- Möhtərəm cənab Prezident!
Dərin və məzmunlu çıxışınıza görə Sizə öz minnətdarlığımı bildirirəm!
Yola saldığımız 2010-cu il də ölkəmizin həyatı üçün əlamətdar hadisələrlə, irimiqyaslı quruculuq işləri ilə zəngin olmuş, respublikamızın davamlı inkişafını təmin edən bütün istiqamətlərdə, o cümlədən elm sahəsində böyük uğurlar və nailiyyətlər əldə edilmişdir.
Eyni zamanda qeyd etmək istəyirəm ki, müstəqil dövlətimizin tarixində ilk dəfə verilən Azərbaycan Respublikasının dövlət mükafatlarını "Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı" elmi nəşrlər silsiləsinə görə Geologiya İnstitutunun əməkdaşları, "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə isə Ədəbiyyat İnstitutunun əməkdaşları almışlar. Fərəhli haldır ki, laureatlara Dövlət Mükafatlarını Azərbaycan Respublikasının Prezidenti şəxsən özü təqdim etmişdir.
Mən hər iki əlamətdar hadisə münasibətilə alimlərimizi təbrik edirəm, onlara uğurlar arzulayıram!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il olduğu kimi, 2010-cu ildə də elm sahəsinə, alimlərə göstərdiyi diqqət və qayğını daha da artırmış, elmimizin inkişafı naminə bir sıra mühüm qərarlar qəbul etmişdir.
Dövlətimizin başçısının 19 fevral 2010-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsi" təsdiq edilmişdir. Fondun fəaliyyətə başlaması elmi ictimaiyyət üçün olduqca mühüm hadisədir. Elm sahəsində təqdim olunan layihələr üçün dövlət büdcəsindən 6 milyon manat vəsait ayrılmış, təqdim olunan layihələr ekspertizadan keçirilmiş, qalib layihələr bu vəsait hesabına maliyyələşdirilmişdir. Azərbaycan alimləri bunu dövlətin onların yaradıcı əməyinə verilən qiymət hesab edirlər.
Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik, akademiklər Şəfaət Mehdiyevin və İmam Mustafayevin 100 illik yubileyləri dövlət səviyyəsində keçirilmiş, akademik Fəraməz Maqsudovun xatirəsi əbədiləşdirilmiş, Azərbaycan elminin inkişafındakı xüsusi xidmətlərinə görə akademiklər Ziyad Səmədzadə, Bəkir Nəbiyev, Nailə Vəlixanlı, Siddiqə Məmmədova, müxbir üzvlər Namiq Əliyev, Yusif Məmmədov, Milli Azərbaycan Tarixi Muzeyinin və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları dövlət təltiflərinə layiq görülmüşlər.
Hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasında, eyni zamanda respublikanın digər elm və təhsil müəssisələrində elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, həmçinin elmi-təşkilati fəaliyyət sahəsində kifayət qədər nailiyyətlər əldə edilmişdir.
Hesabat ilində akademiyanın elmi müəssisələrində 463 mövzu üzrə 139 problemə dair tədqiqatlar aparılmış və 150-yə yaxın əsas elmi nəticə alınmışdır. Həmçinin müxtəlif nazirliklərin və dövlət şirkətlərinin nəzdində fəaliyyət göstərən elmi mərkəzlər tərəfindən aparılan tədqiqatlar da koordinasiya olunmuşdur.
Qeyd etmək istərdim ki, sizə təqdim olunan hesabatda onlar təfərrüatı ilə öz əksini tapmışdır. Ona görə də icazə verin elmi istiqamətlər üzrə qısa olaraq məlumat verim.
Fizika-riyaziyyat və texnika elmləri sahəsində 20 problem üzrə 39 əsas nəticə alınmışdır. Müasir cihaz və avadanlıqla təchiz olunmuş laboratoriyalar yaradılmış və yeni elmi-tədqiqat işlərinin aparılmasına başlanmışdır.
Bölmənin elmi müəssisələrində icra olunan, icraya hazırlanmış və qalib gəlmiş 60-dan artıq qrant əldə edilmişdir.
Fizika İnstitutu Kanada-Sinqapur şirkəti ilə birgə işlənmiş yüksək fotoelektrik parametrlərə malik selvari fotodiodlar kompakt MUON Solenoid layihəsində Böyük Adron Kollayderində fotrodetektor kimi quraşdırılmış və sınaqdan çıxarılmışdır.
Şamaxı Astrofizika Rəsədxanasında Günəşə yaxınlaşan kiçikperihelli kametlərin yaranması haqqında keyfiyyətcə yeni nəzəriyyə yaradılmışdır.
Kibernetika İnstitutu tərəfindən ilk dəfə olaraq "Seysmoakustika qəbuledicisi və analizi" qurğusu yaradılmış və Qum adasında istismarı dayandırılmış quyuda sınaqdan keçirilmişdir.
İnformasiya Texnologiyaları İnstitutunda İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi və idarə olunması üçün modellər və alqoritmlər işlənib hazırlanmışdır.
Hesabat ilində görkəmli alim, akademik Nəriman Quliyevin MDB Dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun "Birliyin ulduzları" mükafatına layiq görülməsi də bölmənin uğurlarından biri kimi dəyərləndirilə bilər.
İcazə verin bugünkü yığıncaq adından bizim görkəmli alimimiz Nəriman Quliyevi bu yüksək mükafatla əlaqədar bir daha təbrik edim, ona möhkəm cansağlığı və bundan sonra da böyük uğurlar arzulayım.
Kimya Elmləri Bölməsi hesabat ilində kimyanın müxtəlif istiqamətləri üzrə 25 əsas nəticə əldə etmişdir.
Neft-Kimya Prosesləri İnstitutunda işlənib hazırlanmış texnologiya üzrə bioetanol əsasında yüksək oktanlı etilüçlübutil efirinin təcrübə-sənaye istehsalı təşkil olunmuş, 120 ton təcrübə-sınaq nümunələri alınmış və avtomobil benzinlərinin tərkibində sınaqdan keçirilmişdir.
Kimya Problemləri İnstitutu tərəfindən Azərikimya İstehsalat Birliyi ilə birlikdə piroliz qazının propan-propilen fraksiyasının sənaye katalizatorunun iştirakı ilə selektiv hidrogenləşdirilməsi prosesinin kinetik qanunauyğunluqları tədqiq edilərək prosesin kinetik modeli qurulmuş və onun parametrləri müəyyən edilmişdir.
Poliefiruretan lakının tətbiqi ilə bağlı işlər Milli Aviasiya Akademiyası, Türkiyənin "Zenit" şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Elmlər Akademiyasının Tədqiqat-Sənaye zavodu ilə birlikdə davam etdirilmiş və hesabat ilində 14 min 700 metr borunun daxili səthinə lak kompozisiyası ilə örtük çəkilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təhvil verilmişdir. Onu da qeyd etmək lazımdır ki, həmin işin həqiqətən çox böyük iqtisadi səmərəsi vardır.
Bundan əlavə, AMEA və Bakı Dövlət Universiteti kimya sahəsində tədqiqatların maliyyələşdirilməsi üçün Səudiyyə Ərəbistanı Krallığından 3 milyon dollar məbləğində qrant almışlar.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında neft-kimya sənayesinin yenidən qurulması haqqında" sərəncamının icrası ilə əlaqədar Kimya Elmləri Bölməsinin mütəxəssisləri Azərbaycanın Sənaye və Energetika Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin və Dövlət Neft Şirkətinin əməkdaşları ilə birlikdə neft-kimya kompleksinin yenidən qurulmasının inkişaf konsepsiyasını işləyib hazırlamış və Nazirlər Kabinetinə təqdim etmişlər.
Yer Elmləri Bölməsinin alimləri fundamental və tətbiqi tədqiqatlar sahəsində 2010-cu ildə 7 əsas nəticə əldə etmişlər.
Elmi-tədqiqat işləri Cənubi Xəzər hövzəsinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi, böyük dərinliklərdə karbohidrogenlərin formalaşması, geoloji təhlükələrin proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması, Azərbaycanda təbiət qanunauyğunluqları, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillərin və ekoloji şəraitinin tədqiqi prioritet istiqamətləri üzrə aparılmışdır.
Hesabat ilində Qafqazın kollizion zonasının müasir geodinamik durumunun öyrənilməsi üzrə ABŞ-ın Massaçusets Texnoloji İnstitutu ilə müştərək tədqiqatlar davam etdirilmişdir.
Biologiya Elmləri Bölməsi üzrə hesabat ilində bölmənin elmi müəssisələri 14 problem üzrə 20 əsas elmi nəticə almışlar.
Azərbaycan Respublikasının "Qırmızı Kitab"ının II nəşrinin təşkili ilə əlaqədar nadir, nəsli kəsilməkdə olan və endem bitki və heyvan növlərinin tədqiqi sahəsində monitorinqlər keçirilmişdir.
Azərbaycanda şam ağacının əkinlərində ağacların müxtəlif vegetativ orqanlarından və qabıq böcəklərindən müasir molekulyar-bioloji yanaşmalar tətbiq etməklə respublikada yeni göbələk növləri aşkar edilmiş və ABŞ-ın Ayova Dövlət Universitetində kultura kolleksiyasına daxil edilmişdir.
Niderland, İspaniya və Rusiya alimləri ilə birgə respublikanın müxtəlif regionlarında keçirilmiş beynəlxalq ekspedisiya tədqiqatları nəticəsində tərəvəz və bostan bitkilərinin 720-dən çox nümunəsi toplanaraq laboratoriyada analiz edilmiş, bərpa, artırılma və tədqiqat işlərinə başlanılmışdır.
Zoologiya İnstitutu və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanın daxili sularına 20,5 milyon çapaq, çəki və ağ amur balıq körpələri buraxılmışdır.
Biologiya Elmləri Bölməsinin alimləri ümumi dəyəri 1 milyon manatdan çox olan bir sıra respublika və beynəlxalq qrantlar əldə etmişlər.
Hesabat ilində Humanitar və İctimai Elmlər Bölməsinin alimləri də böyük uğurlar əldə etmişlər.
Tarix İnstitutunda hazırlanmış son illərin fundamental nəşrləri olan 6 dildə "Qarabağ", 2 dildə "Naxçıvan", 2 dildə "Tarixi abidələrə qarşı soyqırımı" kimi nəşrlərin davamı olaraq, 2010-cu ildə Azərbaycan, ingilis və rus dillərində hazırlanan "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi", 4 cilddə "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı", London və Nyu-Yorkda nəşr olunmuş "Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr" monoqrafiyaları, eləcə də "Azərbaycan XVIII-XIX əsrlərdə" və "XVIII əsr Azərbaycan tarixi məsələləri ingilisdilli tarixşünaslıqda" nəşrləri hazırlanmışdır ki, bu da tarix sahəsində çalışan alimlərin uğuru sayıla bilər.
Ölkə rəhbərinin Azərbaycanın arxeologiya elminə, abidələrin tədqiqinə göstərdiyi böyük diqqət və qayğı arxeoloq və etnoqraf alimlərin qarşısında ciddi vəzifələr qoymuşdur. Arxeoloji ekspedisiyalara ayrılan dövlət vəsaitinin artırılması hesabına arxeoloji və etnoqrafik araşdırmaların miqyası daha da genişlənmiş, çoxsaylı maddi mədəniyyət qalıqları, yaşayış məskənləri aşkar edilmiş və tədqiq olunmuşdur.
İqtisadçı alimlər hesabat ilində Azərbaycanın milli iqtisadiyyatının sosial-iqtisadi problemlərinin tədqiqi, makroiqtisadi və regional inkişaf problemləri istiqaməti üzrə elmi-tədqiqat işləri yerinə yetirmişlər.
Fəlsəfə, sosiologiya və hüquq sahəsində Azərbaycan fəlsəfə tarixi, dünya fəlsəfə tarixi və ictimai-siyasi fikir, sosial-mənəvi inkişafın, elmin, elmi-idrakın və qlobalistikanın fəlsəfi məsələləri, keçid dövrünün sosioloji problemləri, fəlsəfənin yeni istiqamətləri və gender tədqiqatları istiqamətləri üzrə elmi işlər yerinə yetirilmişdir.
Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış Azərbaycan ədəbiyyatı və folkloru nümunələrindən ibarət "İlahi sözlər" toplusu Moskvanın "Xudojestvennaya literatura" nəşriyyatında nəşr olunmuşdur.
Dilçilik İnstitutunda "Azərbaycan dilinin tarixi dialektologiyası" elmi-tədqiqat işi yerinə yetirilmişdir.
Əlyazmalar, folklor, dilçilik, şərqşünaslıq, memarlıq və incəsənət sahələrində də xeyli işlər görülmüşdür.
Naxçıvan bölməsinin 6 elmi-tədqiqat institutunda 6 problem üzrə 13 əsas nəticə əldə edilmişdir.
Hesabat ilində Bölmədə əlyazmalar, tarix, etnoqrafiya, arxeologiya, incəsənət, dil və ədəbiyyat, təbii ehtiyatlar, bioresurslar, astrofizik araşdırmalar istiqamətində elmi-tədqiqat işləri yerinə yetirilmişdir.
Hesabat ilində bölmənin Bioresurslar İnstitutu üçün Aşağı Əylis kəndində Biokimyəvi tədqiqatlar laboratoriyasının üçmərtəbəli binası tikilib istifadəyə verilmiş, həmçinin bölmədə mövcud olan cihaz və avadanlığın təkmilləşdirilməsi davam etdirilmişdir.
Gəncə və Şəki regional elmi mərkəzlərində müvafiq elmi istiqamətlər üzrə elmi işlər yerinə yetirilmiş, mühüm nəticələr əldə edilmişdir.
Rəyasət Heyətinin nəzdində olan təşkilatların fəaliyyətinə gəldikdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi tərəfindən üçüncü və dördüncü cildləri əhatə edən "B" hərfinə aid sözlük və məqalələr hazırlanmışdır.
Respublika Seysmoloji Xidmət Mərkəzində respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinemetrik və dinamik parametrlərinin öyrənilməsi, geofiziki və geokimyəvi sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi istiqamətlərində işlər aparılmışdır.
Mərkəz tərəfindən respublikada 4 min 37 yeraltı təkan qeydə alınmışdır. Onlardan 2 min 203-ü yerli, yaxın və 1834-ü uzaq zəlzələlərdir.
Aparılan analiz 2010-cu ildə zəlzələlərin sayının 2009-cu ilə nisbətən çox, ayrılmış seysmik enerjinin miqdarının isə aşağı olmasını göstərir.
Hesabat ilində akademiyanın Rəyasət Heyətinin 20 iclası keçirilmişdir. Bu iclaslarda xeyli sayda elmi məruzələr dinlənilmiş, bir sıra elmi, elmi-təşkilati və kadr məsələləri, elmi bölmələrin fəaliyyətlərinin yekunları müzakirə edilmiş, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə bir sıra qərarlar qəbul olunmuş və konkret tədbirlər həyata keçirilmişdir.
Dəfələrlə müzakirə olunan məsələlərdən biri elmin inkişafı üzrə "Milli Strategiya" və bu strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının yerinə yetirilməsi olmuşdur.
Rəyasət Heyəti bir sıra tədbir və konfranslarla yanaşı, görkəmli alimlərin, ziyalıların, elm, mədəniyyət, ictimai və dövlət xadimlərinin xatirə-yubiley mərasimlərini keçirmiş, akademiyanın mərhum üzvlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə tədbirlər görmüşdür.
Hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasının müəssisələri 62 elmi-tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədqiqat həyata keçirmişlər və istehsalatda tətbiq etmişlər.
Azərbaycan Milli Elmlər Akademiyası 2010-cu ildə 11 Dövlət Proqramının yerinə yetirilməsində iştirak etmişdir.
AMEA-nın elmi müəssisələri tərəfindən 2010-cu ildə Azərbaycanın 42 və xarici ölkələrin 5 patenti alınmışdır.
Akademiyanın alimləri tərəfindən hesabat ilində 457 kitab və monoqrafiya nəşr olunmuşdur. Onlardan 53-ü xaricdə nəşr edilmişdir. Həmçinin alimlərimizin 6 min 148 məqaləsi nəşr olunmuşdur ki, onların da 1914-ü xarici jurnalların payına düşür.
Azərbaycan Milli Elmlər Akademiyası 2010-cu ildə 109 respublika səviyyəli, 21 beynəlxalq səviyyəli elmi konfrans keçirmişdir.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının tərkibi 56 həqiqi üzv, 109 müxbir üzv olmaqla 165 üzvdən ibarətdir.
Akademiyada çalışan alimlərin 545 nəfəri elmlər doktoru, 2116 nəfəri isə fəlsəfə doktorudur.
2010-cu ildə akademiyada doktoranturanı 174 nəfər bitirmişdir.
Hesabat ilində 27 elmlər doktoru və 121 fəlsəfə doktoru üzrə dissertasiya müdafiə olunmuşdur.
AMEA-da dissertantura və doktorantura yolu ilə 500-dək xarici vətəndaş yüksəkixtisaslı kadr olaraq hazırlanır.
Prezident İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 9 fevral 2010-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar gənc alimlər xarici ölkələrin aparıcı elmi mərkəzlərinə göndərilmişlər.
Hesabat ilində AMEA-nın beynəlxalq elmi əlaqələri xeyli genişlənmiş, bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanmışdır. AMEA-nın alimləri bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən NATO, YUNESKO, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi, Fransanın Milli Araşdırma Mərkəzi, FAO, Amerika Milli Araşdırmalar Fondu, CERN və s. ilə əməkdaşlıq etmişlər.
Hörmətli cənab Prezident!
Hörmətli həmkarlar!
Mən məruzəmdə 2010-cu ildə AMEA-da və respublikanın digər elmi mərkəzlərində görülmüş işlərdən, il ərzində əldə etdiyimiz nailiyyətlərdən danışdım. Lakin bütün bu uğurlarla yanaşı həyata keçirə bilmədiyimiz işlər, bizi narahat edən problemlər, nöqsanlar da çoxdur.
Hamımızı narahat edən məsələlərdən biri alimlərimizin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Son illər respublika rəhbərliyinin elmə müntəzəm qayğısının nəticəsi olaraq akademiyada əmək haqqı bir neçə dəfə artırılmışdır. Lakin müasir bazar iqtisadiyyatı şəraitində mövcud qiymətlərlə müqayisədə bu səviyyəni qənaətbəxş hesab etmək mümkün deyil. Ümid edirik ki, artıq icrasına başlanılan elmin inkişaf strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı çərçivəsində bu məsələ də prinsipial olaraq öz həllini tapacaqdır.
Prezident İlham Əliyevin sərəncamına əsasən AMEA-nın Mərkəzi Elmi Kitabxanası üçün yeni binanın tikilməsi nəzərdə tutulmuş, layihə-smeta sənədləri hazırlanmış, bina üçün akademiya şəhərciyində 1,6 hektar yer də müəyyənləşdirilmişdir. Lakin bir neçə il keçməsinə baxmayaraq binanın tikintisinə hələ də başlanılmamışdır. AMEA Kitabxanasında zəngin kitab fondunun zirzəmidə yerləşdiyini, həmçinin çoxsaylı oxucu kollektivinin bu zəngin xəzinədən lazımi səviyyədə istifadə edə bilməməsini nəzərə alsaq, bu problem də həlli vacib məsələlərdən biridir.
Bütün çətinliklərə baxmayaraq güman edirəm ki, respublikamızın sürətli sosial-iqtisadi tərəqqisi, xüsusən elmin inkişafının dövlətimizin birbaşa maraq dairəsinə daxil olması mövcud problemlərin həllinə, öhdəmizə düşən məsul vəzifələrin yerinə yetirilməsinə, akademiyanın dövlətimizin sosial-iqtisadi inkişafına yönəlmiş fəaliyyətini günün tələbləri səviyyəsində daha səmərəli qurulmasına imkan verəcəkdir. Akademiyanın Rəyasət Heyəti adından sizin hamınızı bu işlərdə səfərbər olmağa çağırıram.
Diqqətinizə görə təşəkkür edirəm!
{nl}
Akademik Akif Əlizadənin çıxışı
- Hörmətli cənab Prezident,
Hörmətli həmkarlar,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün Azərbaycan Milli Elmlər Akademiyasının ümumi iclasında iştirakı xüsusilə əlamətdar bir hadisədir. Cənab İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi dövrdə respublikamız formalaşaraq yüksək humanizm, ideya və prinsipləri nəzərə almaqla qarşıya qoyulan möhtəşəm məqsəd və vəzifələrin həyata keçirilməsində böyük nüfuz qazanmışdır.
Bildiyiniz kimi, Azərbaycan müstəqilliyinin 20 illik yubileyini təntənəli surətdə qeyd etməyə hazırlaşır. Azərbaycanın müstəqilliyini möhkəmləndirən və stabilləşdirən ümummilli liderimiz Heydər Əliyev çətin və mürəkkəb illərdə Azərbaycana böyük müdriklik ilə rəhbərlik etmişdir. Onun ideyalarının davamçısı olan cənab İlham Əliyev 8 ilə yaxındır ki, dahi Heydər Əliyevin qoyduğu yol ilə Azərbaycanı uğurla tərəqqiyə doğru aparmaqdadır. Son 20 ildə Azərbaycan elmi inkişaf etmiş və ümumi baxımdan dövlət inkişaf proqramlarında özünəməxsus yer tutmuş, nəticələr əldə etmişdir.
Hörmətli cənab Prezident, bu gün fürsətdən istifadə edərək bəzi mühüm məsələlərə toxunmaq istərdim. Güman edirik ki, Elmlər Akademiyasının strukturunda ciddi islahatlara və kardinal tədbirlərə ehtiyac vardır. Strateji elmi istiqamətlər, məsələn fizika, kimya, riyaziyyat, yer elmləri və s. üzrə baza institutları saxlanılmaq şərtilə prinsipcə yeni texnologiya və informasiyalar əsasında müasir elmin təşkili və innovasiya siyasətinin nailiyyətlərini özündə əks etdirən, müasir prioritetlərə cavab verən yeni elmi mərkəzlərin yaradılması zənnimizcə məqsədəuyğun olardı. Məsələn, Xəzər dənizinin problemlərinin kompleks öyrənilməsi üzrə gələcəkdə ona beynəlxalq status verilə biləcək elmi mərkəzin yaradılmasını təklif etmək istərdik. Analoji elmi mərkəzləri digər istiqamətlər üzrə də yaratmaq məqsədəuyğun olardı. Fundamental elm ilə ali məktəb elminin daha sıx inteqrasiyasını həyata keçirmək, Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin tədris prosesinə cəlb edilməsini genişləndirmək olduqca zəruridir. Elmi inkişaf prosesinin ilkin mərhələsi kimi akademiyada magistraturanın yaradılmasını çox arzu edərdik. Eyni zamanda, cənab Prezident, gənc alimlər üçün respublika Prezidentinin xüsusi elm fondunun yaradılmasını vacib məsələlərdən biri hesab edirik. Bu, ümumiyyətlə elmi kadrların Azərbaycanda hazırlanmasında böyük bir stimul ola bilər.
Bu gün tam aydındır ki, "Əsrin kontraktı"nın reallaşması nəticəsində Azərbaycan enerji resursları ilə, ilk növbədə, neft və qazla stabil təmin olunmuşdur. Azərbaycanın iqtisadi çiçəklənməsinin əsasını təşkil edən ciddi ixrac potensialı da yaradılmışdır. Ölkənin qeyri-neft sektorunun uğurla inkişafına baxmayaraq, yaxın onilliklər üçün nəhəng plan və layihələrin həyata keçirilməsi hər şeydən əvvəl neft hasilatının mövcud səviyyədə saxlanılması ilə əlaqədardır. Buna görə də müasir səviyyədə neftin stabil hasilatının təminatı məsələsi bu gün mübaliğəsiz vacib problemlərdən biridir. Bu gün Milli Elmlər Akademiyası və Azərbaycan Dövlət Neft Şirkəti arasında çox sıx elmi və işgüzar əlaqələr yaranmışdır.
Xüsusi dövlət proqramları çərçivəsində birgə tədqiqatlar ehtiyatların artırılması və onların hasil olunması problemini həll etməyə imkan verir. Bir daha alimlərin proqnozuna istinad edərək, demək istəyirəm ki, Azərbaycanın yer təkində nefti hələ olduqca çoxdur. Hər halda, əgər lazımi tədbirlər görülərsə, yaxın onilliklərdə bizi neft böhranı gözləmir.
Son illərin hadisələri, ümumiyyətlə Haiti, Çili, İndoneziyadakı zəlzələlər, xüsusən Meksika körfəzindəki neft platformasında baş vermiş qəza, onunla bağlı neft axını, Yaponiyadakı zəlzələ və sunami ilə bağlı "Fukusima" atom stansiyasındakı fəlakət bəşər sivilizasiyasını ciddi imtahana çəkmişdir. Şübhəsiz, texnogen və təbii proseslərin proqnozu və onların ehtimal olunan nəticələrinin ssenarilərinin işlənilməsi prioritet məsələ olmuş, alimlərin qarşısında dövlət proqramının hazırlanması və icrası tələblərini qoyur. Belə bir yanaşmanı 2001-ci ilin noyabr ayında Bakıda baş vermiş zəlzələdən dərhal sonra ümummilli liderimiz Heydər Əliyev nümayiş etdirmişdir. Təcili surətdə fövqəladə iclas çağırılmış və respublikanın seysmoloji xidmətinin ən müasir avadanlıqla təmin edilməsi qərara alınmışdır. Bu gün mübaliğəsiz demək olar ki, bizim seysmoloji xidmət nəinki MDB məkanında, hətta bütün Yaxın Şərqdə ən yaxşı təchiz edilmiş xidmətlərdən biridir. Lakin təbii proseslərin anomal aktivləşməsi baxımından mövcud avadanlıq əlbəttə azdır. Seysmik monitorinq və GPS stansiyalarını yaxın vaxtlarda artırmaq olduqca vacibdir. Xüsusən mülki obyektlərin və sənaye infrastrukturunun yerləşdiyi Abşeron yarımadası və Xəzər dənizi akvatoriyasında bu şəbəkəni genişləndirib gücləndirmək ümdə məsələlərdən biridir.
Daha bir mühüm məsələ təbii fəlakətlərdən sonrakı hadisələrin inkişaf ssenarilərinin işlənilməsidir. Yaponiyadakı hadisələr göstərdi ki, nəinki fəlakətlərin qabaqcadan proqnozu, həmçinin belə hadisələrə qarşı elmi və digər müvafiq strukturların hazırlığı az əhəmiyyətli deyildir.
Hörmətli cənab Prezident, yaxşı məlumdur ki, inkişaf etmiş ölkələrdə cəmiyyətin elmi, təhsil və mədəniyyət səviyyəsini artırmaq üçün tarixi təbiət muzeylərinə xüsusi əhəmiyyət verilir. Elmlər Akademiyasının nəzdində olan Həsən bəy Zərdabi adına Tarixi Təbiət Muzeyi dünya əhəmiyyətli nadir kolleksiyalara - Binəqədi qədim faunasına, Eldar hipporion faunasına, palçıq vulkanlarına və s. malikdir. Məsələ bundadır ki, Azərbaycanda yeganə olan bu nadir muzeyin gələcək inkişafı ona layiq binanın olmasından asılıdır.
Fərəhləndirici haldır ki, son zamanlar Azərbaycanda muzey işinin geniş inkişafının şahidi oluruq. Misal üçün tarix muzeyinin, xalça muzeyinin, muğam muzeyinin, müasir incəsənət muzeyinin və s. Çox istərdik ki, Londonda məşhur olan təbii tarixi muzeyin miniatürü kimi Azərbaycanda da təbii tarix muzeyinin inkişafına dəstək verilsin.
Cənab Prezident, üzr istəyirəm, etiraz etməsəydiniz, bu gözəl Azərbaycanın təbiətini geoloq şairlər gözəl təsvir edirlər:
Varlı bir muzeydir ana təbiət,
Ondadır ən böyük sərvət, səxavət.
Köksündə alışan odlu məhəbbət,
Sənin nemətindir, ey gözüm, canım,
Sevdası olduğum, Azərbaycanım.
Bizim təbiət tarixi muzeyinə yardım lazımdır.
{nl}
Akademik İsmayıl Hacıyevin çıxışı
-Möhtərəm cənab Prezident,
Hörmətli hesabat yığıncağının iştirakçıları !
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının həyatına xoş
bir gün kimi daxil olacaqdır. Ölkə Prezidenti cənab İlham Əliyev akademiyanın illik hesabat yığıncağında iştirak edir. Bu, tarixə yazılacaq və akademiya üzvlərini, bütövlükdə elmi işçiləri elmi fəaliyyətə istiqamətləndirən çox mühüm, fərəh doğuracaq bir faktdır. Möhtərəm Prezidentimizin Azərbaycanda elm sahəsində aparılan işlər, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında məzmunlu məruzəsində biz elmi işçilər qarşısında çox ciddi, düşünüləsi məsələlər qoyuldu. Elə bilirəm ki, akademiya və digər elm və tədris müəssisələrində çalışan əməkdaşlar bundan sonrakı fəaliyyətində burada qeyd olunanları ciddi nəzərə alacaqlar.
Akademiyamızın prezidenti, akademik Mahmud Kərimovun 2010-cu il üçün akademiya və digər elm və tədris müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticələri haqqında hesabat məruzəsindən də göründüyü kimi, 2010-cu ildə akademiyada mühüm işlər görülmüş, xeyli maraqlı nəticələr əldə olunmuşdur. Ancaq elə bilirəm ki, bu, hələlik akademiya üzvlərinin elmi işçilərini tam qane edəcək səviyyədə deyildir. Bundan sonrakı fəaliyyətimizdə biz daha ciddi - respublikamızın sosial-iqtisadi inkişafına yönələn ciddi tədqiqat işləri ilə məşğul olacağıq.
Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı Azərbaycan Milli Elmlər Akademiyası son illərdə respublikamızın ictimai-siyasi həyatında çox fəal iştirak etməyə başlamışdır. Bu, qürur doğuracaq bir faktdır. Akademiya üzvləri ölkə Prezidentinin düşünülmüş, ağıllı və məqsədyönlü şəkildə həyata keçirdiyi daxili və xarici siyasətdə və respublikamızın ictimai-siyasi həyatında öz fəallığını bir qədər də artırmalıdır. Xüsusilə əvvəlki illərdə qəbul olunmuş və burada da qeyd olunduğu kimi, elmin inkişafı ilə əlaqədar milli strategiya və onun həyata keçirilməsinin dövlət proqramı respublikamızda uğurla həyata keçirilir. Bundan başqa 2010-cu ildə ölkə rəhbərinin elmin inkişafı, elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra qərarları, sərəncamları respublikamızda elmə göstərilən qayğının daha bir ifadəsidir. Xüsusilə dövlət büdcəsində elmə ayrılan vəsaitin ilbəil artırılması, gənc doktorantların Avropanın tanınmış elm mərkəzlərində təhsil almağa göndərilməsi, qeyd olunduğu kimi, elm fondunun yaradılması və bu il, yəni 2010-cu ildə elm fondunun birinci qrant layihəsinin müsabiqəsinin keçirilməsi və digər sahələrdəki qərarlar fərəh doğuran hallardır.
Respublikamızın son illərdə əldə etdiyi uğurlar, sosial-iqtisadi inkişaf sahəsində qazandığı nailiyyətlərdə elm işçilərinin sanballı payı vardır. Konkret olaraq, mənim təmsil olunduğum Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi haqqında bir neçə kəlmə demək istəyirəm. Ulu öndərimiz tərəfindən 2002-ci il avqustun 7-də yaradılan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderin müəyyən etdiyi strateji xəttə uyğun yaradılmışdır. Qürur doğuran fakt budur ki, ölkə Prezidenti Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı Naxçıvana gəlmiş və avqustun 12-də Akademiyanın Naxçıvan Bölməsinin yaradılması prosesində iştirak etmiş, öz tövsiyə və tapşırıqlarını vermişdir.
Akademiyanın Naxçıvan Bölməsi fəaliyyət göstərdiyi 8 il ərzində müəyyən nailiyyətlər əldə etmişdir. Həm əvvəlki illərdə, həm də konkret 2010-cu ildə əldə olunan uğurların bir neçəsini hörmətli yığıncaq iştirakçılarının diqqətinə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, ermənilərin Naxçıvana - həm abidələrinə, həm də tarixinə bir sıra iddiaları vardır. Təkcə bu illərdə bunun üçün ikicildlik Naxçıvan ensiklopediyası hazırlanmışdır, ingilis və Azərbaycan dillərində Naxçıvan abidələri ensiklopediyası, Naxçıvanın teatr salnaməsi, Naxçıvanın tarixi atlası, Naxçıvanın "Qırmızı kitab"ı və digər ümumiləşdirici əsərlər hazırlanmışdır, artıq ikicildlik "Naxçıvan tarixi" üzərində iş davam etdirilir.
Elmi işçilərin normal fəaliyyət göstərməsi üçün Naxçıvan şəhərində üç inzibati bina yüksək səviyyədə qurulmuş, təmir olunmuş və ən müasir cihaz və avadanlıqla təmin olunmuşdur. Naxçıvan Bölməsinin ştat cədvəlində 510 yer olsa da, hələlik burada 275 nəfər çalışır, onların 97 nəfəri elmi işçidir. 2010-cu ildə 6 elmi istiqamətdə elmi-tədqiqat işləri aparılmış və 13 mühüm nəticə əldə olunmuşdur. Qeyd etməliyəm ki, bu il, yəni hesabat dövründə bölmə əməkdaşlarının 700-ə yaxın əsəri nəşr olunmuşdur ki, bunların 140-ı xarici ölkələrdə çap olunmuşdur. Otuz üç əməkdaşımız 44 beynəlxalq simpozium və konfransda iştirak etmişdir. İlk dəfə olaraq, Naxçıvanın tarixi atlası nəşr olunmuşdur. Naxçıvan ərazisində bizə məlum olan 1185 abidə qeydə alınmış və onların pasportu hazırlanmışdır. Xüsusi bildirim ki, bu abidələrin 788-i ilk dəfə qeydə alınmışdır. Ölkə və dünya əhəmiyyətli abidələr əsasında Naxçıvanın tarixi abidələr ensiklopediyası ingilis və Azərbaycan dilində nəşr olunmuşdur. Yəni bütövlükdə Akademiyada bir elmi işçiyə 1 il ərzində düşən elmi əsərlərin sayı 7,1 olmuşdur.
Lakin biz əldə olunan uğurlarımızı, nailiyyətlərimizi başlanğıc kimi qəbul edir və elə bilirəm ki, bundan sonra daha ciddi elmi-tədqiqat işləri ilə məşğul olacaq, respublikamızın sosial-iqtisadi inkişafına öz layiqli töhfələrimizi verəcəyik. Diqqətinizə görə sağ olun.
{nl}
Akademik Akif Hacıyevin çıxışı
-Möhtərəm cənab Prezident,
Hörmətli həmkarlar !
İlk növbədə mən fizika-riyaziyyat və texnika elmləri bölməsinin altı institutu, iki min əməkdaşı, on yeddi akademiki və iyirmi altı müxbir üzvü adından möhtərəm Prezidentimizin bu gün iclasımızda iştirak etməsindən qürur hissi duyduğumuzu bildirirəm və möhtərəm Prezident, akademiyaya göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.
Dinlədiyimiz illik hesabatda akademiyamızın 2010-cu ildə əldə etdiyi nailiyyətlər ətraflı əhatə olunmuşdur. Ulu öndərimizin Azərbaycanda elmin koordinasiyası məsələsini də akademiyaya tapşırdığını nəzərə alaraq hesabatın geniş variantında digər təşkilatlarda əldə edilən mühüm nəticələr də yer almışdır.
Mən hesabatın müsbət qiymətləndirilməsini və onu qənaətbəxş saymağınızı təklif edirəm.
Hesabatda qeyd olunanlarla bərabər bizim bölmədə bir sıra başqa nəticələr də əldə edilmişdir. Bunlara misal olaraq mən ancaq iki nəticəni Sizə bildirmək istəyirəm. Mexanika alimlərimiz neftin su ilə sıxışdırılmasında laydaxili qaz yaratma texnologiyasını işləyib hazırlamışlar. Radiasiya Problemləri İnstitutunda dağ çayları və Xəzər dənizinin suları, dib çöküntüləri üzrə radio izotopları, karbohidrogenlər və ağır metalların paylanması tətbiq olunmuş və onların dəyişmə dinamikası üzrə məlumat bazası hazırlanmışdır. Bölmə müəssisələri doqquz dövlət proqramı üzrə ölkənin elm tutumlu problemlərinin həllində iştirak etmişlər. Respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı, "Elektron Azərbaycan" Dövlət Proqramı, təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı və digər proqramları qeyd etmək olar.
Bölmə koordinasiya ilə yanaşı, başqa müəssisələrlə birlikdə də tədqiqatlar aparır, xüsusilə bölmə ilə sıx əlaqələri olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetini qeyd etmək istərdim. Bölmə müəssisələri geniş xarici əlaqələr yaratmışlar. Ortaq qrantlar, birgə araşdırmalar, tədqiqatlar, ortaq şöbə və laboratoriyalar bunun göstəriciləridir.
Hesabat ilində bölmə əməkdaşları tərəfindən 506-sı xarici jurnallarda olmaqla 1287 məqalə çap edilmişdir. Mən xüsusi qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu il 194 məqaləmiz nüfuzlu indeksli jurnallarda çap edilmişdir. ABŞ və Yaponiya nəşriyyatlarında bölmənin işçiləri və xaricdə işləyən bölmə üzvləri üç kitab dərc etmişlər. Bölmədə on üç patent, o cümlədən üç xarici patent alınmışdır.
Tam qətiyyətlə demək olar ki, alimlərimizin maddi problemləri, xarici jurnalları əldə etmək imkanları və uzunmüddətli xarici ezamiyyətlərə getmək məsələləri həll edildiyi təqdirdə daha böyük nailiyyətlər qazanmaq mümkündür. Bu çətinlikləri aradan qaldırmaq üçün hesab edirik ki, xarici jurnallara yazılmaq və xarici ezamiyyət xərclərinin akademiyanın smetasına ayrıca maddə ilə daxil olunması müsbət nəticə verərdi.
Tədqiqi problemlərin həlli üçün isə avadanlıqlara və bahalı tədqiqat materiallarına böyük ehtiyac vardır. Bu problemlərin və bir çox başqa problemlərimizin həllində möhtərəm Prezident, Sizin yaratdığınız Elmin İnkişaf Fondunun böyük rolu olacağı şübhəsizdir. Məhz həmin fondun birbaşa dəstəyi nəticəsində bölməmizin Fizika İnstitutu tamamilə innovasiya - inkişaf yoluna qədəm qoymuş, nəticədə İnstitutda Sizin tərəfinizdən prioritet istiqamətlər sırasına daxil edilmiş nanotexnologiya, enerjiqənaətli texnologiya, alternativ enerji mənbələri və kvant informasiya texnologiyalarının inkişafına yönəlmiş böyük həcmli pilot layihəsinin həyata keçirilməsinə başlanmışdır.
Mən burada möhtərəm Prezidentimizin akademiyamıza başqa bir böyük dəstəyi haqqında deməyə bilmərəm. Sizin, möhtərəm cənab Prezident, iki sərəncamınız əsasında faktik olaraq Şamaxı Astrofizika Rəsədxanası yenidən qurulub. Hazırda nəzərdə tutulmuş işlərin demək olar ki, 80 faizi yerinə yetirilmişdir. Bu yeniliklərin nəticəsində bizim rəsədxana dünyanın ən müasir rəsədxanalarından biri olacaqdır.
Möhtərəm cənab Prezident, Siz böyük bir dahinin, unudulmaz Prezidentimizin, ulu öndərimizin həyat məktəbini keçmisiniz. O dahi insan həmişə Azərbaycan elminin, Azərbaycan Elmlər Akademiyasının, alimlərimizin dəstəyi və himayədarı olmuşdur. Siz bu sahədə də ulu öndərimizin layiqli davamçısısınız. Buna görə də biz bu gün Sizin ümumi iclasımıza gəlməyinizdən ruhlanaraq ürək sözlərimizi, arzu və istəklərimizi söyləyirik.
Bu gün Sizin rəhbərliyiniz altında Bakıda və bütün başqa şəhər və kəndlərimizdə yollarımızın, körpülərimizin necə gözəlləşdiyini, müasirləşdiyini görməmək mümkün deyildir. Sizin bu gün söylədiyiniz məsələləri də layiqincə yerinə yetirmək üçün aydan-aya, ildən-ilə Sizin dəstəyinizlə, akademiyamızın da gücləndirilməsini arzu edərək diqqətinizə görə təşəkkür edirəm.
Akademik Vaqif Fərzəliyevin çıxışı
- Möhtərəm cənab Prezident!
Hörmətli akademiya üzvləri!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Cənab Prezident! Akademiyanın, eyni zamanda respublikanın digər elm mərkəzləri tərəfindən 2010-cu ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri Sizə təqdim olunub. Ona görə mən Sizin iştirakınızdan istifadə edərək istərdim, bir neçə problemə Sizin diqqətinizi cəlb edim.
Azərbaycan neft ölkəsi olduğu üçün respublikamızda kimya elmi başqa elmlərlə müqayisədə, xüsusilə neft emalı və neft kimyası sahəsində tarixən öz inkişafını tapmışdır. Sonralar kimya elminin digər istiqamətləri də inkişaf etməyə başlamışdır.
Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin elmi müəssisələri öz fəaliyyəti dövründə xeyli işlər görmüş və bir sıra prosesləri Azərbaycanın və keçmiş SSRİ məkanının bir çox neft emalı zavodlarında, neft-kimya və kimya komplekslərində tətbiq etmişdir.
Hazırda akademiyanın kimya elmləri bölməsində 4 elmi-tədqiqat institutu fəaliyyət göstərir ki, onlar kimya elminin prioritet istiqamətləri üzrə həm fundamental, həm də tətbiqi xarakterli elmi işlər aparırlar.
Möhtərəm Prezident, Mahmud müəllim qeyd etdiyi kimi, Sizin "Azərbaycan Respublikasında neft-kimya sənayesinin yenidən qurulması haqqında" Sərəncamınızın icrası ilə əlaqədar kimya elmləri bölməsinin alimləri aidiyyəti qurumlarla birlikdə respublikanın neft-kimya kompleksinin yenidən qurulması, mərhələli inkişaf konsepsiyasını işləyib hazırlamış və Nazirlər Kabinetinə təqdim etmişlər.
Kimya institutlarından biri - Kimya Problemləri İnstitutu akademiya şəhərciyində, ikisi - Neft-Kimya Prosesləri İnstitutu və Aşqarlar Kimyası İnstitutu Bakının digər hissələrində, Polimer Materialları İnstitutu isə Sumqayıt şəhərində yerləşir.
Qeyd olunan institutların üçündə - Kimya Problemləri, Neft Problemləri və Aşqarlar Kimyası institutlarında əsaslı təmir işləri aparılır. Bununla əlaqədar Sizə, cənab Prezident, kimyaçı alimlər adından öz dərin minnətdarlığımı bildirirəm.
Cənab Prezident, Siz Kimya Problemləri İnstitutunda əsaslı təmir işlərinin gedişi ilə tanış oldunuz.
Fürsətdən istifadə edərək Sizdən xahiş edirəm ki, Sumqayıtda yerləşən Polimer Materialları İnstitutunun 1966-cı ildə istismara verilmiş binasının da əsaslı təmir olunmasına göstəriş verəsiniz.
Kimya elmləri bölməsi alimlərinin əksəriyyəti yüksək elmi səviyyəyə malikdir. Bu da onların elmi əsərlərinin dünyanın nüfuzlu jurnallarında çap olunması, beynəlxalq qrantların əldə edilməsi və aparıcı ölkələrin alimləri ilə birgə layihələrin yerinə yetirilməsi ilə təsdiq olunur. Lakin cənab Prezident, bildiyiniz kimi alimlərimizin işinin səmərəsinə gəldikdə qeyd etmək istərdim ki, kimyaçıların fəaliyyətinin nəticələri yalnız otaqların təmiz və lazımi səviyyədə təmir edilməsi ilə deyil, həm də zəruri cihaz və avadanlıqla təchiz edilməsi ilə müəyyən olunur. Hazırda bu institutlarda istifadə olunan cihaz və avadanlığın çoxu həm fiziki, həm də mənəvi cəhətdən köhnəlmişdir.
Son illər, cənab Prezident, Siz böyük diqqət göstərərək akademiyanın təşkilatlarının elmi-texniki bazasının möhkəmlənməsi ilə bilavasitə məşğulsunuz və bu işlər öz bəhrəsini göstərir. Lakin bununla əlaqədar, möhtərəm Prezident, Sizdən xahiş edirəm ki, bizim kimya institutlarının da əsaslı təmiri ilə yanaşı, elmi-texniki bazasının möhkəmləndirilməsinə, müasir elmi cihaz və avadanlıqla təmin olunmasına indidən belə də kömək göstərəsiniz.
Milli Elmlər Akademiyasını son dərəcə narahat edən bir məsələyə də toxunmaq istərdim. O da istedadlı gənc mütəxəssislərin akademiyaya axınının çox zəif olmasıdır.
Bildiyiniz kimi, gənc alimlər elmin gələcəyini təmin edənlər və yeni ideyaların daşıyıcılarıdır.
Heç kimə sirr deyildir ki, Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin yaşı artıq orta yaş həddindən yuxarıdır.
İstedadlı gənclərin elmə gəlməməsinin əsas səbəbi sosial məsələlərin lazımi səviyyədə olmamasıdır.
Bu məsələnin həllinə bir amil də öz mənfi təsirini göstərir. O da gənc mütəxəssislərin doktoranturadan hərbi xidmətə çağırılmasıdır.
Cənab Prezident! Xahiş edirəm, bu məsələnin də həllinə kömək göstərəsiniz.
Axırda mən istərdim, 2010-cu ildə AMEA-nın təşkilatları və respublikanın digər elmi mərkəzləri tərəfindən görülən işlər haqqında Mahmud müəllimin hesabat məruzəsini qəbul edək və hesabatı qənaətbəxş hesab edək.
Sağ olun!
{nl}
Akademik Bəkir Nəbiyevin çıxışı
- Möhtərəm cənab Prezident!
Akademiyamızın üzvləri və qonaqlar !
Bildiyiniz kimi Vətənimiz son çağlarda böyük iradə nümayiş etdirərək hərtərəfli inkişafın yeni mərhələsinə qalxmışdır. Nankor qonşumuz Ermənistanın və digər gözü götürməyənlərin acığına Azərbaycan bu gün böyük tərəqqinin şahrax yolunda öz müstəqil dövlətini əzmkarlıqla qorumaq iqtidarında olan, xarici ölkələrlə dostluq münasibətlərini getdikcə daha da genişləndirən, lakin heç bir xarici dövlətin kölgəsinə sığınmayan, həqiqətən də azad, sərbəst bir ölkədir. Biz, Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri və əməkdaşları fəxr edirik ki, əsası ümummilli liderimiz, böyük azərbaycanlı və azərbaycançı Heydər Əliyev tərəfindən qoyulan, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən xüsusi bir qətiyyətlə, işgüzarlıqla davam və inkişaf etdirilən bu qarşısıalınmaz prosesin şahidi və iştirakçılarıyıq. Həmin uğurlu prosesin mühüm tərkib hissələrindən biri kimi akademiyada və respublikanın digər uyarlı qurumlarında 2010-cu ildə görülmüş əsas elmi-tədqiqat işləri haqqında akademik Mahmud Kərimovun hesabatında ətraflı məlumat verildi. Yeri gəlmişkən mən də təklif edirəm ki, ümumi yığıncaq bu hesabatı təsdiq etsin.
Nizami adına Ədəbiyyat İnstitutu üçün ilin ən əlamətdar hadisəsi yeni çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin üçüncü cildinin çap olunub elmi-ədəbi ictimaiyyətə, oxuculara çatdırılmasıdır. Ölkəmizdə ədəbiyyat tarixinin yaradılması son yüz ildə filologiya elmimizin ən əlamətdar hadisələrindən biridir. Ümumiyyətlə, ədəbiyyat tarixləri tez-tez yazılmır və onların meydana gəlməsi ölkənin və xalqın tarixində müəyyən inkişaf və intibahla bağlı olur. Bu, elmimizin tarixində dördüncü ədəbiyyat tarixidir, həm də hər cür ideoloji basqıdan azad, məhz azərbaycançılıq mövqeyindən yazılmış ilk ədəbiyyat tariximizdir.
Alimlərimiz keçən il ədəbiyyatşünaslıq elminin vacib problemlərinə dair aktual mövzularda 33 adda kitab nəşr etdirmişlər. Bu əsərlərdən biri "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" monoqrafiyası üçün institutumuzun beş əməkdaşı - müxbir üzv Teymur Kərimli, professor Məhərrəm Qasımlı, professor Nizaməddin Şəmsizadə, dosent Nikpur Cabbarlı, Macarıstandakı səfirimiz professor Vilayət Quliyev və mən Azərbaycan Respublikasının dövlət mükafatına layiq görülmüşük. Bu münasibətlə xüsusi sərəncama öz mübarək imzasını qoymuş hörmətli Prezidentimizə həmkarlarımız adından dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Keçən il xaricdə buraxdığımız sanballı bir nəşrin ancaq adını çəkirəm: "Bojestvennıye slova: folklornıye i literaturnıye pamyatniki Azerbaydjana", Moskva, İzdatelstvo "Xudojestvennaya literatura". Daha bunun ətraflı təqdim və təhlilinə imkan yoxdur.
Bizdə hesabat ilinin əlamətdar hadisələrindən biri də böyük müvəffəqiyyətlə keçmiş humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri, metodoloji məsələləri mövzusunda beynəlxalq elmi konfransdır. Azərbaycan alimləri ilə yanaşı Türkiyə, Rusiya, Özbəkistan, İran və digər xarici ölkələrin nüfuzlu mütəxəssislərinin də qatıldığı bu elmi tədbir institutun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin təşəbbüsü ilə təşkil edilmişdir.
Ümumi yığıncaq əlamətdar bir vaxtda, ölkəmizdə dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi illiyi ərəfəsində keçirilir. Bu barədə möhtərəm Prezidentimizin xüsusi sərəncamını hamımız oxumuşuq. Dövlətçiliyimizin tərəqqi dolayları çox mühüm tarixi uğurlarla əlamətdardır. Onların arasında meydana gəlməsində bizim əməkdaşların da müəyyən xidmətləri olan və indi hamının rahatca oxuya bildiyi Azərbaycan əlifbası ilə hər biri yüksək poliqrafik səviyyədə 25 min tirajla nəşr edilib ölkə kitabxanalarına hədiyyə olunmuş yüzlərlə bədii əsər, elmi əsər, növ-növ lüğətlər vardır. Redaksiya heyətinin sədri şəxsən cənab Prezidentin özünün olduğu Azərbaycan Milli Ensiklopediyasının ilk nəfis cildləri vardır.
Xanımlar və cənablar!
Prezidentin Akademiyanın hər iki binasına, milli tarix və milli ədəbiyyat muzeylərinə dəfələrlə gəlməsi, tarixi abidə olan həmin binaların əsaslı şəkildə təmir edilməsinə yüksək qayğı göstərməsi və bu qayğının parlaq nəticələri elm və mədəniyyətimizin qədrini bilən hər bir Azərbaycan vətəndaşının ürəyindən xəbər verir. Akademiya şəhərciyindəki binalar kompleksi, xüsusən onun mərkəzi binası da öz zamanının memarlıq abidəsidir və hazırda burada 2 mindən artıq alim əməkdaş çalışır. Mən fəxr edirəm və böyük məmnuniyyət duyğusu ilə etiraf edirəm ki, akademiya şəhərciyinin memarı, dünya miqyaslı sənətkar, Azərbaycan Elmlər Akademiyasının ilk həqiqi üzvlərindən biri Mikayıl Hüseynovun nəcib ruhu da bu gün bizə, öz xələflərinə qovuşub sevinir. Çünki cənab Prezident onun çox unikal layihəsinə münasibətdə vaxtilə yol verilən tarixi bir ədalətsizliyə yox demiş, bu gözəl abidənin sonuncu mərtəbəsində elmin ucalığının rəmzi olan dörd əzəmətli qülləni də dahi memarın ilkin layihəsində nəzərdə tutulduğu kimi bərpa etdirib cilvələndirmişdir. Saxlanclarındakı 5 milyonu aşan qiymətli kitablarla 50 minə yaxın oxucuya müəyyən darısqallığa baxmayaraq, həm də müasir elektron xidməti göstərən Mərkəzi elmi kitabxanamızın təzə binasının tikintisi haqqında akademik Mahmud Kərimovun dediklərinə mən də ürəkdən qoşuluram.
Hörmətli xanımlar və cənablar!
Bizim akademiyada 34 institut və öz mahiyyəti etibarilə instituta bərabər tutulan 7 elmi mərkəz vardır. Bu qurumların 14-ü, yəni üçdə birindən çoxu təkcə bizim bölməmizin tərkibində yer almaqdadır. Nəzərə alsaq ki, biologiya elmləri bölməsində 8, fizika, riyaziyyat və texnika elmləri bölməsində 7, kimya elmləri bölməsində 6, yer elmləri bölməsində isə 3 bu cür qurum fəaliyyət göstərir, onda bizim bölmə üçün 14 institut və instituta bərabər tutulan elmi mərkəz, əlbəttə çoxdur. Odur ki, bölmə üzvləri bir-biri ilə əlaqəsi olmayan mövzu və məsələləri birgə müzakirə etmək zorundadırlar. Bu deyilənlərə əsasən təklif edirəm ki, gələn fəaliyyət ilində ictimai-humanitar elmlər bölməsinin iki yerə bölünməsi məsələsinə baxılsın və həmin qurumlar belə adlandırılsın: humanitar elmlər bölməsi, ictimai elmlər bölməsi. Humanitar elmlər bölməsinə Ədəbiyyat, Dilçilik, Memarlıq və İncəsənət, Folklor institutları, Nizami muzeyi, Hüseyn Cavid muzeyi və Mərkəzi elmi kitabxana, cəmi yeddi qurum daxil edilsin. İctimai elmlər bölməsində isə Tarix, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq, Fəlsəfə və siyasi hüquqi tədqiqatlar, İqtisadiyyat, İnsan hüquqları institutları və Azərbaycan tarixi muzeyi, cəmi 7 qurum bərqərar olsun. Güman edirəm ki, belə olduqda yeni təşkil ediləcək hər iki bölmənin akademikləri, müxbir üzvləri yerlərdə aparılan elmi araşdırmalarla daha yaxından məşğul olmaq, onları daha düzgün istiqamətləndirmək və hər bir konkret sahə üzrə nüfuzlu, səriştəli məsləhətlər vermək imkanı əldə edəcək, bu da öz növbəsində səmərəli elmi-təşkilati uğurlara gətirib çıxaracaqdır.
Bir neçə kəlmə də son vaxtlar müəyyən dairələrdə süni surətdə gündəmə gətirilən Nizami Gəncəvinin milli mənəviyyatı, üzr istəyirəm, mənsubiyyəti məsələsinə dair.
Çox təəssüf ki, bəzi İran rəsmiləri hərdən böyük həqiqətlərə məhəl qoymadan, ölkə daxilində və xaricindəki çıxışlarında "Xəmsə"nin farsca yazıldığını və ancaq bunu əsas götürərək Nizamini İran şairi kimi qələmə verir və türk kökəmli dahi Gəncəvinin Azərbaycan şairi olduğunu danmağa çalışırlar. Bu yaxınlarda isə İranın uyarlı orqanları ölkədəki bəzi "Xəmsə" əlyazmalarını fars mədəniyyəti nümunəsi kimi YUNESKO-nun milli yaddaş reytinqində qorumağı xahiş etmişlər. Mənəvi irsin qorunmasına göstərilən qayğı əlbəttə təqdirəlayiqdir. Lakin bu münasibətlə Fransaya göndərilən müraciətdə Azərbaycan ədəbi klassikası nümunələrinin fars mədəniyyəti nümunələri kimi təqdim olunması bizi dərindən təəssüfləndirir. Axı böyük şairin türk oğlu və gəncəli olması barədə çoxsaylı etirafları onun əsərlərindəki gözəl nümunələrdə dönə-dönə özünün parlaq ifadəsini tapmışdır. Dünyanın ən qədim, böyük və qədim şəhərlərindən, mənalı rəmzlər daşıyan parlaq səyyarələrdən, planetlərdən də bəhs edəndə Nizami bütün bunlara hər şeydən əvvəl bir Azərbaycan oğlu, bir gəncəli kimi öz xüsusi nəzərləri ilə baxmış, doğma şəhərini ərşin sayrışan ecazkar ulduzlarına bərabər tutmuşdur.
Gəncə Harut, sehrli Babil deyil, bəs nədir
Ürəyim ulduzlara nur saçan bir zöhrədir.
Zöhrə kimi ucalıb nizam bürcünə Gəncə,
Onu belə ucaldan ülvi sözümdür məncə.
("Sirlər Xəzinəsi")
Bərdə nə gözəldir, ah nə qəşəngdir,
Yazı da, qışı da güldür, çiçəkdir.
("İsgəndərnamə" ) və s.
Şairimizin milli mənsubiyyətini şübhə altına almaq istəyən bəzi əcnəbi həmkarlarıma müraciətlə soruşuram. Mazandaran, Bəndərbuşi, hətta Tehran da buraya daxil olmaqla onlar hansı İran şəhərlərinin adlarını çəkə bilərlər ki, Nizaminin əsərlərindəki doğma Azərbaycan toponimləri kimi dərin məhəbbət və səmimiyyətlə tərənnüm edilmiş olsunlar?! İran müəlliflərinin ictimai fikrə zorla pərçim etdikləri yalanlara uyan bəzi digər ölkələrin ensiklopediyalarında da Nizaminin milli mənsubiyyəti məsələsində ciddi təhriflərə yol verilir. Bu ensiklopediyaları nəzərdən keçirən Gəncə Regional Elmi Mərkəzi indi həmin qurumlara yerli-yataqlı məktublar göndərərək, onları öz sorğu kitablarının gələcək nəşrlərində aradan qaldırmağı tövsiyə edir. Bəs böyük sənətkarımızı doğma xalqından ayırmaq istəyənlərin qərəzli iddialarına biz daha nə ilə, yaxud necə cavab verməliyik?
Belə hesab edirəm ki, ölkəmizin yalnız ədəbiyyatçıları deyil, tarixçi, dilçi, sənətşünas, şərqşünas, filosof, etnoqraf, muzeyçi və digər alimləri də Nizami yaradıcılığının aktual problemlərini yeni təfəkkür işığında və daha dərindən araşdırmaq üçün fundamental tədqiqatlara cəlb edilməli, onların ən yaxşılarının potensialı əsasında Ədəbiyyat İnstitutunda, yaxud elə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində ayrıca bir Nizami mərkəzi yaradılmalıdır. Bu mərkəzin mühüm elmi nəticələri ən azı Azərbaycan, fars, rus, ingilis dillərində müntəzəm olaraq nəşr edilib yayılmalı, uyarlı internet saytlarında yerləşdirilməlidir. Ədəbiyyat İnstitutunda yüksək ixtisaslı mütəxəssislər tərəfindən hazırlanmış qiymətli filoloji tərcümələr əsasında Nizami "Xəmsə"sinin bütün nümunələrini ana dilimizə yenidən şeir ilə tərcümə etməyi möhtərəm Prezidentimiz, dövlət, istedadlı və təcrübəli Azərbaycan şairlərinə sifariş verməli, bu poetik tərcümələr kütləvi tirajla nəşr edilib ölkəmizdə və dilimizin anlaşıldığı yaxın, uzaq xarici ölkələrdə yayılmalıdır. "Xəmsə"nin ayrı-ayrı ən populyar süjetlərini, əsrlər boyu onlara çəkilən çox zərif miniatürlərlə süslənmiş şəkildə vaxtilə görkəmli sənətşünasımız, müxbir üzv Kərim Kərimovun Moskvada buraxdırdığı "Müzəyyən kitablar" kimi nəşr etmək lazımdır. Nəhayət üç ildə bir dəfədən az olmayaraq Bakıda başlanıb Gəncədə öz işini davam etdirəcək beynəlxalq Nizami simpoziumları çağırılmalı, dünya Nizamişünaslığının aparıcı nümayəndələri bu tədbirlərə dəvət olunmalı, həmin elmi forumların nəticələri sanballı kitablar kimi bir neçə dildə nəşr edilməlidir. Diqqətiniz üçün sağ olun!
* * *
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının hesabatı səsə qoyularaq təsdiq edildi.
AMEA-nın Rəyasət Heyətinin işi də qiymətləndirilmək üçün səsə qoyuldu və qənaətbəxş hesab olundu.
Dövlətimizin başçısı akademiyanın illik ümumi yığıncağında yekun nitqi söylədi.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.