Azərbaycan Prezidenti İlham Əliyev forumun açılış mərasimində və birinci plenar iclasında iştirak etmişdir
{nl}
Oktyabrın 10-da Bakıda, "Gülüstan" sarayında "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun açılış mərasimində və birinci plenar iclasında iştirak etmişlər.
Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdir.
Forumun işində 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər iştirak edirlər.
Dövlətimizin başçısı forumun açılışında nitq söylədi.
{nl}
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli qonaqlar!
Hörmətli xanımlar və cənablar, əziz dostlar!
Mən sizin hamınızı Azərbaycanda salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Bu gün və sabah Bakıda çox əlamətdar forum işləyəcəkdir. Foruma gəlmiş bütün qonaqlar bizim əziz qonaqlarımızdır. Əminəm ki, bu iki gün ərzində forum çərçivəsində aparılacaq fikir mübadiləsi, səslənəcək təkliflər humanitar sahədə əməkdaşlığın daha da dərinləşməsinə xidmət göstərəcəkdir.
Deyə bilərəm ki, Bakı Birinci Beynəlxalq Humanitar Forumunun keçirilməsi ilə bağlı təşəbbüsü Rusiya və Azərbaycan ziyalıları irəli sürmüşlər. Rusiya və Azərbaycan rəhbərliyi də bu təşəbbüsü dəstəkləmişlər. Deyə bilərəm ki, ölkəmizdə son illər ərzində mütəmadi qaydada humanitar əməkdaşlığa dair beynəlxalq tədbirlər keçirilir. 2008-ci ildən Bakı Prosesi başlamışdır. Bakı Prosesinin təməli 2008-ci ildə qoyulmuşdur. O vaxt Bakıda Avropa Şurasına üzv Ölkələrin Mədəniyyət Nazirlərinin Toplantısına biz İslam Əməkdaşlığı Təşkilatının nümayəndələrini, nazirləri dəvət etmişdik və ilk dəfə olaraq birgə beynəlxalq tədbir keçirilmişdir. 2009-cu ildə isə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin nazirlərinin Bakıda keçirilən toplantısına Avropa Şurası ölkələrinin nazirləri də dəvət edilmişdi. Yəni, artıq bu ənənə başlamışdı. 2010-cu ildə Bakıda Dünya Dinləri Liderlərinin Zirvə Görüşü keçirilmişdir və mən o tədbiri çox yaxşı xatırlayıram. Həm müzakirələr, eyni zamanda, qəbul edilmiş qərarlar sivilizasiyalararası dialoqun möhkəmlənməsinə dəyərli töhfəsini vermişdir. Keçən il isə, paytaxtımızda, eyni zamanda, digər beynəlxalq tədbirlər keçirilmişdir. Nəhayət, bu ilin aprel ayında Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də əlamətdar hadisə kimi tarixdə qalmışdır. Yəni, bu, artıq gözəl ənənədir.
Mən ümid edirəm ki, bugünkü tədbir və ondan sonrakı görüşlər və Azərbaycanda keçiriləcək növbəti beynəlxalq forumlar arzularımızı reallığa çevirəcəkdir. Arzularımız ondan ibarətdir ki, bütün dünya xalqları, bütün ölkələr bir-biri ilə daha da səmimi münasibətdə olsunlar, qarşılıqlı anlaşma daha da dərinləşsin, beynəlxalq əməkdaşlıq üçün daha da əlverişli şərait yaradılsın.
Təsadüfi deyil ki, bütün bu tədbirlər, humanitar sahədə aparılan islahatlar Azərbaycanın adı ilə bağlıdır. Çünki əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi yaşamışlar. Bütün dövrlərdə Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün xalqlar bir ailə kimi yaşamışlar. Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrı-seçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir.
Hesab edirəm, bizim təcrübəmiz əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Yəni, ölkəmizdə bu səpkidə keçirilən tədbirlərin ənənəvi xarakter alması təbiidir və mən çox şadam ki, dəvətimizi qəbul edib forumda iştirak edən görkəmli ictimai xadimlər bu gün bizim qonaqlarımızdır. Əminəm ki, forum çərçivəsində aparılan diskussiyalar, yaradılacaq təmaslar bizi daha da sıx birləşdirəcəkdir. İndiki zəmanədə, qloballaşan dünyada belə tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti vardır.
Azərbaycanın coğrafi vəziyyəti təbii ki, ölkənin inkişafına da təsirini göstərmişdir. Azərbaycan o ölkədir ki, burada mədəniyyətlər, sivilizasiyalar görüşür, birləşir. Bizim gücümüz birliyimizdədir. Milli və dini müxtəlifliyimiz bizim gücümüzü daha da artırır. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Bütün dinlərin nümayəndələri bərabər hüquqa malikdir. Bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir və eyni zamanda, tikilir. Ölkəmizdə müstəqillik dövründə yaşanan sabitlik və dostluq ab-havası əlbəttə ki, bu gün Azərbaycanı regional ölkə kimi daha da gücləndirir.
Ölkəmizdə aparılan bütün islahatlar - istər siyasi, istər iqtisadi islahatlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, Azərbaycan öz gücünü artırsın və bunu etmək üçün təkcə iqtisadi islahatların aparılması kifayət deyildir. Bunu etmək üçün cəmiyyətdə çox sağlam iqlim olmalıdır. Bunu etmək üçün əlbəttə ki, Azərbaycanda bütün xalqlar həmişə olduğu kimi, mehribanlıq və əməkdaşlıq şəraitində yaşamalıdır.
Azərbaycanın tarixi və keçmişi göstərir ki, bunu etmək mümkündür. Bu gün Azərbaycan müstəqil ölkə kimi həm Avropa Şurasının, həm də İslam Əməkdaşlığı Təşkilatının üzvüdür. Azərbaycan nadir ölkələrdəndir ki, hər iki təşkilatda üzvdür və eyni zamanda, fəal üzvdür. Sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün hesab edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən önəmlisi ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Çünki əgər belə olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı.
Bakı prosesi 2008-ci ildən bu günə qədər uğurla inkişaf edir. Əminəm ki, növbəti illərdə bu proses çərçivəsində əlavə tədbirlərin keçirilməsi bizim işimizə böyük dəstək olacaqdır.
Bizim ölkədə bütövlükdə bütün dövrlərdə humanitar sahəyə çox böyük diqqət göstərilmişdir. Bu gün də bu sahə hökumətimiz üçün prioritet sahədir. Azərbaycanda elmin, təhsilin inkişafı, səhiyyə, mədəniyyət, idman sahələrində yaşanan inkişaf bütövlükdə humanitar sektorun inkişafına xidmət göstərir. Bu sahələr üzrə ölkədə konkret proqramlar vardır. Proqramlar icra edilir. Bu sahə gələcəkdə də prioritet olacaq və biz çalışacağıq ki, nəzərdə tutulan bütün vəzifələr uğurla icra edilsin.
Humanitar sahə hər bir ölkə üçün çox vacibdir. Əlbəttə, humanitar sahəyə daha da böyük diqqət göstərmək üçün ölkənin maliyyə imkanları da olmalıdır. Müstəqilliyimizin ilk illərində biz böyük çətinliklər içərisində yaşamışıq. Azərbaycanda həm iqtisadi, həm siyasi böhran yaşanırdı. Ola bilər ki, 90-cı illərin əvvəllərində bu sahəyə lazımi dərəcədə diqqət göstərilmirdi. Ona görə yox ki, bu diqqətdən kənarda qalmışdır. Ona görə ki, maliyyə imkanlarımız yox idi. Bu gün Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkədir. Humanitar sahənin inkişafı əlbəttə ki, bizim üçün prioritetdir. Bu sahəni inkişaf etdirmək üçün bizdə imkanlar vardır. Sirr deyil və hamımız yaxşı bilirik ki, ölkənin gələcəyini və uğurlu inkişafını təmin edən təbii resurslar deyil, humanitar amildir. Ona görə Azərbaycanda təhsilə, elmə qoyulan sərmayə öz nəticəsini verir və verəcəkdir. Bir neçə il bundan əvvəl irəli sürülən, "qara qızıl"ı insan kapitalına çevirək tezisi artıq bu gün reallıqdır. Minlərlə Azərbaycan gənci dünyanın aparıcı ali məktəblərində təhsil alır. Azərbaycanda təhsil sahəsində aparılan islahatlar əminəm ki, yaxın gələcəkdə daha da yaxşı nəticələrə gətirib çıxaracaqdır. Bununla bərabər, elmin inkişafı, gəncləri elmə cəlb etmək üçün konkret proqramlar icra edilir. Bu yaxınlarda qəbul edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası da bu məqsədi güdür.
Bu gün və gələcəkdə ölkələrin uğurlu inkişafını müəyyən edən elmi-texniki tərəqqidir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan təbii ehtiyatlarla da zəngin olan ölkədir və biz bu ehtiyatlardan səmərəli şəkildə istifadə edirik. Yoxsulluq şəraitində yaşayanların sayı son 7 ildə Azərbaycanda 5 dəfə, yəni 500 faiz aşağı düşmüşdür. Bu onun nəticəsidir ki, dediyim kimi, biz maddi resursları insan kapitalına çeviririk. Gələcəkdə də humanitar sahədə çox ciddi addımlar atılacaqdır. Ancaq bütün müsbət meyillərlə yanaşı, humanitar sahədə çətinliklər də vardır. Bizim ən böyük çətinliyimiz ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqları uzun illərdir işğal altındadır. Bu, böyük humanitar fəlakətdir. Bir milyon Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın, məcburi köçkün şəraitində yaşayır. Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparılmışdır və Ermənistanın işğalçı siyasəti Azərbaycana böyük zərbələr vurmuşdur. Azərbaycana həm maddi ziyan, həm mənəvi zərbələr vurulmuşdur.
Biz ümid edirik ki, yaxın gələcəkdə bu münaqişə həllini tapacaq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa ediləcəkdir. Bunu etmək üçün hüquqi zəmin kifayət qədər güclüdür. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır və orada göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. BMT-nin Baş Məclisi qətnamə qəbul etmişdir. Avropa Parlamenti, İslam Əməkdaşlığı Təşkilatı, Avropa Şurası, ATƏT, yəni bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi gücləndirərək münaqişə ilə bağlı çox dəyərli qərarlar və qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu qərarların həyata keçirilməsi hələ mümkün olmamışdır. Yenə də deyirəm, bütün çətinliklərlə bərabər, bu, böyük humanitar fəlakət idi. Çünki adambaşına düşən qaçqınların sayına görə, əfsuslar olsun ki, Azərbaycan dünyada birinci yerdədir.
Bu münaqişəyə tezliklə son qoyulmalıdır və vətəndaşlarımız doğma torpaqlarına qayıtmalıdırlar. Bu onların hüququdur, elementar hüququdur. Nəhayət, ədalət bərpa edilməlidir. Son illər ərzində Azərbaycanda bütün sahələrdə yaşanan inkişaf əlbəttə ki, bizi həm ruhlandırır, eyni zamanda, məsuliyyətimizi də artırır. Bu gün regional işlərdə Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər nəinki ölkəmiz üçün, bölgə üçün böyük əhəmiyyət daşıyır. İqtisadi və siyasi təşəbbüslərimiz bir məqsədi güdür: ilk növbədə, Azərbaycan xalqı daha yaxşı yaşasın. Digər tərəfdən, qonşuluqda yaşayan insanlar daim əlaqədə olsunlar. Bizim regional təşəbbüslərimizin məqsədi ondan ibarətdir ki, qonşu ölkələrlə əlaqələrimizi daha da gücləndirək. Bu gün bu, belədir. Azərbaycanın qonşuları ilə çox səmimi və konstruktiv münasibətləri mövcuddur. Bütün dünya ölkələri ilə münasibətlərimiz çox sağlam zəmində qurulmuşdur. Bu münasibətlər dostluq, tərəfdaşlıq münasibətləridir, bərabərhüquqlu münasibətlərdir. Bu il biz müstəqilliyimizin iyirmi illik yubileyini qeyd edirik. İyirmi il ərzində ölkəmiz böyük yol keçmişdir. Bu gün toplaşdığımız bu forumun Azərbaycanda keçirilməsi, bütün dünyadan tanınmış və hörmətli ictimai xadimlərin forumda iştirakı mənim sözlərimin təsdiqidir.
Bizim hər birimiz - ictimai xadimlər, siyasətçilər, cəmiyyətdə nüfuz sahibləri olan insanlar çalışmalıyıq, elə etməliyik ki, gələcəkdə xalqlararası əlaqələr daha da güclənsin. Buna böyük ehtiyac vardır. Bu, sadəcə olaraq bir şüar deyildir. Sadəcə olaraq indi dəbdə olan ifadələr deyildir. Bu, zərurətdir. Biz bunu ölkəmizdə görürük. Əgər Azərbaycanda milli zəmində, dini zəmində hər hansı bir xoşagəlməz hal olsaydı, bu, ölkəmiz üçün böyük bir fəlakət olardı. Bizim həm dövlət siyasətimiz, eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava və cəmiyyətdən gələn siyasi sifariş onu diktə edir ki, biz bu məsələlərə daim diqqət göstərməliyik, siyasətimizi inamla və müvəffəqiyyətlə irəli aparmalıyıq. Bu gün dünyada multikulturalizm haqqında kifayət qədər geniş diskussiyalar aparılır. Forumun mövzularından biri də məhz multikulturalizmdir. Bu, təbiidir. Çünki son illər ərzində bu məsələ ilə bağlı müxtəlif səpkidə disskusiyalar aparılır. Deyə bilərəm ki, bir anlayış, bir termin kimi, multikulturalizm nisbətən yeni bir ifadədir. Ancaq biz Azərbaycanda əsrlər boyu multikulturalizm şəraitində yaşamışıq. Həyatımız, xüsusilə son iyirmi il ərzində müstəqil ölkə kimi təcrübəmiz göstərir ki, multikulturalizmin gələcəyi vardır. Biz bunu tam əminliklə deyirik. Nəinki Azərbaycanda, bir çox ölkələrdə və qonşu ölkələrdə multikulturalizmin böyük ənənələri vardır. Ona görə, bu gün multikulturalizmi şübhə altına qoymaq, yaxud onun iflası haqqında danışmaq hesab edirəm ki, həm yersizdir, həm zərərlidir. Çünki multikulturalizmin alternativi yoxdur.
Multikulturalizmin alternativi özünütəcriddir. Mən inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir yerə aparmır. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan - həm ölkənin vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə hörmətlə yanaşmalıdır. Mən əminəm ki, bu amillərin sintezi nəticəsində bu gün müxtəlif dairələrdə multikulturalizmlə bağlı səslənən bədbin fikirlər aradan götürüləcəkdir. Bizim bu gün keçirdiyimiz forum multikulturalizmin təsdiqidir, onun təntənəsidir.
Əziz dostlar, bu gün və sabah müzakirələr zamanı əlbəttə ki, çox dəyərli fikirlər səslənəcəkdir. Əminəm ki, bu fikirlər ümumi işimizə öz töhfəsini verəcəkdir. Mən bir daha sizi Azərbaycanda ürəkdən salamlayıram. Mən çox şadam ki, Birinci Bakı Beynəlxalq Humanitar Forumu bu gün işinə başlayır. Əminəm ki, forumun doğrudan da çox ciddi nəticələri, gözəl qərarları olacaqdır. Eyni zamanda, Bakı və Azərbaycan ilə tanış olmaq üçün sizə yaxşı imkanlar yaradılacaqdır. Azərbaycana ilk dəfə gələn qonaqlar şəhərimizlə tanış olacaqlar. Yəqin ki, bu gün Azərbaycan haqqında, Azərbaycanda yaşanan inkişaf haqqında sizin özünüzün də təəssüratlarınız olacaqdır.
Mən forumun təşkilində iştirak etmiş, bu təşəbbüsü irəli sürmüş və dəstəkləmiş bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm.
Forumun işinə uğurlar arzulayıram.
Sağ olun.
Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey NARIŞKİN forumun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq etdi.
Sergey Narışkin Rusiya Prezidenti Dmitri Medvedevin forum iştirakçılarına təbrik məktubunu oxudu.
Məktubda deyilir:
"Əziz dostlar!
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını və qonaqlarını ürəkdən salamlayıram.
Müasir dünyada humanitar əməkdaşlıq çox böyük sabitləşdirici rol oynayır. O, davamlı inkişafa şərait yaradır, ölkələr arasında münasibətlərə müsbət təsir edir və iqtisadiyyat, elm və mədəniyyətdən başlamış hüquq siyasəti və təhlükəsizliyin təmin edilməsi məsələlərinə qədər insan fəaliyyətinin demək olar ki, bütün sahələrini əhatə edir.
Humanitar əməkdaşlığı haqlı olaraq "yumşaq qüvvə" adlandırırlar, çünki o, ölkələri və xalqları ədalət və tolerantlıq, həmrəylik və qarşılıqlı hörmət dəyərləri əsasında birləşdirməklə sivilizasiyaların dialoqundakı maneələri aradan qaldırmağa kömək edir.
Son illərdə beynəlxalq münasibətlərin humanitar məzmun kəsb etməsinə tələbat getdikcə daha çox hiss edilir. Yaradıcı elitaların səmərəli əməkdaşlığına nümunə olan yeni dövlətlərarası mexanizmlər yaranır. Əlbəttə, yeni humanitar məkanın formalaşmasına sanballı töhfə verən ictimai təşəbbüslər və hərəkatlar xüsusi rol oynayır. Əminəm ki, Bakı Forumu onların arasında öz layiqli yerini tutacaqdır.
Forumun bütün iştirakçılarına səmərəli iş diləyir, ən xoş arzularımı bildirirəm.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev".
Bakı Forumunun dünya elitasının diqqət mərkəzində olduğunu deyən Sergey Narışkin forumun plenar iclaslarında və panellərdə müzakirə ediləcək mövzuların aktuallığına toxundu.
* * *
Türkiyənin IX Prezidenti Süleyman DƏMİRƏL dedi ki, dünyada baş verən bir çox hadisələr insan həyatına təsirsiz ötüşmür və odur ki, humanitar məsələlərlə bağlı bütün təşəbbüslər təqdirəlayiqdir.
Bakı kimi gözəl şəhərdə yenidən olmaqdan məmnunluğunu ifadə edən Süleyman Dəmirəl dövlət müstəqilliyimizin bərpa edilməsinin 20-ci ildönümü ərəfəsində Bakıya gəlməkdən şad olduğunu bildirərək demişdir: "İyirmi il ərzində Azərbaycan kifayət qədər kamil və güclü beynəlxalq icmanın üzvünə çevrilib və daha böyük gələcək potensiala malik bir ölkə olaraq, sözün həqiqi mənasında yüksək inkişafa və möhkəm sabitliyə nail olub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında irəliyə doğru qətiyyətlə addımlayır. Mən mərhum Prezident Heydər Əliyevə xüsusi ehtiramımı bildirməliyəm. O, xalqın atası olmuşdu. Mən hər zaman onunla xoş münasibətlərimi, görüşlərimi və söhbətlərimi xatırlayıram. Onun çox müdrik, cəsarətli və uzaqgörən siyasəti Azərbaycanı çox gərgin, kəşməkəşli anlardan çıxarmışdır. Məhz Heydər Əliyevin və Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycan-Türkiyə qardaşlığı çox nadir və tarixi əlaqələrin reallığına çevrilmişdir. "Bir millət, iki dövlətik" kəlamı artıq real həyatda təcəssüm tapmışdır.
Bu gün Türkiyə ilə Azərbaycanın bütün sahələrdə çox gözəl əlaqələri vardır. Bizim 20 il əvvəl başladığımız güclü, möhkəm dayağı, bünövrəsi olan münasibətlərimiz uğurla inkişaf etməkdədir".
Süleyman Dəmirəl çıxışında dünyada insan həyatı üçün təhlükəli risklərin aradan qaldırılması, minilliyin inkişaf məqsədlərinin vaxtında və təxirəsalınmadan həyata keçirilməsinin vacibliyinə diqqət çəkdi. Türkiyənin IX Prezidenti Azərbaycan dövlətinin başçısına belə bir mötəbər prosesə rəhbərlik etdiyinə görə minnətdarlıq etdi.
* * *
Birləşmiş Ştatların Azərbaycandakı səfiri Mətyu BRAYZƏ ABŞ-ın sabiq Prezidenti Bill Klintonun forum iştirakçılarına təbrik məktubunu oxudu. Məktubda qeyd olunur ki, dünyada bir milyarda yaxın insan yoxsulluq şəraitində yaşayır və bu cür tədbirlər planetdə baş verən mənfi proseslərin qarşısının alınmasında, onların təsir imkanlarının zəiflədilməsində mühüm rol oynayır.
Bill Klinton məktubunda Azərbaycan və Rusiya Prezidentlərinə bu təşəbbüsə verdikləri dəstəyə görə minnətdarlıq etmişdir.
Mətyu Brayzə də Bakı Forumunun humanitar əməkdaşlığın beynəlxalq miqyasda dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
* * *
Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud ÇAVUŞOĞLU isə diqqəti ən böyük humanitar çağırış kimi birgə yaşayışa çəkdi. Bildirdi ki, mədəniyyətlərarası dialoqun təşviqi indi dünyada ən çox ehtiyac duyulan prinsiplərdən biridir və bununla bağlı planların həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, müasir Avropanın ən böyük problemlərindən olan ksenofobiya və ekstremizmin qarşısının alınması da böyük humanitar dəstək istəyir və bununla bağlı təşəbbüslərin böyük təsiri ola bilər.
Mövlud Çavuşoğlu hələ də bir çox ölkələrdə, o cümlədən Azərbaycanda qaçqınların mövcudluğunu humanitar əməkdaşlığa problem yaradan amillərdən biri kimi səciyyələndirərək dedi: "Qaçqınlardan danışarkən cənab Prezidentin xüsusi qeyd etdiyi kimi, biz unutmamalıyıq ki, qaçqınlar və məcburi köçkünlər Azərbaycanda da yaşayırlar. Məhz Dağlıq Qarabağ problemi ucbatından və məhz Azərbaycan torpaqlarının işğalına görə 1 milyon qaçqın və məcburi köçkün Azərbaycanda yaşamaqdadır. Mən bilirəm ki, cənab Prezident və onun hökuməti əlindən gələni edirlər ki, Azərbaycanda çətin vəziyyətdə yaşayan bu insanların həyat standartları yaxşılaşsın. Xüsusilə qadın və uşaqların hələ də çox çətin vəziyyətdə yaşadığını unutmamalıyıq".
* * *
UNESCO-nun baş direktorunun kommunikasiya və informasiya məsələləri üzrə müavini Yanis KARKLİNS Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkilinə görə qurumun baş direktoru İrina Bokovanın təşəkkürlərini Prezident İlham Əliyevə çatdırdı.
Yanis Karklins elmin tərəqqisi, ənənəvi dəyərlərin qorunması, etik məsələlər ətrafında hərtərəfli fikir mübadiləsi aparmaq baxımından bu forumun əhəmiyyətini yüksək qiymətləndirərək dedi: "Bakı Beynəlxalq Humanitar Forumu mürəkkəb çağırışların idarə edilməsində çox mükəmməl bir platformadır. Mən daha uyğun bir şəhəri bu məsələlərin müzakirəsi üçün tapa bilmirəm. Forumun gündəliyi kifayət qədər zəngin və maraqlıdır. Eyni zamanda, bunların hər biri problemlərin mükəmməl şəkildə həlli yollarını müəyyənləşdirmək baxımından çox əhəmiyyətlidir".
* * *
İSESCO-nun baş direktoru Əbdüləziz bin OSMAN ƏL-TÜVEYCRİ Bakıda tez-tez beynəlxalq tədbirlərin keçirilməsini Azərbaycanın və Prezident İlham Əliyevin dünyada getdikcə artan mövqeləri ilə əsaslandıraraq bildirdi: "Bakı Beynəlxalq Humanitar Forumu qarşıya qoyulan məqsədlərə, gündəlikdə duran yeni humanitar məsələlərin həllinə nail olmağa imkan verəcəkdir. Qloballaşma dövründə əlavə humanitar tədbirlər beynəlxalq səviyyədə həyata keçiriləcəkdir. Bu isə çox mütərəqqi bir məsələdir və Azərbaycanın sivilizasiyalararası dialoqu gücləndirmək təşəbbüsünün mühüm tərkib hissəsidir. Azərbaycanın yeni təşəbbüsləri beynəlxalq ictimaiyyəti narahat edən məsələlərin həllinə yönəlmişdir.
Zati-aliləri, cənab İlham Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda iqtisadi inkişaf sürətlənmiş, tərəqqiyə və qarşılıqlı anlaşmaya xidmət edən çox mühüm konfranslar keçirilmişdir. Bu tədbirlər, xüsusi vurğulamaq istəyirəm ki, qloballaşan dünyada dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığa xidmət edir. İSESCO Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və bu vacib tədbirləri birgə təşkil etməkdən məmnunluğunu bildirir.
Bu gün dünyanın diqqəti yenidən bu gözəl paytaxt şəhərinə - Bakıya yönəlmişdir. Bakı Beynəlxalq Humanitar Forumu bir daha təsdiq edir ki, Azərbaycanın bu cür layihələri həyata keçirməkdə təcrübəsi və potensialı yüksəkdir.
Qəti əminəm ki, Bakı platforması qloballaşan dünyada humanitar dəyərlərin qorunmasına və inkişafına xidmət edəcəkdir.
Mən Bakı Beynəlxalq Humanitar Forumunu alqışlayır və ona işində uğurlar arzulayıram. Dinlədiyinizə görə minnətdaram".
* * *
Çıxışlardan sonra forumda iştirak edən nüfuzlu nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər bu cür mötəbər prosesə verdiyi dəstəyə görə bir daha Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırdılar.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
* * *
Sonra Beynəlxalq Humanitar Forum işini ikinci plenar iclas ilə davam etdirmişdir.
Moskva Dövlət Universitetinin rektoru Viktor SADOVNİÇİ iclasda çıxış edərək, dövlətlər və xalqlar arasında humanitar əməkdaşlıq məsələlərinin belə bir möhtəşəm forumda artıq beynəlxalq miqyasda müzakirə edilməsinin əhəmiyyətini vurğulamışdır.
Azərbaycan və Rusiya arasında əməkdaşlığın çoxtərəfli xarakter daşıdığını bildirən rektor ölkələrimiz arasında xüsusilə təhsil sahəsində əlaqələrin inkişafını yüksək qiymətləndirmişdir. O, bu əlaqələrin inkişafında Moskva Dövlət Universiteti ilə Bakı Dövlət Universiteti arasında sıx əməkdaşlığın rolunu qeyd etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Bakıda və Moskvada görüşlərini xatırladan V.Sadovniçi Prezident İlham Əliyevin MDU-dakı nitqini və onun bu təhsil ocağının Fəxri doktoru adı almasını böyük məmnunluqla qeyd etmişdir.
* * *
Elmi, mədəni, sosioloji, humanitar məsələlərin müzakirəsi üçün forumun yaxşı fürsət olduğunu deyən Rumıniyanın sabiq Prezidenti Emil KONSTANTİNESKU dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə onun mühüm töhfə verəcəyinə əminliyini bildirmişdir. Vurğulamışdır ki, biz xalqlar və dövlətlər arasında humanitar məsələlərin həllində ortaq məxrəcə gəlmək üçün daha çox görüşməliyik.
* * *
Kimya üzrə Nobel mükafatı laureatı Əhməd ZEVEYL çıxışında informasiya-kommunikasiya texnologiyalarının, internetin sürətli inkişafı nəticəsində çox qısa vaxt ərzində ölkələr, regionlar və qitələr arasında məlumatların ötürülməsinin mümkün olduğunu bildirmişdir. Dinlərarası münaqişələrin heç bir əsası yoxdur, - deyən natiq dünyada iki milyard insanın internetdən istifadə etdiyini diqqətə çatdırmış, bu problemlərin həllində dünyanın müxtəlif bölgələrində yaşayan insanların səylərini birləşdirməyin əhəmiyyətini qeyd etmişdir.
* * *
İqtisadiyyat sahəsində Nobel mükafatı laureatı Ceyms MİRRLİS bildirmişdir ki, iqtisadiyyatın məqsədi insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır. Lakin hazırda bəzi ölkələr iqtisadi baxımdan çox böyük problemlərlə üzləşmişlər. Biz iqtisadi inkişafın təmin olunmasına diqqət yetirməklə yanaşı, sağlamlıq, ətraf mühit, təhsil və s. amilləri də nəzərə almalıyıq. Bu baxımdan dünyada bütün sahələrdə əldə edilmiş nailiyyətlər daim izlənməlidir.
* * *
Forumda iştirakından və Bakıda olmağından sonsuz qürur hissi keçirdiyini bildirən Bolqarıstanın sabiq Prezidenti Jelyu JELEV ölkəmizin dinamik inkişafından məmnunluğunu vurğulamışdır. Mən bu gün Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin məzarını ziyarət etdim. Çox sevindirici haldır ki, ulu öndərin arzuları bu gün Azərbaycan xalqı tərəfindən uğurla həyata keçirilir.
* * *
Cəmiyyətdəki problemlərin diqqətə çatdırılmasında, humanitar əməkdaşlığın inkişafında yazıçıların rolunu yüksək qiymətləndirən ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vidiadhar Suracprasad NAYPOL onların bu məsələlərdə daha asan dil tapa bildiklərini vurğulamışdır.
* * *
Forumda iştirakından məmnunluğunu qeyd edən Slovakiyanın sabiq Prezidenti Rudolf ŞUSTER belə bir möhtəşəm tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Tez-tez baş verən təbii fəlakətlər nəticəsində dünyanın müxtəlif bölgələrində ərzaq qıtlığı təhlükəsinin yarandığını diqqətə çatdıran R.Şuster ətraf mühitin mühafizəsi tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulamışdır.
* * *
Bakıda keçirilən belə bir nüfuzlu tədbirə dəvət aldığı üçün təşəkkürünü bildirən Bolqarıstanın sabiq Prezidenti Peter STOYANOV qlobal istiləşmə və yoxsulluq mövzularının forumda müzakirə ediləcək əsas məsələlərdən olduğunu qeyd etmişdir.
Prezident İlham Əliyevin "multikulturalizm üçün heç bir alternativ yoxdur" sözlərini xüsusi vurğulayan P.Stoyanov bildirmişdir ki, biz yanlış anlaşmalardan qaçmalı, aramızda qarşılıqlı etimad yaratmalıyıq.
* * *
Bakı Beynəlxalq Humanitar Forumunun üçüncü plenar iclasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud KƏRİMOV sürətli sosial-iqtisadi, mədəni-mənəvi inkişafı ilə regionun lider dövlətinə çevrilən ölkəmizin artıq qloballaşan dünyada mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, tarixən Şərq və Qərb dəyərlərini özündə birləşdirən Azərbaycan mədəniyyətinin formalaşmasında burada yaşayan bütün xalqların və dini icmaların misilsiz xidmətləri olmuşdur.
Akademik bildirmişdir ki, müzakirə olunan problemlərə humanitar prinsiplər baxımından yanaşılması forumun mühüm ideya istiqamətlərindən biridir. Forumun əsas məqsədlərindən biri humanitar dəyərlərin səfərbər edilməsi yolu ilə cəmiyyətin sosial-mədəni həyatının bu amillər əsasında inkişaf modelinin müzakirəsidir.
* * *
Forumda müasir dünyanı düşündürən olduqca ciddi məsələlərin müzakirə edildiyini diqqətə çatdıran Rusiyanın İTAR-TASS informasiya agentliyinin baş direktoru Vitali İQNATENKO, həmçinin jurnalistlərin davranışı, xüsusən onların hərbi əməliyyatlar şəraitində təhlükəsizliklərinin təmin olunması məsələlərinə toxunulacağını bildirmişdir. O, yüksək texnologiyalar şəraitində ənənəvi medianın və xəbər agentliklərinin çərçivəsində məlumatların sosial şəbəkələrə ötürülməsində balans yaradılmasının vacibliyini vurğulamışdır.
* * *
Yenidən Bakıda olmağından sonsuz qürur hissi keçirdiyini diqqətə çatdıran Türkiyənin Bilkənd Universitetinin idarə heyətinin rəhbəri Əli DOĞRAMACI humanitar məsələlərin müzakirə olunduğu forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirmişdir. Müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini deyən natiq, bunun üçün yüksək peşəkarlığa sahib olan mütəxəssislərin hazırlanmasının əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün biz müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli şəkildə istifadə etməliyik.
* * *
Çıxışında polietniklik və çoxmədəniyyətlilik amillərinə xüsusi yer verən Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yefim PİVOVAR bu amillərin müasir dünyada daha çox aktuallıq kəsb etdiyini bildirmişdir. Azərbaycanın və Rusiyanın polietniklik və çoxmədəniyyətlilik sahəsində böyük təcrübəyə malik olduqlarını vurğulayan Y.Pivovar ölkələr və xalqlar arasında əlaqələrin daha da dərinləşməsində təhsilin inkişafının əhəmiyyətini qeyd etmişdir.
* * *
Elmin cəmiyyətimizin inkişafına çox böyük təsir etdiyini deyən Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail ŞVIDKOY bildirmişdir ki, bununla yanaşı, həyatımızın təməl problemlərini təkcə elmi-texniki tərəqqi, iqtisadi modellərlə həll etmək mümkün deyildir. Bütün ictimai strukturların, konsepsiyaların dəyişikliklərə məruz qalması olduqca fundamental məsələdir. Forumun postmodernist mədəniyyətlərdə ənənəvi dəyərlərlə bağlı olduğunu vurğulayan natiq xarici ölkələrdən müxtəlif sahələri təmsil edən alimlərin və yazıçıların bir araya gələrək bu məsələləri müzakirə etmələrinin vacibliyini vurğulamışdır.
* * *
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil AKINCI dünyanın qloballaşdığı bir şəraitdə Prezident İlham Əliyevin təşəbbüsü ilə belə bir forumun keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirmişdir. XXI əsrdə regional və beynəlxalq təşkilatların ümumi maraqların müəyyənləşdirilməsində, regional sülh və sabitliyin qorunmasında rolunun artdığını deyən X.Akıncı rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, şuranın həyata keçirməyi planlaşdırdığı layihələr arasında humanitar layihələr xüsusi yer tutur.
* * *
Rusiya Elmlər Akademiyasının müxbir üzvü Mixail KOVALÇUK müasir dünyada elmlərin konvergensiyasından söhbət açmış, texnosferanın mədəni dəyərləri zənginləşdirən əsas amillərdən biri olduğunu bildirmişdir. Müasir dünyamızda yeni inkişaf ideologiyasına ehtiyac yarandığını diqqətə çatdıran alim forumun işinə uğurlar arzulamışdır.
* * *
Rusiya Elmlər Akademiyasının akademiki, gen mühəndisliyi və biotexnologiya üzrə alim Konstantin SKRYABİN son on ildə genetik məlumatların öyrənilməsi sahəsində mühüm irəliləyişlərin baş verdiyini vurğulamışdır. Son illərdə biotexnologiyaların sürətlə inkişaf etdiyini deyən alim cəmiyyətimizin həyatında mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsində forumun əhəmiyyətini qeyd etmiş, yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.
Bununla forum ilk iş gününü başa çatdırmışdır.
* * *
Forum oktyabrın 11-də işini panel iclaslarda davam etdirəcəkdir.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.