İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.
Azərbaycan Prezidenti İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Cənab Prezident, icazə verin, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayım və "Xoş gəlmisiniz!" deyim. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Mən tam əminəm ki, Sizin səfəriniz çox uğurlu keçəcək və onun nəticələri Polşa-Azərbaycan əlaqələrinin inkişafında çox mühüm rol oynayacaqdır.
Bizim xalqlarımız əsrlər boyu bir-biri ilə əlaqədə olmuşlar və bu əlaqələr indi çox gözəl mədəni və tarixi zəmin yaradır. Deyə bilərəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində də polyaklar fəal iştirak etmişlər. İlk dəfə olaraq 1918-ci ildə müsəlman Şərqində Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır və onun rəhbərliyində polyaklar iştirak etmişlər. Ondan əvvəl Polşadan gəlmiş mütəxəssislər, memarlar Azərbaycanın, Bakının inkişafına çox dəyərli töhfələr vermişlər. 1892-ci ildə məşhur polşalı memar İosif Qoslavski Bakı şəhərinin baş memarı vəzifəsinə təyin edilmişdi. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Bakıda bir neçə gözəl bina tikilmişdir. Memar Qoslavski və digər Polşa memarı Ploşko şəhərimizin gözəlləşməsinə çox dəyərli töhfələr vermişlər. Onların irsi bu gün Azərbaycanda, Bakıda görünür və qorunur. Bakıda gedən böyük bərpa işləri onların yaratdıqları binalara yeni həyat bəxş etmişdir.
Polşadan olan vətəndaşlar, eyni zamanda, Azərbaycanın neft sənayesinə də öz töhfəsini vermişlər. Məşhur mühəndis Pavel Pototski Azərbaycanda neft sənayesinin inkişafında çox fəal iştirak etmişdir və onun xatirəsi Azərbaycanda hörmətlə daim yad edilir.
Bu gün bizim əlaqələrimizin inkişafında Azərbaycanda yaşayan və ölkəmizin dəyərli vətəndaşları olan Polşa əsilli icma nümayəndələri də öz rolunu oynayırlar. Qeyd etdiyim kimi, onlar Azərbaycanın dəyərli vətəndaşlarıdırlar və eyni zamanda, onlar polyakdırlar və əlbəttə ki, özlərinin tarixi Vətəni ilə də sıx bağlıdırlar.
Bir sözlə, bizim əlaqələrimizin inkişafı üçün çox gözəl tarixi əsaslar vardır. Bu möhkəm təməl üzərində biz əlaqələrimizi qururuq. Bu gün Polşa-Azərbaycan əlaqələri nəinki iki ölkə arasındakı əlaqələr kimi vacibdir, eyni zamanda, regionun inkişafı üçün vacibdir. Geniş mənada Baltik dənizi-Xəzər dənizi regionlarının əməkdaşlığı üçün vacibdir. Mən əminəm ki, Sizin səfəriniz və onun gedişində əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bizim əlaqələrimizi uğurla irəliyə aparacaqdır.
Biz bu gün iqtisadi məsələlərə də kifayət qədər böyük diqqət ayırdıq. Azərbaycan-Polşa biznes forumunun keçirilməsi özlüyündə gözəl bir hadisədir. Çünki bu onu göstərir ki, iqtisadi sahədə də qarşılıqlı maraq kifayət qədər böyükdür. Ümid edirəm ki, iştirak etdiyimiz forumun yaxşı nəticələri olacaq və yaxın vaxtlarda biz birgə iqtisadi təşəbbüslər haqqında da eşidəcəyik. Hər halda, biz bunu arzulayırıq və ümid edirik ki, buna nail olacağıq.
Bu gün, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri diqqət mərkəzindədir. Polşanın Avropa İttifaqında sədrliyi dövründə Avropa İttifaqı-Azərbaycan əlaqələri daha da sürətlə inkişaf edəcəkdir. Bunu deməyə kifayət qədər əsaslar vardır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir və müxtəlif sahələri əhatə edir. Əlbəttə ki, ilk növbədə, bu əlaqələr enerji sahəsində başlanmışdır. Ancaq bu gün biz görürük ki, bu əlaqələr bütün başqa sahələrə də müsbət təsir göstərir.
Eyni zamanda, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynamağa hazırdır. Bu barədə kifayət qədər danışıqlar aparılmış, bəyannamələr və digər sənədlər imzalanmışdır. Ümid edirəm ki, bu ilin sonuna qədər bütün lazım olan sənədlər, o cümlədən tranzit anlaşması imzalanacaq və beləliklə, Azərbaycanın qaz resursları üçün Avropa bazarı da öz imkanlarını təqdim edəcəkdir. Bu, qarşılıqlı surətdə faydalı təşəbbüsdür və onun reallaşmasından hər iki tərəf ancaq fayda görəcəkdir.
Bu gün biz regional təhlükəsizlik məsələlərinə də diqqət yetirdik. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı Azərbaycanın mövqeyini bir daha ifadə etdim. Eyni zamanda, Prezident Komorovskiyə danışıqların indiki mərhələsi haqqında məlumat verdim. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı o torpaqlarda yaşamışdır, yaratmışdır. "Qarabağ" sözünün özü də Azərbaycan mənşəlidir, orada mövcud olan abidələrin və toponimlərin hamısının Azərbaycan kökləri vardır.
Beynəlxalq hüquq normaları baxımından da Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv qəbul ediləndə onun bir hissəsi olan Dağlıq Qarabağ da Azərbaycanın tərkibində olmuşdur. Hesab edirəm ki, bu gün məsələnin həlli üçün imkan var, beynəlxalq hüquq normaları tam şəkildə bərqərar olunmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir, Avropa İttifaqının, Avropa Parlamentinin, ATƏT-in qərar və qətnamələri icra edilməli və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.
Cənab Prezident, mən bir daha, Sizi səmimiyyətlə salamlayıram. Sizin səfərinizin çox böyük əhəmiyyəti vardır. Biz bu səfərə çox böyük diqqət və əhəmiyyət veririk. Mən çox şadam ki, səfər çox uğurlu keçir. Əminəm ki, sabahkı gün də çox uğurlu olacaq, Siz Vətənə yaxşı və xoş təəssüratlarla qayıdacaqsınız.
Bu badəni Polşa Prezidenti cənab Komorovskinin şərəfinə, dost Polşa xalqının şərəfinə və Polşa-Azərbaycan əlaqələrinin inkişafı şərəfinə qaldırıram.
Sağ olun.
***
Polşa Prezidenti Bronislav Komorovski Azərbaycana rəsmi səfərə dəvətə və yüksək səviyyədə qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını çatdırdı. O, Azərbaycan ilə Polşa arasındakı strateji əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi.
Prezident Bronislav Komorovski iki ölkənin iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsi üçün də böyük potensial imkanların olduğunu dedi:
- Bu, elə bir sahədir ki, biz burada böyük işbirliyi qura bilərik. Biz ölkələrimizdə bir çox müsbət dəyişikliklərə nail olmuşuq, açıq iqtisadiyyat yaratmışıq, sahibkarlıq inkişaf edir, özəl sahibkarlıq formalaşır. Bu, ümid verir ki, biz uğurlu həll variantlarını tapacağıq.
Əslində, burada həm enerji layihələri, həm də digər sahələrdəki layihələr nəzərdə tutulur. Bu layihələr, neft və qaz layihələri Avropa üçün vacib ola bilər. Eyni zamanda, mən Polşa ilə Azərbaycan arasında bütün sahələrdə birbaşa əlaqələrin qurulmasını vacib hesab edirəm. Bu, bizim vətəndaşlarımıza, xalqlarımıza xidmət edən işlərdir, xalqlarımız bir-biri ilə daha da yaxınlaşır.
Ölkəsinin dünya iqtisadi böhranından ən az əziyyət çəkən Avropa dövlətlərindən biri olduğunu, ötən illərdə əsaslı inkişaf yolu keçdiyini deyən Prezident Bronislav Komorovski Polşanın regionun ən vacib ölkələrindən sayılan Azərbaycan ilə əməkdaşlığına xüsusi əhəmiyyət verdiyini vurğuladı:
- Biz bu gün həmçinin regionumuz üçün vacib olan ölkələrlə əməkdaşlığı qurmaq istəyirik. Mən burada Azərbaycanı nəzərdə tuturam. Çünki bizim ölkələrimiz öz regionlarımızda lider ölkələrdir. Bunun üçün bir çox sübutlar vardır. Bizim uğurlarımız nəinki iqtisadi göstəricilərdə görünür, o cümlədən ölkələrimiz arasında ticarətin həcminin artmasında və digər nailiyyətlərdə görünür. Burada, həmçinin ləyaqətli həyat tərzini sürmək imkanları nəzərdə tutulur. Bu da hər iki xalqa aiddir.
Ötən illərdə ölkəmizin müxtəlif sahələrdə qazandığı silsilə nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edən Polşanın dövlət başçısı Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsini də yüksək səviyyədə keçirəcəyinə əminliyini söylədi:
- Biz bilirik ki, Siz "Eurovision-2011" mahnı müsabiqəsində də qələbə qazandınız. Əslində bu, Sizin böyük qələbəniz idi. İndi isə gələn il Siz Bakıda bu tədbiri təşkil edəcəksiniz. Mən şəxsən fəal şəkildə Azərbaycan müğənnilərinə səs verəcəyəm.
Çox sağ olun!
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.