Prezident İlham Əliyev Masallıda yenidən qurulmuş Nizami Gəncəvi parkı ilə tanış olmuşdur

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı şəhərinin Talışxanov küçəsində yenidən qurulmuş Nizami Gəncəvi parkı ilə tanış olmuşdur.  
Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
İstirahət mərkəzi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Nizami Gəncəvi parkı 1967-ci ildə salınmışdır. Ümumi sahəsi 4500 kvadratmetr olan park uzun illər baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüşdür. 2011-ci ilin əvvəlindən parkda yenidənqurma və genişləndirmə işlərinə başlanılmışdır. Parkda müasir işıqlandırma sistemi quraşdırılmış və yeni fəvvarə inşa olunmuşdur. Park tamamilə abadlaşdırılmış və 500 kvadratmetr sahədə yeni yaşıllıq zolaqları salınmışdır.
Bildirildi ki, parkın ətrafında milli memarlıq üslubunda 280 metr uzunluğunda hasar tikilmişdir. İstirahət mərkəzində mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün səhnə qurulmuş və digər müvafiq işlər görülmüşdür. Parkın ərazisində yerləşən rayon Mədəniyyət Evinin fasadı da yenilənmişdir. İdeoloji Mərkəzdə də yenidənqurma işləri aparılmışdır. Parkın yaxınlığındakı binaların fasadlarında aparılan təmir işləri tamamlanmaq üzrədir. Yenidənqurma tədbirləri zamanı bu istirahət ocağı ilə ətrafın ümumi ansambl təşkil etməsinə xüsusi diqqət yetirilmişdir.
Prezident İlham Əliyev burada Masallı şəhərinin və rayonun qaz təchizatı sxemlərinə baxdı.
Məlumat verildi ki, Dövlət Proqramına əsasən rayon mərkəzində əvvəllər qaz almayan kommunal binalar da daxil olmaqla, şəhərin bütün yaşayış massivlərində birpilləli sistem üzrə qaz təsərrüfatının yenidən qurulması işləri aparılır. İndi Masallı şəhərində qazdan istifadə edən abonentlərin sayı 3300-ə çatır. Cari ilin sonunadək aparılan təmir-bərpa işlərinin tam başa çatdırılması və bununla da Masallı şəhərində 6 minədək abonentin qazla təmin olunması nəzərdə tutulmuşdur. Dövlət Proqramı əsasında rayonun Muğan zonasında yerləşən 22 yaşayış məntəqəsində 6176 abonentin qazla təmin olunması məqsədilə birpilləli sistem üzrə həmin yaşayış məntəqələrinin layihə-smeta sənədləri hazırlanmışdır. Həmin kəndləri təbii qazla təmin edəcək 55 kilometr uzunluğunda daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılmışdır. Hazırda daşıyıcı kəmərin 3,5 kilometrlik hissəsi çəkilmişdir. İşlər tam başa çatdırıldıqdan sonra rayon üzrə abonentlərin sayı daha 9 minədək artacaqdır.
Prezident İlham Əliyev Masallı şəhərinin planı, su təchizatı və kanalizasiya şəbəkələrinin, şəhərin içməli və çirkab sutəmizləyici qurğularının planları, eləcə də şəhərdə aparılacaq tikinti-abadlıq işləri zamanı istifadə olunacaq materiallar və avadanlıqların nümunələri ilə tanış oldu.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, illərdən bəri Masallı şəhərində mövcud olan içməli su və kanalizasiya problemlərinin həlli bu layihənin həyata keçirilməsi ilə aradan qalxacaqdır. Masallı şəhərinə içməli su nəqli 10 kilometrə yaxın məsafədən diametri 630 millimetr olan daşıyıcı xətt vasitəsilə həyata keçiriləcək və şəhər daxilində müxtəlif diametrli borularla paylanacaqdır. Su xətlərinin ümumi uzunluğu 125 kilometr, kanalizasiya xətlərinin ümumi uzunluğu isə120 kilometr olacaqdır.
Prezident İlham Əliyev Masallı şəhərinin abadlaşdırılması planına da baxdı.
Məlumat verildi ki, şəhərdə 19 min 200 kvadratmetr sahənin abadlaşdırılması nəzərdə tutulmuşdur. O cümlədən Heydər Əliyev prospektinin yenidən qurulması planlaşdırılmışdır. Prospektin hər iki tərəfindəki tikililər sökülərək yol genişləndiriləcək, yaşıllıq zolaqları salınacaqdır. 8 min 400 kvadratmetr sahədə çəmənlik salınacaqdır. Dörd fontan qurulacaqdır. Prospekt müasir işıqlandırma sistemi ilə təchiz olunacaqdır. Bundan əlavə, prospekt boyu kommunal binaların fasadları müasir səviyyədə təmir olunacaqdır.
Prezident İlham Əliyev parkda Nizami Gəncəvinin yeni abidəsinin açılışında iştirak etdi.
Nizami Gəncəvinin parkdakı heykəli yenisi ilə əvəzlənmişdir. Tuncdan hazırlanan heykəlin hündürlüyü 3,6 metrdir. Abidə kompleksinin arxa tərəfində dahi mütəfəkkirin əsərlərinin motivlərindən ibarət kompozisiya yaradılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında