Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqının prezidenti Herman Van Rompey mətbuata bəyanatlarla çıxış etmişlər

Avropa İttifaqının prezidenti Herman Van Rompeyin bəyanatı

{nl}

İyunun 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqının prezidenti Herman Van Rompey görüşdən sonra mətbuata bəyanatlarla çıxış etmişlər.
-Cənab Prezident, Brüsselə xoş gəlmisiniz.
Əvvəlcə Sizi "Eurovision" mahnı müsabiqəsindəki qələbəniz münasibətilə təbrik etmək istərdim. Avropanın bütün dairələri gələn il Bakıya toplaşacaq və Azərbaycanı diqqət mərkəzinə çevirəcəkdir. Səfərinizin qısa olmasına baxmayaraq, əhəmiyyətli və zamanında olan səfərdir. Bu, Avropa İttifaqı-Azərbaycan münasibətlərinin əhəmiyyətini göstərir.
Siz, həmçinin əmin olmalısınız ki, ölkəniz ilə əlaqələrin güclənməsinə sadiqik. Buna görə də biz Assosiativ saziş ilə bağlı danışıqların inkişafından razıyıq. Bizim Azərbaycan və Şərq tərəfdaşlarımız ilə münasibətlərimizə sadiqliyimiz sentyabrda Varşavada keçiriləcək "Şərq tərəfdaşlığı" Sammitinə hazırlığımızda və gözləntilərimizdə də öz əksini tapmışdır.
Bu gün də müzakirə etdiyimiz kimi, Varşava sammiti həm Avropa İttifaqı, həm də onun tərəfdaşlarının məqsədlərinə sadiqliklərini yeniləmək üçün bir imkan olacaqdır. Buraya "Şərq tərəfdaşlığı"nı möhkəmləndirən dəyər və prinsiplərə birgə sadiqlik, xüsusilə demokratik prinsiplər və təcrübələr, insan hüquqlarına hörmət, yaxşı idarəçilik və qanunun aliliyi aiddir. Biz ümid edirik ki, sammit tərəfdaşlarımızın Avropa İttifaqının seçilmiş proqramlarında və təsisatlarında iştirakının təşviqinə təkan verəcəkdir. Həmçinin ümidvaram ki, bu sammit siyasi əməkdaşlığın və dialoqun inkişafı yollarının, eyni zamanda, regional təhlükəsizliyin gücləndirilməsi və münaqişələrin həlli yollarının araşdırılması, ümumi maraq doğuran müəyyən qlobal və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan olacaqdır. Bu baxımdan və Sizin Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə bu həftə Dağlıq Qarabağ münaqişəsinə dair keçiriləcək yüksək səviyyəli görüşdə iştirak etmək üçün Kazan şəhərinə səfəriniz işığında, mən Avropa İttifaqının öz qonşuluğunda uzun müddət davam edən bu münaqişənin sülh yolu ilə nizamlanmasına güclü dəstəyini vurğulamışam. Əsas Prinsiplərə əsaslanan sənədi tamamlamaq üçün əlavə cəhdlər göstərməyin vaxtı çatmışdır. Bu, tez bir zamanda sülh danışıqlarına başlamağa imkan yaradacaqdır. Avropa İttifaqı münaqişənin gücdən istifadə etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyir.
Nəhayət, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin digər əsas elementi enerji sahəsidir. Mən şadam ki, Prezident İlham Əliyev Azərbaycanın sadiq tərəfdaş olduğunu bu gün təsdiqlədi. Əminəm ki, Azərbaycan Avropa bazarlarını gələcəkdə də enerji ilə təmin etməyə davam edəcəkdir.
Cənab Prezident, bir daha Brüsselə gəldiyiniz üçün çox minnətdaram. Avropalı həmkarlarım ilə birlikdə Sizinlə Varşavada "Şərq tərəfdaşlığı" sammitində görüşümüzü səbirsizliklə gözləyirəm.

{nl}

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

{nl}

-Əvvəlcə dəvətinizə görə Sizə təşəkkür etmək istərdim.
Münasibətlərimizin gələcək inkişafı baxımından Brüsselə səfərim böyük əhəmiyyət kəsb edir. Bundan başqa, müğənnilərimizin "Eurovision" mahnı müsabiqəsindəki qələbəsi ilə bağlı təbriklərinizə görə minnətdaram. Bu, böyük qələbə idi. Bu, Avropa və avropalılardan dəstəyin əlaməti idi. Mən azərbaycanlı müğənnilərə səs verən, bu mükafatı onlara layiq görən Avropadakı bütün dostlarımıza təşəkkür edirəm. Mən əminəm ki, çoxsaylı avropalı dostlarımızın iştirakı ilə gələn il Bakıda keçiriləcək müsabiqə bizə, həmçinin ölkəmizi, tariximizi və mədəniyyətimizi nümayiş etdirməyə yaxşı imkan verəcəkdir. Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bu əlaqələrimizin uzun tarixi vardır və bu gün bu münasibətlər yeni bir mərhələyə daxil olur.
Cənab prezidentin də qeyd etdiyi kimi, "Şərq tərəfdaşlığı" Proqramı fəal dialoq üçün yeni imkanlar yaradır. Biz Assosiativ saziş üzərində işləyirik. Ümid edirik ki, bu saziş bir çox sahələri əhatə edən və bizi Avropaya daha da yaxınlaşdıran uzunmüddətli əməkdaşlıq üçün çərçivə yaratmağa imkan verəcəkdir. Azərbaycanda islahatlar - siyasi, iqtisadi islahatlar davam edir. Bu islahatların aparılmasında nə qədər çox uğur əldə etsək, biz bir o qədər də Avropaya yaxın olarıq. Bu gün mənim Brüsseldə keçirdiyim görüşlərdə bütün sahələrdə daha da güclü əlaqələr qurmaq üçün qarşılıqlı maraqları bir daha açıq-aydın görə bilərik.
Cənab Prezident, Siz münaqişənin həllinə toxundunuz. Biz avropalı dostlarımıza Minsk prosesini dəstəklədiklərinə görə çox minnətdarıq. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin münaqişənin həlli prinsipləri ilə bağlı bu yaxınlarda verdikləri bəyanat həvəsləndiricidir. Xüsusilə, Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin "status-kvo qəbuledilməzdir, dəyişilməlidir və münaqişə özündə ərazi bütövlüyü və xalqların öz müqəddəratını ehtiva edən Helsinki Yekun Aktı sənədləri əsasında həll edilməlidir" bəyanatı bizi olduqca həvəsləndirdi. Bu iki prinsip ziddiyyət təşkil etmir. Bizə elə bir saziş lazımdır ki, burada Azərbaycanın ərazi bütövlüyü qorunsun və regionun bütün sakinləri azad və sülh şəraitində yaşasınlar. Düşünürəm ki, Minsk qrupunun təklifi belə bir çərçivəni yaradır. Biz erməni həmkarlarımızdan danışıqlara konstruktiv yanaşma gözləyirik. Ərazilərimizin işğaldan azad olunmasından sonra yüz minlərlə azərbaycanlının öz yurd-yuvalarına qayıtmaları üçün biz münaqişənin tez bir zamanda həllini istəyirik.
Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığının artıq yaxşı tarixi vardır. Bir neçə il bundan əvvəl bizə Xəzərin neft ehtiyatlarını beynəlxalq və Avropa bazarlarına çıxarmağa imkan verən Bakıdan Aralıq dənizi sahillərinə böyük neft boru kəməri inşa edildi. Bizim artıq əməkdaşlıqda yaxşı təcrübəmiz vardır. Bu gün Avropa bizim enerji resurslarımızın əsas istehlakçısıdır. Avropa bizim ən böyük ticarət tərəfdaşımızdır. Əminəm ki, bu dəhlizdən qaz resurslarının nəqli üçün istifadə bizə avropalı istehlakçıların etibarlı təbii qaz təminatçısı olmağa imkan verəcəkdir. Biz bu istiqamətdə olduqca fəal işləyirik. Yanvarda xüsusi işçi qrupu yaradılıb. Cənab Barrozunun bu ilin yanvarında Bakıya səfəri zamanı "Cənub" qaz dəhlizi ilə bağlı bəyannamə imzalanıb. İndi gələcək əməkdaşlıq üçün bizim çərçivəmiz vardır. Ümid edirik ki, bu ilin sonunadək biz bununla bağlı bütün lazımi işləri yekunlaşdıracağıq. Bu, bizə qaz potensialımızdan vətəndaşlarımızın rifahı naminə istifadə etmək, Avropaya isə gələcəkdə alternativ, etibarlı və böyük qaz resursları əldə etmək imkanı verəcəkdir. Bizim maraqlarımız təkcə enerji məsələsində deyil, həm də bu gün toxunduğumuz məsələlərdə üst-üstə düşür. Əminəm ki, Avropa İttifaqı və Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətləri gələcəkdə də uğurla davam edəcəkdir.
Bir daha, cənab Prezident, dəvətinizə görə təşəkkür edirəm.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında