Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun həmtəsisçisi və sədri Orxan ƏKBƏROV xaricdə təhsil alan məzunların ali təhsil məktəblərinə tədris işinə cəlb olunması məsələlərindən danışdı:
-Azərbaycan gənclərinin xaricdə təhsil almalarına gənclərimiz bir xülya kimi baxırdılar. İndi isə Sizin imzaladığınız Fərmanla təsdiqlənmiş Dövlət proqramı çərçivəsində dünyanın 24 ölkəsinin 200-dən çox ən yaxşı universitetlərinə azərbaycanlı tələbələr təhsil almağa gedirlər. Ümumiyyətlə, hazırda dünyanın 30-dan çox ölkəsində azərbaycanlı gənclər təhsil almaqdadırlar. Onların bir qismi təhsilini bitirdikdən sonra orada qalıb işləyir, digərləri isə Azərbaycana qayıdır. Mən konkret olaraq bəzi məsələlərə öz münasibətimi bildirmək istəyirəm. Bu gün xaricdə təhsil alan Azərbaycan gəncləri pərakəndə şəkildə azlığı deyil, intellektual çoxluğu təşkil edirlər. Düşünürəm ki, bu fürsətdən maksimum şəkildə istifadə edərək, onların intellektual bacarıqlarını və qabiliyyətlərini Azərbaycanımızın inkişafı üçün, gələcəyi üçün düzgün istiqamətləndirə bilməliyik. Bu, nədən ibarətdir? Az öncə toxunulan məsələ Azərbaycanda təhsilin inkişafı məsələsi. Dövlət proqramı xətti ilə xaricə göndərilən tələbələr geri qayıtdıqdan sonra 5 il dövlət orqanlarında çalışmalıdırlar. Mənə elə gəlir ki, buna bir əlavə olaraq onların Azərbaycanda ali təhsil ocaqlarında dərs demələri də nəzərdə tutulsa, bu, təhsilimizin inkişafına çox gözəl töhfələr verə bilər. Mənim dostlarımdan bir çoxları var ki, bu gün Azərbaycanın bir çox universitetlərində həqiqətən çox uğurla dərs deyirlər. Bu, ilk təklifimdir.
Digər təklifim, cənab Prezident, Bakıda gənclər mərkəzinin açılmasına böyük ehtiyac var. Bu ehtiyacı belə açıqlaya bilərəm: Azərbaycanda bir çox fəal gənclər təşkilatı var və onların heç də həmişə maddi imkanı olmur ki, bir hoteldə konfrans zalını kirayə edib tədbir keçirsinlər. Əslində bizə bir çox şey verəcək tədbirlər maliyyə problemləri üzündən təxirə salınır. Bütün bunlar olmasın deyə, ümumiyyətlə gənclərimiz asudə vaxtlarını dəyərləndirsin deyə, sürətli internetlə təchiz olunmuş, beynəlxalq və yerli tədbirlərimizi keçirə biləcəyimiz konfrans və iclas zallarının olduğu və hətta xaricdən qonaqlarımız gəldikdə onları yerləşdirə biləcəyimiz Gənclər Mərkəzinin tikilməsi çox yaxşı olardı. Məsələn Strasburqdakı İnternational Youth Center kimi.
Digər təklifim bundan ibarətdir ki, xaricdə biz bir çox tədbirlər keçiririk. Əlbəttə ki, böyük tədbirləri Gənclər və İdman Nazirliyi maliyyələşdirir. Amma elə hallar olur ki, biz mütləq ona qarşı cavab tədbiri keçirməliyik, lakin maliyyə məsələlərinə görə baş tutmur. Mənə elə gəlir ki, bunu dediyiniz Gənclər Fondu tərəfindən aktiv maliyyələşmə, - yəni uzun sənədləri doldurmaq vasitəsilə deyil, - yolu ilə həll etmək olar.
Son olaraq demək istədiyim bir məsələ var. Cənab Prezident, Sizinlə ilk görüşümüzdə - 2009-cu ilin martında mən hərbi geyimdə idim, əlimdə silah vardı. Bu gün Sizin qarşınızda əlimdə qələmlə, əynimdə kostyumlayam. Amma əmin ola bilərsiniz ki, Siz bizim yalnız Prezidentimiz deyil, həm də Ali baş komandanımızsınız. İstədiyiniz vaxt biz Qarabağ problemini həll etməyə hazırıq. Hər zaman əlimizdəki qələm silahla, əynimizdəki kostyum hərbi geyimlə əvəz oluna bilər. Sağ olun.
Prezident İlham ƏLİYEV:
- Çox sağ ol, bu məsələləri biz proqramda nəzərə almalıyıq. Bakıda Gənclər Mərkəzinin tikintisi ideyası mənim xoşuma gəlir. Hesab edirəm ki, bu, yaxşı layihə ola bilər. İndi siz qeyd etdiniz Strasburqda belə bir mərkəz var, yəqin ki, başqa paytaxtlarda da var. Onların təcrübəsini öyrənməliyik, bəlkə layihə də hazırlansın. Əsas odur ki, bu mərkəz funksional baxımdan səmərəli olsun, - orada hansı tədbirlər keçiriləcəkdir. Maliyyə məsələlərini də həll edə bilərik. Gələn ilin büdcəsində nəzərdə tutula bilər ki, belə bir mərkəz tikilsin. Gənclər Fondu ilə əlaqədar təklifinizlə bağlı mən də hesab edirəm ki, burada çeviklik çox vacibdir. Yəni biz bürokratik əngəllərdən uzaq olmalıyıq və vəsait səmərəli şəkildə istifadə olunmalıdır. Ona görə ki, xaricdə keçirilən tədbirlərin xüsusi əhəmiyyəti var. Hazırda bizim xarici ölkələrdəki səfirliklərimizin sayı da artıbdır, 50-dən yuxarı səfirlik var. Onların əksəriyyəti son illər ərzində yaradılmışdır. Eyni zamanda, diaspor təşkilatlarının formalaşmasında müəyyən addımlar atılmışdır. Hazırda biz istənilən paytaxtda istənilən aksiyanı keçirə bilərik. Bizim diaspor təşkilatlarımız və xaricdə oxuyan gənclərimiz də fəal iştirak edirlər. Mən bunu alqışlayıram və belə də olmalıdır.
Xaricdə oxuyan gənclərin sayı artmaqdadır və dövlət tərəfindən ayrılan vəsait də artır. Əgər birinci illərdə on milyon manat nəzərdə tutulmuşdusa, bu il bu məbləğ 15 milyon manatdır. Lazım olanda biz bu məbləği artıracağıq ki, bu proqramı davam etdirək. Bilirsiniz ki, bu proqram Dövlət Neft Fondunun xətti ilə icra edilir. Dövlət Neft Fondunun xətti ilə icra edilən layihələr xüsusi əhəmiyyət kəsb edən layihələrdir. Xaricdə gənclərin oxuması layihəsi proqrama daxil edilərkən biz öz niyyətimizi göstərmişik. Çünki doğrudan da hazırda xaricdə oxuyan gənclərin həm təhsil səviyyəsi, həm peşəkarlığı müsbət cəhətdən fərqlənir. Məqsəd ondan ibarətdir ki, - hesab edirəm ki, burada bu barədə fikir ayrılığı yoxdur, - Azərbaycanda təhsilin səviyyəsi o qədər yüksək olsun ki, o fərq aradan qalxsın.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri Gülsel SƏFƏROVA ideoloji baxımdan gənclərin qarşısında duran məsələlərdən danışdı:
-Zənnimcə, bütün burada deyilənlərin üst qatında ideoloji aspektlər durur. Cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi, dövlətçilik, azərbaycançılıq, milli mənəvi dəyərlərə sahib çıxma özündə bir ideologiya formalaşdırır. Düşünürəm ki, bu gün Azərbaycan gəncliyində kifayət qədər potensial var. Eyni zamanda, dövlətin də kifayət qədər potensialı var ki, Azərbaycan gəncliyi modelini dünyaya çıxaraq. Avropaya inteqrasiya təşkilatı olaraq biz və eyni zamanda, digər gənclər Avropada qurumlarda təmsil olunuruq, Azərbaycanın haqq və ədalət səsini dünyaya çıxarırıq. Belə bir anda Azərbaycan gənclik modelinin formalaşdırılıb dünyaya təqdim edilməsi, düşünürəm ki, çox mütərəqqi hal olardı. Onu da qeyd edim ki, artıq bu model formalaşmağa doğru gedir, sadəcə, bunda azərbaycançılıq ideologiyasının hökm sürməsi daha yaxşı olardı. Belə bir anda mən çox istərdim ki, Azərbaycan gəncliyində intellektual təhlükəsizlik formalaşsın. İntellektual təhlükəsizlik özündə keyfiyyətli düşünməni ehtiva edir. Bir neçə on illər öncə Azərbaycanda fundamental elmlərlə bağlı böyük işlər görülüb. Bizim komanda belə düşünür ki, bu fundamental elmlərin daha da inkişafı sayəsində keyfiyyətli düşünmənin yeni mərhələsi başlayacaqdır. Bunun nəticəsində isə intellektual təhlükəsizlik formalaşacaq, biz öz sözümüzü intellektual gücümüzlə deyə biləcəyik. Burada mən konkret təklif vermək istəyirəm. İlk addım kimi biz belə düşünürük, bir ixtiraçılıq mərkəzinin, ixtiraçılıq institutunun açılması yaxşı olardı. Çünki düşünürəm ki, Azərbaycan həm sosial, iqtisadi, elmi, siyasi potensialına görə fərqlənən bir dövlətdir. Burada Azərbaycan gəncinin üzərinə düşən əsas məsələ iddiadır. Misal üçün, mən çox istərdim ki, Azərbaycan yaxın 20 il ərzində Yaxın Şərqin düşünmə mərkəzi olsun. Çünki biz o potensiala malikik. Baxın, burada nə qədər potensiallı gənclər var. Əlbəttə, 4-5 il ərzində ilkin addımlar atılarsa, düşünürəm ki, 10 ildən sonra biz istədiyimiz nəticəni əldə edəcəyik.
İkinci bir məsələ barədə qısaca demək istəyirəm. Burada yəqin regionlardan gələn gənclər də var, yəqin onlar da danışacaqlar. İstər paytaxt gəncləri, istərsə də region gəncləri olsun, bu Azərbaycan gəncliyidir. Amma bu gün paytaxt gəncliyində daha çox fəallıq müşahidə olunur. Bunu Siz də görürsünüz. Biz bir neçə illərdir region gəncləri ilə kifayət qədər iş təcrübəsinə malik təşkilatıq.
Əgər biz 3 milyon gəncdən danışırıqsa, onun demək olar ki, əksəriyyəti region gəncləridir. Mən region gəncləri üçün bir forumun keçirilməsini təklif edirəm.
Prezident İlham ƏLİYEV:
- Çox sağ olun, sizin təklifinizi də nəzərə alacağıq. Region gəncləri ilə bağlı təklifiniz dəyərlidir. Xüsusilə Azərbaycanı intellektual mərkəzə çevirmək təklifinizi qeyd etmək istəyirəm ki, doğrudan da, belə imkanlar var və biz buna çalışmalıyıq. Mən yenə də demək istəyirəm ki, biz özümüzü həm dünyaya olduğumuz kimi təqdim etməliyik, həm də ən önəmlisi, ölkə daxilində işlər elə qurulmalıdır ki, Azərbaycanın potensialı daha da güclənsin. Bu potensial isə ilk növbədə intellektual potensialdır. Əgər o dediyiniz ixtiraçılıq mərkəzi yaranarsa və yaxşı nəticə verərsə, bu, əlbəttə ki, ölkəmiz üçün böyük töhfə ola bilər. Hesab edirəm ki, biz bu dəyərli təklifləri mütləq proqramda nəzərə almalıyıq.
Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasından, gənclərin fəaliyyətindən və gənclər proqramı ilə bağlı maliyyə məsələlərindən danışan Milli Məclisin deputatı Ceyhun OSMANOV deputat seçildiyi rayonun problemlərinə toxunaraq dedi:
- Mən Milli Məclisə Sabirabad rayonundan deputat seçilmişəm. İndi seçicilər televizorda izləyirlər ki, onların deputatı cənab Prezidentlə görüşür və rayonun müəyyən problemlərini diqqətə çatdırmasam, əlbəttə ki, bunu çox mənfi dəyərləndirərlər. Oradakı gənclərin bir xahişi vardır. Kənd gənclərinin həyatında məktəb ən önəmli infrastrukturdur. Onların həm təhsili, həm mədəni, həm idman həyatı məktəblə bağlıdır. Siz çıxışınızda qeyd etdiniz ki, Azərbaycanda qəzalı məktəb probleminə son qoyulacaqdır. Təəssüflə qeyd edirəm ki, mənim seçildiyim rayonda da qəzalı məktəblər vardır. Onların bərpası kənd camaatının ürəyincə olardı. Kənd yerlərində gənclərin işlə təminatda problemləri daha çoxdur. Biz çalışmalıyıq ki, kəndlərimiz boşalmasın, gənclər iş dalınca şəhərə gəlməsin. İri aqrar layihələr hazırlanıb həyata keçirilsə, bu problem həll oluna bilər. Məsələn aran rayonunun həmişə ən böyük gəlir mənbəyi pambıqçılıq olub. İndi ölkəmizin inkişaf prioritetlərinə uyğun yeni böyük aqrar layihələr reallaşdırılsa, kənd gəncliyi torpağa bağlanar, bilər ki, onun həyatını stimullaşdıran mexanizmlər vardır. Daha bir məsələ də gənclərlə bağlıdır. Əslində, ölkədə çox böyük siyasi iradə ortaya qoyuldu. Azərbaycanda bələdiyyə seçkilərində seçicilər gənclərin təmsilçiliyinə üstünlük verdilər. Gənclər bələdiyyə seçkilərində uğura nail oldular. Əlbəttə, bu gəncliyə inam və etimadın təzahürüdür.
Prezident İlham ƏLİYEV:
- Qəzalı məktəblərin təmiri ilə bağlı konkret proqram vardır. Bizdə qəzalı məktəblərin sayı haradasa, 200-300 civarındadır və onların hamısını yenidən qurmaq, tikmək, təmir etmək müəyyən vaxt aparacaqdır. Hesab edirəm ki, ən real müddət 2 ildir. Biz 2011-ci və 2012-ci illərdə qəzalı məktəblərin təmiri ilə məşğul olacağıq, onların hamısını yüksək səviyyəyə çatdıracağıq.
Hesab edirəm ki, hər bir millət vəkili əlbəttə, seçildiyi dairədə gedən işlərlə məşğul olmalıdır. Belə olan halda regionlarda işlər daha da sürətlə gedəcəkdir. O ki qaldı, ölkəmizin inkişaf etmiş ölkələrin sırasına daxil olması ilə əlaqədar məsələyə, mən tam əminəm ki, biz bu məqsədə çatacağıq. Mən qarşımıza bu məqsədi qoymuşam. Deyə bilərəm ki, dünyada sözün əsl mənasında, inkişaf etmiş ölkələrin sayı çox deyildir. Ancaq mən hesab edirəm ki, nə üçün Azərbaycan onların sırasında olmasın?! Çünki bizdə bütün imkanlar vardır. Birincisi siyasi iradə vardır. Bu məqsədə nail olmaq üçün düşünülmüş strategiya vardır. Taktiki addımlarımız da konkretdir, məqsədyönlüdür və nəticəyə gətirib çıxarır. İkincisi, ölkəmizin intellektual potensialı kifayət qədər yüksəkdir, xüsusilə gənclərin. Sizin qaldırdığınız məsələlərin həlli hesabına biz intellektual potensialımızı daha da artıracağıq. Üçüncüsü, ölkəmiz müasirləşmə dövrünü yaşayır və bu da bizim strateji seçimimizdir. Müasirləşmə bütün istiqamətlərdə özünü göstərməlidir. Həm iqtisadi, həm siyasi islahatlarda, həm də texnoloji inkişafda, sənaye potensialımızın inkişafında.
Bizim təbii resurslarımız vardır. Bu da böyük üstünlükdür. Yəni, bu, bizə iqtisadi müstəqillik verir. Biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Bu, bizə imkan verir ki, siyasətimizi Azərbaycan xalqının maraqları üzərində quraq. Azərbaycan dünya birliyinin dəyərli üzvüdür. İnkişaf etmiş ölkələrlə bizim çox səmərəli əlaqələrimiz vardır. Ona görə bizim bütün imkanlarımız var ki, gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil olaq. Həm bütün iqtisadi və siyasi islahatların aparılması, həm ekoloji standartlar, həm də yaşayış səviyyəsinin keyfiyyəti baxımından. Son illərdə Azərbaycan bütün reytinqlərdə çox uğurla inkişaf edir. Birləşmiş Millətlər Təşkilatının, Davos İqtisadi Forumunun, digər mötəbər beynəlxalq təşkilatların reytinqlərində uğurlarımız qeyd olunur. Hətta böhranlı illərdə də reytinq agentlikləri reytinqimizi artırıblar. Yəni, belə imkanlar vardır. Nəzərə alsaq ki, hazırda Azərbaycanın inkişaf modeli və strategiyası tamamilə müəyyən edilib və biz bu yolla gedirik, hesab edirəm, biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq. Bunu etmək üçün əlbəttə ki, bütün cəmiyyət bir məqsədə can atmalıdır. Xüsusilə cəmiyyətin fəal təbəqəsi olan gənclər bu təşəbbüslərə bilirəm ki, böyük həvəslə qoşulurlar. Birgə fəaliyyətin nəticəsində biz ölkəmizi inkişaf etdirəcəyik. İnkişaf etmiş ölkəyə çevirəcəyik və müstəqilliyimizi daha da güclü edəcəyik.
Milli Məclisin deputatı Fuad MURADOV parlamentdə gənclərlə bağlı qanunvericilik sahəsində görülən işlərdən söz açaraq dedi:
- Cənab Prezident, zənnimcə, bugünkü görüşün əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan gəncliyi dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmləndirilməsində, ictimai-siyasi hadisələrdə həmişə öndə olan gənclikdir. Bu gün bizim burada olmağımız bütün dünyaya, həm də bizi istəməyənlərə bir mesajdır. Azərbaycan gənclərinin ən böyük sərvəti ölkəmizin müstəqilliyidir, dövlətçiliyidir. Gənclərimizin ən böyük sərvəti Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətdir ki, bu gün gənclərimiz onun bəhrəsini hər yerdə görürlər. Bu gün Azərbaycan gəncləri həm parlamentdə, həm beynəlxalq təşkilatlarda, həm Prezident Administrasiyasında, hökumətdə təmsil olunurlar. Bu baxımdan təbii ki, gənclərimizin arzu və istəkləri çox sürətlə reallaşır.
Cənab Prezident, Sizin dəstəyinizlə bir neçə il bundan öncə çox geniş bir proqram başladı. Bu da gənc ailələrə ipoteka proqramıdır. Hətta orada mütərəqqi ideyalar oldu. Sizin göstərişiniz əsasında qanunvericilikdə bir neçə pilləli ipoteka təsbit olundu. Həm, deyək ki, sosial ipoteka, normal ipoteka şərtləri və sosial ipoteka şərtləri. Oraya hərbçilər, elmlə məşğul olan insanlar daxil oldu. Təbii ki, o vaxt Azərbaycan inkişafda idi. Bu gün deyə bilərəm ki, Azərbaycan inkişafının yeni mərhələsindədir. O vaxtkı ipoteka şərtləri, cənab Prezident, təbii ki, bugünkü reallıqları əks etdirmir. Çünki orada minimal məbləğ 35 min manat çərçivəsində idi. Amma bu gün artıq Azərbaycanın hər yerində sürətli inkişaf gedir. Bu gün demək olar ki, heç regionda da belə qiymətə mənzil tapmaq çətindir.
Biz çox xahiş edərdik ki, - bu, gənclərin ümumi fikridir, - bu istiqamətdə ilkin ödəniş məsələsinə baxılsın. İndi biz proqramın həyata keçirilməsini gözləyirik, bu təklifləri oraya verəcəyik. Eyni zamanda, bu məbləğlə bağlı. Bu gün Azərbaycanın imkanları çox sürətlə artır. Bu mənada biz çox istərdik ki, cənab Prezident, bu məsələyə bir də baxılsın. Düzdür, biz parlamentdə kiçik işçi qrupu yaratmışıq. Məsələn, Skandinaviya modelinin tətbiqi məsələsini nəzərdən keçirmək olar. Gənc ailələrə dövlət tərəfindən müəyyən şərtlərlə mərhələlər üzrə ev verilə bilər. Amma gənc də gərək işləsin, çalışsın ki, özünə mənzil ala bilsin.
Bu, bütün gənclər adından birinci xahişimdir. İkinci istiqamət isə özünüz burada vurğuladınız ki, gənclər fondunun yaranmasıdır. Bir neçə il öncə Sizin tapşırığınız əsasında biz parlamentdə "Dövlət gənclər siyasəti haqqında" Qanuna Gənclər və İdman Nazirliyi ilə birlikdə baxdıq və oraya çox mütərəqqi əlavələr etdik.
Əlavənin biri də məhz Azərbaycanda gənclər fondunun yaranması idi. O gündən bu günə qədər biz demək olar ki, bunun bütün təcrübəsini öyrənmişik, dünyada olan bütün təcrübə öyrənilib. Bu gün biz demək olar ki, bu istiqamətdə tam hazırıq, cənab Prezident. Təbii ki, biz bu təkliflərimizi artıq işçi qrupuna da vermişik və bütün sənədləri hazırlamışıq.
Siz bayaq vurğuladınız, əgər məsləhət olsa biz bu işə başlayardıq. Siz vurğuladığınız kimi, biz bu məsələdə təşkilatlanmış gənclərlə bərabər fərdi gəncləri də yaddan çıxarmamalıyıq.
Sonda demək istəyirəm ki, cənab Prezident, Siz bütün məsələləri vurğuladınız. Açığı, burada bütün məsələlərə toxundunuz. Demək olar ki, bütün məsələlər diqqət mərkəzindədir.
Bu gün Azərbaycanda gənclər təşkilatları çox fəaldır. Demək olar ki, əksər böyük tədbirlər məhz gənclər tərəfindən həyata keçirilir. Bu, normal haldır, çünki Azərbaycan gəncləri sayca da çoxdurlar və intellektual səviyyəcə də irəlidədirlər, yeni texnologiyadan bacarıqla istifadə edirlər.
Prezident İlham ƏLİYEV:
- Fuad, hesab edirəm ki, qaldırdığın məsələlər də öz həllini tapmalıdır, həm mənzil-qərargahla, həm də ipoteka ilə bağlı. Əlbəttə ki, həyat yerində durmur. İndi ölkəmizin imkanları da artır və biz bütün məsələləri gərək ədalətli həll edək. Hesab edirəm ki, bu məsələ də proqramda öz əksini tapacaqdır.
O ki qaldı gənclər fondunun yaradılmasına, mən giriş sözümdə bu barədə dedim və bilirəm ki, sizin də fikriniz eynidir. Tezliklə bu fond yaradılmalıdır. Yəqin ki, proqramda da onun yaradılması haqqında göstəriş verilməlidir və dövlət əlbəttə ki, o fondun fəaliyyəti üçün maliyyə dəstəyini göstərəcəkdir.
Hesab edirəm ki, əgər hazırlıq işləri ilə bağlı konkret təkliflər hazırlanarsa, orada istiqamətlər üzrə məsələlərin həlli üçün vəsait nəzərdə tutulmalıdır. Vəsaitin idarə olunması prinsipləri çox şəffaf olmalıdır. Yəqin ki, biz bu vəsaitdən gənclər təşkilatlarının birbaşa iştirakı ilə və ən prioritet məsələlərin həlli üçün istifadə etməliyik. Biz həm ölkə daxilində gənclərlə bağlı siyasəti gücləndirmək üçün, eyni zamanda, xaricdəki tədbirləri də müəyyən dərəcədə o fondun hesabına həll edə bilərik.
Mən bugünkü görüşü çox yüksək qiymətləndirirəm. Biz çox istəyirik ki, gənclərimiz həm peşəkar, həm bilikli, həm də Vətənə, dövlətə bağlı olsunlar, Vətəni sevsinlər. Haqlı olaraq, fəxr etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Biz çalışırıq öz işimizlə ölkəmizi elə inkişaf etdirək ki, hər bir vətəndaş haqlı olaraq fəxr etsin ki, müstəqil Azərbaycanın vətəndaşıdır.
Ölkəmizdə aparılan işlər - həm xarici siyasətimiz, siyasi islahatlar, iqtisadi təşəbbüslər bütövlükdə müsbət istiqamətdə gedir. Ancaq biz daim inkişafda olmalıyıq. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik və daim axtarışda olmalıyıq. Xüsusilə gənclər. Gənclər həmişə axtarışdadırlar. Gənclər cəmiyyətimizin ən fəal üzvləridir. Mən çox şadam ki, gənclərimiz Vətənə bağlıdırlar, Vətəni sevirlər, vətənpərvərdirlər, biliklidirlər, peşəkardırlar və biz bu müsbət meyilləri gücləndirməliyik.
Belə görüşlərin keçirilməsində böyük fayda vardır. Çünki mən sizdən sizi narahat edən problemləri eşidirəm, sizin təklifiniz çox vacibdir. Bütün bu təkliflər ümumiləşdirilib Dövlət proqramına daxil edilməlidir. Yenə də deyirəm, Dövlət proqramı konkret xarakter daşımalıdır. Bu gün danışdığımız məsələlərlə bağlı, əgər, bütün təklifləriniz lazımi səviyyədə öz həllini taparsa, demək olar ki, bu istiqamətdə çox ciddi addımlar atılacaqdır.{nl}
Görüşün sonunda xatirə şəkli çəkdirildi.
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.