Avqustun 15-də Prezident İlham Əliyev Şabran Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, bu gün ölkəmizdə ən çox diqqət göstərilən və müasir səviyyədə yenilənən sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyəsi indi özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmizdə bütün xəstəxanalar və tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Bütün bunlar dövlətin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.
Prezident İlham Əliyev Şabran Rayon Mərkəzi Xəstəxanasının rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, xəstəxana üçün yeni binanın tikilməsi dövlətin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqətin davamlı xarakter aldığını bir daha nümayiş etdirir. Üçmərtəbəli xəstəxananın tikintisinə 2008-ci ilin oktyabrında başlanılmışdır. Burada tikintinin ümumi sahəsi 5 min 117 kvadratmetrdir. Xəstəxananın inşaat işləri müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, 80 çarpayılıq xəstəxananın birinci mərtəbəsində doğum şöbəsi və poliklinika fəaliyyət göstərir. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otolorinqoloq, terapevt kabinetləri vardır. Bütün kabinetlər ən müasir avadanlıqla təchiz edilmişdir. Xəstəxanada terapiya və uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya və intensiv terapiya şöbələri də vardır. Bu şöbələrdə də müasir texnologiyaların ən son tələblərinə uyğun hazırlanan tibbi avadanlıq quraşdırılmışdır. Xəstəxananın müasir avadanlıqla təmin edilməsi, ilk növbədə, burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkilinə və aparılmasına hərtərəfli imkan yaradır.
Qeyd olundu ki, Şabran Rayon Mərkəzi Xəstəxanasında 60-dək həkim və 140-dək orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində dayanacaqdır. Bu xəstəxananın istifadəyə verilməsi həm də ölkədə səhiyyə sahəsinin ən müasir səviyyəyə çatdırılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımların növbəti uğurlarından biridir. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycan səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır.
Şabran Rayon Mərkəzi Xəstəxanası ilə tanışlıqdan sonra dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri və tibb işçiləri ilə görüşdü.
Yeni xəstəxana binasının istifadəyə verilməsi münasibətilə tibb işçilərini və ictimaiyyətin nümayəndələrini təbrik edən Prezident İlham Əliyev dedi:
- Bu gözəl xəstəxananın açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl xəstəxanadır. Həm xarici görünüşü, həm daxili dizaynı gözəldir. Eyni zamanda, burada bütün müasir avadanlıq da quraşdırılıb. Əminəm ki, həkimlər üçün burada işləmək çox zövq verəcəkdir. Əlbəttə ki, burada çox yüksək tibbi xidmət göstərilməlidir, xəstələrə yaxşı baxılmalıdır.
Mən çox şadam ki, Şabran rayonunda belə gözəl, müasir xəstəxana tikilibdir. Siz, burada işləyən həkimlər yaxşı xatırlayırsınız ki, əvvəlki xəstəxananın vəziyyəti necə idi. İndi isə dünya səviyyəli tibb mərkəzi yaradılıb və burada yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün şərait, bütün şöbələr vardır. Doğum, cərrahiyyə, pediatriya şöbələri, digər şöbələr, reanimasiya zalı çox gözəldir. Çox sevinirəm ki, Azərbaycanın bütün bölgələrində belə gözəl xəstəxanalar açılır. Bu, ölkəmizin həm gücünü göstərir, həm siyasətini əks etdirir. Çünki bizim siyasət sosialyönümlü siyasətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
İnsan üçün onun sağlamlığı çox vacibdir. Sağlamlığı şərtləndirən amilləri həkimlər yaxşı bilirlər. Bir neçə amil vardır və onların içində tibbi xidmət əlbəttə ki, xüsusi yer tutur. Xəstəliyin vaxtında müəyyən edilməsi, düzgün diaqnozun qoyulması və düzgün müalicəsi demək olar ki, insanların, xəstələrin sağlamlığını müəyyən edir. Eyni zamanda, sağlamlığı təmin etmək üçün digər sahələrdə də işlər görülür. Ekologiya çox vacib rol oynayır. Şabran rayonunun ekoloji vəziyyəti çox yaxşıdır. Ancaq biz istəyirik ki, Azərbaycanın bütün bölgələrində ekoloji vəziyyət yüksək səviyyədə olsun. İçməli su insan sağlamlığı üçün çox vacib rol oynayır. Bu layihələr də hər bir rayonda, o cümlədən Şabranda artıq icra edilməyə başlanmışdır. İcra başçısı məlumat verdi, içməli su, kanalizasiya layihələri artıq icra edilir. Keyfiyyətli qida məsələsinə də diqqət göstərilir. İndi istehlak bazarına nəzarət aparılır. İnsanların sağlamlığı üçün mütləq idmanla məşğul olmaq lazımdır. Baxın, ölkəmizdə nə qədər idman qurğuları tikilibdir.
Bir daha demək istəyirəm ki, insanın sağlamlığının təmin olunması üçün Azərbaycan dövləti nə lazımdırsa onu edəcək və edir. Şabranda tikilmiş belə möhtəşəm, gözəl, müasir xəstəxananın açılışı bunu əyani şəkildə göstərir. Mən çox şadam ki, bütövlükdə rayonda işlər yaxşı gedir, abadlıq işləri aparılır. Rayonun böyük potensialı vardır. Şabran Azərbaycanın qədim məkanlarından biridir. Burada olan tarixi abidələr, Şabran şəhərinin qalıqları, Çıraqqala, digər abidələr Azərbaycanın nə qədər zəngin mədəniyyətə malik olduğunu əyani şəkildə göstərir. Azərbaycan dövləti öz keçmişinə, öz tarixi-mədəni irsinə çox böyük diqqətlə yanaşır, bu abidələr qorunur və bu, bizim ümummilli sərvətimizdir. Bununla bərabər, rayonda turizmin inkişafı üçün əlavə tədbirlər görülməlidir. Mən bilirəm ki, vaxtilə Sovet İttifaqında məşhur olan Qalaaltı müalicəvi istirahət yeri də təmir edilməlidir, yenidən qurulmalıdır və burada turistlərin axını daha da güclü olacaqdır. Rayonda infrastruktur layihələri həyata keçirilir, qazlaşdırma işləri aparılır, yollar çəkilir, yeni müəssisələr işə düşür. Bütün bunlar ölkəmiz, xalqımız üçün lazımdır. Mən istəyirəm ki, hər bir yerdə, hər bir rayonda biz insanların normal yaşamasını təmin edək ki, bütün sahələrdə, sosial, iqtisadi sahələrdə daha da böyük tərəqqiyə nail olaq.
Xəstəxanaların tikintisi Azərbaycanda geniş vüsət almışdır. Demək olar ki, bu bölgədə əsas məsələləri biz artıq həll edə bilmişik. Siyəzəndə, Xızıda, indi Şabranda, Qubada xəstəxanalar tikilib istifadəyə verilib. İndi Qusarda böyük xəstəxana inşa edilir. Xaçmazda artıq hazırdır. Yəni, Bakıdan şimal istiqamətinə - bütün bu zonada səhiyyə məsələlərinin əsas hədəfləri təmin edilibdir. Əlbəttə ki, ondan sonra biz ambulatoriyalar, tibb məntəqələri, həkim məntəqələri tikilməsi məsələsinə də baxacağıq. Ancaq biz bütün başqa bölgələrdə də bu məsələni köklü şəkildə həll edə bilmişik. İndi hər bir bölgədə xəstəxanalar, tibb məntəqələri, diaqnostika mərkəzləri, Bakıda böyük sağlamlıq mərkəzi tikilir. Bir neçə ay bundan əvvəl onun təməl daşını qoyduq, vəsait də ayrıldı. Gələn ilin büdcəsində də vəsait nəzərdə tutulub. Mənə məruzə edilmişdir, gözəl bir mərkəz tikiləcəkdir. Bu, bizim siyasətimizin konkret nəticələridir. Bizim siyasətimiz sosialyönümlüdür. Bir daha demək istəyirəm ki, sosial siyasətin əsas məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır.
Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzu edirəm. Arzu edirəm ki, xəstələrə yaxşı baxasınız və burada, bu gözəl şəraitdə uğurla işləyəsiniz.
Rayon sakini, tibb işçisi Səmayə QÜVVƏTOVA Şabran rayonuna göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:
- Möhtərəm cənab Prezident, qədim Şabran torpağına xoş gəlmisiniz. Bu gün Şabran torpağı öz tarixinin ən xoş, ən layiqli günlərini yaşayır. Bir tibb işçisi kimi fəxr edirəm ki, bu gün Sizin tapşırığınızla rayonumuzda belə bir möhtəşəm, böyük, müasir şəraiti olan yeni xəstəxana tikilib biz şabranlıların, tibb işçilərinin istifadəsinə verilib.
Müasir avadanlığın quraşdırılmasında onlardan istifadə edəcək tibb işçiləri də iştirak ediblər. Biz tibb işçiləri o zaman gördük ki, bu yeni xəstəxananın təchiz olunduğu tibbi avadanlıq dünya səhiyyə texnologiyasının ən son modelləridir. Qətiyyətlə deyə bilərəm ki, dünyanın heç bir ölkəsində əhalisinin sayına görə belə bir kiçik əyalətdə bu cür səhiyyə ocağı çətin ki, belə müasir tibbi avadanlıqla təchiz edilmiş olsun. Bütün bunlar, möhtərəm Prezidentimiz, məhz Sizin qüdrətiniz və millətimizə, xalqımıza, vətənimizə olan doğma qayğınızın, məhəbbətinizin təzahürüdür.
Cənab Prezident, Siz və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva həmişə ölkəmizdə yeni məktəb binalarının, uşaq bağçalarının, səhiyyə ocaqlarının, idman komplekslərinin tikintisinə xüsusi diqqət yetirirsiniz və işlərin gedişini daim nəzarətinizdə saxlayırsınız. Biz bilirik ki, Sizin əsas məramınız, niyyətiniz, məqsədiniz gələcək nəsli sağlam və savadlı görməkdir.
Möhtərəm Prezident, Siz Azərbaycanımızın müxtəlif bölgələrində səhiyyə ocaqlarının, diaqnostika mərkəzlərinin, yeni xəstəxana binalarının açılışlarında çıxış edən zaman biz həkimlərə, ümumiyyətlə bütün səhiyyə işçilərinə tövsiyə edibsiniz ki, ölkə vətəndaşlarının tibbi müayinəsini ildə bir dəfədən az olmayaraq həyata keçirək. Amma etiraf etməliyəm ki, əvvəl işlədiyimiz köhnə xəstəxanada biz bu vəzifəni layiqincə icra edə bilmirdik. Ona görə ki, xəstəxanamız yararsız binalarda yerləşmiş, tibbi avadanlıq köhnəlmiş, səhiyyənin müasir tələblərinə cavab vermirdi. Amma hazırda Şabran rayonu bu problemi də digər problemlər kimi məhz Sizin qayğınız, köməyiniz, diqqətiniz nəticəsində həll edə bildi. İndi şabranlıların bu gün belə bir möhtəşəm, müasir standartlara cavab verən, gözəl, yeni xəstəxana binası vardır və sakinlər bu xəstəxananın xidmətindən istifadə edə biləcəklər. Ona görə də, möhtərəm Prezidentimiz, şabranlılar adından, tibb işçiləri adından Sizə və Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, ixtisasca elə bizim həmkarımız olan əzizimiz Mehriban Əliyevaya da sonsuz minnətdarlığımızı və dərin təşəkkürlərimizi bildiririk. Sizi əmin edirik ki, bizə bəxş etdiyiniz bu gözəl xəstəxana binasında bundan sonra öz vəzifə borcumuzu layiqincə icra edəcək, əhalinin sağlamlığının keşiyində layiqincə duracaq, onlara yaxşı tibbi xidmət göstərmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bunun üçün səyimizi, bilik və bacarığımızı qat-qat artıracağıq.
Möhtərəm Prezidentimiz, Sizin diqqətiniz və qayğınızla bütün Azərbaycanımız kimi, bizim doğma Şabran da sürətlə inkişaf edir. Bunun nəticəsidir ki, rayonumuzda son illər mühüm quruculuq-abadlıq işləri gedir. Rayonumuz canlanır və müasirləşir. Rayonumuzun ərazisində inşa edilən böyük su anbarı, su elektrik stansiyası və beynəlxalq standartlara uyğun olan Bakı-Rusiya avtomobil yolu məhz Azərbaycanımızın, hörmətli Prezidentimiz, Sizin yorulmaz səylərinizin nəticəsində necə bir qüdrətli ölkəyə çevrildiyini bir daha dünyaya nümayiş etdirmişdir.
Cənab Prezident, Sizin bu gün Şabran rayonuna tarixi səfəriniz biz şabranlıların gələcəyə, sabaha olan ümidlərini, inamlarını daha da artırdı və bizi gələcəkdə bundan böyük nailiyyətlər, uğurlar qazanmağa ruhlandırdı.
Bu gün Sizin iştirakınızla rayonumuzda açılışlarını təntənə ilə qeyd etdiyimiz gözəl Heydər Əliyev Mərkəzi, Uşaq Yaradıcılıq Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Sarayı da şabranlıların istifadə edə biləcəyi obyektlər sırasına daxil edildi.
Bütün bunlar, əziz Prezidentimiz, məhz Sizin gərgin əməyiniz, ölkəmizə, dövlətimizə olan qayğınız, regionların iqtisadi inkişafına olan xüsusi diqqətinizin nəticəsində meydana gəlmiş və bəhrəsini vermişdir.
Sizin bu gün Şabran rayonuna tarixi səfərinizi biz heç vaxt unutmayacağıq. Doğma respublikamızın gündən-günə çiçəklənməsi və firavan yaşaması naminə biz əziz Prezidentimizə, onun xanımına, onun ailə üzvlərinə Allahdan uzun ömür, həyatda ən şirin nemət olan cansağlığı arzulayırıq. Qoy Ulu Tanrı həmişə Sizin köməyiniz olsun, Sizləri qorusun.
* * *
Prezident İlham Əliyev: Sağ olun. Mən Şabran rayonuna dəfələrlə səfər etmişəm, buraya bir neçə dəfə gəlmişəm, vəziyyətlə tanış olmuşam. Deyə bilərəm ki, doğrudan da rayon çox sürətlə inkişaf edir. Qeyd etdiyiniz kimi, mən bu gün bir neçə gözəl tədbirlərin açılışlarında iştirak etmişəm. Heydər Əliyev Mərkəzi, Diyarşünaslıq Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi, Mədəniyyət Sarayı, bu gözəl xəstəxana. İndi bundan sonra ölkəmizdə deyə bilərəm ki, ən böyük infrastruktur layihələrinin içində mühüm yerə malik olan Taxtakörpü Su Anbarının tikintisinə də gedib baxacağam.
Dörd il bundan əvvəl mən şəxsən bu böyük layihənin təməl daşını qoydum. Çox şadam ki, orada işlər uğurla gedir. Bu layihənin həm Şabran rayonu, həm bütün şimal zonası, həm də ölkəmiz üçün çox böyük, əvəzolunmaz əhəmiyyəti vardır. O layihənin icra edilməsi nəticəsində yüz mindən artıq, bəlkə yüz əlli min hektar torpaq suvarılacaqdır. Suvarma işləri daha da yaxşılaşdırılacaqdır. Beləliklə, kənd təsərrüfatının inkişafına təkan veriləcəkdir. Kənd təsərrüfatı inkişaf etdikcə insanlar daha da çox pul qazanacaqlar, daha da çox məhsul istehsal edəcəklər. Taxtakörpü Su Anbarının tikintisi, kanalın çəkilişi, su elektrik stansiyasının inşası yenə də demək istəyirəm ki, Azərbaycanda görülən işlərin içərisində ən böyük məsələlərdən biridir.
Ölkəmizdə indi böyük infrastruktur layihələri icra edilir. Yollar çəkilir. Sizin də qeyd etdiyiniz kimi, Bakı-Rusiya sərhədi yolu çəkilib. İndi Şabran şəhərinə yol necə də gözəl, rahat olub. Əvvəlki dövrdə bütün yük maşınları şəhərin içərisindən keçirdi. Dəfələrlə bu məsələni icra başçısı qaldırmışdı. Mən özüm bilirdim. Dəfələrlə bu yolu getmişəm. Şabranın, Siyəzənin içərisindən keçən yol insanlar üçün, uşaqlar üçün təhlükə idi, həm də əziyyət verirdi. Özü də dar bir yol idi, ikizolaqlı. Biz o dördzolaqlı magistral yolu kənara keçirdik.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz NOVRUZOV:
Bəli, ölkənin dördzolaqlı ən böyük körpüsü Şabrandadır. Bu tarixi abidədir.
Prezident İlham ƏLİYEV: Ən böyük körpü Şabrandadır. Keçən dəfə onun tikintisi ilə tanış olduq, sonra da açılışında iştirak etmişik. Yəni yol, körpülər, abadlıq və Taxtakörpü Su Anbarı doğrudan da bir əsərdir. Bunu indi çox adam bilmir. Çünki ora uzaq yerdir. Oraya gediş-gəliş də yoxdur. İş gedir. Amma mən əminəm ki, o layihənin açılışından sonra ora özlüyündə bir turizm məkanına çevriləcəkdir. Oranın iqlimi dəyişəcəkdir. Təsəvvür edin ki, indi orada - dağların arasında böyük bir göl yaradılacaqdır. Onu sözlə izah etmək çətindir. Açılışından sonra, əminəm, həm şabranlılar, həm də ki, bütün başqa rayonlardan olan vətəndaşlar gedib baxa biləcəklər.
Bax budur Azərbaycanın reallıqları. Bu xəstəxana, rayonda aparılan işlər göstərir ki, hər bir sahədə, istər infrastruktur sahəsində, istər sosial, iqtisadi sahələrdə inkişaf vardır. İnkişaf daha da güclü olmalıdır. Azərbaycan irəliyə gedir, uğurla irəliyə gedir, güclənir, möhkəmlənir. Beləliklə, qarşımıza qoyduğumuz vəzifələr icra edilir.
Sizi bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Sizə uğurlar, cansağlığı arzulayıram.
Sağ olun.
* * *
Sonra xatirə şəkli çəkdirildi.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.