Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli xanımlar və cənablar, əziz dostlar!
Bu gün çox əlamətdar bir gündür. Biz şəhərin mərkəzində böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun abidəsinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm.
Bu abidənin açılışı onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz görkəmli şəxsiyyətlərinin xatirəsinə böyük hörmətlə yanaşır. Fikrət Əmirov Azərbaycan xalqının sevimli bəstəkarıdır. O, öz xalqına çox bağlı olan insan idi. Onun əsərləri - həm klassik əsərləri, həm mahnıları göstərir ki, bu insanda milli duyğular nə qədər yüksək səviyyədə idi.
Bildiyiniz kimi, Fikrət Əmirov simfonik muğam janrının müəllifi, onun yaradıcısı idi. Muğam milli sərvətimizdir. Muğam milli şüurumuz, milli ruhumuzdur. Bu gün müstəqil Azərbaycan əlbəttə ki, milli irsini qorumağa qadirdir. O dövrdə - sovet dövründə simfonik muğam janrının yaradıcısı kimi, Fikrət Əmirov həm öz yaradıcı axtarışının nəticələrini görmüşdü, eyni zamanda, doğma xalqına, xalq mədəniyyətinə olan duyğular bu gözəl janrı yaratmağı ona nəsib etmişdir.
Bu gün muğam YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Artıq Azərbaycan dünyada muğamın vətəni kimi tanınır. Ölkəmizdə keçirilən muğam festivalları, muğam müsabiqələri bütün dünyaya göstərir ki, muğamın vətəni Azərbaycandır.
Fikrət Əmirov, eyni zamanda, böyük əsərlərin müəllifi idi. "Sevil" operası, "Nəsimi", "Nizami" baletləri ona həm Azərbaycanda, həm Sovet İttifaqı məkanında böyük şöhrət qazandırmışdır. "Min bir gecə" baleti isə ona dünya şöhrəti qazandırmışdır. "Min bir gecə" baleti bu gün dünyanın müxtəlif ölkələrinin şəhərlərində nümayiş etdirilir. "Min bir gecə" baleti 1981-ci ildə Moskvada Kreml sarayında böyük təntənə ilə səhnəyə qoyulmuşdur. Mən o günü yaxşı xatırlayıram. O gün həm Fikrət Əmirovun istedadının, musiqisinin, eyni zamanda, Azərbaycan musiqisinin təntənəsi günü idi.
Bilirsiniz ki, ulu öndər Heydər Əliyev Fikrət Əmirovun fəaliyyətinə, onun şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Onları dostluq əlaqələri bağlayırdı. Bəzi hallarda onların görüşlərini mən də kənardan müşahidə edirdim və görürdüm ki, bu insanlar arasında nə qədər səmimi münasibətlər vardır. O vaxt Sovet İttifaqının ən böyük mükafatı - "Sosialist Əməyi Qəhrəmanı" adı da Fikrət Əmirova sovet dövləti tərəfindən Heydər Əliyevin təşəbbüsü ilə verilmişdi.
Fikrət Əmirov bütün ömrü, bütün yaradıcılığı ilə Azərbaycan xalqına xidmət edirdi. Bir daha demək istəyirəm ki, onda çox böyük vətənpərvərlik duyğuları var idi. Baxmayaraq ki, yenə də deyirəm, o vaxt Azərbaycan müstəqil deyildi və ölkəmizin incəsənətini, Azərbaycan xalqının nə qədər istedadlı olduğunu biz ancaq incəsənət vasitələri ilə nümayiş etdirə bilərdik. Bu gün Azərbaycan əlbəttə, müstəqil dövlətdir və müstəqil dövlət kimi uğurla inkişaf edir, yaşayır, özünü tanıtdıra bilmişdir. O illərdə - sovet dövründə biz Azərbaycan xalqının nə qədər istedadlı olduğunu dünyaya ancaq bu yollarla - incəsənətlə, musiqi ilə, ədəbiyyatla nümayiş etdirə bilirdik. Azərbaycan xalqının nə qədər istedadlı olduğunu bilmək üçün təkcə musiqimizə qulaq asmaq kifayətdir.
Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, onun Fikrət Əmirov kimi böyük bəstəkarları olmuşdur və vardır. Çünki onun əsərləri bu gün də yaşayır. Fikrət Əmirov həyatdan tez getdi. Otuz ilə yaxındır ki, o, bizim aramızda deyildir. Ancaq onun əsərləri yaşayır. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayır. Onun əsərləri isə hər bir Azərbaycan vətəndaşının ürəyində yaşayır. Çünki bu ölməz əsərlər doğrudan da, ən böyük qiymətə layiqdir və ən böyük qiyməti məhz zaman vermişdir. Əgər bu əsərlər bu gün də aktualdır, bu gün də böyük maraq doğurursa, deməli, doğrudan da bu əsərlər bundan sonra da yaşayacaqdır və bu əsərlər ölməzdir.
Dünən Azərbaycanda Musiqi Günü qeyd edilmişdir və bir daha görürük ki, bizim nə qədər zəngin musiqi mədəniyyətimiz vardır - həm klassik əsərlər, həm bəstəkarların əsərləri, həm milli musiqimiz. Bizim musiqimiz bizim milli sərvətimizdir. Biz musiqi irsimizi həm qorumalıyıq, həm musiqimizi inkişaf etdirmək, yeni gənc musiqiçilərin uğurlu fəaliyyəti üçün daha da böyük işlər görməliyik.
Bu gün buraya gəlməzdən əvvəl biz Qara Qarayevin adını daşıyan musiqi məktəbinin əsaslı təmirdən sonra açılışını da qeyd etdik. Çox gözəl məktəbdir. Həm məktəbin sahəsi iki dəfədən artıq böyükdür, həm də orada bütün gözəl avadanlıq, musiqi alətləri vardır. Əlbəttə, belə musiqi məktəblərinin təmiri, yaradılması sayəsində Azərbaycan musiqisi yaşayacaqdır. Azərbaycan dövləti görkəmli şəxsiyyətlərinin xatirəsinə həmişə çox böyük hörmətlə yanaşır və yanaşacaqdır. Onu da qeyd etmək istəyirəm ki, yaxın zamanlarda Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin də Bakı şəhərinin mərkəzində abidəsi ucaldılacaqdır.
Bütövlükdə mədəniyyət, incəsənət məsələlərinə həmişə olduğu kimi, böyük diqqət göstərilir və göstərilməlidir. Bu, əvvəlki dövrlərdə də elə olub. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev sənət adamlarına daim böyük diqqətlə yanaşırdı, onlarla daim ünsiyyətdə idi, onların fəaliyyəti ilə maraqlanırdı. Sovet dövründə onlara ən yüksək mükafatların verilməsində fəal iştirak edirdi. Müstəqillik dövründə yaradıcı insanların fəaliyyəti üçün çox böyük işlər görürdü. Bu gün də bu siyasət davam etdirilir. Mən çalışıram ki, öz növbəmdə Azərbaycan mədəniyyəti, incəsənəti, musiqi sənəti üçün böyük işlər görmüş insanlarla əlaqədə olum, onlarla bir yerdə olum. Belə gözəl tədbirlərdə bir yerdə olmaq mənim üçün çox xoşdur.
Biz mədəniyyətimizlə haqlı olaraq fəxr edirik. Bu gün müstəqil Azərbaycan özünü dünyada mədəni ölkə kimi təqdim edir. Bizim bütün digər sahələrdə əldə etdiyimiz uğurlarla bərabər, bu sahədəki uğurlar da məni xüsusilə sevindirir. Gənclərimiz beynəlxalq musiqi festivallarında, müsabiqələrdə ən yüksək yerləri tuturlar. Bu gənclər müstəqillik dövründə yetişmişlər. Bizim tanınmış bəstəkarların, şairlərin, yazıçıların əsərləri beynəlxalq aləmə çıxır, müxtəlif ölkələrin səhnələrində nümayiş etdirilir. Azərbaycan mədəniyyətini təbliğ etmək üçün dünyanın ən böyük paytaxtlarında Azərbaycan günləri keçirilir. Ölkəmizdə bir qayda olaraq musiqi festivalları keçirilir. Bütün teatrlarımızda təmir işləri aparılıbdır və bu işlər davam etdirilir. Bütün muzeylərdə təmir işləri aparılıbdır və yeni muzeylər yaradılır. Müasir İncəsənət Muzeyi, Dövlət Bayrağı Muzeyi yaradılmışdır. İstiqlal Muzeyinin yaradılması ilə bağlı işlər gedir. Qədim tariximizi əks etdirən Qala Arxeoloji-Etnoqrafik Muzeyi fəaliyyətə başlamışdır. Yəni, bizim doğrudan da çox zəngin tariximiz və çox böyük mədəniyyətimiz vardır. Biz çalışırıq ki, bu gözəl nümunələri həm ölkə vətəndaşlarına, həm beynəlxalq ictimaiyyətə göstərək. Əminəm ki, biz bundan sonra da həm mövcud olan mədəni irsimizin təbliğində daha da ardıcıl işlər aparacağıq və ən önəmlisi isə, gənc nəslin bu sahəyə diqqət yetirməsi üçün Azərbaycan dövləti əlavə tədbirlər görəcəkdir.
Mən çox şadam ki, gənclərimiz milli musiqiyə çox böyük maraq göstərirlər. Çünki indiki zəmanədə, qloballaşan dünyada, bilirsiniz, bəzi hallarda gənclər doğma olmayan musiqiyə daha çox üstünlük verirlər. Azərbaycanda isə biz bunun əksini görürük. Gənclərimiz milli ruhda böyüməlidirlər. Bizim gözəl musiqi əsərlərimiz onlar üçün tanış olmalıdır. Əlbəttə, sizin - görkəmli mədəniyyət xadimlərinin işi və bu sahədəki fəaliyyəti çox böyük əhəmiyyətə malikdir.
Mən çox şadam ki, gənclərimiz muğam sənətinə çox böyük həvəslə yanaşırlar. Hətta estradamızda da milli motivlər, milli təranələr üstünlük təşkil edir. Biz bunu qorumalıyıq, saxlamalıyıq. Çünki hər bir xalqın milli mənliyinin qorunması üçün onun mədəniyyəti, incəsənəti, musiqisi, dili və tarixi başlıca rol oynayır. Biz onilliklər, yüzilliklər ərzində başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq milli mənliyimizi saxlaya bilmişik, həmçinin incəsənət, ədəbiyyat, musiqi sahəsində. Gələcək nəsillər üçün də bu, bir örnəkdir.
Bu gün müstəqil Azərbaycan bütün sahələrdə öz imkanlarını dünyaya təqdim edir. Bizim böyük musiqi sənətimiz təqdirəlayiqdir. Mən çox şadam ki, dünyada Azərbaycan musiqisi tanınır.
Fikrət Əmirov böyük bəstəkar, gözəl insan, ziyalı insan idi. Onun adı əbədiləşdirilib. Bakıda, Gəncədə, Sumqayıtda onun adını daşıyan yerlər, musiqi məktəbləri vardır. Gəncə Filarmoniyası, Dövlət mahnı və rəqs ansamblı onun adını daşıyır. Bax, bu küçə Fikrət Əmirovun adını daşıyır. Bu gün isə Fikrət Əmirovun abidəsi açılır. Bir daha mən sizin hamınızı, Fikrət Əmirovun ailəsini, bütün musiqi ictimaiyyətini bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sağ olun!
***
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad BƏDƏLBƏYLİ mərasimdə çıxış edərək Fikrət Əmirov yaradıcılığından, onun mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən danışdı. O, ulu öndər Heydər Əliyevin tanınmış bəstəkara və onun əsərlərinə verdiyi böyük dəyərdən bəhs edərək dedi:
-Yadımdadır, bir dəfə Mstislav Rostropoviç buraya gələndə ulu öndər konsertdən sonra bizi yığıb musiqi haqqında söhbət aparırdı. Onun Fikrət Əmirov haqqında çox maraqlı tövsiyələri var idi. O, bizə deyirdi ki, mən "Azərbaycan kapriççiosu"nu eşidəndə elə bil mənim gözlərim önündə bütün Azərbaycan - dağlar, meşələr, çaylar, göllər, insanlar canlanır. Yəni, mən bu əsərdə bütün Azərbaycanı hiss edirəm. Doğrudan da, "Azərbaycan kapriççosu" ən sevimli əsərlərdən biri idi. Biz onu eşidəndə finalda ulu öndəri hiss edirik. Bu, çox əzəmətli bir əsərdir. Bu, bəlkə də Azərbaycanın vizit kartı idi. Yadımdadır, mən hələ onda cavan idim, ulu öndər Qara Qarayevə, Niyaziyə, Fikrət Əmirova, Rəşid Behbudova nə qədər diqqət yetirirdi. Sovetlər vaxtında balaca bir ölkədə musiqi sahəsində dörd nəfərin Sosialist Əməyi Qəhrəmanı adını qazanması çox çətin idi. Amma Azərbaycanda dörd nəhəng insan - Qara Qarayev, Rəşid, Fikrət, Niyazi qəhrəman idi. Bu hamısı, əlbəttə, böyük ulu öndərin siyasəti sayəsində mümkün olmuşdu.
Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Fərhad Bədəlbəyli dahi bəstəkar Fikrət Əmirova göstərilən diqqəti musiqimizə, bütövlükdə mədəniyyətimizə göstərilən böyük qayğı adlandıraraq bildirdi:
-Bu il bizim üçün çox önəmli ildir. Bu il Bakı Musiqi Akademiyasının 90 illiyidir. Əlbəttə, bu, böyük bir fəxrdir ki, dahi bəstəkar Fikrət Əmirov məhz bizim konservatoriyanın yetirməsidir. Üzeyir bəyin ən sevimli və ən istedadlı şagirdlərindən biri idi. Fəxr edirik ki, Fikrət Əmirovun bu əsəri hər gün Afinada, Londonda, Berlində, Vilnüsdə, İtaliyada, hər yerdə səslənir. Qoy o gün olsun ki, Fikrət Əmirovun "Azərbaycan kapriççiosu"na Sizinlə birliklə bir yerdə Şuşada - Cıdır düzündə qulaq asaq.
***
SSRİ xalq artisti, "Sevil" operasında Sevilin partiyasının ilk ifaçısı Firəngiz ƏHMƏDOVA Fikrət Əmirova abidə qoyulmasını dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinə verilən növbəti hədiyyə kimi qiymətləndirərək dedi:
-Fikrət Əmirovun bu gözəl abidəsi hamımızı sevindirir. Fikrət Əmirov böyük şəxsiyyət, böyük bəstəkar idi. Hələ çox illər bundan qabaq ABŞ-da onun "Kürd ovşarı" və "Şur" muğam simfoniyaları bütün dünyada tanınan dirijor Stakovskinin rəhbərliyi altında səslənmişdir. Bundan başqa, Fikrət Əmirovun muğam əsərləri, simfonik əsərləri dünyanın çox ölkələrində indi də səslənir. Bilirsiniz, mənim üçün bu gün elə bayramdır ki, ürəyimdəki sözlərin hamısını deyə bilmirəm. Ancaq mən ölkəmizin rəhbərliyinə, şəxsən hörmətli Prezidentimizə, çox istəkli birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bizim mədəniyyətə, musiqiyə böyük qayğı göstərirlər. Çox sağ olun.
***
Görkəmli bəstəkar Fikrət Əmirovun oğlu Cəmil ƏMİROV atasının xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə ailə üzvləri adından təşəkkür edərək dedi:
- Bu əlamətdar gündə mən Fikrət Əmirovun ailəsi adından onun xatirəsini yad edən, onun adını uca tutan hər bir kəsə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz ki, bəstəkarın xatirəsi daim yad edilir. Onun yaradıcılıq irsi Azərbaycan musiqisinin yüksək rəmzi kimi dünyanın hər bir guşəsində layiqincə təqdim olunur. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu gündən sonra F.Əmirovun siması Bakının ən gözəl guşələrindən birində seyr ediləcək, yad olunacaqdır. Düşünürəm ki, bu abidənin ucaldılması, Azərbaycan rəhbərliyinin və şəxsən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin mədəniyyətimizə həssas duyğusunun ifadəsidir. Bu diqqətə və qayğıya görə ailəmiz adından və şəxsən öz adımdan Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Sağ olun.
***
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında