Avropa Parlamentinin sədri Yeji Buzekin bəyanatı
{nl}
İyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Parlamentinin sədri Yeji Buzekin birgə mətbuat konfransı olmuşdur. Avropa Parlamentinin sədri Yeji Buzek və Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər.
- Prezident İlham Əliyevi Avropa Parlamentinə ilk dəfə gəlişi münasibətilə ürəkdən salamlayıram. İlk dəfə, yəni ölkə Prezidenti olaraq, çünki bu, əvvəllər baş verməmişdi. Bu, bizim Bakı görüşümüzün davamıdır. Hesab edirəm ki, həmin görüş qarşılıqlı anlaşma nöqteyi-nəzərindən çox maraqlı və səmərəli olmuşdur. Bu, çox əhəmiyyətlidir. Birincisi, ona görə ki, Brüsseldən Bakıyadək 3 min kilometr məsafə vardır. Bu, çox böyük məsafədir. Lakin düşünürəm ki, bizim eyni dəyərlərimiz vardır. Biz eyni düşünürük. Bizim həqiqətən də bəzi problemlərimiz vardır.
Bizim Assosiativ razılaşmalara, azad ticarət müqavilələrinə ehtiyacımız vardır. Bizim viza rejiminin sadələşdirilməsinə ehtiyacımız vardır. Əlbəttə ki, biz parlamentlərimiz arasında əlaqələri inkişaf etdirməliyik. Həmkarım bizimlə buradadır. O, Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəridir. Əlbəttə bilirsiniz ki, "Şərq tərəfdaşlığı" çox əhəmiyyətlidir və düşünürük ki, gələcəkdə də çox əhəmiyyətli olacaqdır.
Azərbaycan Prezidentinin məhbusları azad etməsini alqışlayıram. Bu, bizim Azərbaycana səfərimizdən bir neçə gün sonra baş vermişdi və onların sayı çox idi. Mən Prezidentə izah etdim ki, demokratiyanı və media hüquqlarını nəzərə alaraq biz çox vaxt Avropa İttifaqının xaricindəki və hətta bəzi hallarda daxilindəki ölkələri tənqid edirik. Biz necə ki, Avropa daxilində, eynilə də onun xaricində sərtik. Bizim əlaqələrimiz baxımından bu, çox böyük inkişafdır. Bizə, həmçinin iqtisadiyyatda rəqabətin olması vacibdir.
Enerji sahəsində əməkdaşlığımız, xüsusilə də qaz layihələrində, eynilə də Baki-Tbilisi-Ceyhan neft boru kəməri regionda vəziyyəti tamamilə dəyişdi.
Sonda onu da demək istəyirəm ki, Avropa İttifaqı və Avropa Parlamenti dünyanın bu regionunda dondurulmuş Dağlıq Qarabağ probleminin həllinə böyük önəm verir. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətinə, Rusiya, Fransa və ABŞ-ın fəaliyyətinə çox ciddi yanaşırıq. Başqa çox vacib bir məqam əlbəttə ki, Madrid prinsipləridir. Mən bütün bu məqamları bir daha cənab Prezidentin diqqətinə çatdırdım. Biz bu məsələdə dəstək verməyə, kömək etməyə hazırıq.
Cənab Prezident, Sizə bir daha minnətdarlığımı bildirirəm. Biz gözlənildiyindən artıq müzakirələr apardıq və jurnalistlər bizi gözləməli oldular. Buna görə onlardan üzr istəyirəm.
{nl}
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
{nl}
- Təşəkkür edirəm, cənab sədr!
Sizi bir daha görməkdən şadam. Avropa İttifaqına gəlmək üçün göndərdiyiniz dəvətə və bu müstəvidə danışıqlarımızı davam etdirmək imkanına görə minnətdaram.
Biz yaxın vaxtlarda Sizin Azərbaycana səfəriniz zamanı görüşdük. Bizim çox maraqlı və səmərəli danışıqlarımız oldu. Bu, həmçinin Sizin üçün ölkəmizi daha yaxından tanımağa imkan verdi. Bu gün biz bu dialoqu - tərəfdaşların, dostların dialoqunu davam etdiririk. Əminəm ki, mənim Avropa Parlamentinə, Avropa İttifaqına və Avropa Komissiyasına səfərim gələcək əlaqələrimizin inkişafında çox mühüm rol oynayacaqdır. Biz bir məsələdə birləşmişik və bu, bir-birimizə yaxınlaşmaq və Avropa təsisatları ilə Azərbaycan arasında mümkün qədər çox sahələri əhatə edəcək uzunmüddətli strateji tərəfdaşlıq qurmaqdır.
Bugünkü danışıqlarımız zamanı daha çox diqqət Azərbaycanda siyasi islahatların davam etdirilməsinə, demokratik sistemin gücləndirilməsinə və Azərbaycanın siyasi sisteminin Avropa İttifaqı ölkələrinin siyasi sisteminə yaxınlaşdırılmasına yönəldi. Həmçinin Azərbaycanda iqtisadi islahatlar yalnız o zaman uğurlu ola bilər ki, bu islahatlar siyasi islahatlarla birgə aparılsın. Bizim çox liberal iqtisadi qanunvericiliyimiz vardır. Bu, bizə xarici sərmayədarları cəlb etməyə kömək edir. İnvestorlar adətən siyasi vəziyyəti proqnozlaşdırıla bilən və sərmayələrin qorunduğu ölkələrə sərmayə yatırırlar.
Biz bu gün, həmçinin regional təhlükəsizlik məsələlərini də müzakirə etdik. Cənab sədrin qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan üçün deyil, həm də regional inkişaf və təhlükəsizlik üçün çox vacibdir. Çünki bu, regional sabitlik və təhlükəsizlik üçün ən böyük təhlükədir. Biz ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin rəhbərlərinin və bu gün cənab Barrozunun bəyanatlarından ruhlanırıq ki, status-kvo qəbuledilməzdir.
Bu gün biz eyni fikri cənab Buzek ilə də bölüşdük. Bu çox vacib bəyanatlardır. Çünki biz bu münasibətləri illərdir ki, gözləyirdik. Bildiyiniz kimi, bizim torpaqlarımız artıq 20 ilə yaxındır ki, işğal altındadır və yüz minlərlə azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün kimi yaşayır. Status-kvonun dəyişdirilməsi Azərbaycan torpaqlarının azad olunmasına, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin əldə edilməsinə, bütün kommunikasiyaların açılmasına, bütün qaçqın və köçkünlərin öz doğma yurdlarına qayıtmasına gətirib çıxaracaqdır. Bu isə öz növbəsində Cənubi Qafqaz regionunda tamamilə yeni bir vəziyyət yaradacaqdır. Ondan sonra isə üç Cənubi Qafqaz ölkəsi siyasi islahatları birgə aparmağa və Avropa təsisatları ilə daha sıx əlaqələr qurmağa başlaya bilərlər.
Avronestin yaradılması yaxın tarixin ən mühüm hadisələrindəndir. Bu isə Avropa ilə Qafqaz ölkələri arasındakı əlaqələrə uyğundur. "Şərq tərəfdaşlığı", Avronest, Assosiativ razılaşmaya dair danışıqlar - bütün bunlar əməkdaşlığımızın mühüm elementlərindəndir və bizə Avropaya daha yaxın olmağa imkan verəcəkdir.
(ardı 5-ci səhifədə)
(əvvəli 4-cü səhifədə )
Bu gün, həmçinin enerji təhlükəsizliyi məsələlərini də müzakirə etdik və bir qədər əvvəl sədr Buzek düzgün qeyd etdi ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi regiondakı vəziyyəti tamamilə dəyişdi, yeni dəhliz açdı. Artıq bu gün bu dəhliz vasitəsilə Azərbaycandan dünya bazarlarına qaz ixracatı həyata keçirilir və Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığının davam etdirilməsi yaxşı bir şərait yaradır. Bu ilin yanvarında Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana səfəri zamanı biz "Cənub" qaz dəhlizi ilə bağlı bəyannamə imzaladıq. Bu isə bəyannamədən də artıqdır. Bu bəyannamədə çox mühüm məqamlar vardır. Biz birgə işçi qrupu yaratdıq. Bu qrup artıq fəaliyyətdədir və yaxşı nəticələr verməkdədir.
Azərbaycan böyük enerji ehtiyatlarına malik olan bir ölkə kimi potensialını reallaşdırmaq istəyir ki, özünün enerji resurslarını dünya bazarlarına nəql edə bilsin. Avropanın isə şaxələndirməyə, yeni təchizat marşrutlarının yaranmasına ehtiyacı vardır. Bu məsələdə bizim maraqlarımız üst-üstə düşür. Bu səbəbdən əməkdaşlığımız, onun gündəliyi çox genişdir. Bu gün Avropa Parlamentini ziyarətim bu münasibətlərin hər iki tərəf üçün nə qədər vacib olduğunu göstərir.
Cənab sədr, qonaqpərvərliyə, dəvətə və bugünkü danışıqlarımıza görə bir daha minnətdaram.
{nl}
Sonra jurnalistin sualı cavablandırıldı.
Şaiq MƏMMƏDOV (Azərbaycan Televiziyası): Sualım Avropa Parlamentinin sədrinədir. Cənab sədr, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə gətirib çıxarıb. Burada insan hüquqlarının kobud şəkildə pozulması faktı mövcuddur. Bu məsələ ilə bağlı Avropa Parlamentinin müvafiq qərar qəbul etməsinin vaxtı çatmayıbmı?
Avropa Parlamentinin sədri Yeji BUZEK: Bu sual bizim bu məsələnin həllində yaxın gələcəkdə iştirakımız və yardım göstərməyimizlə bağlıdır. Çünki burada iki mühüm bəyanatın olması zəruridir. Bütün əsas tələblər yerinə yetirilməlidir. Bu məsələdə Azərbaycanın ərazi bütövlüyü çox mühüm əhəmiyyət kəsb edir və Avropa Parlamenti belə bir yanaşmanı tam dəstəkləyir. Bu, istənilən danışığın yaxşı bir başlanğıcıdır. Bildiyiniz kimi, bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya tərəfindən təşkil edilən Azərbaycan və Ermənistan arasında Kazan görüşünün keçirilməsi nəzərdə tutulur. Bu, çox yaxşı bir işarədir. Avronestdə isə hər iki ölkənin parlamentinin 10 nəfərdən ibarət nümayəndə heyəti bir araya gələrək bütün bu problemləri müzakirə edə bilər. Avronest Assambleyasının iki üzvünün namizədliyi həmin işçi komitənin həmsədr vəzifələrinə irəli sürülüb. Avronestdə gündəlik iş fəaliyyəti nəticə verir. Münaqişənin həlli üçün biz Azərbaycanı və Ermənistanı yaxınlaşmağa çağırırıq. Danışıqların parlamentlər səviyyəsində aparılması da çox vacibdir və bunu Avronest daxilində etmək asan ola bilər. Ermənistan və Azərbaycan parlament rəhbərlərinin qərarı nəticəsində biz bunu Avronestdə mayın əvvəlində başlaya bildik.
{nl}
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.