Prezident İlham Əliyev "Astara-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir

Aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunda İstisu çayı üzərində inşa olunacaq "Astara-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.  
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına ölkəmizdə energetikanın inkişafı və kiçik su elektrik stansiyalarının tikintisi barədə məlumat verdi. Bildirildi ki, Azərbaycanın elektroenergetika sistemi son bir neçə ildə həyata keçirilən kompleks tədbirlər nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Hazırda respublikamızda ümumi generasiya gücləri 6500 meqavatı üstələyir və artıq ölkəmiz bir neçə ildir ki, elektrik enerjisi ixrac edir.
Vurğulandı ki, Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli müvafiq sərəncamı ilə külək və su elektrik stansiyalarının inşasının da respublikamızda geniş tətbiqi məqsədilə potensial imkanların öyrənilməsi və xüsusi proqramların hazırlanması barədə "Azərenerji" ASC-yə tapşırıq verilmişdir. Prezident İlham Əliyev 2010-cu ili respublikamızda alternativ enerji mənbələrinin istifadəsi və ekologiyanın yaxşılaşdırılması istiqamətində kəskin dönüş ili elan etdikdən sonra ölkəmizdə bu istiqamətdə tədbirlər daha da genişləndirilmişdir.
Azərbaycan Prezidenti yeni tikiləcək elektrik stansiyasının yaxınlığında ölkənin cənub regionunda daha çox təsadüf olunan isti su qaynaqlarından birinə baxdı.
Dövlətimizin başçısına sxemlər əsasında Astara rayonunun Züngüləş kəndi yaxınlığında İstisu çayı üzərində inşa ediləcək kiçik su elektrik stansiyası barədə ətraflı məlumat verildi. Bildirildi ki, mütəxəssislərin ilkin araşdırmalarına görə, respublikamızın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində yüzlərlə kiçik su elektrik stansiyası tikmək mümkündür. Kiçik su elektrik stansiyalarının inşası elektrik enerjisi istehsalında yanacağa qənaət etməklə yanaşı, ətraf mühitin qorunması baxımından da mühüm rol oynayır.
Qeyd edildi ki, yaxın illərdə respublikamızda yüzlərlə kiçik su elektrik stansiyasının inşası nəzərdə tutulmuşdur. Bununla bağlı konkret işlər görülür. İstisu çayı üzərində tikiləcək 1,7 meqavat gücündə stansiyada ildə 2,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaqdır. Yeni stansiyada suqəbuledici qurğu, hidroaqreqatlar, 10 kilovoltluq yarımstansiya və elektrik xətti, həmçinin digər qurğular inşa olunacaq, müasir avadanlıq quraşdırılacaqdır. Su ötürən polietilen borunun uzunluğu 2 kilometr, diametri 800 millimetr olacaqdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, respublikamızın alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf perspektivi mütəxəssislərin hərtərəfli müzakirəsi əsasında hazırlanan xüsusi proqram üzrə aparılacaqdır.
Vurğulandı ki, Avropa Şurasına üzv ölkələrdə kiçik su-elektrik stansiyalarının potensialının əsaslı şəkildə möhkəmləndirilməsi üçün ciddi tədbirlər görülür və Azərbaycanda da bu istiqamətdə ardıcıl işlər həyata keçirilir.
Dövlətimizin başçısı su elektrik stansiyasının təməlini qoydu.
Prezident İlham Əliyev gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunu işə saldı.
Dövlətimizin başçısı energetiklərə və inşaatçılara uğurlar arzuladı, tövsiyə və tapşırıqlarını verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında