Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Ağ şəhər"in təməl daşının qoyulması mərasimində iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də yeni salınacaq "Bakı Ağ şəhər"in təməl daşının qoyulması mərasimində iştirak etmişlər.
Dövlətimizin başçısı İlham Əliyev ailə üzvləri ilə birlikdə yeni salınacaq "Ağ şəhər"in təməl daşının qoyulması mərasimində iştirak etmək üçün Bakının Xətai rayonuna gəldilər.
"Bakı Ağ şəhər" layihəsi üzrə görülən və görüləcək işlər barədə Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, Bakının ekoloji cəhətdən ən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi yaradılacaqdır. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaqdır. "Bakı Ağ şəhər"də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaqdır.
Layihənin planı ilə tanışlıqdan sonra dövlətimizin başçısı təmizlənmiş ərazilərə baxdı, burada görülmüş işlərlə yerində tanış oldu.
Qeyd edildi ki, bu ərazidə yeni yaşayış binalarının inşa olunması üçün hazırlıq işləri aparılır. Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən bu ərazi vaxtilə "Qara şəhər" kimi tanınırdı və ekoloji baxımdan tamamilə yararsız vəziyyətdə idi. "Bakı Ağ şəhər" layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi fərmanı ilə təsdiq olunmuşdur. Layihənin baş məsləhətçisi Böyük Britaniyanın dünyada tanınmış beynəlxalq layihələndirmə şirkətidir. Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak etmişlər. Yeni layihənin icrasına başlanılması xarici və yerli sərmayədarlar üçün də geniş imkanlar açır.
Ərazi ilə yaxından tanış olan dövlətimizin başçısı "Ağ şəhər"in rəmzi təməl daşının üzərindən örtüyü götürdü.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ərazidə ağac əkdilər.
Dövlətimizin başçısı mərasim iştirakçılarını salamlayaraq dedi:
- Sizi təbrik edirəm. Bakı şəhərində çox gözəl layihə başlayır. Şəhər içində şəhər yaradacağıq. "Ağ şəhər" layihəsi artıq bundan sonra icra edilməyə başlayır. Bu, ölkəmiz, şəhərimiz üçün çox əlamətdar hadisədir. Bu şəhərin adı da gözəldir, memarlığı, quruluşu da. Bu şəhərin Bakıda yaradılması rəmzi məna daşıyır. Çünki "Qara şəhər" ərazisində "Ağ şəhər" yaradılır. Bakının, Azərbaycanın zəngin neft yataqlarından müxtəlif insanlar istifadə etmişlər. Öz maddi imkanlarını yaxşılaşdırmışlar. Ancaq şəhərimizin ekoloji vəziyyətinə çox böyük zərbələr vurmuşdular. Ekoloji normalara riayət etmədən neft əməliyyatlarının aparılması nəticəsində bura "Qara şəhər"ə çevrildi. İndi bu ərazini təmizləmək üçün nə qədər böyük səylər göstərilir. Bir neçə metr dərinlikdən neft tullantıları çıxarıldı, ekoloji tədbirlər görüldü. Ümumiyyətlə, bu ərazinin təmizlənməsi Bakının ekologiyası üçün əvəzsiz məsələdir. Ancaq təmizləyəndən sonra bu ərazidə yeni şəhərin salınması müasir Azərbaycanın inkişafını göstərən vacib hadisədir.
Bu şəhər tikiləcək. Bu şəhər yaşayacaq. Şəhər içində "Ağ şəhər"də on minlərlə insan yaşayacaq. Gözəl ofislər, yaşayış binaları tikiləcək, ictimai yerlər, dənizkənarı yeni bulvar salınacaqdır. Planlarımız çoxdur. İndi Bakının gözəlləşməsi ilə bağlı çox böyük tədbirlər görülür. Bakı bulvarı bir neçə dəfə uzadılır. Hazırda 4 kilometrdir. Bir neçə aydan sonra biz yeni bulvarın açılışını qeyd edəcəyik. Yeni bulvar Dövlət Bayrağı Meydanı ilə birlikdə 10 kilometrdən daha da böyük məsafəni əhatə edəcəkdir. Həm şəhər sakinləri üçün, gəzinti üçün, istirahət etmək üçün yeni imkanlar yaradılır. Eyni zamanda, şəhərin bu tərəfini də abadlaşdıracağıq. Burada da yeni bulvarlar salınacaqdır. Beləliklə, sahil boyu bəlkə də 10 kilometrlərlə ölçülən yeni ictimai yerlər yaradılacaqdır.
Mən əminəm ki, bu şəhərin tikintisində həm yerli, həm xarici investorlar iştirak edəcəklər. Bu layihə çox böyük peşəkarlıqla işlənilib. Bu layihə artıq mötəbər beynəlxalq tədbirlərdə, konfranslarda təqdim edilib və ən yüksək mükafatlar alıb. Dünya miqyasında ən gözəl memarlıq layihələrinin birinə çevrilibdir. Bu layihənin hazırlanmasında yerli şirkətlər, yerli memarlar, mütəxəssislər iştirak etmişlər. Eyni zamanda, dünyanın ən qabaqcıl memarlıq, dizayn və inşaat şirkətləri də bu layihənin hazırlanmasında öz səylərini göstərmişlər. Beləliklə, gün gəldi ki, biz "Ağ şəhər"in təməl daşını qoyduq.
Bir müddət bundan əvvəl bütün hazırlıq işləri təşkil edilmişdir. Mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir. Mən ümid edirəm ki, yaxın zamanlarda bu ərazilərdə gözəl binalar tikiləcək, ucaldılacaqdır. Hər bir bina memarlıq abidəsi olmalıdır. Hər bir bina çox böyük zövqlə, səliqə ilə, peşəkarlıqla tikilməlidir ki, bizim gözəl şəhərimiz daha da gözəlləşsin.
Bu layihənin hazırlanmasında və icrasında iştirak etmiş bütün insanları salamlayıram, onlara minnətdarlığımı bildirmək istəyirəm. Bu gözəl, dünya miqyasında nadir layihənin həyata keçirilməsində əməyi olan bütün insanlar yüksək qiymətə layiqdirlər. Bu layihənin bu il icrası ona görə əlamətdardır ki, dünyada indi iqtisadi-maliyyə böhranı hökm sürür. Bəzi mütəxəssislər deyirlər ki, böhranın yeni dalğası gözlənilir, bəlkə də başlamışdır. Bütün dünyanın maliyyə sektorunda böhranlı meyillər güclənir. Bəzi ölkələrdə iqtisadi böhran o həddə çatıb ki, insanlar küçələrə axışır. Pensiyalar, maaşlar kəsilir. Bütün infrastruktur layihələrinin icrası dayandırılır. Azərbaycanda isə biz böyük milyardlarla dollar həcmində ölçülən layihənin təməlini qoyuruq. Biz bilirik ki, investorlar gələcəklər. Çünki bu şəhəri tikən özəl sektor olacaqdır. Dövlət burada yalnız infrastruktur layihələrini icra edir. Burada metro stansiyası da tikiləcəkdir. Bütün xətlər, kommunal xidmətlər dövlət tərəfindən icra ediləcəkdir. Yollar və sairə. Bütün binaları, ofisləri özəl sektor tikməlidir və tikəcəkdir, həm yerli şirkətlər, həm xarici şirkətlər.
Azərbaycan xarici investisiyalar üçün çox münasib bir yerdir. Biz bütün investisiyaları alqışlayırıq. Əminəm ki, biz yaxın zamanlarda birinci binaların açılışını qeyd edəcəyik.
Sizə bu işlərdə uğurlar arzulayıram, xüsusilə inşaatçılara. Burada bütün işlər yüksək səviyyədə olmalıdır ki, şəhərimiz daha da gözəlləşsin. Fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Sağ olun.
Bakı "Ağ şəhər" layihəsinin baş direktoru Ruslan SADIQOV dövlətimizin başçısına müraciət edərək dedi:
-Cənab Prezident, icazə verin fürsətdən istifadə edib kollektivin adından biz də Sizin və ailənizin Yeni ilini təbrik edək. Belə bir təməlqoyma mərasiminin Sizin məhz ad gününüzdə olması hamımız üçün böyük şərəfdir. Təbrik edirik! Sizə ailə səadəti arzulayırıq və təməlini qoyduğunuz bütün işlərdə müvəffəqiyyət arzulayırıq.
***
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında