Azərbaycan Prezidenti İlham Əliyevin İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana İTAR-TASS agentliyi və “Rossiya 24” telekanalı üçün müsahibəsi (2)

-Bunlar gələcək üçün investisiyalardır.
-Əlbəttə, yəni mənim planlarımda Azərbaycan-2050 və ya Azərbaycan-2060 perspektivləri vardır. Lakin bu gün Azərbaycan-2023 proqramları ilə daha çox məşğul oluram. Bu proqram iki ildən sonra başlanacaqdır. Onun uğurla həyata keçirilməsi Azərbaycan-2060, 2070 və sonrakı dövrləri təmin edəcəkdir. Hətta bu gün, məsələn, su təchizatı üzrə həyata keçirdiyimiz infrastruktur layihələri 2035-ci ilə qədər hesablanmışdır. Əhalinin, iqtisadiyyatın, müəssisələrin artması nəzərə alınmaqla. Yəni, bu gün biz 2035-ci ilə qədər nəzərdə tutulan işləri görürük ki, bizdən sonra gələnlər 2030-cu ildə artıq 2067-ci ilə qədər lazım olan işləri görsünlər. Ölkə yalnız bu cür inkişaf edə bilər. Əgər sonra nə olacağı barədə strateji təsəvvür yoxdursa, idarə etmək olar, lakin bütün bunlar dayana bilər, halbuki dayanmamalıdır. Dünya irəliyə doğru hərəkət edir. Biz də onunla ayaqlaşmalıyıq. Yaxın onilliklərdə dünyada kimlər üstünlük təşkil edəcəkdir? Kimin biliyi çoxdursa onlar. Yalnız onlar. Energetika, yaxud deyək ki, hərbi sahə müasir texnologiyaların, nanotexnologiyaların, müasir istehsalatların, elmə investisiyaların inkişafı nəzərə alınmaqla dünyada baş verən hadisələrdə intellekt kimi aparıcı rol oynamayacaqdır. Əlbəttə, bir müddətdən sonra yüksək texnologiyalar sahəsində Azərbaycanın birinci yerdə olacağını gözləmək çətindir. Lakin biz harada olmalıyıq? Biz həmin texnologiyaları yaradanlardan bir addım arxada olmalıyıq. Bir şey yaradıblarsa, biz burada olmalıyıq, nə isə yeni bir şey istehsal ediblərsə, biz onu mənimsəməliyik. Bunu etmək üçün təkcə vəsaitə malik olmaq kifayət deyil, kadrlara, infrastruktura, konsepsiyaya, strategiyaya malik olmaq lazımdır. Vaxt gələcək, biz də dünya əhəmiyyətli məhsullar istehsal edəcəyik. Bəzən biz elə ambisiyalı planlarla yaşayırıq ki, onlar həyata keçirilə bilməyəcək planlar təsiri bağışlayır. Lakin söhbətimizin əvvəlində dediyim kimi, onlar reallaşır. Əgər istək, siyasi iradə və yaxşı təşəbbüskarlıq olsa, çox şey etmək olar.
- Bununla bağlı sonuncu sualım var. 1961-ci il, əlbəttə, ailənizin həyatında Sizin dünyaya gəlməyinizlə əlamətdar oldu. Düşünürəm ki, 1961-ci il bəşəriyyət tarixində Yuri Qaqarinin kosmosa uçuşu ilə yadda qaldı desəm, inciməzsiniz. Bu, tarixə belə düşdü. Azərbaycan artıq 50 ildən sonra öz peykini orbitə çıxaracaqdır. Dünya əsaslı şəkildə dəyişmişdir. Yeni kompyuterlər, yeni texnologiyalar. Köhnəliklə, vaxtı ötənlərlə artıq vidalaşmışıq. Sizin fikrinizcə, gələcək haqqında, bu gün haqqında danışarkən, özümüzlə keçmişdən nəyi götürməliyik ki, bu, bizi həmişə müşayiət etsin?
- Mənim fikrimcə, bu sualın cavabı ilk növbədə insanın sırf mənəvi keyfiyyətləri müstəvisində olacaqdır. Tərəqqiyə, texnologiyalara, qloballaşmaya, insan amilinin müəyyən dərəcədə nivelirlənməsinə baxmayaraq, mənəvi dəyərlər olmasa, bəşəriyyət inkişaf edə bilməz. Axı biz robotların gələcəyinə doğru getmirik. Hər halda biz bəşəriyyətin - daha çox inkişaf etmiş və daha müasir bəşəriyyətin gələcəyinə doğru gedirik. Minilliklər boyu dünyanı dəyərlər idarə etmişdir. Yəqin ki, elə belə də olmalıdır. Buna görə də heç bir şəraitdə ləyaqət hissini keçmişdə qoymaq olmaz. Abır-həya və insanlara xeyirxah münasibət hissi həmişə olmalıdır. Sözün yaxşı mənasında vətənpərvərlik hissi inkişaf üçün əsas motivlərdən biri kimi daim olmalıdır. Mən vətənpərvərlik hissini ölkəmizin inkişafı üçün əsas motivlərdən biri hesab edirəm. Bu, öz ölkəsinə görə qürur hissi, onu daha yaxşı etmək arzusudur. Qoy o, daha yaxşı səslənsin, daha yaxşı görünsün, daha yaxşı olsun. Yəqin ki, bunun əsası vətənpərvərlik hissidir. Heç bir halda öz Vətənini sevməmək olmaz. Vətəni həmişə sevmək lazımdır. Mənim fikrimcə, hər kəs bu əsas məqamları həmişə özü ilə irəli aparmalıdır.
-Çox sağ olun, cənab Prezident.
-Sağ olun.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında