Şəki şərab zavodu işə salınmışdır

Noyabrın 17-də Prezident İlham Əliyev "Aqroinvestkom" MMC-nin Şəki şərab zavodunun açılışında iştirak etmişdir. 
Dövlətimizin başçısına məlumat verildi ki, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq yaradılan zavodun ümumi sahəsi 7,8 hektardır. Tikintisinə 2008-ci ildə başlanılan zavod ildə 3 min ton üzüm emal etmək gücünə malikdir. Lakin gələcəkdə bu rəqəmin 10-15 min tona çatdırılması nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısının ölkəmizdə özəl sektorun, o cümlədən üzümçülüyün inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolardan ibarət stendə baxdı.
Sonra dövlətimizin başçısı zavodu işə salan düyməni basdı.
Məlumat verildi ki, burada üzümün qəbulu, fermentləmə, texnoloji emal, markalı şərabların istehsalı və qablaşdırma sexləri yaradılmışdır. Üzümün qəbulu sexində ağ və qırmızı üzüm növləri üçün iki qəbuledici bunker, üzüməzən avadanlıq quraşdırılmışdır. Burada iki xətt ağ və qırmızı, bir xətt isə elit şərabların istehsalı üçün nəzərdə tutulmuşdur. Sexdə, həmçinin Azərbaycanda ilk dəfə üzümün tumlarını ayıran qurğu da quraşdırılmışdır. Digər sexlər də ən son avadanlıqla təchiz edilmişdir. İstehsal prosesi kompyuterləşdirilmiş sistemlə idarə edilir.
Qablaşdırma sexi ilə tanışlıq zamanı bildirildi ki, burada qurulmuş müasir avadanlıq saatda 3 min şüşə şərab doldurmağa imkan verir. Bu zavodda ilkin mərhələdə süfrə şərablarının istehsalı nəzərdə tutulmuşdur. Sexdə qablaşdırılan şərablar "Çinar" markasının texnologiyasına uyğun hazırlanır. İstehsalın sonrakı mərhələsində "Şəki", "Çələbi", "Karvansaray", "Xan sarayı" adı ilə şərabların istehsalı planlaşdırılır. İstehsalın üçüncü mərhələsində, yəni 2012-ci ildən kəmşirin, portveyn və desert tipli şərabların istehsalına üstünlük veriləcəkdir. İstehsalın dördüncü mərhələsində isə konyak spirti və konyak istehsalı sexinin yaradılması planlaşdırılır. Şərab zavodunda istehsal üçün üzüm məhsulunun tədarükündə Şəki ilə yanaşı, əsasən Oğuz və Qəbələ rayonlarının potensialından da istifadə olunacaqdır. Kənar asılılıqdan yaxa qurtarmaq məqsədi ilə müəssisənin nəzdində 200 hektar üzüm bağı salınması nəzərdə tutulur. Üzüm bağlarının salınması zamanı yerli sortlara - "Mədrəsə", "Bayanşirə" və "Şirvanşah"a üstünlük veriləcəkdir.
Dövlətimizin başçısı istehsalat korpusunda hazır məhsulun saxlanması anbarı ilə tanış oldu. Bildirildi ki, markalı şərabların istehsalı sexində Fransadan gətirilmiş palıd ağacından hazırlanan, hər biri 228 litrlik çəllək qoyulmuşdur. Bu, şərabın daha yüksək keyfiyyətlə saxlanmasına imkan verir.
Qeyd edildi ki, məhsulun rəqabətədavamlı olması məqsədi ilə zavodda quraşdırılan avadanlığın hamısı İtaliyanın bu sahədə ixtisaslaşmış şirkətinin istehsalıdır. Texnoloji avadanlığın daşınması, quraşdırılması və sınaqları da italiyalı mütəxəssislərin rəhbərliyi və iştirakı ilə aparılmışdır. Zavodun ərazisində ikimərtəbəli inzibati bina, istehsalat proseslərinə və hazır məhsullara texniki-kimyəvi və mikrobioloji nəzarət üçün laboratoriya, yeməkxana, konfrans zalı yaradılmışdır. Burada, həmçinin qonaq evi də inşa olunmuşdur. Zavodun həyəti də abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında