Bakıda "Müstəqil Azərbaycan 20 ildə" adlı milli sərgi açılmışdır

Azərbaycan Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur
Sentyabrın 27-də Bakı Sərgi Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycan 20 ildə" adlı milli sərgi açılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur.
Sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak edir. Ümumi sahəsi 11 min kvadratmetr olan sərgidə Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətləri nümayiş olunur.
Sərgidə, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən eksponatlar da təqdim edilir.
Prezident İlham Əliyev 20 ildə ölkəmizin iqtisadiyyatında əldə olunmuş nailiyyətləri əks etdirən pavilyona baxdı. Pavilyonlardakı ekspozisiyalar inkişafımızın müxtəlif dövrlərini əhatə etməklə tərtib olunmuşdur.
İqtisadi inkişaf naziri Şahin Mustafayev ölkəmizin sürətli iqtisadi inkişaf dövrünün - 2003-2011-ci illərin göstəricilərindən danışaraq məlumat verdi ki, həmin illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik artımı 14 faiz, o cümlədən qeyri-neft sektorunda 9 faiz olmuşdur. ÜDM-də özəl sektorun payı 81,7 faizə çatmışdır. İqtisadiyyata investisiya qoyuluşu 2,4 dəfə, o cümlədən xarici investisiya qoyuluşu 1,5, daxili investisiya qoyuluşu isə 5,5 dəfəyədək artmışdır. 2010-cu ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 14 dəfədən çox artaraq 29 milyard dolları ötmüşdür.
Qeyd edildi ki, dövlət büdcəsinin gəlirləri və xərcləri orta hesabla hər il 24 faiz, əhalinin gəlirləri 3,2 dəfə, orta aylıq nominal əmək haqqı isə 2,6 dəfə artmışdır. İnsan inkişafı indeksi isə yüksələrək Avropa və Mərkəzi Asiya ölkələri səviyyəsinə qalxmış, müvafiq olaraq məşğulluq səviyyəsi də artmışdır. Bunun nəticəsində ölkədə yoxsulluq səviyyəsi 9 faizə enmişdir. İndi Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının üçdə ikisindən çoxunu təşkil edir. Əldə olunan bütün nailiyyətlər beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev dövlət proqramlarının idarə olunması mexanizminə baxdı. İqtisadiyyatın müxtəlif sahələri üzrə həyata keçirilən layihələr dövlətimizin başçısına ən müasir texnologiyalar əsasında təqdim edildi.
Sərgidə maraq doğuran pavilyonlardan biri də Dövlət Neft Fondunun fəaliyyətinə həsr olunmuşdur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan fond neftdən əldə olunan gəlirlərin ədalətli və şəffaf şəkildə xərclənməsinə əlverişli imkan yaratmışdır. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Oğuz-Qəbələ-Bakı su kəməri və Samur-Abşeron suvarma sistemi üzrə layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və digər mühüm proqramlar fondun vəsaiti hesabına reallaşdırılmışdır və reallaşdırılır.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təmsil olunduğu sərgidə 20 il ərzində ölkənin su təchizatı sektoru ilə bağlı geniş məlumatlar verilir. Ölkəmizin müstəqillik tarixində su təchizatı sektoru ilə bağlı da mühüm layihələr həyata keçirilmişdir. Ötən ilin sonunda istismara verilən Oğuz-Qəbələ-Bakı su kəməri müstəqillik illərində bu sahədə həyata keçirilən ən böyük layihədir. Müstəqillik illərində respublikanın şəhər və rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üçün müxtəlif diametrli borularda 1500 kilometrdən çox su xətti, 59 su anbarı, 200-dən artıq subartezian quyusu qazılmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sərgidə daha geniş ekspozisiya ilə təmsil olunmuşdur. Burada ölkəmizin neft-qaz, neft kimyası sahəsində əldə etdiyi nailiyyətlər əksini tapmışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində müstəqillik dövründə respublikamızda neft hasilatı 6,1 dəfə, qaz hasilatı isə 3,1 dəfə artmış, "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə birinci mərhələnin əvvəlindən 247 milyon ton neft və 62,7 milyard kubmetr qaz hasil edilmişdir. Neft sənayesinə 35,8 milyard dollar, o cümlədən "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə 24,4 milyard dollar xarici sərmayə qoyulmuşdur. Əldə edilən uğurlar artıq Dövlət Neft Şirkətinə Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, Moldova və digər ölkələrə sərmayə yatırmağa imkan vermişdir. Respublikada zəngin təbii qaz yataqları aşkar edilmişdir.
Sərgidə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən nümayiş olunan ekspozisiya qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində dövlətimizin gördüyü işləri mərhələlər üzrə əks etdirir.
Pavilyonla tanış olan dövlətimizin başçısına məlumat verildi ki, buradakı stendlərdə Azərbaycan ərazilərinin işğal vəziyyəti, məcburi köçkünlərin həmin dövrdə ilkin məskunlaşma obyektləri öz əksini tapmışdır. Buradakı fotostendlərdən biri məcburi köçkünlərin məskunlaşdıqları çadır düşərgələrinin ləğvi prosesini əks etdirir. "Yeni qəsəbələrin salınması" adlı stenddə isə Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün infrastruktur obyektləri ilə birlikdə salınmış qəsəbələrin fotoşəkilləri və maketləri göstərilir.
"Heydər Əliyev Fondunun məcburi köçkünlərə qayğısı" adlı fotostenddə fond tərəfindən məcburi köçkün ailələrinə göstərilmiş dövlət qayğısı öz əksini tapmışdır. Sərgidə 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrini özündə əks etdirən xəritə də nümayiş olunur.
Dövlət Sosial Müdafiə Fonduna ayrılan pavilyonda 20 il ərzində qurumun gəlir və xərcləri, əhaliyə göstərilən xidmətlər, fərdi uçot sistemi haqqında ətraflı məlumat verilir. Müstəqillik illərindən fondun ümumi gəlir və xərcləri 1,765 milyard manat təşkil etmişdir. Hazırda ölkə üzrə pensiya alanların 99,4 faizinə ödənişlər plastik kartlar vasitəsilə həyata keçirilir. Bu illər ərzində qurumun maddi-texniki bazası da xeyli təkmilləşdirilmişdir.
Prezident İlham Əliyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin pavilyonuna da baxdı. Bildirildi ki, "Azərenerji" regionun ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik xətlərinin uzunluğuna görə də regionda lider mövqeyə malikdir. Hazırda respublikamızın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 7 su elektrik stansiyası fəaliyyət göstərir ki, onların ümumi gücü 6,4 min meqavatdan çoxdur. Respublikamızın enerji sisteminin tərkibinə müxtəlif gərginlikli 200-dən çox yarımstansiya daxildir. Enerji sistemində hər il orta hesabla 18 milyard kilovat/saatdan artıq elektrik enerjisi istehsal edilir.
Əmlak Məsələləri Dövlət Komitəsinin pavilyonunda müstəqillik dövründə Azərbaycanda həyata keçirilən özəlləşdirmə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı sahələrində əldə edilən nailiyyətlər geniş əks olunmuşdur. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən müstəqillik illərində iqtisadi islahatların vacib tərkib hissəsi kimi dövlət əmlakının özəlləşdirilməsi istiqamətində tarixi addımlar atılmışdır. Bu illər ərzində 45 minədək müəssisə və obyekt özəlləşdirilmiş, 1600-dək dövlət müəssisəsi səhmdar cəmiyyətinə, 500 mindən çox əmək kollektivinin üzvləri və vətəndaşlar əmlak mülkiyyətçilərinə və səhmdarlara çevrilmişlər.
Müstəqilliyin 20 ili ərzində Xəzər Dəniz Gəmiçiliyi də uğurlu yol keçmişdir. Donanmanın ümumi dedveyti 520,7 min ton təşkil etmişdir. Xəzər Dəniz Gəmiçiliyinin sahib olduğu 84 nəqliyyat gəmisi Avropa, Asiya və Afrikanın 130-dan çox limanına yan alır. Xəzər Dəniz Gəmiçiliyinin nəzdində Elmi Tədqiqat İnstitutu, Dövlət Dəniz Akademiyası, gəmiqayırma zavodu fəaliyyət göstərir. Bütün bu uğurlar gəmiçiliyin pavilyonunda geniş əks olunmuşdur.
Müstəqil Azərbaycanda kənd təsərrüfatının inkişaf dinamikasını əks etdirən pavilyondan aydın görünür ki, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində dövlətimizin siyasəti uğurla həyata keçirilir. Kənd təsərrüfatında ümumi məhsulun artım dinamikası 20 il ərzində 3 milyard 877,7 milyon manat təşkil etmiş, məhsul istehsalçılarına ümumilikdə 109,3 milyon manat subsidiya verilmişdir. Ötən il ölkə üzrə taxıl istehsalı 2 milyon tonu ötmüşdür. Bu isə ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirilən işlərə töhfədir.
"Azərbaycan Hava Yolları" QSC-nin təqdim etdiyi pavilyonda müstəqillik illərində təyyarə parkının yenilənməsi, əhaliyə göstərilən xidmətlərin daha da yaxşılaşdırılması, daxili və beynəlxalq uçuşların artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilir. İldə bir milyondan çox sərnişin daşıyan "Azərbaycan Hava Yolları" QSC-nin təyyarələri həftədə 150-dən çox uçuş həyata keçirir. Tam yenilənmiş təyyarə parkında "Boing-767", "Boing-757", "Airbus" və ATR tipli sərnişin təyyarələri vardır. Ölkədə müasir hava limanları şəbəkəsi yaradılmışdır. Lənkəran, Zaqatala, Gəncə və Naxçıvanda fəaliyyət göstərən müasir hava limanları hətta beynəlxalq reysləri də rahat şəkildə qəbul edir.
Nəqliyyata həsr olunan pavilyonda ölkənin nəqliyyat sisteminin inkişaf dinamikası nümayiş etdirilir. Azərbaycanın avtomobil yolları şəbəkəsinin yenidən qurulması ilə bağlı görülən genişmiqyaslı tədbirlər nəticəsində ölkəmizin demək olar ki, bütün əsas yolları yüksək səviyyədə inşa olunmuşdur. Artıq Bakı şəhərində nəqliyyatın intellektual idarə edilməsi sisteminin reallaşdırılmasına başlanılmışdır. 2004-2010-cu illərdə ölkə üzrə 1,23 milyard ton yükdaşıma həyata keçirilmişdir. Bu dövrdə təkcə Bakı şəhərində 15 yol ötürücüsü inşa olunmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, müstəqilliyin bərpasının 20 illiyi münasibətilə təşkil edilmiş milli sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti də geniş əks olunmuşdur. Sərgidə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasına diqqət və qayğısını əks etdirən fotostend və film nümayiş olunur. Sərgidə əlil və şəhid ailələri üçün müxtəlif bölgələrdə inşa edilən çoxmənzilli və fərdi yaşayış binaları, əlillərin regional bərpa mərkəzləri, Sumqayıt Paralimpiya İdman Kompleksi, əhalinin sosial müdafiəsi mərkəzləri üçün yeni tikilən inzibati binalar, habelə müharibə əlillərinə dövlət hesabına verilən minik avtomobillərini əks etdirən fotolar yer almışdır. Burada gələcəkdə görüləcək işlər barədə də məlumatlar verilir. Sərgidə elektron xidmətlərin tətbiqi sahəsində əldə olunan nailiyyətlər də nümayiş etdirilir.
Ölkəmizdə baş verən fövqəladə halların aradan qaldırılması istiqamətində əməli fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin təmsil olunduğu pavilyonda əsasən, elektron idarəetmə sistemi sərgilənir. Burada nazirliyin bütün struktur və bölmələrində idarəetmənin təşkili, əlaqələndirmə və məlumatlandırma vahid mərkəzdən idarə olunur. Ötən ilin aprel-may aylarında Kür və Araz çaylarında baş vermiş təbii fəlakətin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər nazirliyin bütün qüvvələrinin yüksək peşə hazırlığından xəbər verir.
Vergilər Nazirliyinin təqdim etdiyi pavilyonda müstəqil Azərbaycanın vergi sistemi təmsil olunur. Burada ümummilli lider Heydər Əliyevin müasir vergi sisteminin yaradılması və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin vergi sisteminin modernləşdirilməsi sahəsində görülən işlər nümayiş etdirilir. Yaradıldığı dövrdən nazirliyin əldə etdiyi nailiyyətlər faktlar və rəqəmlər əsasında sərgi iştirakçılarının diqqətinə çatdırılır.
Gömrük sisteminin təkmilləşdirilməsi və fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən tədbirlər də ayrıca pavilyonda nümayiş olunur. Burada xarici ticarət, idxal-ixrac əməliyyatları haqqında məlumatlara da geniş yer ayrılmışdır. Pavilyonda gömrük sisteminin inkişaf etdirilməsi ilə əlaqədar beynəlxalq təcrübənin tətbiqi, əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr haqqında məlumatlar da əksini tapmışdır.
Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təmsil olunduğu pavilyonda bu enerji mənbələrindən istifadə olunması sahəsində görülən işlər öz əksini tapmışdır. Burada Qobustanda istifadəyə verilən Eksperimental Poliqon və Tədris Mərkəzi barədə də ətraflı məlumat almaq mümkündür.
Meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən layihələr də ayrıca pavilyonda nümayiş olunur. Müstəqillik illərində dövlətimizin həyata keçirdiyi əsas işlərdən biri də yeni su anbarlarının tikintisi ilə bağlı olmuşdur. Hazırda Dünya Bankının krediti ilə respublikamızın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi istiqamətində müvafiq işlər görülür. Pavilyonda "Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində görülən işlər barədə də ətraflı məlumatlar verilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin stendinə baxan Prezident İlham Əliyevə müstəqilliyimizin 20 ili ərzində rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələr, əldə edilən nailiyyətlər, həmçinin perspektiv inkişaf istiqamətləri barədə məlumat verildi. Qeyd olundu ki, yalnız son 7 il ərzində rabitə sektorunda əldə olunan gəlirlərin həcmi beş dəfə artmış, internet istifadəçilərinin və mobil abunəçilərin sayı dəfələrlə çoxalmışdır. Bundan əlavə, rabitə sahəsində infrastrukturun genişləndirilməsi, elektron hökumət həlləri, poçt-maliyyə sisteminin inkişafı, radio və televiziya yayımının əhatə dairəsinin və keyfiyyətinin yüksəldilməsi barədə məlumatlar da ekspozisiyada əksini tapmışdır.
Dövlətimizin başçısı ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması istiqamətində görülən işlərlə də tanış oldu.
Dinamik inkişaf edən Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər, tətbiq olunan yeniliklər və beynəlxalq təhsil sisteminə inteqrasiya geniş şəkildə nümayiş olunur. Stendlərdə təhsil sisteminin informasiyalaşdırılması, ali məktəblərə qəbul prosesi, inşa olunan və yenidən qurulan məktəblərin siyahısı, Heydər Əliyev Fondunun təhsilə qayğısı, təhsil sahəsində islahatlar, xaricdə təhsillə bağlı geniş məlumatlar verilmişdir.
Səhiyyə sahəsinə həsr olunan pavilyonda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun bu sahəyə göstərdiyi diqqət və qayğının təzahürü kimi yeni inşa olunan və əsaslı təmir edilən səhiyyə ocaqları barədə məlumatlar əks olunmuşdur.
"Ekol Mühəndislik Xidmətləri" QSC respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində aktual ekoloji yönümlü layihələri müasir texnika və texnologiyalarla həyata keçirən şirkətdir.
"Təmiz şəhər" ASC-nin təmsil olunduğu pavilyona baxan dövlətimizin başçısına məlumat verildi ki, tullantıların yerləşdirilməsini və utilləşdirilməsini müasir standartlar səviyyəsində həyata keçirən qurum paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görür. Tikintisi davam edən bərk məişət tullantıları zavodunu da bu tədbirlərə aid etmək olar. Stendlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən "Təmiz Qala" layihəsi çərçivəsində Bakının Qala kəndində görülən işlərdən geniş məlumat verilir.
Sərgidə Naxçıvan Muxtar Respublikasının 20 il ərzində əldə etdiyi nailiyyətlərə ayrıca guşə həsr olunmuşdur. Bu müddətdə muxtar respublikada 432 sənaye müəssisəsi yaradılmışdır. Ümumi daxili məhsulda özəl bölmənin payı 85,9 faiz təşkil edir. Hazırda Naxçıvanda 305 növ və 807 çeşiddə məhsul istehsal olunur. Ötən dövrdə 120 yeni məktəb binası tikilmiş, 58 məktəb əsaslı təmir edilmişdir. Üç min kilometrədək avtomobil yolu salınmış və ya yenidən qurulmuş, 125 körpü tikilmiş, yaxud əsaslı təmir olunmuş, 180 səhiyyə obyekti istifadəyə verilmiş, 164 meqavat gücündə 4 elektrik stansiyası inşa edilmişdir.
Muxtar respublikanın meliorasiya və su təsərrüfatının təkmilləşdirilməsi sahəsində görülən işlər də miqyasına görə seçilir. İndiyədək 160-dək nasos stansiyası qurulmuş, 360 subartezian quyusu qazılmışdır. Naxçıvanda 68,7 minədək yeni iş yeri açılmışdır.
Prezident İlham Əliyev özəl sektorun təmsil olunduğu pavilyonlarla da yaxından tanış oldu. Bildirildi ki, son illərdə Azərbaycanda yeni səhiyyə ocaqlarının, sanatoriyaların, mehmanxanaların inşası, kurort zonalarının inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
"Chinar Hotel & SPA Naftalan" kompleksi bu ilin fevral ayında Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamışdır. Bu günədək kompleks 1450 xəstə qəbul etmişdir ki, onların da 15 faizi xarici vətəndaşlardır.
Azərbaycanın müstəqilliyi ilə yaşıd olan "Azersun Holdinq" şirkətlər qrupu ölkədə qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətdir. "Azersun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı, geniş ixracat şəbəkəsinin sahibidir.
2003-cü ildə fəaliyyətə başlayan "AtaHoldinq" ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də milli sərgidə öz pavilyonu ilə təmsil olunmuşdur. Prezident İlham Əliyevə məlumat verildi ki, qurum şəhərsalma və milli memarlıq ənənələrinin qorunub saxlanılmasını, yaşayış məskənlərinin ərazilərindən səmərəli istifadə olunmasını təmin edir. Komitənin sifarişi ilə 18 şəhərin baş planı işlənmişdir. Hazırda komitənin sifarişi ilə Böyük Bakının regional inkişaf planı, Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonlarının planlaşdırma layihəsi, Gəncə, Sumqayıt, Xırdalan, Dübəndi və Türkanın baş planlarının layihələri üzərində iş gedir.
Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində digər sahələr kimi, üzümçülük və şərabçılıq özünün yüksək inkişaf mərhələsinə daxil olmuşdur.
"Naiqin Ko. Tovuz-Baltiya" MMC 1993-cü ildən fəaliyyət göstərir. İstehsal gücü sutkada 30 min şərti butulka olan müəssisənin buraxdığı məhsulun 95 faizi ixrac edilir. "Caspian Coast" şirkəti sərgidə şərablarını nümayiş etdirir. Şirkət ildə 7 min tonadək üzüm emal edir.
Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın digər sahələri kimi, elektroenergetika sənayesində də yeni infrastruktur layihələri həyata keçirilir. Sumqayıt Texnologiyalar Parkı belə layihələrdəndir.
Dövlətimizin başçısına məlumat verildi ki, müəssisədə müasir texnologiyalar əsasında respublikamız üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik elektroenergetika və maşınqayırma sənayesi məhsullarının istehsalı nəzərdə tutulmuşdur.
Ölkəmizdə istehsal olunan ayaqqabılar artıq xaricə ixrac olunur. Belə şirkətlərdən biri də "Daimoni" ayaqqabı fabrikidir. Dörd aydır fəaliyyət göstərən fabrik kişi və qadın ayaqqabıları istehsal edir. Hazırda müəssisədə ayda 26 min cüt ayaqqabı hazırlanır.
Son illər ölkəmizdə makaron istehsal edən fabriklərin sayı da artır. Bunlardan biri də 2006-cı ildən fəaliyyət göstərən "Karmen" makaron fabrikidir. Prezident İlham Əliyevə məlumat verildi ki, 12 çeşiddə makaron məhsulları tam kompyuterləşdirilmiş, yüksək gigiyenik normalara cavab verən ən müasir texnoloji şəraitdə istehsal olunur və qablaşdırılır. Fabrik daxili bazarı yüksək keyfiyyətli məhsullarla təmin edir.
Prezident İlham Əliyev "Mətanət A" şirkətinin pavilyonu ilə də tanış oldu. Bildirildi ki, "Mətanət A" da uzun müddətdir ki, milli şirkətlər içərisində aparıcı mövqeyə malikdir. Şirkətin ən son texnologiyalarla təchiz olunan zavodlarda istehsal edilən məhsulları artıq ölkəmizdə və onun hüdudlarından kənarda istehlakçıların rəğbətini qazanmışdır. Artıq "Mətanət A" brendi Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrdə də geniş tanınır.
Son illər ölkəmizdə süd və süd məhsulları emalı sahəsində də canlanma müşahidə olunur. Bu sahədə fəaliyyət göstərən müəssisələrdən biri də "Atena" süd məhsulları kombinatıdır. Burada 42 çeşiddə ağartı məhsulları istehsal olunur.
"Saloğlu" mebel fabriki 2004-cü ildə istehsala başlamışdır. Hazırda Azərbaycanın ən böyük mebel istehsalçılarından biridir. Fabrik məhsullarını beşdən çox xarici ölkəyə ixrac edir.
Ölkəmizin iri şirkətlərindən olan "Gilan Holdinq" 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyət sahələrini sürətlə genişləndirmiş və ölkədə aparıcı şirkətlərdən birinə çevrilmişdir. "Gilan Holdinq" Prezident İlham Əliyevin regionlarımızın sosial-iqtisadi inkişafı ilə bağlı sahibkarlara tövsiyələrini rəhbər tutaraq bölgələrdə iqtisadi inkişafın yüksəldilməsində fəal rol oynayır. Şirkət müəssisələrinin xeyli hissəsini məhz regionlarda açmışdır.
"Baku Steel Company" MMC regionda ən iri müasir polad istehsal edən müəssisədir. Şirkətin nominal istehsal gücü ildə 770 min ton təşkil edir.
Sonra dövlətimizin başçısı sərginin açıq havada nümayiş olunan hissəsinə baxdı.
"Azneftemaş" ASC-nin təşkil etdiyi sahəyə gələn Prezident İlham Əliyevə müasir qazma qurğuları barədə məlumat verildi. Bildirildi ki, "Ruslan UP 130/170" qazma qurğusu 3,2 min metr dərinlikdə qazma işləri aparmaq mümkündür. Mingəçevirdə yerləşən "Azneftemaş" ASC Özbəkistan, Türkmənistan, Rusiya və digər ölkələrdən sifarişlər qəbul edir.
Sumqayıt Texnologiyalar Parkı və Gəncə avtomobil zavodu da sərgidə öz məhsullarını nümayiş etdirir. Gəncə avtomobil zavodunda "MAZ" markalı müxtəlif təyinatlı yük avtomobilləri istehsal olunur.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə, Dövlət Sularda Xilasetmə, Tibb, Dövlət Yanğından Mühafizə xidmətləri və "İzotop" Xüsusi Kombinatı texnika və avadanlıqlarını açıq havada nümayiş etdirir.
Prezident İlham Əliyev sərginin işinə uğurlar arzuladı.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında