Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin açılışından sonra Qasımbəyli kəndində əsaslı təmir edilmiş Hilal Ənnağıyev adına tam orta məktəbinə gəlmişdir.
Dövlətimizin başçısını ictimaiyyətin nümayəndələri hərarətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV kənd sakinlərini salamlayaraq dedi:
- Mən sizi yeni məktəbin açılışı münasibətilə təbrik edirəm. Gözəl məktəbdir, uşaqlar üçün yaxşı şərait yaradırıq. Eyni zamanda, sizi yeni yolun çəkilişi münasibətilə də təbrik edirəm.
Bu, hələ birinci mərhələdir, çünki yolun çəkilişi davam edir. Birinci 15 kilometr çəkilmişdir. Artıq bir neçə kəndə yol çəkilib, ancaq yolun ümumi uzunluğu 68 kilometr olacaqdır.
Mən bilirəm ki, burada yaşayan əhalini ən çox narahat edən məsələlərdən biri də məhz yolun bərbad vəziyyətdə olması idi. Ona görə tədbirlər görüldü, Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı və birinci mərhələ artıq başa çatmışdır. Əvvəlki dövrlərdə bu yol torpaq yol idi. Heç vaxt asfalt vurulmamışdı. Ancaq indi gözəl asfalt yol çəkilir və bir də demək istəyirəm ki, bu, sadəcə olaraq birinci mərhələdir. Azərbaycanda bütün kənd yolları təmir olunur, yenidən tikilir. Həm Bakıətrafı qəsəbələrdə, həm də ən ucqar kəndlərdə, ən ucqar rayonlarda yolların tikintisi prosesi sürətlə gedir. Mən ümid edirəm ki, rayonun yeni rəhbərliyi bu işləri uğurla icra edəcəkdir. Yeni təyin edilmiş icra başçısı təcrübəlidir. Bir neçə rayonda işləyib və yaxşı nəticələr göstərib. Sabirabad kimi böyük rayonda əminəm ki, sizin köməyinizlə yaxşı işləyəcəkdir.
Mən istəyirəm ki, Sabirabad rayonunda bütün sosial və iqtisadi məsələlər tezliklə öz həllini tapsın. Bunu etmək üçün əlbəttə ki, əlavə vəsait ayrılacaqdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan bütün məsələlər həllini tapmalıdır. Növbəti bir neçə il ərzində əsas infrastruktur məsələləri həllini tapacaqdır. Məktəb tikintisinə böyük ehtiyac vardır. Sabirabadda 84 məktəb vardır. Orada təmir işləri aparılmalıdır, yeni məktəblər tikilməlidir.
Kənd yolları, içməli su, kanalizasiya layihələri hazırlanır. Bütün rayonlarda olduğu kimi, qazlaşdırma layihəsi də hazırlanır. İndi rayonun əksər kəndlərinə təbii qazın verilməsi məsələsi gündəmdədir, bu məsələyə baxılır. Dövlət Neft Şirkətinə müvafiq tapşırıqlar verilmişdir ki, bu məsələ tezliklə, iki il ərzində öz həllini tapsın.
Qasımbəyli kəndi keçən il sel və daşqınlar nəticəsində subasmaya məruz qalmışdır. Mənə verilən məlumata görə, bütövlükdə Sabirabad rayonunda mindən artıq ev uçmuşdur, ya da qəzalı vəziyyətə düşmüşdür. Bu evlərin bərpası, yenidən tikilməsi prosesi gedir, minə yaxın ev tikilibdir. Ancaq hələ ki, bu proses davam edir. Biz burada əsas vəzifəmizi onda görürük ki, gələcək illərdə istənilən təbii fəlakətə hazır olaq. Bu məqsədlə bəndbərkitmə işləri aparılır, daha da keyfiyyətlə aparılmalıdır. Daha da genişmiqyaslı işlər aparılmalıdır. Eyni zamanda, evlərin bərpası, məktəblərin tikintisi, tibb məntəqələrinin təmiri işləri daha da sürətlə aparılmalıdır. Mən ümid edirəm ki, nəzərdə tutduğumuz bütün vəzifələr icra ediləcəkdir.
Çünki bunu etmək üçün bizdə həm siyasi iradə, həm də düşünülmüş proqramlar vardır. Bu proqramları biz icra edirik. Əminəm ki, 2013-cü ilə qədər ikinci regional proqramın başa çatması ilə bağlı bütün sosial infrastruktur məsələləri həllini tapmalıdır. Yenə də deyirəm, bu yolun çəkilişi birinci mərhələdir. Hələ çox yollar çəkilməlidir və çəkiləcək, çox məktəblər tikiləcəkdir. Elə etməliyik ki, insanların yaşaması, işləməsi üçün bütün şəraiti yaradaq.
Sizi bir daha təbrik edirəm.
SAKİN: Çox sağ olun cənab Prezident. Sizi camaatımız adından salamlayır, "Xoş gəlmisiniz" deyirəm. Bizə, bu Qasımbəyli kəndinə, ümumiyyətlə Azərbaycana bu şəraiti yaratdığınıza görə Sizə, bütün doğmalarınıza Allahdan uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Amin!
SAKİN: Ötən il, bizim kəndimiz, rayonumuz təbii fəlakətlə üz-üzə qaldı. Bir il ərzində Siz üçüncü dəfədir ki, bizimlə görüşə gəlirsiniz. Bizim problemlərimizi həll etmək üçün verdiyiniz tapşırıqların icrasını yerindəcə yoxlayırsınız. Ötən il baş verən fəlakət zamanı ancaq Sizə güvəndik, cənab Prezident, Sizə arxalandıq! Siz doğrudan da bizə arxa durdunuz. Həmin vaxt biz təlaş içərisində idik. Ancaq köməyimizə gələn müasir texnikanı, maşınları, canlı qüvvəni görəndə doğrudan da ürəyimiz dağa döndü ki, bizim belə Prezidentimiz vardır.
Evlərimiz dağıldı, on minlərlə əkin sahələrimiz su altında qaldı. Bu gün durduğumuz bu ərazinin hamısı suyun altında idi. İndi cənab Prezident, Sizin tapşırığınızla burada cənnətməkan yaradılıb. Buna görə, Sizə necə təşəkkür edəcəyimizə söz tapa bilmirik. Bütün bunlara görə Sizə çox sağ olun deyirik!
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən çox şadam ki, bütün bu təmir-bərpa işləri qısa müddət ərzində öz həllini tapmışdır. Əlbəttə, fəlakət zamanı birinci vəzifəmiz ondan ibarət idi ki, bütün insanları itkisiz, təhlükəsiz yerlərə köçürək, onlar üçün şərait yaradaq. O vaxt bütün dövlət qurumları, eyni zamanda, özəl şirkətlər çox gözəl, fəal işlədilər. Bütün şərait, hətta tibb məntəqələri də yaradıldı. Uşaqların oxuması üçün şərait yaradıldı. Çadırlar quruldu, isti yeməklər təşkil olundu. Yəni, bütün xalqımız səfərbər olundu. Nə üçün?! Çünki vətəndaşlarımız çətin vəziyyətə düşmüşdü.
Bu təbii fəlakət qarşısında biz öz gücümüzü və xalqın səfərbərliyini göstərdik. O zaman burada olarkən qarşıya vəzifə qoymuşdum ki, bütün işlər qısa müddət ərzində görülməlidir. Bərpa işləri aparılmalıdır, evlər tikilməlidir. Bir neçə ay ərzində evlərin böyük əksəriyyəti tikilmişdir. Çox böyük vəsait tələb olundu. Biz dövlət büdcəsinə əlavə etdik. Böyük məbləğ təşkil olundu. Təkcə Sabirabad rayonunda dövlət hesabına minə yaxın gözəl ev tikilmişdir. Siz yaxşı bilirsiniz ki, burada evlərin çoxu çiy kərpicdən tikilmişdi. Su dəyən kimi uçub dağılmışdır. İndi yaxşı şəraitli gözəl daş evlərdir, gözəl məktəblərdir.
Ona görə bir də demək istəyirəm ki, bu hadisə bizim üçün bir sınaq idi. Biz bu sınaqdan şərəflə çıxdıq. Digər tərəfdən, ölkəmizin gücünü göstərdik. Biz bütün bu işləri öz hesabımıza, heç bir itki vermədən görə bildik. Bu gün həmin gözəl işlərin nəticələrini görürük. Ancaq yenə də deyirəm, mən hesab edirəm ki, gördüyümüz bu işlər görəcəyimiz işlərin bir hissəsidir. Hələ çox işlər görülməlidir. Biz bütün ölkəmizi abadlaşdırmalıyıq, şərait yaratmalıyıq. Yeni iş yerlərinin açılması ilə bağlı işlər gedir. Bu gün mən bir neçə rayonda tədbirlərdə iştirak edəcəyəm. Yeni müəssisələr açılır, yeni binalar, məktəblər tikilir, yollar çəkilir. Hər bir yerdə inkişaf, quruculuq gedir. Mən istəyirəm ki, bu işlər daha da sürətlə getsin. Eyni zamanda, istəyirəm özüm vəziyyətlə tanış olum, görüm əlavə hansı işlər görülməlidir ki, işlərimizi lazımi səviyyədə aparaq.
SAKİNLƏR: Çox sağ olun, cənab Prezident, Allah ömür versin. Allah Sizi bizə çox görməsin. 464 yerlik bu məktəb də suyun altında idi. Əslində bu məktəb yenidən tikildi. Kənddə evlərin 75-80 faizi çiy kərpicdən idi. Hamısı uçdu-dağıldı. İndi Sizin sayənizdə elə evlər tikiblər ki, tayı-bərabəri yoxdur.
Prezident İlham ƏLİYEV: Elə də olmalıdır!
SAKİN: Çox sağ olun, Sabirabad rayonunun əhalisi, Qasımbəyli camaatının adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!
SAKİN: Cənab Prezident! Gəldiyiniz bu məktəb mənim həyat yoldaşımın adını daşıyır. Qarabağ uğrunda döyüşlərdə şəhid olub.
Prezident İlham ƏLİYEV: Şəhidlərimizə Allah rəhmət eləsin!
SAKİN: Onun büstü də Sizin sayənizdə qoyulub. Mənim üçün də ev tikilir.
Prezident İlham ƏLİYEV: Sizin eviniz uçmuşdu?
SAKİN: Qəzalı vəziyyətdə idi.
Prezident İlham ƏLİYEV: Yenidən tikildi?
SAKİN: Xeyr, indi tikilir. Sizə ailəmiz adından təşəkkürümü bildirirəm, cansağlığı, uzun ömür arzulayıram.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
SAKİN: Hörmətli cənab Prezident, bu məktəblə bərabər nümayəndəliyimizdə daha bir yeni məktəb tikilib. İki məktəb, bir uşaq bağçası əsaslı təmir olunub. Bütün müəllimlər və şagirdlər adından Sizə minnətdarlığımızı bildiririk. Doğrudan da, Sizin himayəniz sayəsində Qasımbəyli inzibati vahidliyi çox gözəlləşib. Amma, bir şeyi deməmək mümkün deyildir. Əgər, bir-iki il bundan əvvəl o körpünü tikdirməsəydiniz, keçənilki fəlakət bizə çox baha başa gələrdi. Ola bilsin ki, insan itkisinə yol verilər, digər çətinliklər olardı. Bütün bu işlərə görə yenə də Qasımbəyli camaatı adından, Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə uzun ömür, möhkəm cansağlığı, səadət arzulayırıq.
SAKİN: Cənab Prezident, Allah köməyiniz olsun. Bizə çəkdirdiyiniz yoldan otuz beş min əhali istifadə edir. Həyatımız boyu biz belə abad yol görməmişik. Çünki torpaq yol yayda toz, qışda palçıq olurdu. Heç sovetlər dövründə də belə yolumuz olmayıb. Allah Sizə uzun ömür, cansağlığı versin. Bizim kəndin 35 minlik camaatının Sizdən bir xahişi var, onu sizə çatdırmaq istəyirəm. Kür çayının üzərində burada saldırdığınız körpünün birinin də tikilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirik.
Prezident İlham ƏLİYEV: Yəni, ehtiyac var?
SAKİN: Bəli, ehtiyac var. O yol oradan Kürdəmirə qədər uzanır.
Prezident İlham ƏLİYEV: Siz təklifinizi verin, baxarıq və investisiya proqramına daxil edərik. İndi 17 kəndə yol çəkilib. Ancaq bizim işimiz bununla bitmir. Növbəti mərhələdə başqa kəndlərə də gözəl yollar çəkilməlidir. Artıq 33 min əhalini bu yol birləşdirəcəkdir. Ancaq rayonun əhalisi təqribən 150 min nəfərdən çoxdur. Ona görə də yol çəkilişi, kənd yollarının çəkilişi bundan sonra daha da sürətlə gedəcəkdir.
Əlbəttə, birinci mərhələdə bizim üçün əsas layihələr magistral yolların çəkilişi idi. Biz onları, demək olar ki, başa çatdırırıq. Bakıdan bütün sərhədlərə qədər gözəl yollar çəkilir. Ancaq bununla yanaşı, şəhərlərarası yollar, kənd yolları da mütləq çəkiləcəkdir. Sizin təklifləriniz də nəzərə alınacaqdır.
SAKİN: Bir ağsaqqal kimi Sabirabad camaatı adından Sizə minnətdarlığımı bildirirəm. Belə yollardan bizdə də çəkilir, bəndlər möhkəmləndirilir.
Prezident İlham ƏLİYEV: Siz bu kənddə yaşayırsınız, yoxsa başqa kənddə?
SAKİN: Qonşu kənddə. Ora asfalt yol çəkilib, bəndlərimiz möhkəmləndirilib. Xeyir-dua vermək istəyirəm. Allah Sənə uzun ömür, sağlam can versin. İşləriniz həmişə uğurlu olsun.
SAKİN: Mən də bu kəndin bir nümayəndəsiyəm. Bu işlər bizi çox sevindirir. Vaxtilə bura bərbad vəziyyətdə idi, indi gülzara dönüb. Camaat gözəl, firavan yaşayır. Bu firavanlıq Sizin sayənizdə, Sizin göstərişiniz əsasında yaradılıb. O fəlakətdən, o əziyyətdən ki, bizi qurtardınız, Allah Sizə ömür versin.
Camaat məndən Sizə minnətdarlığımızı çatdırmağı xahiş edib, cənab Prezident. O evlərin içərisində kərpic evlərlə bərabər, qamış evlər də var idi. Bizim yer, bilirsiniz, kənd yeridir. Çiy kərpicdən evlər də var. İndi daşdan tikirlər. Allah Sizdən razı olsun, biz Sizdən çox razıyıq. Bu gözəl işlərin hamısı Sizin sayənizdədir. Cənab Prezident, hamımız - bütün Sabirabad camaatı Sizin arxanızdayıq, Sizə dayağıq. Biz Sizin əmrinizi gözləyirik. Qarabağ məsələsində özümüz də, uşaqlarımız da nə göstəriş versəniz ona hazırıq.
Prezident İlham ƏLİYEV: Bilirəm.
SAKİN: Sağ olun, Allah Sizə ömür versin, xətadan, bəladan qorusun.
* * *
Sakinlər dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.