Azərbaycan və Çexiya prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

{nl}

Mayın 17-də Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Çexiya Prezidenti Vatslav Klaus mətbuata bəyanatlarla çıxış etmişlər.
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Bir daha deyirəm, xoş gəlmisiniz. Bu, ölkəmizə Sizin ilk rəsmi səfərinizdir. Əminəm ki, səfərin müsbət nəticələri olacaqdır. Biz ikitərəfli gündəlikdə duran mövzular, regional məsələlər, o cümlədən Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə geniş müzakirələr apardıq. Tərəflər arasında yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Ölkələrimiz arasında siyasi münasibətlər uğurla inkişaf edir. Çexiya Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri daha da güclənən siyasi dialoqun göstəricisidir və digər sahələrdə də münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkan yaradır. İqtisadi əlaqələrin inkişafına hər iki tərəf böyük maraq göstərir. Bu gün biz Çexiya-Azərbaycan biznes forumunda iştirak edəcəyik. Bilirəm ki, Çexiya iş adamlarından ibarət böyük nümayəndə heyəti cənab Prezidenti müşayiət edir. Əminəm ki, işgüzar dairələr birgə işləmək üçün bir çox imkanlar əldə edəcək, sərmayə və birgə layihələrin həyata keçirilməsi imkanlarını araşdıracaqlar.
Münasibətlərimizin, həmçinin regional ölçüsü də vardır. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, həmçinin ikitərəfli münasibətlərimizin bir hissəsidir. Biz Çexiya tərəfinə Avropa İttifaqı- Azərbaycan tərəfdaşlığına verdiyi dəstəyə görə olduqca minnətdarıq. Hazırda biz "Şərq Tərəfdaşlığı" Proqramında iştirak edirik və ümidvarıq ki, bu proqram nəticəsində Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daha da sıx olacaqdır. Enerji əməkdaşlığımız ikitərəfli gündəliyimizin bir hissəsidir. Çox şadıq ki, Azərbaycanın karbohidrogen resursları artıq Çexiya Respublikasının bazarına çıxarılır. Ümidvarıq ki, bu əməkdaşlıq növbəti illərdə daha da artacaqdır. Hazırda biz neft ixrac edirik, lakin gələcəkdə qaz sektorunda da əməkdaşlıq ikitərəfli münasibətlərimizin bir hissəsi olacaqdır. Xüsusilə nəzərə alsaq ki, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi haqqında birgə Bəyannamə imzalandı. Avropanın enerji təhlükəsizliyi və Avropa ilə enerji əməkdaşlığı Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının gündəliyində daim duran məsələlərdir.
Bu gün biz, həmçinin regional məsələləri, o cümlədən regional əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə etdik. Mən cənab Prezidentə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi haqqında məlumat verdim. Uzun illərdir ki, Azərbaycan əraziləri işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində 1 milyon azərbaycanlı qaçqın vəziyyətinə düşüb və ərazimizin 20 faizi 20 ildir ki, işğal altındadır. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində erməni silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılması tələb edilir. Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmamış qalır. ATƏT-in qərarları, Avropa Parlamentinin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamələri eyni tərzdədir və eyni məna daşıyır. Münaqişə beynəlxalq hüququn normaları əsasında həll olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bundan sonra regionda sülh bərqərar olunacaqdır. Yenə də təkrar etmək istəyirəm ki, mən cənab Prezidentə danışıqlar prosesi haqqında məlumat verdim. Ümidvar olduğumu bildirdim ki, münaqişə beynəlxalq hüququn normaları əsasında öz həllini tapmalıdır.
Ümumiyyətlə, bildirmək istəyirəm ki, ölkələrimiz arasında münasibətlər çox müsbətdir. Münasibətlərimiz olduqca güclü tərəfdaşlıq ruhunda inkişaf edir. Əminəm ki, cənab Prezidentin səfəri və səfərin nəticələri bu tərəfdaşlığı gücləndirəcək, biz tərəfdaşlıq və dostluğu daha da inkişaf etdirəcəyik. Cənab Prezident, bir daha xoş gəlmisiniz.

{nl}

Çexiya Prezidenti Vatslav Klausun bəyanatı

{nl}

- Cənab Prezident!
Xanımlar və cənablar!
Mənə söz verdiyinizə görə təşəkkür edirəm. Cənab Prezident, dəvətinizə görə minnətdaram. Bu, mənim Çexiya Respublikasının Prezidenti kimi ölkənizə ilk səfərimdir.
Prezident Vatslav Klaus Azərbaycan dövləti başçısının iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olması və dostluq xarakteri daşıması fikri ilə tam razı olduğunu vurğuladı. O, bunun aparılan danışıqlarda da özünü qabarıq büruzə verdiyini bildirərək dedi:
- Mən sadəcə onu təkrar etmək istəyirəm ki, ölkənizə səfərimlə Azərbaycan və Çexiya xalqlarına aydın işarə verirəm ki, biz Azərbaycan-Çexiya, Çexiya-Azərbaycan əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə genişləndirilməsində olduqca maraqlıyıq. Bu, mənim üçgünlük səfərimin əsas məqsədi və marağını təşkil edir.
Cənab Prezident, biz buraya açıq ürəklə gəlmişik. Biz buraya ölkənizi daha yaxından tanımaq, anlamaq üçün gəlmişik.
Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə məlumatlı olduqlarını bildirən Çexiya dövlətinin başçısı paytaxt Bakı ilə yanaşı, regionlardakı inkişafı da görmək imkanından məmnun qaldıqlarını dedi. Prezident Vatslav Klaus Azərbaycan-Çexiya münasibətlərinin daha da inkişafı ilə bağlı bir sıra məsələlər barədə də fikirlərini diqqətə çatdıraraq bildirdi:
- Ermənistanla olan ağrılı münaqişədən xəbərimiz vardır və bu münaqişənin həllinə kiçik də olsa, öz yardımımızı etmək istərdik. Avropa İttifaqının son "Şərq Tərəfdaşlığı" Proqramına da xüsusi diqqət yetiririk. Çexiya Respublikası bu ideyanın ərsəyə gəlməsində təşəbbüskarlardan biri olub. İki il bundan öncə "Şərq Tərəfdaşlığı" Proqramı ilə bağlı Praqada görüş keçirildi və biz o zaman orada görüşdük. Cənab Prezident, Sizə həmin vaxt söz verdim ki, səfər edəcəyəm və budur, bu gün artıq buradayam. Cari ilin sonunda Varşavada keçirilməsi nəzərdə tutulan Şərq tərəfdaşlığı Sammitini səmimiyyətlə arzulayırıq. Ümid edirəm ki, bu tədbir Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri daha da inkişaf etdirəcəkdir.
Cənab Prezident, Sizi əmin edə bilərəm ki, ölkələrimiz arasında münasibətlər, o cümlədən Avropa ilə Azərbaycan arasında olan əlaqələr bizim marağımızdadır.
Çox sağ olun.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında