- Hörmətli şeyx həzrətləri!
Hörmətli din xadimləri!
Əziz dostlar!
Müqəddəs Ramazan ayında bizim görüşlərimiz artıq gözəl ənənəyə çevrilibdir. Bu ənənənin artıq böyük tarixi vardır. Bu ənənənin təməlini qoyan ulu öndər Heydər Əliyev və şeyx həzrətləri olmuşdur. Heydər Əliyev siyasəti Azərbaycanda bütün sahələrdə bu gün də yaşayır və uğurla davam etdirilir. Əslində bütün başqa sahələrdə olduğu kimi, müstəqilliyimizin o illərində din-dövlət əlaqələrinin təməli qoyulmuşdur. Bu gün Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədədir və hesab edirəm ki, bu əlaqələr dünya miqyasında nümunə kimi təqdim oluna bilər. Azərbaycanda bütün sahələr inkişaf etdiyi kimi, bu sahədə də müsbət meyillər özünü göstərməkdədir. Bu, ölkəmizi daha da gücləndirir. Ölkənin gücünü təkcə təbii sərvətlər, təbii ehtiyatlar, yaxud da ki, maliyyə imkanları müəyyən etmir. Hər bir ölkənin gücü onun hərtərəfli inkişafındadır. Azərbaycanın gücü ondan ibarətdir ki, ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri rahat yaşayırlar. Dostluq, qardaşlıq şəraitində yaşayırlar. Bizim gücümüz bundan ibarətdir. Ona görə ölkəmizin uzunmüddətli, uğurlu və dayanıqlı inkişafı artıq heç kəsdə şübhə doğurmur. Biz yalnız və yalnız uğurla irəliyə gedəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik və Azərbaycanın hərtərəfli inkişafına nail olacağıq.
Ramazan ayı müqəddəs aydır. Azərbaycan xalqı bu müqəddəs duyğuları öz qəlbində əsrlər boyu yaşatmışdır. Ancaq müstəqil ölkə kimi biz gənc ölkəyik. Bu il müstəqilliyimizin 20 illik yubileyini qeyd edəcəyik və müstəqil ölkə, azad xalq kimi öz doğma dini bayramımızı böyük təntənə ilə qeyd edirik.
Azərbaycanda bütün dinlərin nümayəndələri özlərini rahat hiss edirlər. Azərbaycanda İslam mədəniyyətinə, İslam dininə olan hörmət, eyni zamanda, bütün başqa dinlərə olan hörmətlə tamamlanır. Öz dininə hörmət edən şəxs başqa dinə də hörmət etməlidir. Bu, artıq Azərbaycanda oturuşmuş yanaşmadır. Bu gün din xadimləri Azərbaycanda hökm sürən dözümlülük, tolerantlıq haqqında danışmışlar. Bu, artıq reallıqdır və dünya miqyasında bizim təcrübəmiz bəzi hallarda öyrənilir. Mən çox şadam ki, dözümlülük, dini tolerantlıq Azərbaycanda artıq oturuşmuş bir anlayışdır. Bu, sadəcə olaraq bir şüar deyil, bizim həyat tərzimizdir.
Azərbaycanda din-dövlət münasibətlərini əks etdirən dini abidələrə olan münasibətdir. Azərbaycan dövləti nəinki İslam dininə mənsub olan abidələri, məscidləri tikdirir, bərpa etdirir. Eyni zamanda, digər dinlərə mənsub olan məbədləri təmir etdirir, tikdirir. Bu barədə danışıldı və mən çox şadam ki, burada müxtəlif dinləri təmsil edən din xadimləri yekdil bir fikir ortaya qoyurlar. O da ondan ibarətdir ki, Azərbaycanda bu sahədə işlər çox yüksək səviyyədədir. Əlbəttə ki, burada həm dövlət siyasəti, bu siyasətin əsasları düzgün qurulubdur, eyni zamanda, bu, cəmiyyət tərəfindən irəli sürülmüş bir siyasi və ictimai sifarişdir. Bu, bizim həyat tərzimizdir. Bu, bizim dünya görüşümüzdür. Biz belə yaşayırıq və belə yaşamağımızla özümüzə, bölgəyə və dünyaya sübut edirik ki, multikulturizm yaşayır. Multikulturizm nisbətən yeni bir anlayışdır. Əslində bu, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan insanların birgə yaşaması deməkdir. Yəni, əsrlər boyu Azərbaycanda bu anlayış yaşayıb, bu gün də yaşayır və möhkəmlənir. Azərbaycan xalqı müxtəlif dövrlərdə müxtəlif ictimai-siyasi quruluşlar çərçivəsində yaşamışdır. Buna baxmayaraq, bütün dövrlərdə və xüsusilə ən sevindirici hal ondan ibarətdir ki, müstəqillik dövründə bu müsbət meyillər daha da güclənir. Bizim uğurlu inkişafımızı gücləndirən amillər məhz bunlardır.
Eyni zamanda, din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasında hörmətli şeyx həzrətlərinin böyük əməyi və zəhməti vardır. Şeyx həzrətləri həm ölkə daxilində, həm xaricdə böyük nüfuza malik olan bir din xadimidir. Şeyx həzrətlərinin qeyd etdiyi kimi, Azərbaycanda artıq dinlərarası, mədəniyyətlərarası dialoqa həsr edilmiş bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Azərbaycan dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün artıq bir ünvana, bir məkana çevrilmişdir. Təkcə burada coğrafi vəziyyətimiz, yaxud da ki, müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu Azərbaycanda bir ailə kimi yaşaması amilləri rol oynamır.
Burada, eyni zamanda, şeyx həzrətlərinin beynəlxalq nüfuzu da öz rolunu oynayır. Mən dövlət və hökumət başçıları ilə, öz həmkarlarımla dəfələrlə şeyx həzrətlərinin fəaliyyəti haqqında fikir mübadiləsi aparmışam. Çox şadam ki, hörmətli şeyximiz dünya səviyyəsində böyük hörmətə malik olan bir şəxsiyyətdir. Onun təşəbbüsü ilə həm beynəlxalq müstəvidə, həm Qafqazda dinlərarası dialoqun gücləndirilməsi üçün çox vacib addımlar atılır. Həm beynəlxalq tədbirlər keçirilir, həm bizim qonşu bölgələrdən olan din xadimləri vaxtaşırı Azərbaycana gəlirlər. Rusiyanın Şimali Qafqaz respublikalarının müftilərinin Azərbaycana səfərini xatırlatmaq istəyirəm. Bu, çox uğurlu səfər olmuşdur. Bu, bizi daha da birləşdirir və Qafqazda sülhün, əmin-amanlığın, dözümlülüyün təmin edilməsi üçün bu amillərin çox böyük əhəmiyyəti vardır.
Şeyx həzrətlərinin təşəbbüsü ilə təşkil edilən ənənəvi iftar süfrələrimiz də bir məqsədi güdür: biz daha da sıx birləşək, Azərbaycan cəmiyyəti daha da sıx birləşsin, Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri bir daha həm dövlət, həm siyasi rəhbərlik, həm din xadimləri tərəfindən lazım olan sözləri eşitsinlər. Bu sözlər, sadəcə olaraq, yenə də deyirəm, hansısa bir niyyətin ifadəsi deyil. Bu sözlər konkret əməllərə söykənir, bu sözlərin arxasında böyük işlər dayanır. 20 il ərzində - müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurlar, o cümlədən bu gözəl ab-havanın hesabına mümkün olmuşdur.
Ölkəmiz inkişaf edir. Bu, artıq reallıqdır. Azərbaycana, Bakıya və bölgələrə gələn hər bir qonaq, əgər o, obyektivdirsə, qərəzsizdirsə bu inkişafı inkar edə bilməz. Bu, bizi çox sevindirir, daha da ruhlandırır və gələcək addımları atmağa sövq edir. Biz istəyirik ki, ölkəmiz daha da güclü olsun.
Bu gün bölgədə mövqelərimiz kifayət qədər güclüdür. Azərbaycanın təsir imkanları genişlənir. Bu imkanlar yalnız regionda əməkdaşlığın və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsinə xidmət edəcək və edir. Bizim güclənməyimiz bölgə üçün müsbət bir amildir. Azərbaycan bu gün bölgədə sabitləşdirici rol oynayır və bu rol getdikcə artacaqdır. Bizdə bütün azadlıqlar mövcuddur. Biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda bütün azadlıqlar, din azadlığı vardır. Ən böyük nemət din, vicdan, söz, fikir, siyasi fəaliyyət, mətbuat azadlığıdır. Bütün bu azadlıqlar Azərbaycanda vardır. Azərbaycan xalqı azad xalqdır. Biz müstəqilliyi əldə etmişik, 20 ildir ki, müstəqil ölkə kimi yaşayırıq, eyni zamanda, Azərbaycanda demokratiyanın inkişafı da çox böyük yol keçmişdir. Bu gün bütün azadlıqlar mövcuddur və Azərbaycan xalqı bunun bəhrəsini görür. Liberal iqtisadi siyasət siyasi islahatlarsız mümkün deyildir. Siyasi islahatlar din sahəsində aparılan islahatlarsız mümkün deyildir. Yəni, bütün bu istiqamətlər bir-birini tamamlayır və bizim uğurlu inkişafımızı şərtləndirir.
Azərbaycan 20 il ərzində həm öz vətəndaşlarına, həm dünyaya sübut edib ki, biz müstəqil ölkə, azad xalq kimi yaşaya bilərik və ildən-ilə Azərbaycanda sosial rifah artır, iqtisadi göstəricilərimiz bunun əyani sübutudur.
Ölkə qarşısında duran bütün problemlər öz həllini tapmaqdadır. Bildiyiniz kimi, hər bir sahə üzrə konkret proqramlar, icra mexanizmləri vardır. Bu proqramlar icra edilir və ölkəmizin uğurlu inkişafı təmin olunur. Ölkəmizdə böyük quruculuq, abadlıq işləri aparılır. Böyük infrastruktur layihələri həyata keçirilir. Bölgələrdə misli görünməmiş canlanma və inkişaf hökm sürür. Bu, Azərbaycan reallıqlarıdır. Bunu biz etmişik, Azərbaycan xalqının zəhməti, istedadı, ölkəmizdə yaranmış sabitlik hesabına bütün bu işlərin görülməsi mümkün olmuşdur.
Biz müstəqilliyimizin ilk illərini də yaxşı xatırlayırıq. O vaxt Azərbaycanın vəziyyəti çox ağır idi. Həm iqtisadi, həm siyasi, həm hərbi böhran, vətəndaş qarşıdurması, vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü və beləliklə ölkə iqtisadiyyatının tamamilə iflic vəziyyətinə düşməsi - o illəri də biz xatırlayırıq. Biz böyük sınaqdan çıxa bilmişik. Azərbaycanın müstəqilliyi şübhə altında idi. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tələbi ilə rəhbərliyə gəlməsindən sonra bütün xoşagəlməz meyillərə son qoyuldu və ölkə inkişaf dövrünə qədəm qoydu.
Bu gün biz bu inkişafı görürük. Əlbəttə ki, bu, bizi sevindirir. Ancaq, eyni zamanda, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Hələ görüləsi işlər çoxdur - həm iqtisadi sahədə, sosial sahədə, bütün başqa sahələrdə. Əlbəttə ki, ölkə qarşısında duran ən başlıca vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Torpaqlarımız işğal altındadır. Bu ədalətsizlik əfsuslar olsun ki, uzun illərdir hökm sürür. Baxmayaraq ki, bütün beynəlxalq hüquq normaları, tarixi həqiqət bizim mövqeyimizi dəstəkləyir. Hamımız yaxşı bilirik ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Siyasi münasibətlər və bölgədəki siyasi çəkilər də Azərbaycanın üstünlüyünü əyani şəkildə sübut edir. İqtisadi üstünlük, hərbi üstünlük. Bütün cəhətlərdən Ermənistandan üstünük. Burada qeyd olundu, din xadimləri bunu qeyd etdilər, bizim işimiz haqq işidir. Biz heç kimin torpağını zəbt etməmişik, heç kimin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan ərazilərində yaranıbdır. Biz istəyirik ki, öz ərazi bütövlüyümüzü bərpa edək.
Buna bizim haqqımız çatır. Buna bizim gücümüz də çatır. Sadəcə olaraq biz istəyirik ki, bu məsələ qan tökülmədən, sülh yolu ilə, danışıqlar yolu ilə öz həllini tapsın. Ancaq eyni zamanda, öz prinsipial mövqeyimizdən bir addım geri atmayacağıq. Bizim mövqeyimiz bir daha demək istəyirəm ki, həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və hüquqi cəhətdən də Azərbaycan torpağıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaq şərti ilə bərpa edilməlidir.
Dünyada, Avropada, başqa yerlərdə muxtariyyətlər vardır. Muxtariyyətlərin yaxşı təcrübəsi vardır. Biz bu məsələləri dərindən öyrənmişik və Avropada, qabaqcıl ölkələrdə mövcud olan praktikanı burada da tətbiq etməyə hazırıq, ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Mən heç şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.
Bir daha demək istəyirəm ki, bu əminliyin əsasında bir neçə amil dayanır. Birincisi - beynəlxalq hüquq, ikincisi - bizim siyasi çəkimiz, üçüncüsü - iqtisadi potensial, dördüncüsü - uğurlu gələcəyimiz, beşincisi - demoqrafiya. Ermənistan rəhbərliyi bunu nəhayət anlasın ki, demoqrafiya amili vardır və bu amil bu gün də artıq özünü büruzə verir. Mən əminəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunacaqdır. Ancaq onlar heç olmasa götür-qoy etsinlər, baxsınlar ki, demoqrafik meyillər beş ildən, on ildən sonra, on beş ildən sonra nəyə gətirib çıxaracaqdır. Allaha şükürlər olsun ki, bu gün Azərbaycan əhalisi artır. Azərbaycanda 9 milyonuncu vətəndaş keçən ilin əvvəlində dünyaya gəlibdir və artıq ölkəmizin 9 milyon 160 mindən çox əhalisi vardır. Ermənistanda əhali, iqtisadi potensial, təbii sərvətlər azalır. Bu siyahını davam etdirmək olar. Hər bir sahədə Azərbaycanın üstünlüyü şəksizdir. Belə olan halda bu münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq mümkün olmayacaqdır. Çox sevindirici hal ondan ibarətdir ki, bu məsələ ilə bilavasitə məşğul olan, vasitəçilik edən ölkələrin dövlət başçılarının bəyanatlarında da bu, açıq-aydın görünür və deyilir ki, status-kvo dəyişdirilməlidir. Status-kvo dözülməzdir və dəyişdirilməlidir. Bunu ən çox istəyən Azərbaycan tərəfidir. Çünki bizim əzəli torpaqlarımız işğal altındadır. Biz istəyirik ki, Azərbaycan vətəndaşları tezliklə bu torpaqlara qayıtsınlar və Azərbaycanın suverenliyi bərpa edilsin.
Əziz dostlar! Bu müqəddəs Ramazan ayında sizinlə bir yerdə olmağımdan məmnunluğumu vurğulamaq istəyirəm. Bir daha demək istəyirəm ki, bu görüşlərin çox böyük mənası vardır. Bu ənənə yaşayır, yaşayacaqdır. Bu gün şeyx həzrətlərinin göstərdiyi yeni iqamətgah əminəm ki, gələn bayrama hazır olacaqdır. Bu iqamətgah da göz oxşayır. Amma yeni tikilən bina əlbəttə ki, daha da möhtəşəmdir, daha da əzəmətlidir. Amma yerdən asılı olmayaraq aramızda, cəmiyyətdə, Azərbaycanda yaşayan bütün xalqların, dinlərin nümayəndələrinin arasında olan səmimiyyət əsas məsələdir. Bu səmimiyyət vardır və bizim əlimizdədir ki, bu gözəl ab-havanı saxlayaq, daha da möhkəmləndirək, ölkəmizi gücləndirək və irəliyə aparaq. Bu müqəddəs ayda sizə və bütün Azərbaycan xalqına bir daha cansağlığı, xoşbəxtlik arzu edirəm.
Sağ olun!
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.