Dekabrın 19-da Sumqayıt Olimpiya İdman Kompleksinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.
Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, bu kompleks Azərbaycan Prezidentinin göstərişinə əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmişdir. Kompleksin tikintisi üçün şəhərin 7-ci mikrorayonu ərazisində üç hektar torpaq sahəsi ayrılmışdır. İnşasına 2007-ci ildə başlanılan kompleks üç hissədən ibarətdir.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Kompleksin foyesində ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda idmanın inkişafına və idmançılara göstərdikləri diqqət və qayğını əks etdirən fotostend yaradılmışdır. Kompleksdəki trenajor və ağır atletika zallarında, həmçinin tir otağında gənclərin idmanın bu növləri ilə məşğul olmaları üçün ən müasir avadanlıq quraşdırılmışdır.
Kompleksdəki kinozalda isə müxtəlif treninqlərin və digər tədbirlərin keçirilməsi mümkün olacaqdır. Burada müxtəlif səviyyəli yarışların keçirilməsinə imkan verən müasir üzgüçülük zalı da inşa olunmuşdur.
Diqqətə çatdırıldı ki, kompleksin ağır atletika, hovuz və idman zallarının hər biri üçün soyunub-geyinmə, duş, sauna kabinəsi, masaj otaqları və digər texniki otaqlar yaradılmışdır. Baş plana əsasən, idman qurğusunun ərazisində uzunluğu 65, eni 40 metr olan süni örtüklü futbol meydançası yaradılmışdır. Burada, həmçinin uzunluğu 110 metr olan qaçış zolağı, açıq basketbol, voleybol, tennis meydançaları inşa edilmişdir.
Kompleksin ərazisində geniş abadlıq işləri həyata keçirilmiş, yaşıllıq sahələri salınmışdır.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıt Olimpiya İdman Kompleksi ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxanada yaradılmış şəraitlə tanış oldular.
Məlumat verildi ki, mehmanxana 42 çarpayılıqdır. Buradakı 17 iki çarpayılıq, 7 bir çarpayılıq və bir lyuks otağın hamısında qonaqlara müasir tələblər səviyyəsində xidmət göstərmək imkanı yaradılmışdır. Mehmanxanada ən müasir standartlar səviyyəsində yeməkxana da fəaliyyət göstərəcəkdir.
Dövlətimizin başçısına və xanımına 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında Azərbaycan idmançılarının milli geyim formaları barədə məlumat verildi.
Diqqətə çatdırıldı ki, ümumi sahəsi 2160 kvadratmetr olan 800 yerlik universal idman zalı burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. Uzunluğu 47,6 eni isə 23,3 metr olan zalda basketbol, voleybol və digər idman növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılmışdır. Kompleksin ikinci mərtəbəsində stolüstü tennis və bilyard stolları da idmançıların ixtiyarına veriləcəkdir.
Sumqayıt Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev 2011-ci idman ilinin yekunları ilə bağlı idman ictimaiyyətinin nümayəndələri və sumqayıtlılar ilə görüşdü.
İdmançılar və sumqayıtlılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:
- Əziz dostlar, əziz sumqayıtlılar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və Sumqayıt Olimpiya İdman Mərkəzinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.
Mən çox şadam ki, Sumqayıtda belə gözəl, möhtəşəm Olimpiya Mərkəzi yaradılıbdır. Burada idmanla məşğul olmaq üçün bütün imkanlar, bütün şərait var, gözəl, yaraşıqlı və rahat Olimpiya Mərkəzi sumqayıtlıların sərəncamına verilir. Bu mərkəzin yaradılması onu göstərir ki, Azərbaycan dövləti idmanın inkişafına çox böyük diqqət göstərir və son illər ərzində Sumqayıtda bir neçə idman obyekti tikilib istifadəyə verilmişdir. Üç il bundan əvvəl Paralimpiya Mərkəzi tikilmişdir. Bu il Uşaq İdman Mərkəzi yaradılmışdır. İndi isə biz Olimpiya Kompleksinin açılışında iştirak edirik.
Adətən, biz hər ilin sonunda idman yekunlarını müzakirə edirik. Bu tədbirlər adətən Bakıda Milli Olimpiya Komitəsinin binasında keçirilir. Bu dəfə isə bu tədbiri biz bu gün burada keçirəcəyik. Həm Olimpiya Kompleksinin açılışını qeyd edirik, həm də ki, idmançılarımızı, idman ictimaiyyətinin nümayəndələrini bu gün burada mükafatlandıracağıq.
2011-ci il Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda böyük qələbələr əldə etmişlər. 700-dən çox medal əldə etmişik və bu proses uğurla davam etdirilir. Mən ümid edirəm ki, 2012-ci il də idmanımız üçün uğurlu olacaqdır. 2012-ci ildə Olimpiya Oyunları keçiriləcəkdir. Biz Olimpiya Oyunlarında idmançılarımıza qələbələr arzulayırıq.
İdman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. Mən çox şadam ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmançılarımızın qələbələri bizi ürəkdən sevindirir. Azərbaycanın idman şöhrəti yüksək səviyyədədir. 2011-ci ildə ölkəmizdə beynəlxalq idman yarışları, o cümlədən boks üzrə dünya çempionatı keçirilmişdir. Birinci dəfə deyil ki, biz bu beynəlxalq yarışları Azərbaycanda keçiririk. Hər dəfə bütün qonaqlar qeyd edirlər ki, yarışlar yüksək səviyyədə keçirilir və bizim təşkilatçılıq imkanlarımız çox yüksək səviyyədədir. Bu il bölgələrdə yeni idman kompleksləri istifadəyə verilmişdir. Dörd Olimpiya İdman Kompleksi tikilmişdir - Tovuzda, İmişlidə, Qəbələdə və Sumqayıtda. Bu proses davam etdirilir. Hazırda 10 olimpiya idman kompleksi tikilir, yaxud da ki, tikintisi üçün hazırlıq işləri aparılır. Mən çox şadam ki, bu komplekslərdə həm idmançılar, həm yeniyetmələr, gənclər, uşaqlar məşq edir. Uşaqlar bizim gələcəyimizdir. Azərbaycanda çox gözəl gənc nəsil yetişir. Yeniyetmələr arasında Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan çox ləyaqətlə təmsil olunmuşdur. Bu proses artıq uzun illərdir ki, aparılır. Azərbaycanda həm peşəkar idmançılar öz imkanlarını göstərirlər, Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırırlar, həm gənc idmançılar, uşaqlar yetişir. Bu sahədə kütləvilik təmin edilmişdir. Bu, çox gözəl hadisədir, bizi çox sevindirir. Bizim gənc nəsil sağlam olmalıdır. Həm fiziki cəhətdən sağlam olmalı, həm ölkə vətəndaşı kimi çox böyük mənəvi dəyərlərə malik olmalıdır.
Biz ümid edirik ki, bu gözəl meyillər gələn illərdə də davam etdiriləcəkdir. Gələn il Olimpiya ilidir. Eyni zamanda, gələn il Azərbaycanda qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləcəkdir. Bu, böyük, mötəbər yarış olacaqdır. Bu yarışı ləyaqətlə keçirmək üçün indi Tofiq Bəhramov adına Respublika Stadionunda təmir-bərpa işləri aparılır. Biz yaxın zamanlarda Sumqayıt şəhər stadionunun təmirinə başlayacağıq. Digər şəhərlərdə stadionlar tikilir. Yəni, Azərbaycan dünyada idman ölkəsi kimi özünü artıq təsdiqləyib və bu, görülən işlərin nəticəsidir. Biz ümid edirik ki, Olimpiya Oyunlarında böyük uğurla çıxış edəcəyik. Bunu deməyə kifayət qədər əsaslar vardır. Son illər ərzində idmançılarımız dünya və Avropa çempionatlarında qələbələr qazanmışlar. Yəni, bu gün Azərbaycan idmançıları ilə hesablaşırlar və beynəlxalq olimpiya ailəsində fəaliyyətimiz də yüksək qiymətə malikdir.
Bir sözlə, Azərbaycanda idman inkişaf edir, idman infrastrukturu yaradılır. İdmanla məşğul olmaq üçün hər bir bölgədə gözəl imkanlar vardır. Yaxın gələcəkdə hər bir rayon mərkəzində gözəl olimpiya idman kompleksləri istifadəyə veriləcəkdir.
İdman həyatımızın ayrılmaz hissəsidir. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Bu sahədə əldə edilən uğurlar, əlbəttə ki, bizi gələcək uğurlara sövq edir. Biz əldə edilmiş nəticələrlə kifayətlənə bilmərik. Yalnız və yalnız gələcəyə baxmalıyıq ki, daha da böyük qələbələr əldə edək.
Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret planlar vardır. Əslində, Sumqayıt sənaye şəhəri kimi formalaşmışdır, yaradılmışdır. İndi isə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf edir. Burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələri Azərbaycanda sənayeləşmə proqramının icrası üçün çox vacib rol oynayacaqdır. Artıq bu proqramın icrasının birinci mərhələsindəyik. Burada böyük Sumqayıt Texnologiya Parkı yaradılıb, ona yaxın müasir müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan məhsullar xaricə də ixrac edilir, ölkə daxilində də istehlak olunur.
Növbəti dövrdə Sumqayıtda yeni kimya müəssisələrindən ibarət sənaye şəhərciyi yaradılacaqdır. Bu məqsədlə müvafiq göstərişlər verilmişdir. Burada həm dövlət, həm özəl sektorun iştirakı ilə böyük müəssisələr, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün gözəl şərait yaradılacaqdır. Azərbaycan dövləti bu proqramı həll etmək üçün böyük miqdarda vəsaitin təşkilində israrlıdır, biz bunu edəcəyik. Sumqayıtın bütün sənaye potensialını icra etmək üçün əlavə infrastruktur layihələri nəzərdə tutulur. Vaxtilə burada tikilmiş elektrik stansiyası müəyyən dərəcədə bu məsələlərin həllinə kömək göstərir. Ancaq Sumqayıtın və ümumiyyətlə, ölkəmizin uğurlu inkişafını nəzərə alaraq yəqin ki, gələcəkdə yeni enerji güclərinin yaradılmasına da ehtiyac olacaqdır.
Bu gün Sumqayıtda ən müasir texnologiyalara malik olan azot gübrəsi - karbamid zavodunun təməl daşı qoyulur. Bu zavodun ölkə daxilində çox böyük əhəmiyyəti olacaqdır. Çünki biz hazırda kənd təsərrüfatının inkişafı üçün əsas gübrələri xaricdən idxal edirik. Zavodun fəaliyyətə başlaması nəticəsində biz artıq nəinki özümüzü təmin edəcəyik, eyni zamanda, ixrac potensialımız da yaradılacaqdır. Nəzərə alsaq ki, kəndlilərə, fermerlərə güzəştli şərtlərlə gübrələr verilir, bu zavodun Azərbaycanda məhz Sumqayıtda tikilməsi böyük əhəmiyyətə malikdir. Bizim digər sahələr üzrə fikirlərimiz vardır. Sumqayıtı, yenə də deyirəm, müasir sənaye mərkəzinə çevirmək üçün konkret proqramlarımız, icra mexanizmlərimiz var və biz bunu edəcəyik.
Eyni zamanda, şəhərin bütün infrastrukturu, bütün kommunal infrastrukturu yenilənməlidir. Su, kanalizasiya xətləri, qazlaşdırma, elektrik xətlərinin çəkilişi - bu işlərin böyük əksəriyyəti öz həllini tapmışdır. Ancaq biz yenə də bu məsələlərlə məşğul olacağıq. Sumqayıtı memarlıq baxımından gözəl şəhərə çevirmək üçün artıq konkret proqramlar icra edilir. Mən bu məsələləri nəzarət altında saxlayıram və Sumqayıtı gözəlləşdirmək üçün konkret planlarımız vardır. Parklar abadlaşır, biz yeni dənizkənarı bulvarın tikintisinin başlanmasına qərar vermişik. Mən keçən dəfə də burada olarkən demişəm, Sumqayıtda, memarlıq sahəsində, tikintidə Bakı standartları tətbiq edilməlidir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Sumqayıt da geri qalmamalıdır. Əvvəlki dövrdə tikilmiş binalar bərpa edilməlidir, gözəlləşdirilməlidir. Yeni tikilən binalar gözəl memarlıq üslubunda yaradılmalıdır.
Beləliklə, həm şəhərin sosial-iqtisadi, kommunal məsələləri həll olunacaqdır, həm də Sumqayıt böyük sənaye mərkəzinə və çox gözəl, abad şəhərə çevriləcəkdir. Bir daha qeyd etmək istəyirəm ki, mən Sumqayıtın inkişafına xüsusi diqqət göstərirəm. Mən şəhərdə dəfələrlə olmuşam, bundan sonra da dəfələrlə olacağam. Çünki hələ ki, burada görüləsi işlər çoxdur.
Əziz dostlar, 2011-ci il başa çatır. Ölkəmiz bu ili də uğurla başa vurur. Ölkə daxilində bütün vəzifələr icra edilir. 2011-ci il də ölkəmiz üçün uğurlu olmuşdur. Azərbaycan dünyadakı mövqelərini möhkəmləndirə bilmişdir, ölkə daxilindəki vəziyyət çox müsbətdir. Hər yerdə inkişaf, hər yerdə tikinti, quruculuq, abadlıq işləri aparılır - böyük şəhərlərdə, kiçik kəndlərdə, hər yerdə. Bax bu, bizim strateji xəttimizdir. Azərbaycan uğurla inkişaf edir, uğurla irəliyə gedir. Gələcəkdə görüləcək işlərimiz çoxdur. Əminəm ki, nəzərdə tutduğumuz bütün planlar həyatda öz əksini tapacaqdır.
Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, bütün sumqayıtlılara xoşbəxtlik və cansağlığı arzulayıram.
Sağ olun.
* * *
Sonra dövlətimizin başçısı idman sahəsində fərqlənən bir qrup şəxsə mükafatlar və yeni mənzillərin orderlərini təqdim etdi.
* * *
Sərbəst güləş üzrə milli yığma komandanın böyük məşqçisi, əməkdar məşqçi Firdovsi UMUDOV sumqayıtlılar və idmançılar adından dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:
- Möhtərəm cənab Prezident!
İcazə verin, belə bir möhtəşəm idman sarayını - sayca 33-cü olan Sumqayıt Olimpiya İdman Kompleksini bizə hədiyyə etdiyinizə görə bütün idmançılarımız adından Sizə dərin minnətdarlığımızı bildirək.
Bu, Sizin idmana, xüsusilə olimpiya hərəkatının genişlənməsinə, Azərbaycanda peşəkar idmanın inkişafına, gənc nəslin sağlam böyüməsinə böyük diqqət və qayğınızın növbəti təzahürüdür. Bunun nəticəsidir ki, son üç ildə təkcə Sumqayıt şəhərində Paralimpiya İdman Kompleksi, Uşaq-Gənclər İdman Məktəbi və Olimpiya İdman Kompleksi tikilib idmançıların istifadəsinə verilmişdir.
Hər il olduğu kimi, bu gün də biz idmançıları belə bir möhtəşəm saraya toplayaraq, idmanın inkişafında əldə edilmiş nailiyyətləri, mövcud problemləri təhlil edir, qayğılarımızla tanış olursunuz. Məhz belə bir yanaşmanın nəticəsidir ki, hər bir sahədə olduğu kimi, idmanda da uğurlarımız günbəgün artır, maddi-texniki baza möhkəmlənir.
Hazırda idman ölkəsi kimi tanınan Azərbaycan bu gün beynəlxalq yarışların, təlim-məşq toplanışlarının keçirildiyi bir məkana çevrilmişdir. İndi dünyada Ermənistan da daxil olmaqla çox az dövlət tapılar ki, orada himnimiz səslənməsin, bayrağımız ucalmasın. Bütün bunların hamısı Sizin misilsiz əməyiniz və qayğınız sayəsində mümkün olmuşdur.
Cənab Prezident, bu gün bu qayğını ən ali formada Sizdən görürük və Sizə minnətdarlığımızı bildiririk.
İdmanımızın inkişafında xidməti olanların Sizin tərəfinizdən Vətənin ən yüksək orden və medalları, fəxri adları ilə təltif edilməsi, onlara pul mükafatlarının, mənzillərin verilməsi buna bariz nümunədir. Bu gün 20 nəfərə, o cümlədən mənə mənzil verilməsi bir daha onu göstərir ki, Siz idmançı və məşqçilərimizin sosial, mənzil-məişət problemlərinin həllinə daim həssaslıqla yanaşırsınız. Veteran idmançılara göstərdiyiniz qayğı isə gənclərimiz üçün əlavə bir stimul olmuşdur.
Bu mükafat və hədiyyələri doğum gününüz, yubileyiniz ərəfəsində almağımız bizim üçün daha əlamətdardır. Çünki Siz hər bir idmançının, hər birimizin dayağı, böyük dostu və qardaşısınız!
İcazə verin, idman ictimaiyyəti, idmançılarımız adından Sizi bir daha əmin edim ki, göstərilən bu diqqət və qayğıya cavab olaraq var gücümüzü, potensialımızı yeni-yeni qələbələrin, əyarı yüksək medalların qazanılmasına, Azərbaycanın bayrağının daha da ucalara qalxmasına, dalğalanmasına sərf edəcəyik.
Möhtərəm cənab Prezident!
Vətənimizin işıqlı sabahı, tərəqqisi naminə gördüyünüz bütün işlərə görə Sizə və çox hörmətli Mehriban xanıma minnətdarlığımızı bildiririk. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzu edirik. Vətənimizin taleyüklü məsələlərinin həlli üçün hər zaman çağırışınıza hazır olan Azərbaycan gəncliyi, Azərbaycan idmançıları həmişə Sizinlədir.
Diqqətinizə görə sağ olun.
* * *
Sonra tədbir konsert proqramı ilə davam etdirildi.
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.