- Beləliklə, ilin birinci yarısında görülmüş işlərlə bağlı bu gün keçirilən müzakirələr bir daha göstərir ki, altı ayda Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Ölkədə bütün proseslər müsbət istiqamətdə inkişaf edir və bu, bir daha onu göstərir ki, həm bizim seçdiyimiz yol düzgün yoldur, həm də apardığımız siyasət uğurlu inkişafı təmin edir. Xüsusilə indi dünyanın müxtəlif yerlərində yaşanan gərginlik, qarşıdurmalar, müharibələr, maliyyə və iqtisadi böhranlar göstərir ki, düzgün siyasət aparılan zaman bütün sosial və iqtisadi məsələlər uğurla öz həllini tapa bilər. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır, heç bir yerdən yardım almır. İndi buna ehtiyac da yoxdur.
Bizim siyasətimiz çox açıqdır. Həm xarici siyasət, həm daxili siyasət, iqtisadi və sosial məsələlərlə bağlı olan siyasətimiz bir məqsədi güdür ki, ölkəmiz daha da güclənsin, bölgədəki mövqeləri daha da möhkəm olsun, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Bizim bütün iqtisadi göstəricilərimiz gördüyümüz işlərin bariz nümunəsidir.
Uzun illər ərzində Azərbaycan iqtisadi inkişaf templərinə görə dünyada birinci yerdə idi. Bu, bizə imkan verdi ki, maliyyə resursları toplayaq, iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar qoyulsun. Dünya İqtisadi Forumunun hesabatlarına görə, Azərbaycan bu gün rəqabət qabiliyyətinə görə, - hesab edirəm ki, bu, hər bir ölkənin iqtisadiyyatı üçün vacib olan göstəricilərdən biridir, - MDB məkanında birinci yerdədir. İnsan inkişafı indeksi ilə əlaqədar verilən bəyanatlar və aparılan hesablamalar onu göstərir ki, ən böyük irəliləyişi Azərbaycan etmişdir. Azərbaycanda sosial məsələlərin həlli və xüsusilə pensiya islahatı ona gətirib çıxarıb ki, pensiyanın həcmi orta əməkhaqqının 40 faizini təşkil edir. Hesab edirəm ki, bu, MDB məkanında necə deyərlər, ən birinci göstəricidir və dünya miqyasında da biz inkişaf etmiş ölkələrin meyarlarına yaxınlaşırıq.
Azərbaycanda icra edilən infrastruktur layihələri nəinki ölkəmiz üçün, bölgə üçün də böyük əhəmiyyət daşıyır. Xüsusilə indi uğurla icra edilən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini misal kimi gətirmək olar. Bildiyiniz kimi, birinci mərhələdə Azərbaycan Gürcüstana 200 milyon dollar kredit ayırmışdı. Ondan sonrakı mərhələdə 575 milyon dollar əlavə kredit ayrılmışdır. Yəni, biz bu imkanları əldə etmişik. Əgər bu imkanlar olmasaydı, heç vaxt Bakı-Tbilisi-Qars dəmir yolu tikilməzdi. Çünki bir tərəfdən, dünya erməniliyi, erməni lobbisi bunun əleyhinə çıxırdı, digər tərəfdən onların himayəsində olan və erməni lobbisinin, necə deyərlər, sərəncamında olan bəzi siyasi dairələr bu layihənin əleyhinə çıxmışdılar. Burada həlledici amil, ilk növbədə, Azərbaycanın maliyyə resurslarının cəlb edilməsi idi və beləliklə, üçtərəfli format formalaşdı. Əminəm ki, bu layihə gələn ilin sonuna qədər reallaşacaqdır. Bu layihənin əhəmiyyəti, sadəcə, dəmir yolu layihəsi olmaqdan qat-qat üstündür. Bu, geosiyasi addımdır, geosiyasi təşəbbüsdür. Bundan sonra uzun illər Azərbaycanı nəqliyyat baxımından bölgə mərkəzinə çevirən bir layihədir və ölkəmiz onilliklər ərzində bu yolun istismarından həm siyasi, həm də iqtisadi dividendlər alacaqdır. Yəni, mən bu layihəni misal kimi gətirmişəm. Çünki bu, onu göstərir ki, bizim tərəfimizdən irəli sürülən təşəbbüslər bütün hallarda reallaşır. Bir dəfə də olmayıb ki, biz hansısa layihəni başlayaq və o, yarımçıq qalsın, yaxud da onu icra edə bilməyək. Güclü siyasi iradə, düşünülmüş addımlar və bölgədəki mövqelərimizin güclənməsi bax, bu reallıqları yaratmışdır.
İndi nəinki Yaxın Şərqdə, Şimali Afrikada da yaşanan olaylar göz qabağındadır. Avropa ölkələrində, Avropa İttifaqına üzv olan ölkələrdə çox böyük sıxıntılar, çətinliklər yaranmışdır, maliyyə-iqtisadi böhranlar yaşanır və xaricdən, beynəlxalq maliyyə qurumlarının yardımı olmadan bunların aradan qaldırılması qeyri-mümkündür. MDB məkanında yaşanan gərginliklər, hadisələr, böhranlar. Bir neçə ölkə xaricdən maliyyə resursları alınması üçün müraciət etmişdir və əgər o resurslar ayrılmasa, bu ölkələri defolt gözləyir, milli valyutanın ucuzlaşması prosesi gedir. Yəni bu gün dünyadakı mənzərə budur. Mən hələ təbii fəlakətləri demirəm. İndi bütün qitələrdə daşqınlar, yanğınlar baş verir. Azərbaycanda keçən il bu olaylar yaşandı, ancaq görülən tədbirlər nəticəsində qısa müddət ərzində o fəsadlar aradan qaldırıldı və bu gün cox ciddi iş aparılır ki, gələcəkdə biz bu bəladan özümüzü yüz faiz sığortalaya bilək. Yəni, burada həlledici məsələlərin birincisi siyasi iradədir. İkincisi peşəkarlıqdır. Çünki peşəkarlıq olmadan bu məsələləri biz lazımi səviyyədə icra edə bilmərik və Azərbaycanda bu istiqamətdə tətbiq olunan meyarlar dünya səviyyəsindədir. Bəlkə də ondan üstündür. Yəni bu gün Azərbaycan standartları anlayışı da müxtəlif sahələrdə tətbiq olunur.
Bütün bu gərginliklərin fonunda Azərbaycan bir sabitlik adası, inkişaf məkanı kimi özünü dünyaya təqdim edir. Mən şübhə etmirəm ki, nəzərdə tutulmuş bütün layihələr, proqramlar ilin sonuna qədər uğurla icra ediləcəkdir. Biz çalışmalıyıq ki, makroiqtisadi sabitliyə daha da çox üstünlük verək. Son illər ərzində inflyasiyanın artımı qəbuledilən ölçüdə idi. Bu ilin altı ayında, yenə də demək istəyirəm, əhalinin pul gəlirləri 17 faiz artmışdır, inflyasiya isə 8,8 faizdir. Yəni real artım yenə də çox böyükdür. Amma büdcəyə edilən dəyişiklik, dürüstləşmə büdcə xərclərini artırır və bu xərclər həm infrastruktur layihələrinə, eyni zamanda sosial məsələlərin həllinə yönəldilir. Bu barədə mən giriş sözümdə bildirmişəm, 900 minə qədər pensiyaçının pensiyası təxminən 40 faiz artacaqdır. Yəni bu, istər-istəməz inflyasiyaya təkan verə biləcək və mütləq verəcək bir amildir. Vətəndaşların bir neçə kateqoriyasının əməkhaqları qaldırılıbdır. Bu da inflyasiyaya təkan verəcəkdir. Böyük infrastruktur layihələrinin həyata keçirilməsi və bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi istər-istəməz inflyasiyaya gətirib çıxaracaqdır. Xüsusilə nəzərə alsaq ki, əvvəlki dövrdə bəlkə də, daha çox infrastruktur layihələrinə lazım olan ləvazimat, avadanlıq, materiallar xaricdən gətirilirdisə, indi lazım olan inşaat materialları və digər ləvazimat, avadanlıq yerli sənayenin sürətli inkişafı hesabına Azərbaycanda istehsal olunur. Bu, çox müsbət haldır. Biz bunu istəyirik və bu barədə hələ mən danışacağam. Amma eyni zamanda, bu da inflyasiya yaradan amilə çevrilir. Ona görə bütün diqqəti buna yönəltməliyik ki, inflyasiya birrəqəmli səviyyədə qalsın. Belə olarsa, heç bir çətinlik olmayacaqdır. Nəzərə alsaq ki, iqtisadi inkişaf, xüsusilə qeyri-neft sektorundakı iqtisadi inkişaf kifayət qədər böyükdür.
Vacib məsələlərdən, yəni ilin sonuna qədər həllini gözləyən məsələlərdən biri büdcə xərclərini yüz faiz icra etməkdir. Vaxt gəlib çatıb və biz bu barədə də düşünürük. Vaxt vardı büdcədə pul az idi, pulların xərclənməsi məsələsi ilə də ciddi məşğul olmurduq. Amma indi görülən işlər nəticəsində maliyyə imkanlarımız o qədər artıb ki, xüsusilə dürüstləşdirmə zamanı edilən əlavələr tələb edir ki, ilin sonunadək bütün bu işlər görülsün.
Burada çıxışlarda göstərildi ki, təkcə Bakı şəhərində nə qədər məktəb təmir ediləcəkdir. Sentyabr ayına və ilin sonuna qədər 40-dan yuxarı məktəb təmir ediləcək, tikiləcəkdir. Nə qədər xəstəxana, poliklinika tikiləcəkdir. Yol tikintisinə, digər infrastruktur layihələrinə əlavə vəsait ayrılıbdır. İlin sonuna cəmi altı ay qalıb və çalışmalıyıq ki, nəzərdə tutduğumuz layihələr icra olunsun. Ona görə çalışmaq lazımdır ki, biz büdcə xərclərini 100 faiz təmin edək. Bu yaxınlarda mənə verilən məlumata görə, biz həmin rəqəmə yaxınıq.
Bakıətrafı qəsəbələrdə işlər gedir, daha da sürətləndirilməlidir. Bakı Şəhər İcra Hakimiyyəti bu işlərlə məşğuldur, İqtisadi İnkişaf Nazirliyi bütün işləri əlaqələndirir, rayon icra hakimiyyətləri də əlbəttə ki, bu işlərlə məşğuldur və müvafiq qurumlar - Azərbaycan Dövlət Neft Şirkəti, bəzi hallarda Nəqliyyat Nazirliyi, "Azərsu" şirkəti bu işlərdə fəal çalışır. Elə etməliyik ki, nəzərdə tutduğumuz məsələlər qısa müddət ərzində öz həllini tapsın.
Hazırda ölkəmizdə bir neçə vacib, böyük infrastruktur layihələri həyata keçirilir. O layihələrin icrası ilə bağlı mütəmadi qaydada mənə məruzələr edilir. Ancaq mən bunları bir daha sadalamaq istərdim ki, daim diqqət mərkəzində olsun. Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulması, yeni zolaqların tikintisi uğurla gedir və aerovağzal kompleksinin yeni möhtəşəm, müasir binasının tikintisi də gedir. İşlər qrafik üzrə gedir və 2013-cü ildə biz Heydər Əliyev Beynəlxalq Aeroportunun açılışını qeyd edəcəyik.
Bu ilin sonuna qədər Azərbaycanda, Qəbələ şəhərində daha bir beynəlxalq aeroport istifadəyə verilməlidir. Qəbələ ölkəmizin turizm mərkəzlərindən birinə çevrilibdir. Orada böyük infrastruktur layihələri həyata keçirilir. Çoxlu otellər tikilib, istirahət zonaları yaradılıb və xarici turistləri cəlb etmək üçün əlavə infrastruktur layihələri icra olunur. Beləliklə, orada beynəlxalq aeroportun tikilməsi lazım idi. İşlər gedir və ilin sonuna qədər o aeroport istismara veriləcəkdir. Mən hesab edirəm ki, beləliklə, biz ölkədə beynəlxalq aeroportların tikintisi proqramını başa vuracağıq. Bir müddət əvvəl digər şəhərlərdə beynəlxalq aeroportlar tikilib və onlar uğurla fəaliyyət göstərir. Xüsusilə Naxçıvan, Gəncə və Lənkəran aeroportları beynəlxalq uçuşları təşkil edir və o şəhərlərdə yaşayan insanların rahatlığı üçün bu, əlbəttə ki, çox müsbət bir haldır. Xüsusilə Lənkəran aeroportuna beynəlxalq statusun verilməsi bir yenilikdir və hazırda Lənkərandan digər ölkələrin şəhərlərinə müntəzəm uçuşlar təşkil edilir. Beləliklə, Qəbələ beynəlxalq aeroportunun tikintisi ilə biz bu proqramı başa vurmuş oluruq.
Ələt qəsəbəsində dəniz ticarət limanının tikintisi başlanmışdır. Bu da çox böyük layihədir. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun 2012-ci ilin sonuna qədər istifadəyə verilməsi ilə bu ticarət limanının tikintisi uzlaşmalıdır. Bu, Xəzər hövzəsində ən böyük, ən müasir, ən gözəl və ən möhtəşəm dəniz ticarət limanı olacaqdır. Onun gücü imkan verəcək ki, biz həm Şərqdən Qərb istiqamətinə, həm də əks istiqamətə istənilən həcmdə yükləri ötürə bilək. O layihə ilə bağlı işlər gedir və daha da sürətləndirilməlidir.
Müasir, yenə də dünya səviyyəsində olacaq gəmiqayırma zavodunun tikintisi başlanmışdır və daim diqqət mərkəzində olmalıdır. Dövlət tərəfindən həyata keçirilən mühüm layihələrdən biri də Azərbaycanda böyük gübrə zavodunun tikintisi layihəsidir. Hazırlıq işləri gedir və ümid edirəm ki, yaxın zamanlarda bu zavodun da təməli qoyulacaqdır. Beləliklə, Azərbaycan nəinki özünü gübrə ilə təmin edəcək, eyni zamanda, bizdə güclü ixrac potensialı yaradılacaqdır. Şübhəsiz ki, bu zavodun tikilməsi kənd təsərrüfatının inkişafına və məhsuldarlığın artırılmasına çox müsbət təsir göstərəcəkdir.
Vacib olan infrastruktur layihələri arasında mən metro tikintisini də vurğulamaq istəyirəm. Bu sahədə də bütövlükdə böyük layihə icra edilir. Son üç il ərzində 3 yeni stansiya istifadəyə verilmişdir. 2015-ci ilə qədər əlavə 6 stansiya istifadəyə veriləcəkdir. Bu, çox müsbət göstəricidir. Metro birinci növbədə ən ucuz, ən rahat nəqliyyat növüdür. Biz bunu insanların rahatlığı üçün edirik və dünyada ən aşağı metro tarifləri Azərbaycandadır - 15 qəpikdir. Nə MDB məkanında, nə də dünyanın digər ölkələrində buna bənzər tariflər yoxdur. Metro sırf sosial layihədir və onun öz xərclərini ödəməsi üçün gediş tarifi bəlkə də indikindən 5-6 dəfə yüksək olmalıdır. Biz isə buna heç vaxt getməyəcəyik, çalışmalıyıq ki, nə qədər mümkündür, tarifləri bu səviyyədə saxlayaq. Ancaq onu da demək istəyirəm ki, nə qədər çox stansiya tikilirsə, bir o qədər də xərclər artır. Bizim 22, ondan da az stansiyamız var idi, xərclər də təxminən bir səviyyədə idi. İndi dörd ildə stansiyaların sayı 30-a çatacaq və əlbəttə ki, istismar xərcləri də artacaqdır. Buna əlbəttə ki, baxacağıq. Ancaq yenə də deyirəm, Azərbaycanda metro tikintisi gedir, tariflər sabitdir və son üç ildə 3 stansiyanın istismara buraxılması artıq onu göstərir ki, bizim kifayət qədər imkanımız vardır. Tunel tikintisi üçün alınmış yeni avadanlıq dünya səviyyəsindədir, dünyada bir nömrəlidir və bizə imkan verəcək ki, bu işləri daha da sürətlə aparaq.
Həmişə olduğu kimi, ordu quruculuğuna diqqət çox yüksək səviyyədədir və bu ilin iyununda keçirilən hərbi parad bizim gücümüzü, Azərbaycan dövlətinin, ordusunun qüdrətini göstərdi. Silahlı Qüvvələr güclənir və bildiyiniz kimi, bu məqsədlər üçün böyük vəsait ayrılır. Bütövlükdə hərbi xərclərimiz 3,3 milyard dollara bərabərdir. Bu, yoxsulluq içində yaşayan Ermənistanın dövlət büdcəsindən 50 faiz çoxdur.
3,3 milyard dollar, əlbəttə ki, böyük rəqəmdir. Bu, həm çoxdur, həm də azdır. Çoxdur ona görə ki, bu, böyük rəqəmdir. Azdır ona görə ki, biz diqqətimizi bu məsələlərə daha da çox yönəltməliyik. Mən hesab edirəm ki, ilin sonuna qədər biz çalışıb vəsait tapmalıyıq ki, hərbi xərclərimizi daha da artıraq. Bu barədə bu gün mən Nazirlər Kabinetinə göstəriş verirəm.
Bayaq qeyd etdiyim kimi, Azərbaycanda indi sənayeləşmə prosesi uğurla gedir. Yeni şirkətlər, fabriklər, zavodlar açılır. Elə fabrik, zavodlarımız var ki, onların sayı da artmaqdadır, onların istehsal etdiyi məhsul da dünya səviyyəsindədir. Elə etməliyik ki, bu məhsullar, ilk növbədə, ölkə daxilində satılsın və xüsusilə, dövlət şirkətləri bu məhsullardan istifadə etsinlər. Bəzi hallarda Azərbaycanda istehsal edilən ən yüksək keyfiyyətə malik olan hansısa avadanlıq, yaxud digər məhsul kənarda qalır, dövlət şirkətləri gedib xaricdən onun analoqunu alırlar. Baxmayaraq ki, bəlkə keyfiyyəti də aşağıdır, qiyməti də bahadır. Ona görə mən hesab edirəm ki, bizim nəzarətedici orqanlar bu məsələ ilə ciddi məşğul olmalıdır. Mən dövlət şirkətlərinin rəhbərlərinə dəfələrlə göstəriş vermişəm ki, lazım olan avadanlıq, məhsul, boru, yaxud da hər hansı digər mal əgər Azərbaycanda istehsal olunursa, ilk növbədə, Azərbaycanda alınmalıdır. İndi bizdə böyük, nəhəng, dünya miqyaslı müəssisələr yaradılıb ki, orada istənilən məhsul istehsal oluna bilər. Onların məhsulu qalır kənarda, onlar daha çox ixraca işləyir, dövlət şirkətləri isə eyni məhsulu xaricdən alır. Nə maraqları var? Məsələ araşdırılmalıdır. Mən bu məsələ ilə bağlı dəfələrlə fərdi qaydada öz göstərişlərimi vermişəm, ancaq əfsuslar olsun, hələ tam şəkildə nail ola bilməmişik ki, bu, reallaşsın. Bu, mənim son xəbərdarlığımdır. Bu məsələ ilə bağlı hesab edirəm ki, İqtisadi İnkişaf Nazirliyi xüsusi bir toplantı keçirsin, dünya səviyyəli, rəqabət qabiliyyətli məhsullar istehsal edən şirkətlər dəvət olunsun, onların istehsal etdikləri məhsulların bir daha təqdimatı keçirilsin. Eyni zamanda, bu toplantıda dövlət şirkətlərinin və özəl şirkətlərin rəhbərləri iştirak etsinlər. Biz özəl şirkətlərə göstəriş verə bilmərik, amma tövsiyə verə bilərik və verməliyik də.
Böyük inşaat işlərində Azərbaycanda istehsal edilən məhsullar istifadə olunmalıdır. Azərbaycanda istehsal olunan dünya səviyyəli məhsullar və daxili tələbatımızı yüz faiz ödəyən müəssisələr qalır kənarda, eyni məhsul xaricdən gətirilir. Nə üçün? Biz gərək öz bazarımızı qoruyaq. Ona görə istehsal olunan məhsulların, - dünya standartlarına uyğun olan məhsullardan mən söhbət açıram, - siyahısı, spesifikasiyası verilməlidir, bizim bütün gömrük orqanları bunu bilməlidir və bütün bu işlər əlaqələndirilmiş şəkildə aparılmalıdır. Bu məsələyə birdəfəlik son qoyulmalıdır. Belə tədbirləri görün, sonra mənə məruzə edərsiniz.
Bütövlükdə sənaye inkişafımızla bağlı çox vacib addımlar atılır. Azərbaycanda bir neçə böyük sənaye mərkəzi yaradılır. Bu barədə mən əvvəlki iclaslarda da demişəm. Bakı şəhərində, Sumqayıtda, Gəncədə və Bakının Qaradağ rayonunda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Bu istiqamətdə önəmli addımlar atılmışdır və ölkəmizdə sənayeləşmə siyasəti aparılır. Əgər bu olmasaydı, bu gün yerli istehsaldan o qədər danışmazdıq. Kimya sənayesinin inkişafı üçün tədbirlər görülür, müəssisələr modernləşdirilir, yeni texnologiyalar tətbiq edilir. Bu yaxınlarda Sumqayıt şəhərində olarkən göstəriş vermişəm ki, orada kimya sənayesi şəhərciyi yaradılsın. İndi Sumqayıtda böyük texnopark yaradılır. Orada 10-a qədər yeni müasir müəssisə fəaliyyət göstərir. Kimya kompleksinin ətrafında sırf özəl sektora aid olan bir növ müəssisələr şəhərciyi də yaradılmalıdır. İnkişaf etmiş ölkələrdə, MDB məkanında belə təcrübə var. Biz də ondan istifadə etməliyik ki, son məhsulun istehsalına qədər bütün texnoloji proses Azərbaycanda öz həllini tapsın. Bu, birinci növbədə bəlkə də yüzlərlə yeni kiçik və orta şirkətin yaradılmasına gətirib çıxaracaq. Minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq və artıq son məhsula qədər istehsal prosesi Azərbaycanda təşkil ediləcəkdir. Bu məsələ ilə bağlı bir müddət bundan əvvəl müvafiq göstərişlər verilibdir. Mənə verilən məlumata görə, Sumqayıtda ərazi də, yəni torpaq sahəsi də ayrılıb və tezliklə Dövlət Neft Şirkəti, İqtisadi İnkişaf Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələ ilə bağlı konkret addımlar atmalıdır.
İKT sektorunun inkişafı ilə bağlı burada məruzə edildi. Bu sahəyə biz çox böyük diqqət göstəririk. Həm MDB, həm də dünya miqyasında götürsək, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı çox böyük addımlar atılmışdır. Burada deyilən rəqəmlər onu göstərir ki, biz dünya miqyasında da qabaqcıl ölkələr sırasındayıq. Azərbaycanda süni telekommunikasiya peykinin orbitə çıxarılması da tarixi hadisə olacaq və burada nazir məlumat verdi. Biz indi çalışırıq ki, birinci peykin buraxılması ilə məhdudlaşmayaq. İkinci peykin orbitə buraxılması layihəsi də işlənilir. Bütövlükdə bu sahədə indi bizdə təcrübə yaranır. Xarici mütəxəssisləri də cəlb etmişik. Aparıcı xarici şirkətlərlə işləyirik və Azərbaycanda güclü kosmik sənayenin yaranmasına nail olacağıq.
Eyni zamanda, Azərbaycanda mobil rabitə və internet xidməti də inkişaf edir. Azərbaycan o ölkələrdəndir ki, burada internet azaddır, ona heç bir məhdudiyyət yoxdur. Demək istəyirəm ki, heç də hər bir ölkədə belə deyildir. Elə ölkələr var ki, orada internet azad deyil, məhdudiyyətlər qoyulur. Bu məhdudiyyətlər, əlbəttə ki, həm bizə bəllidir, həm də bu məsələ ilə bağlı olan, fəaliyyət göstərən beynəlxalq təşkilatlar da bunu bilir. Ancaq nədənsə, bəzi hallarda bu, diqqətdən kənarda qalır. Azərbaycanda isə azad internet fəaliyyət göstərir. Bu bir də onu göstərir ki, biz mətbuat azadlığına çox böyük diqqət veririk və mətbuat azadlığı Azərbaycanda tam şəkildə tətbiq olunur. O beynəlxalq təşkilatlar ki bu sahədə Azərbaycanda problem görmək istəyir, getsinlər öz tövsiyələrini internetin azad olmadığı ölkələrə versinlər. Yaxud da öz ölkələrində azad mətbuatın necə sıxışdırılmasından, - bu yaxınlarda biz bunun əlamətlərini görmüşük, - danışsınlar.
Bu ilin sonuna qədər kənd yollarının tikintisinə böyük vəsait ayrılacaqdır. Dövlət büdcəsində bu vəsait nəzərdə tutulub və elə etməliyik ki, kənd yollarının tikintisi ilə daha da ciddi məşğul olaq.
Əvvəlki dövrdə Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin hesabına bəzi rayonlarda kənd yolları tikilmişdir. Onların əksəriyyəti torpaq yolları idi, çox yararsız vəziyyətdə idi. İndi isə ilin sonuna qədər böyük kənd yolları layihəsi icra ediləcəkdir. Əlbəttə ki, gələn il də bu layihə icra ediləcək və biz çalışmalıyıq ki, bütün kəndlərdə yollar yaxşı səviyyədə olsun. Yəni, məqsəd bundan ibarətdir. Bu ilin sonuna qədər bir neçə rayonda bu layihələr icra olunacaqdır.
İçməli su təchizatı və kanalizasiya layihələrinin icrası ilə bağlı burada məruzə edildi. Bu, çox böyük layihədir. Həm Bakı, Bakıətrafı qəsəbələrdə, həm də bütün başqa rayonlarda, kənd yerlərində icra edilir. Burada da çox sadə bir hədəf qoyulmuşdur ki, Azərbaycan əhalisi yüz faiz, özü də gecə-gündüz, fasiləsiz, 24 saat su ilə təmin edilməlidir. Çox sadə bir hədəfdir, ancaq bunu icra etmək o qədər də asan olmayacaqdır. Çünki əfsuslar olsun ki, içməli su təchizatı və kanalizasiya problemləri bütün dövrlərdə bizdə çox aktual olmuşdur. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi və layihə gücünə çatdırılması nəticəsində bu məsələnin bir hissəsi öz həllini tapacaqdır. Amma biz elə etməliyik ki, hər bir yaşayış məntəqəsində 24 saat təmiz içməli su olsun. Layihələr var. Həm rayonlarda, həm Bakıda. Böyük layihələrdir və onları icra etməliyik. Azərbaycanda içməli su problemi və kanalizasiya problemi yaxın dörd-beş il ərzində, bəlkə də ondan da tez birdəfəlik həll olunmalıdır.
Kənd təsərrüfatının inkişafı ilə bağlı bütün müvafiq göstərişlər verilmişdir. Bu il daha da yaxşı məhsul gözlənilir. Ötən dövrdə kənd təsərrüfatının inkişafı 6 faiz təşkil etmişdir. Yaxşı göstəricidir. Taxılçılıq sahəsində bütün müvafiq göstərişlər verildi və təkrarlamağa ehtiyac yoxdur. İndi üzümçülük üzrə xüsusi proqram hazırlanır. O da müvafiq qurumlarda baxılmalıdır və üzümçülüyün inkişafı üçün biz konkret əlavə tədbirlər görməliyik. Bütövlükdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız, proqramımız var. Çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal edilsin. Bu da ümumi bir məqsəddir və bəzi sahələrdə biz bu məqsədə çatmışıq. Harada ki, çatmamışıq, Sahibkarlığa Kömək Milli Fondunun kreditləri hesabına və bəlkə də digər dövlət vəsaiti hesabına biz bunu təmin etməliyik.
Bu il Azərbaycanda "Turizm ili"dir. Bu barədə ilin əvvəlində danışmışıq. Həm Bakıda, həm də bölgələrdə yeni müasir otellər istismara verilir. Bakıda bu il altı beşulduzlu, dünya brendləri sırasında olan otellər istismara veriləcəkdir. Onlardan birinin - "Kempinski Badamdar" otelinin açılışı olmuşdur və yaxın vaxtlarda o, tam fəaliyyətə başlayacaqdır. İlin sonuna qədər, növbəti altı ayda təkcə Bakıda beş yeni beşulduzlu otel açılacaqdır. Eyni zamanda bölgələrdə. Hesab edirəm ki, beləliklə, gələcəkdə turizm Azərbaycan iqtisadiyyatında çox vacib yeri tutacaqdır. Ümumi daxili məhsulda turizmin də, İKT-nin də payı artacaqdır.
Bu gün burada məruzə edildi ki, İKT-dən əldə ediləcək gəlirlər neftdən əldə ediləcək gəlirlərə bərabər olmalıdır. Əli Abbasov bunun 2025-ci ildə olacağını deyir. Yəqin ki, bunu neft hasilatının aşağı düşəcəyi barədə köhnə hesablamalar əsasında deyirsiniz. Amma bilin ki, 2025-ci ilə qədər neft hasilatı aşağı düşməyəcəkdir. Ona görə İKT sektoru neft hasilatının indiki səviyyəsindən əldə olunan gəlirlərin səviyyəsinə çatmalıdır. Çünki əvvəlki hesablamalara görə 2025-ci ildə Azərbaycanda neft gəlirlərinin kəskin şəkildə aşağı düşəcəyi bildirilirdi. İndi isə biz görülən tədbirlər nəticəsində nail olmuşuq ki, hasilatın indiki səviyyəsi o vaxta qədər sabit qalacaqdır. Bu da çox böyük rəqəmdir. On milyardlarla ölçülən rəqəmdir. Çalışmalısınız ki, İKT-nin də gəlirləri o səviyyəyə çatsın.
Ölkəmizdə, ümumiyyətlə, islahatların aparılması və şəffaf maliyyə sisteminin gücləndirilməsi sahəsində böyük işlər görülür. Onların arasında korrupsiya və rüşvətxorluqla mübarizə çox mühüm yer tutur. Bu istiqamətdə çox təsirli addımlar atılmışdır. Bütün sahələrdə çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, cəza tədbirləri tətbiq olunur, eyni zamanda, institusional metodlardan da istifadə etməliyik. Mənim tərəfimdən imzalanmış bəzi sərəncamlar məhz bu məqsədi güdür.
Elektron hökumət prinsiplərinə keçməyimiz də korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacaqdır. Bütövlükdə çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq. İndi internet vasitəsilə, elektron xidmət vasitəsilə müxtəlif məlumatları da, arayışları da əldə etmək olar. Qeydiyyat məsələləri də internet vasitəsilə aparılmalıdır. Mənim tərəfimdən imzalanmış xüsusi sərəncamda bütün bu məsələlər göstərilibdir. Hər bir nazirlik və dövlət qurumu həmin sərəncama uyğun olaraq təkliflər verməlidir ki, onların nəzdində hansı xidmətlər elektron variantda aparılmalıdır. Bunu heç kim yubatmasın və uzatmasın. Bu sərəncam və onun icrası bilavasitə mənim nəzarətim altındadır. Tezliklə təkliflər verilməlidir. Ondan sonra daha da ciddi addımlar atılacaqdır. Korrupsiya və rüşvətxorluqla mübarizənin nəticələri var, nəticələr yaxşıdır.
Həmişə olduğu kimi, bu ilin altı ayında da sahibkarlığın inkişafı üçün böyük tədbirlər görülmüşdür, kreditlər verilmişdir. Nəzərdə tutulan kreditlərin 60 faizə qədəri artıq verilmişdir. İlin sonunadək qalan hissə də veriləcəkdir. Beləliklə, bu il də özəl sektora güzəştli şərtlərlə kifayət qədər böyük həcmdə - 125 milyon manat kredit veriləcəkdir ki, bu da özlüyündə növbəti illərdə yeni istehsalların, iş yerlərinin açılmasına və qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir.
Çıxışımın sonunda qeyd etməliyəm ki, gələn ilin dövlət büdcəsi üzərində işlər başlamışdır. Gələn ilin büdcəsi də həm investisiya yönümlü, həm də sosial yönümlü olmalıdır. Bu il başlanan proqramların icrası əlavə vəsait tələb edəcəkdir. Bütün bu məsələlər gələn ilin büdcəsində öz həllini tapmalıdır. Biz gələn ilin planları haqqında indidən düşünməliyik və düşünürük. Yəqin ki, yaxın vaxtlarda bütün dövlət qurumlarından təkliflər verilməlidir. O təkliflərə baxacağıq. Gələn ilin büdcəsi də bizə Azərbaycan iqtisadiyyatını uğurla inkişaf etdirməyə imkan verəcəkdir.
Bir daha demək istəyirəm ki, ilin altı ayının nəticələri çox ümidvericidir. Başqa cür ola da bilməzdi. Biz bunu elə ilin əvvəlindən bilirdik. Çünki bütün qəbul olunmuş proqramlar ona gətirib çıxarır ki, Azərbaycan sürətlə, uğurla inkişaf edir və yaxın zamanlarda dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir. Beləliklə, biz ölkəmizin uzunmüddətli və dayanıqlı inkişafına nail olacağıq.
Sağ olun.
{nl}
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.