Qaxın İlisu-Sarıbaş yolunda Hamamçay üzərində salınmış körpü istifadəyə verilmişdir

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində İlisu-Sarıbaş yolunda Hamamçay üzərində salınmış tağvari metal körpünün açılışı mərasimində iştirak etmişdir. 
Dövlətimizin başçısı "Qax şəhərinin və Əlibəyli kəndinin sel sularından mühafizəsinin baş planı"na baxdı.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə məlumat verdi ki, Qax şəhərinin çay daşqınlarından mühafizəsi məqsədi ilə 2009-2011-ci illərdə 1622 metr uzunluğunda dəmir-beton üzlüklü bənd vurulmuşdur. Hazırda 186 metr məsafədə işlər davam etdirilir. Rayonun Əlibəyli kəndinin sel sularından qorunması üçün isə 670 metr uzunluğunda dəmir-beton üzlüklü bənd tikilmişdir.
Azərbaycan dövlətinin başçısı, həmçinin İlisu kəndinin daşqınlardan mühafizəsinə dair işçi layihə ilə də tanış oldu. Layihəyə Kürmükçay və Hamamçay çaylarının sol sahillərində yerləşən İlisu kəndinin sel və daşqın sularından mühafizəsi, çayların yataqlarının sağ və sol yamaclarında baş verən təhlükələrin, geoloji çökmə proseslərinin qarşısının alınması daxildir. Layihədə Kürmükçay və Hamamçay çaylarında tikintisi nəzərdə tutulan 3470 metr uzunluğunda dəmir-beton üzlüklü istinad divarlarının 1335 metrlik hissəsində işlər başa çatdırılmışdır. Layihə üzrə İlisu kəndi ərazisində 410 metrlik drenaj şəbəkədə isə işlərin yarısı tamamlanmışdır. İşçi layihənin tərkib hissələrindən biri də Hamamçay üzərində yeni avtomobil körpüsüdür. Bu mühüm obyekt də artıq istismara hazırdır.
Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, XVII-XVIII əsrlərə aid Qala məhəllə kompleksinin ətəyindəki bu körpünün tikintisinə 2009-cu ilin avqust ayında başlanılmışdır. Milli memarlıq ənənələrinə uyğun inşa edilən körpü rayonun Sarıbaş kəndinə avtomobillərin və piyadaların rahat və maneəsiz hərəkətini təmin etməklə yanaşı, gözəl görünüşü və möhkəmliyi ilə diqqəti cəlb edir. Körpünün metal aşırım qurğusu tağvari quruluşda, hərəkət hissəsi isə kəsilən tir sistemli olmaqla uzununa metal tirlərlə birləşdirilmişdir. Qurğunun hər iki tərəfində piyada keçidi inşa olunmuşdur. İnşaat işləri zamanı yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilmişdir. Körpünün yanaşma yolları ilə birlikdə uzunluğu 110 metr, körpü hissəsinin uzunluğu 56 metr, eni isə 6,8 metrdir. Burada yamacların gücləndirilməsi məqsədi ilə 110 metr uzunluğunda istinad divarı inşa olunmuşdur. Bundan başqa, körpünün yanaşma yollarında təhlükəsizliyi təmin etmək məqsədi ilə metal borulardan hasar çəkilmişdir. Hərəkətin təhlükəsizliyinə hərtərəfli imkan yaradan bu möhtəşəm qurğu, eyni zamanda, gözəl görünüşü ilə də diqqəti cəlb edən və orijinal dizaynı ilə seçilən memarlıq nümunələrindəndir.
Qeyd edildi ki, bütün bu layihələr yalnız yerli şirkətlər və qurumlar tərəfindən icra olunur. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə təcrübəli yerli mütəxəssislər tərəfindən hazırlanmış layihələr "Azərkörpü" SC tərəfindən həyata keçirilir. Rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yolları qısaldan bu körpü ölkənin yol-nəqliyyat strukturunun təkmilləşdirilməsi və xüsusilə də regionların sosial-iqtisadi inkişafına dövlətimizin başçısının göstərdiyi qayğının daha bir göstəricisidir.
Prezident İlham Əliyev körpünün açılışı münasibətilə təbriklərini çatdırdı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında