Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir

Prezident İlham Əliyev yığıncaqda iştirak etmişdir

{nl}

Aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının binası ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış oldu.
Akademiyanın prezidenti Mahmud Kərimov bildirdi ki, ərazidə fəaliyyət göstərən Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında yenidənqurma işləri görülmüş, binalar təmir olunmuş, geniş yaşıllıq zolağı salınmışdır. 2007-ci ilin sonundan başlanan təmir və yenidənqurma tədbirlərinin tamamlandığı, iş otaqlarının zəruri avadanlıqla təchiz olunduğu, akademiya işçilərinin elmi fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı qeyd edildi.
Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini və aparılmış təmir işlərini əks etdirən fotolara baxdı.
Bildirildi ki, dövlətimizin başçısının qayğısı sayəsində paytaxtın gözəl memarlıq nümunəsi olan Azərbaycan Milli Elmlər Akademiyasının binası yenidən möhtəşəm görkəmi ilə Bakıya yaraşıq verir.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirildi.
Yığıncağı AMEA-nın prezidenti Mahmud KƏRİMOV giriş sözü ilə açaraq dedi:
- Möhtərəm cənab Prezident!
Sizin Bakı şəhərinin unikal memarlıq incisi sayılan Azərbaycan Milli Elmlər Akademiyası binasının əsaslı təmir və yenidən qurulmasından sonra onun açılış mərasimində iştirakınız, həmçinin əlamətdar hadisə olan akademiyanın illik ümumi yığıncağına gəlişiniz ölkəmizin elmi ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.
Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının böyük bir hissəsi keçən əsrin 60-cı illərində görkəmli memar, akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilmiş bu binada yerləşir. Bu bina uzun illər ölkəmizin elm məbədgahı funksiyasını yerinə yetirmişdir. Sizin xüsusi tapşırığınıza əsasən bu möhtəşəm binada 2007-ci ilin sonundan əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdır. Budur, artıq bu bina klassik memarlıq xüsusiyyətləri ilə modern memarlıq üslubunu özündə birləşdirən möhtəşəm bir sənət abidəsi kimi yenidən alimlərin ixtiyarına verilir.
Xüsusi olaraq qeyd etmək istərdim ki, son illərdə akademiyanın elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, binalarının əsaslı təmiri və yenidən qurulması intensiv hal almışdır. Sizin birbaşa göstərişiniz əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının, Milli Azərbaycan Tarixi Muzeyinin, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin əsaslı təmirini misal gətirmək olar. Buna görə mən Akademiyanın çoxsaylı kollektivi, bütövlükdə, respublikamızın elmi ictimaiyyəti və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm.
Ümummilli liderimiz Heydər Əliyevin həm sovet hakimiyyəti, həm də müstəqillik illərində elmin inkişafı sahəsində yeritdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası qorunub saxlanılmış, fəaliyyət dairəsi xeyli genişləndirilmiş, səlahiyyətləri artırılmışdır. Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından onun qarşısında mühüm vəzifələr qoyulmuşdur.
Cənab Prezident!
Siz digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli liderimiz Heydər Əliyevin ənənələrini davam etdirir, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edirsiniz. Sizin Akademiya işçilərinin maddi rifah halının yaxşılaşdırılmasına, onun strukturunun təkmilləşdirilməsinə, milli cəmiyyət və demokratik dövlət quruculuğu işində elmi potensialdan istifadəyə yönəlmiş sərəncamlarınız bunun bariz nümunəsidir.
Siz Milli Elmlər Akademiyasının ölkəmizin iqtisadi, sosial və mədəni inkişafında, elmi kadrların hazırlanmasında rolunu, həmçinin akademiya əməkdaşlarının yaradıcı əməyini qiymətləndirərək onların bir çoxunu müstəqil Azərbaycanın orden, medal və fəxri adları ilə təltif etmisiniz.
Cənab Prezident!
Hazırda respublikanın ictimai həyatında əlamətdar hadisələrdən biri Sizin xüsusi sərəncamınızla təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirminci ildönümünün təntənəli şəkildə qeyd edilməsidir. Siz yubiley tədbirlərinin həyata keçirilməsi üçün digər dövlət orqanları ilə bərabər akademiyanı da tədbirlərin icrası üzrə məsul təşkilat kimi müəyyənləşdirmisiniz. Bunu Sizin tərəfinizdən akademiyaya göstərilən böyük etimad hesab edirik.
Sizin akademiyaya xüsusi diqqət və qayğınız, bu sahədə həyata keçirdiyiniz siyasət, bu siyasətin göstəricisi olan əməli addımlarınız Akademiyanın çoxsaylı kollektivi qarşısında yeni vəzifələr qoyur. Hazırda Azərbaycan elmi Sizin Sərəncamınızla təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın prinsiplərinə və tələblərinə uyğun fəaliyyət göstərir.
Möhtərəm cənab Prezident!
Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycan Milli Elmlər Akademiyasının 2010-cu il aprelin 29-da keçirilmiş illik ümumi yığıncağından sonra akademiyanın yeddi üzvü dünyasını dəyişmişdir.
Bunlar akademik Fuad Qasımzadə, akademik Toğrul Şahtaxtinski, akademik Musa Musayev, akademik Cəmil Quliyev, akademik Məhəmməd Emin Şahtaxtinski, akademiyanın müxbir üzvü Səlim Musayev, akademiyanın müxbir üzvü Zemfira Verdiyevadır. Xahiş edirəm, akademiya üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Akademiyanın vəfat etmiş üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
M.Kərimov sözünə davam edərək dedi ki, bu gün biz bu salona Azərbaycan Milli Elmlər Akademiyasının 2010-cu ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabatı müzakirə etmək üçün toplaşmışıq.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş siyahı tərkibi 53 həqiqi üzvdən (akademik) və 106 müxbir üzvdən ibarətdir. İclasda 49 akademik və 95 müxbir üzv iştirak edir. Bu, o deməkdir ki, yetərsay vardır. Beləliklə, iclas öz işinə başlamağa səlahiyyətlidir.
Ümumi iclasın gündəliyində bir məsələ vardır: Azərbaycan Milli Elmlər Akademiyasının 2010-cu ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat.
Gündəlik səsə qoyuldu və qəbul olundu, reqlament müəyyənləşdirildi.
Akademiyanın prezidenti sözünə davam edərək bildirmişdir ki, 2011-ci il olduqca əlamətdar bir ildir. Məhz bu ildə bizim dövlət müstəqilliyinin bərpasının 20 ili tamam olur. Bu 20 ilə nəzər salaraq, böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onun ictimaiyyətlə ilk görüşü Elmlər Akademiyasında keçirilmişdir. Əgər hakimiyyət Milli Elmlər Akademiyasını xalqımızın milli sərvəti sayırdısa, akademiya da daim Azərbaycan dövlətçiliyini göz bəbəyi kimi qorumağa çalışırdı.
Biz müxtəlif formatda cənab Prezidentlə elmin problemlərini müzakirə etmişik. Prezidentimiz Milli Elmlər Akademiyasının illik yığıncağında iştirak edir.
İcazə verin, hamınızın adından ali qonağı bir daha salamlayım və onu çıxış üçün tribunaya dəvət edim.
Prezident İlham Əliyev yığıncaqda giriş nitqi söylədi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında