Prezident İlham Əliyevin yekun nitqi
{nl}
- Kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Qeyd etdiyimiz kimi, biz kənd təsərrüfatının inkişafı hesabına həm işsizliyin aradan qaldırılmasına nail olacağıq, həm yerli istehsalın inkişafını təmin edəcəyik və həm də ölkə iqtisadiyyatı daha da dayanıqlı olacaqdır. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin təxminən 50 faizi kəndlərdə yaşayır, bu, böyük sosial məsələdir. Ona görə, növbəti illərdə əlbəttə ki, dövlət investisiya proqramında bütün bu məsələlər nəzərdə tutulacaqdır. Növbəti illərdə kəndlərin inkişafına daha da böyük diqqət göstərilməlidir.
Böyük işlər görülübdür. İndi qazlaşdırma prosesi gedir. Elektrik enerjisi ilə təchizat demək olar ki, öz həllini tapmışdır. Bütün rayonlarda, kəndlərdə qaz xətləri çəkilir. 2012-ci ilin sonuna qədər mənim tərəfimdən verilən tapşırığa uyğun olaraq, əksər kəndlərdə bütün qazlaşdırma işləri başa çatmalıdır. O ki qaldı Qarabağ zonasına, burada hesab edirəm ki, yüz faiz qazlaşdırma təmin edilməlidir və bu istiqamətdə işlər gedir.
İçməli su və kanalizasiya problemləri ənənəvi olaraq bizi, necə deyərlər, həmişə incidir, üzür. Çünki kanalizasiya xətlərinin olmaması, içməli suyun lazımi səviyyədə verilməməsi xüsusilə kənd yerlərində ən ciddi problemdir. Bu məsələnin həlli üçün ölkə miqyasında konkret proqramlar icra edilir. Çalışacağıq ki, 2013-cü ilin sonuna qədər bu məsələ də tam şəkildə öz həllini tapsın. Düzdür, burada çox böyük investisiyalar nəzərdə tutulur və texniki çətinliklər vardır. Ancaq müvafiq tapşırıqlar verilib və yenə də deyirəm, çalışacağıq ki, regional proqramın icrası, eyni zamanda, bu məsələləri ehtiva etsin. 2013-cü ilə qədər maksimum nə mümkündürsə etməliyik.
Kənd yollarının çəkilişi prosesi daha da sürətlə gedir. Dünən və bu gün 4 rayonda yeni kənd yollarının açılışlarını etdik və bu proses davam etdirilməlidir. Nəinki bu bölgədə, bütün rayonlarda. Əlavə vəsait ayrılır və kənd yollarının tikintisi həm sosial, həm iqtisadi cəhətdən çox vacib olan məsələlərdir. Bu məsələyə həm bu ilin büdcəsində əlavə vəsait nəzərdə tutulub və gələn ilin büdcəsində də mütləq kənd yollarının tikintisinə daha da böyük diqqət göstərilməlidir.
Prezident Administrasiyasına göstəriş verilib, yerlərdən bütün təklifləri almısınız. O təkliflər mənə verilibdir. O təkliflər əsasında Prezidentin ehtiyat fondundan bu yollara - Sabirabad, Saatlı, İmişli, Ağcabədi rayonlarında kənd yollarına vəsait ayrıldı. Bu, ən vacib yollar idi. Misal üçün, Sabirabad rayonunda 68 kilometr, Ağcabədidə 24 kilometr, Saatlıda, İmişlidə 27 kilometr yollar böyük kəndləri birləşdirən yollardır. Ancaq belə təkliflər hər bir rayondan gəlir. Ona görə, onları həm bu ilin, həm xüsusilə gələn ilin proqramına salaq ki, biz kənd yollarını maksimum dərəcədə bərpa edək. Özü də biz bu yolları yüksək səviyyədə tikirik. Vaxtilə yollar hamısı torpaq yollar olmuşdur. Heç asfalt vurulmamışdı. İndi gözəl asfalt yollardır. Bu da kəndlərin inkişafına çox böyük təkan verəcəkdir.
Keçən il subasmaya məruz qalmış kəndlərdə bərpa işləri gedir. Böyük işlər görülübdür. Ancaq görüləsi işlər hələ də çoxdur. Dünən Qasımbəyli kəndində olarkən orada yeni məktəbin açılışında iştirak etmişdim. Orada yeni evlər tikilib. Nəinki Sabirabadda, bütün başqa bölgələrdə işlərin böyük əksəriyyəti görülmüşdür. Ancaq gərək bütün kəndlərə diqqət göstərilsin.
Qasımbəylidən qayıdarkən gördüm ki, qonşu kəndin sakinləri yolda durmuşlar, məni gözləyirlər. Mən maşını saxladım, çıxdım soruşdum nədir məsələ? Deyirlər ki, onların kəndində - Əsgərbəyli kəndində işlər ləng gedir. Bir kənddə işlər sürətlə gedir, digər kənddə isə o qədər də sürətlə getmir. Mənim proqramımda Qasımbəyli kəndi nəzərdə tutulmuşdu. Yəqin ona görə ki, orada işlər daha da yaxşı gedir. Amma onun böyründə yerləşən Əsgərbəyli kəndinə getməsəydim bilməyəcəkdim ki, orada vəziyyət necədir. Ona görə belə məsələlərə də diqqət göstərilməlidir.
Mən başa düşürəm ki, işin həcmi çox böyükdür. Gördüyümüz işlər həddindən artıq çox təsirlidir. Biz öz hesabımıza qısa müddətdə - bir neçə ay ərzində işlərin böyük əksəriyyətini görə bilmişik. Dövlət hesabına minlərlə ev, məktəb, sosial obyekt tikilib. 70 min hektar torpaq su altında qalmışdı. Bir neçə min ev tamamilə uçub dağılmışdı. Minlərlə ev qəzalı vəziyyətə düşmüşdü. İndi vaxt keçdikcə biz bu məsələyə yenidən baxmalıyıq. Vaxtilə qəzalı ev kimi qeydiyyata alınmayan evlər sonra qəzalı vəziyyətə düşdü. Yəni, yenidən təftiş aparılmalıdır və qış gələnə qədər əlavə tədbirlər görülməlidir ki, bu evlər bərpa olunsun, zərərçəkmiş bütün insanlar diqqət-qayğı görsünlər.
Ancaq yenə də deyə bilərəm ki, böyük işlər görüldü. Həm bəndbərkitmə işləri, həm evlərin tikintisi, yolların çəkilişi. Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərmişdir. Həm subasmaya məruz qalmış kəndlərdə yaşayan insanlar, həm xilasedicilər, bütün dövlət qurumları çox gözəl işlədilər və çətin vəziyyətdə olan soydaşlarımıza kömək göstərildi.
İnfrastruktur layihələrinin içində suvarma və meliorasiya məsələləri xüsusi məna daşıyır. Əgər biz kənd təsərrüfatımızı bundan sonra da inkişaf etdirmək istəyiriksə və biz bunu mütləq istəyirik, bu məsələlərə daha da böyük diqqət göstərilməlidir. İndi ölkəmizdə böyük layihələr icra edilir. O layihələrin icrası nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni torpaq sahələri suvarılacaqdır. Şəmkirçay, Taxtakörpü su anbarları tikilir, digər layihələr vardır. Kanallar tikilməlidir, Samur-Abşeron su kanalı tikilir. Yəni, bütün bu layihələr böyük investisiyalar tələb edir. Ora yüz milyonlarla manat investisiya qoyulur ki, kənd təsərrüfatının inkişafına təkan verilsin.
Yeni torpaq sahələrinin dövriyyəyə buraxılması nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı artacaqdır. Ancaq bununla bərabər, biz dəfələrlə bu barədə danışmışıq, kənd təsərrüfatının inkişafı intensiv xarakter daşımalıdır. Burada ən müasir texnologiyalar tətbiq olunmalıdır. Biz aqrar elmi bu işlərə cəlb etməliyik. Bu yaxınlarda Elmlər Akademiyasında keçirilən illik yığıncağında da bu barədə fikir mübadiləsi aparıldı. Ondan sonra mənim sərəncamımla xüsusi komissiya yarandı. Baş nazirin rəhbərliyi ilə komissiya yarandı və ümid edirəm ki, komissiya yaxın zamanlarda konkret təkliflər verəcəkdir. Aqrar elmin lazımi səviyyəyə qaldırılmasına böyük ehtiyac vardır.
İndi bizdə bir neçə aqraryönümlü institut fəaliyyət göstərir. O institutların fəaliyyəti daha da təsirli olmalıdır. Onların buraxdığı məhsul daha da keyfiyyətli olmalıdır və institutların işini təkmilləşdirmək üçün konkret təkliflər verilməlidir. Bu təkliflər nədən ibarət olacaq, onu siz müəyyən edəcəksiniz - təklif verəcəksiniz, baxacağıq. Biz doğrudan da aqrar elminə daha da böyük diqqət göstərməliyik. Bu sahəyə kifayət qədər lazımi səviyyədə diqqət göstərilməmişdir. Ancaq indi vaxt çatıb və biz aqrar elmin inkişafı və mütərəqqi texnologiyaların Azərbaycana gətirilməsi sahəsində böyük dönüşə nail ola bilərik. Xüsusilə indi həm texnika, həm ən gözəl cins mal-qara alınır. Amma onların saxlanması, onlar üçün şəraitin yaradılması, bütün ətraf infrastruktur əgər lazımi səviyyədə olmasa, istədiyimiz nəticəni verməyəcəkdir. Ona görə bütün bu məsələlərə kompleks şəkildə baxılmalıdır. Xarici aqraryönümlü elmi tədqiqat mərkəzləri ilə əlaqələr daha da ciddi olmalıdır. Biz bu işlərə xarici mütəxəssisləri də cəlb etməliyik. Çünki biz bilməliyik dünyada nələr baş verir, hansı ölkədə, inkişaf etmiş ölkələrdə bu məsələlər necə həll olunur?! Onların təcrübəsini tətbiq etməliyik, əlbəttə ki, daxili şəraitə də uyğunlaşdırmalıyıq.
Ona görə bu məsələlər - suvarma, meliorasiya və aqrar elmin inkişafı ilə bağlı məsələlər xüsusi məna daşıyır. Suvarma və meliorasiya məsələlərini biz dövlət investisiyaları hesabına həll edəcəyik. Buna böyük ehtiyac vardır. Əlavə təkliflər verilməlidir. Biz əkin sahələrinin həcmini artırmalıyıq. Dünən İmişli şəkər zavodunda olarkən, - bildiyiniz kimi, orada yeni müəssisələr fəaliyyətə başlayır, - məsələ qaldırıldı ki, zavodun fəaliyyətinin 12 faizi daxili istehsal hesabına təşkil olunur. Bu da müsbət haldır. Çünki zavod fəaliyyətə başlamazdan əvvəl, ümumiyyətlə, bizdə çuğundur çox az əkilirdi. İndi müxtəlif bölgələrdə, rayonlarda çuğundur istehsal olunur və emala gətirilir. Ancaq biz bilirik ki, başqa ölkələrdə şəkər zavodları öz işlərini daha çox yerli xammal üzərində qurur. Hesab edirəm ki, 12 faiz azdır. Ona görə 12 faizdən çox qalxmır ki, münbit torpaq azdır. Ona görə nəinki çuğundurla, bütün başqa sahələrlə bağlı suvarma işləri aparılmalıdır. İndi biz iri taxılçılıq fermer təsərrüfatlarını yaradacağıq. O yerlər də müəyyən edilib. Nə qədər müəyyən edilib?
İsmət ABASOV: İlkin mərhələdə 100 min hektar. Amma geniş proqramda 200 min hektar nəzərdə tutulubdur.
Prezident İlham ƏLİYEV: 200 min. Bu sahələr artıq müəyyən edilib?
İsmət ABASOV: 100 min hektarı, bəli. Hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların keyfiyyəti araşdırılır ki, həmin torpaqlarda nə işlər görülməlidir və yaxud da onların bugünkü vəziyyəti necədir, gələcəkdə orada hansı kənd təsərrüfatı bitkilərini əkmək mümkündür? Ondan sonra meliorativ işlərlə də məşğul olunacaq, sonra məhsul istehsalına başlanılacaqdır.
Prezident İlham ƏLİYEV: Yaxşı, əyləş. Amma 100 min və 200 min əlavə hektarın dövriyyəyə buraxılması əlavə vəsait tələb edəcəkdir. İndi əlavə texnika, gübrələr alınmalıdır. Hər şey hesablanmalıdır. Yəni, biz hazır olmalıyıq. Biz bu məsələyə çox ciddi yanaşmalıyıq və kompleks tədbirlər görülməlidir ki, doğrudan da bu işin nəticəsi bizim maraqlarımıza uyğun olsun.
Bununla bərabər, kəndlərdə sosial infrastrukturun yaradılması işinə daha da böyük diqqət göstərilməlidir. İndi bütün rayonlarda müasir xəstəxanalar, idman qurğuları, mədəniyyət ocaqları, məktəblər tikilir. Bu proses geniş vüsət almışdır. Növbəti illərdə bu məsələyə daha da böyük diqqət göstərilməlidir. Qəzalı vəziyyətdə olan bütün məktəblər təmir olunmalıdır. Onların siyahısı vardır. Təhsil Nazirliyinə, Prezident Administrasiyasına göstəriş verilmişdir. Yerli icra orqanları da siyahılar tərtib ediblər, göndəriblər. Dövlət investisiya proqramında həm bu il, həm gələn il bu məsələlər öz əksini tapacaqdır. O cümlədən Bakıda və Bakıətrafı qəsəbələrdə də qəzalı vəziyyətdə məktəblər, əfsuslar olsun ki, vardır. Məktəblərin təmiri 2013-cü ilin sonuna qədər başa çatmalıdır. Çalışmalıyıq ki, bütövlükdə məktəblərlə, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı məsələləri də regional proqramın başa çatması ilə əlaqələndirək və 2013-cü ilin sonuna qədər bu məsələ də öz həllini tapsın.
Həm bu bölgədə, həm digər bölgələrdə indi kifayət qədər taxıl anbarları tikilib. Əlavə taxıl anbarlarının tikintisinə sanki ehtiyac yoxdur. Siz bu məqsədlər üçün vəsait nəzərdə tutmursunuz daha, yoxsa yenə də ehtiyac vardır?
Şirzad ABDULLAYEV: Əgər sahibkarların təşəbbüsü olacaqsa, cənab Prezident, bu layihənin maliyyələşdirilməsi məsələsinə baxılacaqdır. Amma bu gün respublikanın əsasən taxıl anbarları kompleksləri ilə təmin olunması mümkündür. Çünki bu gün respublikada bir milyon tona qədər tutumu olan, müasir tələblərə cavab verən taxıl anbarları kompleksləri artıq fəaliyyətdədir.
Prezident İlham ƏLİYEV: Amma nəzərə alsaq ki, bizdə taxılın istehsalı artacaq, onda bəlkə də müəyyən mərhələdə yenə də tikmək lazım olacaqdır.
İsmət ABASOV: Hazırda, cənab Prezident, mövcud layihələr hesabına təxminən 267 min ton tutumu olan taxıl anbarları vardır. Bundan başqa, nəzərə alsaq ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən də bu tədbirlər həyata keçirilmişdir, mən düşünürəm ki, bu gün üçün hələlik kifayət edər. Amma gələcəkdə ehtiyac olarsa, yenidən bu məsələyə İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə baxmaq olar.
Prezident İlham ƏLİYEV: Çox yaxşı, əyləş. Biz bu məsələni qısa müddət ərzində həll etdik. Konkret tapşırıqlar verildi, vəsait ayrıldı və bu məsələni həll etdik. İndi soyuducu anbarların tikintisi də davam edir. Orada da böyük işlər görülür. Ancaq hələ ki, işlər görülməlidir. Buna ehtiyac vardır. Yəqin ki, indi siz də investisiya proqramında bunu nəzərdə tutacaqsınız.
"Aqrolizinq"lə bağlı məsələlər öz həllini tapır. Bir neçə il bundan əvvəl biz "Aqrolizinq"i yaratdıq. Dünən "Aqroservis" bazasında olarkən yeni texnika ilə tanış oldum. Bir daha gördüm ki, əgər vaxtilə "Aqrolizinq"i yaratmasaydıq, ümumiyyətlə, indi kənd təsərrüfatı necə inkişaf edəcəkdi?!
İsmət ABASOV: Cənab Prezident, rayonlarda "Aqroservis" filiallarının yaradılması Sizin təşəbbüsünüzlə oldu. Yəni o vaxt Siz dəstək verməsəydiniz bu, yaranmayacaqdı. Filiallar Sizin təklifiniz və razılığınızla yaradıldı. Yoxsa deyirdilər ki, bu texnikalar yalnız lizinqə verilsin. Amma nəzərə alsaq ki, kombayn mövsümdə bir ay yarım işləyir, fermerlərin böyük vəsait hesabına bu texnikanı almalarına lüzum yoxdur.
Prezident İlham ƏLİYEV: Əlbəttə, vaxtilə "Aqrolizinq"i yaradanda da müxtəlif fikirlər var idi. Ancaq mən hesab edirəm və həyat bunu göstərdi ki, bu, ən düzgün addım idi. İndi bəzi fikirlər var ki, "Aqroservis"lər sovet dövründən qalan mirasdır. Amma sovet dövründə də axı müsbət hallar, müsbət təşəbbüslər kifayət qədər idi. Məhz sovet dövründə Azərbaycanda 2 milyon ton üzüm, 1 milyon ton pambıq istehsal olunurdu. Bunlar Heydər Əliyevin fəaliyyətinin nəticəsi idi. O, hakimiyyətə gələndə Azərbaycanda pambıq istehsalı 150 min tonu keçmirdi.
İsmət ABASOV: 150 min ton pambıq, 264 min ton üzüm istehsal olunurdu.
Prezident İlham ƏLİYEV: Bəli, pambıq istehsalı bir milyon tona, üzüm isə 2 milyon tona çatdı.
İsmət ABASOV: Təkcə Cəlilabad rayonu 260 min tondan yuxarı üzüm istehsal edirdi ki, bu da Ermənistanın bütün üzümündən daha çox idi.
Prezident İlham ƏLİYEV: Bəli, ona görə biz müsbət təcrübəni tətbiq etməliyik. Xüsusilə nəzərə alsaq ki, üzümçülüklə bağlı verdiyim tapşırıqlar indi icra olunur və olunmalıdır, biz geniş proqram qəbul etməliyik. Bilirəm ki, bu məsələ ilə bağlı da fikir ayrılığı vardır. Bəzi fikirlər var ki, biz o əkin sahələrini daha çox ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün, taxılçılıq üçün saxlayaq. Əlbəttə ki, ərzaq təhlükəsizliyi məsələləri çox vacibdir və biz bu məsələlərə böyük diqqət göstəririk. Amma biz hamımız yaxşı bilirik ki, üzümçülüyün inkişafı hesabına 1970-ci illərdə on minlərlə kəndli pul qazandı, ev tikdi, maşın aldı. Yəni, öz güzəranını yaxşılaşdırdı. Ona görə üzümçülüyün inkişafına diqqət verilir və verilməlidir. Bir neçə gün bundan əvvəl Azər arayış yazıb mənə göndərdi. Mən onu göndərdim İqtisadi İnkişaf Nazirliyinə. Birgə baxın - Kənd Təsərrüfatı Nazirliyi, Administrasiya, İqtisadi İnkişaf Nazirliyi. Hesab edirəm ki, geniş proqramın qəbul olunmasına da ehtiyac vardır.
İsmət ABASOV: Üzümçülüyün inkişaf etdirilməsi əlbəttə, Sizin dediyiniz kimi, həyata keçiriləcəkdir. Söylədiyiniz kimi, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, məhsuldarlığın artırılmasına daha çox diqqət yetirilməlidir. Biz mütəxəssislər düşünürük ki, suvarılan sahələri olan fermerlər yaxşı olardı ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olsunlar.
Prezident İlham ƏLİYEV: Yəni, taxılçılıqla.
İsmət ABASOV: Bəli, taxılçılıqla. Amma dəmyə şəraitində olan sahələrdə üzümçülüyü inkişaf etdirmək daha məqsədəuyğundur. Biz hesablamalar aparmışıq ki, Azərbaycanda təxminən 50 min hektar üzüm bağı olsa və hektardan 100 sentner məhsul götürülərsə, bu, 500 min ton deməkdir. Nəzərə alsaq ki, həmin məhsul öz bazarını tapıb satılmalıdır, ilkin mərhələdə 500 min ton Azərbaycan üçün kifayət edər.
Prezident İlham ƏLİYEV: Bəli. Amma əlbəttə ki, bu məsələlər kompleks şəkildə öz həllini tapmalıdır. Biz istehsalı artıra bilərik, ondan sonra emal müəssisələri və satış məsələləri gəlir. Satışla bağlı inanmıram ki, hər hansı bir problem ortaya çıxsın. Çünki əvvəlki dövrdə ənənəvi bazarlarımız olubdur və o bazarlara çıxmaq üçün hesab edirəm ki, bizdə imkanlar vardır.
Yenə də deyirəm, biz bu məsələyə kompleks şəkildə baxmalıyıq - istehsaldan satışa qədər. Biz gərək bu zənciri müəyyən edək və siz də bunun üzərində işləyin. Orada nə qədər dövlət vəsaiti olmalıdır. Dövlət vəsaitini illər üzrə bölün. Biz bilməliyik, texnika almaq, fermerləri stimullaşdırmaq üçün nə qədər vəsait lazımdır. Çünki bu sahə bir az unudulub.
İsmət ABASOV: Ötən il 130 min ton üzüm istehsal olunmuşdur. Amma, cənab Prezident, nəzərə almaq lazımdır ki, ölkədə təkcə sənaye üçün üzümün istehsalı deyil, eyni zamanda, süfrə üzümünə çox böyük ehtiyac vardır. Süfrə üzümünün qeyri-mövsümdə satılması üçün soyuducu kameralar tikilir. Bundan başqa, süfrə üzümünün emal edilərək kişmiş və digər formada satılması da iqtisadiyyatımıza çox böyük müsbət təsir göstərər.
Prezident İlham ƏLİYEV: Mütləq buna da fikir verilməlidir. İndi bəzi hallarda süfrə üzümü Azərbaycana idxal edilir.
Bizim üstünlüyümüz ondadır ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının hamısı təbiidir. Orqanik deyirlər bunlara. Yaxşı bilirsiniz ki, xaricdə orqanik, yəni təbii məhsullar daha da baha qiymətə satılır. Biz bu təbiiliyi saxlamalıyıq. Ona görə bu məsələyə çox ciddi diqqət verilməlidir. Bu, həm iqtisadi inkişaf, həm də insanların, fermerlərin sosial məsələlərinin həlli baxımından çox vacibdir. Biz bu ənənəni bərpa etməliyik. Vaxtilə bizim üzüm bağlarımızı sovet hökuməti məhv edib. Azərbaycana, azərbaycanlılara qarşı qərəzli münasibət bunda da özünü göstəribdir. O vaxt digər respublikalarda da üzüm istehsal olunurdu - Ukraynada, Moldovada, Ermənistanda, Gürcüstanda. Orada, nədənsə, üzüm bağları məhv edilməmişdir. Amma mərkəzi hökumət və onların buradakı xidmətçiləri canfəşanlıqla bütün üzüm bağlarını məhv etdilər, insanları çörəksiz qoydular. Biz bu sahəni bərpa etməliyik.
Beləliklə, kənd təsərrüfatının inkişafı ilə bağlı bütün məsələlərə, bir daha demək istəyirəm ki, kompleks şəkildə baxılmalıdır, onlar həllini tapmalıdır. Biz bu məsələlərlə bağlı vaxtaşırı görüşürük. Sahibkarlarla görüşlərimdə də əsas diqqət kənd təsərrüfatının inkişafına yönəldilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə əsas vəsait kənd təsərrüfatının emal sənayesinin inkişafına gedir. Yəni, bu sahə daim diqqət mərkəzindədir və bütün dövlət qurumları - Prezident Administrasiyası, Kənd Təsərrüfatı, İqtisadi İnkişaf nazirlikləri, Fond, yerli icra orqanları öz işini əlaqəli şəkildə qurmalıdırlar ki, ölkəmizin bu istiqamətdəki siyasəti daha da təsirli və məqsədyönlü olsun.
Bütövlükdə Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı sahəsində böyük uğurlar, böyük nəticələr vardır və bu gözəl süd kombinatı da bunun bariz nümunəsidir. Nəinki qonşuluqda, hətta Şərqi Avropada da buna bənzər gözəl kompleks yoxdur. Mən istəyirəm ki, belə gözəl komplekslərin sayı çox olsun.
Sizə uğurlar və yeni nailiyyətlər arzulayıram.
Sağ olun.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.