Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
{nl}
Mayın 6-da Ağcabədidə Prezident İlham Əliyevin sədrliyi ilə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Dövlətimizin başçısı müşavirədə giriş nitqi söyləmişdir.
- Bu gün Ağcabədi rayonunda yeni süd kombinatının açılışında iştirak edirik. Çox gözəl, böyük süd kompleksidir. Azərbaycanda son illər ərzində qeyri-neft sektorunda yaradılmış müəssisələrin sırasında bu kompleksin öz yeri vardır.
Mən çox şadam ki, Azərbaycanda özəl sektor inkişaf edir. Yerli sahibkarlar Azərbaycan iqtisadiyyatına sərmayə qoyurlar. O sahələrə ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. O sahələrə ki, hələ biz idxaldan asılıyıq. Ona görə, belə böyük və müasir komplekslərin yaradılması çox vacib məsələdir. Bu kompleks bölgədə, nəinki Cənubi Qafqazda, qonşu ölkələrdə tikilmiş komplekslərin arasında həm müasirliyi, həm də istehsal gücü ilə fərqlənir. Mən çox şadam ki, Azərbaycanda məhz müasir sənaye müəssisələri yaradılır. Bu müəssisələr bundan sonra uzun illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcəkdir.
Bütövlükdə Ağcabədi rayonunda sənaye və sosial infrastrukturun yaradılması işində müsbət meyillər vardır. Burada həm sosial obyektlər tikilir, - bu gün kənd yolunun açılışında iştirak etmişəm, - həm də kənd təsərrüfatının inkişafı ilə bağlı vacib məsələlər öz həllini tapır. Bu gün yeni, müasir xəstəxana binasının təməl daşının qoyulmasında iştirak etmişəm. Bir sözlə, burada sosial-iqtisadi inkişaf templəri lazımi səviyyədədir. Dünən Sabirabad, Saatlı, İmişli rayonlarında vəziyyətlə tanış olmuşam. Hər bir bölgədə inkişaf vardır.
Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi işində müsbət nailiyyətlərə çatmışıq. Elə etməliyik ki, gələcək illərdə bu müsbət meyillər daha da güclənsin və ölkəmizdə müasir sənaye komplekslərinin sayı artsın.
Qeyri-neft sektorunun inkişafı üçün konkret proqramlar icra edilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi başlanmışdır. İkinci Dövlət Proqramı 2013-cü ilə qədər başa çatmalıdır. Proqramın icrası nəticəsində ölkə qarşısında duran əsas sosial və iqtisadi məsələlər öz həllini tapacaqdır.
Son illərdə bir milyona qədər yeni iş yerləri açılmışdır. Ancaq hələ ki, işsizlik vardır. Belə gözəl komplekslərin yaradılması işsizliyin aradan qaldırılması üçün çox mühüm əhəmiyyətə malikdir. Bununla bərabər, yerli istehsalın artırılması, idxaldan asılılığımızın azaldılması, yoxsulluğun aşağı salınması məsələləri də öz həllini tapmaqdadır.
Biz növbəti illərdə kənd təsərrüfatının emal sahəsinin inkişafı ilə bağlı əlavə addımlar atacağıq. Kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar vardır. Birinci növbədə dövlət siyasəti düzgün istiqamətdə aparılır, sahibkarlığın inkişafına dəstək verilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə hər il böyük məbləğdə vəsait nəzərdə tutulur. Bu il sahibkarlara 125 milyon manat vəsait veriləcəkdir. Bu kompleksin yaradılmasında müəyyən dərəcədə dövlət imkanlarından istifadə olundu. Ancaq qeyd etməliyəm ki, investisiyaların mütləq əksəriyyəti sahibkarlar tərəfindən qoyulmuşdur. Bu da çox müsbət haldır. Bu, onu göstərir ki, sahibkarların Azərbaycanın iqtisadi inkişafına böyük inamı vardır.
Həm yerli sahibkarlar, həm xarici investorlar Azərbaycana maraq göstərirlər. Bu onun nəticəsidir ki, ölkəmizdə çox düzgün investisiya siyasəti aparılır. Son illərdə ancaq kənd təsərrüfatı sahəsinə yüz milyon dollarla ölçülən investisiyalar qoyulmuşdur. Azərbaycanda bütövlükdə investisiyaların həcmi yüz milyard dollara yaxındır. Bu investisiyaların demək olar ki, əlli faizdən bir az çoxu daxili investisiyalardır.
Bir sözlə, investisiya layihələri Azərbaycanda icra edilir. Dövlət İnvestisiya Şirkəti bu istiqamətdə çox vacib funksiyalar icra edir. Dövlət İnvestisiya Şirkəti daha çox böyük infrastruktur və sənaye müəssisələrinin yaradılmasına maliyyə dəstəyi göstərir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə daha çox kənd təsərrüfatı, emal müəssisələri və regional əhəmiyyət daşıyan müəssisələrin yaradılmasına xidmət göstərilir.
Azərbaycanda ümumi iqtisadi inkişaf çox müsbətdir. Hətta böhranlı illərdə iqtisadiyyatımız artmışdır. Bu ilin investisiya proqramında çox vacib məsələlər həllini tapacaqdır. İnfrastruktur layihələri icra edilir. İndi ölkəmizdə genişmiqyaslı qazlaşdırma prosesi gedir. Kənd yollarının tikintisi uğurla gedir. Növbəti illərdə içməli su, kanalizasiya, suvarma, meliorasiya məsələlərinə daha çox diqqət göstərilməlidir. Bu yaxınlarda Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində 2013-cü ilə qədər Bakıətrafı qəsəbələrdə bütün sosial və iqtisadi məsələlər öz həllini tapacaqdır.
Qeyd etdiyim kimi, regional inkişaf proqramı uğurla icra olunur. 2004-cü ildən bu proqram icra edilir və proqramın ikinci mərhələsi 2013-cü ildə başa çatacaqdır. Ondan sonra biz baxacağıq ki, əlavə hansı tədbirlər görülməlidir. Məqsəd qoyulmuşdur ki, 2004-2013-cü illərdə, yəni on il ərzində ölkə qarşısında duran əsas infrastruktur, sosial və iqtisadi məsələlər öz həllini tapsın. Biz bu məqsədə yaxınlaşırıq. Ötən səkkiz ilin təcrübəsi onu göstərir ki, istənilən istiqamətdə çox gözəl nəticələr vardır. İş yerləri açılır, yoxsulluq azalır, sənaye müəssisələri yaradılır, infrastruktur layihələri icra edilir. Biz elektroenergetika sahəsinə çox böyük investisiyalar cəlb etmişik və bu gün nəinki özümüzü təmin edirik, hətta ixrac potensialımız yaranıbdır.
Çalışmalıyıq ki, emal müəssisələrinin fəaliyyəti də ixracyönümlü olsun. Düzdür, birinci mərhələdə biz daxili tələbatı daxili istehsal hesabına tam şəkildə təmin etməliyik. Bu, çox vacib məsələdir. Əgər biz buna nail olsaq, bir neçə vacib məsələni həll etmiş olacağıq, o cümlədən işsizliklə bağlı məsələlər də daha tezliklə həllini tapacaqdır. Ancaq biz ondan sonrakı mərhələdə kənd təsərrüfatı məhsullarının və emal məhsullarının ixracı ilə bağlı yeni bazarlara çıxmalıyıq. Bunun üçün əlbəttə ki, istehsal edilən məhsullar yüksək keyfiyyətə malik olmalıdır. Biz nəinki qonşu bazarlara ixrac imkanlarımızı, potensialımızı artırmalıyıq, Avropa bazarlarına da çıxmalıyıq. Avropa bazarlarına çıxmaq üçün, əlbəttə ki, yüksək keyfiyyətli məhsullar istehsal olunmalıdır. Belə müasir səviyyədə qurulmuş bu süd kombinatından əminəm ki, istənilən ölkəyə məhsul ixrac etmək mümkün olacaqdır.
Sahibkarlara bundan sonra da dövlət dəstəyi göstəriləcəkdir. Bu, həm siyasi, həm iqtisadi dəstəkdir, həm də maliyyə dəstəyidir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələn illərdə də lazımi səviyyədə vəsait nəzərdə tutulacaqdır. Azərbaycanda maliyyə problemləri artıq həllini tapır. Yalnız keçən il 15 milyard dollar səviyyəsində investisiya qoyulmuşdur. Bu il büdcəmizə düzəlişlər edilməlidir, dürüstləşmə aparılmalıdır. Bu dürüstləşmə həm infrastruktur layihələrini əhatə etməlidir, eyni zamanda, insanların sosial məsələlərinin həlli üçün orada vəsait nəzərdə tutulacaqdır. Maaşların, pensiyaların qaldırılması məsələləri öz həllini tapacaqdır.
Bir sözlə, dövlət ölkəmizin inkişafı üçün bütün tədbirləri görür. Sahibkarlar da ölkəmizin iqtisadiyyatına sərmayə qoymaqla həm öz imkanlarını genişləndirirlər, eyni zamanda, ölkəmizin inkişafına xidmət etmiş olurlar. Mən çox şadam ki, Azərbaycanda sahibkarların əksəriyyəti məsuliyyətli insanlardır. Onlar, eyni zamanda, sosial məsələlərin həlli ilə də məşğuldurlar. Mən bilirəm ki, sahibkarlar xeyriyyəçiliklə də məşğuldurlar. Kimin imkanı var, əlbəttə ki, bu məsələyə daha da böyük diqqət göstərməlidir. Sahibkarlar isə, eyni zamanda, rəqabət qabiliyyətli məhsulların istehsalına daha da çox üstünlük verməlidirlər.
Mən keyfiyyətli məhsullar istehsal olunmalıdır ki, Avropa bazalarına çıxsın deyəndə, onu da qeyd etməliyəm ki, daxili bazara da ancaq və ancaq keyfiyyətli məhsullar lazımdır. İndi dövlət qurumları bu məsələ ilə bağlı çox fəal iş aparırlar. Bazarda keyfiyyətsiz məhsulların yığışdırılması prosesi gedir, monitorinq aparılır. Bu məsələyə çox böyük diqqət göstərilməlidir. Keyfiyyətsiz məhsullara qarşı ciddi mübarizə aparılmalıdır. Bu, həm idxal mallarına və həm də Azərbaycanda istehsal olunan mallara aiddir. Keyfiyyət birinci dərəcəli məsələdir.
Mən hesab edirəm ki, bu siyasətimizin nəticəsində gələcək illərdə ölkəmizdə çox güclü sənaye, yəni, emal sənayesi potensialı yaradılacaqdır. Artıq müxtəlif bölgələrdə yeni gözəl emal kompleksləri tikilir, o cümlədən süd kombinatları tikilməkdədir və bu proses davam etdiriləcəkdir.
Bununla bərabər, rəqabət artdıqca əlbəttə ki, rəqabətlə bağlı olan məsələlər daha da qabarıq şəkildə özünü büruzə verəcəkdir. Biz elə etməliyik ki, ölkəmizdə sağlam rəqabəti təmin edək. Bu, həm sahibkarlardan, eyni zamanda, bəlkə də daha da çox dövlət qurumlarından asılıdır. Çünki bəzi hallarda qeyri-sağlam rəqabət, inhisarçılıq işimizə çox böyük mane törədir. İnhisarçılıq həm idxalda, həm də ki, yerli istehsalda özünü göstərir. Biz Novruz bayramı ərəfəsində bu vəziyyətlə üzləşmişdik, Azərbaycanda istehsal olunan ərzaq məhsullarının qiymətləri süni şəkildə qaldırılırdı. Ona görə, çox ciddi tapşırıqlar verildi və nəzarət təşkil edildi ki, həm Azərbaycanda istehsal olunan məhsulların qiymətləri şişməsin, eyni zamanda, məhsulların idxalında tam şəffaflıq təmin edilsin. Sağlam rəqabət biznes mühitinin yaxşılaşdırılması üçün ən vacib amillərdən biridir.
Bununla bərabər, Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi də öz müsbət nəticələrini verməkdədir. Bu, həm sosial sahədə özünü göstərir, dövlət qurumlarının fəaliyyəti daha da şəffaf olur, ictimai nəzarət güclənir, eyni zamanda, biznes sektorunda da rüşvətxorluğa, əsassız tələblərə son qoyulmalıdır. Mən bu məsələ ilə bağlı bir neçə dəfə fikirlərimi bildirmişəm, müvafiq tapşırıqlar da verildi. Sahibkarlar da öz tərəfindən əsassız tələblərə qarşı mübarizə aparmalıdırlar, müqavimət göstərməlidirlər, hər bir xoşagəlməz hallarla üzləşəndə mütləq müvafiq dövlət qurumlarına məlumat verməlidirlər.
Biz, ümumiyyətlə, bütün maliyyə sistemimizdə şəffaflığı təmin etməliyik, bunu edirik və bu sahədə böyük uğurlara nail ola bilmişik. Mən Azərbaycan Dövlət Neft Fondunu misal gətirə bilərəm. Dünya miqyasında fəaliyyət göstərən bütün oxşar fondların arasında ən şəffaf və ən gözəl idarə olunan neft fondu Azərbaycan Dövlət Neft Fondudur. Təsadüfi deyildir ki, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən Neft Fondunun fəaliyyəti yüksək qiymətləndirilir. Bu Dövlət Neft Fondunu biz yaratmışıq və biz idarə edirik. Bu, onu göstərir ki, siyasi iradə, düzgün menecment və peşəkarlıq olan yerdə biz ən yüksək dünya standartlarına nail ola bilərik və belə olan halda bütün başqa sahələrdə də şəffaflıq, dürüstlük olmalıdır. Biznesə gəldikdə, bir də demək istəyirəm ki, sağlam rəqabət aparılmalıdır.
Bugünkü iclasda bölgənin rayonlarının icra hakimiyyəti başçıları da iştirak edirlər. Mən dəfələrlə onlara da öz sözümü demişəm. Onlar sahibkarlığa kömək göstərməlidirlər, maneçilik törətməməlidirlər. Dövlət tərəfindən sahibkarlara diqqət hər bir bölgədə, hər bir rayonda, hər bir kənddə göstərilməlidir. Deyə bilərəm ki, bu sahədə son illərdə çox müsbət dəyişikliklər vardır. Yerli icra orqanlarının əksəriyyəti dövlət siyasətini düzgün başa düşür və düzgün icra edir. Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, bütün bölgələri gəzirəm. İnsanlarla görüşürəm, soruşuram, məlumat mənbələrim vardır. Harada nəyin baş verməsindən də kifayət qədər xəbərim vardır. Ona görə, deyə bilərəm ki, əksər hallarda yerli icra orqanları bu işlərdə özlərini yaxşı göstərirlər. Harada ki, nöqsanlar, qüsurlar var, bu məsələyə də biz lazımi diqqət göstəririk, lazımi ölçülər götürülüb və götürüləcəkdir.
{nl}
Kənd təsərrüfatı naziri İsmət ABASOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatların möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilməsi ölkənin aqrar sahəsinin inkişafında həlledici rol oynayır. Bu gün çoxminli sahibkarlar fəxr edirlər ki, bu inkişaf missiyası cənab Prezident, məhz Sizin rəhbərliyiniz altında uğurla davam etdirilir.
Son illər həyata keçirilmiş məqsədyönlü tədbirlər kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının dinamik inkişafına təkan vermiş, dövlətimizin başçısının gündəlik diqqət və qayğısının nəticəsi olaraq kənd təsərrüfatında ümumi məhsul istehsalı 2010-cu ildə 2004-cü ilə nisbətən 2,6 dəfə, o cümlədən bitkiçilikdə 2,3 dəfə, heyvandarlıqda 3,1 dəfə artmışdır. 2004-2010-cu illərdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanmış çoxsaylı fərman və sərəncamların icrası kənd təsərrüfatının və emal sənayesinin dinamik inkişafını təmin etmişdir. Bu baxımdan cənab Prezidentin imzaladağı müxtəlif sərəncamlarla, məsələn 2004-cü ilin oktyabrında yaradılmış "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən aqrosənaye kompleksinin bütün sahələrində istifadə edilən maşın, mexanizm və müxtəlif təyinatlı aqreqatların gətirilməsi, satılması, lizinqə verilməsi, torpaq mülkiyyətçilərinə çoxnövlü mexanikləşdirilmiş kənd təsərrüfatı işlərinin görülməsi, onlara məxsus texnikalara texniki, təmir və nizamlama xidmətlərinin göstərilməsi, texnikadan səmərəli istifadənin öyrədilməsi ölkəmizdə maşın-traktor parkından istifadəni xeyli yaxşılaşdırmışdır.
Cəmiyyət tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 2005-2010-cu və 2011-ci ilin dörd ayı ərzində 11 min 398 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 990 taxılyığan kombayn, 3 min 124 traktor, 160 ekskavator, 7 min 124 müxtəlif kənd təsərrüfatı maşını, 76 texnoloji avadanlıq, o cümlədən soyuducu kamera, süd və yem istehsalı zavodları, istixanalar və digər təsərrüfatlar üçün avadanlıq, 297 min ton mineral gübrə, 301 ton pestisid alınmış, təsdiq edilmiş qaydalara müvafiq olaraq satılmış və ya lizinqə verilmişdir. Hazırda respublikanın əksər rayonlarında "Aqrolizinq" ASC-nin "Aqroservis" filialları fəaliyyət göstərir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarını stimullaşdırmaq məqsədi ilə dövlət büdcəsindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar verilməkdədir. Belə ki, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkinlərin becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə 40 manat, habelə hər hektar buğda və çəltik səpininə görə əlavə olaraq 40 manat məbləğində yardımın verilməsi davam etdirilir. Ümumilikdə 2007-2010-cu illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına bu məqsədlə 307,5 milyon manat məbləğində subsidiya verilmişdir. Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli qərarına əsasən toxumçuluq və tinglik təsərrüfatlarına satılan birinci və ikinci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsinin vəsaiti hesabına təsərrüfatlara ümumilikdə 15 milyon manatdan çox subsidiya verilmişdir. Bununla yanaşı, 2007-ci ildən indiyədək "Aqrolizinq" ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal olunan mineral gübrələrin dəyərinin orta hesabla 50 və 70 faizinin güzəştlə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan 246,6 min ton gübrə üçün həmin təşkilatlara 40 milyon manatdan çox vəsait ödənilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına və əvvəlki illərdə verilmiş kreditlərin təkrar istifadəsindən kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı ilə məşğul olan fermerlərə və sahibkarlara 41 milyon manat güzəştli kreditlər verilmişdir.
Möhtərəm cənab Prezident!
Tapşırığınıza əsasən, aqrar sahənin davamlı inkişafını təmin etmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən dövr ərzində aqrar sahənin inkişafı ilə bağlı yeni infrastruktur sahələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 3794 investisiya layihəsinin maliyyələşdirilməsinə 197,7 milyon manat güzəştli kreditlər verilmişdir. Dünya ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycana gətirilməsi, ölkədə ən müasir texnologiyanın tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması üçün fondun güzəştli kreditləri hesabına ötən dövr ərzində aqrar sahədə müasir texnologiyaların tətbiqinə əsaslanan 104 layihənin maliyyələşdirilməsinə 155, 7 milyon manat vəsait verilmişdir. O cümlədən ümumi tutumu 100,5 min ton olan 28 soyuducu anbar kompleksinin yaradılmasına 52,8 milyon manat, ümumi tutumu 267 min ton olan 17 taxıl anbarı kompleksinin yaradılmasına 21,4 milyon manat, 5150 başlıq, illik istehsal gücü 39,2 min ton süd olan 5 südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq kompleksinin yaradılmasına 10,8 milyon manat, illik istehsal gücü 66 min ton olan 7 süd emalı müəssisəsinin yaradılmasına 7,9 milyon manat, illik istehsal gücü 26,2 min ton ət kəsimi və 10 min ton ət emalı olan 4 emal müəssisəsinin yaradılmasına 3 milyon manat vəsait verilmişdir.
Cənab Prezident!
2009-cu ildə taxıl istehsalı respublikada ilk dəfə olaraq 3 milyon tona çatmış və ya 2004-cü illə müqayisədə 1,4 dəfə artmışdır. Lakin təbii fəlakət nəticəsində 2010-cu ildə taxıl istehsalı nisbətən azalsa da, əksər kənd təsərrüfatı məhsulları istehsalında əsaslı dönüş yaranmış, 2004-cü ilə nisbətən 2010-cu ildə şəkər çuğunduru istehsalı 4,5 dəfə, tərəvəz istehsalı 10,5 faiz, bostan məhsulları istehsalı 22 faiz, meyvə istehsalı 1,7 dəfə, üzüm istehsalı 2,4 dəfə artmışdır. Hər hektardan məhsuldarlıq şəkər çuğunduru üzrə 120,2 sentner, tərəvəz üzrə 6,9 sentner, bostan məhsulları üzrə 20,4 sentner, meyvə üzrə 19,2 sentner, üzüm istehsalı üzrə isə 35,8 sentner artmışdır. Kənd təsərrüfatının vacib sahəsi olan heyvandarlıq da öz dinamik inkişafını davam etdirir. Belə ki, 2010-cu ildə kəsilmiş çəkidə 253,8 min ton ət, 1 milyon 529 min ton süd, 1 milyard 178 milyon ədəd yumurta istehsal edilmişdir. Ət istehsalı 2004-cü illə müqayisədə 76,6 faiz, süd 26 faiz, yumurta istehsalı 42,1 faiz artmışdır.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində strateji proqram həyata keçirilir. Az məhsuldar heyvanların yüksək məhsuldar heyvanlarla əvəz edilməsi işi müvəffəqiyyətlə davam etdirilir. Əhalinin heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsi ildən-ilə yaxşılaşır. Son iki ildə dövlət başçısının tapşırığına əsasən respublikaya "Aqrolizinq" ASC tərəfindən 1672 baş damazlıq düyə gətirilmiş və lizinq qaydasına uyğun olaraq güzəştli şərtlərlə heyvandarlıq məhsulları istehsalçılarına satılmışdır. Hazırda gətirilmiş damazlıq heyvanların baş sayı 2900-ə çatmışdır. 2011-ci ildə ölkəyə əlavə olaraq 1600 baş damazlıq düyə gətiriləcək və bu damazlıq heyvanların 500 başının "Atropatena" QSC-yə verilməsi nəzərdə tutulmuşdur. Bu heyvanların hər biri yaxşı yemləmə şəraitində ildə orta hesabla 4500 litr süd verir. Heyvandarlıq məhsullarının artırılmasının təmin edilməsi məqsədi ilə respublikada ilk dəfə olaraq Süni Mayalanma Mərkəzi yaradılmışdır. Mərkəzə Rusiyadan, Almaniyadan və Avstriyadan yüksək keyfiyyətli törədici heyvanlar gətirilmişdir. Süni mayalanma tədbirlərini həyata keçirmək üçün süni mayalanma texnikləri hazırlanmış, ötən il 60 min baş heyvan süni mayalanmış və 37600 baş yüksək keyfiyyət göstəricilərinə malik buzov alınmışdır. Heyvandarlığın intensiv inkişaf etdirilməsi, damazlıq təsərrüfatlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi, baytarlıq xidmətlərinin beynəlxalq tələblərə uyğunlaşdırılması və genişləndirilməsi üçün laboratoriyaların müasir tələblərə uyğun təchiz olunması işləri davam etdirilir. Ölkədə fitosanitar xidmətinin yaxşılaşdırılması, bitkilərin karantin nəzarətinin səmərəliliyinin artırılması diqqət mərkəzində saxlanılır. Aqrar sahənin elmi təminatının yaxşılaşdırılması və kadr potensialının gücləndirilməsi, elmi araşdırmaların təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirilir.
Möhtərəm cənab Prezident!
İcazə verin, Sizi əmin edim ki, çoxminli kənd təsərrüfatı işçiləri aqrar sahəyə göstərdiyiniz qayğıya yüksək əmək töhfələri ilə cavab verəcək, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər. Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin MƏMMƏDOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
İcazə verin bütün ağcabədililər adından Sizə ən səmimi salamlarımızı çatdırım və "Xoş gəlmisiniz" deyim.
Yüksək məsuliyyət hissi ilə bu gün Sizə hesabat verərək bildirmək istəyirəm ki, təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Ağcabədi rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlər uğurla yerinə yetirilir və rayona səfəriniz zamanı verdiyiniz tapşırıqlar, göstərdiyiniz qayğı və diqqət, birbaşa köməyiniz nəticəsində öz müsbət həllini tapır.
Sizin tapşırığınıza əsasən apardığımız təhlillər göstərmişdir ki, ta qədimdən heyvandarlıqla məşğul olan Ağcabədi rayonunun bu gün də iqtisadiyyatında heyvandarlıq əsas sahədir.
Statistikaya görə, hazırda rayonda 82 min baş iribuynuzlu mal-qara, 360 min başdan artıq qoyun-keçi vardır. İribuynuzlu mal-qaranın 37 min başı sağılan heyvanlardır. Gün ərzində 185 tondan artıq süd sağılır. Südün bir hissəsi şəxsi istehlaka gedir, az bir qismindən isə dədə-baba qaydasında ağartı məhsulları hazırlanaraq bazarlara çıxarılır.
Təhlil nəticəsində Ağcabədidə heyvandarlıq məhsullarının, ilk növbədə isə süd emalı müəssisələrinin yaradılmasına böyük zərurət və potensial imkanlar olduğu üzə çıxmışdır. Biz yerli iş adamlarına, imkanlı şəxslərə müraciət etdik. Onlara torpaq sahələrinin ayrılması, fermerlərlə əlaqələrin qurulması, kəndlərdə süd qəbulu məntəqələrinin yaradılması üçün müvafiq kömək göstərilmişdir. Yaratdığınız şəraitdən bəhrələnərək onlar Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə kreditlər əldə etmiş və rayonda yaratdığınız elektrik enerjisi, təbii qaz, su, yol infrastrukturundan faydalana bilmişlər.
Bu sahədə digər potensialların müəyyənləşdirilməsi və onların üzə çıxarılması istiqamətində sahibkarlarla qarşılıqlı işbirliyi bu gün də davam etdirilir.
Möhtərəm cənab Prezident!
Sizə məlumat verirəm ki, bilavasitə rəhbərliyiniz və tapşırığınız əsasında respublikamızda sahibkarlara yaradılmış münbit və işgüzar şəraitin, əməli köməyin nəticəsində artıq rayonda sutkalıq istehsal gücü 250 ton olan süd məhsulları kombinatının, sutkalıq istehsal gücü 20 ton olan süd emalı zavodunun, taxıl məhsullarının saxlanması üçün 5 min tonluq anbar kompleksinin tikintisi başa çatdırılmış, 1000 tonluq soyuducu anbarın və Hindarx qəsəbəsində "Aqrolizinq"in Ağcabədi filialının inşası yekunlaşmaq üzrədir. Bu müəssisələrin işə düşməsi əlavə 400 yeni iş yerinin açılması ilə bərabər, rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının daha sürətlə inkişafına, Ağcabədi etiketləri ilə bəzədilmiş məhsulların xarici ölkələrdə satılmasına da imkan verəcəkdir.
Rayonun kanalüstü ərazilərindəki əkin sahələrini suvarma suyu ilə təmin edən "Xan qızı" kanalı əsaslı təmir edilmiş, 800 hektar əkin sahəsinin suvarılması üçün Yuxarı Qarabağ kanalı üzərində yeni nasos stansiyası quraşdırılmışdır.
Sizin qayğınız və yaratdığınız şəraitdən ruhlanan sahibkarlar ət məhsulları istehsal edən kombinatın, ilkin mərhələdə min baş iribuynuzlu mal-qara saxlanan kompleksin tikintisinə başlamış, 5 min tonluq soyuducu anbarın inşasına isə hazırlıq görülür.
Son yeddi ildə rayonda 826 sahibkarlıq subyekti fəaliyyətə başlamış, 15 min 868 yeni iş yeri açılmışdır ki, onlardan da 7 min 168-i daimidir.
Bu müddətdə rayonda ümumi məhsul buraxılışının həcmi 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,3 dəfə, sənaye məhsulunun həcmi 6,9 dəfə, qoyulan investisiyaların həcmi isə 12,2 dəfə artmışdır.
Əlil və şəhid ailələri üçün Sizin töhfəniz olan 24 və 16 mənzilli yaşayış binaları istifadəyə verilmiş, 36 mənzilli daha bir binanın və sahibkar tərəfindən çoxmərtəbəli yaşayış binasının inşası davam etdirilir. Biz ağcabədililər böyük minnətdarlıq hissi ilə bildiririk ki, bütün bu iri layihələr rayonun büdcəsindən, Dövlət Proqramlarından əlavə görülən işlərdir.
Qısa müddət ərzində rayon mərkəzində 4 hektar sahəni əhatə edən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Üzeyir Hacıbəyli adına mərkəzi park, Şəhidlər Xiyabanı, 20 Yanvar abidəsi müasir üslubda tam yenidən qurulmuş, Sizin tapşırığınızla qəsəbə statusu almış Hindarxda və şəhər ərazisində yeni parklar salınmış, Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikada ilk Muğam Mərkəzi tikilərək muğamsevər qarabağlılara ərməğan olunmuşdur. 360 yerlik rayon mədəniyyət evi əsaslı təmir edilmiş, iştirakınızla bu gün yeni şahmat məktəbinin qapıları ağcabədili uşaqların üzünə açılmışdır.
Möhtərəm cənab Prezident!
Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də abadlıq və quruculuq işləri geniş vüsət almışdır, əhalinin sosial problemləri ardıcıl surətdə həll edilir.
2008-ci ildə iştirakınızla rayonumuzda təbii qazın nəqli bərpa olunmuş, artıq rayon mərkəzi və 10 kənd tamamilə qazlaşdırılmışdır. İş bu gün sürətlə davam etdirilir.
İlk səfəriniz zamanı verdiyiniz tapşırıq və ayırdığınız vəsait hesabına 14 minədək əhalisi olan 5 kəndin içməli su problemi qısa müddətdə həll olunmuşdur. Ötən ilin oktyabrında verdiyiniz başqa bir sərəncamla həmin kəndləri rayon mərkəzi ilə birləşdirən 24,5 kilometr uzunluğunda Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun ən yüksək səviyyədə yenidən qurulması başa çatdırılmış və bu gün iştirakınızla əhalinin istifadəsinə verilmişdir.
Ağcabədidə yeni xəstəxana binasının tikilməsi üçün sərəncam vermişdiniz. Artıq bu gün regionda tayı-bərabəri olmayan 205 çarpayılıq nəhəng xəstəxana kompleksinin təməlini qoydunuz.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xalqımızın tarixinə, mədəniyyətinə, musiqisinə, xüsusilə hər bir qarabağlı üçün əziz olan muğam sənətinə göstərdiyi qayğı, onu dünya miqyasında tanıtması xalqımızın ürəyincədir.
Sizin və çox hörmətli Mehriban xanım Əliyevanın köməyi ilə 2003-cü ildən bəri Ağcabədidə olan bütün ümumtəhsil məktəblərinin 58 faizi yenidən tikilmiş və ya əsaslı təmir olunmuşdur. Nəticədə uyğunlaşdırılmış binalarda təhsil alan şagirdlərin sayı və II-III növbədə oxuyanların xüsusi çəkisi iki dəfə azalmışdır. Təhsilə, böyüməkdə olan nəslə göstərdiyiniz yüksək qayğının bəhrəsi artıq özünü göstərməkdədir. Son beş ildə ali məktəblərə daxil olan ağcabədili məzunların sayı 2,7 dəfə artmışdır.
Minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, apardığınız uğurlu siyasətin nəticəsi olaraq ötən yeddi ildə rayon üzrə 110 min kvadratmetr fərdi mənzil sahəsi tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki 15 illə müqayisədə 2 dəfə çoxdur. İndi ağcabədili ailəsinin hər bir üzvünə 14 kvadratmetr mənzil sahəsi düşür.
Bütün bunlar Sizin sayənizdə regionlarda yaşayan insanların yeni iş yerləri, münbit iş şəraiti, yüksək gəlir, firavan yaşayışla təmin olunmasının ən bariz göstəricisi, Azərbaycanın sabahına, övladlarının gələcəyinə inamı deməkdir.
Möhtərəm cənab Prezident!
Atəşkəsin tez-tez pozulduğu, döyüşlərin getdiyi bir şəraitdə düşmənlə üz-üzə dayanan Ağcabədi də Sizin rəhbərliyiniz altında heç bir qorxu hiss etmədən yaşayır, sürətlə inkişaf edir, abadlaşır, öz əvvəlki qürurunu qoruyub saxlayır.
Ağcabədi rayonunun bütün sakinləri adından Sizi əmin edirik ki, böyük diqqət və qayğınıza bundan sonra da əməli işimizlə cavab verəcək, qarşımızda qoyduğunuz vəzifələrin ləyaqətlə yerinə yetirilməsinə var qüvvəmizlə çalışacağıq.
Diqqətinizə görə sağ olun.
* * *
Ağcabədi süd kombinatının təsisçisi Mülhazil BALAKİŞİYEV müşavirədə çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Bu gün vaxt ayırıb Ağcabədi rayonuna gəldiyinizə və süd emalı zavodunun açılışında şəxsən iştirak etdiyinizə görə, bütün ağcabədililər üçün bu xoş gündə sevincimizə şərik olduğunuza, dəyərli məsləhət və tövsiyələrinizə görə Sizə bir daha kollektivimizin minnətdarlığını çatdırıram!
Cənab Prezident! Mübaliğəsiz deməliyəm ki, bu zavodun tikilib ərsəyə gəlməsinin əsas səbəbi məhz Sizin sahibkarlara göstərdiyiniz diqqət və qayğının, yaradılmış ən əlverişli, şəffaf şəraitin nəticəsidir. Hələ 2007-ci ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icra vəziyyətinə dair keçirdiyiniz tədbirdə bir sahibkar kimi mən də iştirak edirdim. Görüşdə Siz sahibkarlara Azərbaycana dünyanın ancaq ən müasir, ən mütərəqqi texnologiyalarını gətirməyi tövsiyə etdiniz.
Ağcabədi sahibkarları bundan ruhlanaraq və Sizə arxalanaraq paytaxtdan uzaq, cəbhə bölgəsində ucqar bir kəndə çəkinmədən dünyanın ən tanınmış şirkətlərinin istehsal etdiyi avadanlıqları, böyük investisiya tutumu olan belə bir müasir texnologiyanı gətirə bildilər. Əgər Sizin tapşırığınızla son illər Ağcabədidə zəruri infrastruktur - sabit elektrik enerjisi, təbii qaz, su, avtomobil yolları olmasaydı, belə layihələri necə reallaşdırmaq olardı? Sutkalıq istehsal gücü 250 ton olan "Atena" sud kombinatındakı müasir texnologiya nəinki qardaş Türkiyədə, hətta Şərqi Avropada belə yoxdur. Bu, imkan verəcəkdir ki, yüksək rəqabət olan süd bazarına Ağcabədi məhsullarını çıxara bilək. İlkin olaraq Türkiyəyə, Rusiyaya və digər ölkələrə məhsulların ixracı haqqında danışıqlar aparılır.
Kombinatda ilkin olaraq 40 çeşiddə süd məhsulları istehsal olunacaq, tədricən onların çeşidi 100-ə çatdırılacaqdır. İstehsal olunan məhsulların qablaşdırılması üçün tələb olunan müxtəlif ölçülü qablar da kombinatın özündə istehsal edilir. Apardığımız araşdırmalar göstərir ki, ətraf rayonlar da daxil olmaqla bu ərazidə olan fermerlər və ailələr ildə 300 min tondan artıq süd istehsal edirlər və məhsulun da çox hissəsini bazarlara çıxarmaq mümkün olmur.
Artıq Ağcabədi və qonşu rayonların kəndlərində 21 süd qəbulu məntəqəsi yaradılmış və fermer təsərrüfatlarından südün bazar qiymətləri ilə alınmasına başlanmışdır. Artıq 1200 ailə-kəndli təsərrüfatı ilə müqavilələr bağlanmış, hər gün 20 tonadək süd qəbul olunmaqdadır. Bu, fermerlərə heyvandarlığı daha da inkişaf etdirməyə, hər başdan sağılan südün həcmini artırmağa, gəlirlərin çoxalmasına şərait yaradır.
Mən rayon Sahibkarlar Şurasının sədri kimi diqqətinizə çatdırıram ki, Sizin göstərişinizlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağcabədi rayonunun sahibkarlarına ayrılmış 12 milyon manat güzəştli kreditin və sahibkarların vəsaiti hesabına tikintisi başa çatmış və ya inşası davam edən istehsal və emal müəssisələrində daha 600 yeni iş yeri açılması planlaşdırılır.
Dövlətin güzəştli kreditləri hesabına müasir süd emalı, heyvandarlıq, soyuducu anbar, taxıl anbarı komplekslərinin, ət emalı fabrikinin layihələri maliyyələşdirilmişdir. Kiçik sahibkarlara verilən 1,5 milyon manat güzəştli kredit hesabına onlar öz güzəranlarını yaxşılaşdırmışlar.
Heyvandarlığın inkişafı ilə bağlı rayon icra hakimiyyəti ilə birlikdə rayon Sahibkarlar Şurası min baş mal-qara saxlanacaq kompleksin, damazlıq təsərrüfatının və süni mayalanma mərkəzinin yaradılması, yem fabrikinin tikilməsi üçün də təkliflər hazırlayaraq İqtisadi İnkişaf Nazirliyinə və digər müvafiq orqanlara təqdim etmişlər.
Möhtərəm cənab Prezident!
Bizə göstərdiyiniz böyük diqqətə və qayğıya, hər addımınızda verdiyiniz dəstəyə görə Ağcabədi rayonunun sahibkarları adından bir daha Sizə öz minnətdarlığımızı çatdırır və Sizi əmin edirik ki, ölkənin iqtisadiyyatının modernləşdirilməsi, onun dünya iqtisadiyyatına inteqrasiyası yolunda apardığınız böyük işlərdə həmişə Sizinlə olacağıq.
* * *
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad ABDULLAYEV güzəştli kreditlərlə bağlı görülən işlər barədə məlumat verərək dedi:
- Möhtərəm cənab Prezident, bu ilin əvvəlindən Sizin tapşırığınıza uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 125 milyon manat güzəştli kreditin sahibkarlara çatdırılması nəzərdə tutulmuşdur. Artıq ötən dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 500 sahibkara 37,2 milyon manat güzəştli kreditin verilməsi təmin olunmuşdur ki, bu verilmiş kreditlər hesabına 2016 yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, möhtərəm cənab Prezident, Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, son günlərdə Bakı qəsəbələrində mütəmadi olaraq sahibkarlığın inkişafına dəstək proqramı çərçivəsində tədbirlər həyata keçirilir. Həmin tədbirlər çərçivəsində artıq 40-a yaxın sahibkara 4,5 milyon manat güzəştli kreditin verilməsi təmin olunmuşdur ki, bu kreditlər hesabına 400-ə qədər yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, ötən dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 12 minə yaxın sahibkara 700 milyon manatdan çox güzəştli kreditin verilməsi təmin olunmuşdur və gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
Prezident İlham ƏLİYEV: Kreditlərin qaytarılması necə? Vaxtında qaytarırlar?
Şirzad ABDULLAYEV: Bəli, möhtərəm cənab Prezident. Artıq bu ildən verilən kreditlərin 73 faizi, yəni 91 milyon manatı geri qaytarılan vəsaitlər hesabına təmin olunur. Güzəştli kreditlərin geri qaytarılmasında hər hansı bir problemimiz yoxdur.
Prezident İlham ƏLİYEV: Çalışın ki, qalan məbləği də bir neçə ay ərzində verəsiniz. Çünki 37 milyon manat verilib, haradasa 90 milyon manata yaxın məbləğ hələ verilməyib.
Şirzad ABDULLAYEV: Bəli, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Artıq ilin 4 ayı başa çatıbdır. Çalışın, heç olmasa, oktyabr ayına qədər bu kreditlərin hamısı verilsin. Sizdə bütün layihələr var, yoxsa hələ yoxdur?
Şirzad ABDULLAYEV: Bəli, cənab Prezident. Artıq bu gün 28 böyük layihə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə maliyyələşdirilibdir. Həmçinin 30-a yaxın layihəyə də artıq baxılıb, müsbət qərar verilib və hissə-hissə tranşlarla maliyyələşdirilməsi təmin olunur. Bu gün mövcud layihələr çərçivəsində artıq 80 milyon manat vəsaitin yerləşdirilməsi demək olar ki, təmin olunub.
Prezident İlham ƏLİYEV: 37 milyon manat verilib, 80 milyon manat müəyyən olunub, qalan hissə o qədər də böyük deyil, onu da müəyyən edərsiniz. Bir də ki, bizdə vaxtilə limitlər qoyulmuşdu, indi də vardır. Düzdür, biz vaxtaşırı limitləri qaldırırıq. Baxın, bəlkə gələn ildən o limitləri bir az da qaldıraq. Çünki misal üçün, belə böyük süd emalı kompleksi tikilib, vəsaitin böyük əksəriyyəti sahibkarlar tərəfindən verilibdir. Buraya 40 milyon manata qədər investisiya qoyulub. Fonddan isə 5 milyon manat kredit verilibdir.
Şirzad ABDULLAYEV: Cənab Prezident, ümumi layihəyə - süd emalı müəssisəsi və heyvandarlıq kompleksinə 5 milyon manat güzəştli kreditin verilməsi təmin olunubdur.
Prezident İlham ƏLİYEV: Ona görə baxmaq lazımdır, bəlkə gələn ildən biz o limiti qaldıraq və kreditlərin həcmini də artıra bilərik. İndi 125 milyon manatın neçə faizi əvvəlcədən verilmiş kreditlərin qaytarılması hesabına təşkil olunub?
Şirzad ABDULLAYEV: 73 faizi, cənab Prezident.
Prezident İlham ƏLİYEV: 73 faizi.
Şirzad ABDULLAYEV: 27 faizi dövlət büdcəsindən ayrılacaq 34 milyon manatın, 91 milyon manatı və ya 73 faizi geri qaytarılan vəsaitlər hesabına formalaşacaqdır.
Prezident İlham ƏLİYEV: Yəni ki, deməli, dövlət büdcəsinə qoyulan yükün həcmi azalır.
Şirzad ABDULLAYEV: Bəli, ilbəil azalır. Gələn il isə 120 milyon manata qədər vəsaitin geri qaytarılması gözlənilir.
Prezident İlham ƏLİYEV: 120 milyon manat?
Şirzad ABDULLAYEV: Bəli.
Prezident İlham ƏLİYEV: Onda biz gələn il də o fonda daha çox vəsait təşkil etməliyik. Bəlkə 150, 160, 170 milyon manat. Çünki görüləsi işlər çoxdur. Bu kreditlərin də verilməsi hesabına qeyd etdiyim kimi, minlərlə iş yerləri açılır. Yəni bu, həm inkişafımıza, gözəl təkan verir, həm dövlət qayğısını göstərir və həm də şirkətləri stimullaşdırır ki, daha da böyük həvəslə vəsait qoysunlar. Biz növbəti illərdə kənd təsərrüfatının inkişafına müxtəlif mənbələrdən daha da böyük məbləğdə vəsait cəlb etməliyik. Əlbəttə ki, dövlət infrastruktur layihələri də hesablanmalıdır. Çünki bu sahibkarın dediyi kimi, əgər elektrik enerjisi və təchizatı lazımi səviyyədə olmasaydı, yollar olmasaydı, heç kim bu qədər vəsait qoymazdı. Eyni zamanda, kreditlərin məbləğini artırmalıyıq və digər mənbələrdən vəsait təşkil edilməlidir ki, növbəti illərdə kənd təsərrüfatına daha da böyük investisiyalar qoyulsun.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.