Şriftin ölçüsü:
12.11.2011 06:51 | Oxunma sayı: 491
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmittin şərəfinə rəsmi ziyafət verilmişdir.
Prezident İlham ƏLİYEV Macarıstan dövlətinin başçısını və nümayəndə heyətini Azərbaycanda bir daha salamladı. Bildirdi ki, bu səfər ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında yeni mərhələ olacaqdır.
Səfər çərçivəsində aparılan müzakirələrin faydalı olduğunu deyən Azərbaycan Prezidenti bildirdi ki, 2008-ci ildə Macarıstana etdiyi dövlət səfərindən keçən dövr ərzində əlaqələr daha da inkişaf edib, qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayıb.
Dövlətimizin başçısı macar və Azərbaycan xalqları arasında münasibətlərin qədim tarixinin olduğunu da diqqətə çatdıraraq dedi:
- Macar və Azərbaycan xalqları arasında münasibətlərin qədim tarixi vardır. Hələ XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə macar krallıqları arasında diplomatik əlaqələr və ticarət münasibətləri mövcud olmuşdur. Müxtəlif dövrlərdə Azərbaycan ədəbiyyatının görkəmli simalarının əsərləri macar dilinə, macar ədiblərinin əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. Dünyada məşhur olan Azərbaycan muğamı və Azərbaycan simfonik musiqisi Macarıstanda maraqla dinlənilir.
Mən Macarıstan ilə Azərbaycan arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm. Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Növbəti il isə biz diplomatik münasibətlərimizin qurulmasının 20 illiyini qeyd edəcəyik.
Son illərdə ticarət dövriyyəsində artımın müşahidə olunduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturları ilə əməkdaşlıq mühüm yer tutur.
Dövlətimizin başçısı qeyd etdi ki, bu gün Azərbaycan regionun əsas iqtisadi mərkəzlərindən biridir və Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bununla yanaşı, Azərbaycan regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına çalışır.
Prezident İlham Əliyev dedi:
-Tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı digər yeddi rayon 20 ildən artıqdır ki, Ermənistan tərəfindən zəbt olunub. İşğal olunmuş ərazilərdə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Macarıstan Prezidenti Pal ŞMİTT onu ölkəmizə səfərə dəvət etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu səfər dostluq münasibətlərini daha yüksək səviyyəyə qaldırır.
Macarıstan dövlətinin başçısı Azərbaycan və macar xalqlarının tarixinə də nəzər salaraq dedi:
- Azərbaycan və macar xalqları arasında münasibətlərin tarixi uzaq keçmişə təsadüf edir və həmin vaxtlardan etibarən hər iki millət hunlar, skiflər, xəzərlər kimi eyni toplumun bir hissəsi olaraq ümumi qədim irsə malikdirlər və qan qohumluğu, mədəniyyət və dil sahələrində oxşarlıqlar bizi bir-birimizə bağlayır. Gələn ilin avqust ayında Macarıstanda keçiriləcək Millətlər Məclisinin 4-cü qurultayı həmin qan qohumluğunun mühüm təzahürü olacaq və biz həmin tədbirdə Azərbaycan xalqının da nümayəndələrini gözləyirik.
"Xalqlarımız və dövlətlərimiz tarixən bir-birinə hörmətlə yanaşıblar", - deyən Prezident Pal Şmitt bildirdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında intensiv dialoq yaranıb və ikitərəfli əməkdaşlıqda ciddi nəticələr əldə edilib, bir sıra yüksək səviyyəli rəsmi səfərlər baş tutub, əsas qanunvericilik bazası yaradılıb. Bununla da Azərbaycan Macarıstanın Cənubi Qafqaz regionunda strateji tərəfdaşına çevrilib.
Macarıstanın Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti və davamlı şəkildə sadiq olduğunu vurğulayan Prezident Pal Şmitt regiondakı dondurulmuş münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirdi.
Macarıstan dövlətinin başçısı dedi:
- Sizi əmin edirəm ki, Macarıstan Azərbaycanın Avratlantik inteqrasiyasına yönəlmiş səylərinə böyük dəstək verir. Biz Sizin adət-ənənələrinizə və dəyərlərinizə hörmətlə yanaşırıq. Biz Azərbaycanı regionda ən inkişaf etmiş dövlət hesab edirik. Bizim üçün Azərbaycan regionda yaxın dost və mühüm tərəfdaşdır.
"Bu səfər mədəniyyət, təhsil və elm sahələrində mövcud münasibətləri daha da dərinləşdirmək üçün yaxşı fürsətdir", - deyən Macarıstan Prezidenti əmin olduğunu bildirdi ki, ölkələrimiz iqtisadiyyat, ticarət və enerji sahələrində əlaqələri dinamik şəkildə inkişaf etdirmək üçün yaxşı potensiala malikdir.
Sonda Macarıstan dövlətinin başçısı xalqımıza firavanlıq, ölkəmizə sülh və tərəqqi arzuladı.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.