Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident.
Hörmətli dostlar, hörmətli xanımlar və cənablar.
Bu gün Serbiya-Azərbaycan əlaqələrinin inkişafında çox gözəl və əlamətdar bir gündür. Bu gün bizim tariximizdə dostluq günü kimi qalacaqdır. Bu gün Belqradın gözəl guşələrindən birində iki xalqın görkəmli şəxsiyyətlərinin şərəfinə abidələr ucaldılıb. Bu dostluq rəmzi əminəm ki, hər iki xalqın qəlbində gözəl əks-səda verəcəkdir. Serb xalqının böyük oğlu, filosof və yazıçı Milorad Paviçin abidəsi, Azərbaycan xalqının böyük oğlu, dövlət xadimi, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin abidəsi bir-birinin yanında iki qədim xalqın dostluq rəmzinə çevrilib.
Bu gözəl parkın yaradılmasında iştirak etmiş bütün insanlara dərin minnətdarlığımı bildirmək istəyirəm. Serbiya dövlətinin rəhbərliyinə, Belqrad meriyasına və bütün dostlara minnətdaram ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xatirəsinə hörmət göstərilibdir və gözəl abidə ucaldılıbdır.
Bu gün mənim dostum Prezident Tadiç ilə biz çox geniş fikir mübadiləsi apardıq. Serbiya-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün konkret planlar nəzərdə tutulur. Əlaqələrimiz çoxşaxəlidir. Biz siyasi müstəvidə bütün məsələlərə eyni yanaşmadan baxırıq. Ölkələrimizin ərazi bütövlüyü məsələlərinə eyni mövqedən yanaşırıq. Əminəm ki, bizim aramızda gələcəkdə də çox gözəl hadisələr olacaq, əlaqələr daha da güclənəcəkdir.
Sizə məlumat vermək istəyirəm ki, Bakı şəhər meriyası Bakının parklarının birində serb xalqının böyük oğlu, dünya şöhrətli alim Nikola Teslanın abidəsinin ucaldılması haqqında qərar vermişdir. Əminəm ki, yaxın zamanlarda gözəl parkda Nikola Teslanın abidəsi ucaldılacaqdır. Sizin hamınızı o tədbirə dəvət edirəm. Belə hadisələr xalqlarımızı birləşdirir. Biz istəyirik ki, xalqlarımız da bir olsunlar, ölkələrimiz də daim bir-birinin yanında olsunlar.
Bu tarixi gündə Bakı şəhər meriyasının Nikola Teslanın abidəsinin ucaldılması haqqında verdiyi qərarın surətini Sizə təqdim etmək istəyirəm.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyəti başçısının Nikola Teslanın abidəsinin ucaldılması haqqında qərarının surətini Belqrad şəhərinin merinə təqdim etdi.

{nl}

Serbiya Prezidenti Boris Tadiçin çıxışı
- Hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
Hörmətli Belqrad şəhərinin meri. Əziz dostlar, hörmətli Belqrad şəhərinin sakinləri.
Bu gün bu gözəl parkda bu mərasimdə iştirak etməkdən böyük şərəf və iftixar hissi duyuram. Biz bu gün elə bir tarixi mərasimdə iştirak edirik ki, parkımız artıq yeni görkəm alacaqdır.
Bu gün burada Azərbaycanın və Serbiyanın bayraqları ucaldılıb. Hər iki xalqın tarixində mühüm rol oynamış şəxsiyyətlərin burada abidələri ucaldılıb. Burada müasir Azərbaycanın yaradıcısı, böyük öndər Heydər Əliyevin abidəsi ucaldılıb. Eyni zamanda, Serbiya xalqının böyük oğlu yazıçı Milorad Paviçin heykəli də burada dayanıb. Qeyd etmək istəyirik ki, biz bu işləri əməkdaşlığımız nəticəsində görmüşük və bundan sonra da hər iki ölkə üçün strateji əhəmiyyət daşıyan konkret layihələrin həyata keçirilməsi üzərində çalışacağıq.
Mən bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bir daha təbrik etmək istəyirəm. Azərbaycan son illər ərzində çox böyük uğurlar əldə edib və sürətli inkişaf nümayiş etdiribdir. Biz bu böyük nailiyyətlərə həqiqətən sevinirik. Bakı gözəl şəhərdir. Bakı bu gün dünyada mövcud olan ən gözəl paytaxtlar cərgəsinə qoşulub. Bu, bizi çox sevindirir. Bu gün isə biz bu parkda mərasimi açıq elan edərək, həmçinin ölkənizin əldə etdiyi nailiyyətlərə kiçik də olsa töhfəmizi veririk. Biz bundan sonra da arzu edirik ki, hər iki xalqın gələcəyi çox parlaq olsun. Hər iki ölkəyə böyük rifah və inkişaf arzulayırıq. Arzu edirik ki, bundan sonra xüsusən də mədəniyyət sahəsində böyük işlər görərək yeni nəticələr əldə edək və aramızda olan hər hansı fərqləri aradan qaldırmaqla münasibətlərimizi daha sıx edək, daha da möhkəmləndirək.
Bu çox gözəl məkanda bugünkü mərasim olduqca mühüm rəmzi məna daşıyır. İcazə verin, bu park haqqında bir neçə maraqlı faktı Sizin nəzərinizə çatdırım. Bu park paytaxt şəhərimizin lap mərkəzində yerləşir. Digər tərəfdən, dayandığımız bu yerdə idman mərkəzi yaradılıb və eyni zamanda burada hovuz və üzgüçülük seksiyası vardır. Xatirimdədir ki, mən hətta uşaq olarkən həmin üzgüçülük klubuna gedirdim. Daha qədim tariximizdə bu parkda karxana mövcud idi, burada mədən də yerləşirdi. Məhz buna görə də bu parkın adı Taşmaydan adlanır. Bu, məhz türk dilindən götürülmüş bir sözdür və bizim türk mədəniyyəti ilə yaxınlığımızı göstərir. Bizdən sağda Müqəddəs Mark kilsəsi yerləşibdir. Daha sonra Belqradın Hüquqşünaslıq Məktəbinin binası gəlir. Bundan əlavə bizim nəsli və xalqımızı ümumiyyətlə, bu parkla çox emosional hisslər bağlayır. Çünki çoxlarımız öz tariximizi bu parkda yaşatmışıq. Eyni zamanda, burada iki restoran da yerləşir və digər obyektlər mövcuddur. Mən xüsusi qeyd etmək istəyirəm ki, bu gün biz bu addımı ataraq mədəniyyət sahəsindəki əməkdaşlığa artıq töhfə vermiş oluruq. Çünki mədəniyyət sahəsi, bu sahənin inkişafı xalqları bir-birinə daha da yaxınlaşdırır. Biz bu gün bəyan edirik ki, Serbiya Avropadadır. Serbiya müxtəlif xalqlar arasında dözümlülüyü ilə fəxr edə bilər. Bu baxımdan, biz hesab edirik ki, əlaqələrimizə mühüm töhfə vermiş oluruq. Bu gün bu mərasimin məhz Taşmaydan parkında keçirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir və biz bundan çox məmnunuq.
Bizim dahi yazıçımız Milorad Paviç "Xəzər" lüğətini tərtib etmişdir. Burada onun əsərlərindən ibarət iki köşk də yerləşdirilib.
Bu parka gələn insanların böyük Azərbaycan xalqı haqqında bir çox məlumatları əldə etmək imkanı olacaqdır. Biz bilirik ki, azərbaycanlılar bu gün dünyanın digər ölkələrində də yaşayırlar. Serblər də, həmçinin dünyanın digər ölkələrində yaşayırlar.
Serbiya çoxmillətli ölkədir, çoxmədəniyyətli ölkədir. Serbiya, həmçinin dinlər və mədəniyyətlər arasında dialoqa öz töhfəsini verir. Məhz bunu nəzərə alaraq, bu gün bu mərasimdə müsəlman icmasının rəhbəri Yusis Bakiç də iştirak edir. Əslində biz onunla tez-tez təmasda oluruq. Bizim mədəniyyət, həmçinin dini məsələlər haqqında səmimi söhbətlərimiz olur. İndi istərdim arzu edəm asudə vaxtım olsun ki, onunla basketbol oynayım. Çünki onun boyu kifayət qədər hündürdür. Ümumiyyətlə, bildiyiniz kimi, Serbiya basketbol sahəsində böyük nəticələr əldə edibdir.
Azərbaycan ilə Serbiya siyasi sahədə əməkdaşlıq edir. Ölkələrimiz, həmçinin beynəlxalq təşkilatlar, BMT çərçivəsində əməkdaşlıq edir. Biz bu əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu gün bizim həm iqtisadi, həm mədəni, həm idman sahəsində əməkdaşlığımız mövcuddur. Bəli, idman sahəsində əməkdaşlığımız mövcuddur, lakin bundan da yaxşı ola bilər.
Cənab Prezident, mən Sizə bu mərasimdə iştirakınıza görə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, xüsusi minnətdarlığımı bildirirəm ki, Siz bu parkın bərpa edilməsinə yardımınızı əsirgəməmisiniz. Hesab edirəm ki, bizi gələcəkdə bir çox nailiyyətlərlə dolu illər gözləyir. Biz bu gün əslində həm Serbiya, həm də Azərbaycan xalqlarını səmimi qəlbdən təbrik edirik.
Sağ olun.
Sonra Azərbaycan və Serbiya prezidentləri ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etdilər.
Daha sonra Prezident İlham Əliyev parkda Belqrad ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Sakinlər ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin daha da inkişafına verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.
Parkın açılışı münasibətilə Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər. Konsert böyük maraqla qarşılandı.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında