Noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının (CAREC) Bakıda keçirilən X yubiley Nazirlər Konfransının iştirakçılarını qəbul etmişdir.
Prezident İlham ƏLİYEV konfrans iştirakçılarını salamlayaraq dedi:
- Hörmətli qonaqlar, mən sizi Azərbaycanda ürəkdən salamlayıram, ölkəmizə xoş gəlmisiniz.
CAREC-in X yubiley Nazirlər Konfransının Azərbaycanda keçirilməsi böyük hadisədir, ölkəmiz üçün böyük şərəfdir. Bilirsiniz ki, Azərbaycan bu mötəbər beynəlxalq proqram təşkilatının fəal üzvüdür. Azərbaycan proqram çərçivəsində öz üzərinə düşən vəzifələrini icra etməyə çalışır. Əminəm ki, bu proqramın uğurlu inkişafı regional əməkdaşlığın dərinləşməsinə xidmət edəcək, bölgədə sülhün, əmin-amanlığın, rifahın təmin edilməsi işinə çox önəmli töhfə verəcəkdir.
Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar gözəl nəticələr verməkdədir. CAREC-in üç əsas istiqaməti üzrə Azərbaycanda çox ciddi proqramlar icra edilir. Ticarət, nəqliyyat, enerji məsələlərinə ölkəmizdə çox böyük diqqət göstərilir və tərəfimizdən irəli sürülmüş təşəbbüslər, eyni zamanda, regional əməkdaşlığın genişlənməsinə də xidmət göstərir. Son 8 il ərzində Azərbaycanda iqtisadi inkişaf çox yüksək templərlə ölçülürdü, ümumi daxili məhsul üç dəfə, yəni 300 faiz artmışdır. Sənaye istehsalı təxminən üç dəfə artmışdır. Ölkə iqtisadiyyatına 10 milyardlarla dollar sərmayə qoyulmuşdur.
Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və xarici sərmayələrin cəlb edilməsi işində ölkəmiz böyük uğurlar qazanmışdır. Hazırda bu investisiyalar təkcə neft-qaz sektoruna deyil, qeyri-neft sektoruna da qoyulur və bu, bizim indiki siyasətimizdə prioritet təşkil edir. Qeyri-neft sektorunun inkişafı bu il də çox yüksəkdir, təxminən 9 faiz səviyyəsindədir. Əlbəttə, iqtisadi inkişafın nəticəsində insanların maddi vəziyyəti də yaxşılaşmaqdadır. Son 8 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 9 faizə düşmüşdür. Xarici ticarət dövriyyəmiz də artmaqdadır. CAREC proqramının iştirakçılarının və Azərbaycan hökumətinin fəaliyyəti nəticəsində iqtisadi sahədə əlaqələrimiz ikitərəfli formatda da çox müsbət, uğurla inkişaf edir.
Azərbaycan tərəfindən nəqliyyat sektorunda irəli sürülmüş təşəbbüslər də beynəlxalq xarakter daşıyır. Son illər ərzində ən çox sərmayə bu sektora qoyulmuşdur və uğurlu coğrafi vəziyyətimiz bizə imkan verir ki, Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirək. Bu məqsədlə çox vacib addımlar atılmışdır. Son 7 il ərzində Azərbaycanda beş beynəlxalq hava limanı istifadəyə verilmişdir. Bu hava limanları istənilən ən ağır yük təyyarələrini qəbul edə bilər.
Dəmir yolu nəqliyyatında islahatlar aparılır və yeni dəmir yolu xətləri çəkilir. Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla gedir. Əminəm ki, 2013-cü ilin əvvəlində bu dəmir yolu layihəsi başa çatacaq və beləliklə, biz "Dəmir İpək yolu"nun bərpasını təşkil edəcəyik. Bu layihə bütün CAREC Proqramına üzv olan ölkələr üçün böyük əhəmiyyət daşıyacaqdır. Çünki bu yoldan istifadə etmək həm iqtisadi cəhətdən daha da əlverişli olacaq, eyni zamanda, regional əməkdaşlığımızı da böyük dərəcədə gücləndirəcəkdir.
Hava nəqliyyatı ilə bağlı yeni təyyarələr alınır. Azərbaycanda yük daşımaları üzrə fəaliyyət göstərən transmilli şirkətlər artıq dünyada çox müsbət imicə malikdir.
Dəniz nəqliyyatının inkişafı üçün əlavə tədbirlər görülür. Gəmilər, bərələr, tankerlər alınır. Artıq Azərbaycan bəzi Orta Asiya ölkələri üçün tranzit funksiyalarını icra edir. Gələcəkdə bizim tranzit ölkə kimi rolumuz ancaq və ancaq artacaqdır. Əlbəttə ki, burada söhbət təbii resursların tranzitindən gedir və qeyri-enerji mənşəli yüklərin Azərbaycan ərazisindən Qərb istiqamətinə çatdırılması üçün əlavə tədbirlər görülür. Xəzər dənizinin ən böyük beynəlxalq ticarət limanı hazırda tikilməkdədir. Bakıda yeni gəmiqayırma zavodu tikilməkdədir. Əlbəttə ki, bu gəmiqayırma zavodunun məhsulları bütün Xəzəryanı ölkələrin sərəncamında olacaq və eyni zamanda, Xəzər dənizi ilə bağlı Xəzəryanı olmayan ölkələrin təşəbbüslərinin icrası üçün də bu gəmiqayırma zavodunun böyük rolu olacaqdır.
Enerji sektoru da CAREC Proqramının tərkib hissəsidir. Bu sahədə də, əlbəttə, biz böyük işlər görmüşük. Azərbaycan qədim neft ölkəsidir. Hazırda Azərbaycan özünü dünyaya qaz ölkəsi kimi təqdim edir. Bizim son bir il ərzində aşkar etdiyimiz qaz ehtiyatları təqribən 600-700 milyard kubmetr səviyyəsindədir. Beləliklə, bizim ümumi təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetr səviyyəsindədir. Mən heç şübhə etmirəm ki, gələcəkdə əlavə kəşfiyyat və qazma işlərinin aparılması sayəsində bu həcm ancaq artacaqdır.
Hazırda Azərbaycanı beynəlxalq bazarlarla birləşdirən 7 neft və qaz kəməri vardır. Onların hamısı işlək vəziyyətdədir. Biz neft və qazımızı bütün istiqamətlər üzrə ixrac edirik. Bu sahədə şaxələndirmə məqsədlərimizə tam şəkildə çatmışıq. Hazırda tranzit ölkələrlə, istehlakçılarla və potensial istehlakçılarla danışıqlar aparılır ki, gələcəkdə Azərbaycan zəngin neft-qaz potensialını maksimum dərəcədə işə sala bilsin.
Yeni investisiya layihələri hazırlanır və dünyanın ən böyük qaz yataqlarından biri olan "Şahdəniz" qaz yatağının ikinci fazasının işlənilməsi ilə bağlı hazırlıq işləri aparılır. Təkcə "Şahdəniz" yatağının qaz ehtiyatları 1,2 trilyon kubmetr səviyyəsindədir. Əlbəttə ki, biz indiki mərhələdə enerji səmərəliliyi ilə bağlı əlavə tədbirlər görürük. Alternativ və bərpa olunan enerji növlərinin yaradılması üçün işlər aparılır. Birinci pilot layihə icra edilmişdir. Hibrit külək-günəş elektrik stansiyası fəaliyyətdədir. Günəş batareyalarının istehsalı ilə bağlı işlər gedir. Alternativ və bərpa olunan enerjinin Azərbaycanda istehsalı gələcəkdə daha da böyük həcmlə ölçüləcəkdir. Bu, bizim üçün prioritet məsələdir.
Bilirsiniz, CAREC Proqramının əsas istiqamətləri üzrə Azərbaycanda çox böyük işlər aparılıb. Görülən bütün bu işləri sadalamaq üçün yəqin ki, bir neçə saat vaxt lazım olacaqdır. Sadəcə olaraq demək istəyirəm ki, Azərbaycan hər istiqamət üzrə üzərinə düşən vəzifələrini icra etməyə davam edəcəkdir. Biz proqrama üzv olan bütün ölkələrlə çox gözəl ikitərəfli münasibətlərə malikik. Əminəm ki, bu formatda keçirilən və keçiriləcək fikir mübadiləsi əməkdaşlığımızı daha da gücləndirəcəkdir.
Mən çox şadam ki, CAREC Proqramının X yubiley Nazirlər Konfransı Bakıda keçirilir. Əminəm ki, konfransın yaxşı nəticələri olacaqdır və bizə qonaq gəlmiş dostlarımız da öz vətənlərinə xoş təəssüratlarla qayıdacaqlar. Bir daha xoş gəlmisiniz.
Sonra Asiya İnkişaf Bankının prezidenti Haruhiko KURADO çıxış edərək dedi:
- Zati-aliləri, cənab Prezident Əliyev!
Bizi qəbul etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk. Biz Bakıda olmağımızdan çox məmnunuq. Təbii ki, səfərimiz nazirlər səviyyəsində keçirilən yubiley konfransı ilə bağlıdır.
Biz burada bir sıra sahələrə toxunacağıq. Tədbir zamanı enerji, nəqliyyat və digər sahələrdə mövcud olan məsələləri müzakirə edəcəyik. Biz əslində bu müzakirələri iki səviyyədə həyata keçirmək fikrindəyik. Nəqliyyat, enerji və ticarət bir tərəfdən. Bununla biz əməkdaşlıq çərçivəsinin sonrakı daha geniş əsaslarını da formalaşdıracağıq. Siz burada qeyd etdiniz ki, Azərbaycan bütün bu sahələrdə və əməkdaşlığın genişləndirilməsində əsas rol oynamaqdadır.
Cənab Prezident, mən Sizə səmimi minnətdarlığımı bildirirəm. Siz bu CAREC Proqramına davamlı şəkildə dəstəyinizi vermişdiniz. Biz həmkarlarımızla təbii ki, cari işləri müzakirə edəcəyik. Həmçinin, eyni zamanda, qarşımızda dayanan məsələlərin həllinə nail olmaq üçün perspektivləri də nəzərdən keçirəcəyik. Mən çox şadam ki, son 10 ildə əldə etdiyimiz nəticələrə əsaslanaraq, sonrakı onillikdə də CAREC Proqramı daha böyük uğurlar gətirəcək və Şərq-Qərb, Şimal-Cənub arasında olan əlaqələri daha da gücləndirəcəkdir. Əslində əgər bu baş tutarsa burada iqtisadiyyatın bütün sahələri bəhrələnə bilər.
Bir daha CAREC Proqramı nazirləri adından Sizə səmimi təşəkkürümü bildirmək istərdim. Biz Sizə və hökumətinizə minnətdarlığımızı bildiririk ki, belə bir tədbirin ölkənizdə keçirilməsi mümkün olmuşdur. Biz xüsusilə, cənab Prezident, Sizə təşəkkürümüzü bildiririk. Eyni zamanda, azərbaycanlı həmkarımıza da təşəkkürümüzü bildiririk. Çünki bütün üzv dövlətlərin nümayəndələri Bakı konfransı çərçivəsində aparılan əməkdaşlıqdan olduqca məmnundurlar.
Çox sağ olun.
* * *
"Azərbaycan CAREC Proqramının gücləndirilməsinə öz töhfəsini vermək əzmindədir", - deyən dövlətimizin başçısı bildirdi ki, təşkilata dəstək məqsədi ilə gələcəkdə bir sıra istiqamətlər, o cümlədən fəaliyyət və müəyyən ideyalarla bağlı məsələlər nəzərdən keçiriləcəkdir.
"Siz bizə arxalana bilərsiniz", - deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz gələcəkdə də CAREC Proqramına dəstək verəcəkdir. Çünki Azərbaycanın bu proqramın üzvü olan dövlətlərlə yaxşı ikitərəfli münasibətləri var və ölkələrimiz müxtəlif iqtisadi proqramlar üzərində birgə işləyir.
Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, CAREC Proqramının üzvü olan dövlətlərlə mövcud ikitərəfli münasibətlər gələcəkdə geniş regional əməkdaşlığa çevriləcəkdir.
Prezident İlham Əliyev Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında etibarlı tərəfdaşlığın qurulduğunu və bu təşkilat ilə ölkəmizin sıx əməkdaşlıq etdiyini də diqqətə çatdırdı. Dövlətimizin başçısı vurğuladı ki, bir sıra beynəlxalq təşkilatların üzvü olan Azərbaycan enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır və bu sahədə hasilatçı, tranzit və istehlakçı ölkələr arasında sıx əməkdaşlığın yaradılması vacibdir.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan inkişaf etmək, güclü və çevik iqtisadi struktura çevrilmək məqsədini qarşıya qoyan CAREC Proqramına üzv dövlətlər və onların müvafiq strukturları ilə əməkdaşlığını bundan sonra da davam etdirəcəkdir.
Dövlətimizin başçısı çıxışının sonunda bir daha Bakıda keçirilən yubiley konfransının iştirakçılarına uğurlar arzuladı.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.