İsveçrənin Davos şəhərində Azərbaycana həsr olunan interaktiv sessiya keçirilmişdir

Yanvarın 27-də Davosda Azərbaycana həsr olunan interaktiv sessiya keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir.
Tədbirin aparıcısı, Davos Forumunun icraçı direktoru Börge BREND iştirakçıları Azərbaycana həsr edilmiş interaktiv sessiyada salamlayaraq, ölkəmizin davamlı inkişaf yolunda olduğunu bildirdi. Azərbaycanın coğrafi baxımdan strateji mövqedə yerləşdiyini qeyd edən Börge Brend dünyada maliyyə böhranının mövcud olduğu bir dövrdə ölkəmizin qeyri-neft sektorunda 9 faiz iqtisadi artıma nail olduğunun əhəmiyyətini vurğuladı və bu tədbirdə Azərbaycan iqtisadiyyatında çoxşaxəliliyin müzakirə mövzusu olacağını dedi.
Börge Brend Azərbaycanda neft sektoru ilə bərabər qeyri-neft sektorunun da sürətlə inkişaf etdiyini bildirdi.
Davos Forumunun icraçı direktoru Azərbaycanın perspektivləri, regiondakı rolu, ölkəyə qoyulan investisiyalarla bağlı dövlətimizin başçısı İlham Əliyevin fikirlərinin böyük maraq doğurduğunu da vurğuladı.
Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:
- Çox sağ olun. Əvvəlcə bu cür görüşü təşkil etdiyiniz üçün sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən Davosa gəlməyimə şadam. Bu dəfə Azərbaycana həsr olunmuş xüsusi tədbirdə iştirak edirik. Bu gün Azərbaycanın Davosda daha da geniş şəkildə təqdim olunduğuna şadam. Burada bizim ənənəvi xalçalarımız və milli mətbəximiz sərgilənir. Əlbəttə ki, biz Bakıdan gəlmişik. Burada da özümüzü Bakıdakı kimi hiss etdik.
Ölkə uğurla inkişaf edir. Son bir neçə ildə iqtisadi inkişaf göstəriciləri, doğrudan da heyranedicidir: 2004-cü ildən etibarən bu, 300 faiz təşkil edib. Əlbəttə, biz anlayırıq ki, bu artımın ən böyük hissəsi neft və qaz sektorunun payına düşür. Bu da 20 ildir müstəqil yaşayan bir ölkə üçün təbii haldır.
Hər bir ölkə, xüsusən də keçid dövrünü yaşayan ölkə bütün resurslarından, təbii sərvətlərindən istifadə etməlidir ki, güclü iqtisadiyyat qursun. Bu, bizim məqsədimiz və siyasətimiz idi. Çoxmilyardlı iri sərmayələrin neft və qaz sektoruna cəlb edilməsi bizə iqtisadiyyatımızı şaxələndirməyə kömək edir. İndi biz qarşımızda yeni məqsəd qoymuşuq. Məqsəd artıq üç dəfə artmış ümumi daxili məhsulu yenidən ikiqat artırmaqdır. Lakin iqtisadiyyatı əsasən qeyri-enerji sektorunun inkişaf etdirilməsi hesabına ikiqat artırmaq istəyirik.
Neft və qazı hasil edən ölkə kimi biz həmişə ümumi daxili məhsula qeyri-enerji və enerji ümumi daxili məhsulu nöqteyi- nəzərindən baxırıq. Beləliklə, keçən il qeyri-neft sənayesi 11 faiz, qeyri-neft sektoru isə 9 faiz artıb. Bu gün qarşıda duran məqsədimiz ölkənin müasirləşdirilməsi, şaxələndirilməsi və növbəti 10-12 il ərzində sürətli inkişafıdır. Çünki ölkənin regionlarının inkişafı ilə bağlı ilk proqram 2004-cü ildə qəbul olunmuşdur. Bununla da, 2014-cü ildə biz 10 illik inkişafın yeni mərhələsinə başlayacağıq. Biz çox sayda xarici sərmayələrdən bəhrələnirik. Son 15 il ərzində qoyulan sərmayələrin ümumi həcmi təqribən 110 milyard dollar təşkil edib. Təkcə keçən il ölkəyə 20 milyard dollar məbləğində sərmayə yatırılıb ki, bunun da 7 milyardı xarici sərmayələrin payına düşür. Bu da onu göstərir ki, Azərbaycan hələ də xarici şirkətlər üçün cəlbedici ölkədir və bu, təkcə neft və qaz ilə bağlı deyildir.
İndi neft və qaz sahəsində sərmayələrin həcmi düşməkdədir, çünki bütün əsas layihələrin icrası başa çatıb. Sənaye, turizm və xidmət sahələrinə qoyulan sərmayələr artmaqdadır. Neft və qaz satışından əldə etdiyimiz maliyyə resurslarını iqtisadiyyatın real sektorlarına - informasiya texnologiyaları, təhsil sahələrinə yönəltmişik.
Bir neçə il əvvəl mən bəyan etdim ki, biz "qara qızıl"ı insan kapitalına çevirməliyik. Çünki inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yalnız yüksək səviyyəli texnoloji tərəqqiyə, yüksək səviyyəli təhsilə nail olmaqla inkişaf etmiş ölkəyə çevrilmək mümkündür. Buna görə də, biz gənclərimizi dünyanın aparıcı universitetlərində təhsil almağa göndəririk və yaxşı nəticələr görürük.
Biz artıq özümüzü çox gözəl sərmayə mühiti olan ölkə kimi tanıtmışıq. Azərbaycana birbaşa xarici sərmayə axını hər hansı MDB ölkəsindən daha yüksəkdir. İqtisadiyyatın rəqabətədavamlılığı da artmaqdadır. Davos İqtisadi Forumunun reytinqinə əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına görə 55-ci, MDB-də isə birinci yerdə qərarlaşır. Bu, bizim üçün çox mühüm nailiyyətdir. Belə ki, bu, bizim apardığımız şaxələndirmə siyasətinin artıq bəhrə verdiyini sübut edir.
Əlbəttə ki, enerji sektoru iqtisadiyyatımızda üstünlük təşkil etməkdə davam edəcəkdir. Bu, təbiidir, çünki neft istehsalı təqribən 50 milyon ton təşkil edir. Qaz istehsalı isə bu il 30 milyard kubmetrə yaxın olacaqdır. Yeni layihələr və sərmayələrlə bu rəqəm 50 milyarda da çata bilər. Beləliklə, qeyri-enerji iqtisadiyyatımızda nə qədər artım əldə etməyə çalışmağımıza baxmayaraq, enerji həmişə ümumi daxili məhsulda üstünlük təşkil edəcəkdir. Lakin bu, təbii haldır və yeni üfüqlər açır. Çünki indi Azərbaycanın iqtisadi və enerji siyasəti, həmçinin ölkənin siyasi çəkisinə transformasiya olunur.
Avropa İttifaqı bizi Azərbaycan qazını Avropaya çatdıracaq "Cənub" qaz dəhlizinə töhfə verən və bunu mümkün edən ölkə kimi qiymətləndirir. Ötən bir neçə ay ərzində biz çox mühüm nailiyyətlər əldə etmişik, tranzitə dair sazişlər və böyük həcmdə Azərbaycan qazını Avropa ölkələrinə çatdıracaq qaz boru kəmərinin tikintisinə dair sazişlər imzalamışıq. Bu, öz növbəsində bizə hələ 1994-cü ildə başladığımız ilk enerji layihələrindən daha çox fayda gətirəcəkdir. Çünki o zaman bu qədər genişmiqyaslı fəaliyyəti yerinə yetirə biləcək şirkətlər yox idi. İndi isə bizim iri tikinti şirkətləri - xidmət, enerji, qeyri-enerji sahələrində fəaliyyət göstərən şirkətlərimiz vardır ki, onlar da qaz yataqlarına qoyulan bu 20 milyard dollarlıq sərmayənin bir hissəsi olacaqdır. Belə ki, bu sərvət çoxşaxələnmiş bir üsulla yayılacaqdır.
Ümumiyyətlə, iqtisadiyyatda hazırda rol oynayan nailiyyətlərimizdən biri də şəffaflıqdır. Azərbaycan Beynəlxalq Şəffaflıq Təşəbbüsünə səkkiz il əvvəl qoşulub və indi həmin təşəbbüsün tam hüquqlu üzvüdür. Biz enerji sektorumuzda tam şəffaflığa nail olmuşuq. İndi biz sistemi dəyişirik. Bu yanaşmanı bütövlükdə maliyyə sistemində tətbiq edirik. Beləliklə, gələcək üçün perspektivlər müsbətdir, iqtisadiyyat sabit, davamlı, özünü təmin edəndir, enerji sektorundan güclü dəstək alır və ölkənin strateji gələcəyinin tam aydın mənzərəsini yaradır. Ən ali məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Bizim bütün qurumlarımız və nazirliklərimiz bunun üzərində çalışırlar. Bu gün rabitə və texnologiya, maliyyə, ekologiya və təbii sərvətlər nazirləri də buradadırlar. Onlar da təmsil etdikləri sektorlar haqqında daha geniş məlumat verəcəklər.
* * *
Sonra aparıcı regional və beynəlxalq məsələlərin hazırkı vəziyyəti ilə bağlı dövlətimizin başçısından fikirlərini bölüşməsini xahiş etdi.
Prezident İlham ƏLİYEV dedi:
- Azərbaycan 20 ildir ki, müstəqil dövlətdir. Hamıya məlumdur ki, Azərbaycan müstəqil siyasətə və strategiyaya malikdir. Bizim bütün siyasi təşəbbüslərimiz, xüsusilə regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz çox müsbət zəmin əsasında qurulub. Bizim məqsədimiz xeyli sayda regional dövlətlərin iştirak etdiyi layihələr və əməkdaşlıq vasitəsilə tərəfdaşlıq qurmaqdır. Coğrafi mövqe baxımından Azərbaycan İpək yolunun üstündə Avropa ilə Asiyanın kəsişməsində çox əlverişli məkanda yerləşir. Qeyd etdiyim kimi, bizim təşəbbüslərimiz regional dövlətləri əhatə edir və onlar da Azərbaycanın inkişafından və fəaliyyətindən bəhrələnirlər. Beynəlxalq səviyyədə bizə çox böyük dəstək göstərilir. Biz bunu daim hiss edirik. Belə ki, təşəbbüslərimizin çoxu beynəlxalq birlik tərəfindən dəstəklənir. Lakin bu dəstəyin ən yaxşı göstəricisi Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilərkən özünü göstərdi. Bu, asan məsələ deyildi. Mühüm məsələ ondan ibarət idi ki, bu seçkilərdə 155 dövlət Azərbaycana səs verdi.
* * *
Sonra Azərbaycanın maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi:
- Cənab Prezident giriş nitqində Azərbaycanın iqtisadi göstəricilərindən danışdı. Bir neçə ildir ki, Azərbaycanda güclü iqtisadi inkişaf gedir. Bu inkişaf əsasən Azərbaycanda enerji istehsalının xeyli dərəcədə genişlənməsi hesabına baş verir. Lakin eyni zamanda, ölkəmizin siyasəti iqtisadiyyatı şaxələndirməkdən ibarətdir. Bu baxımdan növbəti 10 ildə ümumi daxili məhsulun 2 dəfə artırılmasını qarşımıza məqsəd qoymuşuq.
Samir Şərifov bununla bağlı müxtəlif sahələrdə aparılan işlərdən danışdı. Nazir dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişafa nail olunduğunu və maliyyə sabitliyinin təmin edildiyini bildirdi. Maliyyə naziri milli valyutanın məzənnəsinin sabit olaraq qaldığını, maliyyə, bank və vergi sisteminin dayanıqlılığının təmin olunduğunu və bu sahədə inkişafın davam etdiyini dedi. Samir Şərifov Azərbaycanın maliyyə-bank sistemində əldə olunmuş uğurların beynəlxalq kredit agentlikləri tərəfindən müsbət qiymətləndirildiyini bildirdi. Qeyd etdi ki, dünyada maliyyə böhranının davam etdiyi indiki zamanda əksər ölkələrin kredit reytinqləri aşağı salındığı bir məqamda, Azərbaycanın kredit reytinqi daha da artırılıb.
* * *
Sonra rabitə və informasiya texnologiyaları naziri Əli ABBASOV çıxış etdi:
- Beynəlxalq reytinq agentliklərinin qərarına əsasən, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişafın səviyyəsi inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasındadır. Beləliklə, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı ən prioritet sahələrdən biri kosmik sənayenin inkişaf etdirilməsidir. Bu il Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması planlaşdırılır. Digər bir sahə - infrastruktur sahəsidir. "Elektron hökumət"in və ictimai informasiya xidmətlərinin yaradılması, o cümlədən informasiya təhlükəsizliyinin təmin edilməsi də prioritet sahələrdəndir. Biz həm də Azərbaycanın İKT sahəsində regional layihələrdə fəal iştirakını daha da genişləndirməyi təmin etmək istiqamətində səylər göstəririk.
Əli Abbasov ölkəmizə xarici investisiyaların cəlb olunması, həmçinin xarici şirkətlərlə əməkdaşlıq üçün əlverişli biznes və sərmayə mühitinin olduğunu diqqətə çatdırdı.
Daha sonra ekologiya və təbii sərvətlər naziri Hüseynqulu BAĞIROV çıxış etdi. O bildirdi ki, Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir, ətraf mühitin qorunması və ekologiya sahəsi ilə bağlı mühüm işlər görülür.
Hüseynqulu Bağırov son 10 il ərzində ölkəmizin bu sahədə böyük uğurlar qazandığını bildirərək dedi:
- İcazə verin bəzi məqamları diqqətinizə çatdırım. Bildiyiniz kimi, dünyada meşə sahələrinin qırılması artıq meyil halını almışdır. Biz Azərbaycanda bu meylin qarşısını almağa nail olmuşuq. Beləliklə, meşə sahələri ölkənin ümumi sahəsinin 0,5 faizi qədər artmışdır. Bu iş davam edir. Yalnız 2011-ci ildə Azərbaycanda 7 milyon ağac əkilmişdir ki, bu da 10 min hektar ərazini əhatə edir. Biz qorunan ərazilərin sahəsini 2 dəfə artırmışıq - 480 min hektardan 1 milyon hektaradək. Bu, çox böyük rəqəmdir. Nəsli kəsilməkdə olan heyvan növlərinin sayının artırılması layihələri üzərində işləyirik.
Sonra ekologiya və təbii sərvətlər naziri ətraf mühitin qorunması, atmosferin çirklənməsinin qarşısının alınması və digər sahələrdə aparılan işlər barədə də məlumat verdi.
* * *
Daha sonra Prezident İlham ƏLİYEV neftdən gələn gəlirlərin insan kapitalına yönəldilməsi, gənclərin xarici ölkələrdə təhsili, onların peşə hazırlığı ilə bağlı sualları cavablandıraraq dedi:
- Bəli, bu, qarşımızda duran mühüm məsələlərdən biridir. Biz bu məsələyə böyük əhəmiyyət veririk. Ölkəmizdə neft sektoruna nisbətən qeyri-neft sektorunda daha çox ixtisaslı kadrlara ehtiyacımız vardır. Enerji sektorunda çox yaxşı kadrlarımız, geoloqlarımız çalışır və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təhsil sahəsinə böyük investisiyalar qoyur. Şirkətin bununla bağlı proqramı da vardır.
Bizim indiki şəraitdə menecerlərə ehtiyacımız vardır. Özəl və ya dövlət şirkətlərinin iqtisadiyyatın hansı sahəsinə aid olub-olmamasından asılı olmayaraq, inkişaf etmiş ölkələrdəki kimi idarəçiliyi bacaran menecerlərə, xidmət sahəsində ixtisaslı kadrlara ehtiyac vardır. Təkcə ötən il Bakıda beşulduzlu 3 mehmanxana istifadəyə verilib. Bu il isə daha beşulduzlu 3 mehmanxana açılacaqdır. Burada işləyəcək kadrlar hazırlanmalıdır. Sözsüz ki, biz buna investisiya qoyuluşu ilə nail ola bilərik. Lakin bu, məsələnin bir tərəfidir. Əsas məsələ isə bununla bağlı beynəlxalq təcrübə və əməkdaşlıqdan yararlanmaqdır. Bizim maliyyələşdirmə məsələləri ilə bağlı problemimiz yoxdur. İnformasiya texnologiyalarının və təhsilin inkişafı bizdə prioritet sahələrdir. Bu sahələrdə bütün səylərimizi birləşdirməli və maksimum səmərəliliyə nail olmalıyıq.
Prezident İlham Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ilə bağlı suallara da cavab verdi:
- İş ilə təmin olunma, innovasiya, texnologiyalar, təhsil və biznes - gələcək bu sahələrlə bağlıdır. Bu baxımdan informasiya texnologiyaları sahəsi bizim üçün ən prioritet sahələrdən biridir. Biz yalnız 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini yaratmışıq. Həmin vaxtdan keçən dövr ərzində biz bu sahədə böyük irəliləyişə nail olmuşuq. Biz Azərbaycanda, necə deyərlər, regional informasiya texnologiyaları mərkəzi yaratmışıq, neftlə bağlı olduğu kimi. Bakıda hər il "BakuTel" adlı beynəlxalq informasiya texnologiyaları konfrans və sərgisi keçirilir. Kosmik sənaye, ilk telekommunikasiya peyki - bu, birinci, lakin sonuncu olmayacaqdır. 3G texnologiyası, artıq 4G lisenziyası üzərində işləyirik. Hazırda biz "Elektron hökumət" və "Elektron imza" layihələrini təqdim etməyi planlaşdırırıq. Bir neçə ay bundan əvvəl mən bununla bağlı sərəncam imzalamışam. Bu sərəncama əsasən, bütün nazirliklər və dövlət agentliklərinə elektron xidmətlərin siyahısını hazırlamaq və təqdim etmək tapşırılmışdır.
* * *
Yaponiyanın mühəndislik və inşaat, neft kimyası, neftayırma sahələri və bütün növ karbohidrogen layihələri ilə məşğul olan GGC şirkətinin prezidenti və icraçı direktoru digər ölkələrdə fəaliyyətlərini genişləndirdiklərinə baxmayaraq, Azərbaycanda hələ buna nail ola bilmədiklərini və bu arzuda olduqlarını bildirdi.
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
- Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda yeni neftayırma və neft-kimya zavodlarının inşasına bir neçə milyard dollarlıq investisiya qoymağı planlaşdırır. Bu zavodlarda ən son texnologiyalar tətbiq ediləcəkdir. Biz bütün növ investisiyaları alqışlayırıq. Lakin biz, əlbəttə, şirkətlərə deyə bilmərik ki, hansı sahəyə investisiya qoy, ya qoyma. Şirkətlər hansı sahəyə investisiya qoymaqda sərbəstdirlər. Lakin bir Prezident kimi mənim üçün sənaye sahəsinin inkişafına qoyulan investisiya daha önəmlidir. Hazırda ölkəmizdə sənayenin inkişaf proqramı vardır. Biz strateji layihələr üçün maliyyələşməni və investisiya qoyuluşunu öz hesabımıza həyata keçirə bilirik. ARDNŞ hazırda milyardlarla dollar həcmində investisiyalar qoyur. Siz bizim neft şirkəti ilə əməkdaşlıq həyata keçirə bilərsiniz.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında