Oktyabrın 7-də Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Nikola Sarkozi və ölkəmizin birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Prezident İlham Əliyev Fransa dövlətinin başçısı Nikola Sarkozini qarşıladı.
Mərasim iştirakçıları Azərbaycan və Fransa prezidentlərini hərarətlə qarşıladılar.
Əvvəlcə "Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması haqqında" Saziş imzalandı. Sənədi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri de Renkur imzaladılar.
Dövlət başçıları mərasimdə çıxış etdilər.
Prezident İlham ƏLİYEV ali qonağı salamlayaraq dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Cənab Prezident, mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfəriniz tarixi xarakter daşıyır. İlk dəfə olaraq Fransa Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, səfəriniz Fransa-Azərbaycan əlaqələrinin gələcək uğurlu inkişafına çox böyük töhfəsini verəcəkdir. Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Son illər ərzində ölkələrimiz arasında yaşanan əməkdaşlıq bizi daha da ruhlandırır və əmin edir ki, gələcəkdə də Fransa-Azərbaycan əlaqələri strateji xarakter daşıyacaqdır.
Siyasi əlaqələrimiz çox intensivdir. Mən dəfələrlə Sizin gözəl ölkənizə səfər etmişəm, bu gün isə Siz bizim qonağımızsınız. Siyasi sahədə əməkdaşlığın perspektivləri də çox gözəldir. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında Fransanın çox böyük rolu vardır. Şəxsən Sizin və rəhbərlik etdiyiniz dövlətin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə verdiyiniz dəstəyə görə Sizə minnətdaram. Bu yaxınlarda "Şərq tərəfdaşlığı" zirvə görüşünün keçirilməsi bir daha göstərdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Azərbaycan-NATO əlaqələrində də Fransanın xüsusi rolu vardır. Bu əlaqələrin inkişafında Sizin ölkəniz əminəm ki, bundan sonra da dəstəyini göstərəcəkdir.
Əlbəttə, regional təhlükəsizlik məsələləri daim diqqət mərkəzindədir. Bu gün də bu məsələlərlə bağlı biz Sizinlə çox geniş və səmimi söhbət aparmışıq. Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması işində çox mühüm rol oynayır. Biz bu rolu yüksək qiymətləndiririk və ümid edirik ki, şəxsən Sizin səyləriniz nəticəsində münaqişə tezliklə beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.
Uzun illərdir ki, Azərbaycan torpaqları - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon işğal altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma torpağında qaçqın-köçkün həyatı yaşayır. Bu vəziyyətə son qoyulmalıdır və Sizin də qeyd etdiyiniz kimi, status-kvo dəyişdirilməlidir. Hesab edirəm ki, status-kvonun dəyişdirilməsi üçün yaxşı imkanlar vardır və status-kvonun dəyişdirilməsini ən çox arzulayan tərəf Azərbaycandır. Çünki bu, bizim torpaqlarımızdır və bizim torpaqlar işğal altındadır. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını vermişlər. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, digər təşkilatlar - yəni, məsələnin həlli üçün hüquqi baza vardır. Əminəm ki, yaxın zamanlarda daha da ciddi addımlar atılacaq, münaqişəyə son qoyulacaq və Cənubi Qafqazda sülh, əməkdaşlıq yaranacaqdır.
Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq da çox uğurla inkişaf edir. Deyə bilərəm ki, bu ilin 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dolları keçmişdir və gələcək inkişaf üçün imkanlar vardır. Ümid edirəm ki, ilin sonuna qədər bu rəqəm 4 milyard dollara çatacaqdır. Fransanın 40-a yaxın şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Onlar ekologiya, ətraf mühitin qorunması ilə bağlı müxtəlif layihələri icra edirlər. Azərbaycanda Məişət tullantıları zavodu Fransa şirkəti tərəfindən tikilir. Bakıda metronun konseptual inkişaf planında Fransa şirkətləri iştirak edirlər. Bizim birinci telekommunikasiya peykimizi orbitə Fransa şirkəti qaldıracaqdır. Yəni, bu sahədə də əməkdaşlıq üçün yaxşı imkanlar vardır.
Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq çox uğurludur. Bu yaxınlarda "Total" və "Gaz de France" şirkətlərinin Azərbaycanda yeni qaz yatağını aşkarlaması həm ölkəmizin enerji potensialını gücləndirəcək, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə də müsbət təsirini göstərəcəkdir. Çünki bildiyiniz kimi, Azərbaycan "Cənub" qaz dəhlizinin reallaşmasında çox mühüm rol oynayır. Bu məsələlər, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bir hissəsidir.
Bu yaxınlarda aşkar edilmiş qaz yatağında 350 milyard kubmetr qaz vardır və beləliklə, Azərbaycanın qaz potensialı hazırda 2,6 trilyon kubmetrdir. Mən çox şadam ki, Fransa şirkətləri bizim tərəfdaşlar kimi Azərbaycanda uğurla fəaliyyət göstərirlər.
Nəhayət, humanitar sahədə əməkdaşlıq çox genişdir. Yaxın gələcəkdə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaqdır. Bu gün isə Bakıda Fransız Liseyinin təməl daşı qoyulacaqdır. Bu, çox əlamətdar və gözəl hadisədir. Bu liseyin fəaliyyətə başlaması Fransa-Azərbaycan əlaqələrini daha da gücləndirəcəkdir. Bu, bizim dostluğumuzun rəmzidir. Eyni zamanda, Azərbaycanda təhsil sahəsinə qoyulan böyük sərmayədir. Bu liseyin yaradılmasında əməyi olan bütün şəxslərə dərin minnətdarlığımı bildirirəm. Liseyin təməl daşının qoyulmasında Fransa Prezidentinin iştirakı, əlbəttə ki, bugünkü mərasimə xüsusi əhəmiyyət verir.
Əminəm ki, hörmətli cənab Prezident, liseyin açılışında da biz Sizinlə bərabər iştirak edəcəyik. Bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Sizə və rəhbərlik etdiyiniz ölkəyə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.
* * *
Fransa Prezidenti Nikola SARKOZİ çıxış edərək dedi:
- Möhtərəm Prezident! Bakı Fransız Liseyinin təməl daşının qoyulması mərasimində, Bakıda Sizin aranızda olmaq mənim üçün bir sevincdir. Bu məktəbin yaradılması qərarı təkcə iki ölkə arasındakı yüksək səviyyədə olan diplomatik və siyasi əlaqələrin nümunəsi deyil, eyni zamanda, Azərbaycanın göstərdiyi münasibətlərdəndir. Bu, həmçinin Azərbaycanın dinamizmini və onun dünyaya açıqlığı arzusunu ifadə edir.
Bakı mühüm bir qovşaqdır. Əsrlərdən bəri müxtəlif xalqların və müxtəlif mədəniyyətlərin bir-birinə qovuşduğu məkandır. Fransız liseyi bu ölkənin tarixini təcəssüm etdirəcəkdir. Bir vaxtlar ölkənizin neft sənayesinin inkişafında çox mühüm rol oynamış Nobel qardaşlarının yaşadıqları prospektdə bu gün Azərbaycan Dövlət Neft Şirkətinin və Sizin həyat yoldaşınız, xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi sayəsində Fransız Liseyinin təməli qoyulur. Mən bir daha yenidən Mehriban xanıma öz təşəkkürümü bildirmək istəyirəm.
Fransız Dünyəvi Təhsil Missiyasının və ölkələrimizin Təhsil nazirliklərinin dəstəyi ilə bu lisey fransızdilli elitanın formalaşmasına imkan verəcəkdir. Eyni zamanda, Fransa universitetlərinin qapıları bu fransızdilli tələbələrin üzünə daim açıq olacaqdır. Aldıqları biliklərlə Azərbaycanı bəhrələndirmək üçün onlar ölkələrinə qayıdacaqlar.
Mən bilirəm ki, Sizin tələbələr Fransa hökumətinin, son illərdə isə, həmçinin Azərbaycan hökumətinin təqaüdləri sayəsində Fransada təhsil alırlar. Arzu edirəm ki, universitetlər arasında əməkdaşlıq daha da zənginləşsin. Ümidvaram ki, Fransız Liseyi buna güclü töhfəsini verəcəkdir. Bu lisey, həmçinin ölkələrimiz arasındakı mədəni və tarixi əlaqələrin ardıcıllığını əks etdirəcəkdir. 1920-ci ildə bolşeviklərin işğalından sonra Fransa birinci müstəqil Azərbaycan hökumətinin sürgündə olan üzvlərinin çoxuna sığınacaq vermişdir. 1944-cü ilin noyabrında II Dünya müharibəsinin sonunu müzakirə üçün Moskvaya gedən general Şarl de Qoll Bakıda bir gecə səfərdə olmuşdur. Mən bunu unutmuram.
Azərbaycan müstəqilliyini bərpa edən gündən başlayaraq ölkələrimiz arasında, xüsusilə də mədəniyyət və təhsil sahəsi dinamik və məhsuldar bir əməkdaşlığa başlamışdır. Bu, həm strateji tərəfdaşlıqda özünü əks etdirir, həm də qeyd edim ki, mədəniyyətdə.
Gələn ilin mart ayında Bakı İncəsənət Muzeyi dünyada ilk olaraq Fransanın inciləri sərgisini açacaqdır. Burada intibah dövründən bu günədək fransız mədəni irsini əks etdirən yüzədək görkəmli əsər nümayiş etdiriləcəkdir.
Möhtərəm Prezident! Əziz İlham! Mənimlə birlikdə bu liseyin yaranmasını qərara almaqla Siz mədəniyyət rəngarəngliyini və Frankafoniyanı seçmiş olursunuz. Bu, cəsarətli seçim və uğurlu gələcəkdir. Fransa bütün sahələrdə Sizin dostunuzdur, Sizin tərəfdaşınızdır. Siz bilirsiniz ki, artıq Frankafoniya tolerantlıq, azadlıq, insan hüquqları və demokratiya kimi bəşəri dəyərlərin daşıyıcısıdır. Nüfuzunuzla, bu gözəl layihəni müdafiə etməklə Siz bu dəyərlərə dəstək verdiyinizi nümayiş etdirirsiniz və mən bu münasibətlə Sizi təbrik edirəm. Mən bir daha Sizə təşəkkür etmək istərdim. Bu gün bizə göstərdiyiniz qəbul üçün, cənab Prezident, şəxsən Sizə və Sizin həyat yoldaşınıza təşəkkürümü bildirirəm. Bilin ki, Fransa Sizin dostunuzdur və Siz ona etibar edə bilərsiniz. Təşəkkür edirəm!
* * *
Azərbaycan və Fransa prezidentləri tikiləcək liseyin stendinə baxdılar.
Sonra Fransız Liseyinin təməli qoyuldu.
Prezident İlham Əliyev və Prezident Nikola Sarkozi gilizi təmələ buraxdılar. Dövlət başçıları və Azərbaycanın birinci xanımı təmələ beton qarışığı tökdülər.
Bildirildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaqdır. Fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı olacaqdır. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaqdır. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verəcək və nazirlik tərəfindən tanınacaqdır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.
Fransa Prezidentinin diqqətinə çatdırıldı ki, bu təhsil ocağı Bakının "Ağ şəhər" adlanan ərazisində inşa olunacaqdır. Dünyada şəhərsalma sahəsində həyata keçirilən ən iri və nadir layihələrdən olan "Bakı Ağ şəhər" layihəsinin maraqlı tərəflərindən biri də burada Paris məhəlləsinin salınmasıdır.
Sonra Azərbaycanın və Fransanın dövlət başçıları ölkəmizdə fəaliyyət göstərən fransız iş adamları ilə görüşdülər, onlara fəaliyyətlərində uğurlar arzuladılar.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fransa Prezidenti Nikola Sarkozini yola saldılar.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.