Qəbələdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 36 yeni mənzilin orderləri verilmişdir

Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov dövlətimizin başçısına məlumat verdi ki, indiyədək Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün üç fərdi ev və ikimərtəbəli 16 mənzilli yaşayış binası tikilərək istifadəyə verilmişdir. Yeni dördmərtəbəli, 36 mənzilli binanın tikintisinə ötən ilin dekabrında başlanılmışdır. Binanın həm xarici görünüşü, həm də daxili tərtibatı ən müasir standartlara cavab verir. Burada əlillərin sərbəst hərəkəti üçün xüsusi qurğular quraşdırılmışdır. Kommunikasiya qurğuları da müasir tələblərə cavab verir. Binanın həyətyanı sahəsində abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir. Burada uşaq meydançası da yaradılmışdır.
Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, bütün otaqlar zəruri avadanlıqla və mebellərlə təchiz edilmişdir.
Sonra dövlətimizin başçısı İlham ƏLİYEV Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinin üzvləri və Böyük Vətən müharibəsi veteranları ilə görüşərək dedi:
- Sizi təbrik edirəm. Qəbələdə çox gözəl yaşayış binası tikilmişdir. Bu gün bu binaya köçəcəksiniz, çox rahat, gözəl mənzillərdir, hər şey çox böyük keyfiyyətlə tikilibdir, bütün şərait vardır. Yəni, yüksək səviyyədə yaşamaq üçün bütün şərait yaradılıbdır.
Bu siyasət Azərbaycanda uzun illərdir ki, aparılır. Qarabağ əlilləri, şəhid ailələri üçün həm Bakıda, həm müxtəlif bölgələrdə binalar tikilir. Bu proses çox geniş vüsət almışdır və ümid edirəm ki, növbəti bir neçə il ərzində bütün problemlər öz həllini tapacaqdır. Bu günə qədər 5 minə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi gözəl mənzillərlə təmin edilmişdir. Növbədə isə 3 mindən bir qədər çox ailə vardır. Onların da problemləri həll olunacaqdır. İndi biz templəri də artırmışıq, dövlət vəsaitinin həcmi də artıbdır və təsadüfi deyil ki, il ərzində ölkəmizin müxtəlif şəhərlərində belə gözəl binalar tikilir. Bu binalar həm rahatdır, genişdir, mənzillər də çox rahatdır, burada bütün infrastruktur qoşulubdur, su, qaz xətləri, elektrik enerjisi, eyni zamanda, bu binaların xarici görünüşü də gözəldir. Həm şəhər arxitekturasına uyğundur, həm də müasir üslubda tikilib.
Bütövlükdə, Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sahədə də böyük işlər görülür. Biz bu işləri ardıcıl şəkildə aparırıq. Bildiyiniz kimi, biz ilk növbədə müharibədən ən çox əziyyət çəkmiş insanların problemlərini həll etməyə başlamışdıq. 2007-ci ilin sonuna qədər demək olar ki, bütün çadır şəhərcikləri ləğv edilmişdir. Vaxtilə çadırlarda yaşamış insanları biz yaxşı fərdi evlərlə, mənzillərlə təmin edə bilmişik. İndiki mərhələdə yataqxanalarda, hərbi hissələrdə, məktəblərdə məskunlaşmış qaçqın bacı-qardaşlarımızın problemlərini də həll edirik. Bu proses davam edir və əminəm ki, bu məsələni də biz maksimum dərəcədə həll edəcəyik.
Qeyd etdiyim kimi, Qarabağ müharibəsi əlillərinin problemlərinin həlli üçün də ardıcıl işlər aparılır. Növbəti bir neçə il ərzində, yenə də deyirəm, növbədə dayanan hər bir ailə gözəl mənzillərlə təmin ediləcək, eyni zamanda, minik maşınları da verilir. Əvvəlki dövrdə biz bu maşınları xaricdən gətirirdik. İndi bizim öz istehsalımız başlamışdır. Özü də bizim maşınlar xaricdə istehsal olunan maşınlardan geri qalmır. Naxçıvan avtomobil zavodunun məhsulları indi böyük şöhrətə malikdir, müxtəlif növ maşınlar istehsal olunur. Əlbəttə, biz istəyirik ki, yerli istehsaldan daha çox istifadə edək. Nəzərə alsaq ki, bu maşınların keyfiyyəti də o biri maşınlardan üstündür.
Sosial siyasətə gəldikdə, bütün sosial məsələlər öz həllini tapmalıdır. Əməkhaqları, pensiyalar artırılır, bu il də artırılmışdır. Doqquz yüz minə yaxın pensiyaçının pensiyası orta hesabla 40 faiz artmışdır. Yenə də artacaqdır. Minimum əməkhaqqı da, bütün sosial ödəmələr də artacaqdır. Azərbaycanın güclü sosial siyasəti güclü iqtisadi bazaya əsaslanır. Biz iqtisadi sahədə əldə edilmiş nailiyyətləri insan kapitalına çeviririk.
Siz erməni işğalından əziyyət çəkmiş insanlarsınız, öz yaxınlarınızı, sağlamlığınızı itirmisiniz. Ona görə Azərbaycan dövləti sizə daim diqqət göstərməlidir, yardım etməlidir. Bax, bu bina Azərbaycan dövlətinin sizə verdiyi bir hədiyyədir, bu istiqamətdə atılan bir addımdır. Bu addımların sayı çoxdur, onlardan biri də bax, bu binada özünü göstərir.
Vətən, torpaq uğrunda vuruşmuş, canından keçmiş övladlarımızın xatirəsi daim bizim ürəyimizdədir. Qarabağ böyük yaramızdır. Əminəm ki, ərazi bütövlüyümüz bərpa olunacaq, bütün məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, haqq-ədalət zəfər çalacaqdır. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır və qalacaqdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir, tanıyır. Dünya birliyi isə bizim tərəfimizdədir və Azərbaycana beynəlxalq arenada, beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də göstərilən dəstək, eyni zamanda, bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətimizə və mövqeyimizə verilən dəstəkdir. Biz bunu belə qəbul edirik. Çünki bizim üçün Qarabağdan artıq, ondan vacib həllini gözləyən məsələ yoxdur. Bu tarixi ədalət istənilən yolla bərpa olunmalıdır və olunacaqdır. Danışıqlar yolu ilə həll edilməsə, biz məcbur olub, hərbi yola əl atacağıq. Bu, bizim suveren hüququmuzdur. Heç kim bu hüququ əlimizdən ala bilməz. Beynəlxalq qaydalar da, beynəlxalq hüquq normaları da bu hüququ bizə tanıyır və istənilən anda Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa edə bilər. Sadəcə olaraq, biz istəyirik ki, bunu danışıqlar yolu ilə, sülh yolu ilə həll edək. Belə imkanlar hələ tükənməyib və gündən-günə güclənən Azərbaycan o tarixi günü yaxınlaşdırır. Hər birimiz öz yerində öz işi, əməyi ilə o günü yaxınlaşdırmalıdır. Bu gün Azərbaycanın imkanları böyük dərəcədə genişlənmişdir. Bizim təsir imkanlarımız artmışdır, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, xaricdə bizə dəstək hədsiz dərəcədədir. Yəni, ölkələrin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və BMT-dəki son səsvermə də bunu əyani şəkildə göstərmişdir.
Tarix, hüquq, coğrafi, geosiyasi əhəmiyyət baxımından haqq-ədalət bizim tərəfimizdədir. Siyasi, iqtisadi və hərbi güc də Azərbaycanın üstünlüyünü təşkil edir. Belə olan halda torpaqlarımız uzun illər bundan sonra işğal altında qala bilməz. Ermənistanın buna nə haqqı çatır, nə gücü. Nə də demoqrafik vəziyyət onlara gələcəkdə imkan verəcək ki, bu torpaqları əldə saxlasınlar. Biz bütün istiqamətlər üzrə hücum diplomatiyamızı aparacağıq, düşmənə qarşı bütün formalarda mübarizə aparacağıq, onların işğalçı simasını ifşa edəcəyik və ədaləti bərpa edəcəyik. Mən buna inanıram, mən buna şübhə etmirəm. Gün gələcək bizim bayrağımız - 21 il bundan əvvəl ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılan Xalq Cümhuriyyətinin bayrağı Xankəndidə, Şuşada dalğalanacaqdır. Mən buna inanıram. Əminəm ki, bütün Azərbaycan xalqı buna inanır və bu inamı reallığa çevirmək üçün biz daha da fəal işləməliyik, siyasətimizi daha da məqsədyönlü şəkildə irəliyə aparmalıyıq.
* * *
Dövlətimizin başçısı yeni mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim etdi.
Mərasimdə Qarabağ və Böyük Vətən müharibəsi əlillərinə 100 minik avtomobili verildi.
Qarabağ müharibəsi əlili Maarif NURİYEV onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürünü bildirərək dedi:
- Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Sizi Qəbələdə salamlamaqdan qürur hissi duyur, böyük məhəbbətlə, ehtiramla "Xoş gəlmisiniz!" deyirəm. Sizin müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərdiyiniz diqqət, qayğı heç kimə sirr deyildir. Biz bunu gündəlik həyatımızda hiss edirik.
Böyük qürur hissi ilə deyə bilərəm ki, çox az insana məxsus olan xoşbəxtliyə nail olmuşam. Belə ki, Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə atalıq qayğısının bünövrəsini qoymuş ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşam. Bu gün Siz xoşbəxtliyimizin davamı kimi bizə mənzil və avtomaşın açarlarını təqdim edirsiniz.
Cənab Prezident, bu qayğı və diqqətinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Əminliklə deyə bilərəm ki, bu mənzillərdə yaşayan insanlar Sizə ömürlük minnətdar olacaqlar.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizə Azərbaycanımızın inkişafı, xalqımızın daha firavan gələcəyi naminə uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Sağ olun, var olun.
* * *
Sonra xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev əlillərə təqdim olunan "Lifan" markalı avtomobillərə baxdı. Məlumat verildi ki, 1998-ci ildən 2009-cu ilədək Qarabağ müharibəsi əlillərinə 2114 "Oka" markalı minik avtomobili təqdim edilmişdir. Ötən il bu sahədə irəliləyişə nail olunmuş, keyfiyyəti və rahatlığı ilə seçilən 500 "Slavuta" markalı avtomobil respublikamıza gətirilmişdir. 2011-ci ildə isə 304 "Lifan" markalı avtomobilin bu qəbildən olan insanlara verilməsi nəzərdə tutulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında