Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir

{nl}

Müşavirədə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunmuşdur
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir.
Müşavirədə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunmuşdur.
Müşavirəni giriş sözü ilə açan Prezident İlham ƏLİYEV dedi:
-Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində ölkəmizin müxtəlif yerlərində biz təbii fəlakətlərlə üzləşmişik. Qırx rayonun ərazisində subasma halları müşahidə olunur. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalmışdır. Əvvəlki illərdə də ölkəmizdə belə hallar olmuşdu, amma biz bu dərəcədə təbii fəlakətlə demək olar ki, ilk dəfə üzləşirik. Vəziyyət ümumilikdə nəzarət altındadır.
Mən bu günlər ərzində hər yerdə vəziyyətlə maraqlanmışam, müvafiq göstərişlər vermişəm.
Azərbaycanın bütün müvafiq qurumları əlindən gələni edirlər ki, dəymiş bu ziyanı aradan qaldıraq, insanlara kömək edək. Müxtəlif rayonlarda bu vəziyyətdən əziyyət çəkən insanlar öz evlərindən müvafiq məskunlaşma yerlərinə köçürüldü. Əlbəttə ki, bu təbii fəlakətin nəticələri aradan qaldırılandan sonra biz dəymiş bütün ziyanı hesablayacağıq, insanlara kömək göstərəcəyik, onlar üçün yeni evlər tikəcəyik. Əvvəlki illərdə də belə təcrübə olub. Sürüşmə zamanı əziyyət çəkən vətəndaşların ev tikintisinə dövlət kömək göstərmişdi və öz maliyyə resurslarını da cəlb etmişdi. Əlbəttə ki, dəymiş bütün ziyan hesablanacaq, biz bütün lazımi tədbirləri görəcəyik.
İndiki şəraitdə əsas diqqətimiz ona yönəlməlidir ki, biz bütün lazımi tədbirləri operativ şəkildə görək. Bütün texnika, bütün müvafiq qurumlar, rayonların əhalisi səfərbər olunub. Biz görülən tədbirlər nəticəsində daha böyük fəlakətdən özümüzü qoruya bildik. Ancaq buna baxmayaraq, təbii proseslər əlbəttə ki, bizə çox ciddi ziyan vurdu.
Bu proseslər bütün dünyanı bürüyüb. Qonşu ölkələrdə də oxşar hadisələr baş verib, bəlkə bizdən daha da şiddətli vəziyyət yaranmışdır. Bütün başqa yerlərdə, başqa qitələrdə bu proseslər davam edir. Biz bütün tədbirləri görürük. Əlavə tədbirlər haqqında bu gün biz burada danışacağıq. Bütün müvafiq qurumlar öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirlər. Yerli əhali onlara kömək göstərir və göstərməlidir.
Ancaq bu operativ işlərlə yanaşı, biz əlbəttə ki, məsələnin kompleks şəkildə həll olunması haqqında tədbirlər planını hazırlamalıyıq.
Çünki heç kim təminat verə bilməz ki, növbəti illərdə də biz bu problemlərlə üzləşməyəcəyik. Ona görə kompleks tədbirlərin görülməsi və kompleks planın hazırlanması prosesi başlanmalıdır, tezliklə bu təkliflər verilməlidir. Lazım olarsa dövlət büdcəsində düzəlişlər edilməlidir. Əlavə vəsaitin ayrılması qaçılmazdır. Çünki biz bu məsələləri operativ şəkildə həll etməliyik. Həm təbii fəlakətin qarşısının alınması üçün əlavə tədbirlər və maliyyə resursları cəlb olunmalıdır, eyni zamanda, dəymiş ziyanın aradan qaldırılması, insanlara kömək göstərmək üçün, əlavə texnika və avadanlığın alınması ilə bağlı təxirəsalınmaz tədbirlər görməliyik. Bu məqsədlə yəqin ki, əlavə maliyyə resurslarına da ehtiyac olacaqdır. Bu günə qədər Ehtiyat Fondundan müvafiq qurumlara vəsait ayrıldı. Bu vəsait hesabına çoxlu işlər görüldü, daha da çox işlər görülməlidir.
İlk növbədə kompleks tədbirlər hazırlanmalıdır. Bu barədə əlbəttə ki, biz bu gün də danışacağıq. Gələcəkdə, yaxın zamanlarda təqdim olunacaq bütün təkliflər də kompleks tədbirlərdə öz əksini tapmalıdır. Hesab edirəm ki, ilk növbədə daha da ciddi və daha da böyük həcmdə sahilbərkitmə işləri aparılmalıdır. Hər il dövlət büdcəsindən sahilbərkitmə işlərinə vəsait ayrılır və o, az vəsait deyildir. Ancaq hər il, yaxud da ki, iki ildən bir bu sahilbərkitmə işlərinin nəticələrini su yuyub aparır. Yəni, hər il demək olar ki, biz bu işləri yenidən görməli oluruq. Ona görə bu tədbirlər birdəfəlik və kompleks şəkildə görülməlidir. Harada lazımdırsa beton işləri aparılmalıdır ki, sahillər bərkidilsin. Sahilboyu yerlərdə tikilmiş qanunsuz evlər oradan köçürülməlidir. O qanunsuz sərəncamları vermiş məmurlar cəzalandırılmalıdır.
Əfsuslar olsun ki, biz ölkəmizin müxtəlif yerlərində belə xoşagəlməz hadisələrlə üzləşirik. Yerli icra orqanları harada gəldi, kimə gəldi torpaq sahələri ayırırlar və vətəndaşlar orada evlər tikirlər. O evlər orada yaşayanlar üçün təhlükə mənbəyidir. Çünki yüksək gərginlikli xətlərin altında tikilmiş evlər insanların sağlamlığına çox böyük ziyandır. Eyni zamanda, operativ təmir-tikinti işlərinin aparılması üçün bizə problem yaradır. Sahilboyu ərazilərdə tikilmiş bu evlər indi imkan vermir ki, orada sahilbərkitmə işləri lazımi səviyyədə aparılsın. Ona görə bu vaxta qədər buraxılmış bütün nöqsanlar, bəzi hallarda cinayətlər ciddi araşdırılmalıdır. Qanunsuz sərəncamları verən şəxslər müəyyən edilməlidir, onlara qarşı tədbirlər görülməlidir. Baxmayaraq ki, indi onlar vəzifədədir, yoxsa vəzifədən uzaqlaşdırılıblar və mənə tezliklə məlumat verilməlidir.
Bununla bərabər, gələcəkdə təbii fəlakətlərin qarşısının alınması üçün bütün tədbirlər görülməlidir. Harada evlər köçürülməlidir, oraya kompensasiya verilməlidir ki, vətəndaşlar bundan əziyyət çəkməsinlər.
Kür çayının lildən təmizlənmə işləri daha da sürətlə getməlidir. Bu işlər bizdə yaxşı səviyyədə təşkil olunmayıb, ona görə çayın dibi ildən-ilə qalxır, o, lazımi səviyyədə təmizlənmir. Çayın dibi qalxdıqca, əlbəttə ki, çay özü üçün yeni məcralar axtarır. Ya qrunt sularının artmasına səbəb olur, yaxud da ki, sahildən çıxıb əkin sahələrini basır. Yəni, bu tədbirlər mütəmadi qaydada görülməlidir.
Bir daha deyirəm, hazırlanacaq tədbirlər planında bu məsələlər kompleks şəkildə öz həllini tapmalıdır. Bu il lazımi vəsait ayrılmalıdır. Gələn ilin investisiya proqramında kifayət qədər maliyyə resursları ayrılmalıdır ki, əlavə texnika, müxtəlif avadanlıq alınsın. Biz elə etməliyik ki, özümüzü bu təbii fəlakətdən maksimum dərəcədə qoruya bilək.
Təbii fəlakətlər elədir ki, insanlar bəzi hallarda onların qarşısında aciz qalırlar. Biz bunu bu yaxınlarda görmüşük. İslandiyada vulkanın püskürməsi nəticəsində, demək olar ki, bütün Avropanın hava nəqliyyatı iflic vəziyyətinə düşmüşdür. Yəni, bu elə bir təbii fəlakətdir ki, insanlar bunun qarşısında aciz qalırlar. Eyni zamanda, daşqınlar, torpaq sürüşmələri. Bəzi hallarda bütün bunları proqnozlaşdırmaq mümkün deyildir. Lap proqnozlaşdırmaq mümkündürsə, onun qarşısını almaq mümkün deyildir. Misal üçün, zəlzələ elə bir təbii fəlakətdir ki, onun qarşısında heç nə etmək mümkün deyildir. Yəni sadəcə olaraq, müasir sistemlərlə, yəni xəbərdarlıq etməklə itkiləri minimum səviyyəyə endirmək mümkündür.
Bəzi hallarda uçmuş evlərin, bax 300-dən çox uçmuş evin böyük əksəriyyəti keyfiyyətsiz tikilib, çiy kərpiçdən tikilib. Yəni, buna da yol vermək olmaz. Vaxtilə evlər ucuz başa gəlsin deyə keyfiyyətsiz tikilib. Bir balaca su dəyən kimi o evlər uçur və xoşagəlməz hadisələr baş verir .
Görülən tədbirlər nəticəsində biz, necə deyərlər, özümüzü, xalqımızı böyük itkilərdən qurtara bildik. Düzdür, bir-iki yerdə ölüm hadisələri olmuşdur. Ancaq əgər vaxtında tədbirlər görülməsəydi, insanlar xəbərdar olunmasaydı və bütün lazımi tədbirlər görülməsəydi, bəlkə də bədbəxt hadisələrin sayı daha da çox ola bilərdi. Ona görə biz bütün bölgələrdə, təkcə böyük şəhərlərdə deyil, bütün bölgələrdə bütün evləri bir daha təftiş etməliyik. Vaxtilə biz Bakıda tikilməkdə olan keyfiyyətsiz evin uçması nəticəsində bədbəxt hadisə ilə üzləşmişdik. O vaxt Fövqəladə Hallar Nazirliyinə göstəriş verilmişdi ki, bütün evlərə baxış keçirilsin. Onlar lazımi avadanlıqları da alıblar. Yəni, bu gün bütün bu avadanlıqlar var və elə etməliyik ki, hər bir rayonda bütün evlər təftiş edilsin.
Bu gün, misal üçün, Bakıda və başqa şəhərlərdə evlərin təmiri, yaxud da daşların təmizlənməsi nəticəsində, evlərin gözəl daşlarla üzlənməsi prosesi zamanı görürük ki, evlər qəzalı vəziyyətdədir. Yəni, bir neçə evin təmiri nəticəsində biz gördük ki, əgər bu evlər təmirsiz qalsa, bir neçə ilə çökə bilər və dərhal tədbirlər görülüb. Biz Bakı şəhərində vaxtilə tikilmiş yüzlərlə evi bərkitdik. Bəzi hallarda əfsuslar olsun ki, vətəndaşlar da özlərini çox qəribə aparırlar. Onların birbaşa özlərinə, ailə üzvlərinə böyük təhlükə olmasına baxmayaraq, o evlərdən çıxmaq istəmirlər. Hesab edirlər ki, bu, qəsdən edilir ki, kimsə onları köçürsün və onların yerində nəsə özü üçün tiksin. Bu, cəfəng fikirlərdir. Bizim əsas istəyimiz odur ki, insanlar rahat, təhlükəsizlik şəraitdə yaşasınlar. Harada ki, insanlar köçürülür, onlara kompensasiya ödənilir, özü də bazar qiyməti ilə. Bu gün biz Azərbaycanın bazar qiymətini bilirik. Şəhərdə, şəhər mərkəzində 1 kvadratmetr sahənin qiyməti, necə deyərlər, ən qiymətli yerdə 1500-1600 manatı keçmir, - Neftçilər prospekti, - yəni bundan bahalı yer ola bilməz. Yəni, Azərbaycan dövləti bəzi köçürmələr aparmaqla, Bakı Şəhəri İcra Hakimiyyəti bu işləri görməklə, vətəndaşlara 1 kvadratmetrə 1500 manat vəsait təklif edir. O evlərə ki, onların bəzilərini heç ev adlandırmaq mümkün deyildir və bu təklif narazılıqla qarşılanır. Bu, yolverilməzdir. Azərbaycan dövləti, Azərbaycan hökuməti, yerli icra orqanları xoş niyyət göstərərək, insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq istəyirlər.
Bir neçə yerdə bu köçürmələr zamanı bizə yüzlərlə təşəkkür məktubu gəlmişdir. Çünki misal üçün, 40 kvadratmetr evin, mənzilin əvəzinə, müasir evdə 50 kvadratmetr təmir olunmuş mənzil verilir. Yəni, bizim yanaşmamız bundan ibarətdir. Biz bütün bu işləri insanların hesabına etmirik. Əksinə, bütün gözəllik, abadlıq işləri, eyni zamanda, müəyyən səbəblər üzündən köçürülməli olan insanların yaşayış səviyyəsinin yaxşılaşması ilə müşayiət olunur. Yəni, bizim yanaşmamız budur.
Ona görə bütün evlərə yenidən baxış keçirilməlidir. Çiy kərpicdən evlərin tikintisi ümumiyyətlə dayandırılmalıdır. Bu işə yerli icra orqanları, o tikinti üçün icazə, sərəncamlar verənlər nəzarət etməlidirlər. Fövqəladə Hallar Nazirliyinin yerlərdəki qurumları nəzarət etməlidirlər. Bütün standartlar tətbiq olunmalıdır. Bundan sonra bir dənə də istər fərdi, istərsə də çoxmərtəbəli keyfiyyətsiz ev, bina tikilməməlidir.
Bir daha deyirəm ki, bu vaxta qədər tikilmiş evlərə baxış keçirilməlidir. Harada ki, təhlükə var, orada yaşayan insanlar xəbərdar olunmalıdır və biz hazırlanacaq həmin o dediyim kompleks tədbirlər planında bütün bu məsələləri də nəzərə almalıyıq. Əgər bunu etməsək, vaxtilə - 1930-cu, 1950-ci illərdə tikilmiş evlər 5 ildən, 10 ildən sonra qəzalı vəziyyətə düşə bilər. Misal üçün, biz bilirik "xruşşovka" adlandırılan evlərin o vaxt keyfiyyəti nə idi, neçə il keçib üstündən. Onların istismar müddəti artıq başa çatıb. İndi biz bir neçə yerdə onları bərkidirik. Əslində yeni evlər, yeni karkaslar tikilir və orada yaşayan insanların mənzilləri də böyüyür. Çünki, yeni karkaslar hesabına onların sahəsi də böyüyür.
Bir daha demək istəyirəm ki, biz bu məsələyə kompleks şəkildə yanaşmalıyıq. Bu günə qədər görülən işlər, bir daha demək istəyirəm ki, bizi böyük faciəvi vəziyyətdən qorudu. Mən, bir daha demək istəyirəm, bütün qurumlar, xilasedicilər gecə-gündüz işləyirlər, o bəndləri bərkidirlər, kisələri torpaqla doldururlar, çayların sahillərini bərkidirlər. Yəni, biz onların fəaliyyətini yüksək qiymətləndirməliyik. Eyni zamanda, elə etməliyik ki, gələcəkdə özümüzü bu fəlakətlərdən maksimum dərəcədə qoruyaq. Biz bu günlərdə köçürülən ailələrə də əlavə diqqət və qayğı göstərməliyik. Onlar o evlərdə yaşayıblar. O evlər yararsız vəziyyətə düşüb, ya uçub. Onlar müvəqqəti yerlərə köçürülüblər. Orada müvəqqəti yerlər hansı vəziyyətdədir, hara köçürülüb, orada yaşamaq üçün şərait var, yoxsa yox?! Bəziləri çadırlarda yaşayırlar. Onlar çadırlarda nə qədər yaşayacaqlar?! Tezliklə onların məsələləri həll olunmalıdır. Yerli icra orqanları, Fövqəladə Hallar Nazirliyi, müvafiq qurumlar, nazirliklər, Səhiyyə Nazirliyi - birlikdə bütün tədbirləri görməliyik ki, bu günlərdə o insanların səhiyyə məsələləri, yəni sağlamlıq problemləri həll olunsun. Orada yaşlılar, qocalar, körpə uşaqlar vardır. Biz onları elə qoya bilmərik ki, səni köçürdük, indi burada necə yaşayırsan yaşa. Onlara şərait yaradılmalıdır, özü də təxirə salınmadan!
Yəni, bizim işimiz bundan ibarət olmalıdır. İlk növbədə bütün gücümüz bu gün fəlakətin qarşısının alınmasına yönəldilməlidir. Bu birincisi. İkincisi, bu vəziyyətdən əziyyət çəkən insanlara qayğı göstərmək, onları məqbul şəraitlə, dərman preparatları ilə, isti paltarlarla təmin etmək lazımdır. Onların bəzilərinin bütün mülkiyyəti, ev təsərrüfatı batıb gedib. Onlara ciddi maliyyə ziyanı dəyib. Təkcə evin uçması ilə bunların problemi bitmir. Tezliklə dəymiş bütün maliyyə ziyanı hesablanmalıdır. Tezliklə onlara kompensasiya verilməlidir.
Bütün bu hadisənin fəsadları aradan qaldırıldıqdan sonra biz artıq hazır olmalıyıq ki, uçmuş o evlərin yerində onlar üçün evlər tikək. Mən hesab edirəm ki, biz buna da baxmalıyıq, hansı mənbədən, kim bunu edəcək, hansı müddətdə. Yaxud o vətəndaşlara pul şəklində kompensasiya verilməlidir ki, özləri tiksinlər. Amma buna təminat yoxdur. Onlar yenə də gedib oradan-buradan aldıqları keyfiyyətsiz mallardan, yenə də çiy kərpicdən evlər tikəcəklər və bu evlər bir ildən sonra yenə uçacaqdır. Yəni, buna dövlət baxmalıdır və bundan sonrakı mərhələdə əsas kompleks tədbirlərin görülməsi planında bütün lazımi, müvafiq qurumlara tapşırıqlar verilməlidir, icra müddəti göstərilməlidir. Maliyyə resursları müəyyən edilməlidir və biz qısa müddət ərzində bütün bu işləri görməliyik.
Mən əminəm ki, biz bu çətin vəziyyətdən şərəflə çıxacağıq. Azərbaycan dövləti güclü dövlətdir. Bizim çox güclü sosial siyasətimiz vardır. Hər bir məmur, hər bir vəzifəli şəxs elə hesab etməlidir ki, onun evi uçubdur, onun ailəsi evsiz-eşiksiz qalıbdır. Yəni, burada hər bir vəzifəli şəxs, məmur, bu işlərlə məşğul olan insan bu məsələlərə böyük vicdanla yanaşmalıdır, biganə olmamalıdır. Elə etməliyik ki, öz vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq və onlara dəstək verək.
Fövqəladə hallar naziri Kəmaləddin HEYDƏROV müşavirədə məruzə edərək dedi:
-Möhtərəm cənab Prezident, bildiyiniz kimi, son günlər ərzində Kür çayının bəzi yerlərdə daşması, suyun artması nəticəsində bir çox yerlərdə həyətyanı sahələr, əkin sahələri və bir çox sosial strukturların binaları su altında qalmışdır. Tapşırığınıza və birbaşa sərəncamınıza əsasən artıq 20 gündür ki, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının qüvvələri, yerli əhali, yerli icra strukturlarının müvafiq şəxsləri və "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətinin həm şəxsi heyəti və texnikaları hadisə yerlərində işləyirlər. Sizin qeyd etdiyiniz kimi, Sabirabad və Şirvan şəhərlərində artıq 9 metr uzunluğunda bənd aşmışdır. Amma bu müşavirəyə gələndə məlumat verdilər ki, onun yalnız 3-4 metri qalıbdır və qalanını bərpa ediblər. Bərpaetmə işləri hazırda davam edir, yəqin ki, bir neçə saata artıq bu iş bitəcəkdir.
Vaxtında, zamanında Sizin tapşırığınıza əsasən, bu qədər texnika həm bizim nazirliyə, həm də başqa digər strukturlara alınmasaydı, cənab Prezident, bu gün doğrudan biz bu vəziyyətdən çıxa bilməzdik. Buna görə də mən Sizə öz dərin təşəkkürümü bildirmək istəyirəm.
Bir məlumatı qeyd etmək istəyirəm ki, keçən il və ondan qabaqkı ildə belə hadisələr olmuşdu. Onların nəticəsində uçmuş 300 evin tikilməsi barədə Siz birbaşa sərəncam vermişdiniz. Mən indi məruzə edirəm ki, evlərin 200-ü artıq hazırdır. Qalan 100-ü də iki-üç ay ərzində hazır olacaqdır. Bu il uçan evlər haqqında Siz göstəriş verdiniz. Biz göstərişinizi qısa müddətdə, kompleks şəkildə yerinə yetirməliyik. Onların bəzilərinin o yerlərdə evlərini tikmək mümkün deyildir. Çünki uzun illər subasma nəticəsində o yerlərdə həm torpaq öz keyfiyyətini itirib, yaxud çay hər hansı bir başqa səbəb nəticəsində yenidən məcrasından çıxa bilər. Ona görə də tapşırığınıza əsasən, bu proqramları müvafiq qurumlarla birlikdə hazırlayıb Sizə təqdim edərik. Sizin göstərişinizdən sonra hər bir qurum öz öhdəsinə düşən işi təcili şəkildə icra edər. Amma proses davam edir. Xilasetmə işləri bu gün davam edir. Bu gün Fövqəladə Hallar Nazirliyinin 760 nəfər şəxsi heyəti öz texnikası, nasosları ilə o bölgələrdədir.
Daha sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov fəlakət zonasında tikilmiş evlərin və ümumilikdə ölkədə inşa olunan binaların keyfiyyətinə nəzarət məsələlərinə toxunaraq dedi:
-Əsasən uçan evlərin əksəriyyəti vaxtilə çiy kərpicdən və yaxud başqa ucuz materiallardan tikilmişdir. Sizin tapşırığınıza əsasən, 2000-ci ildəki zəlzələdən sonra bütün evlərin təftişi artıq bitmişdir. Yararsız olan binalar haqqında tədbirlər görülmüşdür və görülməkdədir. Təftiş zamanı bəzi binaların tikinti normalarına əməl edilmədən inşa olunduğu aşkara çıxmışdır. Biz hüquq mühafizə orqanları ilə birlikdə məcbur olub həmin evləri sökdük. Həmin binaları tikənlər ortaya qeyri-obyektiv amillər qoyurlar. Amma bizim aldığımız bütün cihazların, konstruktorların, mühəndislərin təftişi nəticəsində ortaya çıxardığımız arayışlar, əldə etdiyimiz nəticələr onu göstərir ki, həmin evlərdə qətiyyən yaşamaq olmaz. Hətta o evləri saxlamaq da olmaz. Çünki uçarkən ətrafdakı insanlara zərər vura bilər.
Bu istiqamətdə işlər davam etdirilir. Cənab Prezident, apardığınız uğurlu siyasətin nəticəsində, verdiyiniz tapşırığa əsasən Fövqəladə Hallar Nazirliyi gözlənilməz təbii fəlakətlər barədə əhalinin qabaqcadan xəbərdar edilməsinə imkan verən ən müasir texnikalar almışdır. Bu cihazlar təkcə yer üstündə deyil, hətta bizim vertolyotlarımızda da quraşdırılmışdır. Biz o vertolyotların köməyi ilə apardığımız müşahidələr nəticəsində ölkənin ərazisində qəza vəziyyətində olan obyektləri müəyyənləşdirə bilirik. İlkin vizual təhlil aparandan sonra artıq biz həmin obyektə aldığımız digər texnikaları göndərir və nəticələri dəqiqləşdiririk.
Sizi əmin edirəm ki, təbii fəlakət yerlərindən insanların köçürülməsi və məskunlaşdırılması işində Fövqəladə Hallar Nazirliyinin qüvvələri əlindən gələn yardımı edəcəkdir. Sizin göstərişinizdən sonra yeni evlərin tikilməsinə başlayacağıq.
Prezident İlham ƏLİYEV: Bəli, artıq bizdə belə təcrübə vardır. Biz əvvəlki illərdə sürüşmə zamanı uçmuş evləri dövlət hesabına bərpa etdik. Bu dəfə də uçmuş evləri bərpa edəcəyik, baxmayaraq ki, burada 300-dən çox ev artıq uçub, 2 min ev qəzalı vəziyyətdədir. Ancaq biz bütün bu işləri görməliyik. Kifayət qədər texnika alınmışdır. Ancaq əlbəttə ki, alınan o texnika bu təbii fəlakətə hesablanmamışdır. Yəni, bu dərəcədə dəhşətli təbii fəlakətə hesablanmamışdır. Ona görə sizdə əlavə texnikaların alınması üçün təkliflər hazırdır. Biz tezliklə buna baxmalıyıq. Bir hissəsini artıq həll etmişik, vəsait ayrılıb. Qalan hissəni də həll edək ki, biz gələcəkdə özümüzü maksimum dərəcədə tam rahat hiss edək.
Səhiyyə naziri Oqtay ŞİRƏLİYEV fəlakət zonasında əhaliyə göstərilən tibbi xidmət barədə dövlətimizin başçısına məlumat verərək dedi:
-Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla dünən mən Şirvan şəhərinə getmişdim. Ümumiyyətlə, şəhərdə belə bir problem yoxdur. Əsasən, Kür çayının sahilində olan kəndlər köçürülməkdədir. Fövqəladə Hallar Nazirliyi orada çox böyük işlər görür. Camaatın yerləşdirildiyi müvəqqəti yerlərə biz həkimləri səfərbər etmişik. Orada dava-dərmanla bağlı heç bir problem yoxdur, nə lazımdır olunur, təcili yardım maşınları vardır. Gün ərzində həkimlər növbədədirlər, yəni tibbi xidmət sarıdan problem yoxdur.
Səhiyyə naziri Oqtay Şirəliyev fəlakətin nəticələri aradan qaldırıldıqdan sonra görüləcək işlər barədə də danışdı:
-Sel qurtarandan sonra həmin ərazilər dezinfeksiya edilməlidir. Orada çox böyük işlər aparmalıyıq ki, yoluxucu xəstəliklərin qabağını alaq. Bunun üçün indidən tədbirlər görülür. Lazım olan bütün vasitələr vardır. İndiki işlər inşallah qurtarandan sonra biz ikinci mərhələnin tədbirlərini həyata keçirməyə başlayacağıq.
Nəqliyyat naziri Ziya MƏMMƏDOV görülən işlərlə bağlı məlumat verərək dedi:
-Zati-aliləri, məruzə etmək istəyirəm ki, yol strukturu da baş verən sel suları, daşqınlar, uçqunlar, torpaq sürüşmələri nəticəsində çox istiqamətlərdə ziyan çəkmişdir. Faktiki olaraq 14 rayonda sürüşmə, dağ uçqunları baş vermişdir ki, bunların nəticəsində də bəzi hallarda, məsələn, Şamaxı, İsmayıllı, Muğanlı, Ağsu istiqamətində yollar bir növ öz oxundan çıxmışdır. Xüsusilə Quba rayonunda Xınalıq istiqamətində, eyni zamanda, Qonaqkənd istiqamətində Giləzi kəndi ilə başqa bir kəndin ərazisində yol sürüşərək öz oxundan çıxmış və nəticədə hərəkət qısa müddətə dayanmışdır. Xınalıq istiqamətində, təxminən 50 metr ərazidə dağ sürüşərək yolu bağlamışdır. Görülən tədbirlər nəticəsində hər iki istiqamətdə hazırda yol istiqaməti dəyişdirilərək hərəkət bərpa edilmişdir.
Qeyd etmək istəyirəm ki, Qusar, Quba, Xaçmaz, Xızı, Qobustan, Şamaxı, Qəbələ, Balakən, Ağsu, Gədəbəy, Zərdab, Sabirabad, Lerik, Yardımlı rayonlarında bu cür hadisələr baş vermişdir.
Cənab Prezident, diqqətinizə məruzə edirəm ki, bu istiqamətlərdə nəqliyyatın hərəkəti hazırda bərpa edilib və yolları normal vəziyyətə gətirmək istiqamətində tədbirlər həyata keçirilir.
Ziya Məmmədov Nəqliyyat Nazirliyi tərəfindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışarkən bildirdi ki, fəlakət zonalarına dərhal xeyli sayda texniki vasitələr göndərilmişdir.
Nəqliyyat naziri qeyri-qanuni tikililərin nəqliyyat sektoruna vurduğu zərərdən də danışdı:
-Həqiqətən də qeyri-qanuni tikililər nəticəsində ölkənin demək olar ki, bütün ərazilərində dəmir yolunun təhlükəsizlik zolaqları zəbt edilmiş, kütləvi sayda binalar, evlər, qeyri-yaşayış obyektləri tikilərək qatarların təhlükəsiz hərəkətinə böyük problem yaratmışdır. Bu səbəbdən hətta təhlükəsizlik işçiləri öz xidməti vəzifələrini yerinə yetirə, qatarlara baxış keçirə bilmirlər. Biz bütün bu işlərin çəkilişini aparmışıq, arayış hazırlayıb hökumətə təqdim etmişik, Sizin tapşırığınız əsasında və bütün materiallar demək olar ki, bizdə toplanmışdır.
Eyni zamanda, bu cür hadisələr avtomobil yolları şəbəkəsində də baş vermiş və təhlükəsizlik zolaqlarında qeyri-qanuni tikintilər inşa edilmişdir. Bu da yolların yaşayış massivlərindən keçən hissələrində yenidənqurma və təmir prosesində çox böyük problemlər yaradır. Bu istiqamətdə də biz bütün lazımi sənədləri toplamışıq, videoçəkilişlər aparmışıq və bu materialları hökumət komissiyasına təqdim etmişik.
Qeyd etmək istəyirəm ki, bu istiqamətdə üzərimizə düşən bütün vəzifələri məsuliyyətlə icra edirik. Sizin bütün tapşırıq və tövsiyələrinizin bundan sonra da uğurla icra olunması üçün kollektivimiz tam səfərbərdir.
Prezident İlham ƏLİYEV: Əlbəttə ki, biz bu işlərin görülməsi üçün ölkəmizdə olan bütün texniki imkanlardan istifadə etməliyik. Verilən tapşırıqlar da çox düzgün tapşırıqlardır. Bütün qurumların texniki imkanları səfərbər olunmalıdır. Fövqəladə Hallar Nazirliyinin texniki imkanları kifayət qədərdir. Amma bu fəlakətə hesablanmayıb. Azərbaycanda çoxsaylı dövlət və özəl şirkətlər, tikinti şirkətləri vardır. Onların böyük texnikaları vardır. Onlar hamısı cəmlənməlidir və məqsədyönlü şəkildə bu məsələnin həllinə yönəldilməlidir.
O ki qaldı qanunsuz tikililərə, bu, bizim böyük problemimizdir. Bu problem bu gün yaranmayıb. Qanunsuz binalar Bakıda əfsuslar olsun ki, artıq bir əsrdən çoxdur ki, tikilir. Biz bu qanunsuz tikililərlə əlbəttə ki, gərək mübarizə aparaq. Orada yaşayan insanların yaşayış problemləri həll olunmalıdır. Onlar əlbəttə ki, oradan köçürülməlidir. Ancaq onlara kompensasiya verilməlidir və bu kompensasiya verilir. Yolların genişlənməsi zamanı orada - yol üstündə yerləşən binaları köçürdük, insanlara kompensasiya verildi. Məndə olan məlumata görə, insanlar bu məsələləri çox böyük razılıqla qarşıladılar.
Ancaq bəzi hallarda o qanunsuz tikililər, əslində yerli icra orqanlarının yarıtmaz fəaliyyəti nəticəsində baş verir. Özbaşına kim gedib qanunsuz nəsə edə bilər. Edə bilər, amma kütləvi qaydada bunu etmək mümkün deyildir. Bu icra nümayəndələri, icra hakimiyyətləri o yerləri, qanunsuz yerləri ayırırlar. Qatar gedir, qatarla evin arasında heç bir metr məsafə yoxdur. Orada uşaqlar relslərin üzərində ora-bura qaçırlar. Bu, böyük təhlükədir. Relsin yanında ev tikmək olmaz. Ona icazə verən şəxsi maraqları güdübdür. Yəqin ki, gedib onlardan rüşvət də almışdır. Bu dərəcədə vicdansızlıq ola bilməz.
Mən bu gün də Bakıda bu məsələyə bu qədər diqqət göstərirəm, bütün göstərişləri verirəm, dəfələrlə bu barədə danışmışıq. Bugünkü gündə Bakının bəzi yerlərində parklarda bəzi icra hakimiyyətlərinin rəhbərləri ofis binaları tikdirmək istəyirlər. Bu yaxınlarda mənə verilən məlumata görə, rayonların birində evlərin arasında mövcud olan parkda - harada ki, indi camaat yığışıb dincəlir, orada ofis binaları tikmək istəyirlər. Yəni, belə çıxır ki, artıq orada mövcud olan bütün torpaqları satıblar, bircə parklar qalıb. Mən Hacıbala Abutalıbova ciddi göstəriş verdim ki, həmin o rayon başçısı ilə ciddi danışsın. Hətta bunu əhaliyə elə təqdim edirlər ki, burada Heydər Əliyev Fondu nəsə tikəcəkdir. Heydər Əliyev Fondu ən kasıb insanlara əl uzadır, ən yoxsul vətəndaşlara kömək göstərir. Bu fondun çoxsaylı xeyriyyə işləri, mədəniyyət sahəsində görülən işləri, parkların salınması, yəni çoxşaxəli fəaliyyəti vardır.
Öz çirkin məqsədlərinə nail olmaq üçün, haradasa ofis mərkəzi tikmək üçün Heydər Əliyev Fonduna istinad etmək - bu, böyük cinayətdir. Mən göstəriş vermişəm ki, lazımi tədbirlər görülsün və həmin o parkda bütün lazımi abadlıq işləri görüləcəkdir.
Yəni, bu, təkcə bir yerdə olsaydı, bir istisna hal kimi qəbul oluna bilərdi. Ancaq, bu, bütün ölkəmizi bürüyüb. Buna son qoyulmalıdır. Mən bütün icra orqanlarında işləyənləri bu gün də xəbərdar edirəm. Bundan sonra bir dənə də qanunsuz torpaq ayrılması, yaxud da ki, parkın içində, meşəliyin içində ev, bina, ofis tikintisi olarsa, dərhal prokurorluq bu işlə məşğul olacaq və bu cinayəti törədən insanlar cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Biz bu rüşvətxorluğa son qoymalıyıq. Nə qədər olar?! Ölkədə bu qədər iş görülür. Bu qədər abadlıq, quruculuq işləri aparılır. Ölkəmiz qabağa gedir, iqtisadi inkişaf baxımından ən qabaqcıl ölkədir. İndi bu qədər imkanlar yaranıb ölkəmizdə. İnsanlar daha da yaxşı yaşayırlar. Bizneslə məşğul olanlar öz fəaliyyətini genişləndirirlər. Bunlara kömək etmək lazımdır. Yoxsa, sən gəl ağacları qır, meşələri qır, insanların istirahət etdiyi parkda özün üçün ofis binası tik ki, orada pul qazanasan. Ona görə bu çox ciddi araşdırılmalıdır, mənə məruzə edilməlidir və lazımi tədbirlər də görüləcəkdir. Hamı da bu sözlərdən özünə nəticə çıxarsın.
Qanunsuz tikililərə gəldikdə, bir də demək istəyirəm ki, artıq mən giriş sözümdə bunu dedim, kimin bu işlərdə əli varsa, o şəxslər müəyyən edilməlidir və cəzalandırılmalıdır. Digər tərəfdən, bu gün köçürülməli olan evlərin sahiblərinə kompensasiya ödəməklə onlar oradan köçürülməlidirlər. O insanların böyük əksəriyyətinin heç bir günahı yoxdur. Onlar gedib yerli icra orqanlarından icazəni də, sərəncamı da alıblar. Bütün başqa qurumlardan - icazə verən qurumlardan da hər şey alıbdır, ev tikibdir. Düzdür, bəlkə də səhv edib, düz etməyib, orada ev tikmək olmaz. Yenə də deyirəm, yüksək gərginlikli xəttin altında ev tikən özünə qəsd edir, öz balasına qəsd edir. Bunu etmək olmaz, o xəstəlikdir, orada salamat adam qala bilməz. Özünə yazığı gəlmirsə, uşağına yazığı gəlsin. Relsin kənarında ev tikən fikirləşmir ki, onun balası relsdən gecə-gündüz ora-bura qaçıb keçir, onu qatar vura bilər. Əgər dövlət maraqları onu maraqlandırmırsa, heç olmasa onu fikirləşsin, öz övladını fikirləşsin. Ancaq yenə də deyirəm, onlarda da günah vardır. Amma ən böyük günah onlara o yerləri verən şəxslərdədir. Neft buruqlarının içində torpaq ayrılır ki, evlər tikilsin. Camaat da gedib orada - neftin içində ev tikib. Orada necə yaşamaq olar?! Bu, birbaşa xəstəlikdir. Orada həm radioaktiv maddələr, həm ağır metallar, həm reagentlər, həm yod, həm orada çıxan o tüstülər - bunlar birbaşa insanın sağlamlığına ziyandır. Bu icazəni verən bunu bilmirdimi? Bilirdi. Onu insanın sağlamlığı maraqlandırmır, ancaq öz cibi maraqlandırır. İndi Dövlət Neft Şirkəti tədbirlər görür ki, onları oradan köçürsün, onların öz xeyrinə görə, kompensasiya ödəməklə. Bu da müəyyən problemlər yaradır.
Bizim üçün indi ən böyük, yəni şəhərlərin genişlənməsi, şəhəri planlı şəkildə inkişaf etdirmək üçün ən böyük problem bu qanunsuz tikililərdir. Buna da biz kompleks şəkildə yanaşmalıyıq. Bir daha demək istəyirəm ki, biz öz işimizi aparmalıyıq. Bütün lazımi tədbirlər görülməlidir, şəhərimiz daha da gözəlləşməlidir, abadlaşmalıdır. O qanunsuz tikililər yığışdırılmalıdır. Ancaq lazımi səviyyədə kompensasiya ödənilməlidir ki, orada yaşayanlar razı olsunlar. Bax, budur bizim əsas şərtimiz.
Kənd təsərrüfatı naziri İsmət ABASOV təbii fəlakətin kənd təsərrüfatına vurduğu ziyan və onun nəticələrinin aradan qaldırılması ilə bağlı məruzə etdi:
-Ümumiyyətlə kənd təsərrüfatı sahəsi iqlim şəraiti ilə, hava ilə bağlı sahədir. Söylənildiyi kimi, son aylar ölkəmizdə qeyri-normal hava şəraitinin olması və leysan yağışları ümumilikdə kənd təsərrüfatı sahəsinə, o cümlədən bitkiçilik, xüsusilə meyvəçilik, heyvandarlıq sahələrinə müəyyən qədər ziyan vurmuşdur. Sel suları zamanı Araz və Kür çayları ətrafındakı təxminən 50 min hektaradək taxılçılıq sahəsinə müəyyən qədər ziyan dəymişdir. Bundan başqa, yazlıq işləri aparılmış və sel suları basmış sahələrdə yenidən əkin işləri aparılacaqdır. Burada bir problem yoxdur. Bundan başqa, havanın yağıntılı keçməsi xüsusilə taxılçılıq sahəsində sarı pas deyilən xəstəlik əmələ gətirmişdir ki, bu, Kür-Araz ovalığından başqa, digər sahələrdə də baş vermişdir. Amma Kənd Təsərrüfatı Nazirliyi digər qurumlarla birlikdə bu məsələlərə çox ciddi nəzarət edir. Lazım olan anda insanlara tövsiyələr verilir, əlaqələr yaradılır ki, onlar bu yaz aylarında təkrar əkin sahələrində vacib olan işləri görə bilsinlər.
Möhtərəm cənab Prezident, həmin ərazidə heyvandarlıq sahəsinə, camaatın şəxsi təsərrüfatında olan quşlara, qaramala, davara dəymiş ziyanla bağlı Kənd Təsərrüfatı Nazirliyi müvafiq qurumlarla birlikdə araşdırma aparır.
İsmət Abasov qanunsuz tikililərin əkinə yararlı sahələrə vurduğu ziyandan da danışdı:
-Sizin tapşırığınıza əsasən, biz əkinə yararlı torpaqları, belə demək mümkünsə, göz bəbəyi kimi qoruyuruq. Amma təəssüflə qeyd etmək istəyirəm ki, bəzən yerlərdən məlumatlar daxil olur ki, əkinə yararlı sahədə ev və ya ticarət obyekti tikilmişdir. Belə olan hallarda bir az pis vəziyyət yaranır. Amma bununla yanaşı, Sizin tapşırığınıza əsasən biz bütün əkinə yararlı sahələrin hər bir metrinə çox diqqətlə yanaşırıq və çalışırıq ki, əkinə yararlı sahələr yalnız öz təyinatı üzrə istifadə olunsun.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu BAĞIROV mövcud vəziyyətlə bağlı dövlətimizin başçısına məlumat verərək dedi:
-Görülmüş tədbirlər nəticəsində meteoroloji müşahidələr şəbəkəsi texniki cəhətdən xeyli dərəcədə gücləndirilmişdir. Eyni zamanda, beynəlxalq meteoroloji mübadilə imkanlarından daha səmərəli istifadə olunur. Hazırda mayın 10-na qədər nisbətən buludlu və lokal yağışlarla müşayiət olunan hava şəraiti proqnozlaşdırılır. Çaylarda suyun artmasına Gürcüstan ərazisində və Türkiyənin şimal-şərq hissəsindəki yağışlı hava, Azərbaycanın dağlıq rayonlarında, Kiçik Qafqaz və Böyük Qafqaz dağlarındakı sulu qar, yağış yağması səbəb olmuşdur. Eyni zamanda, temperaturun qalxması nəticəsində qışda toplanan qarın dağlarda əriməsi buna təsir edir. Proqnozlara əsasən ayın 11-15-də hava şəraiti sabit olacaqdır. Leysan yağışları ilə bağlı verilən proqnoz daha da dəqiqləşdirilmişdir: yağışların intensivliyi azalacaqdır.
Hüseynqulu Bağırov Kür çayının səviyyəsi ilə bağlı müxtəlif bölgələrdə aparılan müşahidələrin nəticələrindən də danışdı:
Hazırda Yevlax və Zərdab rayonlarında Kürün səviyyəsində artıq nisbətən azalma müşayiət olunur. Ondan aşağı ərazilərdə hələ də cüzi artmalar davam edir. Son gecədə Araz çayında 4 santimetr, Bankədə 3 santimetr, Salyanda 7 santimetr artım müşahidə olunub. Amma Yevlaxda 39 santimetr, Zərdabda 2-3 santimetr azalma müşahidə edilib.
Prezident İlham ƏLİYEV:
-Bütün lazımi tədbirlər görülməlidir. Bir də demək istəyirəm ki, biz bu təbii fəlakətin nəticələrini tezliklə aradan qaldırmalıyıq. Bu gün və bundan sonrakı günlərdə bu işlər daha mütəşəkkil qaydada, əlavə texnikanı cəlb etməklə davam etməlidir. Ən əsası, bir də demək istəyirəm ki, kompleks tədbirlər planı tezliklə hazırlanmalıdır, qəbul edilməlidir. Bu il və gələn il bütün lazımi tədbirlər görülməlidir ki, gələcəkdə biz özümüzü belə fəlakətlərdən maksimum dərəcədə sığortalaya bilək.

{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında