Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
Görüş iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Hörmətli səfirlər, mən sizi ürəkdən salamlayıram. Bizim mübarək Ramazan ayında görüşlərimiz ənənəvi xarakter daşıyır. Çox şadam ki, yenidən sizinlə görüşürəm.
Xahiş edirəm ki, qarşıdan gələn bayram münasibətilə mənim səmimi təbriklərimi və xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.
Təmsil etdiyiniz ölkələrlə bizim ölkə çox sıx əməkdaşlıq edir. Mən çox şadam ki, bu əməkdaşlıq və dostluq əlaqələri gündən - günə güclənir. Biz çox istəyirik ki, bütün müsəlman ölkələri ilə əlaqələrimiz həm siyasi, həm iqtisadi sahədə və bütün başqa sahələrdə daha da geniş, daha da dərin olsun.
Mən çox şadam ki, müsəlman ölkələrinin Azərbaycandakı səfirliklərinin sayı artmaqdadır. İldən-ilə bu masa arxasında səfirlərin sayı artır. İnşallah, bir neçə ildən sonra biz gərək daha da böyük masa arxasında əyləşək. Eyni zamanda, Azərbaycan da müsəlman ölkələrində öz səfirliklərinin sayını artırır. Bu həm bir-birimizə olan münasibətin təzahürüdür, eyni zamanda, bu, zərurətdir. Biz çox istəyirik ki, bütün müsəlman ölkələri arasında əlaqələr daha da sürətlə inkişaf etsin. Eyni zamanda, beynəlxalq təşkilatlarda əməkdaşlığımız çox uğurla davam edir. Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlığı Təşkilatında, digər təşkilatlarda biz sıx əməkdaşlıq edirik və daim bir-birimizi dəstəkləyirik. Bir neçə il bundan əvvəl BMT-nin Baş Məclisində Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı bizə ən çox dəstək verən müsəlman ölkələri olmuşdur. Bu dəstəyə görə minnətdarıq və bu dəstəyi bu gün də hiss edirik. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını daim müdafiə edir və bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Əminəm ki, xüsusilə indiki şəraitdə islam həmrəyliyinin gücləndirilməsi çox lazımdır. Bizim aramızda birlik daha da sıx olmalıdır. İqtisadi əlaqələr daha da geniş olmalıdır. Əlbəttə ki, qarşılıqlı dəstək yüksək səviyyədə olmalıdır. Hər halda Azərbaycan bu məqsədlərə çatmaq üçün öz tərəfindən vacib addımları atır.
İslam Əməkdaşlığı Təşkilatının xətti ilə ölkəmizdə yüksək səviyyəli bir neçə tədbir keçirilmişdir. Bildiyiniz kimi, İSESKO ilə əlaqələrimiz çox sıxdır. İslam mədəniyyətinin dünyada təbliği üçün ölkəmiz çox böyük səylər göstərir. Biz fəxr edirik ki, 2009-cu ildə Bakı şəhəri islam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci ildə ölkəmizin digər qədim şəhəri olan Naxçıvan da bu şərəfli ada layiq görüləcəkdir.
Əziz dostlar, mən sizi bir daha ürəkdən salamlayıram. Sizə, ailələrinizə, təmsil etdiyiniz ölkələrə uğurlar arzulayıram. Əminəm ki, siz özünüzü Bakıda evinizdəki kimi hiss edirsiniz. Mən ümid edirəm ki, burada sizin fəaliyyətiniz həmişə olduğu kimi, çox uğurlu olacaqdır. Yəni, siz burada həqiqətən öz doğma vətəninizdəsiniz.
Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla YERQAŞEV müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından müqəddəs Ramazan ayı münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik edərək dedi:
-Hörmətli cənab Prezident! Sizi Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri, nümayəndəliklərinin rəhbərləri və şəxsən öz adımdan böyük məmnuniyyətlə müqəddəs Ramazan ayı və əl-Fitr bayramı münasibətilə təbrik edirəm.
Zati-aliləri, fürsətdən istifadə edərək bu müqəddəs ayda Sizinlə görüşmək imkanı əldə etdiyimiz üçün Sizə səmimi təşəkkürümüzü bildiririk. Biz çox şadıq ki, məhz Sizin sayənizdə bu görüşlər xoş ənənəyə çevrilib. Müqəddəs aylardan biri olan Ramazan insanların ağlında və düşüncəsində təcəssüm tapır, onları əmin-amanlığa, mənəvi paklığa və birliyə çağırır. Bu ay müsəlmanlar Allah qarşısında vicdani borclarını yerinə yetirmək imkanı qazanır, xeyirxah işlərin sevincini, mənəvi kamilliyin şər üzərində qələbəsini yaşayırlar. Hər birimiz üçün müqəddəs olan bu ayda müsəlman ölkələrinin səfirləri adından Sizə və bütün Azərbaycan xalqına Uca Allahdan xeyir işlər, həmçinin sülh və tərəqqi arzulamaqdan şərəf duyuram.
Bu gün Azərbaycan nəinki regional, həmçinin beynəlxalq proseslərə və meyillərə birbaşa təsir göstərən güclü amillərdən biridir. Biz səmimi maraq və rəğbət hissi ilə islahatların dinamik gedişini və bunun da Azərbaycanın iqtisadi və sosial həyatında faydasını müşahidə edirik. Onun parlaq nümunələrindən və təsirindəndir ki, bu gün qlobal maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan milli iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində yüksək nəticələr göstərməkdə davam edir. Ölkədə böyük infrastruktur layihələri müvəffəqiyyətlə həyata keçirilir. Əlbəttə, bunların hamısının səbəbi düzgün düşünülmüş iqtisadi islahatlardır.
Cənab Prezident, Siz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi islahatları uğurla davam etdirirsiniz. Azərbaycan xalqı artıq nəinki bunları görür, həmin islahatların bəhrələrindən istifadə edir. Azərbaycanın bundan heç də az əhəmiyyətli olmayan humanitar sahədəki nailiyyətləri də göz qabağındadır. Bu mənada mən qeyd etmək istərdim ki, Azərbaycanın "Eurovision-2011" musiqi yarışmasındakı qələbəsi bütün müsəlman ölkələri üçün də sevindirici bir haldır. Ən nəhayət, biz Azərbaycanın zəngin müsəlman irsinin dirçəlməsinə və inkişafına yönəlmiş səylərini alqışlayırıq. Bunun parlaq nümunəsi kimi Azərbaycanda hər il beynəlxalq muğam festivalının keçirilməsini göstərmək olar.
Əlbəttə, biz müsəlman ölkələrinin nümayəndələri kimi, Azərbaycan xalqına Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək verəcəyik. Əminik ki, bu problem beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəkdir. Azərbaycanlı məcburi köçkünlər doğma yerlərinə, Dağlıq Qarabağa qayıdacaqlar.
Biz müsəlman ölkələrinin nümayəndələri kimi, Azərbaycanı 2012-2013-cü illərdə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyəcəyik və inşallah, inanırıq ki, bu məsələ BMT çərçivəsində həll ediləcəkdir.
Hörmətli cənab Prezident! Sizə dərin minnətdarlığımızı bildirirəm. Sizə uğurlar, Azərbaycan xalqına tərəqqi və çox böyük nailiyyətlər arzu edirəm.
Çox sağ olun!
Ölkəmiz haqqında xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham ƏLİYEV dedi:
- Çox sağ olun. Ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Doğrudan da, ölkəmiz bütün sahələrdə,- siz də qeyd etdiniz,- həm iqtisadi, həm humanitar, həm mədəniyyət sahələrində inkişaf edir. Biz çalışırıq ki, ölkəmiz hərtərəfli inkişaf etsin, insanların rifah halı yaxşılaşsın, ölkə qarşısında duran bütün vəzifələr icra edilsin. Bildiyiniz kimi, müxtəlif proqramlar vardır. Bu proqramlar icra edilir. Şəhərlərin siması dəyişilir, hər yerdə quruculuq, abadlıq işləri aparılır. Görəndə ki, dostlarımız, qardaşlarımız da uğurlarımıza sevinir, əlbəttə, biz çox şad oluruq. Sizin ölkələrinizin nümayəndələri Azərbaycanda gedən müsbət proseslərə, doğrudan da, həmişə səmimi qaydada dəstək olmuşlar. Bu dəstəyi biz hiss edirik, hiss etmişik.
Biz bu il müstəqilliyimizin 20 illiyini qeyd edəcəyik. Bu illər ərzində Azərbaycan göstərib ki, müstəqil ölkə kimi yaşaya, inkişaf edə bilər və yaxşı da yaşaya bilər. Əlbəttə ki, görüləsi işlər çoxdur. Bizim böyük planlarımız vardır. Biz çalışırıq ki, ölkəmizi inkişaf etmiş ölkələrin sırasına çıxaraq. Bunu etmək üçün imkanlar vardır. Həm siyasi iradə, həm artıq maliyyə resurslarımız, düşünülmüş siyasətimiz və strateji xəttimiz vardır. Əlbəttə ki, istədiyimizə nail olmaq üçün beynəlxalq müstəvidə də mütləq qarşılıqlı etimad əsasında əlaqələr gücləndirilməlidir.
Bir daha demək istəyirəm ki, beynəlxalq aləmdə ən böyük dəstəyi bütün dövrlərdə biz müsəlman ölkələrindən görmüşük və bu gün də görürük. Müstəqilliyimizin ilk illərindən bu günə qədər bizi dəstəkləyən müsəlman ölkələri olmuşdur. Bizi ilk tanıyan müsəlman ölkəsi Türkiyə olmuşdur. Ondan sonra digər ölkələr bizi müstəqil ölkə kimi tanımışlar. Biz İslam Əməkdaşlığı Təşkilatına, - o vaxt İslam Konfransı Təşkilatı adlanırdı,- üzv olmuşuq və daim bu təşkilat çərçivəsində dəstək görmüşük. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İslam Əməkdaşlığı Təşkilatının çoxsaylı qərar və qətnamələri vardır ki, bu da bizim mövqeyimizi gücləndirir.
Siz qeyd etdiyiniz kimi, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi namizəd olmuşdur. Mən öz həmkarlarıma bununla bağlı müvafiq qaydada məktublar göndərmişəm. Çox şadam ki, artıq bir neçə ünvandan mənə həmkarlarım müsbət cavab göndərmişlər. Buna görə mən çox minnətdaram.
Mən bir daha demək istəyirəm ki, bütün müsəlman ölkələri daim bir-birinin yanında olmalıdırlar, bir-birinə dəstək olmalıdırlar, həm siyasi sahədə, həm iqtisadi sahədə. Müsəlman ölkələri arasında birlik, həmkarlıq, əməkdaşlıq daha da yüksək səviyyəyə çatmalıdır. Xüsusilə, indiki zəmanədə bəzi hallarda biz dinimizə qeyri-normal münasibətlə üzləşirik. İslamofobiya meyilləri əfsuslar olsun ki, artmaqdadır. Multikulturizmlə bağlı müxtəlif fikirlər irəli sürülür. Sanki multikulturizm iflasa uğrayıb. Halbuki bizim təcrübəmiz və sizin təmsil etdiyiniz ölkələrin təcrübəsi onu göstərir ki, multikulturizm yaşayır və inkişaf edir. Bunun müsbət nümunələri vardır. Bu təcrübələr öyrənilməlidir. Yəni, bütün bu məsələlər əlbəttə ki, diqqət mərkəzində olmalıdır. Biz daim bu məsələləri beynəlxalq tribunalardan qaldırırıq. Azərbaycan həm İslam Əməkdaşlığı Təşkilatının, eyni zamanda, Avropa Şurasının üzvüdür. Yəni, mövqeyimizi ifadə etmək üçün, xüsusilə bu məsələlərlə bağlı mövqeyimizi ifadə etmək üçün kifayət qədər geniş imkanlarımız vardır və biz bunlardan istifadə edirik.
Biz milli dəyərlərimizi, dini dəyərlərimizi təbliğ etməliyik. İslam dini qardaşlıq, dostluq dinidir. İslam dini dünyada sülhsevər meyilləri gücləndirir. Ona görə biz dinimizin həqiqi mahiyyətini dünyada daha da geniş şəkildə təbliğ etməliyik.
Əfsuslar olsun ki, islam dininə qarşı bəzi dairələrdə qeyri-adekvat, qeyri-normal, çox mənfi münasibət vardır. Biz mübarizə aparmalıyıq və bu mübarizə ancaq birlik olan zaman uğurlu ola bilər. Bütün beynəlxalq məsələlərlə bağlı bizim mövqeyimiz vardır və biz öz mövqeyimizi müdafiə etməliyik. Birliyə çağırışlar sadəcə olaraq gözəl şüar deyildir. Bu, doğrudan da zərurətdir, xalqlarımıza, ölkələrimizə lazımdır. Biz çox istəyirik ki, bütün müsəlman aləmi daha da sıx birləşsin. Buna böyük ehtiyac vardır. Bəzi müsəlman ölkələrində yaşanan sıxıntılar, qarşıdurmalar, problemlər bizi də çox narahat edir. Biz istəyirik ki, bu böhranlı vəziyyət tezliklə aradan qaldırılsın və bütün müsəlman aləmində sülh, əməkdaşlıq, sakitlik, əmin-amanlıq yaransın.
Müsəlman ölkələri ilə iqtisadi sahədə bizim qarşılıqlı iqtisadi komissiyalar fəaliyyət göstərir. Bu komissiyaların işi səmərəlidir və çalışmalıyıq ki, hər bir sahədə nailiyyətə çataq.
Siyasi əlaqələr çox yaxşı ki, yüksək səviyyədədir. İqtisadi sahədə, mədəniyyət sahəsində, gənclər arasında əlaqələr olmalıdır. İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu da çox fəal işləyir. Biz gəncləri də bir araya gətirməliyik ki, onlar bir-biri ilə əlaqədə olsunlar. Gələcəkdə ölkələrimizi onlar idarə edəcəklər. İndidən gərək sıx əlaqədə olsunlar ki, maraqlarımız təmin edilsin.
Bilirsiniz, hər bir ölkənin öz problemi vardır. Hər bir ölkədə problemlərin həlli üçün əlbəttə ki, ilk növbədə, daxili resurslar əsas rol oynayır. Ancaq xarici dəstək, xarici yardım və mənəvi dəstək də az rol oynamır. Mən bir daha demək istəyirəm ki, 20 illik müstəqillik dövründə biz daim islam ölkələri tərəfindən bu diqqəti, dəstəyi görmüşük. Çalışmışıq ki, öz növbəmizdə biz də dəstəyimizi göstərək. Mən tam əminəm ki, növbəti illərdə uğurumuz və uğurlu inkişafımız daha çox bu qarşılıqlı dəstəkdən asılı olacaqdır.
Bir daha sizi qarşıdan gələn bayram münasibətilə təbrik edirəm. Bir daha xahiş edirəm ki, mənim səmimi salamlarımı təmsil etdiyiniz ölkələrin rəhbərlərinə və ən xoş arzularımı ölkələrinizin ictimaiyyətinə çatdırasınız. Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirilmişdir.
{nl}
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.