Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur

{nl}

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 27-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşlar. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə məlumat verdi ki, görkəmli ictimai-siyasi xadim, mahir elm təşkilatçısı Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ölkəmizdə və qonşu respublikalarda işləyən həkimlərin diplomdan sonrakı hazırlığına böyük ehtiyac duyulduğundan 1935-ci ilin noyabrında yaradılmışdır. İnstitutun təşkilində azərbaycanlı mütəxəssislərlə yanaşı, Rusiyanın bir sıra alimləri də yaxından iştirak etmişlər.
Bildirildi ki, bu institutun tarixinin bir çox şanlı səhifələri görkəmli alim Əziz Əliyevin adı ilə bağlıdır. Əziz Əliyev 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində səmərəli fəaliyyət göstərmişdir. 1962-ci il sentyabrın 27-də institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin qərarı ilə instituta tanınmış ictimai-siyasi xadim, elm təşkilatçısı Əziz Əliyevin adı verilmişdir.
İnstitut yarandığı ilk gündən respublika üçün minlərlə yüksək ixtisaslı həkim mütəxəssisləri hazırlamışdır və bu iş indi də davam edir.
Hazırda institutun əməkdaşlarının sayı 427 nəfərdir. İnstitutun professor-müəllim heyəti arasında Azərbaycan, Rusiya və digər xarici ölkələrin elmlər akademiyalarının həqiqi, müxbir və fəxri üzvləri, 34 elmlər doktoru, 127 elmlər namizədi, 7 nəfər əməkdar elm xadimi, 7 nəfər əməkdar həkim vardır.
Binada rektorluq, üç dekanlıq, 30 kafedra, 130 çarpayılıq cərrahiyyə klinikası, tədris şöbəsi, tədris-metodiki şöbə, mərkəzi elmi-tədqiqat laboratoriyası, rezidentura, elmi-tədris məlumat şöbəsi, elmi kitabxana və yataqxana fəaliyyət göstərir. Binanın əsaslı təmirinə 2010-cu ildən başlanmış, burada yüksək standartlara cavab verən iş şəraiti yaradılmışdır. Foyedə görkəmli dövlət xadimi, professor Əziz Əliyevin büstü qoyulmuş, həyat və fəaliyyətinə həsr olunan muzey fəaliyyət göstərir.
Məlumat verildi ki, bu institutun fəaliyyəti ulu öndərin respublikamıza rəhbərliyi dövründə daha uğurlu olmuşdur. Akademik Zərifə xanım Əliyeva institutun inkişafına əvəzsiz töhfələr vermişdir.
Qeyd olundu ki, il ərzində bu institutda 5 min 162 müdavim 236 kursda təkmilləşdirmə, ixtisasartırma və yenidən hazırlanma keçmişdir. İnstitutda 23 mövzu üzrə elmi tədqiqat işləri aparılır.
Bina ilə tanışlıqdan sonra dövlətimizin başçısı institutun kollektivi ilə görüşdü.
Prezident İlham ƏLİYEV institutun kollektivini salamlayaraq dedi:
- Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonra açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl hadisədir. Çox gözəl təmir olunub. Ən müasir şərait yaradılıbdır.
Yadımdadır, bir müddət bundan əvvəl mənə məlumat gəldi ki, bu institutun təmirinə böyük ehtiyac vardır. Dərhal göstəriş verdim, vəsait ayrıldı və qısa müddət ərzində institut yeni görkəm aldı. Çox gözəl, yaraşıqlı, işıqlı, rahat institut yaradılıbdır. Burada işləyənlər, burada gəlib biliklərini artıranlar üçün çox gözəl, müasir şərait yaradılmışdır. Bu, məni çox sevindirir.
Hər bir tibb ocağının tikilməsi, yenidən qurulması məni sevindirir. Xüsusilə bu institut. Çünki bu institut 1962-ci ildən mənim babam Əziz Əliyevin adını daşıyır. O, bu institutda rektor vəzifəsində işləyibdir. İnstitutun formalaşmasında, burada gözəl ənənələrin yaradılmasında onun çox böyük dəstəyi olmuşdur.
Əziz Əliyev həm gözəl peşəkar həkim, həm təşkilatçı, həm dövlət xadimi idi. Onun çoxşaxəli fəaliyyəti həm Azərbaycanda, həm Azərbaycandan kənarda yüksək qiymətləndirilirdi. İkinci Dünya müharibəsi zamanı - 1940-cı illərin əvvəllərində o, Dağıstana ezam edilmişdir. Dağıstanın rəhbəri vəzifəsində işləmişdir. Orada gördüyü işlər hələ də onu tanıyanların və onun haqqında eşidənlərin qəlbində yaşayır. Çox gözəl, təvazökar, xeyirxah insan idi. Əlbəttə, Azərbaycanda tibb elminin inkişafında, səhiyyə sisteminin təkmilləşdirilməsində onun çox böyük zəhməti, fəaliyyəti olmuşdur.
Bu institutun çox böyük funksiyaları, böyük rolu vardır. Burada həkimlər biliklərini artırırlar, artırmalıdırlar. Buna böyük ehtiyac vardır. Xüsusilə indiki zəmanədə ki, Azərbaycanda səhiyyə sahəsində çox böyük islahatlar aparılır, yeni, gözəl müəssisələr, tibb müəssisələri açılır. Mən təkcə bu gün, bu gözəl institutun və ondan əvvəl Uşaq Nevroloji Xəstəxanasının təmirdən sonra açılışında iştirak edirəm. Diaqnostika mərkəzi əsaslı təmirdən sonra açılışa hazırdır.
Demək olar ki, elə ay yoxdur ki, Azərbaycanın hansısa bölgəsində yeni tibb müəssisəsi yaradılmasın, yaxud da, təmirdən sonra açılmasın. Həm bölgələrdə, həm Bakıda bütün tibb infrastrukturumuzu, maddi-texniki bazanı yeniləşdiririk, möhkəmləndiririk, yeni xəstəxanalar tikilir, yeni avadanlıq gətirilir. Bu gün Azərbaycanın xəstəxanalarında quraşdırılan avadanlıq dünyanın aparıcı klinikalarında olan avadanlıqdan geri qalmır. Yəni, bu avadanlıqla işləyən insanların peşəkarlığı artmalıdır.
İndi dünya tibb elmində çox böyük inkişaf, böyük irəliləyiş vardır. Əvvəlki dövrdə müalicə olunmayan xəstəliklər indi müalicə edilir. Həkimlərimiz də gərək öz biliklərini artırsınlar, beynəlxalq əlaqələr daha da gücləndirilməlidir. Bu institutda mühazirə oxumaq üçün xaricdən aparıcı tibb mərkəzlərindən qonaqlar dəvət edilməlidir. Bildiyimə görə, bu proses artıq başlanmışdır. Biz elə etməliyik ki, Azərbaycan həkimləri artıq yaradılan müasir şəraitə uyğun fəaliyyət göstərsinlər. Biz yeni avadanlıqla yeni şəraitdə işləməyi, tibb elminin yeniliklərini bilməliyik. Xəstələrə çox gözəl xidmət göstərilməlidir.
Bu institutun Azərbaycanda səhiyyə sahəsində aparılan islahatların dərinləşməsi üçün çox böyük rolu vardır. Burada öz biliklərini təkmilləşdirən həkimlər qayıdıb öz xəstəxanalarında daha da uğurla və peşəkarlıqla xidmət etməlidirlər.
Səhiyyə sahəsində aparılan islahatlar təkcə Azərbaycanda deyil, dünyada da artıq yüksək qiymətləndirilir. Bu yaxınlarda Dünya Səhiyyə Təşkilatının xətti ilə Bakıda keçirilən böyük tədbirdə bu qiymətlər səslənmişdir, statistik göstəricilər də onu göstərir. Uşaq, ana ölümü azalır, insanların ömrü uzanır. Əlbəttə, bunu şərtləndirən müxtəlif amillər vardır. İnkişaf etmiş ölkələrdə də tibbi xidmət və tibbi qulluq insanın ömrünü uzadan ən vacib amillərdən biridir. Azərbaycanda da bu göstəricilər yaxşılaşır. Elə etməliyik ki, bu, daha da yaxşı olsun. Ona görə, diaqnozun düzgün qoyulması, müayinədən insanların mütəmadi qaydada keçməsi - bütün bu məsələlər çox vacibdir. İnsanların müalicəsi və sağalması üçün biz əlimizdən gələni etməliyik.
Azərbaycan dövləti bu məsələləri diqqət mərkəzində saxlayır. İldən-ilə səhiyyə məsələlərinə ayrılan xərclər artır. Halbuki etiraf etməliyəm ki, istədiyimiz səviyyədə deyil, daha da artmalıdır. Hələ ki, bu göstəriciyə görə biz inkişaf etmiş ölkələrdən geri qalmışıq. Ancaq biz tədricən bunu aradan qaldıracağıq. Bizim maliyyə, maddi imkanlarımız artdıqca, əlbəttə, səhiyyə sahəsinə daha da çox investisiyalar qoyulacaqdır. Ancaq əgər müqayisə aparsaq, görərik ki, son bir neçə il ərzində səhiyyəyə ayrılan vəsait dəfələrlə artmışdır. Əsas odur ki, bu vəsaitdən səmərəli istifadə olunsun. Həm infrastruktur, maddi-texniki baza möhkəmlənsin, həm xidmət, peşəkarlıq lazımi səviyyədə olsun. O ki qaldı, müasir avadanlığa, bundan sonra da biz Azərbaycana ən müasir cihazları gətirəcəyik.
Mən sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. Burada olan əvvəlki vəziyyəti siz məndən yaxşı bilirsiniz. Mən təqribən iki il bundan əvvəl buradakı vəziyyətlə tanış olmuşam. Görmüşəm ki, bu vəziyyət dözülməzdir, böyük təmirə ehtiyac vardır. Göstəriş verdim ki, təmir yüksək səviyyədə aparılsın. Əminəm ki, siz də burada yaradılan şəraitdən razısınız. Burada işləmək üçün çox gözəl şərait vardır. Arzu edirəm ki, yaxşı işləyəsiniz və Azərbaycan səhiyyəsini qabağa aparasınız. Bir daha təbrik edirəm.
* * *
İnstitutun əməkdaşı Təranə İBADOVA burada yaradılan şəraitə görə dövlətimizin başçısına kollektiv adından minnətdarlığını bildirərək dedi:
- Möhtərəm Prezident, icazə verin, Sizə bu möhtəşəm, gözəl, müasir binaya görə institutumuzun əməkdaşları adından dərin minnətdarlığımızı bildirək. Əziz Əliyevin adı bizə çox doğmadır. Çünki institutumuzun birinci çiçəklənən dövrü məhz onun adı ilə bağlıdır. O, öz böyük təşkilatçılıq qabiliyyətindən istifadə edərək institutun maddi-texniki bazasını yaratmışdır.
İnstitutumuzun ikinci inkişaf dövrü ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd etmək istərdik ki, bu tədris binası məhz ulu öndərimizin hakimiyyəti dövründə inşa olunmuşdur. İnstitutumuzun inkişafında böyük rol oynamış akademik Zərifə xanım Əliyevanın da xidmətləri unudulmazdır.
Bu gün ölkəmizin bütün sahələrində inkişaf gedir. Səhiyyə sahəsi kimi tibbi təhsil də təkmilləşmiş və inkişaf etmişdir. Tibbi təhsilin dünyaya inteqrasiyası bizim institutun aktuallığını bir qədər də artırmışdır. Biz həkimlərin əhaliyə yüksək səviyyədə səmərəli və keyfiyyətli xidməti, cənab Prezident, məhz Sizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın adı ilə bağlıdır.
Cənab Prezident, icazə verin, bir daha Sizə və Mehriban xanıma minnətdarlığımızı bildirək. Hər zaman Sizin qayğınızı hiss edirik. Qarşıdan gələn Yeni ildə Sizlərə can sağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyət arzu edirik. Biz Sizinlə fəxr edirik, cənab Prezident!
Prezident İlham ƏLİYEV:
- Çox sağ olun. Sizi də qarşıdan gələn Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında