Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nitqi

- Çox dəyərli qardaşım, hörmətli Prezidentim!
Hörmətli Mehriban xanım!
Dəyərli qardaşlarım, xanımlar və bəylər!
Sizləri bu çox gözəl açılış mərasimində ən səmimi duyğularımla salamlayıram. Həqiqətən, bu gün dəyərli qardaşım bizlərə 17 mayı Türkiyə-Azərbaycan əlaqələri tarixinə yazılacaq şəkildə belə bir gözəl açılış mərasimini yaşatdı. Bu səfərim münasibətilə bunu daha mənalı etdilər. Bununla əlaqədar ona öz adımdan və millətim adından çox təşəkkür edirəm.
Böyük lider, cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürkün abidəsinin belə gözəl bir yerdə seçilib ucaldılması və xüsusilə də bu yeri hörmətli qardaşımın özünün seçməsi, özünün müəyyənləşdirməsi bizim üçün çox əhəmiyyətlidir. Hətta səfirlik binasının yerini müəyyənləşdirərkən orada da eyni həssaslığı göstərmişdi. Layihə hazırlanarkən orada əyrü-üyrü kiçik bir yer var idi. O zaman qardaşıma dedim ki, buranı nə edəcəyik? Həmin an bütün cavabdeh şəxsləri çağırdı, hamısını yanımıza topladıqdan sonra belə bir xətti çəkdi, bura belə olacaq dedi. Həqiqətən o xətt çəkilərək ona əsasən layihəyə hazırlıq işlərinə başlandı. Beləliklə, səfirlik binası da Bakının ən gözəl yerində inşa edildi. İndi də eyni vəziyyəti abidənin ucaldılması zamanı yaşadıq. Bununla əlaqədar məmnunluğumuzu sözlə ifadə etmək mümkün deyildir.
Türkiyə-Azərbaycan əlaqələrinin bənzərsiz mahiyyəti vardır. Təbii, qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" deyərkən ortaya qoyduğu həqiqət davam edir, bundan sonra da eynilə davam edəcəkdir. Bunu əminliklə söyləyə bilərəm ki, hansı siyasi iqtidar gəlirsə gəlsin, aramızdakı bu əlaqəni poza bilməz. Çünki bizim aramızdakı əlaqələr qurumların əlaqəsi deyildir. Bizim aramızdakı əlaqə millətlərin əlaqəsidir. Çinki biz bir millətik, iki ayrı dövlətik. Bunu dərindən anlamaq lazımdır. Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır.
Biz buraya İrandan gəldik. İrandan gəldikdən sonra qardaşımla təkbətək görüş keçirdik. Heyətlərarası görüşümüz oldu, mətbuata bəyanatla çıxış etdik. İndi Gürcüstana, oradan da Madridə gedəcəyəm, bu şəkildə dörd-beş gün ərzində dörd ölkədə olacağam. Görülən bu işlər nə üçündür? Artıq dünyada gündəmi müəyyənləşdirilən bir ölkə olmaqdan çıxıb, gündəm müəyyən edən bir ölkəyə çevrilmişik.
Eyni şəkildə, Azərbaycanla əlaqədar da bunları deyə bilərəm. On il, iyirmi il əvvələ getdikdə, necə bir Azərbaycan var idi, bu gün necə bir Azərbaycan vardır. Mən bir il əvvəlki Azərbaycanla indiki Azərbaycan arasındakı çox böyük fərqi görürəm. Bu qədər sürətlə inkişaf edən, bu qədər sürətlə dəyişən bir Azərbaycan vardır. Bunlar təbii ki, dünya üçün bir nümunədir. Liderlər buraya gəldiyi zaman Azərbaycanı tanımayacaqlar. Bunu dəyişdirən lider vardır. Bunu dəyişdirən kadrlar vardır. Bunu təbii ki, təqdirlə qeyd edəcəklər. Tarixi şəxsiyyətlər tarixdə qurub-yaratdıqları ilə qalırlar.
İndi tarix Azərbaycanda mərhum Heydər Əliyevi necə yad edirsə, inanıram ki, gələcəkdə İlham Əliyev qardaşımı belə yad edəcəkdir. Bu əsərlərlə yad edəcəkdir.
Bununla əlaqədar, mən şəxsən öz adımdan və millətim adından minnətdarlığımı təkrar ifadə edirəm. Sizi çox məşğul etmək istəmirəm, amma təkrar edirəm ki, Türkiyə-Azərbaycan əlaqələri hər ötən gün daha da güclənməkdədir, daha da güclənəcəkdir. Bundan heç kəsin şübhəsi, narahatçılığı olmasın. Kimsə dedi-qodulara inanmasın. Bizim aramızdakı birliyi, qardaşlığı dedi-qodular poza bilməz. Bu belə qəbul edilməlidir. Mən də eynilə İlham Əliyev qardaşım kimi "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı" deyəcəyəm! "Yaşasın işıqlı gələcəyimiz!" deyəcəyəm! "Yaşasın Türkiyə və Azərbaycanın gələcəkdəki o güclü dünyanı formalaşdırması" deyəcəyəm! Sağ olun, var olun!
* * *
Azərbaycan dövlətinin başçısı və Türkiyənin Baş naziri abidənin üzərindən ağ örtüyü götürdülər.
Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın adından abidənin önünə əklillər qoyuldu.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan abidənin önündə xatirə şəkli çəkdirdilər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında