Şriftin ölçüsü:
07.05.2011 09:10 | Oxunma sayı: 660
Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də İmişli rayonuna səfəri çərçivəsində "Azərsun Holdinq" şirkətinin müəssisələri ilə tanış olmuş, yem fabrikinin açılışında, kəllə qənd zavodunun təməlqoyma mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə "Green Land" yem fabrikinin açılışında iştirak etdi.
Bildirildi ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq, "Green Land" yem fabriki dövlətin güzəştli krediti və "Azərsun Holdinq"in vəsaiti hesabına inşa olunmuşdur.
Dövlətimizin başçısı fabrikdə istehsal olunan hazır yem məhsullarına baxdı. Qeyd edildi ki, təqribən bir hektar ərazisi olan fabrikdə qaramal və davar, eləcə də broyler və yumurtalıq quş yemləri istehsal olunacaqdır.
Prezident İlham Əliyev fabrikin idarəetmə mərkəzindən istehsal prosesini izlədi.
Dövlətimizin başçısına məlumat verildi ki, fabrik mərkəzləşdirilmiş kompyuter sistemi ilə idarə olunur. Bir sözlə, prosesə insan müdaxiləsi yoxdur. Hazırda fabrikdə idarə olunan sistem dövlət standartlarına uyğundur.
Fabriklə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 80 nəfərin işlə təmin olunduğu müəssisənin illik istehsal gücü 150 min tondur. Burada altı xam maddə, bir hazır məhsul anbarı da vardır.
Dövlətimizin başçısı şirkətin bitki yağları fabriki ilə də tanış oldu.
Bildirildi ki, müəssisə 1,2 hektar ərazini əhatə edir.
Prezident İlham Əliyev fabrikdə istehsal prosesini izlədi. Qeyd olundu ki, müəssisədə quraşdırılmış avadanlıqlar ən müasir standartlara cavab verir.
Dövlətimizin başçısı fabrikdə istehsal olunan məhsulların nümunələrinə də baxdı. Məlumat verildi ki, müəssisədə həm xam bitki yağları, həm də günəbaxan cecəsi və soya jımıxı hazırlanacaqdır. İllik istehsal gücü 60 min ton olan fabrikdə 80 nəfər işlə təmin edilmişdir. Müəssisədə Azərbaycanda ən böyük üç saxlama anbarı yaradılmışdır. Anbarın quraşdırılmasında Sahibkarlığa Kömək Milli Fonduna müraciət olunmuş və dövlətin güzəştli kreditlərindən istifadə edilmişdir.
Sonra Prezident İlham Əliyev müəssisədə yağın alınması prosesinin son mərhələsini izlədi.
Dövlətimizin başçısı xam şəkər saxlanılacaq anbar ilə də tanış oldu. Bildirildi ki, anbarda 40 min ton xammal saxlamaq mümkündür.
Prezident İlham Əliyev küspə qurutma sexi ilə tanış oldu.
Qeyd olundu ki, burada yüksək keyfiyyətli həm peletli, həm də peletsiz çuğundur cecəsi hazırlanacaqdır. Bu yemlər ətlik, südlük mal-qara və qoyunlara verilən samanın və otun keyfiyyətini artırır. Müəssisədə, həmçinin melas qarışıqlı heyvan yeminin də hazırlanması nəzərdə tutulur. Sexin illik istehsal gücü 15 min tondur. Burada 30 nəfər işlə təmin olunmuşdur. Avadanlıqlar isə hazırda bu sahədə inkişaf etmiş ölkələrdə istifadə olunan avadanlıqlardır.
Dövlətimizin başçısı kəllə qənd zavodunun təməlqoyma mərasimində də iştirak etdi.
Zavodun sxemi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, müəssisənin tikintisi üçün 7,5 hektar torpaq sahəsi ayrılmışdır. İllik istehsal gücü 60 min ton olan müəssisədə müxtəlif çeşiddə kəllə qənd hazırlanacaqdır. Zavod işə düşdükdən sonra 220 nəfər işlə təmin olunacaqdır.
Prezident İlham Əliyevə Azərbaycan Şəkər İstehsalat Birliyinin sənaye spirti zavodu barədə məlumat verildi. Burada 96 dərəcə sənaye etil spirti hazırlanır.
Qeyd edildi ki, ərazidə Azərbaycan Şəkər İstehsalat Birliyinin bütün əməkdaşları üçün 700 nəfərlik yeməkxana binası inşa olunmuşdur.
Dövlətimizin başçısı gilizi təmələ buraxdı və beton qarışığı tökdü.
Prezident İlham Əliyev zavodun tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Prezident İlham ƏLİYEV müəssisənin kollektivi ilə görüşərək dedi:
- Sizi təbrik edirəm. Bura artıq böyük bir sənaye mərkəzinə çevrilib. Vaxtilə şəkər zavodunun tikintisi nəticəsində bu ərazi abadlaşıb. Artıq burada bir neçə gözəl, müasir müəssisə yaranıbdır. Bu müəssisələrdə həm iş yerləri yaranır, həm yerli istehsal təmin edilir, idxaldan asılılığımız azalır. Bir sözlə, burada bütün bu işlər Azərbaycan dövlətinin iqtisadiyyatla bağlı olan inkişaf proqramına uyğun şəkildə təmin olunub. Bu, məni çox sevindirir, çünki Azərbaycanın inkişafı hərtərəfli olmalıdır. Biz kənd təsərrüfatını, emal sənayesini inkişaf etdirməliyik. Belə gözəl müəssisələrin yaradılması məqsədimizə tam uyğundur. Həm iş yerləri, yerli istehsal, gözəl müasir avadanlıq və daxili tələbata hesablanmış, eyni zamanda, ixracyönümlü məhsulların istehsalı təmin edilir.
Təməl daşını qoyduğumuz kəllə qənd zavodu da əminəm ki, yaxın zamanlarda tikiləcək və gözəl, keyfiyyətli məhsul istehsal edəcəkdir.
Sizi təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.