Azərbaycan Prezidenti İlham Əliyev və Çexiya Prezidenti Vatslav Klaus biznes forumda iştirak etmişlər
Mayın 17-də Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun iştirakı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilmişdir.
Dövlətimizin başçısı Çexiya Prezidenti Vatslav Klausu qarşıladı.
Forum iştirakçıları dövlət başçılarını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham ƏLİYEV biznes forumda çıxış edərək dedi:
-Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Mən cənab Prezidenti Azərbaycanda bir daha salamlayıram. Bu gün biz Çexiya Respublikasının Prezidentinin ölkəmizə səfəri çərçivəsində çox mühüm bir tədbirdə, biznes forumda toplaşmışıq. Əminəm ki, biznes forumun nəticələri bizim gözlədiyimiz nəticələr və ölkələrimiz arasında yaranan münasibətlərə uyğun olacaqdır.
Çexiya Respublikasının Prezidentinin ölkəmizə səfəri mühüm, mən deyərdim, tarixi xarakterli hadisədir. Çünki bu, ilk səfərdir. Ölkələrimiz arasında əməkdaşlığın bütün illəri ərzində ilk dəfədir ki, bu cür yüksək səviyyədə səfər, Prezidentin rəsmi səfəri həyata keçirilir. Düzdür, bundan əvvəl də yüksək vəzifəli rəhbərlərin səfərləri olmuşdur. Lakin Prezidentin rəsmi səfəri, əlbəttə xüsusi əhəmiyyət kəsb edir və səfər çox uğurlu keçir.
Bu gün səhər biz çox səmərəli danışıqlar apardıq və çox geniş spektrli məsələləri, o cümlədən iqtisadi sahədə əməkdaşlığı, ölkələrimizin biznes strukturları arasında əlaqələri müzakirə etdik. Hesab edirəm ki, bu gün biz biznes strukturlarına daha sıx əməkdaşlıq etmək üçün mühüm işarə verməliyik. Biznes cəmiyyəti siyasi nüanslara həmişə çox həssas münasibət bildirir və deməliyəm ki, ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədədir. Bizim ölkələr arasında heç bir problem yoxdur. Lakin həm ikitərəfli formatda, həm də Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlıq çərçivəsində münasibətləri və əməkdaşlığı möhkəmlətmək üçün qarşılıqlı istək vardır. Buna görə də mənim fikrimcə, bu cür sanballı siyasi bazaya malik olan biznes öz sözünü deməlidir. Artıq müəyyən uğurlar vardır və cənab Prezidenti biznesmenlərdən ibarət nümayəndə heyətinin müşayiət etməsi bizim biznes qrupları arasında qarşılıqlı marağın göstəricisidir. Zənnimcə, bu gün forumun işi zamanı Azərbaycanın iqtisadi nailiyyətləri, habelə imkanları artıq təqdim edilmişdir ki, ölkəmizdə baş verən hadisələr, iqtisadiyyatın necə transformasiya etməsi, bizim hansı islahatlar həyata keçirməyimiz barədə daha dolğun təsəvvür yaransın.
Bizim üçün iqtisadi müstəqillik müstəqilliyimizin əsası olmuşdur. Bizim müstəqillik əldə etməyimizdən 20 ildən az keçir. Bu il biz ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 20 illiyini təntənəli şəkildə qeyd edəcəyik. Bu illər ərzində Azərbaycanın dünya xəritəsində dinamik inkişaf edən, açıq iqtisadiyyata və inkişaf etmiş infrastruktura malik bir ölkə kimi öz yerini tapması üçün çox iş görülmüşdür. Biz hamımız vaxtilə müəyyən siyasi sistemdə, planlı təsərrüfat, sosializm sistemində yaşamışıq. Bizim ölkədə iqtisadiyyatda özəl sektorun nisbi payı sıfra bərabər idi. Bu gün isə özəl sektor Azərbaycan iqtisadiyyatının 50 faizdən çoxunu təşkil edir, əsaslı iqtisadi islahatlar aparılmışdır. Biznes üçün yaxşı şərait yaradılmışdır və biz hər il əlavə addımlar atmağa çalışırıq ki, bürokratik əngəllər və maneələr azaldılsın, biznes şəraiti daha yaxşı olsun.
Biz əlverişli investisiya mühiti yarada bilmişik. Bütün dünyadan iri investisiyalar cəlb etmişik. Bunlar əsasən inkişaf etmiş ölkələrin investisiyalarıdır. Bu sərmayələr ilk illərdə əsasən neft-qaz sektoruna yatırılmışdır. Bu da təbii idi, çünki 1990-cı illərin əvvəlində Azərbaycan iqtisadi baxımdan yalnız enerji ehtiyatlarına malik olan bir ölkə kimi maraq doğururdu. Bizim vəzifəmiz ondan ibarət idi ki, bu marağı iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalara transformasiya edək. Bunun üçün biz özümüzü etibarlı tərəfdaş kimi təqdim etməli idik ki, əcnəbi investorlar bilsinlər, burada investisiyalar qorunur və dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Bunun üçün bizim əsas kommersiya kontraktlarımız həm də parlamentdə müzakirə edilmiş və qanun qismində qəbul edilmişdir. Mənim fikrimcə, bu, dünya tarixində nadir hallardan biridir ki, kommersiya sazişi, iri investisiya layihəsi qanun forması kəsb edir. Bu, bizim öz öhdəliklərimizi heç vaxt pozmayacağımız barədə investorlara tam zəmanət vermək üçün edilmişdir. Biz etimad qazana, məbləği on milyard dollarla ölçülən iri investisiyaları cəlb edə bildik. Beləliklə, əlverişli investisiya şəraiti yaratmışıq. Azərbaycan uzun illərdir ki, adambaşına birbaşa xarici investisiyalar göstəricisi üzrə postsovet məkanında liderlik edir.
Energetikaya iri yatırımlar, ilk növbədə, bizə maliyyə ehtiyatları toplamağa imkan verdi. Eyni zamanda, ölkə dünya iqtisadi dairələrində yaxşı ad qazandı. Üçüncüsü isə iqtisadiyyatın bizim üçün əsas olan sahələrinə - daha doğrusu, qeyri-neft sektoruna, kənd təsərrüfatına, infrastruktura, nəqliyyata, turizmə sərmayələr cəlb edə bildik. Bir neçə il əvvəl müşahidə etdiyimiz neftin qiymətinin kəskin aşağı düşməsi, məhz şaxələndirmə siyasətimiz sayəsində ölkəmizdə, demək olar ki, hiss olunmadı. Halbuki əsas gəlirləri neft satışından gələn ölkə üçün qiymətlərin 4-5 dəfə aşağı düşməsi böyük sınaq idi. Hətta 2008-2009-cu və 2010-cu illərdə, dünya iqtisadi böhranı illərində iqtisadiyyatımız artırdı.
Bu gün Azərbaycanın şaxələnmiş iqtisadiyyatının möhkəm təməli artıq qoyulmuşdur və hazırda biz diqqətimizi məhz buraya cəlb edirik. Biz müasir texnologiyaların inkişafına böyük diqqət yetiririk. Bizim üçün çox vacibdir ki, ölkəmizdə istehsal olunan məhsul beynəlxalq standartlara uyğun gəlsin və ixrac meyilli olsun. Eyni zamanda, biz maksimum, o cümlədən kənd təsərrüfatı məhsulları ilə özünütəmin siyasətini həyata keçiririk. Çünki ərzaq təhlükəsizliyi məsələləri hazırda çox böyük əhəmiyyət kəsb edir.
Gələn il ilk Azərbaycan telekommunikasiya peyki orbitə çıxarılacaqdır və Azərbaycan kosmik sənayeyə malik ölkəyə çevrilir. Eyni zamanda, müasir informasiya texnologiyalarına çoxlu sərmayə qoyulur, İnternet istifadəçiləri şəbəkəsi inkişaf edir, bu göstəriciyə görə biz regionda birinci yerdəyik.
Turizm sektoruna çoxlu sərmayə qoyulur. Biz turistlərin cəlb edilməsi üçün coğrafiyamızdan və təbii şəraitimizdən istifadə etmək niyyətindəyik və artıq istifadə edirik. Bu il təkcə Bakı şəhərində dünya səviyyəsində 6 yeni beşulduzlu otel açılacaqdır və bu göstərir ki, dünya brendləri Azərbaycana sərmayə qoyulması mümkün və sərmayə qoyulmalı bir ölkə kimi yanaşırlar, ən əsası isə ölkəmizin gələcəyinə inanırlar. Biz uzunmüddətli sərmayələrin, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin yaradılmasının tərəfdarıyıq və bu məqsədlə radikal, çox mühüm iqtisadi islahatlar həyata keçiririk.
Əlbəttə, siyasi islahatlar olmadan iqtisadi islahatlar yalnız qısamüddətli perspektivdə səmərə verə bilər. Buna görə də biz siyasi islahatlar sahəsində çox ardıcıl siyasət aparırıq. Biz Avropa strukturları ilə çox konstruktiv münasibətlər qurmuşuq. Artıq on ildir Avropa Şurasının üzvüyük, Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" proqramı üzrə işləyirik. Bundan sonra da ölkəmizi modernləşdirmək və Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək niyyətindəyik. Hesab edirəm ki, bunun üçün bütün imkanlarımız vardır. Əvvəla, dövlət siyasəti, proqramı, özəl biznesə, sahibkarlığa dövlət dəstəyi, savadlı gənclər və artıq formalaşmaqda olan güclü orta sinif, habelə az əhəmiyyət kəsb etməyən təbii ehtiyatlar və maliyyə müstəqilliyi.
Xatirimdədir, neft layihələrimizin inkişafının birinci mərhələsində xarici mətbuatda Azərbaycan iqtisadiyyatının birtərəfli inkişaf edəcəyi, bizdə "Dutch disease"nin (Hollandiya xəstəliyi) inkişaf edəcəyi və neft gəlirlərinin lazımi nəticələr verməyəcəyi barədə çoxlu diskussiyalar aparılırdı. Lakin bizim siyasətimiz və enerji ehtiyatlarından düzgün istifadə olunması ona gətirib çıxardı ki, bu gün artıq heç kim Hollandiya xəstəliyindən danışmır, bu gün artıq ölkəmizin iqtisadi inkişafından söhbət gedir.
Son yeddi ildə Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır. Sənaye də təxminən 3 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 5 dəfə aşağı düşmüşdür. Bu, bazar iqtisadiyyatının və sosial məsələlərin, bir növ bir-birini tamamlayaraq həll olunmasını göstərir. Biz çox iri infrastruktur layihələri - kommunikasiya, nəqliyyat layihələri həyata keçirmişik. Biz çox iri neft-qaz layihələri həyata keçirmişik və bu gün Azərbaycan nefti həm də Çexiya Respublikasının bazarına daxil olur. Əminəm ki, bu da ixracın şaxələndirilməsinə və iqtisadiyyatın inkişafına kömək edir.
Bu gün biz dünyada ən iri qaz yataqlarından birini - ehtiyatlarının həcmi bir trilyon kubmetrdən çox olan "Şahdəniz" yatağını işləyirik. Ümumiyyətlə, Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir. Lakin əminəm ki, bu ehtiyatlar artacaqdır, çünki biz hələ yeni yataqların kəşfiyyatı mərhələsindəyik və Azərbaycanın qaz potensialı bizim tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır.
Bu gün bizim enerji ehtiyatlarını dünya bazarlarına çatdırmaq üçün şaxələndirilmiş yollarımız vardır. Bizim enerji ehtiyatlarını bütün istiqamətlər üzrə - həm Şimala, həm Qərbə, həm də Cənuba nəql edən üç neft kəməri və dörd qaz kəməri vardır. Beləliklə, biz özümüzü kifayət qədər inamlı hiss edirik. Çünki biz bir təchizat marşrutundan asılı deyilik. Beləliklə, şaxələndirmə tamamilə təmin edilmişdir. Biz enerji ehtiyatlarının çatdırılma mənbələrini şaxələndirməyə çalışan istehlakçıları başa düşürük. Buna görə də biz istehsalçılar və istehlakçılar arasında səyləri əlaqələndirməyə, mənafeləri tarazlaşdırmağa və şaxələndirməyə, habelə azad rəqabətə can atırıq.
Ölkəmizdə bundan sonra da zəruri islahatlar həyata keçiriləcəkdir. Biz iri regional inkişaf proqramı reallaşdırırıq və təkcə Bakı deyil, ilk növbədə regionlarımız inkişaf edir. Son yeddi ildən bir qədər artıq müddətdə regional inkişaf proqramı sayəsində Azərbaycanda 900 mindən çox yeni iş yeri yaradılmışdır və bu iş yerlərinin böyük əksəriyyəti regionlardadır.
Biz Azərbaycan İnvestisiya Şirkətini yaratmışıq. Yəqin ki, bu barədə bu gün burada deyilmişdir. Bu şirkət bizim iqtisadiyyat üçün mühüm layihələrdə sərmayədarlardan biridir. Mən bu fürsətdən istifadə edərək Çexiya Respublikasından olan biznesmenləri bizim tərəfdaşlarımız olmağa, layihələrdə investorlar və ya kontraktorlar qismində iştirak etməyə dəvət etmək istəyirəm və əminəm ki, bunun üçün bütün imkanlar vardır.
Mən fürsətdən istifadə edərək həm də Sizin ölkənin banklarına bizim ölkədə həyata keçirilən mühüm infrastruktur layihələrinin maliyyələşdirilməsinə görə təşəkkür etmək istərdim. Ümid edirəm ki, bu əməkdaşlıq bundan sonra da uğurla davam edəcəkdir.
Beləliklə, mən bizim əziz qonaqlarımızı bir daha salamlamaq və ümidvar olduğumu bildirmək istəyirəm ki, həm səfər, həm də biznes forum yaxşı nəticələr verəcəkdir və biz daha tez-tez görüşəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Sonra Çexiya Prezidenti Vatslav KLAUS çıxış edərək dedi:
-Vurğulamaq istərdim ki, Prezidentin dediyi kimi, bu, Çexiya Prezidentinin sizin ölkəyə ilk səfəridir. Mən çox şadam ki, biz bu səfər barədə iki il bundan əvvəl Praqada Prezident Əliyevlə razılaşmışdıq və nəhayət onu təşkil etmək mümkün oldu. Ümid edirəm ki, bu səfər - təkcə mənim səfərim deyil, həm də bizim nümayəndə heyətinin, biznesmenlərin nümayəndə heyətinin səfəri, cənab Prezidentin dediyi kimi, bizim bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olmağımıza mühüm işarədir. İqtisadiyyat ən mühüm sahələrdən biridir. Çünki o, bizim münasibətlərin daha da inkişaf etdirilməsi üçün ciddi bazadır. Mən razıyam ki, bu gün səhər, Prezidentin dediyi kimi, bizim müsbət, səmərəli, faydalı danışıqlarımız olmuşdur. Mənə belə gəlir ki, biz bir-birimizi çox yaxşı başa düşürük və bu, gələcək əməkdaşlıq üçün yaxşı bazadır.
Biz təkcə danışıqlar aparmadıq. Bu gün biz həm də dövlətlərimiz arasında üç müqavilə imzaladıq.
Prezident Vatslav Klaus səfər zamanı imzalanan sənədlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. O, iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişin biznes əlaqələrinin genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirdi. Prezident Vatslav Klaus Azərbaycan ilə Çexiya arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafı üçün heç bir problemin olmadığını qeyd etdi.
Çexiyanın dövlət başçısı elə ölkəmizə rəsmi səfərinin ilk günündən Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın şahidi olduqlarını vurğulayaraq bildirdi:
-Cənab Prezident, biz iqtisadiyyatın sürətlə inkişaf etməsinin şahidiyik. Bu gün təkcə Bakı şəhərində olmaqla bunu yəqin etdik. Ola bilsin ki, ölkənin regionlarında bu inkişaf bir qədər başqa cür görünür. Mən demək istərdim ki, sonuncu dəfə şəhərdə bu qədər inşaat kranını Çində görmüşdüm. Ola bilər ki, Siz bunları Potyomkin kəndləri kimi göstərirsiniz, istəyirsiniz burada necə inkişaf olduğunu görək. Lakin bu da innovasiya, marketinq olardı. Bu, maraqlı ideya olardı.
Biz buraya açıq gözlə gəlmişik ki, Sizin ölkənizi başa düşək, burada nə baş verdiyini anlayaq.
Prezident Vatslav Klaus beynəlxalq maliyyə böhranının Çexiya iqtisadiyyatına təsirini xarakterizə edərək dedi:
-Bizdə heç bir maliyyə böhranı olmamışdır. Çexiya hökuməti bizim bank, maliyyə sisteminə bir Çexiya kronu da verməmişdir. Bunu etməyə ehtiyac yox idi, bizdə heç nə olmamışdı. Lakin bizdən qərbdəki bazarlar hər şeyi itirdilər. Beləliklə, biz Qərbə ixracımızın xeyli hissəsini itirdik. Buna görə də 2009-cu ildə bizdə iqtisadi tənəzzül oldu. İndi isə deyə bilərəm ki, biz bərpa olunuruq, iqtisadiyyatımız demək olar ki, normal Avropa sürəti ilə artır. Əlbəttə, bu artım sizdə bir neçə il ərzində müşahidə olunan 20-30 faizlik artım deyildir. Mən ümid edirəm ki, bizim biznesmenlər bu iqtisadi böhran dövründə nəyisə başa düşdülər. Biz başa düşdük ki, ixracın bu qədər yüksək hissəsinin birtərəfli olması çox təhlükəlidir. Buna görə də bizim biznesmenlər ixracı və ticarəti şaxələndirməyə bu qədər böyük maraq göstərirlər. Mənim fikrimcə, çexiyalı sahibkarların Azərbaycana səfərə marağının əsas səbəbi budur. Cənab Prezident, mən ümid edirəm ki, onlar nahardan sonra haradasa bir kafedə əyləşməmiş, burada işləmişlər. Ümid edirəm ki, bizim çıxışlarımız biznes forumun başlanğıcı deyil, artıq sonudur. Mən onların nə deyəcəklərini, hansı nəticələrə nail olduqlarını gözləyirəm.
Prezident Vatslav Klaus Çexiyanın Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə ölkəmizi dəstəklədiyini qeyd edərək bildirdi:
-Biz Qarabağ problemini hiss edirik. Ümid edirik ki, bu problemi həll edə biləcək müəyyən perspektiv vardır. Biz bu istiqamətdə Sizi dəstəkləməyə hazırıq.
Cənab Prezident, biz Sizin ölkənin Avropa ruhunu da çox yaxşı başa düşür və hiss edirik. Bu mənada da biz Sizi dəstəkləyirik. İki il bundan əvvəl bizim "Şərq Tərəfdaşlığı" ideyası ilə əlaqədar ilk görüşümüz olmuşdu. Biz Prezidentlə Praqada görüşmüşdük. Bu ilin payızında həmin proqram üzrə sammit Varşavada olacaqdır. Mən ümid edirəm ki, bu görüş müsbət nəticələr verəcəkdir.
Cənab Prezident, xanımlar və cənablar, səmimi qəbula görə, Sizin burada olmağınıza görə Sizə bir daha təşəkkür edirəm və ümid edirəm ki, bu forum müsbət nəticələr verəcəkdir. Çox sağ olun.
* * *
Forumdan sonra prezidentlər İlham Əliyev və Vatslav Klaus Dənizkənarı Milli Parkda Bakının mənzərəsini seyr etdilər. Çexiya Prezidentinə son illərdə sürətlə inkişaf edən Azərbaycanın paytaxtında görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verildi.
* * *
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Çexiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən biznes forumda hər iki ölkənin dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, maliyyə, neft-qaz, səhiyyə, tikinti, informasiya və kommunikasiya texnologiyaları, energetika, maşınqayırma və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak etmişdir.
Sayca üçüncü olan biznes forumda Azərbaycanın biznes və investisiya imkanları barədə təqdimatlar keçirilmişdir.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil edilmiş, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.