Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir
{nl}
İyunun 7-də Bakı Sərgi Mərkəzində XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransı işə başlamışdır.Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Builki sərgidə dünyanın 27 ölkəsindən 285 şirkət təmsil olunur. Sərginin ekspozisiyasının 40 faizindən çoxu dünyada tanınmış iqtisadi qurumların payına düşür. Bu tədbirdə Azərbaycanın şirkətləri də ildən-ilə daha geniş təmsil olunur və cari sərgidə iştirakçıların 38 faizini yerli iqtisadi qurumlar təşkil edir. Ötənilki sərgi ilə müqayisədə ekspozisiyaların sahəsi 25 faiz çoxdur. Sərgi iştirakçılarının 12 faizi isə bu tədbirə ilk dəfə qatılıb. Dünyanın 11 ölkəsindən təxminən 90 aparıcı kütləvi informasiya vasitəsi sərgi və konfransa informasiya dəstəyi göstərir. Sərginin ekspozisiyası Bakı Sərgi Mərkəzinin 2 pavilyonunda yerləşir. Burada ən yeni neft-qaz avadanlığı, neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyalar nümayiş etdirilir. Bundan başqa sərgi iştirakçılarına Azərbaycanda hazırda reallaşdırılan və perspektiv layihələr də təqdim olunur.
Sərgi və konfransın işgüzar proqramı genişdir. Əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün hərtərəfli imkanlar açılmışdır.
Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu VUD sərgi və konfransı açaraq dedi:
-Cənab Prezident!
Xanım Əliyeva!
Əlahəzrət Şahzadə!
Komissar, xanımlar və cənablar!
Sizi builki sərgidə salamlamaq mənim üçün xoşdur. Düşünürəm ki, bu, Azərbaycan Respublikasının inkişafında yüksək bir mərhələdir. Biz, İTE Group olaraq tərəfdaşımız olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycanın Energetika və Sənaye Nazirliyinə yeni enerji sahəsinin də daxil olduğu builki sərgini daha da geniş şəkildə təşkil etdiklərinə görə təşəkkür edirik. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün sərgidə iştirakçıların 38 faizini Azərbaycan şirkətləri təşkil edir. Mən sizin hamınıza burada olduğunuz üçün təşəkkür edirəm. İTE Group adından hamınızı salamlayıram. Sizin hamınızı təkcə Azərbaycan Respublikasının inkişafına və uğuruna artıq qoyduğunuz sərmayələrə görə deyil, eyni zamanda bizim iştirakımızla burada işlərinizdə əldə edəcəyiniz uğurlar nəticəsində gələcəklə bağlı verdiyiniz vədlərə görə təbrik edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində nitq söylədi.
(Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).
ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard MORNİNQSTAR çıxış edərək dedi:
-Hörmətli cənab Prezident!
Hörmətli xanım Əliyeva!
Əlahəzrət Şahzadə!
Hörmətli komissar Ottinger!
Bu gün burada olmağımdan çox məmnunam və böyük şərəf hissi duyuram. Mən hər zaman Bakını sevmişəm və bu konfransda məmnunluqla iştirak etmişəm. Hər dəfə buraya gələndə Bakı elə gözəl görünür ki, insan inana bilmir. Enerji sahəsindəki münasibətlərimiz olduqca güclüdür. Biz Azərbaycanla münasibətlərimizi yüksək dəyərləndiririk. İndi isə cənab Prezident, 2011-ci il iyunun 1-də Ağ evdə imzalanan məktubun mətnini Sizə oxumaq istərdim.
Riçard Morninqstar ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu.
(Təbrik məktubu qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).
Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolayn BRAUN Azərbaycan Prezidenti İlham Əliyevi və mərasim iştirakçılarını salamlayaraq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kameronun təbrik məktubunu oxudu.
(Təbrik məktubu qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, həmçinin açılış mərasiminin iştirakçılarını salamlayan Türkiyənin Azərbaycandakı səfiri Hulusi KILIÇ XVIII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransı ilə əlaqədar qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın dövlətimizin başçısına təbrik məktubunu oxudu.
(Təbrik məktubu qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter OTTİNGER Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu.
(Təbrik məktubu qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).
Norveç Krallığının Vəliəhdi HOOKON çıxış edərək dedi:
-Cənab Prezident!
Birinci xanım!
Nazirlər, zati-aliləri, xanımlar və cənablar!
Mənim üçün Azərbaycana ilk dəfə səfər etmək, eləcə də XVIII Beynəlxalq Xəzər neft və qaz sərgisində iştirak etmək çox xoşdur.
Cənab Prezident, dünən bizi hərarətlə qarşıladığınız üçün Sizə minnətdarlığımı bildirirəm. Norveç ölkələrimiz arasında artıq inkişaf etmiş yaxın əlaqələrimizdən, o cümlədən "Statoil"la ARDNŞ arasındakı artan sıx əməkdaşlıqdan olduqca məmnundur. Norveçin təchizat sənayesi Xəzər dənizində həyata keçirilən layihələrə əhəmiyyətli dərəcədə töhfə verib. Xəzər regionu dünya enerji bazarında getdikcə daha mühüm rol oynayır. Neft və qaz hasilatçısı olan Azərbaycan uzun müddətdir ki, özünü əhəmiyyətli və etibarlı tərəfdaş kimi təsdiqləyib. Ölkələrimiz Avropanın enerji ilə təmin edilməsində etibarlı təchizatçı olmaq kimi ümumi məqsədlərə malikdirlər.
Azərbaycan Xəzər dənizini Avropa ilə bağlayacaq "Cənub" qaz dəhlizində iştirak edən ölkə kimi mühüm rola malikdir. Norveç Avropanın enerji təchizatını daha da gücləndirəcək "Cənub" qaz dəhlizini tam dəstəkləyir. Dəhliz bir çox Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın neft tarixi 1840-cı illərə təsadüf edir. Norveçin təcrübəsi isə 1960-cı illərdə başlayıb. "Statoil" Azərbaycana sərmayə qoyan ilk xarici neft şirkətlərindən biri oldu. Bu, ölkəniz müstəqilliyini bərpa etdikdən sonra xarici neft şirkətlərinin regiona dəvət edilməsi nəticəsində baş tutdu. Həm Norveçin, həm Azərbaycanın qarşısında eyni vəzifələr dayanır: enerji resurslarından davamlı şəkildə istifadə etmək. Biz əmin olmalıyıq ki, resurslarımız uşaqlarımız və nəvələrimizə xidmət edəcəkdir. Beləliklə, resursların idarə edilməsində uzunmüddətli strategiyamız vardır.
Norveçin təcrübəsindən bir neçə kəlmə demək istərdim. Ölkəmizin gəlirlərinin böyük bir hissəsi neft və qaz resurslarının ixracından əldə olunur. Buna görə də enerji daşıyıcılarının hasilatı və gəlirlərin idarə edilməsi sahəsində aydın və şəffaf qaydaların olması xüsusi əhəmiyyət kəsb edir. Bir çox ölkələr resursların zənginliyindən əziyyət də çəkiblər. Böyük həcmdə nəğd vəsaitlərin daxil olması sosial bərabərsizliyə, həddən artıq xərclərə və resursların işlənilməsində nəzarətin çatışmamasına səbəb olub. Bu baxımdan ətraf mühitin qorunması sahəsində də birgə öhdəliyimiz olduqca vacibdir. Azərbaycanda ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilir. Dövlət Neft Fondunun yaradılması təqdirəlayiq haldır. Norveç ölkələrimizin qarşılıqlı faydası naminə regional təhlükəsizlik və sabitlik, insan hüquqları, demokratiya kimi müxtəlif məsələlərlə bağlı Azərbaycanla davamlı dialoqu səmimiyyətlə arzulayır. Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində Norveçlə Azərbaycan arasında əməkdaşlıq məndə məmnunluq doğurur. Ölkələrimiz şəffaflığın və yaxşı idarəçiliyin təmin edilməsi sahəsində birgə çalışırlar. Ən ilkin mərhələdə Azərbaycanın bu təşəbbüsə qoşulmasını və bu sahədə mühüm nümunə olmasını alqışlayırıq. Bu mövzular ətrafında keçiriləcək seminarda iştirak etmək arzusundayam.
Eyni zamanda, qeyd etmək lazımdır ki, korporativ sosial məsuliyyətə də xüsusi əhəmiyyət verilir. Hökumət, kommersiya təsisatları və vətəndaş cəmiyyəti bütövlükdə cəmiyyətin inkişafı naminə davamlı tərəqqinin təmin edilməsində mühüm rol oynamalıdırlar.
Cənab Prezident!
Xanımlar və cənablar!
Azərbaycanın qlobal enerji bazarında oynadığı rol çox əhəmiyyətlidir. Gələcəkdə bu rolun əhəmiyyəti daha da artacaqdır. Azərbaycan ilə Norveç arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın aparılmasına ümid edirəm. Bu əməkdaşlıq gələn illərdə həm enerji, həm də digər sahələrdə inkişaf edəcəkdir. Sağ olun.
Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Aleksandr XETAQURİ çıxış edərək dedi:
-Zati aliləri, hörmətli qonaqlar!
Bakıya yenidən səfər etməkdən və XVIII Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransında iştirak etməkdən böyük şərəf və iftixar hissi duyuram. Bu illik tədbir qlobal enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edən neft və qaz resurslarının təchizat marşrutlarının şaxələndirilməsinə aid məsələləri müzakirə etmək və bu mövzu ətrafında fikir mübadiləsi aparmaq üçün önəmli bir platformadır.
Hamıya yaxşı məlumdur ki, gürcü və Azərbaycan xalqları arasında olan dostluğun çoxəsrlik tarixi vardır. Ölkələrimiz arasında enerji sahəsindəki əməkdaşlığa gəldikdə isə, onun tarixi Xəzərdə hasil edilən enerji daşıyıcılarının dünya bazarlarına ilk dəfə Bakı-Supsa boru kəməri vasitəsilə çıxarılmasına təsadüf edib. Bu, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi strateji təchizat marşrutlarının gələcəyini müəyyən etmişdir. Bu gün Avropanın enerji daşıyıcılarından asılılığı təchizat marşrutlarının şaxələndirilməsi zərurətini ortaya qoyub. Bunun nəticəsində Azərbaycandan Mərkəzi Asiya və Yaxın Şərqdən təbii qazın Avropa İttifaqına çatdırılmasını nəzərdə tutan "Cənub" qaz dəhlizi konsepsiyası hazırlanmışdır. Bu ilin yanvar ayında Azərbaycanla Avropa Komissiyası arasında "Cənub" qaz dəhlizi haqqında imzalanan Birgə Bəyannamə Azərbaycanın bu sahədə aparıcı rolunu, Xəzərdə hasil edilən enerji daşıyıcılarını Qərb istiqamətində nəql edən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərlərinin əhəmiyyətini təsdiq etmişdir.
Bu baxımdan Xəzər dənizinin zəngin karbohidrogen yataqları üçün Gürcüstan mühüm tranzit ölkələrdən biridir. Gürcüstandakı Kulevi, Supsa və digər liman və terminallar Azərbaycan, Qazaxıstan və Türkmənistanın enerji daşıyıcılarının Qərb bazarlarına nəql edilməsində mühüm rol oynayır. Hazırda bir sıra böyük enerji daşıyıcılarının nəql edilməsi layihələri, o cümlədən "Nabukko" layihəsi mövcuddur. Bakı-Tbilisi-Ərzurum, Cənubi Qafqaz qaz boru kəməri adlanan marşrutla böyük həcmdə təbii qaz Gürcüstan vasitəsilə Qərb bazarlarına çıxarılır. "Şahdəniz" yatağında işlənilmənin ikinci fazası başladıqdan sonra nəql edilən qazın həcmi daha da artacaqdır. "Cənub" qaz dəhlizi müxtəlif istiqamətləri nəzərdə tutan şaxələndirməni əhatə edir. "Cənub" qaz dəhlizinin həyata keçirilməsi üçün zəruri hesab edilən infrastrukturun qurulması və razılaşmaların əldə edilməsi müvafiq vaxt çərçivəsində mümkündür.
İcazə verin, həmçinin qeyd edim ki, güclü və inkişaf etmiş infrastruktur və müvafiq kommersiya razılaşmaları olan Gürcüstan "Cənub" dəhlizində iştirak edən ölkələr və tərəfdaşlar arasında etibarlı iştirakçıdır və etibarlı tranzit xidmətlərini göstərə bilər. İnanıram ki, enerji əməkdaşlığımızın böyük perspektivləri vardır. Bugünkü tədbir təchizatın təhlükəsizliyi ilə bağlı siyasət, enerji bazarları və müvafiq tələbatlarla bağlı məhsuldar müzakirələrin aparılması üçün əla fürsətdir. Sağ olun.
Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dövlətimizin başçısına ARDNŞ-in ekspozisiyası barədə ətraflı məlumat verdilər. Qeyd olundu ki, beynəlxalq səviyyəli şirkətə çevrilən ARDNŞ ən qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verir, 2010-2015-ci illəri əhatə edən nanoneft proqramını və digər silsilə layihələri reallaşdırır.
Sonra "Ümid" qaz yatağındakı 10 nömrəli quyunun qazılmasına start verilməsi mərasiminin iştirakçıları ilə canlı videobağlantı yaradıldı.
Dövlətimizin başçısını salamlayan neftçilər dedilər: Beynəlxalq Xəzər neft-qaz sərgisi iştirakçılarına Bakı arxipelaqının sahildən 80 kilometr məsafədə yerləşən "Ümid" platformasından səmimi salamlarımızı yetiririk. Möhtərəm Prezident, "Ümid-1" platformasında 10 nömrəli quyunun qazılmasına başlanılması üçün Sizin xeyir-duanızı istəyirik. Qazma prosesini beynəlxalq standartlar səviyyəsində tam başa çatdırmaq üçün qurğu və mexanizm tam işlək vəziyyətə gətirilmişdir.
Möhtərəm Prezident, məlumat üçün bildirmək istəyirəm ki, layihələndirilən 10 nömrəli quyu məhsuldar qatın 7-ci horizontuna layihələndirilmişdir. Bu quyunun layihə dərinliyi 6 min 500 metrdir. Cənab Prezident, kollektivimiz adından Sizə söz veririk ki, "Ümid-1" platformasında qazılacaq 10 nömrəli quyu müvəffəqiyyətlə və keyfiyyətlə qazılıb təhvil veriləcəkdir.
Prezident İlham ƏLİYEV: Sağ olun, mən sizi təbrik edirəm. "Ümid" yatağının aşkarlanması bizim üçün tarixi hadisədir. Neftçilərimiz böyük peşəkarlıq göstərmişlər. Geoloqlarımızın gərgin səyləri nəticəsində böyük yataq aşkarlanmışdır. Bu gün biz özümüz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin imkanları çərçivəsində "Ümid" yatağının işlənilməsinə başlayırıq. Bu münasibətlə mən sizi ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, "Ümid" yatağının işlənilməsi nəticəsində yaxın zamanlarda Azərbaycanın qaz ehtiyatları daha da artacaq və Azərbaycan özünü dünyada qaz ölkəsi kimi tanıtdıracaqdır. Mən arzu edirəm ki, "Ümid" yatağının işlənilməsi zamanı bütün lazımi parametrlər gözlənilsin, xüsusilə texnoloji məsələlərə diqqət göstərilsin. Bu gün ARDNŞ dünya səviyyəli bir şirkətdir və onun gördüyü işlər də dünya səviyyəsində olmalıdır.
Mən sizi bir daha təbrik edirəm və "Ümid" yatağının işlənilməsi ilə əlaqədar sizə öz təbrikimi göndərirəm. "Ümid" yatağının qazılmasına başlayın.
NEFTÇİLƏR: Uğurlar olsun, sağ olun.
Sonra 10 saylı quyunun qazma qurğusu işə salındı.
Dövlətimizin başçısı bp şirkətinin ekspozisiyası ilə də tanış oldu. Qeyd edildi ki, Xəzərin Azərbaycan sektorunda iri neft və qaz yataqlarının işlənilməsində, Səngəçal, Supsa və Ceyhan kimi böyük terminalların inşasında, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin tikintisində mühüm xidmətləri olan bp şirkəti bundan sonra da Azərbaycan ilə sıx əməkdaşlıq edəcəkdir.
Prezident İlham Əliyevə dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən Fransa-Amerika birgə şirkəti olan "SCHLUMBERGER"in ekspozisiyası barədə də məlumat verildi. Bildirildi ki, bu iqtisadi qurum Azərbaycanda reallaşdırılan iri neft-qaz layihələrində yaxından iştirak edir.
Dövlətimizin başçısına Azərbaycanın Türkiyədə özəlləşdirdiyi "Petkim" şirkətinin genişləndirilməsi və yenidən qurulması ilə bağlı görülən kompleks işlər barədə ətraflı məlumat verildi. Prezident İlham Əliyevin diqqətinə 2040-cı ilədək həyata keçiriləcək layihələr təqdim olundu.
Sərgidə geniş təmsil olunan Fransanın "GDF Suez" şirkəti dünyanın əksər ölkələrində fəaliyyət göstərir və onun 220 min əməkdaşı vardır. Respublikamızda "Abşeron" və digər layihələrdə iştirak edən şirkət qazın kəşfi, hasilatı, nəqli və digər sahələrdə zəngin təcrübəyə malikdir.
Fransanın "Total" şirkəti də Azərbaycanın neft-qaz sektorunda yaxından iştirak edir. Dövlətimizin başçısına şirkətin yenilikləri və perspektiv planları barədə məlumat verildi.
Malayziyanın "Petronas" dövlət şirkəti Xəzər neft-qaz sərgisində ilk dəfə təmsil olunur. Bu iqtisadi qurum istər Malayziyada, istərsə də dünyanın bir çox ölkələrində neft-qaz sektorunda yüksək ixtisaslı kadrlarla bağlı vakant yerlər üçün işçi axtarışı ilə məşğuldur.
Rusiya Federasiyasının "Russneft" şirkəti də Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Qonşu ölkənin böyük neft-qaz şirkətlərindən sayılan "Russneft" Bakıdakı sərgidə ən son elmi-texniki yeniliklərini nümayiş etdirir.
Türk Petrolları Anonim Şirkəti də 1994-cü ildən bəri Azərbaycan ilə birgə beynəlxalq neft-qaz layihələrinin uğurla reallaşmasında yaxından iştirak edir. Qeyd olundu ki, iki qardaş ölkənin iqtisadi qurumları bundan sonra da istər regional, istərsə də beynəlxalq səviyyələrdə birgə uğurlu əməkdaşlıqlarını davam etdirəcəklər.
Almaniyanın RWE şirkəti Azərbaycanda 2009-cu ildən fəaliyyət göstərir. Bu şirkət ölkəmizdə fəaliyyətini genişləndirmək əzmindədir.
"Statoil" "Qazprom"dan sonra Avropada ikinci böyük təbii qaz şirkətidir. "Statoil" Azərbaycan ilə sıx əməkdaşlıq edir. Yaxın müddətdə Avropada təbii qaza tələbatın 20-30 faiz artacağını əsas götürən Norveçin dünya şöhrətli bu şirkəti Azərbaycan ilə yeni əməkdaşlıq imkanları üzərində konkret iş aparır.
"Bakı Ağ Şəhər" layihəsi də mükəmməlliyi ilə seçilir. Dövlətimizin başçısına məlumat verildi ki, bu layihəyə investorların marağı böyükdür. İyirmi hektarlıq "yaşıl ada" adlanan ərazidə təmizlik işləri artıq yekunlaşdırılıb və tikinti prosesinə başlanılacaqdır. "Bakı Ağ Şəhər" layihəsi paytaxtın görkəmini beynəlxalq standartlar səviyyəsində dəyişməsində keyfiyyətcə yeni mərhələnin başlanması deməkdir. Bu, Bakının "qara şəhər" adlanan hissəsinə yeni həyat bəxş edəcək bir layihədir. Layihənin həyata keçirilməsi zamanı Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri, eləcə də 2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks Tədbirlər Planı əsas götürülmüşdür.
Dövlətimizin başçısına məlumat verildi ki, OMV şirkəti də Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə səylərini əsirgəmir.
Prezident İlham Əliyev pavilyonlarla tanışlıqdan sonra sərgi və konfransın işinə uğurlar arzuladı.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.