Prezident İlham Əliyevin bəyanatı
{nl}
Oktyabrın 12-də Azərbaycan-Avstriya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin mətbuat konfransı olmuşdur.
Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Cənab Prezident, mən Sizi Azərbaycanda salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu, əlaqələrimizin tarixində Avstriya Prezidentinin Azərbaycana birinci səfəridir. Mən çox şadam ki, səfər çox uğurlu keçir. Əminəm ki, səfərinizin çox yaxşı nəticələri olacaqdır.
Bu gün biz Sizinlə ikitərəfli əlaqələrimizin geniş gündəliyini müzakirə etdik. Bu müzakirə göstərir ki, Avstriya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Siyasi əlaqələr güclənir və Sizin Azərbaycana səfəriniz bunun bariz nümunəsidir. Siyasi məsləhətləşmələr, müxtəlif səviyyələrdə əməkdaşlıq aparılır. Bir sözlə, siyasi əlaqələrin yüksək səviyyədə olması, əlbəttə ki, bütün başqa sahələrdə əlaqələrin inkişafına güclü təkan verir.
Bu gün biz Sizinlə, eyni zamanda, regional əməkdaşlıq məsələlərinə də toxunduq. Regional təhlükəsizlik məsələləri də bizim üçün çox vacibdir. Mən Sizə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, son vəziyyətlə bağlı məlumat verdim. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan tərəfi ümid edir ki, yaxın zamanlarda münaqişə öz həllini tapacaq və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa ediləcəkdir. Münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşmüşdür. Bir milyona yaxın azərbaycanlı doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır.
Beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası çox vacib qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Onlar Ermənistan qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrdir. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, digər beynəlxalq təşkilatlar da oxşar qərarlar qəbul etmişlər. Ümid edirəm ki, yaxın gələcəkdə bu münaqişə öz həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.
Biz bu gün, eyni zamanda, iqtisadi məsələlərə də toxunduq. Bu sahədə də əməkdaşlıq çox uğurludur. Azərbaycanda qırx Avstriya şirkəti fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Biz bu fəaliyyətdən çox razıyıq. Bu gün keçiriləcək Avstriya-Azərbaycan biznes forumu da bu sahədəki əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir. Mən buna şübhə etmirəm. Avstriya şirkətləri burada müxtəlif layihələrdə iştirak edir və Azərbaycan tərəfi də bu iştirakdan çox razıdır.
Biz bu gün enerji sahəsindəki əməkdaşlığa da toxunduq. Bu sahədə də yaxşı nəticələr vardır. İmzalanan sənədlərin sırasında OMV və SOCAR arasında sənəd xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan enerji siyasətini uğurla icra edir. Bizim zəngin neft və qaz yataqlarımız həm ölkənin, həm də tərəfdaşların enerji təhlükəsizliyinə xidmət göstərir.
Bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə çox vacib bəyannamə qəbul edilmişdir. Bu bəyannamənin icrası nəticəsində Avropa qitəsi ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq üçün yaxşı şərait və imkanlar yaradılacaqdır. Bizim zəngin qaz yataqlarımız vardır. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetr səviyyəsindədir. Əminəm ki, gələcəkdə bu rəqəm daha da artacaqdır. "Cənub" qaz dəhlizi layihəsinin icrası üçün hazırda çox gözəl imkanlar vardır. Birinci növbədə, mənbə - Azərbaycanın qaz resursları, ikinci tərəfdən, Avropa qurumlarının bu məsələyə olan diqqəti yüksək səviyyədədir. Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gündəliyində bu məsələ xüsusi yer tutur. Ümid edirəm ki, yaxın zamanlarda bütün qalan məsələlər, o cümlədən tranzit məsələləri həllini tapacaqdır. Beləliklə, Azərbaycan qazı üçün yeni böyük bazarlar açılacaqdır.
Mədəniyyət sahəsində də əməkdaşlıq çox gözəldir. Bu gün bu sahə ilə bağlı çox gözəl tədbir də keçiriləcəkdir. Dünya şöhrətli bəstəkar Motsartın Bakıda abidəsi ucaldılacaq. Bu da həm mədəniyyət sahəsində əməkdaşlığa yaxşı təsir göstərəcək və xalqlar arasında olan əlaqələrə də çox böyük töhfə olacaqdır.
Bir sözlə, cənab Prezident, Sizin səfəriniz Avstriya-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün çox əhəmiyyətlidir. Mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Sizə və nümayəndə heyətinizə bu səfər zamanı Azərbaycanda xoş əhval-ruhiyyə arzulayıram.
{nl}
Prezident Haynts Fişerin bəyanatı
- Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Mən də əvvəlcə Sizə bu qonaqpərvərliyə, xüsusilə dəvətə görə bir daha təşəkkür etmək istəyirəm. Məni bu səfərimdə hökumətin çoxsaylı üzvləri müşayiət edir. Mən böyük nümayəndə heyəti ilə gəlmişəm. Elm adamları nümayəndə heyətinin tərkibindədir. Bu, onu göstərir ki, biz Sizin ölkənizlə münasibətlərimizə böyük diqqət yetiririk və münasibətlərin inkişafı bizim də marağımızdadır. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Açıq, maraqlı fikir mübadiləsinə görə Sizə yenə təşəkkür etmək istəyirəm. Siz bu şəraiti yaratmısınız, biz həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə və həmçinin, üzbəüz, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar apardıq.
Mən bu fürsətdən istifadə edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Sizi təbrik edirəm. Oktyabrın 18-də Siz bu yubileyi qeyd edəcəksiniz. Mən əminəm ki, hər bir müşahidəçi, ölkənizə gələn hər bir qonaq Sizin xüsusilə son 10 ildə əldə etdiyiniz uğurların şahidi olacaqdır. Bunları açıq-aşkar görmək mümkündür. Bu uğurları Bakıda gəzərkən aydınca görürsən. Bu dinamik inkişaf göz qabağındadır. Səfər müddətində də bizə göstərildi, izah olundu.
Avstriya həmin ölkələrdəndir ki, ilk olaraq sizinlə diplomatik münasibətlər yaratdı, Sizin ölkəni tanıdı. Müstəqillik yolu - bu 20 illik yol, eyni zamanda, bizim diplomatik münasibətlərin də 20 ili deməkdir. Bu son illərdə biz müəyyən uğurlar əldə etmişdik.
İqtisadi mövzular Sizin də qeyd etdiyiniz kimi, bizim danışıqların ön planında dayanmışdır. Bu, təkcə ikitərəfli deyil, həm də Avropa ilə bizim münasibətlərə dair mövzulara aid idi. Məsələn, "Nabukko". Biz bu layihədə həm Avropa İttifaqının, həm də Avstriyanın vacib maraqlarının, mövqelərimizin ifadəsini görürük.
Biz əmin olmaq istəyirik ki, Avropanın enerji təhlükəsizliyi etibarlı əllərdədir. Sizinlə etibarlı əməkdaşlıq burada öz töhfəsini verir və müxtəlif sahələri əhatə edir. Müxtəlif layihələrin həyata keçirilməsi bu sahədə gözəl bazadır. Sizinlə söhbətin gedişində də bir daha məlum oldu ki, Azərbaycan bu münasibətlərə böyük əhəmiyyət verir. Sizin bu barədə fikirlərinizi biz çox əhəmiyyətli hesab edirik və düzgün interpretasiya etmək istəyirik. "Nabukko" bu əməkdaşlıqda yeganə layihə deyildir. Biz bir sıra firmalarla əməkdaşlığın şahidiyik və onları sadalamağa ehtiyac yoxdur. Amma qeyd etməliyəm ki, onların fəaliyyətinə siz dəstək verirsiniz. Xüsusilə tikinti, küçəsalma və texnoloji sahələrdə gözəl əməkdaşlıq özünü göstərir. Səhiyyə, sağlamlıq, infrastruktur və idarəçilik sahələrində olan əməkdaşlıq da yüksək səviyyədədir. Bunlar hamısı o mövzulardır ki, biz Sizinlə fikir mübadiləsi apardıq və Sizinlə gözəl əməkdaşlıq özünü göstərir.
Verdiyiniz məlumatlara, Sizin nöqteyi-nəzərinizə görə Sizə bir daha təşəkkür edirəm.
Biz Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdarıq. Bütün iştirakçılara müraciət edirik ki, danışıqlar aparmağa hazır olsunlar, danışıqlar stoluna qayıtsınlar. ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik ki, onlar da yaxşı iradə göstərsinlər, münaqişə həllini tapsın.
Biz insan hüquqları, mətbuat azadlığı barədə də danışdıq. Mən bu barədə fikirlərin ədalətli şəkildə ifadəsindən, bu məsələ ilə bağlı münasibətlərin müzakirəsindən məmnun qaldım. BMT çərçivəsində biz də müəyyən öhdəlik götürmüşük ki, lazım olan sahələrdə xoş əməlimizi göstərək, öz xidmətimizi təklif edək. Qeyd edim ki, BMT-nin bu sahədə qətnamələri də öz həllini tapmalıdır.
Biz hazırkı inkişaf barədə fikir mübadiləsi apardıq. Xüsusilə Avropa İttifaqında olan inkişaf barədə. Biz optimist bir şəkildə fikrimizi, əminliyimizi bildirdik ki, siyasi və iqtisadi münasibətlərimiz inkişaf edəcəkdir. Avropa İttifaqı da siyasi-iqtisadi cəhətdən öz gələcəyini təmin edəcəkdir. Bizim yaxınlaşmamız bu münasibətlər, bu əməkdaşlıq vasitəsilə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrə öz müsbət təsirini göstərir. Bu, Avstriya tərəfindən də dəstəklənir.
Cənab Prezident, Sizə təşəkkür edirəm. Suallar varsa, biz məmnuniyyətlə cavablandırmağa hazırıq. Əgər bu arzu edilirsə, biz suallar üçün açığıq.
{nl}
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.
* * *
Markus Müller-Şinvald (Avstriyanın ORF Teleradiosu): Cənab Prezident Əliyev, cənab Prezident Fişer. Danışıqlardan sonra bizə deyə bilərsinizmi ki, hansı üç konsorsium Azərbaycan qazının daşınması istiqamətində layihəni udacaq və hansı layihəyə üstünlük verilir?
Prezident İlham ƏLİYEV:
- Qeyd etməliyəm ki, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə bəyannamə qəbul edilmişdir. Bəyannaməni Avropa Komissiyasının sədri cənab Barrozu və mən Bakıda imzalamışıq. Bu bəyannamədə göstərilir ki, "Cənub" qaz dəhlizinin həyata keçirilməsi üçün hər iki tərəf öz səylərini göstərəcək. Eyni zamanda, Avropa Komissiyası və Azərbaycan Sənaye və Energetika Nazirliyi tərəfindən müştərək işçi qrupu yaradılmışdır. Bu işçi qrupunun fəaliyyəti artıq müsbət xarakter daşıyır. Bütün bu variantlar, bütün bu layihələr əlbəttə ki, təhlil edilməlidir. Bu yaxınlarda təkliflər irəli sürülmüşdür. Bu təkliflərə baxılacaqdır. Həm Azərbaycan, həm tərəfdaşlarımız, həm də əsas investorlar üçün ən məqbul variant seçiləcəkdir.
Azərbaycan böyük qaz potensialına malikdir. Bu barədə mən artıq söylədim və rəqəmləri gətirdim. Əlbəttə, biz maraqlıyıq ki, qaz potensialımızı maksimum dərəcədə realizə edə bilək. Hazırda "Şahdəniz" bizim əsas qaz layihəmiz kimi ön plandadır. Ancaq bununla bərabər, son müddət ərzində SOCAR tərəfindən aşkarlanmış "Ümid" yatağı da çox böyük ümidlər verir. Bu yaxınlarda "Total" və "Gaz de France" şirkətləri tərəfindən kəşf edilmiş "Abşeron" yatağında da böyük qaz ehtiyatları vardır. Deyə bilərəm ki, son bir il ərzində Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları təqribən 600 milyard kubmetr səviyyəsində artmışdır. Ona görə, həm kommersiya layihələrinin, üç layihənin kommersiya şərtləri, eyni zamanda, onların icra müddəti, texniki parametrləri əsas rol oynayacaqdır. Bu, elə bir qərar olmalıdır ki, həm vaxt itirməyək, eyni zamanda, Azərbaycan öz qaz resurslarını maksimum dərəcədə ixrac edə bilsin. Bu iki komponenti birləşdirmək üçün indi müzakirələr aparırıq. Yenə də deyirəm, bu qərarı biz birgə verməliyik. "Şahdəniz" layihəsinin ikinci fazasına nəzərdə tutulan investisiyaların həcmi təqribən 20 milyard dollar ətrafında gözlənilir. Əlbəttə ki, əsas investorların fikri də nəzərə alınmalıdır, Azərbaycanın maraqları da təmin edilməlidir.
Bu günə qədər enerji sahəsində əməkdaşlıq bu prinsiplər üzərində qurulmuşdur. Həm investorların, həm Azərbaycanın maraqları, hazırda deməli, Avropa ölkələrinin maraqları da bu məsələdə öz rolunu oynamalıdır. Çünki biz bu gün cənab Prezidentlə bu barədə geniş fikir mübadiləsi apardıq və cənab Prezident çox dəqiq dedi ki, hər tərəf qələbə qazanmalıdır - Azərbaycan resursların sahibi kimi, tranzit ölkələr və istehlakçılar. Bunu etmək mümkündür. Ona görə, hesab edirəm, yaxın zamanlarda düzgün qərar veriləcək, o qərar ki, bizim potensial müştərilərimizin hamısını təmin edə bilmiş olsun.
Prezident Haynts FİŞER:
- Mən öz tərəfimdən deyə bilərəm, məlumatım ondan ibarətdir ki, konsorsiumlar təkliflərini veriblər, təklif ediblər. Bir neçə gün əvvəl onlar təkliflərini veriblər. Hazırda bu təkliflər araşdırma mərhələsindədir. Avstriyalılar və avropalılar elə bilirəm ki, "Nabukko" layihəsi ilə bağlı xüsusi, yaxşı bir mövqedədirlər. Biz xüsusi maraq göstəririk ki, bu layihə reallaşsın. Bu, Avstriya üçün xüsusilə yaxşı bir əməldir. Çünki bu layihə birbaşa Avstriyaya gətirib çıxarır. Bizdən də digər tədarükçülərə çıxmaq imkanı vardır və 100 milyon avropalı bizim ətrafımızda yaşayır, onların bu qazdan bəhrələnmək, faydalanmaq imkanı vardır. Bu, Almaniyadır, Sloveniyadır, Çexiyadır, Xorvatiyadır, eyni zamanda, Slovakiyadır. Bizim yaxınlığımızda olan qonşular, onların ətrafında olan qonşular. Bu təkcə bizim qonşular üçün yox, bütün Avropa üçün nəzərdə tutulacaqdır. Mənim fikrimcə, bu layihə Azərbaycan üçün də mühümdür. Bizim üçün əhəmiyyətlidir ki, planlaşmada əminlik əldə edə bilək. Təşəkkür edirəm.
Ceyhun QULİYEV (Azərbaycan televiziyası): Mənim sualım Avstriya Prezidentinədir. Cənab Prezident, bildiyiniz kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü 20 ildən artıqdır ki, davam edir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan təcavüzkar işğal siyasətinə isə son qoymur. Bu münaqişə regionda sülh və təhlükəsizliyə təhdid mənbəyidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Avstriyanın konkret mövqeyini bilmək istərdik. Çox sağ olun.
Prezident Haynts FİŞER:
- Biz təkbətək söhbət edən zaman mən cənab Prezidentə bildirdim. Dağlıq Qarabağ münaqişəsi barədə ilkin olaraq fikir mübadiləsi apardıq. Autentik formada çalışdıq fikirlərimizi yaxınlaşdıraq. Münaqişənin həlli bizi də maraqlandırır. Mən başa düşürəm, yaxşı başa düşürəm. Bu, Azərbaycan üçün vacib məsələdir və Azərbaycan üçün fəlakətdir. Baş verən hadisələr və qaçqınlar var və onlar evlərinə qayıda bilmirlər. Münaqişə potensialı qalır. Bu nöqteyi-nəzərdəyəm ki, XXI əsrdə bu cür münaqişələr sülh yolu ilə həll olunmalıdır. Bu, Avstriyanın mövqeyidir. Avstriya heç bir halda, heç bir kontinentdə münaqişənin hərb yolu ilə həllinə tərəfdar deyildir. Çünki güc tətbiqi heç də həll variantı deyildir və sonra yenə güc tətbiqinə gətirib çıxarır. Avstriya da bu siyasətin tərəfdarıdır ki, bu münaqişənin həllinə sülh yolu, danışıqlar yolu ilə nail olunmalıdır. Bu ərazi münaqişəsi digər dövlətlərin köməyi cəlb olunmaqla, Minsk qrupu dövlətlərinin səyləri ilə həll olunmalıdır.
İvan Novak (Avstriyanın informasiya agentliyi (APA): Cənab Prezident Əliyev, iqtisadiyyatla bağlı Sizə sual vermək istəyirəm. Avstriyanın OMV şirkəti cəhd edir ki, Azərbaycanda qaz idxalı və qaz çıxarılması məsələsi ilə yaxından məşğul olsun. Fikirləşirlər ki, SOCAR "Nabukko" konsorsiumuna daxil olacaqdır. Bu imkanlara Siz necə baxırsınız? SOCAR "Nabukko" konsorsiumuna qoşula bilərmi?
Prezident İlham ƏLİYEV: Hörmətli OMV prezidenti cənab Roiss ilə biz dəfələrlə görüşmüşük - həm Bakıda, həm başqa paytaxtlarda. Bu məsələ ilə bağlı çox səmimi fikir mübadiləsi aparmışıq. OMV ilə SOCAR arasında əlaqələr yüksək səviyyədədir və bu gün imzalanan sənəd bunun bariz nümunəsidir. Müxtəlif təkliflər ola bilər, vardır və onlar nəzərdən keçirilir. Əlbəttə ki, biz hər bir tərəf üçün ən məqbul olan variantı seçməliyik. Hesab edirəm, indiki mərhələdə vacib olan nailiyyətlərin arasında qeyd etməliyik ki, "Cənub" qaz layihəsinin reallaşdırılması üçün yaxşı imkanlar vardır. Onu da deyə bilərəm ki, qaza sahib olan dövlətlər arasında yeganə ölkə Azərbaycandır ki, "Cənub" qaz dəhlizini rəsmən dəstəkləyir və bu dəstək təkcə bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış sənədlə məhdudlaşmır. Hələ 2009-cu ildə Avropa İttifaqı Sammitində enerji ilə bağlı məsələlər müzakirə edilən zaman Azərbaycan buna oxşar sənədi imzalamışdır. Yəni, bu bizim şüurlu seçimimizdir və biz istəyirik ki, qaz resurslarımızı dünya bazarlarına müxtəlif yollarla çıxaraq və hazırda Azərbaycan qazı istehlakçılara müxtəlif istiqamətlər üzrə çatdırılır. Gələcəkdə, böyük qaz mənbəyi işə düşəndən sonra isə əlbəttə ki, bizə həm yeni bazarlar lazım olacaq, eyni zamanda, mövcud bazarlara da öz qazımızı daha da böyük həcmdə ixrac etmək fikrindəyik. Ona görə hər hansı bir layihənin iştirakçısı olmaq bir tərəfdən böyük məsuliyyətdir, digər tərəfdən böyük üstünlükdür. Bu məsuliyyəti və üstünlüyü götür-qoy edərək biz düzgün qərar verməliyik. Əgər Azərbaycan və investorlar tərəfindən "Nabukko" layihəsinə üstünlük verilərsə, o zaman əlbəttə ki, "Nabukko"da iştirakçı olmaq üçün konkret təkliflərə baxılacaqdır. Həmin təkliflər təhlil ediləcəkdir ki, maliyyə öhdəliyimiz nədən ibarət olacaqdır?! SOCAR bu layihənin investoru olmaq istəyəcəkmi, yoxsa yox?! Yoxsa sadəcə olaraq öz qazını o layihəyə təqdim edəcək. Yəni, bütün bu məsələlər gərək müzakirə edilsin. Əlbəttə ki, ilk növbədə kommersiya şərtləri çox dəqiq təhlil edilməlidir və biz kommersiya cəhətdən ən əlverişli varianta gəlməliyik.
Albina Atlıxanova (Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc): Mənim sualım Avstriya Prezidentinədir. Cənab Prezident, Avstriya ilə Azərbaycan arasında qarşılıqlı investisiya imkanlarını necə qiymətləndirirsiniz? Çox sağ olun.
Prezident Haynts FİŞER: Son illərdə sübut etdik ki, biz aşağı səviyyədən başlayaraq yuxarıya doğru hərəkət edirik və iqtisadi-ticari münasibətlərimizi və investisiya münasibətlərimizi dərinləşdiririk. Elə bilirəm ki, bu, hər iki tərəf üçün faydalıdır və biz bu yolu davam etdirəcəyik. Bu mübadilə siyasəti və ölkələrimizin böyüklüyünə görə coğrafi baxımdan, əhali baxımından eyni ölçülərə malikik və biz bir-birimizi gözəl başa düşürük. Cənab Prezident də buna işarə etdi ki, Avstriya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Azərbaycan tərəfi bilir ki, onlar necə uğurla fəaliyyət göstərirlər, otellər tikirlər, burada baş verən hadisələrlə yaşayırlar. Bunun üçün özləri ilə işçi qüvvəsi gətirirlər və bu otellərin inşası əsasında təcrübə mübadiləsi davam edir. Biz hətta bu barədə əməkdaşlıq memorandumu da imzalamışıq. Cənab Prezident Avstriyaya gələrsə, - mən onu bu fürsətdən istifadə edərək ölkəmə dəvət edirəm, - yerindəcə ölkəmizdə məlumat verə bilərik ki, bizdə bu investisiyalar üçün, bu ixrac-idxal sahəsində, həm də qaz ilə bağlı hansı imkanlar vardır. Arzu edirəm ki, Siz səfərə "Nabukko" ilə bağlı xoş xəbərlə gələsiniz.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.