Prezident İlham Əliyev paytaxtın müxtəlif yerlərində piyada keçidlərinin açılışında iştirak etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də paytaxtın müxtəlif yerlərində yenidən qurulmuş və yeni inşa olunmuş piyada keçidlərinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə Füzuli meydanında əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş yeraltı piyada keçidi ilə tanış olmuşdur.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində əsaslı şəkildə yenidən qurulmuş piyada keçidində görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, paytaxtda nəqliyyatın hərəkətinin sıx olduğu ərazidə yerləşən bu keçid yararsız vəziyyətdə idi və piyadalar buradan çox az istifadə edirdilər. Bu isə nəqliyyatın və piyadaların təhlükəsiz hərəkəti üçün qorxu törədirdi.
Prezident İlham Əliyev keçidin əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərə baxdı.
Dörd çıxışı olan keçidin ümumi uzunluğu 175 metr, eni 6 metr, hündürlüyü isə 2,2 metrdir. Keçidin pilləkənlərində əlil arabaları üçün panduslar vardır. Keçidin döşəməsi qranit və mərmər plitələrlə üzlənmişdir. Əsaslı təmir və yenidənqurma işlərində 200-ə yaxın işçi çalışmışdır. Keçiddə havalandırma, yanğınsöndürmə, müasir işıqlandırma sistemləri, müşahidə kameraları, mobil telefon rabitəsi üçün xüsusi cihazlar quraşdırılmışdır. Yeraltı suların yığılaraq kanalizasiya sisteminə ötürülməsi üçün 4 nasos qurğusu vardır.
Bildirildi ki, keçiddə 35-ə yaxın kiçik ticarət köşkü də vardır.
Dövlətimizin başçısına ətrafda aparılan abadlıq-quruculuq işləri barədə də məlumat verildi.
***
Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də Hüseyn Cavid prospektində, Azərbaycan Texniki Universitetinin binası qarşısında yeraltı piyada keçidində aparılmış yenidənqurma işləri ilə də tanış olmuşdur.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verərək bildirdi ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində bu yeraltı keçiddə təmir və yenidənqurma işlərinə ötən ilin sonlarında başlanmışdı.
Uzunluğu 27 metr olan keçidin divarları, döşəməsi, işıq sistemi tamamilə yeniləşdirilmişdir. Dörd giriş-çıxışı olan keçiddə yenidənqurma işləri zamanı yerli və xarici materiallardan istifadə olunmuşdur. Yenidənqurma işləri ən müasir səviyyədə həyata keçirilmiş keçidin pilləkənlərində əlil arabaları üçün panduslar düzəldilmiş, müşahidə kameraları quraşdırılmışdır. Piyada keçidində yağış və süxur sularının axıdılması üçün drenaj xətləri inşa olunmuşdur. Yenidənqurma işlərində 50-yə yaxın işçi çalışmışdır.
Dövlətimizin başçısı yeraltı keçidi gəzdi və burada görülmüş işlərdən razılığını bildirdi.
***
Prezident İlham Əliyev həmin gün Binəqədi rayonunda, Azadlıq prospektində, metronun "Azadlıq prospekti" stansiyası yaxınlığında inşa edilmiş yerüstü piyada keçidinin açılışında iştirak etmişdir.
Tikinti şirkətinin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Prezident İlham Əliyev nəqliyyatın hərəkətinin sıx olduğu ərazidə inşa edilmiş keçidin açılışını bildirən lenti kəsdi və keçid ilə yaxından tanış oldu.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, tikintidə yüksək keyfiyyətli inşaat materiallarından və avadanlıqdan istifadə edilmişdir. Ümumi uzunluğu 63 metr, yolun hərəkət hissəsindən hündürlüyü isə 5 metrdən çox olan keçid yükdaşıyan 16 kolonun üzərində dayanır.
Üç aşırımdan ibarət keçiddə fotosellə işləyən 4 ən müasir eskalator quraşdırılmışdır. Eskalatorlar piyada yaxınlaşan zaman işə düşür. Bu isə elektrik enerjisinə qənaət etməyə imkan verir. Keçidin hündürlüyü və eni 3 metrdən çoxdur. Burada 16 sərinləşdirici ventilyasiya qurğusu quraşdırılmışdır. Xüsusi qurğu vasitəsilə işıqlandırma sistemi axşam saatlarında avtomatik rejimdə işə düşür. İşıqlandırma sistemi 2 yarımstansiya ilə qidalandırılır.
Keçidin texniki göstəriciləri ilə tanış olan Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında