Prezident İlham Əliyev "DET AL" Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışında iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də "DET AL" Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı kompleksin maketinə baxdı.
Məlumat verildi ki, "DET AL" alüminium kompleksinin ümumi ərazisi 74 hektardır. Burada birinci faza elektroliz, anod prosesləri, fasiləsiz metaltökmə və isti yayma zavodları, 110 kilovoltluq yarımstansiya, silisium düzləndirici yarımstansiya, elektroliz zavodunun idarəetmə mərkəzi, gil-torpaq qəbulu, quru qaztəmizləmə, kompressor sahələri, dövri su sistemləri və soyutma qüllələri, qazpaylayıcı stansiya, yanğınsöndürmə sistemləri, fülorid, anod və katod karbon bloku anbarları, inzibati bina və laboratoriya binası tikilmişdir. Bu obyektlərin ümumi sahəsi 57 min kvadratmetrdir. Kompleks daxilində uzunluğu 2,1 min metr olan dəmir yolu xətti çəkilmiş, 1200 metr uzunluğunda beton, 2 min metr uzunluğunda asfalt yollar salınmış, 74 hektar ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılmışdır.
Qeyd edildi ki, 2008-ci ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan kompleksdə məhsul istehsalı 3 zavodda sistemli şəkildə həyata keçirilir. Birinci mərhələdə yeni zavodda ildə 50 min ton ilkin alüminium istehsal edəcək 240 kiloamperlik 84 elektroliz təknəsi quraşdırılmışdır. Bu təknələrdə yüksək keyfiyyətli A-8, A-7E, A-7, A-6 markalı texniki baxımdan təmiz ilkin alüminium əldə edilir. Zavodda bişmiş anodlu təknələr qurulmuşdur. Burada müasir quru qaztəmizləmə sistemləri vasitəsilə atmosferə atılan tullantıların 98,5 faiz təmizlənməsi həyata keçirilir.
Gəncə "DET AL" alüminium kompleksinin işə başlaması nəticəsində birinci mərhələdə 640 nəfər işlə təmin ediləcəkdir. İşçilərin orta aylıq əməkhaqqı 450 manat olacaqdır. Zavodun tikintisinə Gəncədən və respublikamızın digər regionlarından 2000-dən çox işçi cəlb edilmişdir. Yerli gənc mühəndislər üçün texnologiyanı daha dərindən öyrənmək məqsədi ilə təlimlər təşkil olunmuşdur. Elektroliz proseslərindən çıxan maye metal fasiləsiz metaltökmə və isti yayma zavoduna daşınır. Burada hər birinin uzunluğu 60 metr olan və yüksək avtomatlaşdırma səviyyəsinə malik iki tökmə avadanlığı quraşdırılmışdır. Bu konveyerlərin məhsuldarlığı saatda 20 tona qədərdir və istehsal edilən külçələr "DET.AL AZE" loqotipinə malik olmaqla 22,5 kiloqramdır.
Prezident İlham Əliyev kompleksin elektroliz zavodunda istehsalatda istifadə olunan avadanlığa baxdı. Bildirildi ki, burada beynəlxalq standartlara cavab verən məhsullar hazırlanır. Zavodda istehsala başlanması və davamlılığın təmini üçün tələb olunan keyfiyyətdə xammalın tədarükü vacib məsələlərdən biridir. Bu məqsədlə Hollandiya, İndoneziya, Çin, Rusiya, Monqolustan, Latviya, Venesuela, Tacikistan kimi ölkələrdən 15 adda xammal gətirilmişdir.
Prezident İlham Əliyev "DET AL" Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksi ilə bağlı stendlərə və videoçarxa baxdı.
Sonra dövlətimizin başçısı zavodun mərkəzi idarəetmə ofisində oldu. Məlumat verildi ki, burada bütün istehsal prosesi kompyuterlər vasitəsilə avtomatlaşdırılmış şəkildə aparılır. Hər 3 müəssisədə xammalın qəbulundan məhsul istehsalınadək bütün proses dəqiq şəkildə icra olunur. Mövcud idarəetmə sistemi baş verə biləcək bütün nasazlıqların qarşısını almağa qadirdir.
Sonra Prezident İlham Əliyev kompleksin isti metaltökmə və fasiləsiz yayma zavoduna gəldi. Dövlətimizin başçısı zavodu işə saldı, istehsal prosesini izlədi.
Qeyd olundu ki, birinci mərhələdə 100 min ton ilkin alüminium istehsalı üçün tələb olunan bütün obyektlərin tikintisi başa çatdırılmışdır. İkinci mərhələdə 50 min ton alüminium istehsal edəcək 84 vannadan ibarət elektroliz korpusları, gil-torpaq qəbulu anbarının tikintisi nəzərdə tutulmuşdur. Alüminium sənayesinin inkişafı məqsədi ilə ölkəmizdə alüminium yarımfabrikat məhsullarının istehsalını nəzərdə tutan metalyayma layihəsi üçün dövlət tərəfindən 2010-cu ildə güzəştli kredit ayrılmışdır. Layihə çərçivəsində isti və soyuq metalyayma zavodlarının tikintisi, eləcə də boyama xəttinin qurulması nəzərdə tutulur. Layihənin illik məhsuldarlığı müxtəlif ölçüdə 35 min ton adi alüminium rulon və vərəqlərin istehsalı, 15 min ton məhsulun isə boyanmasından ibarətdir. Burada tikinti sektoru üçün nəzərdə tutulan və sifarişçinin istəyindən asılı olaraq 0,2-0,6 mm qalınlığında müxtəlif rənglərdə alüminium rulonların istehsalı planlaşdırılır. İsti yayma zavodunun tikintisi artıq tamamlanmış və gələn aydan avadanlığın quraşdırılmasına başlanacaqdır. Soyuq yayma zavodunun isə tikintisinə başlanmış və bu ilin aprelinədək tamamlanaraq avadanlığın quraşdırılmasına başlanılacaqdır. Ümumiyyətlə, layihənin 2013-cü ilin aprelinədək həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində 300 yeni iş yerinin açılması planlaşdırılır.
Dövlətimizin başçısına məlumat verildi ki, yeni alüminium zavodu ilə yanaşı, Gəncədə poladəritmə kompleksinin tikintisi layihəsi çərçivəsində də bir sıra işlər görülmüşdür. Belə ki, poladəritmə kompleksinin inşa ediləcəyi sahədə torpaq və qazma işləri həyata keçirilmiş, ərazi təmizlənmiş və tikinti prosesinin başlanması üçün hazır vəziyyətə gətirilmişdir.
Əraziyə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, poladtökmə zavodunun layihələndirmə işləri həyata keçirilmiş, dəmir filizini zənginləşdirmə, pelet və ardıcıl reduksiya zavodlarından ibarət olan "DET AL" inteqrallaşdırılmış polad layihəsinin inkişaf etdirilməsi istiqamətində layihələndirmə işləri yerinə yetirilmişdir. Burada pelet zavodunun tikintisi işləri davam etdiriləcək, martda istehsal gücü 850 min ton olan yeni "DRI" zavodunun tikintisinə başlanacaqdır. 2013-cü ildə yeni pelet zavodunun tikintisi başa çatdırılacaq, "DRI" zavodunun tikintisi davam etdiriləcəkdir. Bundan başqa, martda istehsal gücü 750 min ton olan yeni polad zavodunun tikintisinə başlanacaqdır. 2014-cü ildə yeni "DRI" zavodunun tikintisi başa çatdırılacaq, polad zavodunun tikintisi davam etdiriləcəkdir. 2016-cı ildə isə Gəncədə yeni polad zavodunun tikintisi başa çatdırılacaqdır. İstehsal olunan məhsullara beynəlxalq sertifikatlar alınacaqdır. 2012-2016-cı illərdə həyata keçirilən layihəyə 630 milyon dollar investisiya qoyulacaq, işçilərin sayı 3 min 800 nəfərə çatdırılacaqdır.
* * *
Prezident İlham Əliyev Gəncə ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşdü.
Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını təbrik edərək dedi:
- Əziz dostlar, bu gün nəinki Gəncənin, ölkəmizin həyatında çox əlamətdar bir gündür. Çünki bu gün biz ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edən Gəncə alüminium zavodunun açılışını qeyd edirik. Bu, doğrudan da, böyük hadisədir. Bu, bir daha onu göstərir ki, ölkəmiz uğurla və sürətlə inkişaf edir. Ölkəmizdə bütün proqramlar icra edilir.
Bu zavodun təməli 2008-ci ildə qoyulmuşdur. Mən o günü yaxşı xatırlayıram. Biz burada təməl daşını qoyduq və ondan sonra bildiyiniz kimi, dünyada maliyyə və iqtisadi böhran başlanmışdır. Bu böhran alüminium sənayesinə də mənfi təsirini göstərmişdir, qiymətlər aşağı düşmüş və bütövlükdə maliyyə bazarında böhran yaranmışdır. Beləliklə, zavodun tikintisi bir qədər uzandı. Ancaq buna baxmayaraq, Azərbaycan dövləti bu zavodun tikintisi üçün dəstəyini əsirgəmədi. Zavodun fəaliyyəti üçün çox mühüm əhəmiyyət kəsb edən böyük yarımstansiya tikilmişdir, müxtəlif dövrlərdə kreditlər verilmişdir, özəl sektor Azərbaycanın iqtisadiyyatına və gələcəyinə çox böyük inamla yanaşmışdır. Bütün bu amillər nəticəsində biz bu gün bu gözəl zavodun açılışını qeyd edirik.
Zavodun özəlliyi ondan ibarətdir ki, bu, qeyri-neft sektoruna qoyulan böyük sərmayədir və burada istehsal olunan məhsullar ixrac ediləcək, eyni zamanda, bizim artan tələbatımızı da təmin edəcəkdir. Biz bu gün zavodun birinci fazasının açılışını qeyd edirik. Burada 50 min ton yüksək keyfiyyətli alüminium istehsal olunacaqdır. 2013-cü ildə ikinci fazanın işə düşməsi nəticəsində zavodun istehsal gücü 100 min tona çatacaqdır və ondan sonrakı dövrdə əlavə vəsaitin qoyuluşu hesabına biz bu həcmi 200 min tona artıracağıq.
Bu, doğrudan da, ölkə iqtisadiyyatı üçün böyük layihədir. Həm gəlirli layihədir, həm yeni iş yerlərinin açılması üçün bizə şərait yaradır. Mənə verilən məlumata görə, burada 600-dən artıq insan işləyir. Vaxtilə böhrana görə dayanmış gil-torpaq zavodu da bu yaxınlarda işə başlamışdır. Orada da 1200 insan işləyir. Bütövlükdə son aylar ərzində 2000-ə yaxın insan işlə təmin edilibdir. Bu zavodun tikintisi Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Bu yaxınlarda Nazirlər Kabinetinin toplantısında mən bir daha bu məsələ ilə bağlı fikirlərimi bildirdim. Azərbaycanda güclü sənayeləşmə prosesi gedir. Yeni sənaye müəssisələri yaradılır, özəl sektorun inkişafı üçün dövlət dəstəyini əsirgəmir, kiçik və orta sahibkarlıq inkişaf edir. Kiçik və orta sahibkarlığın inkişafı ilə paralel olaraq böyük sənaye müəssisələrinin yaradılmasına da böyük ehtiyac vardır. Gəncə alüminium zavodu bu sıradan olan zavoddur.
Bu, böyük sənaye mərkəzidir. Biz Azərbaycanda müasir səviyyədə alüminium sənayesinin yaradılması üçün bu gün birinci addımı atırıq. Əminəm ki, gələcəkdə biz dediyim rəqəmlərə çatacağıq. Biz zavodun istehsal gücünü indikindən 4 dəfə artıracağıq və təbii ki, burada yeni imkanlar yaradılacaq, yeni iş yerləri açılacaq və Azərbaycanın qeyri-neft potensialı daha da güclənəcəkdir. Bu sahə də bizim üçün prioritet sahədir. Biz qeyri-neft iqtisadiyyatımızın inkişafı üçün uzun illərdir ki, çalışırıq, təşəbbüslərimizi irəli sürürük və gözəl nəticələri də görürük. Çünki 2011-ci ilin yekunlarına görə, Azərbaycanda qeyri-neft sektoru təxminən 10 faiz artmışdır. Neftlə, qazla zəngin olan ölkə üçün bu, həddindən artıq vacibdir. Çünki biz gələcəyimizi şaxələndirilmiş iqtisadiyyatda görürük. Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük. Təbii resurslarımız bizim üçün sadəcə olaraq bir vasitədir ki, ölkəmizi hərtərəfli şəkildə inkişaf etdirək və güclü qeyri-neft iqtisadiyyatı yaradaq. Bu istiqamətdə atılan addımlar çox sevindiricidir. Bu zavodun fəaliyyətə başlaması bir daha demək istəyirəm ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına da böyük təkan verəcəkdir.
Bu zavodun tikintisi, eyni zamanda, özündə regional inkişaf proqramını da ehtiva edir. Bu proqrama da böyük diqqət göstərilir. Bizim bütün bölgələr inkişafdadır, quruculuq, abadlıq işləri gedir, yeni iş yerləri açılır. Beləliklə, regional inkişaf üçün bu zavodun böyük əhəmiyyəti vardır. Burada poladəritmə kompleksinin tikintisi də uğrula gedir və bu zavodun təməl daşı qoyulan zaman, eyni zamanda, böyük metallurgiya kompleksinin təməl daşı qoyulmuşdur. O sahədə də işlər gedir. Metallurgiya sənayesinin yaradılması istiqamətində çox ciddi işlər gedir. Əminəm ki, yaxın zamanlarda Azərbaycanda yeni bir istehsal sahəsi - metallurgiya sahəsi öz fəaliyyətinə başlayacaqdır. Bir tərəfdən biz ölkəmizin daxili tələbatını ödəyəcəyik və güclü ixrac potensialı da yaradılacaqdır.
Bu, elə sahələrdir ki, bu sahələr üçün bazarları axtarmağa ehtiyac yoxdur. Çünki bu məhsullar - alüminium, metallurgiya istehsalı daim tələb olunan məhsullardır. Yenə də deyirəm, bizim artan sənaye potensialımız və həyata keçirilən proqramlar, eyni zamanda, dünyada bu məhsullara olan tələbat daim bu zavodlara dəstək olacaqdır. Bir daha demək istəyirəm ki, bu sahədə görülən işlər Azərbaycanın ümumi inkişaf strategiyasını əhatə edir. Bu stategiya müasirlik, yenilik strategiyasıdır. Biz istəyirik ki, bütün sahələrdə ən qabaqcıl təcrübəni tətbiq edək. Burada istehsal olunan alüminium dünya səviyyəli məhsullardandır. Eyni zamanda, belə zavodların tikintisi kadr hazırlığı üçün də böyük əhəmiyyətə malikdir. Burada işləyən peşəkar kadrlar, əlbəttə ki, yaxşı maaş almalıdırlar. Mənə verilən məlumata görə, bu məsələ də öz həllini tapır.
Bir sözlə, belə zavodların tikintisi və yeni sənaye sahələrinin yaradılması prosesi çox sevindiricidir. Xüsusilə dünyada hələ də davam edən və yeni mərhələsi gözlənilən maliyyə və iqtisadi böhran zamanında Azərbaycanda belə böyük sənaye müəssisələrinin yaradılması bizim düzgün yolda olmağımızı göstərir. Biz inkişafdayıq. Azərbaycanda iqtisadiyyat, sənaye potensialımız artır. Sosial proqramlar icra edilir, maaşlar, pensiyalar artır. Keçən ilin yekunları ilə bağlı keçirilən Nazirlər Kabinetinin toplantısında bütün bu rəqəmlər səslənmişdir. 2011-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollar vəsait qoyulmuşdur, ondan əvvəlki ildə 17,6 milyard. Böyük məbləğdir və bu vəsait hesabına ölkəmizin hər bir bölgəsi inkişaf edir, böyük proqramlar icra edilir. O cümlədən bu bölgənin və Gəncənin inkişafı ilə bağlı konkret proqramlar, infrastruktur proqramları icra edilir, işsizliyin aradan qaldırılması üçün konkret addımlar atılır. 2012-ci ildə sosial infrastrukturun yaradılması ilə bağlı daha da böyük vəsait ayrılacaqdır. Məktəb tikintisi davam etdirilir.
Gəncənin içməli su ilə təmin edilməsi üçün konkret layihələr icra edilir, kanalizasiya sistemi yenidən qurulur. Şəhərdə çox böyük abadlıq işləri aparılır. Bilirsiniz ki, mən Gəncədə tez-tez oluram və bu gün səhər tezdən şəhərlə bir daha tanış olmuşam və görürəm ki, doğrudan da çox böyük və çox dəyərli işlər görülür. Şəhər gözəlləşir, abadlaşır, binalar təmir edilir, yeni parklar salınır, yeni ictimai yerlər yaradılır. Biz bu gün səhər Gəncə Dövlət Filarmoniyasının təməl daşını qoyduq. Bilirəm ki, bu da gəncəlilərin uzun illərdir arzuladıqları bir hadisədir. Əminəm ki, yaxın iki il ərzində gözəl, memarlıq cəhətdən çox gözəl və möhtəşəm Gəncə Filarmoniyası da öz işinə başlayacaqdır.
Bir sözlə, Gəncədə olduğu kimi, hər bir bölgədə bütün sahələr üzrə konkret işlər görülür. İş yerləri, qeyri-neft sektoru, özəl sahibkarlığın inkişafı, yeni nəhəng sənaye müəssisələrinin yaradılması, məktəblər, tibb ocaqları, mədəniyyət ocaqları, abadlıq işləri - bax, ölkəmiz bu cür inkişaf edir. Mən çox şadam ki, əvvəlki illərdə qəbul etdiyimz proqramlar icra edilir, əvvəlki dövrlərdə böhrana baxmayaraq, başladığımız layihələr bu gün reallığa çevrilir. Biz Gəncə alüminium zavodunun timsalında Azərbaycanın sənaye potensialının inkişafını görürük.
Mən sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Yenə də demək istəyirəm ki, istehsal gücü 50 min ton olan bu zavodun fəaliyyətə başlaması birinci addımdır, amma çox böyük addımdır. Bu zavodun tikintisinə çox böyük vəsait qoyulmuşdur, həm özəl qurumlar tərəfindən, həm də dövlət infrastruktur layihələrini təqdim etməklə dəstəyini göstərmişdir. Demək istəyirəm ki, bu, sadəcə olaraq birinci addımdır. Əgər hər şey bizim planlarımız əsasında getsə, bu zavodun istehsal həcmi ən azı 4 dəfə artacaq, burada yeni metallurgiya kompleksi tikiləcək və beləliklə, ölkə iqtisadiyyatı üçün əvəzolunmaz töhfə veriləcəkdir.
Bu gözəl hadisə münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm, bütün gəncəlilərə cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında