Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində AYPE-T zavodunun açılış, Heydər Əliyev adına Peşə Təhsili Liseyinin və "Petkim" şirkətinin "Star" neft emalı zavodunun təməlqoyma mərasimlərində iştirak e

Oktyabrın 25-də Türkiyənin İzmir şəhərində AYPE-T zavodunun açılış, Heydər Əliyev adına Peşə Təhsili Liseyinin və "Petkim" şirkətinin "Star" neft emalı zavodunun təməlqoyma mərasimləri olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan açılış mərasimlərində iştirak etmişlər.
Azərbaycan Prezidentinə və Türkiyə hökumətinin başçısına məlumat verildi ki, qardaş ölkənin ilk və yeganə neft-kimya müəssisəsi olan "Petkim-Petrokimya Holdinq"in təməli 1965-ci ildə Yarımca şəhərində qoyulmuşdur. 1984-cü ildə bu qurum İzmir şəhərinin Əliağa qəsəbəsində ikinci kompleksini qurmuşdur. 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin "TURKAS" şirkəti ilə birlikdə "Petkim-Petrokimya Holdinq"ə məxsus Neft-Kimya Zavodunun 51 faizinə yiyələnmişdir. Keçən il "Petkim" ümumi məhsul istehsalı, gəlir, mənfəət və ixrac üzrə rekord göstəricilərə nail olmuşdur. İstehsal olunan məhsulların 50 faizi ixrac edilmişdir. Holdinqin 11 zavodunda 50 növdən çox neft-kimya xammalı hazırlanır.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan AYPE-T zavodunun açılış, Heydər Əliyev adına Peşə Təhsili Liseyinin və "Petkim" şirkətinin "Star" neft emalı zavodunun təməlqoyma mərasimlərinə gəldilər.
Mərasim iştirakçıları əvvəlcə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və şəhidlərin xatirəsini yad etdilər.
Daha sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.
Tədbir iştirakçılarına Türkiyənin Petkim yarımadasının gələcəyinə həsr olunmuş film təqdim edildi.
Mərasimdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdilər.

{nl}


Baş nazir Rəcəb Tayyib Ərdoğanın çıxışı
- Hörmətli Prezident İlham Əliyev, çox dəyərli qardaşım!
Çox dəyərli qonaqlar!
Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar!
Sizləri sevgi və hörmətlə salamlayıram!
Çox dəyərli qardaşım, Azərbaycan Prezidenti hörmətli İlham Əliyevə və onun başçılıq etdiyi nümayəndə heyətinə İzmirə, Türkiyəyə "Xoş gəldiniz" deyirəm.
Çıxışımın əvvəlində hörmətli Prezident İlham Əliyevin şəxsində bütün azərbaycanlı qardaşlarımıza Van vilayətində baş verən zəlzələ ilə bağlı ilk saatlardan qardaşlıq əllərini uzatdıqları üçün şəxsən özümün, ölkəmin və millətimin adından minnətdarlığımı bildirirəm.
Vanda baş verən zəlzələ ilə bağlı qonşularımız başda olmaqla bir çox ölkə fəlakət bölgəsinə öz yardımlarını çox sürətlə çatdırdılar. Hamısına minnətdarıq. Buradan hamısına ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Ancaq bizim Van vilayətinə çox yaxın olan Bakının yardım əli bu soyuq qış günündə daxilimizi bir başqa cür qızdırdı. Azərbaycanın xilasedici dəstələri zəlzələ bölgəsində sürətlə işə başlayaraq üç vətəndaşımızı dağıntılar altından sağ çıxarmışlar. Üç təyyarə ilə Vana yetişən Azərbaycan yardımları zəlzələdən zərər çəkən vətəndaşlarımıza paylandı. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Siz tək deyilsiniz" devizi ilə türk bacı və qardaşlara kömək məqsədi ilə kampaniyaya başladığını böyük məmnunluqla öyrəndim. Hörmətli dövlət başçımıza, onun şəxsində qardaş Azərbaycan xalqına bir daha çox təşəkkür edirəm.
Allah Azərbaycanı da, Türkiyəni də belə təbii fəlakətlərdən qorusun, qardaşlığımızı, həmrəyliyimizi daimi etsin, deyirəm.
Hörmətli dövlət başçısı, çox dəyərli qardaşlarım!
Bu gün İzmirdə həqiqətən böyük, möhtəşəm bir neft emalı zavodunun təməlqoyma mərasimini gerçəkləşdiririk. "SOCAR-TURKAS" birgə müəssisəsinin Petkim yarımadasında inşa edəcəyi "Star" neft emalı zavodu 5 milyard dollarlıq sərmayəsi ilə Türkiyədə və dünyada bir müəssisəyə qoyulan ən böyük sərmayə xüsusiyyətini daşıyır. İzmir üçün, Türkiyə üçün bir qürur abidəsi olacaq bu müəssisə inşaat mərhələsində 10 min nəfərə, 2015-ci ildə istifadəyə veriləndə min nəfərə daimi iş imkanı yaradacaq, İzmirin görkəmini dəyişdirəcəkdir. Türkiyənin enerjisinə enerji əlavə edəcək bu sərmayə, eyni zamanda, bizim 2023-cü il hədəflərimizi də dəstəkləyəcək şəkildə inkişaf olacaqdır.
Yenə bu gün "Star" neft emalı zavodu ilə birgə "Petkim" şirkətinin "AYPE-T" zavodunu da rəsmi olaraq açırıq. Bu gün, həmçinin burada 720 tələbənin təhsil alacağı, nəzəriyyə və təcrübəni eyni vaxtda öyrənəcəyi Heydər Əliyev adına Peşə Təhsili Liseyinin təməlini də qoyuruq.
Təməlqoyma mərasimi münasibətilə başda "SOCAR-TURKAS" birgə müəssisəsi olmaqla "Petkim" şirkətinin rəhbərlərinə, azərbaycanlı və türkiyəli rəsmilərə, layihənin hazırlanmasında əməyi olanlara, inşaat müddətində çalışacaq insanlara indidən minnətdarlığımı bildirirəm.
Hörmətli dövlət başçısı İlham Əliyev qardaşıma bu böyük layihələrə verdiyi dəstəyə görə ayrıca təşəkkür edirəm. Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümüdür. Türkiyə və Azərbaycan bu xoşbəxtliyi eyni coşqu ilə, eyni həyəcanla birlikdə yaşayır, birlikdə qeyd edirlər.
20 il əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etdiyi zaman hər bir azərbaycanlı qardaşımız nə qədər sevindisə, biz də o qədər sevindik, o qədər həyəcanlandıq. 20 il ərzində Azərbaycanın inkişafı, irəliyə doğru addımlaması, daha çox rifah, daha çox güvən qazanması üçün bir qardaş olaraq səmimi mübarizə aparmışıq. Aramızda çox böyük layihələrə, sərmayələrə imza atmışıq. Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri ilə Azərbaycan neftini Ceyhandan bütün dünyaya ixrac edirik. Bakı-Tbilisi- Ərzurum təbii qaz kəməri ilə Azərbaycan qazını ölkəmizə gətirdik. Dəmir İpək yolu adlandırılan Bakı və Qarsı bir-birinə bağlayacaq dəmir yolunda isə son mərhələlərə gəlmişik.
Bu gün təməlini qoyduğumuz bu neft emalı zavodu ilə iki ölkə arasında başqa bir böyük layihəni, başqa bir ortaq sərmayəni ölkələrimizin xidmətinə təqdim edirik. Günortadan sonra keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı ilə əlaqələrimizi, əməkdaşlığımızı daha da genişləndirəcəyik.
Hörmətli dostlarım, sevgili qardaşlarım. Buradan bunu açıq şəkildə söyləmək istəyirəm, Azərbaycanda, Türkiyədə, regionda sülhdən, əmin-amanlıqdan, sabitlikdən və rifahdan başqa heç bir şey istənilmir. Biz bölgədə düşmənliyin deyil, həmrəyliyin hakim olmasını istəyir və bunun üçün mübarizə aparırıq. Şimali Kipr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində, Qafqazda əmin-amanlığın bərqərar olmasında, terrorizmlə mübarizə məsələsində Azərbaycan ilə eyni tərəfə baxırıq, ortaq məqsəd və idealları paylaşırıq. Dağlıq Qarabağın işğalı azərbaycanlı qardaşlarımın ürəyini nə qədər ağrıdırsa, bilməlisiniz ki, Türkiyə Respublikasının hər bir vətəndaşının da ürəyini bir o qədər ağrıdır. Terror hücumları ilə şəhid olan hər bir gəncimizin acısı bizim ürəyimizə od saldığı kimi, inanıram ki, azərbaycanlı qardaşlarımızın ürəyinə də eyni dərəcədə od salır.
Biz iki dövlət, bir millət olduğumuz kimi, eyni zamanda da, tək ürəyik. Elə buna görə də, Dağlıq Qarabağda torpaqlar işğaldan azad edilənə qədər Azərbaycan ilə çiyin-çiyinə mübarizə aparmağa davam edəcəyik. Terrorizmlə mübarizəmizdə dost, qardaş ölkə Azərbaycanın səmimi dəstəyinə görə hər zaman minnətdar olacağıq. Biz Azərbaycan ilə qurduğumuz bu qardaşlıq əlaqəsini əsasən regiondakı bütün ölkələrlə yaratmaq arzusundayıq. Azərbaycan və Türkiyə qardaşlıq şəraitində gələcəyə necə addım atır, necə inkişaf edirsə, istəyirik ki, regionun digər ölkələri ilə də bu şəkildə həmrəylik içində olaq. Bütün dünya artıq bunu anlamalıdır, regionumuzdakı bütün ölkələr bunu artıq dəqiq anlamalıdır ki, terrorizm bizim mühafizə orqanlarımızı, mülki vətəndaşlarımızı vurduğu kimi, insanlığın ortaq vicdanını da vurur. Terrorizm hər gülləni atarkən bizi hədəfə aldığı kimi, bu regionda sülhü, qardaşlığı, əmin-amanlıq və həmrəyliyi də hədəfə alır. Regionumuzdakı və dünyadakı hər bir ölkəni terrorizmə qarşı çox sərt etirazını bildirməyə, insanlığın ortaq problemi olan terrorizmlə ortaq mübarizəyə çağırırıq. Terrorizmə şərait yaradan hər bir ölkə göz yumduğu terrorizmin bir gün gəlib özünü də hədəfə alacağını artıq görməli və anlamalıdır.
Burada görürsünüz, Azərbaycan və Türkiyə əl-ələ verir, qardaşlıq şəraitində çox böyük ortaq sərmayələr qoyurlar. İnşaat müddətində burada 10 min nəfər işlə təmin olunacaqdır. Neft emalı zavodu işə düşəndən sonra min nəfər buradan evinə çörək aparacaqdır. İnşallah, İlham Əliyev qardaşımla bizim aramızdakı bu həmrəyliyi, bu qardaşlığı bütün dünyaya bir nümunə olaraq qoruyacağıq və bir nümunə olaraq göstərməyə davam edəcəyik. Əl-ələ, çiyin-çiyinə, ən mühümü də, qəlb-qəlbə bu regionda sabitliyi və rifahı, inşallah, yaradacağıq.
Bildiyiniz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Buradan Azərbaycanı təbrik edirəm, "Xeyirli olsun" deyirəm.
Bir müddət əvvəl biz də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü idik. İndi qardaş Azərbaycan bu vəzifəni, inşallah, iki il davam etdirəcəkdir. Birlikdə çox uğurlu işlər gördük və nəticə bu oldu. Onları təbrik edirəm, uğurlarının artaraq, davamının olmasını diləyirəm. Mən bu münasibətlə bir daha açılışını etdiyimiz, təməllərini qoyduğumuz bu müəssisələrin, bu sərmayələrin ölkələrimizə, xalqlarımıza xeyirli olmasını diləyirəm.
Başda hörmətli Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımıza, "SOCAR-TURKAS" birgə müəssisəsi və "Petkim" şirkətlərinə bir daha minnətdarlığımı bildirirəm. Hamınızı sevgi və dərin hörmətlə salamlayıram.

{nl}


Prezident İlham Əliyevin çıxışı
- Əziz qardaşım, hörmətli cənab Baş nazir!
Əziz xanımlar və cənablar, əziz dostlar!
Bu gün Türkiyə-Azərbaycan əlaqələrində çox əlamətdar və tarixi bir gündür. Ancaq ilk öncə iki gün əvvəl Türkiyəni sarsıtmış zəlzələ və böyük insan itkisi ilə əlaqədar bir daha bütün türk xalqına Azərbaycan xalqı adından başsağlığı verirəm, ölənlərə Allahdan rəhmət diləyirəm, yaralananlara Allahdan şəfa diləyirəm.
Hər zaman olduğu kimi, bu gün də Azərbaycan Türkiyənin yanındadır, Azərbaycan xalqı türk xalqının yanındadır. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir. Əsrlər boyu xalqlarımız bir yerdə olmuşlar. Biz bir dildə danışırıq. Biz bir millətə mənsubuq və bu gün Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edərkən yenə də öz yanında Türkiyəni görür. Bəlkə də dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı, bu qədər yaxın olsunlar. Xoşbəxtliyimiz ondan ibarətdir ki, biz tarixi ədalətə, keçmişimizə, əcdadlarımızın vəsiyyətlərinə sadiqik.
Bu gün Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir. Biz beynəlxalq məsələlərdə daim bir-birimizi dəstəkləyirik. Biz bütün sahələrdə çox uğurlu əməkdaşlıq edirik. Region üçün, dünya üçün böyük əhəmiyyət kəsb edən layihələri birgə icra edirik. Birgə təşəbbüslər irəli sürürük və əslində xarüqələr yaradırıq.
Bugünkü mərasim, bugünkü təməlqoyma əslində birliyimizi göstərir. Onu göstərir ki, biz çox işləri birlikdə görmüşük və görəcəyik. Bizim gücümüz də birliyimizdədir. Mən çox şadam ki, Türkiyə və Azərbaycan, eyni zamanda, türkdilli dövlətlərin əməkdaşlığı üçün də öz dəyərli töhfələrini verirlər. Bizim birliyimiz və əməkdaşlığımız bütün türk dünyası üçün vacibdir. Tam əminliklə deyə bilərəm ki, Türkiyə və Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığı üçün əvəzolunmaz töhfələr verirlər. Beləliklə, bütün türk dünyasının birləşməsi üçün bizim səylərimiz nəticə verir.
Bugünkü təməlqoyma mərasimi rəmzi xarakter daşıyır. Çünki cəmi 20 illik müstəqillikdən sonra Azərbaycan qardaş ölkəyə böyük həcmdə yatırımları qoymağa başlamışdır. Ancaq dost, qardaş ölkəyə bu qədər yatırımlar qoyula bilər. Mən çox şadam ki, Türkiyə şirkətləri Azərbaycana, Azərbaycan şirkətləri isə öz növbəsində artıq Türkiyəyə investisiyalar qoyurlar. Bu, bizim birgə layihələrimizdir. Petkimdə, burada gələcəkdə yaradılacaq yeni müəssisələr həm türk xalqına, həm Azərbaycan xalqına xidmət göstərəcəkdir.
Mən bu gün bir qədər geriyə, yaxın keçmişimizə baxmaq istəyirəm. Cəmi 5 il bundan əvvəl əziz qardaşım, hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğanla bərabər Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsini qeyd edirdik. Bu, böyük tarixi bir nailiyyət, böyük, gözəl bir mərasim idi. Aralıq dənizinin kənarında gözəl mərasim idi. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri demək olar ki, tam gücü ilə işləyir və xalqlarımızı daha da birləşdirir.
Ondan bir il sonra - 2007-ci ilin əvvəlində əziz qardaşım Tayyib Ərdoğanla bərabər Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı sənədlərə qol çəkdik. O layihə də indi uğurla icra edilir və ümid edirəm ki, yaxın zamanlarda, bir ildən sonra biz yeni gözəl mərasimdə iştirak edəcəyik.
2007-ci ildə, əziz qardaşım dediyi kimi, Bakı-Ərzurum qaz kəməri istismara verildi. Bu kəmərin istismara verilməsi ilə qardaş ölkədən - Azərbaycandan Türkiyəyə ilk dəfə olaraq təbii qazın nəqlinə nail olduq. Əminəm ki, növbəti illərdə biz bu qazın həcmini də böyük dərəcədə artıracağıq.
2008-ci ildə "SOCAR TURKAS" ilə bərabər "Petkim"in alınması üçün müraciət etmişdir. Mən çox şadam və bir daha əziz qardaşıma minnətdaram ki, müraciətimizə çox müsbət reaksiya verildi, müsbət baxıldı və SOCAR-ın burada gələcək investisiyasının qoyuluşu üçün imkanlar yarandı. Bu gün - 2011-ci ildə biz yeni layihənin başlanğıcındayıq. Yəni, bu qısa tarixçə özlüyündə bir göstəricidir. Güclü siyasi iradə, ölkələrin arasında səmimi münasibətlər olduğu halda biz bütün məsələləri həll edə bilərik. Biz doğrudan da dünya çapında çox böyük və önəmli layihələri icra edirik. Bu layihələrin icrası, ilk növbədə, dostluğumuza, qardaşlığımıza söykənir. Bizim bütün uğurlarımızın təməlində dostluğumuz və qardaşlığımızdır.
Əziz qardaşım Tayyib Ərdoğan dediyi kimi, biz bu yaxınlarda müstəqilliyimizin 20 illik yubileyini qeyd edirdik. Azərbaycanda bu bayram geniş şəkildə qeyd edilirdi. Bir daha keçmişə nəzər salaraq qeyd edirdik ki, bizi müstəqil dövlət kimi tanıyan ilk ölkə Türkiyə olmuşdur. Yəni, müstəqil ölkə o zaman müstəqilliyini əldə edir ki, onu başqa ölkələr tanısın. Yəni, bizim dünya birliyi tərəfindən tanınmağımızda əsas rolu qardaş ölkəmiz oynamışdır və Azərbaycan xalqı bunu heç vaxt unutmayacaqdır. Ondan sonrakı dövrdə, Azərbaycanın ən çətin anlarında bizə ilk dəstək verən qardaş Türkiyə olmuşdur. Bu gün - artıq 20 ildən sonra inkişaf edən Azərbaycan öz növbəsində Türkiyəyə öz dəstəyini verməyə hazırdır və lazım olan hallarda dəstək verir. Bu, bizim qardaşlıq borcumuzdur. Mən bir daha demək istəyirəm, Türkiyə bizim doğma vətənimizdir. Biz bir-birimizi bir-birimizdən ayırmırıq. İki gün bundan əvvəl baş vermiş faciəvi zəlzələ türk xalqını necə sarsıtmışdırsa, Azərbaycan xalqını da bir o qədər sarsıtdı. Mən çox şadam ki, nəinki hökumətimiz, adi vətəndaşlar, insanlar - onların hər biri çalışırdı nə isə kömək etsin, kömək əlini uzatsın. Biz bilirik ki, Türkiyə böyük dövlətdir və öz ərazisində istənilən məsələni həll edə bilər.
Bizim tərəfimizdən bu dostluq əlini uzatmaq sadəcə ürəyimizdən gələn bir duyğu idi. Biz istəyirik ki, bu ağır gündə Türkiyənin yanında olaq, necə ki, bütün xoş günlərdə də biz bir-birimizin yanındayıq.
Bu gün dünya xəritəsində Türkiyə kimi böyük bir güc vardır. Bu, bizi çox sevindirir. Bu, bizim də gücümüzü artırır. Mən Türkiyəni ürəkdən sevən insan kimi buna çox sevinirəm. Mən çox sevinirəm ki, əziz dostum Baş nazir Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti nəticəsində qısa müddətdə - 10 il ərzində Türkiyə böyük, uğurlu və şərəfli yol keçmişdir. Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzinə çevrilmişdir. O mərkəz ki, özünə dostları cəlb edir. O mərkəz ki, öz siyasətini, öz təşəbbüslərini əməkdaşlıq, dostluq əsasında irəli sürür. Beləliklə, həm bölgədə, həm dünyada Türkiyə ilə dost olmaq istəyən ölkələrin sayı artır. Həm iqtisadi sahədə, həm siyasi müstəvidə Türkiyənin son 10 il ərzindəki uğurları tarixi xarakter daşıyır. Əlbəttə ki, türk vətəndaşları bunu yaxşı bilirlər. Biz də daim Türkiyəni yaxından izləyən insanlar kimi bunu bilirik, sevinirik və haqlı olaraq qürur hissi keçiririk.
Biz də son illər ərzində Azərbaycanda böyük inkişafa nail ola bildik. Sürətli inkişaf Azərbaycana xas olan bir məsələdir. Bizim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də Azərbaycanın dünyadakı nüfuzunun artmasından qaynaqlanır. Mən fürsətdən istifadə edərək bu seçkilərdə bizim yanımızda olan və bizə böyük dəstək verən Türkiyəyə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Tayyib bəy dediyi kimi, bu yaxınlarda Türkiyə Təhlükəsizlik Şurasında təmsil olunurdu, indi Azərbaycan təmsil olunur. Ancaq siz də bilirsiniz, biz də bilirik ki, bu yer bizim müştərək yerimizdir.
Əziz dostlar, mən bir daha bugünkü gözəl mərasim münasibətilə sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm. Hörmətli Baş nazir, əziz qardaşım Rəcəb Tayyib Ərdoğana məni bu mərasimdə iştirak etmək üçün Türkiyəyə dəvət etdiyinə görə minnətdarlığımı bildirirəm. Bu gün qeyd edildiyi kimi, birinci Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının iclası da keçiriləcəkdir. Əminəm ki, iclasın, Şuranın çox gözəl nəticələri olacaqdır. Bu nəticələr dövlətlərimizi və xalqlarımızı daha da sıx birləşdirəcəkdir.
Bütün dostlarımıza Azərbaycandan səmimi salamlarımı çatdırıram. Bütün türk xalqına xoşbəxtlik və cansağlığı arzulayıram. Sağ olun.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan AYPE-T zavodunun videogörüntü vasitəsilə açılış mərasiminə qoşuldular.
Ədalət və İnkişaf Partiyasının parlamentdə İzmirdən olan deputatı Əli AŞLIK videobağlantı vasitəsilə məlumat verdi ki, burada istehsal olunan aşağı sıxlıqlı polietilen məhsulu plastiklər sənayesinin dünyada geniş istifadə olunan ən əhəmiyyətli xammallarından biridir. İllik məhsuldarlığı 160 min ton olan zavodda müxtəlif sektorların ehtiyacını ödəməyə yönəlmiş 11 çeşiddə məhsul istehsal olunacaqdır.
Prezident İlham ƏLİYEV zavodun açılışı münasibətilə təbriklərini çatdıraraq dedi:
- Yeni zavodun açılışı münasibətilə sizi ürəkdən təbrik edirik. Arzu edirik ki, zavodun fəaliyyəti uğurlu olsun və siz bütün arzularınıza çatasınız.
Hər bir yeni zavodun açılması böyük hadisədir, yeni iş yerlərinin açılması, yeni istehsalın yaradılması deməkdir. Bu gözəl hadisə münasibətilə biz sizi ürəkdən təbrik edirik.
Türkiyənin Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN dedi:
- Başda dəyərli qardaşım İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını biz də bu açılış mərasimi münasibətilə təbrik edirik, "Xeyirli olsun" deyirik.
* * *
Daha sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan videobağlantı vasitəsilə Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyinin təməlqoyma mərasiminə də qoşuldular.
İzmirli deputat Aydın ŞƏNGÜL məlumat verdi ki, Xəzər və Egey dənizləri arasında təhsil körpüsü funksiyasını daşıyacaq bu bilik ocağı Ceyhan və Qarsdan sonra "Bir millət, iki dövlət" idealının Egey bölgəsinin təhsil sahəsində də rəmzi olacaqdır.
Liseyin inşası ilə bağlı protokol ARDNŞ ilə İzmir valiliyi arasında imzalanmışdır. 2012-2013-cü tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulan məktəbdə 24 sinif otağı, 10 mənzilli yaşayış korpusu və idman salonu 720 şagirdə xidmət göstərəcəkdir.
Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:
- Mən Sizi ürəkdən təbrik edirəm. Bu, gözəl hadisədir. Mən çox şadam ki, SOCAR təkcə infrastruktur və iqtisadi layihələrə deyil, eyni zamanda, təhsillə bağlı olan layihələrə yatırım qoyur. Bu, çox gözəl göstəricidir.
Biz Azərbaycanda fəxr edirik ki, bu liseyin adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bütün türk xalqına ulu öndərin xatirəsinə göstərdiyi hörmətə görə minnətdarıq.
Mən əziz qardaşım Tayyib bəylə bərabər Bakıda böyük öndər Mustafa Kamal Atatürkün abidəsində səslənən fikirlərə bir daha qayıtmaq istəyirəm. O vaxt biz birlikdə demişik ki, iki dahi şəxsiyyət bizə yol göstərdi. Böyük Atatürk demişdir ki, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Heydər Əliyev demişdir ki, Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Bu iki dahi kəlam həm Türkiyə, həm Azərbaycan xalqlarına yol göstərir. Biz bu yolda daim və əbədi, bərabər irəliyə gedəcəyik. Bir daha təbrik edirəm.
Türkiyənin Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN dedi:
- İlham qardaşımın da ifadə etdiyi kimi, həqiqətən iki liderin, iki böyük öndərin keçmiş olduqları yolda Türkiyə və Azərbaycan bu günlərə gəlmişdir. Azərbaycanın qurtuluş mübarizəsinin lideri Heydər Əliyevin adına inşa olunan Peşə Təhsili Liseyi həqiqətən nəzəriyyə və təcrübəni bir yerdə cəmləşdirən məktəb olacaqdır. Azərbaycandan gələn uşaqlarımızın da burada təhsil almaları bu işə fərqli bir məna qatacaqdır. İndi bunun da təməlqoyma mərasiminə keçirik.
Bütün əməyi keçənləri təbrik edirik. Xeyirli olsun deyirik. Ya Allah, Bismillah.
Sonra liseyin təməli qoyuldu.
* * *
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Petkim" şirkətinin "Star" neft emalı zavodunun təməlqoyma mərasiminə gəldilər.
"Star" neft emalı zavodu Türkiyənin özəl sektorunun xətti ilə həyata keçirilən ən böyük investisiya layihəsidir. "SOCAR-TURKAS" qrupunun İzmirdə - Petkim yarımadasında reallaşdırdığı bu layihə ildə 10 milyon ton xam neft emal etməyə imkan verəcəkdir. Ekoloji cəhətdən ən qabaqcıl texnologiyalar əsasında qurulacaq zavod ölkənin neft-kimya sektorunu xarici asılılıqdan qurtaracaqdır. Təqribən 5 milyard dollara başa gələcək neft emalı zavodunun istehsala başlaması ilə bu ölkənin idxalatla təmin etdiyi məhsullarda milyardlarla dollarlıq valyutaya qənaət ediləcəkdir.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan gələcəklə bağlı ürək sözlərini yazdıqları məktubları imzaladılar. Məktublar gilizə qoyulub təmələ buraxıldı və beton qarışı tökən qurğu işə salındı.

{nl}

AzərTAc

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında