Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Birgə Bəyanat qəbul etmişlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. 
Bəyanatda deyilir: "Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri Rusiya Federasiyasının Prezidentinin dəvəti ilə 2012-ci il yanvarın 23-də Soçidə görüşmüş və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişini və perspektivlərini müzakirə etmişlər.
Üç ölkənin dövlət başçıları 2008-ci il noyabrın 2-də onların görüşündə Moskva Bəyannaməsinin qəbul edildiyi vaxtdan keçən dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair böyük həcmdə iş görüldüyünü qeyd etmişlər. Prezidentlər bəyan etmişlər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsiplərinin razılaşdırılması məsələsində irəliləyiş əldə edilmişdir.
Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri Sülh Sazişinin hazırlanmasına keçməyin vacibliyini nəzərə alaraq indiyə qədər görülmüş iş hesaba alınmaqla Əsas Prinsiplər barədə razılaşma əldə edilməsini sürətləndirməyə hazır olduqlarını bildirmişlər.
Hər iki prezident Rusiya Federasiyasının və ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər ölkələrin vasitəçilik fəaliyyətini yüksək qiymətləndirmiş və ümid etdiklərini bildirmişlər ki, Rusiya, ABŞ və Fransa həmsədrlər olaraq, münaqişənin tənzimlənməsində bundan sonra da, regionda tam sülh və sabitlik bərqərar olana qədər fəal rol oynayacaqlar.
Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri 2011-ci il martın 5-də Soçidə qəbul edilmiş Birgə Bəyanatın müddəalarını inkişaf etdirərək həmsədrlərin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə birlikdə işləyib hazırladıqları, atəşkəs xətti boyunca təhqiqatlar aparılması mexanizmi haqqında məruzəni nəzərə almış və bu işi davam etdirməyi tapşırmışlar.
Prezidentlər təsdiqləmişlər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından etimadın möhkəmlənməsi tədbirlərindən biri tərəflər arasında humanitar əlaqələrin inkişaf etdirilməsidir. Bununla əlaqədar, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri ziyalıların, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun daha da möhkəmlənməsinə hazır olduqlarını bəyan etmişlər".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında