Şriftin ölçüsü:
25.11.2011 15:36 | Oxunma sayı: 482
Prezident İlham Əliyev açılışda iştirak etmişdir
{nl}
Noyabrın 24-də Bakının "Nizami" kinoteatrının binası əsaslı təmir və yenidənqurmadan sonra açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və Azərbaycanın birinci xanımına əvvəlcə "Nizami" kinoteatrının fasadında aparılan yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, "Nizami" kinoteatrı görkəmli memar Mikayıl Hüseynovun layihəsi əsasında tikilmiş və 1934-cü ildə istifadəyə verilmişdir. İlk dövrlərdə bu sənət ocağı "Bədaye" kinoteatrı adı altında fəaliyyət göstərmişdir. Daha sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar "Nizami" kinoteatrı adlandırılmışdır.
Prezident İlham Əliyev kinoteatrın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva binanın foyesində kinoteatrın əvvəlki vəziyyətini, bərpa işlərinin gedişini və yenidənqurmadan sonrakı görüntülərini əks etdirən fotolardan ibarət stendə baxdılar.
Bildirildi ki, uzun illər bu kinoteatrda milli və xarici filmlərin nümayişindən başqa festivallar, müxtəlif mədəni tədbirlər təşkil edilmişdir. Kinoteatrın yay zalının istismarı 1990-cı ildə dayandırılmış, ciddi təmirə ehtiyac duyulan böyük qış zalı isə 2005-ci ildən bağlanmışdır. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" çərçivəsində burada aparılan əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə başa çatdırılmışdır. Su və kanalizasiya xətlərinin nasazlığı, yeraltı sular binanın özülünü yararsız hala salmışdı. Ona görə də binanın bünövrəsi tamamilə qazılmış, yükdaşıyan konstruksiyalar gücləndirilmişdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, kinoteatrın binasında dörd zal yaradılmışdır. Xaricdə istehsal olunan rəqəmsal kinoproyektorlarla, digər kinoqurğularla təchiz edilmiş bütün zallarda işıq, səs, akustika sistemləri yenidən qurulmuşdur.
Birinci mərtəbədə yüksək zövqlə və müasir dizaynda qurulan 80 və 50 yerlik zallarda filmlərin izlənməsi üçün hər cür şərait yaradılmışdır.
Dövlətimizin başçısı və xanımı ikinci mərtəbədə müxtəlif tədbirlərin və təqdimat mərasimlərinin keçirilməsi üçün ideal şəraiti ilə diqqəti cəlb edən foye ilə tanış oldular.
Azərbaycanda 3D filmlərinin nümayişi üçün ən böyük - 18 metrlik ekranın quraşdırıldığı 500 yerlik əsas zal ilə tanışlıq zamanı məlumat verildi ki, burada beş dildə sinxron tərcümə sistemi yaradılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əsas zalda "Üç müşketyor" filmindən fraqmentləri izlədilər.
Dövlətimizin başçısı üçüncü mərtəbədə kino avadanlığı bölməsində oldu. Bildirildi ki, ilk dəfə olaraq kinoteatrda piratçılığa qarşı şifrələnmiş rəqəmsal kinokopiyanın peyk, internet və ya sərt disk vasitəsilə çatdırılması, yüksək keyfiyyətlə nümayiş etdirilməsi və bütün kinozalların bir məntəqədən idarə olunması nəzərdə tutulmuşdur.
Azərbaycan Prezidenti və xanımı 24 nəfərlik VİP zalı ilə tanış oldular, 3D formatlı filmdən fraqmenti izlədilər.
Məlumat verildi ki, kinoteatrda ayrıca konfrans zalı və kiçik kafelər də fəaliyyət göstərəcəkdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kinoteatrın beşinci mərtəbəsində 250 yerlik "Cinema" restoranına baxdılar. Bildirildi ki, retro üslubunda qurulan restoranda səhnə yaradılmış, divarlar məşhur Azərbaycan filmlərindən fraqmentləri əks etdirən fotolarla bəzədilmişdir. Restoranda tamaşaçıların istirahəti üçün hər cür şərait vardır. Restoranın ən böyük özəlliyi isə ölkəmizdə ilk dəfə məhz burada mövsümə uyğun olaraq mexaniki üsulla açılıb-bağlanan tavanın quraşdırılmasıdır.
Dövlətimizin başçısına və xanımına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidən qurulmasının layihəsi də təqdim olundu.
Prezident İlham Əliyev layihə ilə bağlı təkliflərini bildirdi.
Diqqətə çatdırıldı ki, "Nizami" kinoteatrında inzibati otaqlarla yanaşı, mətbuat mərkəzi, televiziya qovşağı da yaradılmışdır. Aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra kinoteatr tamaşaçılar üçün yüksək rahatlığın təmin olunduğu mədəniyyət ocağına çevrilmişdir. Bu da kinoteatrda yeni filmlərin premyeralarının və möhtəşəm kinofestivalların keçirilməsinə imkan verəcəkdir.
"Nizami" kinoteatrında yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tövsiyə və tapşırıqlarını verdi.
{nl}
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.