Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
{nl}
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Çexiya Prezidenti Vatslav Klausun və xanımı Liviya Klausovanın şərəfinə rəsmi ziyafət verilmişdir.
Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.
-Hörmətli cənab Prezident!
Hörmətli xanım Liviya Klausova!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini məmnuniyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
Cənab Prezident, ölkəmizə ilk səfəriniz Azərbaycan-Çexiya münasibətlərində əlamətdar hadisədir. İnanıram ki, bu səfəriniz müxtəlif sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm rol oynayacaqdır.
Keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi, habelə imzalanan sənədlər və bugünkü biznes forum əlaqələrimizin yeni mərhələyə qalxmasına təkan verəcəkdir.
Mən ikitərəfli münasibətlərimizin inkişaf etməsi və keyfiyyətcə yeni mərhələyə qalxması məqsədi ilə qarşılıqlı səylərin artırılmasını vacib sayıram.
Bu gün ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli şərait və imkanlar vardır. Azərbaycanda gedən böyük tikinti işlərində çex banklarının da kreditor qismində iştirak etməsi müsbət haldır. Eyni zamanda, Çexiya Respublikasının enerji bazarında Azərbaycan nefti mühüm yer tutur. Bu baxımdan əlaqələrimizin daha da intensivləşdirilməsi üçün hər iki ölkənin iqtisadi subyektləri arasında birbaşa əməliyyatların aparılmasına ehtiyac yaranmışdır.
Ölkələrimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlarla əlaqələr mühüm yer tutur. BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurasında əməkdaşlığımız məmnunluq doğurur.
Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün bundan sonra da öz töhfəsini verməyə hazırdır. Biz enerji resurslarımızın bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasında maraqlıyıq və müxtəlif layihələr üzərində işləyirik. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Azərbaycan ilə Avropa İttifaqı arasında 2006-cı ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında anlaşma memorandumu, eləcə də bu ilin yanvar ayında imzalanmış "Cənub" qaz dəhlizi haqqında Birgə Bəyannamə bunun bariz nümunəsidir.
Son illər Azərbaycanda həyata keçirilən konkret layihələr ölkəmizin dinamik inkişafını təmin edir, regionda əməkdaşlıq proseslərinə müsbət təsir göstərir. Görülən işlər nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Hətta dünya maliyyə böhranının çətin illərində belə ölkəmizin iqtisadi inkişafı davam etmişdir. Bunun nəticəsi olaraq, son yeddi ildə ölkədə ümumi daxili məhsul təxminən 3 dəfə, 2009-cu və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz artmış, valyuta ehtiyatları təxminən 35 milyard ABŞ dollarına çatdırılmış, yoxsulluq səviyyəsində yaşayan insanların sayı 5 dəfə azalmış, ölkəmizə 80 milyard dollardan çox sərmayə qoyulmuş, 900 mindən çox yeni iş yeri açılmışdır.
Lakin təəssüflə qeyd etməliyəm ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu günə kimi həll edilməmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon hələ də işğal altında qalmaqdadır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılmış, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Hörmətli cənab Prezident!
Bir daha Sizi ürəkdən salamlayır, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram.
Bu badəni Sizin və xanımınızın sağlığına, Çexiya Respublikası ilə Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafının şərəfinə qaldırıram.
{nl}
Çexiya Prezidenti Vatslav Klausun nitqi
{nl}
-Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
İcazə verin, gözəl ölkənizə dəvət aldığım üçün Sizə dərin təşəkkürlərimi bu mötəbər məclisdə bir daha təkrarlayım.
Mən çox istərdim ki, Sizin ölkənizə Çexiya Prezidentinin bu tarixi ilk səfərini bizim tərəfimizdən göstərilən maraq və qarşılıqlı münasibətlərin genişlənməsi üçün atılan addım kimi qiymətləndirəsiniz.
"Ölkələrimiz arasında birbaşa əlaqələrin tarixi çox qısadır, ancaq Çexiya-Azərbaycan münasibətlərinin tarixi qədimdir", - deyən Prezident Vatslav Klaus indi bu əlaqələrə yeni təkan verməyin lazım olduğunu bildirərək vurğuladı:
-Keçmişdən qalan bütün müsbət halları davam etdirmək lazımdır. Ancaq bu münasibətlərə indi yeni impuls və müasirlik gətirmək istəyirik. Azərbaycanı böyük inkişaf potensialına malik olan ölkə kimi qəbul edirik və bu potensialdan istifadə olunmasına Çexiya şirkətləri də öz töhfələrini vermək marağındadırlar.
Çox gözəl başa düşürük ki, Sizin ölkəniz bu çətin və iğtişaşlı regionda sabitləşdirici amilə malikdir, həmçinin Avropa ölkələrinin enerji balansında əhəmiyyətli rol oynayır.
Bizim ölkəmiz də idxal etdiyi neftin ümumi həcminin 25 faizini Sizin ölkədən alır. Məhz bu sahədə əməkdaşlıqda geniş potensiallar mövcuddur.
Hörmətli cənab Prezident!
Üç il bundan qabaq Praqada Avropa İttifaqına sədrlik zamanı Sizinlə başlayan dialoqumuza görə çox şadam. Bu görüşümüz "Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində baş tutmuşdur və fikrimizcə Avropa siyasətinin vacib məqsədlərindən biri olmalıdır. Ümid edirəm ki, bu il nəzərdə tutulan "Şərq tərəfdaşlığı" Varşava zirvə toplantısı bunu sübut edəcəkdir.
Azərbaycanın qədim mədəniyyətə, tarixi abidələrə və gözəl təbiətə malik olan bir diyar olduğunu qeyd edən Çexiya Prezidenti səfəri müddətində təkcə paytaxtla deyil, Azərbaycanın regionları ilə də tanış olmaq imkanından məmnun qaldığını bildirərək dedi:
-Çexlər çox səyahət edən xalqdır. Yad ölkələri yaxından tanımağı xoşlayırlar. Ancaq bildiyimə görə, Xəzər dənizinin gözəlliklərini və Sizin füsunkar dağlarınızı hələlik kəşf etməyiblər. İnanıram ki, bu, tezliklə baş verəcək və həmçinin bizim ölkəmizə də sizlərdən qonaqlar gələcəklər.
Mən Sizin ölkənizə Çexiya şirkətlərini təmsil edən çoxsaylı nümayəndə heyəti ilə gəlmişəm və onlar iqtisadi əməkdaşlığın genişlənməsinə böyük maraq göstərirlər. Buna görə də inanıram ki, bizim səfərimiz aramızdakı siyasi dialoqun gücləndirilməsi və ikitərəfli müqavilə əməkdaşlığının genişlənməsi, həm də ticarət əlaqələrinin və investisiyaların artması üçün yeni impuls olacaqdır.
Əminəm ki, bunun fonunda mədəni əlaqələr və vətəndaşlar arasında ünsiyyətlər də inkişafdan qalmayacaqdır.
Hörmətli cənab Prezident!
İcazə verin, bu badəni ölkənizin uğurlarının, Çexiya-Azərbaycan dostluğunun şərəfinə və şəxsən Sizin və yaxınlarınızın sağlığına qaldırım.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.