi anların şahidiyik. Möhtərəm Prezidentimiz söylədi, Koroğlu bizim xalqın milli qəhrəmanıdır. Bu gün çoxlu mübahisələr gedir. Koroğlu doğrudan tarixi şəxsiyyətdirmi, ya deyilmi? Bu mübahisələri davam etdirmək də olar, amma əsas məsələ odur ki, Koroğlu bu xalqın ruhunun məhsuludur, bizim milli mövcudluğumuzun bir dəyəridir. Yəni, o, tarixi şəxsiyyət ola da, olmaya da bilər. Amma təbiidir ki, onun obrazı istənilən tarixi şəxsiyyətin obrazından daha güclüdür.
Koroğlu sadəcə qəhrəman, fiziki güc sahibi deyil, ruh adamıdır, aşıqdır, şairdir. Koroğlu sadəcə qəhrəman deyildir, həm də dövlət, cəmiyyət qurucusudur. Koroğlu Çənlibelin müəllifidir. Eyni zamanda, Koroğlu mütəfəkkirdir. Koroğlu filosofdur. Koroğlunun sözü vardır, deyir ki:
"Uca-uca dağlar başı
Çənli də olur, çənsiz də olur.
Çalış ki, bir işə yara,
Sənli də olur, sənsiz də olur".
Yəni, sən bir iş görsən də, görməsən də iş görüləcəkdir, iş gedəcəkdir. Amma təki, sən bir iş görəsən, iş görənlərin içərisində olasan. Bu mahiyyət, bu məntiq, əlbəttə, çox maraqlıdır.
Bu abidənin açılışı böyük bir hadisədir. Mən də, əlbəttə, həm müəllifi, həm xalqımızı təbrik edirəm.
Bir məsələni də xüsusi olaraq demək istəyirəm ki, bu cür abidələrin yaranması, görülən bu cür işlər həmişə cənab Prezidentin son zamanlar çox deyilən bir kəlamını yadıma salır ki, "Bizim siyasətimiz bizim işimizdir". Yəni, iş vardır. Bir vaxtlar çoxlu söz danışırdıq, amma indi iş görürük. Bu, çox mühüm bir məsələdir və Azərbaycanda görülən bu böyük, əzəmətli işlər, əlbəttə, ən müxtəlif sahələri, o cümlədən də bizim mədəniyyətimizi, mənəviyyatımızı əhatə edir. Vətənimiz üçün, xalqımız üçün xeyirli olsun.
* * *
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı ANAR çıxış edərək bildirdi:
- Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Bakımızın minillik tarixində şəhərimizdə ilk dəfə atlı heykəl ucaldılıb. Bu, xalqımızın əfsanəvi qəhrəmanı Koroğlunun heykəlidir. Burada artıq deyildi, Koroğlu həm qəhrəman, həm də sənətkar, aşıq, şair idi. Bir əlində Misri qılınc idi, bir əlində saz. Koroğlu dastanın həm iştirakçısı, həm yaradıcısı idi.
Koroğlu obrazı əsrlər boyu xalqımızın yaddaşında, qəlbində yaşayıb, bizim böyük sənətkarları ilhamlandırıb. Ölməz Üzeyir bəy "Koroğlu" operasını yaradıb. Tahir Salahov rəssamlıqda "Koroğlu" obrazını yaradıb. "Koroğlu" filmi vardır. Bu gün bizim başqa bir görkəmli sənətkarımız Tokay Məmmədov Koroğlunu heykəltəraşlıqda təcəssüm etdirib.
Koroğlu Azərbaycan xalqının ruhunu, igidliyini, qəhrəmanlığını ifadə edən bir şəxsiyyətdir. Bakıda onun heykəlinin ucalması vətənpərvərlik ruhunun daha da inkişafına yardım edəcəkdir. Əfsanəvi Qıratın belində Koroğlunun Misri qılıncı qaldırması bizi torpaqlarımızı azad etməyə çağırır, bizi qəhrəmanlığa, Koroğlu ruhunu yaşatmağa çağırır.
Mən bir daha, cənab Prezident, Sizi təbrik edirəm, heykəlin müəllifi Tokay Məmmədovu təbrik edirəm və bütün bakılıları, bütün azərbaycanlıları təbrik edirəm. Sağ olun!
* * *
Sonra Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya abidə və onun yerləşdiyi Koroğlu parkı haqqında ətraflı məlumat verildi.
Bildirildi ki, geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Ümumi sahəsi 1,3 hektar olan parkın 4620 kvadratmetrlik ərazisinə qranit plitələr döşənmişdir. Burada əhalinin istirahəti üçün nümunəvi şərait yaradılmışdır.
Məlum olduğu kimi, 2009-cu il dekabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev xalq qəhrəmanı Koroğluya Bakı şəhərində abidə ucaldılması ilə bağlı sərəncam imzalamışdır. Tezliklə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın Azadlıq və Vaqif prospektlərinin kəsişməsində yerləşən parkda abidənin ucaldılması ilə bağlı hazırlıq işlərinə başlamışdır. Görülən işlərin miqyasını və əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev 2010-cu il dekabrın 24-də xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə əlaqədar bəzi tədbirlər haqqında daha bir sərəncam imzalamışdır.
Diqqətə çatdırıldı ki, abidənin yerdən hündürlüyü 23 metrdir. Qəhrəman Koroğlunun Qıratın belində əzəmətli abidəsi Ukraynada bürüncdən tökülmüşdür.
Prezident İlham Əliyev Koroğlu parkında görülmüş işlərdən razılığını bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.
{nl}
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.