Qubada Heydər Əliyev Mərkəzi açılmışdır
{nl}
Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Azərbaycan Prezidenti abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış oldu. Məlumat verildi ki, ulu öndərin abidəsinin ucaldığı Heydər Əliyev adına mədəniyyət və istirahət parkı 1998-ci ildə ümummilli liderin 75 illik yubileyi ərəfəsində istifadəyə verilmişdir. Ötən müddət ərzində park şəhər əhalisinin sevimli istirahət guşələrindən birinə çevrilmişdir. Aparılan yenidənqurma işləri nəticəsində park daha da müasirləşmiş və gözəlləşmişdir. Burada müasir işıqlandırma sistemi yaradılmış, yaşıllıq zolağı daha da genişləndirilmişdir. Parkda ulu öndər Heydər Əliyevin abidəsinin yaxınlığında təbii və dekorativ daşlardan istifadə olunmaqla möhtəşəm şəlalə kompleksi yaradılmışdır.
Dövlətimizin başçısı Heydər Əliyevin abidəsinin müəllifi, xalq rəssamı, akademik Ömər Eldarov ilə görüşdü.
Bildirildi ki, ulu öndərin abidəsi Ukraynadan gətirilən qırmızı qranitdən hazırlanmışdır. Parkın ərazisində ümummilli lider Heydər Əliyevin adının əbədiləşdirilməsi və onun əvəzolunmaz xidmətlərinin təbliği və gələcək nəsillərə çatdırılması üçün Heydər Əliyev Mərkəzi də inşa olunmuşdur.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Diqqətə çatdırıldı ki, milli memarlıq elementlərindən istifadə olunmaqla müasir tikinti texnologiyalarına uyğun inşa olunan dördmərtəbəli mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey fəaliyyət göstərir. Burada ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılmışdır. Ümummilli liderin irsinin gənc nəsillərə çatdırılması üçün mərkəzdə virtual tədris sinifləri, üç konfrans zalı, kompyuter mərkəzi, kitabxana vardır. Bundan əlavə, mərkəzdə xarici dillər mərkəzi, 3D kinozalı, ədəbiyyat dərnəyi, kulinariya məktəbi, heykəltəraşlıq, xalça və rəsm studiyaları, fotostudiya da yerləşir. Burada gənc nəslin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına və onların bilik və bacarıqlarının daha yaxşı inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaqdır. Mərkəzdə yeməkxana, mətbəx, milli rəqs studiyası da yaradılmışdır.
Heydər Əliyev Mərkəzi ilə tanış olan dövlətimizin başçısı Quba rayon ictimaiyyəti nümayəndələri ilə görüşdü.
***
Prezident İlham ƏLİYEV ictimaiyyətin nümayəndələri qarşısında çıxış edərək dedi:
- Əziz dostlar, sizi ürəkdən salamlayıram. Bu gün həm Quba, həm ölkəmiz üçün çox gözəl bir gündür.
Qubada gözəl, əzəmətli, möhtəşəm Heydər Əliyev Mərkəzi açılır. Bu münasibətlə hamınızı ürəkdən təbrik edirəm. Deyə bilərəm ki, ölkəmizdə son illər ərzində tikilən Heydər Əliyev mərkəzlərinin bəlkə də ən yaraşıqlısı, möhtəşəmi və funksional baxımdan ən gözəli Quba mərkəzidir. Bu mərkəz həm şəhərə əlavə yaraşıq verir, eyni zamanda, burada müxtəlif tədbirlərin keçirilməsi üçün bütün şərait vardır. İndi mərkəzlə tanış olarkən gördüm ki, həm konfrans zalı, kinoteatr, dərnəklər, kafe fəaliyyət göstərir. Elə etməliyik ki, mərkəzdə daim iş getsin, Quba sakinləri, Qubanın qonaqları bu mərkəzdən səmərəli şəkildə istifadə etsinlər.
Bu il biz müstəqilliyimizin bərpasının 20-ci ildönümünü qeyd edirik. Ölkəmiz 20 il ərzində imkanlarını böyük dərəcədə genişləndirə bilmişdir. 20 il əvvəl - müstəqilliyimizin ilk illərində sual meydana çıxırdı ki, Azərbaycan necə inkişaf edəcək? On ildən, 20 ildən sonra necə ölkə olacaq? Bildiyimiz kimi, müstəqilliyimizin ilk illəri bizim üçün ağır illər kimi yadda qalıb, tarixdə qalıb. Ulu öndərin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra - 1993-cü ildə ölkəmizdə yeni dövr başladı. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başladı və qısa müddət ərzində vəziyyət sabitləşdi, iqtisadi tənəzzülə son qoyuldu. İqtisadi inkişaf başladı, ölkəyə investisiyalar gəlməyə başladı. Azərbaycan dünya birliyində özünə layiq yerini tuta bildi.
O vaxt Azərbaycan xalqı çox müdrik qərar qəbul etmişdir, ulu öndərə müraciət edib onu hakimiyyətə dəvət etmişdir və 1993-cü ildən bu günə qədər Azərbaycan yalnız inkişaf yolu ilə gedir. Bizim inkişafımız həm ölkə vətəndaşları tərəfindən qiymətləndirilir, eyni zamanda, beynəlxalq təşkilatlar Azərbaycanda gedən prosesləri yaxından izləyir və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycana yüksək reytinqlər verir. Bu, gördüyümüz işlərə beynəlxalq ictimaiyyət tərəfindən verilən qiymətdir. Əlbəttə, bu, çox sevindirici haldır, bizi daha da ruhlandırır. Ancaq ən əsası odur ki, Azərbaycan xalqının bütün bu işlərə verdiyi qiymət ən vacib məsələdir.
Artıq 20 il müstəqil ölkə kimi yaşayan Azərbaycan gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxır. Çünki bu günə qədər qəbul edilmiş bütün proqramlar icra edilir. Bir dənə də olsun yubanma, geriləmə yoxdur. Hər bir sahəni əhatə edən konkret proqramlar ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir. Bu proqramlardan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını xüsusilə qeyd etmək istərdim. 2004-cü ilin fevralında qəbul edilmiş bu Proqram artıq ikinci mərhələsinə qədəm qoyubdur. Proqramın icrası nəticəsində Azərbaycanın bölgələri böyük dərəcədə inkişaf edibdir. Bölgələrin inkişafı bizim üçün əsas məsələ kimi 2004-cü ildə qarşıya qoyulmuşdur, bu gün də belədir.
Bu gün bölgələrdə görülən işlər artıq deməyə imkan verir ki, proqramın böyük hissəsi icra edilib, 100 minlərlə iş yeri açılıbdır. Bütün şəhərlərimiz, rayon mərkəzlərimiz abadlaşıb, gözəlləşib. İnfrastruktur layihələri icra edilir. Bütün ölkəmizdə yol çəkilişi layihələri icra edilir. İndi hər bir rayon mərkəzində, hər bir şəhərdə içməli su, kanalizasiya layihələri icra edilir, qazlaşdırma prosesi uğurla gedir. İnsanların normal yaşaması üçün lazım olan bütün digər tədbirlər görülür. Xəstəxanalar, məktəblər, idman qurğuları, idman kompleksləri yaradılır. Bu inkişafı qubalılar öz rayonlarının timsalında da görə bilirlər.
Qubada çox gözəl Olimpiya Kompleksi, ən yüksək standartlara cavab verən Müalicə-Diaqnostika Mərkəzi, möhtəşəm Heydər Əliyev Mərkəzi tikilmişdir. Rayonda infrastruktur layihələri icra edilir. Bakı-Quba avtomobil yolu istismara verilmişdir və çox rahat, gözəl, beynəlxalq standartlara uyğun bir yoldur. İndi Bakıya və qonşu rayonlara çox rahat getmək mümkündür.
Kəndlərdə abadlıq işləri aparılır. Qubanın çox böyük turizm potensialı vardır. Əfsuslar olsun ki, əvvəlki dövrdə biz bu imkanlardan lazımi səviyyədə istifadə edə bilməmişik. Ancaq indi turizmin inkişafına daha da böyük diqqət göstərilir. Qubada beşulduzlu mehmanxananın tikintisi gedir, digər turizm kompleksləri yaradılır və yaradılmalıdır. Bir sözlə, Quba rayonunun hərtərəfli inkişafı üçün son illər ərzində kifayət qədər diqqət göstərilmişdir, vəsait ayrılmışdır. Yaxın zamanlarda əlavə vəsait ayrılacaqdır.
Quba Azərbaycanın qədim şəhəridir, qədim diyarımızdır. Azərbaycanın qədim şəhərlərinə dövlət tərəfindən diqqət də xüsusi məna daşımalıdır.
Bizim bütün şəhərlərimiz abadlaşır. Hər bir rayonda, hər bir qəsəbədə inkişaf gedir. Hər bir rayonun, şəhərin inkişafı Prezident kimi mənim üçün əhəmiyyətlidir və vacibdir. Ancaq tarixi nöqteyi-nəzərdən Azərbaycanda elə qədim diyarlar, şəhərlər var ki, onların adları qədim xəritələrdə də göstərilir. Quba da o şəhərlərin arasında özünə layiq yer tuta bilmişdir. Buna görə Qubaya xüsusi diqqət göstərilməlidir.
Gələcəkdə rayonun sosial-iqtisadi inkişafı üçün əlavə tədbirlər görüləcəkdir. Burada həm iş yerləri yaradılır və yaradılmalıdır, sosial infrastruktur yenilənməlidir, məktəb tikintisi gedir, daha da sürətlə getməlidir. İndi məktəb tikintisi bütün ölkəmizdə geniş vüsət almışdır. Elə etməliyik ki, ən ucqar kənd məktəbi də yüksək səviyyədə tikilsin.
Kənd yollarına xüsusi diqqət göstərilir. Son vaxtlar Prezidentin Ehtiyat Fondundan müxtəlif kənd yollarının tikintisi üçün vəsait ayrılmışdır. Quba rayonuna isə bəlkə də hamıdan əvvəl vəsait ayrılmışdır. Yadınızdadır, bir neçə il bundan əvvəl Quba-Xınalıq yolu əsaslı şəkildə tikilmişdir və daim nəzarətdə saxlanılmalıdır. Çünki siz yaxşı bilirsiniz, orada təbii şərait elədir ki, bəzi hallarda yol sıradan çıxır, dərhal bərpa olunmalıdır. Bütün yollarımız tikilməlidir, insanların normal yaşaması üçün bütün şərait yaradılır və yaradılmalıdır.
Azərbaycanın bugünkü uğurlu inkişafı yenə də deyirəm, dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan bölgədə ən güclü dövlətdir. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi bizim ölkədə formalaşır. Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır və əhalimiz ildən-ilə artır. Artıq 9 milyon 100 min əhalimiz var və getdikcə daha da artacaqdır. Əlbəttə ki, təbii sərvətlərimiz bizə inam, əlavə qüvvə verir. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. Hər bir vətəndaş bu müsbət dəyişiklikləri öz həyatında görməlidir və biz bunun üçün çalışırıq.
Beləliklə, bölgələrin inkişafı və qeyri-neft sektorunun artması nəticəsində işsizlik kimi böyük bir bəla aradan qaldırılır. Bu il Azərbaycanın iqtisadi inkişafı, inkişaf templəri o qədər də yüksək deyildir. Bunun da səbəbi ondadır ki, neftin hasilatı bir qədər azalmışdır və bu, ümumi göstəriciyə dərhal təsir göstərir. Ancaq bu, artıq əsas məsələ deyildir. Əsas məsələ ondadır ki, qeyri-neft iqtisadiyyatımız artır. Bu, onu göstərir ki, vaxtilə neft sənayesinə qoyulan vəsait artıq qeyri-neft sənayesinin inkişafı üçün işləyir. Bu, onu göstərir ki, düşünülmüş proqramların icrası nəticəsində biz iqtisadiyyatımızın şaxələndirilməsi məsələlərinə də nail ola bilmişik. Gələcəkdə biz hər bir bölgənin özünə xas olan xüsusiyyətlərindən səmərəli şəkildə istifadə etməliyik. Turizm, kənd təsərrüfatı, yüngül sənaye, emal sənayesi - bu sahələr bu bölgə üçün daha da önəmlidir və əminəm ki, gələcəkdə bu məqsədlərə çatmaq üçün əlavə tədbirlər görüləcəkdir.
Bildiyiniz kimi, mən dəfələrlə Qubada olmuşam və vəziyyətlə maraqlanmışam. Bu gün də bəzi tədbirlərdə iştirak edəcəyəm. Demək istəyirəm ki, əmin ola bilərsiniz, Qubada gedən proseslər daim mənim nəzarətim altındadır, mən burada gedən işlərlə daim maraqlanıram. Burada yenilikləri, gözəl binaları, abadlığı görəndə mən də sizin kimi sevinirəm.
Mən bir daha sizi bu gözəl hadisə - ulu öndərin adına layiq olan möhtəşəm mərkəzin açılışı münasibətilə təbrik edirəm. Sizə cansağlığı və uğurlar arzulayıram. Sağ olun.
Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən Habil BAYRAMOV Qubaya göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:
- Möhtərəm cənab Prezident! İcazə verin, Sizi bütün Quba ictimaiyyəti adından salamlayım, gözəl, füsunkar təbiətə malik olan rayonumuza "Xoş gəlmisiniz!" deyim.
Biz müstəqil Azərbaycanımızın bu gününə görə hər birimizin borclu olduğu dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan, gənclərimizin and yeri olacaq möhtəşəm bir mərkəzin açılışına toplaşmışıq. Hələ sovetlər dövründə respublikamıza rəhbərlik etdiyi illərdə ümummilli lider Azərbaycanı geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevirmişdi. Biz fəxr edirik ki, ulu öndərin qurub yaratdığı müstəqil Azərbaycanın taleyi bu gün etibarlı əllərdədir. Qürur hissi ilə deyirik ki, biz Sizin rəhbərlik etdiyiniz Azərbaycanın vətəndaşlarıyıq. Azərbaycan dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi sürətli inkişafa nail olmuşdur. Bu inkişaf Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə respublikamızın hər bir vətəndaşının rifah halının yüksəlməsinə yönəlmiş mühüm sosial və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
Bu gün xalqımız qüdrətli Vətənimizdə çox rahat yaşayır. Bütün bunlar Sizin rəhbərlik etdiyiniz müstəqil Azərbaycanımızın bugünkü reallıqlarıdır.
Ölkəmizin hər bir guşəsi kimi, Quba rayonu da inkişaf etməkdədir. Sizin diqqətiniz və qayğınız sayəsində Quba tanınmaz dərəcədə dəyişmiş, inkişaf etmiş, insanlarımızın rifah halı yaxşılaşmışdır. Qısa müddət ərzində rayonda Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, "Şahdağ" modul tipli elektrik stansiyası istifadəyə verilmiş, 60-dan çox məktəb binası tikilmiş və təmir edilmiş, çoxlu sayda mədəniyyət və turizm obyektləri, sənaye müəssisələri, ticarət mərkəzləri yaradılmış, park və xiyabanlar salınmış, yeni yollar çəkilmiş, kənd və qəsəbələrimiz abadlaşdırılmışdır. Qafqazın ən hündür və ucqar yaşayış məntəqələrindən olan Xınalıq kəndinə yolun açılışı zamanı Siz demişdiniz ki, əgər biz Xınalığa yol çəkə biliriksə, deməli, Azərbaycanda həlli mümkün olmayan layihə ola bilməz. Bəli, Siz bizim sözü bir, əməli bir Prezidentimizsiniz. Sizin fəaliyyətiniz bütün insanlar, xüsusən də gənclər üçün nümunə və örnəkdir. Biz Sizinlə fəxr edirik, cənab Prezident!
Erməni vandalizminin əyani sübutu olan Quba Soyqırımı Memorial Kompleksinin yaradılması barədə sərəncamınız və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu möhtəşəm abidə kompleksinin tikintisinə başlanılması bir daha onu göstərdi ki, Siz və çox hörmətli Mehriban xanım xalqımızın qan yaddaşının qorunub saxlanılmasına və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına nə qədər həssaslıqla yanaşırsınız.
Cənab Prezident, mən rayonumuzun qədim elm-təhsil ocağı olan Əmsar kənd tam orta məktəbinin direktoruyam. Mən və bütün pedaqoji kollektivimiz Sizin rəhbərliyiniz altında ölkəmizdə aparılan işlərin, şagirdlərimizin dünyagörüşünə, ölkəmizdə gedən proseslərin onların vətənpərvər ruhda böyümələrinə necə müsbət təsir etdiyinin şahidiyik. Yeri gəlmişkən, onu da məruzə etmək istəyirəm ki, bu il məktəbimiz üçün də əlamətdar hadisə ilə yaddaqalan olmuşdur. Belə ki, məktəbimiz "İlin ən yaxşı təhsil müəssisəsi" müsabiqəsinin qalibi olmuş və Sizin sərəncamınızla 10 min manat məbləğində pulla mükafatlandırılmışdır.
Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, xalqımız dövlət müstəqilliyinin 20 illiyini qeyd etməyə hazırlaşır. Tarix, zaman göstərmişdir ki, dövlət müstəqilliyini əldə etmək, onu qoruyub saxlamaq nə qədər qürurverici olsa da, bir o qədər çətindir və şərəflidir. Azərbaycanımızın dövlət müstəqilliyi ulu öndərimiz tərəfindən mərdlik, cəsarət və şərəflə qorunub saxlanılmış, bu gün isə Sizin rəhbərliyiniz altında daha da möhkəmlənmiş, ölkəmiz güclənmiş və qüdrətlənmişdir. Bu işdə Sizə böyük uğurlar və müvəffəqiyyətlər arzulayıram. Sizi əmin etmək istəyirəm ki, rayonumuzun gəncləri, ziyalıları, bütün qubalılar daim Sizin ətrafınızdadır və bütün işlərdə Sizə uğurlar diləyirik. Çox sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.