Azərbaycan Prezidenti İlham Əliyev şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Xəzər rayonunun Şağan qəsəbəsində görülən işlərlə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdu. Avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunun Şağan qəsəbəsində görülən işlərlə yaxından tanış olmuşdur.  
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan Prezidentinə qəsəbənin planı əsasında məlumat verdi.
Bildirildi ki, Şağanda 35 min kvadratmetrə yaxın qəsəbədaxili yollara yeni asfalt örtüyü döşənib. Qəsəbənin işıqlandırma sistemi müasir standartlara uyğun şəkildə yenidən qurulur. İndiyədək küçələrdə 100-ə yaxın yeni işıq dirəyi quraşdırılıb və bu proses hazırda davam etdirilir. Qəsəbədə işıq, su və qazlaşdırma ilə bağlı bütün məsələlər demək olar ki, həllini tapıb. Şağan qəsəbəsində kanalizasiya sisteminin quraşdırılması da nəzərdə tutulur. Görülən işlər və həyata keçirilən abadlıq və quruculuq tədbirləri qəsəbənin simasını tamamilə dəyişib.
Abadlıq və quruculuq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşdü.
Sakinlər dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV sakinləri salamlayaraq dedi:
- Xoş gördük, çox şadam ki, Şağan qəsəbəsində işlər yaxşı gedir. Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Proqramı burada da özünü göstərməkdədir. Bu yollar qısa müddət ərzində çəkilibdir. Bəli, iş davam edir. Əminəm ki, proqramda nəzərdə tutulan bütün məsələlər yaxın zamanlarda öz həllini tapacaqdır.
Beləliklə, Şağan qəsəbəsi daha da gözəlləşəcək, abadlaşacaqdır. Burada əvvəlki dövrdə də işlər görülmüşdür. İndi təbii qazın verilməsi təmin edilmişdir. Mənə verilən məlumata görə, qaz təchizatı ilə problem yoxdur. Elektrik enerjisi məsələləri daha əvvəl həll olunmuşdur. İçməli su layihəsi icra edilir. İndi kanalizasiya xətlərinin çəkilişi nəzərdə tutulur, bir də ki, bax bu yolların çəkilişi.
Beləliklə, bu qəsəbənin demək olar ki, bütün əsas problemləri qısa müddət ərzində həll olunacaqdır. Mənə indi məlumat verdilər ki, bu məktəbdə gərək əlavə tədbirlər görülsün. Bəlkə yeni korpus da tikilməlidir. Dedilər ki, qəsəbə sakinlərinin də fikri ondan ibarətdir. Mən indi göstəriş vermişəm. Biz bu işlərə də baxacağıq. Qalan bütün məsələlər burada öz həllini tapmalıdır.
Əvvəlki dövrdə, yadınızdadır, bax burada gözəl Olimpiya Mərkəzi tikilmişdir. Bu da çox əlamətdar hadisə idi. Çünki adətən Olimpiya Mərkəzləri böyük şəhərlərdə, rayon mərkəzlərində yaradılır. Qəsəbədə Olimpiya Mərkəzinin yaradılması təcrübəsi yəqin ki, ancaq Azərbaycanda vardır. Mənim yadımdadır, o kompleksin açılışında bərabər iştirak etmişdik. Bəli, o, indi də işləyir. Həm Bakıdan idmançılar gəlir, həm də yerli uşaqlar məşğul olurlar. Bir daha demək istəyirəm ki, qəbul edilmiş Proqram - 2011-2013-cü illəri əhatə edən Proqram tezliklə icra edilməyə başlanmışdır. Əminəm ki, qəsəbə sakinləri də bu işlərdə fəal iştirak edirlər və bütün bu müsbət təşəbbüslərə qoşulurlar.
İndi mən soruşmaq istəyirəm ki, əlavə hansı işlər görülməlidir? Çünki Proqramda məsələlər nəzərdə tutulub. Məktəbin təmiri nəzərdə tutulub. Düzdür, əlavə korpusun tikintisi nəzərdə tutulmayıb, ancaq onu da əlavə edəcəyik. Burada yəqin ki, tibb məntəqəsi də vardır, amma bilmirəm vəziyyəti necədir. Əgər təmirə ehtiyac varsa, deyərsiniz, onu da edərik. Bəlkə bundan da əlavə nəsə etməliyik. Xahiş edirəm ki, mənə bu barədə fikirlərinizi söyləyin.
SAKİN: Hörmətli, cənab Prezidentimiz!
Son bir il səkkiz ayın içində ikinci dəfədir ki, Bakının bu qədim Şağan qəsəbəsinə Sizin qədəmləriniz dəyir. Hələ qədimdən el içində belə bir söz işlənir ki, ölkə başçısı, dövlət başçısı, xalqın rəhbəri o yerə, o əraziyə, o torpağa qədəm qoyur, oranın bərəkəti birə min artır. Siz ki, bir il səkkiz ay ərzində iki dəfə gəlmisiniz, doğrudan da güman edirəm ki, Bakı qəsəbələri içərisində Şağan, bəlkə də hamısını ötüb keçəcəkdir, inşallah.
Hörmətli, cənab Prezident! 2009-cu il dekabrın 26-da Sizin şəxsən iştirakınızla Şağan Olimpiya İdman Kompleksi açıldı. Mən bir cəhəti deyim ki, Bakı kəndləri içərisində, cənab Prezident, Şağan balaca kəndlərdən sayılır. Qədim, lakin balaca kəndlərdəndir. Adı o qədər də geniş yayılmamışdı. Bu kompleks açılandan sonra burada keçirilən beynəlxalq yarışlar nəticəsində Şağanın adı təkcə Azərbaycanda, MDB məkanında yox, artıq dünya miqyasında hallanmaqdadır. Bayaq Sizin qeyd etdiyiniz bir həqiqəti bir daha təkrar etməyi özümə borc bilirəm ki, doğrudan da böyük şəhərlərdə, paytaxt şəhərlərində yaradılan belə bir kompleksin Abşeronun Şağan kimi kiçik bir kəndində açılması yeganə haldır. Buna görə mən Şağan camaatı, bütün rayon sakinləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Əziz Prezidentimiz, Siz, müqəddəs Ramazan ayının çox mübarək günlərində yenidən bizim kəndimizə ayaq basırsınız. Mən bütün kəndimizin sakinləri adından Sizə minnətdarlığımı bildirməklə, bir cəhəti vurğulamağı özümə borc bilirəm ki, martın 9-da Sizin rəhbərliyinizlə Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirildi. Mən də o müşavirədə iştirak etdim. Sovet hökumətinin 70 ili ərzində Şağanda yollara salınan asfaltdan üç dəfədən artıq asfalt döşənib bir ay içində. Cəmi bir ayın içərisində 35 min kvadratmetrdən yuxarı asfalt salınıb. Sözümün həqiqiliyinə inanın ki, bunun analoqu yoxdur. Beş küçə bir ayın içində tamamilə asfaltlanıb. Sözün əsl mənasında, üçqat asfalt salınması inanılmazdır. 70 ildə bizim cəmi 16 dənə küçə işığımız var idi. İndi onların sayı üçqat artıb.
Prezident İlham ƏLİYEV: İşlər hələ davam edir.
SAKİN: Bəli, hələ davam edir, cənab Prezident! Mən Sizdən bir xahiş etmək istərdim. Bizdə Mədəniyyət Evi vardır. Çox kiçikdir. Belə demək mümkünsə, orada əhaliyə keyfiyyətli mədəni xidmət göstərmək imkanı yoxdur. Mən çox xahiş edirəm, əgər imkan varsa, bizdə yeni bir mədəniyyət evinin tikilməsinə göstəriş verəsiniz. Çünki biz yer də ayırmışıq. Bir sözü də deməyi borc bilirəm ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bizim qəsəbəyə də çox böyük diqqəti vardır. Bu diqqət və qayğıya görə Sizə də, Mehriban xanıma da "çox sağ olun" deyirik.
Prezident İlham ƏLİYEV: Çox sağ olun! Həqiqətən, bu işləri biz qısa müddət ərzində görə bildik və o müşavirəni siz xatırlatdınız. Müşavirənin doğrudan da çox böyük əhəmiyyəti olmuşdur. Əslində, bizim bütün təşəbbüslərimiz, qəbul edilmiş qərarlar, proqramlar, müşavirələr konkret xarakter daşıyır və orada müzakirə edilən məsələlər, verilən tapşırıqlar tezliklə icra edilməyə başlamışdır. Hətta onu da demək istəyirəm ki, mart ayında artıq 2011-ci ilin büdcəsi formalaşmışdı. Büdcəyə əlavə etmək üçün biz gərək yenidən təşəbbüs göstərməli və Milli Məclisə müraciət etməli idik, onu da etdik. Büdcəyə xüsusilə, Bakı və ətraf qəsəbələrin proqramını sürətlə həll etmək üçün əlavələr edildi. Mən istəyirdim ki, biz vaxt itirməyək, 2011-ci ildə bu işləri görək. Əslində bir neçə aydan sonra nəinki burada, demək olar bütün qəsəbələrdə, Bakı ətrafında yerləşən bütün qəsəbələrdə sürətli iş gedir. Mən indi qəsəbələrdə tez-tez oluram. Vəziyyətlə tanış oluram. Görürəm, nəzarət edirəm. Sakinlərdən soruşuram ki, əlavə nə etməliyik ki, bu problemləri birdəfəlik həll edək.
Düzdür, Proqram 2013-cü ilə qədər hesablanıb. Mən tam əminəm ki, 2013-cü ilin sonuna qədər, bəlkə ondan əvvəl bütün məsələlər həll olunacaqdır. Şağan qəsəbəsinin timsalında görürük ki, bu işləri biz bir neçə ay ərzində icra edə bilmişik.
Mədəniyyət sarayı ilə bağlı göstəriş verəcəyəm. Məktəblə bağlı artıq göstəriş vermişəm. İndi gedib baxmaq istəyirəm məktəbin vəziyyətinə. Bütün qalan işlər də burada icra ediləcəkdir. Əslində, nəinki burada, heç bir qəsəbədə heç vaxt kanalizasiya xətləri olmamışdır. Bakının özündə də kanalizasiya problemləri həmişə böyük çətinlik yaradırdı. Bu məsələ də öz həllini tapmaqdadır.
Ölkəmiz bu cür inkişaf edir. Ölkənin inkişafı hər bir qəsəbənin inkişafından asılıdır. Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, əgər hər bir kəndin, qəsəbənin problemi həll olunarsa, ölkənin bütün problemləri həll olunar.
Sizi bir daha salamlayıram. Sizə uğurlar arzulayıram. Əminəm ki, siz də bu işlərdə, həmişə olduğu kimi fəal iştirak edəcəksiniz.
SAKİN: Hörmətli Prezidentimiz, bütün respublikada, Bakıda, xüsusən qəsəbəmizdə gördüyünüz işlərə görə Sizə minnətdarıq, Sizi dəstəkləyirik. Mənim ürəyimdəki arzunu Siz dediniz. Kənd sakinlərinin, uşaqların, müəllimlərin adından Sizə minnətdarıq ki, məktəbimiz genişlənəcəkdir. 1961-ci ildə tikilən məktəb 250 şagird ilə fəaliyyətə başlayıb. Hazırda 800 şagird iki növbədə təhsil alır. Çox çətinlik çəkirik. Bizim arzularımızı Siz dediniz, mən də əlavə etmək istəyirəm. Bir daha Sizə təşəkkür edirik!
SAKİN: Sözümə mehriban və bağışlayan Allahın adı ilə başlamaq istəyirəm. Allah-taala dünyanı yaradanda mələkləri, imamları, peyğəmbərləri xəlq edib. Hər 50-60 ildən bir də Sizin kimi cəsarətli, qüvvətli, alnıaçıq, işgüzar insanlar xəlq edir ki, yaratdığı ümmətlərin xeyrinə çalışsınlar.
Allah atanıza qəni-qəni rəhmət etsin. Nə qədər ki, o, var idi, qurdu, yaratdı. Allah o dünyasını versin, behişt nəsib olsun ona. Onun qoyub getdiklərini Siz həyata keçirirsiniz, biz Sizə minnətdarıq. Allah Sizə o qədər ömür versin ki, bir 50 il yaşamısınız, bir 50 il də yaşayasınız, görmədiyiniz işləri görəsiniz. Həyatda Sizə uzun ömür, ailənizə xoşbəxtlik, hər bir işinizdə səbirli olmağı arzu edirəm.
Məktəbimizdə, - 50 ildir o məktəbdə işləyirəm - mənim birinci stendimə Siz gələndə yazmışam: "İlhamla irəli!". İndi də deyirəm, ey xalqım, Prezidentimizə kömək, dayaq olaraq İlhamla irəli!
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bu, mənim borcumdur və mən də çalışıram ki, öz borcumu xalqa xidmət etməklə yerinə yetirim.
SAKİN: Ramazan ayının 17-ci günüdür. Allah bizə sultan ayı bəxş edib. Bu ayın fəzilətlərindən Allah Sizə nəsib etsin.
Nə arzunuz, diləyiniz varsa arzu, dilək ayıdır, Sizə nəsib olsun.
Prezident İlham ƏLİYEV: Mənim bir arzum var ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın.

{nl}

SAKİNLƏR: Amin!
Prezident İlham ƏLİYEV: Ölkəmiz daha da inkişaf etsin, güclənsin, bölgədəki mövqelərimiz daha da möhkəmlənsin və bizim bütün maraqlarımız təmin olunsun. Bunu etmək üçün biz güclü olmalıyıq. Bu gücü biz yaradırıq və indi maliyyə imkanlarımız da yaxşılaşır.
Son illər ərzində, əvvəlki dövrdə görülən işlər nəticəsində indi Azərbaycan dünya miqyasında maliyyə baxımından özünü çox rahat hiss edən ölkələrdəndir. Görürsünüz ki, bəzi ölkələrdə böhran yaşanır, bəzi ölkələrdə maaşlar, pensiyalar kəsilir.
SAKİN: Çox sağ olun, 61 manat artıb maaşım.
Prezident İlham ƏLİYEV: 61 manat artıb? Nə qədərdir indi?
SAKİN: 94 manat alırdım, indi 155 manat alıram.
Prezident İlham ƏLİYEV: Özü də bax 2011-ci ildə. O ildə ki, dünyada, Avropada böhran yaşanır və görürsünüz ki, hansı problemlər yaranır. Bax bizim siyasətimiz budur.
SAKİN: Allah razı olsun. Ömrünüz uzun olsun.
Prezident İlham ƏLİYEV: İnsanlar daha da yaxşı yaşamalıdırlar. Şərait daha da yaxşı olmalıdır. Bütün infrastruktur layihələri icra edilməlidir. Təhsil, səhiyyə, infrastruktur inkişaf edir. Bax budur Azərbaycanın reallıqları.
Sizi bu mübarək Ramazan ayında bir daha ürəkdən salamlayıram, cansağlığı, uğurlar arzulayıram. Mən hələ Şağan qəsəbəsinə gələcəyəm. İki dəfə olmuşam, yenə də gələcəyəm. Çünki burada hələ tədbirlər olacaqdır.
SAKİNLƏR: Çox sağ olun! Ömrünüz uzun olsun! İziniz daim qalacaqdır.
* * *
Sonda qəsəbə sakinləri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.
* * *
Qəsəbə sakinləri ilə görüşdən sonra dövlətimizin başçısı 124 nömrəli orta məktəbə gedərək buradakı vəziyyətlə yerindəcə tanış oldu. Bildirildi ki, 250 şagird yerlik bu məktəbdə 800-ə yaxın şagird təhsil alır. Məktəbdə dərslər iki növbədə keçilir.
Buradakı şəraitlə yaxından tanış olan Prezident İlham Əliyev məktəbin əsaslı şəkildə təmir olunmasını tapşırdı. Dövlət başçısı qəsəbədəki şagird sıxlığını nəzərə alaraq əlavə korpusun əvəzinə gələn il üçün Şağan qəsəbəsində 1000 şagird yeri olan yeni məktəb binasının inşası ilə bağlı göstərişlərini verdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında