Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Xanımlar və cənablar, hörmətli dostlar!
Əvvəlcə mən dəvətə görə bu forumun sədrinə dərin təşəkkürümü bildirirəm. Bu, əslində ölkəmizin müstəqilliyinin 20-ci ildönümünü qeyd etdiyi tarixə təsadüf edir. Belə bir mötəbər beynəlxalq forumda iştirak etməkdən şərəf hissi duyuram.
Əslində, tariximizdə bu ildönümü çox vacib bir mərhələni təşkil etmişdir. Müstəqillik tariximiz o qədər də uzun deyildir. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra əslində bu, məhz bizim cəsarətimiz, baxışlarımız və istəklərimizdən irəli gəlirdi ki, müstəqilliyimizi əldə edəndən sonra hədəflərimiz hansılar olacaqdır?!
Bu gün biz fərəh hissi ilə deyə bilərik ki, bütün əsas məqsədlərə nail olduq. Azərbaycan yüz faiz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçmiş bir ölkəyə çevrildi və iqtisadiyyatımızın 80 faizindən çoxunu özəl sektor təmin edir. Biz elə bir ölkəyə çevrildik ki, bu ölkə demokratik prinsiplər əsasında inkişaf edir, müstəqil siyasi sistemini qurur, beynəlxalq təşkilatlara üzv olur və siyasi islahatları böyük siyasi iradə ilə davam etdirir. Həyatımızın hər bir sahəsində biz tərəqqini görürük. Lakin bu, o demək deyildir ki, biz indi istirahət etməliyik və məqsədlərimizdən bəhrələnməliyik. Biz əslində ürəkdən çalışmalıyıq ki, Azərbaycanı müasir, demokratik, çiçəklənən dövlətə çevirək.
Zənnimcə, bunu etmək üçün bütün imkanlar vardır. Qeyd etdim ki, artıq bizim güclü siyasi iradəmiz var ki, ölkəmizin inkişafı təmin edilsin və müasir cəmiyyət qurulsun. Siyasi islahatlar olduqca vacibdir. Artıq 10 ildir ki, Azərbaycan Avropa Şurasının üzvüdür və biz bu təşkilata üzvlüyə qəbul olunanda təşkilat qarşısında götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk.
İndi isə bizim Avropa İttifaqı ilə münasibətlərimiz yeni mərhələyə qədəm qoyur. Bu isə, əlavə islahatlar və demokratik proseslər tələb edir. Dünən mənim Avropa təsisatlarının rəhbərləri ilə olduqca konstruktiv, məhsuldar və dostluq mühitində keçən görüşlərim oldu. Mən Avropa Komissiyasının sədri cənab Barrozu ilə görüşdüm. Eyni zamanda, Avropa İttifaqının prezidenti cənab Herman Van Rompey, Avropa Parlamentinin sədri cənab Yeji Buzek və digər Avropa komissarları ilə görüşlərim oldu.
Bu, onu göstərir ki, bizim ümumi maraqlarımız var ki, gələcəkdə bir çox sahələrdə əməkdaşlığımızı genişləndirək. Bizim böyük gözləntilərimiz var ki, "Şərq tərəfdaşlığı" Proqramı Azərbaycan ilə Avropa arasında daha sıx əlaqələrin qurulmasına imkan yaradacaq və bunun nəticəsində biz Avropa İttifaqının müsbət təcrübəsindən ölkəmizdə istifadə edəcəyik, həyatımızın meyarlarını Avropa İttifaqının meyarlarına yaxınlaşdıracağıq. Azərbaycanın Avropanın bir hissəsi olmasını, Avropa qitəsinin ifrat sərhədində yerləşməsini nəzərə alaraq ölkəmiz bu sahədə öz rolunu oynamağa hazırdır.
Biz siyasi sahə ilə yanaşı, iqtisadi sahəyə də xüsusi diqqət yetiririk. Çünki qarşımızda duran böyük məsələlər vardır. Bizə şaxələndirilmiş iqtisadiyyat lazımdır. Biz sərmayələr qoymalıyıq və ölkədə canlanma yaratmalıyıq. Əslində müstəqilliyimizin ilk illərindən - 1993-cü ildən etibarən əsas alətlərimiz ondan ibarət idi ki, biz yaxşı, münbit sərmayə mühiti yaradaq və potensial sərmayədarlara nümayiş etdirək ki, Azərbaycan sərmayə üçün müvafiq yerdir.
Zənnimcə, biz bu məqsədə nail olduq. 1995-ci ildən etibarən xarici sərmayələr ölkə iqtisadiyyatına qoyulduqdan sonra bu gün demək olar ki, 100 milyard dollara yaxın vəsait Azərbaycan iqtisadiyyatına yatırılıbdır. Əslində təbii ki, bu sərmayələrin aparıcı qüvvəsi Azərbaycanın enerji sektorudur. Biz əslində təbii sərvətlərimizdən istifadə edərək Azərbaycan iqtisadiyyatını şaxələndirməyə başladıq və enerji sektorundan asılılığımızı azaltdıq. Zənnimcə, biz buna nail olduq. Bu misallardan birini gətirərək deyim ki, hətta böhran illərində - 2008-ci, 2009-cu illərdə neftin qiymətlərinin 4-5 dəfə azalmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı yenə də artmaqda davam etmişdir. Əsasən də bu artım qeyri-neft sektorunda müşahidə edilmişdir.
Ümumiyyətlə, son illərdə Azərbaycanın iqtisadiyyatı çox sürətlə artmışdır. Bizim iqtisadiyyatımız 3 dəfə, ÜDM 300 faiz artmışdır. Sənaye istehsalı demək olar ki, 3 dəfə artmışdır. Əldə etdiyimiz ən mühüm nailiyyətlərdən biri təbii ki, 900 mindən artıq iş yerinin xüsusən də rayonlarda açılmasıdır. Bu, o deməkdir ki, rayonlara kapital qoyuluşu davam etmişdir. Təbii ki, yoxsulluğun 2003-cü ildə 49 faizdən 2010-cu ildə 9 faizə qədər azalması onu göstərir ki, islahatlarımızın nəticələri vardır. Təbii ki, neftdən əldə edilən gəlirlərin ədalətli şəkildə istifadə edilməsi, paylanması düzgün yolla aparılmışdır.
Ümumiyyətlə, gələn illər ərzində Azərbaycanın iqtisadi inkişafı əsasən qeyri-neft sektoruna yönələcəkdir. Bu da ölkəmizin iqtisadi inkişafını təmin edəcəkdir. Bu, Azərbaycanda əsasən kənd təsərrüfatının, informasiya texnologiyalarının inkişafı sayəsində olacaqdır. Hazırda biz kosmik sənayemizi yaradırıq. Gələn il Azərbaycan telekommunikasiya sahəsində irəliyə böyük addımlar atacaq, öz peykini buraxacaq və bu, artıq kosmik sənayenin başlanğıcı olacaqdır.
Biz təhsilə çox sərmayələr yatırırıq, səhiyyə sahəsinə diqqət yetiririk, sosial infrastrukturu yaradırıq. Bizim xüsusi proqramlarımız vardır ki, gənc azərbaycanlılar dünyanın aparıcı universitetlərində, tədris ocaqlarında təhsil alırlar. Onların təhsili dövlət tərəfindən maliyyələşdirilir.
Ölkəmizin müasirləşdirilməsinə gəldikdə, bu, sırf iqtisadi dəyişikliklərlə baş tutmur. Mən artıq bu gün qeyd etdim ki, bizim iqtisadi sektorda hər hansı bir ciddi problemimiz yoxdur. Biz həyatımızın hər bir aspektini müasirləşdirməliyik və müasir, dinamik ölkəyə çevrilməliyik. Buna görə də bir daha qeyd etmək istəyirəm ki, Avropa təsisatları ilə sıx əlaqələrimiz, Avropa İttifaqı ilə bütün sahələrdə əməkdaşlıq bizim üçün cəlbedicidir.
Azərbaycan mədəniyyətlərarası dialoqda öz rolunu oynamaqdadır. Əsrlər boyu ölkəmiz elə bir məkan olub ki, orada müxtəlif etnik, dini köklərə malik xalqlar yan-yana, mehribanlıq şəraitində yaşayıblar. Çox şadıq ki, bu müsbət meyillər müstəqillikdən sonra hətta daha da güclənib. Azərbaycan cəmiyyəti çoxmədəniyyətli cəmiyyətdir, çoxetnik cəmiyyətdir. Müxtəlif millətlərin və dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar.
Biz, eyni zamanda, müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkanıq. Dialoq sahəsində xüsusi rol oynayırıq. Bu il ölkəmizdə mədəniyyətlərarası dialoq mövzusunda çox mühüm beynəlxalq konfrans keçirildi. Çox tanınmış şəxslər, dostlarımız Karteron, cənab əl-Tüveycri iştirakları ilə həmin konfransa töhfə verdilər. Ötən il biz dünya dini liderlərinin beynəlxalq konfransını keçirdik. Biz bu tədbirləri davam etdirmək fikrindəyik. Çünki biz tam əminik ki, inkişafın bu mərhələsində daha çox ünsiyyət yaratmalıyıq və mədəniyyətlərarası dialoq haqqında daha çox söhbət aparmalıyıq. Hesab edirəm ki, hazırda bunun mühüm əhəmiyyəti vardır. Mən tam əminəm ki, çoxmədəniyyətlilik uğursuzluğa düçar olmayıb, onun böyük gələcəyi vardır. Çoxmədəniyyətlilik bəşəriyyətin inkişafa aparan yeganə yoludur. Keçmişimizdən irəli gələn təcrübəmizə əsasən deyə bilərəm ki, bu, işləyə bilər. Bu, uğurla baş tuta bilər. Buna görə bu gün müsbət təcrübə, həmçinin bizim dostlarımız üçün vacibdir. Təbii ki, onlar da bu mötəbər mərama öz töhfəsini vermək istəyirlər.
Azərbaycan mühüm coğrafi mövqedə yerləşir. Biz sivilizasiyaların kəsişdiyi məkanda yerləşirik. Eyni zamanda, bizim prioritetlərimiz vardır. Biz Avropa Şurasının, eyni zamanda, İslam Konfransı Təşkilatının üzvüyük. Əslində bu, ölkəmizdə xüsusi bir ab-hava yaradır. Biz səylərimizi davam etdirəcəyik ki, beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfəmizi verək.
Biz regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiririk. Ən böyük problemlərdən, ən böyük çətinliklərdən və əslində ən böyük hədələrdən biri bu regionda nə hərb, nə sülh vəziyyətidir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Uzun illərdir ki, Azərbaycan əraziləri işğal altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirib və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altındadır. Əfsuslar olsun ki, artıq iki onillikdir ki, bu vəziyyət davam edir. Dağlıq Qarabağ münaqişəsi nəinki ən böyük ədalətsizlik, o cümlədən regional təhlükəsizliyə, sabitliyə böyük hədədir. Buna görə münaqişənin həlli, beynəlxalq hüquq normaları əsasında nizamlanması nəinki bizim üçün, bütövlükdə bütün region üçün vacibdir. Beynəlxalq təşkilatlar, BMT-nin Təhlükəsizlik Şurası və digər təşkilatlar bir neçə qətnamə və qərar qəbul ediblər. Həmin qərarlarda erməni işğalçı qüvvələrinin ərazimizdən qeyd-şərtsiz, dərhal çıxarılması tələb edilir. Əfsuslar olsun ki, bu günə qədər Ermənistan bu qətnamələrə heç bir diqqət yetirmir, məhəl qoymur və beynəlxalq hüquq normalarını pozur. Dağlıq Qarabağ münaqişəsinin həlli regionun bütün ölkələrinin marağındadır. Həmçinin vasitəçi kimi bu prosesdə iştirak edən, yardım göstərməyə çalışan ölkələr üçün də vacibdir.
Son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin verdikləri bəyanat bizi ruhlandırır. Fransa, Rusiya Federasiyası, Birləşmiş Ştatların rəhbərləri qeyd etmişlər ki, status-kvo dəyişdirilməlidir, bu, saxlanıla bilməz. Əslində bu, bizim sədr Barrozu ilə görüşümüz zamanı da xüsusilə qeyd edildi ki, status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi isə öz növbəsində artıq işğal olunmuş ərazilərin azad edilməsi deməkdir. Biz bunun tərəfdarıyıq, biz buna çalışırıq.
Ermənistan isə əksinə, status-kvonu mümkün qədər uzun müddətdə saxlamağa çalışır. İndi isə əgər status-kvonun dəyişdirilməsindən söhbət gedirsə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və sülhün bərqərar olunması vaxtıdır, bu vaxt artıq yetişib. Yəni bu, bizim üçün olduqca vacibdir. Əgər bu problem olmasaydi, siz təsəvvür edin ki, Azərbaycan necə inkişaf edə bilərdi. Hətta demək olar ki, qaçqınlar və məcburi köçkünlərin sayına görə Azərbaycan dünyada ən böyük göstəricilərdən birinə malik olmasına baxmayaraq, yenə də biz özümüzə arxalanan ölkəyik. Biz dinamik ölkəyik, güclü imkanlarımız var, şaxələndirilmiş inkişaf edən iqtisadiyyatımız, siyasi sistemimiz mövcuddur və gələcəyimiz üçün çox aydın planlar vardır. Buna görə də bu münaqişə nə qədər tez həll olunsa, bu, regional əməkdaşlığa, sabitliyə və proqnozlaşdırmaya apara bilər. Bunun nəticəsində region ölkələri Avropa təsisatlarına daha sürətlə inteqrasiya edə bilər.
İnkişafımızın ən vacib elementlərindən biri əlbəttə ki, enerji sektoru ilə bağlıdır. Mən onu demək istəyirəm ki, ölkəmiz üçün resurslarımız, onlardan düzgün istifadə necə müasir ölkənin qurulması yolunu bizə müəyyən edir. Əslində biz bu fürsətdən düzgün istifadə etdik. Biz enerji layihələrindən əldə edilmiş gəlirlərin ədalətli şəkildə bölüşdürülməsinə nail olduq. Bu gün Azərbaycanın Dövlət Neft Fondu ola bilsin ki, dünyada ən şəffaf, suveren fondlardan biridir. Bu, əslində beynəlxalq təşkilatların qiymətləndirilməsində də qeyd edilir. Bu, dünyada ən mühüm təsisatlardan biridir. Bu, əsas səbəblərdən biri idi ki, biz iqtisadiyyatımızı şaxələndirdik. Çünki bu Fond beynəlxalq səviyyədə auditdən keçir, daxil olan bütün vəsaitlər şəffaf şəkildə istifadə olunur. Vəsaitlər haqqında informasiya dövri olaraq açıqlanır və biz heç vaxt bunu sirr kimi saxlamırıq ki, fondumuza nə qədər vəsait toplanıb və bu, açıq məlumatdır. Mən deyə bilərəm ki, Azərbaycanın ümumi ehtiyatları 35 milyard dollardan artıqdır. Bu, bizim üçün əlavə imkanlar yaradır ki, ölkəmizi inkişaf etdirək, sosial infrastruktura sərmayə qoyaq, ölkəmizi daha da müasirləşdirək. Bu vəsaitləri xalqın rifahı üçün sərf edək və təbii ki, əhalimizin yaşayış səviyyəsini daha da yaxşılaşdıraq. Hesab edirəm ki, yeddi il ərzində yoxsulluğun 5 dəfə azalması atdığımız addımların düzgünlüyünü göstərir. Eyni zamanda, enerji siyasətimiz regionda və Avropada enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır və oynamaqdadır.
Biz 2000-ci illərin əvvəlində başlayanda və 2006-cı ildə boru kəmərlərini istismara verəndə o vaxt hələ böyük həcmdə resurslar ixrac olunmurdu. Bu, əslində bir başlanğıc idi və bir növ enerji dəhlizinin tikilməsi idi. Əslində bu, enerji resurslarının dünya bazarlarına çıxarılması idi ki, Bakı-Tbilisi-Ceyhan 2005-ci ildə istismara verildi. 2007-ci ildə, həmçinin qaz boru kəməri tikildi və Azərbaycandan çəkildi.
Azərbaycan elə bir ölkədir ki, tarixdə ilk dəfə olaraq Xəzər dənizinin resurslarını beynəlxalq bazara çıxardı. Bu gün isə biz neft və qaz sahəsində şaxələndirilmiş təchizat şəbəkəsini yaratmağa nail olmuşuq. Hazırda 7 neft və qaz boru kəməri mövcuddur ki, onlar enerji resurslarını bütün istiqamətlərdə çatdırır. Bütün karbohidrogen resurslarımız ətrafda olan ölkələrə çatdırılır. Zənnimcə, bu sahə gələcəkdə daha çox vəsaitlərin əldə edilməsinə imkan yaradacaqdır. Təbii ki, biz hazırda müzakirələr aparırıq ki, daha geniş regional əməkdaşlıq edək. Cənab Ottingerin bu gün dediyi kimi, biz "Cənub" qaz dəhlizini ciddi şəkildə müzakirə etdik. Əslində sədr Barrozunun Azərbaycana səfəri zamanı bu haqda birgə bəyannamə imzalandı. Bunun əsasında işçi qrupu yaradıldı və olduqca qısa müddət ərzində - 6 aydan az vaxtda artıq yaxşı nəticələr verir. Biz ilin sonuna qədər fəal şəkildə işləməyi planlaşdırırıq ki, bütün məsələləri həll edək, tranzit sazişlər öz həllini tapsın və beləliklə, Azərbaycanın böyük neft-qaz ehtiyatlarının işlənilməsinə nail olaq.
Təbii ki, neftin nəqli məqsədi ilə yaradılmış bu dəhliz indi qazın çatdırılması üçün şərait yaradır. Bu, həmçinin ünsiyyət alətidir. Hazırda biz dəmir yolu xəttini çəkirik. Bu, Asiya qitəsini Azərbaycandan keçərək Avropa ilə birləşdirəcəkdir. Gələn ilin sonunadək bu dəmir yolunun artıq istismara verilməsi baş tutmalıdır. Bu dəmir yolunun tikintisi nəticəsində bizim malların, on milyonlarla ton yükün Şərqdən Qərbə və geriyə daşınması mümkün olacaqdır.
Buna görə Azərbaycanın enerji strategiyası, irəli sürülən təşəbbüslər və bizim tərəfimizdən başlanmış layihələr bu gün regional əməkdaşlığa aparır və gələcəkdə isə qitələrarası əməkdaşlığa imkan yaradacaqdır. Hazırda biz Avropa tərəfdaşlığı hökumətləri və şirkətləri ilə müzakirələr aparırıq, Azərbaycan artıq nümayiş etdirdi ki, etibarlı tərəfdaşdır.
Azərbaycan elə bir ölkədir ki, şaxələndirmə siyasətinə dəstək verə bilər. Şaxələndirmə siyasəti həm hasilatçılar, həm də istehlakçılar üçün vacibdir. Hasilatçı kimi biz artıq bütün mümkün işləri görmüşük. İndi isə biz istehlakçılara dəstək vermək istəyirik ki, onların da şaxələndirilmiş təchizat marşrutları olsun.
Şaxələndirmə təkcə yeni təchizat yolları demək deyildir. Əslində bu, yeni mənbələrin olması deməkdir. Bu baxımdan Xəzər dənizi, Azərbaycanın Xəzər dənizindəki resursları şaxələndirmə üçün yeni mənbə rolunu oynayır. Çünki Xəzər dənizinin Azərbaycan sektorunda olan ehtiyatlar, xüsusən də qaz ehtiyatları hələ ki tam işlənilməyibdir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları minimum 2,2 trilyon kubmetrə bərabərdir. Bu il və gələn il ərzində də biz bu sahədə işlərimizi - kəşfiyyat işlərini davam etdirəcəyik. Bu rəqəm daha da artacaqdır. Bu, o deməkdir ki, Azərbaycan cənab Ottingerin qeyd etdiyi kimi, Bakıda sədr Barrozu ilə mənim aramda imzalanmış bəyannamə ilə Azərbaycan mühüm təchizatçıya çevriləcəkdir ki, biz öz qonşularımıza, dostlarımıza bu prosesdə dəstək verməyə hazırıq. Əminəm ki, enerji siyasətinin Azərbaycanda uğurla həyata keçirilməsi davam edəcəkdir. Bir layihə digər layihənin yaradılmasına imkan verir.
Mən ölkəmiz haqqında daha çox danışa bilərdim. Ölkəmizin tarixi haqqında danışa bilərdim. Təbii ki, qeyri-neft sektorunda olan nailiyyətlər burada fotoşəkillərdə öz əksini tapıbdır. Turizm infrastrukturu sahəsində nailiyyətlər vardır. Yalnız bu il Bakıda beşulduzlu altı mehmanxana açılacaqdır. Bu da əslində bizim açıq qapı siyasətimizin, sərmayə mühitimizin təzahürüdür və təbii ki, sərmayədarların Azərbaycanın gələcəyinə verdiyi töhfədir. İqtisadi-sosial vəziyyətin daha da yaxşılaşdırılması Azərbaycana bu marağı daha da artıracaqdır.
Təbii ki, Azərbaycanın özü də artıq sərmayədar ölkəyə çevrilir. Ölkə hüdudlarından kənarda qoyulan sərmayələr artıq 3-4 milyard dollara bərabərdir və Azərbaycan artıq bu baxımdan yaxşı nüfuza malikdir.
Mən nitqimi yekunlaşdıraraq burada - Avropanın ürəyində, mərkəzində çalışan, yaşayan işçilərə, əməkdaşlara təşəkkürümü bildirirəm ki, onlar bizim müğənnilərə dəstək vermişlər. Bu, əslində dostluq rəmzidir. Bu, avropalıların bizə olan münasibətidir. Çünki bu mahnı onların xoşuna gəldi, onlar müğənnilərin çıxışını bəyəndilər. Eyni zamanda, Azərbaycana dostluq münasibəti göstərdilər. Bu, Avropadan Azərbaycana olan münasibət idi. Yəni bu, Avropanın ictimai rəyini əks etdirdi. Avropadakı müxtəlif ölkələr Azərbaycanı Avropanın bir hissəsi hesab edirlər. Əslində biz daha ürəkdən işləməliyik və dünən Avropa təsisatlarının rəhbərləri ilə görüşlər bir daha onu nümayiş etdirdi ki, tərəfdaşlığımızı inkişaf və dostluq münasibətlərimizi davam etdirmək üçün bizim güclü iradəmiz vardır.
Çox sağ olun. Mən fürsətdən istifadə edərək sizin hamınızı gələn il Bakıya dəvət edirəm. Biz bu forumu Azərbaycanda keçirəcəyik. "Eurovision" mahnı müsabiqəsi Azərbaycanda olacaqdır. Bir çox maraqlı tədbirlər olacaqdır. Çox şad olardıq ki, sizin hamınızı Bakıda görək. Diqqətinizə görə çox sağ olun.

{nl}

-* * *

{nl}


Sonra Krans Montana Forumunun prezidenti Jan Pol KARTERON çıxış etdi. O, müasir Azərbaycanın sürətli inkişafının ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm bünövrə sayəsində mümkün olduğunu əsaslandıraraq dedi:
- Biz tam əminik ki, Siz xeyirxah işlərin insanısınız, şəxsiyyətisiniz, cənab Prezident! Xanımlar və cənablar, mən tam əminliklə deyə bilərəm ki, sizlərdən çox az bir qismi hələ ki, Azərbaycana səfər edibdir. Mən sizə demək istəyirəm ki, bu ölkədə çox böyük dəyişikliklər baş verib. Mən təbii ki, burada güclü iradəyə əsaslanan baxışlar haqqında danışmaq istərdim. Bu, əslində Heydər Əliyevin ölkədə hakimiyyətdə olduğu vaxtdan başlayır. O, Azərbaycan üçün bir çox işlər gördü, Azərbaycanda yüksək makroiqtisadi göstəricilərin təmin edilməsinə nail oldu və bu, dünya səviyyəsində tanındı. Hətta mən sizə deyərdim ki, ötən illər ərzində bir çox ölkələr müflisləşməyə doğru gedərkən, Azərbaycanda yenə də artım 5 faiz olmuşdur. Təbii ki, cənab Prezident, mən bunu Sizinlə görüşümüz zamanı açıqladım. Əslində dedim ki, bu, möcüzədir.
Jan Pol Karteron ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı, ölkəmizdə iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edərək dedi:
- Cənab Prezident, Siz bu regionda öz rəhbərlik məharətinizlə seçilərək, əslində bir kapitan rolunu oynayaraq tam şəkildə, tam surətdə ölkənizin nüfuzunu artırırsınız. Siz islahatlar, struktur islahatları həyata keçirdiniz, bir çox xarici sərmayədarları ölkənizə cəlb etdiniz və fiskal siyasəti düzgün apardınız.
Azərbaycanda gedən proseslərin, aparılan struktur islahatlarının, korrupsiyaya qarşı mübarizə tədbirlərinin, xüsusilə şəffaflığın təmin olunması məqsədi ilə yaradılan Neft Fondunun fəaliyyətinin Avropada diqqətlə izlənildiyini söyləyən Jan Pol Karteron dedi:
- Siz, eyni zamanda, iqtisadi böhran zamanı ölkəni çox düzgün şəkildə idarə etdiniz. Siz qeyd etdiniz ki, neftin qiymətləri aşağı düşürdü və təbii ki, bu halda Siz olduqca müdrik qərarlar qəbul etdiniz. Demək olar ki, Sizin ölkənin beynəlxalq səviyyədə borclarının olmaması, maliyyə böhranından düzgün çıxması və düzgün həll yollarının, variantlarının tapılması xüsusi əhəmiyyət kəsb etdi və təbii ki, artımın nəticələrindən bəhrələnə bildiniz. Sizin xarici siyasətiniz açıqlıq siyasətidir.
Krans Montana Forumunun prezidenti ölkəmizin zəngin təbii ehtiyatlara malik olduğunu və bunlardan səmərəli istifadə edildiyini də dedi. Jan Pol Karteron ölkəmizin Avropa İttifaqı ilə əlaqələri genişləndirdiyini diqqətə çatdırdı, vurğuladı ki, bu gün Azərbaycan Yaxın Şərqə, Mərkəzi Asiyaya çıxışdır. Jan Pol Karteron bu gün ölkəmizin bir çox nailiyyətlər əldə etdiyini bir daha vurğulayaraq, Azərbaycanda son illər ərzində baş verən hadisələri əsl möcüzə adlandırdı. O, ölkəmizdə müşahidə olunan sürətli inkişafın, xalqımızın qonaqpərvərliyinin şahidi olması üçün hamını Azərbaycana dəvət etdi.
*  *  *
Sonra Forumun ən ali mükafatı "PRIX DE LA FONDATION" Prezident İlham Əliyevə təqdim olundu.
Dövlətimizin başçısı İlham ƏLİYEV ali mükafata görə minnətdarlığını bildirərək dedi:
- Cənab sədr, bu mükafata görə çox sağ olun. Mənim üçün bu mükafatı almaq böyük şərəfdir və Azərbaycan haqqında söylədiyiniz xoş sözlərə görə təşəkkürümü bildirirəm. Bu, dostumuzun söylədiyi sözlərdir. Mən Sizə ölkəmiz haqqında söylədiyiniz sözlərə və planlarımız haqqındakı fikirlərinizə görə təşəkkürümü bildirirəm.
Qeyd etmək istəyirəm ki, biz işimizi hələ tam bitmiş hesab etmirik, o vaxta qədər ki, öz hədəfimizə yaxınlaşacağıq. Hədəf müasir Azərbaycandır, sülhdür, bütün ölkələrlə sülh münasibətləri və Avropa ölkələri ilə yaxşı münasibətlərdir. Bu, elə bir ölkə olmaqdır ki, orada sosial-iqtisadi sabitlik, qanunun aliliyi vardır, demokratik elementlər mövcuddur, insanlar dinc şəraitdə yaşayır və həyatdan həzz alırlar.
Ola bilsin ki, mən indi ölkənin əslində ideal panoramını təsvir etdim. Amma hesab edirəm ki, buna nail olmaq mümkündür. Çünki son 20 il ərzində işğalla yanaşı, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, inflyasiyanın yüksək səviyyəsindən sonra biz ölkəni yeni dirçəliş yoluna çıxara bildik. Bu, dirçəliş çox qısa müddət ərzində baş verdi. Bu, onu göstərir ki, biz öz məqsədlərimizə nail olduq, bütün resurslarımızı səfərbər etdik və cəmiyyət daha da həmrəy oldu.
Təbii ki, Azərbaycan xalqının fəal iştirakı olmadan buna nail olmaq mümkün olmazdı. Azərbaycan xalqının vətənpərvərliyi vacib idi. Azərbaycan xalqı əsrlər boyu müstəqillik haqqında düşünürdü. Biz keçmişdə digər imperiyaların hissəsi olmuşuq və indiki nəslimiz xoşbəxtdir ki, biz bu müstəqilliyi gördük. Əslində biz ölkəmizi gücləndiririk və ölkəmizin inkişafına töhfə veririk. Bu gün Azərbaycan öz mövqeyinə malik olan ölkədir. Azərbaycan nəinki regionda xüsusi mövqeyə malik olan ölkədir, eyni zamanda, qlobal siyasətdə öz rolunu oynayır, öz sözünü deyir və regional layihələri həyata keçirir. Enerji təhlükəsizliyi ilə bağlı bizim öz rolumuz var və təhlükəsizlik prosesində fəal iştirak edirik. Bütün bunlar Azərbaycanın nailiyyətləridir. Əgər gələcəyimizə inamımız olmasaydı, yəqin ki, qəbul etdiyimiz bəzi mürəkkəb qərarlar da mümkün olmazdı. Bu gün Azərbaycanın mövqeyinin gücləndirilməsi bizə imkan verir ki, regionda müstəqil siyasət yürüdək. Bu siyasət bizim ölkəmizin, xalqımızın və dostlarımızın marağına xidmət edir.
Mən çox şadam ki, ən mühüm regional və qlobal məsələlərdə bizim mövqeyimiz, Azərbaycanın yanaşması avropalı tərəfdaşlarımızın mövqeyi ilə üst-üstə düşür. Avropa İttifaqının rəhbərləri ilə keçirdiyimiz dünənki görüşlər bunu bir daha nümayiş etdirir. Mən bu mükafatı ölkəmizə verilən mükafat kimi qəbul edirəm. Müstəqil Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə əldə etdiyi uğurlar Avropaya olan münasibətinin təcəssümüdür. Bu, çox vacibdir və bu gün əslində biz yeni, olduqca perspektivli və eyni zamanda, çox mürəkkəb bir mərhələyə qədəm qoyuruq. Bu, Avropa ilə Azərbaycanın münasibətlərinə aid olan bir mərhələdir. Bu, münasibətlərimizin rəsmiləşdirilməsinə aparan yoldur və tərəfdaşlıq sazişimiz əsasında ölkəmizin, münasibətlərimizin inkişaf perspektivini müəyyən edəcəkdir.
Cənab sədr, bir daha şəxsən sizə və sizin bütün həmkarlarınıza, bu qərarın qəbul edilməsində iştirak etmiş şəxslərə təşəkkürümü bildirirəm və sizin hamınızı Azərbaycana səfərə dəvət edirəm. Gəlin, görün ölkəmiz necə inkişaf edir. Çox sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında