Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

{nl}

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
- Nazirlər Kabinetinin bugünkü toplantısı 2011-ci ilin birinci rübünün yekunlarına həsr edilir. Birinci rübdə iqtisadiyyatımız uğurla inkişaf etmişdir. Əlbəttə ki, bu ilin əvvəlində əldə edilmiş nəticələri düzgün təhlil etmək üçün biz bundan əvvəlki illərdə Azərbaycanda mövcud olan iqtisadi inkişafı mütləq nəzərə almalıyıq. Çünki son illər ərzində iqtisadiyyatımız durmadan artmışdır. Son 7 il ərzində ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, hətta böhranlı 2009 və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz artmışdır. Ona görə də bu yüksək təməl, yüksək baza üzərində birinci rübdə yenə də müşahidə olunan artım, əlbəttə ki, bizi çox sevindirir.
İqtisadiyyatımız birinci rübdə bütövlükdə 1,6 faiz artmışdır. Ancaq sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 5,6 faiz artmışdır. Bildiyiniz kimi, bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək, neft-qaz amilindən asılılığımızı azaltmaq və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmaqdır. Ona görə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir və ölkədə aparılan sosial və iqtisadi islahatlar, ilk növbədə bu məqsədə nail olmaq üçün həyata keçirilir.
Sənaye istehsalı bütövlükdə 0,3 faiz artsa da, sənayenin inkişafında əsas məsələ, yəni sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sənayemiz 9,8 faiz artmışdır. Bu da onu göstərir ki, qeyri-neft sektoruna qoyulan vəsait, investisiyalar, sahibkarlara yaradılmış şərait gözəl nəticələrini göstərmişdir. Bütövlükdə sənaye istehsalında o qədər də böyük artımın olmaması neft-qaz sektorunda hasilatda müəyyən azalmanın səbəbidir. Ancaq bu azalma əlbəttə ki, müvəqqəti xarakter daşıyır və hazırda Azərbaycanda neftin hasilatı demək olar ki, yüksək həddə çatmışdır və bu səviyyədə qalacaqdır. O ki qaldı qaz istehsalına, növbəti illərdə qoyulacaq investisiyalar hesabına qaz hasilatımız da artmalıdır.
Narahatedici məsələlərdən biri odur ki, birinci rübdə inflyasiya 9,1 faiz artmışdır. Bu, bizi narahat edir. Ancaq hazırda inflyasiya birrəqəmli inflyasiyadır, elə etməliyik ki, biz birrəqəmli inflyasiyanın səviyyəsini saxlaya bilək. Bununla bərabər, əhalinin pul gəlirləri 16 faizdən çox artmışdır. Yəni, əgər biz yenə də inflyasiyanı əhalinin pul gəlirləri ilə müqayisə etsək, görərik ki, gəlirlərdə real artım müşahidə olunur. Əminəm ki, bu meyillər il ərzində özünü daha da böyük həcmdə göstərəcəkdir.
Ölkəmizdə yığılan valyuta ehtiyatları 34,2 milyard dollara bərabərdir. Bu istiqamətdə də bütün tapşırıqlar yerinə yetirilir və valyuta ehtiyatlarımız artır. Ölkəmizdə böyük investisiya layihələri icra edilir və bu layihələr böyük vəsait tələb edir. Buna baxmayaraq, biz həm investisiya layihələrimizi təmin edirik, eyni zamanda, valyuta ehtiyatlarımızı da artırırıq. Bu, özlüyündə gözəl göstəricidir. Eyni zamanda, bu, ölkənin iqtisadi və maliyyə gücünü göstərir.
Heç şübhə etmirəm ki, ilin sonuna qədər bizim valyuta ehtiyatlarımız artacaqdır. Bu artım çox təsirli olacaqdır.
Bütövlükdə iqtisadi sahədə bütün tapşırıqlar yerinə yetirilir. Birinci rübün yekunları deməyə əsas verir ki, ilin sonuna qədər də bu müsbət meyillər özünü göstərəcəkdir. Sosial sahədə bütün proqramlar həyata keçirilir. Bütün sosial məsələlər öz həllini tapır. Sosial infrastrukturun yaradılması istiqamətində proqram üzrə işlər aparılır. Məktəblərin, xəstəxanaların, sosial obyektlərin, mədəniyyət, idman obyektlərinin tikintisi investisiya proqramı çərçivəsində müəyyən olunduğu kimi icra edilir. Birinci rübün yekunlarına görə ölkəmizdə orta əməkhaqqı 340 manat səviyyəsindədir. Əgər biz dollarla hesablasaq, bu, haradasa 430 dollara yaxındır. Bu, yaxşı göstəricidir. Orta əməkhaqqının artımı ölkədə həm iqtisadi, həm də sosial sahədə aparılan siyasətin əlamətidir. Biz bazar iqtisadiyyatına sadiq olan ölkəyik. Eyni zamanda, sosial məsələlər də Azərbaycanda uğurla öz həllini tapır. Əlbəttə, bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi ildən-ilə aşağı düşür.
2010-cu ilin yekunlarına görə Azərbaycanda yoxsulluq 9,1 faiz səviyyəsində idi. Mən ümid edirəm ki, bu il ərzində həm iqtisadi sahədə, həm sosial sahədə görüləcək işlər nəticəsində, eyni zamanda, bu il maaşların və pensiyaların gözlənilən artımları hesabına Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı yenə də aşağı düşəcəkdir. Nəticədə, biz bir neçə il bundan əvvəl qarşıya qoyulmuş məqsədə çatacağıq.
Hər bir ölkədə yoxsullar vardır. Ancaq biz qarşıya vəzifə qoyuruq, bizim hədəfimizdir, bizim məqsədimizdir. Ölkədə aparılan quruculuq işləri, iqtisadi islahatlar, sosial proqramlar bu ağır problemin həlli üçün bizə imkan verəcəkdir. Bununla bərabər, bütün regionlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Bu ilin birinci rübündə nəzərdə tutulmuş bütün investisiya layihələri vaxtında həllini tapır. Birinci üç ayda regionlarda təxminən on yeddi min yeni iş yeri açılmışdır. Bu proses davam edir. Bütövlükdə birinci proqramın icrasından sonra ölkəmizdə 930 min yeni iş yeri açılmışdır. Sahibkarlara kömək məqsədi ilə kreditlər ayrılır və bu kreditlər gözəl nəticələrini verməkdədir. Yəni, regionların inkişafı proqramı icra edilir. Regionlara səfərlərim mənə imkan verir ki, görülən işləri özüm gözümlə görüm və deyə bilərəm ki, hər bir bölgədə inkişaf vardır. Ən önəmlisi ondan ibarətdir ki, bu inkişaf davamlıdır. Yəni, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Baxmayaraq ki, son illərdə Azərbaycanda böyük işlər görülmüşdür. Biz daim inkişafda olmalıyıq və daim mövcud problemlərin həlli işində fəal olmalıyıq. Regionların sosial-iqtisadi inkişafı proqramının icrası ilə bərabər, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı da hazırlanır. Bu məqsədlə keçən ay geniş müşavirə keçirilmişdir. Bütün tapşırıqlar verilmişdir.
Hazırda problemlər təhlil edilir. Əslində, biz bu problemləri bilirik. O problemlərin həlli üçün xüsusi proqram qəbul olunandan sonra biz bu il proqramda nəzərdə tutulacaq məsələlərin bir hissəsini icra edəcəyik. Ancaq vaxt itirməmək üçün Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılmışdır ki, bu məsələlər təxirə salınmadan həllini tapsın.
Artıq qəsəbələrdə işlər başlamışdır. Mən indi qəsəbələrdə tez-tez oluram, əvvəlki dövrlərdə də olmuşam. Vəziyyətlə tanış oluram və insanlardan birbaşa soruşuram ki, hansı məsələlər onları daha çox narahat edir. Deyə bilərəm ki, qəsəbələrdə son illərdə böyük işlər görülmüşdür. Tikilən məktəblər, demək olar ki, qəsəbələrdə təhsil sahəsinin inkişafına müsbət təsir göstərmişdir. Bəzi qəsəbələrdə su qıtlığı mövcuddur. Kanalizasiya problemi, demək olar ki, bütün qəsəbələrə xas olan məsələdir. Kanalizasiya problemi təkcə qəsəbələrdə deyil, Bakı şəhərinin özündə də qarşıda duran çox kəskin məsələdir. Ancaq bununla bərabər, son illər aparılmış işlər nəticəsində elektrik enerjisi ilə təminat yaxşıdır. Heç bir şikayət, heç bir müraciət olmamışdır. Qəsəbələrin qazlaşdırılması prosesi gedir. Hazırda bu məsələ demək olar ki, tam şəkildə həll edilib. Sadəcə, növbəti bir neçə il ərzində biz yeni xətlərin çəkilişi nəticəsində qazın təzyiqinin də yaxşılaşdırılmasına nail olmalıyıq. Səhiyyə məsələləri müəyyən dərəcədə həll olunub. Amma yeni xəstəxanaların, poliklinikaların tikintisinə ehtiyac vardır. Ən vacib məsələ, - bu problemi bütün qəsəbələrə aid etmək olar, - yollar məsələsidir. Demək olar ki, qəsəbələrin yollarının əksəriyyəti torpaq yollarıdır. Hazırda yol çəkilişi prosesi başlamışdır.
Mən hesab edirəm ki, geniş, çox dəqiq və konkret proqram qəbul olunandan sonra 2013-cü ilə qədər biz qəsəbələrdə mövcud problemlərin böyük əksəriyyətini həll etməliyik. Baxmayaraq ki, bu çox böyük proqramdır. Qəsəbələrdə hazırda 800 mindən artıq əhali yaşayır. Bu özlüyündə böyük bir şəhərdir. Ancaq bu məsələ öz həllini tapmalıdır. Ümid edirəm ki, biz qısa müddət ərzində bu məsələnin həllinə nail olacağıq.
Birinci rübdə ölkəmizdə böyük infrastruktur layihələri icra edilirdi. Bu layihələrin icrası cədvəl üzrə gedir. Qazlaşdırma prosesi gedir. Su, kanalizasiya məsələləri həll edilir, həm magistral, həm qəsəbələrarası yollar çəkilir. Böyük infrastruktur layihələrinin arasında Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni binasının tikintisini mən xüsusi qeyd etmək istəyirəm. Aeroport hər bir ölkənin giriş qapısıdır. Hazırda beynəlxalq aeroportumuz Azərbaycanın indiki inkişaf səviyyəsinə və xüsusilə gələcək inkişafımıza tam şəkildə cavab vermir. Ona görə, həm aeroportun yeni binası tikilməlidir. Artıq işlər başlanmışdır. Eyni zamanda, yeni uçuş-enmə zolaqları tikilməlidir. Bütün xidmət infrastrukturu yenidən qurulmalıdır. Heydər Əliyev Beynəlxalq Aeroportu dünya miqyasında ən gözəl, ən müasir və ən səviyyəli aeroportların sırasına daxil edilməlidir. Növbəti iki il ərzində əminəm ki, tikinti başa çatacaq və ölkəmiz üçün çox vacib olan infrastruktur obyekti istismara veriləcəkdir.
Bildiyiniz kimi, hazırda digər böyük infrastruktur layihələri icra edilir. Mən onların sırasında Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etmək istəyirəm. Orada işlər yaxşı gedir. Gəmiqayırma zavodunun tikintisi gedir. Yəni, bu iki böyük layihə və aeroportu da əlavə etsək, Azərbaycanın nəqliyyat imkanlarını yüksək dərəcədə artıracaqdır. Növbəti aylar ərzində yeni gəmilərin, bərələrin alınması nəzərdə tutulur. Çünki Azərbaycan üzərindən yükdaşımaların həcmi artmaqdadır. Baxmayaraq ki, son illərdə biz ona yaxın yeni müasir tanker, yük gəmiləri almışıq, buna yenə də ehtiyac vardır. Nəzərə almalıyıq ki, 2012-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilməlidir. Biz bütün hazırlıq işlərini elə qurmalıyıq ki, Bakı-Tbilisi-Qars dəmir yolu istismara veriləndən sonra bir gün də yubanma olmasın. Ona görə, yeni bərələrin alınması məsələləri qoyulubdur və bu il o məsələlər öz həllini tapacaqdır.
İnformasiya-kommunikasiya sektorunda bu ilin birinci rübündə çox böyük artım vardır. Bu sektor çox dinamik inkişaf edir. Mən bu barədə fikirlərimi bir neçə dəfə bildirmişəm. Azərbaycan bu bölgədə artıq informasiya-kommunikasiya texnologiyaları üzrə mərkəzə çevrilir. Ənənəvi olaraq Bakutel sərgiləri keçirilir. Azərbaycana və burada görülən işlərə dünyada maraq artır. Bu sektorun inkişafı Azərbaycanda ümumi intellektual potensialın və intellektual imkanlarımızın inkişafına xidmət göstərəcək, eyni zamanda, bu sektorun böyük kommersiya əhəmiyyəti vardır. Artıq bu sektor bizim üçün yeni bir gəlir mənbəyinə çevrilir. Gələcəkdə bu sektorda əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına çox güclü təsir göstərəcəkdir.
Süni peykin yaradılması proqramı icra edilir. Ümid edirəm ki, Azərbaycan artıq yaxın zamanlarda öz peykinə malik olacaqdır. Bu, həm ölkənin imici və nüfuzlu üçün çox vacib olan məsələdir. İlk növbədə isə praktiki nöqteyi-nəzərdən bu, çox vacib olan layihədir. Peykin kommersiya istismarından əldə olunacaq gəlirlər də bizə yaxşı imkanlar yaradacaqdır.
Ölkəmizdə hərbi sənaye potensialı sürətlə inkişaf edir. Mən bu sahəni xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, həm sənaye sahəsidir, eyni zamanda, xüsusi bir sahədir. Burada hər iki məqsəd güdülür. Biz, ilk növbədə, Azərbaycanın hərbi potensialını daxili imkanlar hesabına gücləndirməliyik. Vaxtilə Müdafiə Sənayesi Nazirliyi məhz bu məqsədlə yaradılmışdır. Digər tərəfdən, bu, yeni bir sənaye sahəsidir. Minlərlə yeni iş yeri açılmışdır, yüksək maaşlar verilir və Azərbaycanda müasir hərbi sənaye məhsulları istehsal olunur. Hazırda Azərbaycanda 430 adda məhsul istehsal edilir. Məqsədimiz ondan ibarətdir ki, biz bu sahədəki işləri ən müasir texnologiyalar əsasında quraq.
Mən onların arasında pilotsuz təyyarələrin istehsalını xüsusi qeyd etmək istəyirəm. Bu, ən inkişaf etmiş ölkələrə xas olan istehsal sahələridir. Azərbaycan artıq öz imkanları ilə pilotsuz təyyarələrin ən yüksək səviyyədə istehsalına başlamışdır və bu, bizim hərbi gücümüzü böyük dərəcədə artıracaqdır.
Bütövlükdə bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi işində Azərbaycan çox müsbət rol oynayır. Azərbaycan bölgədə sabitləşdirici amildir. Ölkəmiz bütün sahələrdə uğurlu siyasət aparır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində mövqeyimiz birmənalıdır. Beynəlxalq hüquq normaları tam şəkildə təmin edilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Necə ki, Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saatdan sonra icra edilməyə başlamışdır. Yəni, mən bu barədə artıq fikrimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, ədalətsizlikdir, bu, ikili standartlardır və bu, ayrı-seçkiliyi heç bir səbəblə izah etmək mümkün deyildir. Çünki ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı - genosid törədilmişdir. Xocalı soyqırımı törədilmişdir. Ermənilər tərəfindən günahsız insanlar vəhşicəsinə qətlə yetirilmişdir. Nədənsə o zaman dünya birliyi bizim dərdimizə biganə qalmışdır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri uzun illərdir ki, işğal altındadır. Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib, ATƏT-in qərarları, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı, NATO-nun qərarları - bütün bu qərarlar işğal edilmiş torpaqlardan erməni qoşunlarının çıxarılmasını tələb edir. Ancaq məsələ öz həllini tapmır. Belə olan halda haqlı olaraq Azərbaycan vətəndaşları sual verirlər ki, nə üçün bizə qarşı münasibət fərqlidir? Bunun səbəbi nədir? Mən bu sualı beynəlxalq ictimaiyyətə, beynəlxalq aləmdə nüfuza malik olan ölkələrə ünvanlayıram. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğala son qoyulmalıdır və bu məsələ tezliklə öz həllini tapmalıdır. Çünki Azərbaycan xalqının səbri tükənməz deyildir.
Bir daha demək istəyirəm ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi birmənalıdır. Bu mövqe nəinki bizim arzularımıza, beynəlxalq hüquqa əsaslanır və beynəlxalq hüquq hələ ki, dünyada başlıca bir meyardır. Biz indi görürük ki, beynəlxalq hüquq normaları müxtəlif yerlərdə kobudcasına pozulur. Ona görə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və heç bir şərt irəli sürülməməlidir.
Hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcəkdir. Eyni zamanda, məsələ öz həllini Dağlıq Qarabağda yaşayan insanların və oraya mütləq qayıdacaq Azərbaycan vətəndaşlarının muxtariyyət, özünüidarəetmə statusunda yaşamasını təmin edə biləcək prinsiplər əsasında tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da nə vaxtsa müstəqilliyin verilməsi mümkünsüzdür. Bu, danışıqlar mövzusu deyildir və olmayacaqdır.
Birinci rübdə bu məsələ ilə bağlı ATƏT-in qiymətləndirmə missiyası işğal edilmiş torpaqlara səfər etmişdir. Bu missiya bizim təklifimiz əsasında baş tutmuşdur. Ermənistan tərəfi buna etiraz etməyə cəhd göstərmişdir. Bildiyiniz kimi, 2005-ci ildə oxşar missiya işğal edilmiş torpaqlara səfər etmişdir. O, faktaraşdırıcı missiya idi. Yəni, o, belə adlandırılırdı. Missiyanın əsas məqsədi işğal edilmiş torpaqlarda vəziyyəti araşdırmaq və məruzə hazırlamaq idi. Mən bilirəm ki, Azərbaycan cəmiyyətində missiyanın yekun məruzəsi ilə bağlı müxtəlif fikirlər vardır. Haqlı olaraq cəmiyyətimiz öz narahatlığını bildirir ki, o məruzədə ifadələr o qədər də kəskin deyildir. Ancaq qeyd etmək istəyirəm ki, missiyanın məqsədi və mandatı ondan ibarət idi ki, mövcud vəziyyəti öyrənsin və gördüklərini məruzədə ifadə etsin. Bu baxımdan hesab edirəm ki, məruzədə göstərilən məsələlər reallığı əks etdirir. Yəni, mən orada vacib olan məsələlərdən bir neçəsini qeyd etmək istəyirəm. Birincisi, orada açıq-aydın göstərilir ki, işğal edilmiş ərazilərdə ermənilər tərəfindən bütün infrastruktur dağıdılıbdır. Yəni, biz bunu onsuz da bilirdik, 2005-ci ildə bu, göstərilmişdir və bu il də bu, göstərilir. Yəni, erməni vandalizminin nəticələrini missiya öz gözü ilə görmüşdür. Məscidlərimiz, qəbirlər, bütün infrastruktur dağıdılıb, ya da ki, talan edilibdir. İkinci vacib məsələ ondan ibarətdir ki, məruzədə göstərilir, işğal edilmiş rayonların inzibati hüdudlarını süni şəkildə dəyişdirmək olmaz. Bu, birbaşa Ermənistana ünvanlanan bir tələbdir. Biz yaxşı bilirik ki, orada qondarma yerli hakimiyyət Ermənistanın göstərişi ilə bizim rayonların hüdudlarını süni şəkildə dəyişdirmək istəyir. Bununla bərabər, rayonların tarixi və əzəli adlarının dəyişdirilməsi də yolverilməz hal kimi məruzədə göstərilibdir. Bu da birbaşa Ermənistana ünvanlanan bir iraddır. Çünki şəhərlərimizin adlarını onlar dəyişdirmək istəyir və onlardan başqa o yeni adları heç kim tanımır və tanımayacaqdır.
Buna oxşar kifayət qədər məsələlər məruzədə öz əksini tapıbdır. Yəni, bütün bu məsələlər əvvəlki məruzədə də bu və ya digər formada öz əksini tapmışdır. Sadəcə olaraq bu, bir daha təsdiq olunur. Ən vacib məsələlərdən biri də hesabatda işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparılmasının göstərilməsidir. Hazırda Laçın və Kəlbəcər rayonlarında, - daha çox bu iki rayonda -14 min qanunsuz məskunlaşma halı vardır, yəni,- 14 min insan yaşayır ki, onlar orada yaşamamalıdırlar. Onlar sonradan bu torpaqlara köçürülmüşlər və bunu da hesabatda yolverilməz hal kimi göstərirlər.
Nəhayət, məruzədə göstərilir ki, status-kvo, yəni indiki vəziyyət davam edə bilməz. Mən hesab edirəm ki, məruzədə bu, ən vacib məsələlərdən biridir. Çünki uzun illərdir ki, Azərbaycan dövləti bütün tribunalarda, bütün beynəlxalq təşkilatlarda, eyni zamanda, həmsədr ölkələrin rəsmiləri ilə birbaşa görüşlərdə məsələ qaldırır ki, status-kvo dəyişdirilməlidir.
Ermənistan tərəfi bütün imkanlardan istifadə edir, çalışır ki, danışıqları uzatsın. Mən Azərbaycan vətəndaşlarına bu barədə də müəyyən dərəcədə məlumat vermişəm. Müəyyən mərhələdə razılaşdırılmış məsələlər onlar tərəfindən yenidən danışıqlar masasına qoyulur və onlar əvvəlcədən razılaşdırılmış məsələlərdən geri çəkilirlər. Yəni, istəyirlər ki, bu proses sonsuz, daimi, əbədi olsun, daim bu danışıqlar getsin və guya ki, Ermənistan danışıqlarda özünü konstruktiv aparır. Halbuki biz dəfələrlə demişik ki, Ermənistan danışıqlarda qeyri-səmimidir. Onların məqsədi məsələnin həlli deyildir. Onların məqsədi işğal edilmiş torpaqları nə qədər mümkündür öz nəzarəti altında saxlamaq və de-fakto vəziyyəti gələcəkdə de-yure vəziyyətinə çevirməkdir. Onların niyyəti ondan ibarətdir ki, nə qədər çox vaxt keçsə o qədər yaxşıdır, yəni, dünya birliyi bu vəziyyətlə barışacaq və beləliklə, bu vəziyyət - danışıqlar prosesi sonsuz aparılacaqdır.
Biz dəfələrlə məsələ qaldırmışıq ki, bu, mümkünsüzdür. Azərbaycan imitasiya, danışıqlar naminə danışıqlarda iştirak etməyəcəkdir. Bizim kəskin fikrimiz bundan ibarətdir və status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişməsi nə deməkdir, bunu hamı yaxşı başa düşür. O deməkdir ki, Azərbaycan torpaqlarından işğalçı qüvvələr çıxarılmalıdır və məruzədə bu tezisin göstərilməsi hesab edirəm ki, çox vacib məsələdir. Azərbaycanın mövqeyi həmsədr ölkələr - ATƏT tərəfindən dəstəklənir. Status-kvonun qəbuledilməz olması birinci dəfə deyil ki, səslənir. Bunu həmsədr ölkələrin yüksək vəzifəli şəxsləri də öz bəyanatlarında bildirmişlər. Əgər status-kvo dəyişdiriləcəksə bu, mütləq dəyişdirilməlidir, əlbəttə ki, Azərbaycanın hazırda işğal altında olan torpaqlarından işğalçı qüvvələr çıxarılacaqdır və bu, tezliklə baş verməlidir. Ermənistana imkan verilməməlidir ki, danışıqları süni şəkildə, müəyyən bəhanələrlə uzatsın. Ermənistan konkret təkliflərə konkret cavab verməlidir ki, torpaqlarımızın işğalçılardan azad edilməsi prosesi başlasın.
Beləliklə, bu məsələ ilə bağlı sadəcə olaraq istərdim ki, Azərbaycan vətəndaşları həm məruzə ilə bağlı, həm də ki, danışıqların mahiyyəti və məzmunu ilə bağlı mənim mövqeyimi, - Azərbaycan dövlətinin mövqeyini bilsinlər. Hesab edirəm ki, buna ehtiyac vardır.
* * *
Sonra çıxışlar oldu.
Maliyyə naziri Samir ŞƏRİFOV dövlətin məqsədyönlü və kompleks siyasəti nəticəsində 2011-ci ilin 1-ci rübündə də ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasının uğurla davam etdiyini vurğulayaraq dedi:
- Cari ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 2 milyard 768 milyon manat və ya 118,0 faiz yerinə yetirilmiş, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çox olmuşdur.
Vergilər Nazirliyi büdcəyə 1 milyard 161 milyon manat, ötən ilin eyni dövrünə nisbətən 151,0 milyon manat və ya 15,0 faiz çox vəsaitin daxil olmasını təmin etmişdir. Bu vəsaitin 58,7 faizi və ya 681,0 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 132,0 milyon manat və yaxud 24,0 faiz çoxdur.
Qeyri-dövlət sektorunda iqtisadi fəallığın artması və iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin real nəticəsi kimi bu sektor üzrə daxilolmaların həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,9 faiz, vergi daxilolmalarında xüsusi çəkisi isə 2010-cu ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 67,6 faizdən 71,1 faizə çatmışdır.
Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl olunmaqla büdcəyə 241,0 milyon manat vəsaitin daxil olması təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz çoxdur.
Dövlət Neft Fondundan büdcəyə 1 milyard 330 milyon manat vəsait transfer edilmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 36,0 milyon manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,0 milyon manat çoxdur.
Cari ilin birinci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,3 faiz və ya 2 milyard 87 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 108,0 milyon manat və ya 5,5 faiz çox icra olunmuşdur.
2011-ci il dövlət büdcəsinin gəlirləri üzrə faktiki daxil olan vəsaitdən səmərəli və məqsədyönlü istifadə edilməklə dövlətə məxsus əsas sosial vəzifələrin stabil maliyyələşdirilməsi təmin edilmiş, təşkilatlardan daxil olan bütün xərc sifarişləri öz maliyyə təminatını tapmış, əmək haqqı, pensiya, müavinət, daxili və xarici borc və digər xərclər üzrə borc yaranmamışdır.
İqtisadi təsnifata uyğun olaraq birinci rübdə dövlət büdcəsinə daxil olan vəsaitin 47,9 faizi və ya 1,0 milyard manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 129,0 milyon manat və ya 14,9 faiz çox olmuşdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin 1-ci rübündə sosial təyinatlı xərclərə aid olan təqaüdlər və sosial müavinətlərin ödənişinə 17,2 faiz və ya 57,0 milyon manat çox, əməyin ödənişi fonduna 14,2 faiz və ya 70,0 milyon manat çox, ərzaq və dərman xərclərinə 3,8 faiz və ya 1,6 milyon manat çox vəsait sərf edilmişdir.
Məcburi köçkünlərə, müavinət və yardım alan vətəndaşlara nəzərdə tutulan ödənişlər üzrə öhdəliklərin icrası tam təmin edilmiş, növbəti rüblər hesabına ayrılan vəsait də nəzərə alınmaqla cari ilin 1-ci rübündə sosial müdafiə və sosial təminat xərclərinə 408,0 milyon manat və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çox vəsait ayrılmışdır.
Funksional təsnifata uyğun olaraq 2011-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 21,9 faiz, səhiyyə xərclərinə 21,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinə 18,3 faiz, təhsil xərclərinə 12,4 faiz, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 11,9 faiz çox vəsait yönəldilmişdir.
Möhtərəm Prezident, cari ilin birinci rübündə dövlət investisiya xərclərinə 546,0 milyon manat vəsait yönəldilmiş, əsas investisiya layihələrinin maliyyələşdirilməsi təmin edilmişdir.
Həmin vəsaitdən 78,0 milyon manat təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına xərclənmişdir. Müharibə əlilləri, şəhid ailələri üçün yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 9,4 milyon manat, regionlarda idman komplekslərinin və digər idman təyinatlı obyektlərin tikintisi və yenidənqurulmasına 5,5 milyon manat vəsait yönəldilmişdir.
Ölkənin əsas enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidənqurulması üçün 363,0 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturunun tikintisi və yenidən qurulması üçün 144,0 milyon manat, Bakı Metropoliteninin stansiyalarında tikinti və yenidənqurma işlərinə 24,0 milyon manat, "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasına 17,0 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturunun bərpasına 10,0 milyon manat, "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinə 20,0 milyon manat, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə 143,0 milyon manat, digər dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 5,0 milyon manat vəsait sərf edilmişdir.
Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan Hökuməti tərəfindən xaricdən 206,0 milyon manat məbləğində vəsait cəlb olunmuşdur.
Cari ilin birinci rübündə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə nəzərdə tutulmuş 63,0 milyon manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən rayon və şəhərlərin yerli xərclərinə nəzərdə tutulmuş 181,0 milyon manat dotasiya tam ayrılmışdır.
2011-ci ilin birinci rübündə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrin həyata keçirilməsi, abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün 31,0 milyon manat vəsaitin ayrılmasına dair ölkə Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanmışdır.
Hesabat dövründə dövlət büdcəsinin Ehtiyat Fondundan büdcədə əvvəlcədən nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 14,3 milyon manat vəsait ayrılmış, ondan 7,0 milyon manat vəsait artıq istifadə olunmuşdur.
Dövlətin xarici və daxili borclarının idarə olunması, beynəlxalq səviyyədə və ölkə daxilində borc öhdəliklərinin yerinə yetirilməsi diqqətdə saxlanılmış, cari ilin birinci rübündə həmin məqsədə büdcədən 154,0 milyon manat vəsait yönəldilmişdir.
2011-ci ilin birinci rübündə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinin fəaliyyəti üçün dövlət büdcəsindən 15,0 milyon manat, ölkəmizdə keçirilmiş bir sıra beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsinə 3,5 milyon manat vəsait yönəldilmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilmiş, hesabat dövründə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası üçün 25,0 milyon manat vəsait yönəldilmişdir.
Sahibkarlığın inkişaf etdirilməsi üçün cari ilin 1-ci rübündə iqtisadiyyatın müxtəlif sahələri üzrə 322 sahibkara 27,5 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 10,0 milyon manatını dövlət büdcəsindən sahibkarlığın inkişafı ilə bağlı ayrılmış vəsait təşkil etmişdir.
İnvestisiya layihələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə, verilmiş güzəştli kreditlərin məbləği isə 1,4 dəfə artmışdır.
Güzəştli kreditlər hesabına müasir texnologiyaların tətbiqinə əsaslanan 25 böyük və iri həcmli layihə, o cümlədən tutumu 29,5 min ton olan 5 müasir soyuducu anbar kompleksinin, illik istehsal gücü 78,1 min ton olan 5 müasir çörək istehsalı müəssisəsinin, illik istehsal gücü 13 milyon ədəd damazlıq yumurta və 0,6 min ton quş əti olan 3 quşçuluq (broyler) təsərrüfatının, illik istehsal gücü 19,8 min ton olan 2 ət kəsimi fabrikinin, 500 başlıq südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq kompleksinin və digər müəssisələrin yaradılması və ya yenidən qurulması üzrə investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
Cənab Prezident, Bakı qəsəbələrində əhalinin məşğulluğunun daha da yaxşılaşdırılması sahəsində verdiyiniz tapşırıqların icrası ilə əlaqədar Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına qəsəbələrdə 24 sahibkara üst-üstə 2,2 milyon manat kredit verilmişdir. Bu güzəştli kreditlər hesabına Bakı qəsəbələrində yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Sahibkarlıq subyektlərinin formalaşması üçün yaradılmış münbit mühit, o cümlədən sahibkarlıq fəaliyyətinə başlama üçün sərf edilən müddətin, prosedurların və sənəd sayının azaldılması nəticəsində "bir pəncərə" sistemi üzrə cari ilin birinci rübü ərzində 14 mindən çox sahibkar dövlət qeydiyyatına alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyatdan keçənlərin sayının 46,1 faiz artması deməkdir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının həyata keçirilməsinin nəticəsi olaraq 2011-ci ilin 1-ci rübündə qeydiyyata alınmış sahibkarların 61,2 faizi regionların payına düşmüşdür.
Aqrar sektora dövlət qayğısının daha da artırılması məqsədi ilə fermer təsərrüfatlarına kreditlərin verilməsi, lizinq xidmətinin yaxşılaşdırılması, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 14,0 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 4,5 milyon manat vəsait yönəldilmişdir.
Möhtərəm cənab Prezident!
Məlum olduğu kimi, 2011-ci il dövlət və icmal büdcələrinin gəlirlərinin hesablamalarında bir barrel xam neftin ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürülmüşdür.
Dünya neft bazarlarında Azərbaycan neftinin bir barrelinin qiyməti 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulan qiyməti xeyli müddətdir 80 faizdən artıq üstələyir.
Xam neftin qiymətinin artması cari ilin 1-ci rübündə dövlət və icmal büdcə gəlirlərinin, o cümlədən Dövlət Neft Fondunun gəlirlərinin artmasına şərait yaradıb.
Bu, sözsüz ki, icmal büdcənin tərkib hissəsi olan dövlət büdcəsinə və Dövlət Neft Fondunun 2011-ci il büdcəsinə proqnozlaşdırıldığından daha çox gəlirin daxil olacağını şərtləndirir.
Eyni zamanda, qeyd olunmalıdır ki, dünya bazarlarda xam neftin qiymətinin yüksək olması, habelə, 2008-2009-cu illər dünyada yaşanan maliyyə-iqtisadi böhran zamanı bir çox iri dövlətlər tərəfindən həyata keçirilmiş liberal pul-kredit və faiz dərəcəsi siyasəti dünya miqyasında inflyasiya meyillərini kəskin artırmışdır.
Bu, ölkəmizə idxal olunan qeyri-neft məhsullarının da qiymətinin artmasına təsir göstərir. Mühüm xammal və materialların, maşın və avadanlıqların, gündəlik tələbat mallarının, əsasən də ərzaq məhsullarının qiymətinin artmasına səbəb olmuşdur.
Yaranmış meyillər nəzərə alınmaqla əhalinin real gəlirlərinin qorunması və rifah halının daha da yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət və icmal büdcələrinin gəlirlərinə yenidən baxılaraq əlavə maliyyə təminatının yaradılması tapşırığı verilmişdir.
Cənab Prezident, tapşırığınıza uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən əlaqədar dövlət qurumları ilə birlikdə dövlət və icmal büdcələrinin dəqiqləşdirilməsi işlərinə başlanılmışdır.
Dövlət büdcəsinin əlavə gəlirləri hesabına əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə, əmək haqlarının artımının həyata keçirilməsi nəzərdə tutulur.
Bu artım dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda, o cümlədən təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi sferasında çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqlarının artımına imkan verəcəkdir.
Dəqiqləşmə zamanı zəruri sosial tədbirlərdən olan sosial müavinətlərin və təqaüdlərin, o cümlədən yaşa, əlilliyə, ailə başçısını itirməyə, uşağın anadan olmasına görə, müharibə veteranlarına verilən müavinətlərin, məcburi köçkünlərə verilən yemək xərcinin, şəhid ailəsi və müharibə əlilləri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və digər sosial ödənişlərin və müavinətlərin artırılması təmin ediləcəkdir.
Bundan əlavə, gənc nəslin aparıcı qüvvələrindən olan ali, orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara verilən təqaüdlərin artırılması nəzərdə tutulur.
Bütövlükdə qeyd edilən sosial müdafiə tədbirləri təxminən 3,0 milyon nəfərdən çox şəxsə şamil ediləcəkdir.
Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına əlavə stimul olaraq cənab Prezident tərəfindən içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə əhalinin 2011-ci il 1 fevral tarixinə qədər yığılıb qalmış 294,2 milyon manat məbləğində borcu silinmişdir. Bununla əlaqədar, dövlət büdcəsində də müəyyən dəqiqləşmələr aparılacaqdır.
Əhalinin sosial müdafiəsində xüsusi əhəmiyyət kəsb edən bir sıra sosial və infrastruktur layihələrin maliyyə təminatı üçün də dövlət büdcəsinin dəqiqləşməsi nəticəsində formalaşacaq əlavə gəlirlərdən vəsait ayrılacaqdır.
Öncə bu mənbədən qəza vəziyyətində olan bir sıra məktəblərdə əsaslı təmir, tikinti və bərpa-gücləndirmə işlərinin yerinə yetirilməsinə, tələbələr üçün müasir yataqxanaların tikintisinə vəsait ayrılacaqdır.
Respublikanın şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsi və bu işlərin sürətləndirilməsi, elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılması, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidənqurulmasına vəsaitin ayrılması da dəqiqləşmə zamanı diqqətdən kənarda qalmayacaqdır.
Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi və yeni proqramın hazırlanması, o cümlədən Bakı kəndlərinin yollarının tikintisi, respublikanın digər regionlarında kəndlərarası yolların tikintisi və əsaslı təmiri üçün də nəzərəçarpacaq məbləğdə vəsait ayrılacaqdır.
Hazırda həyata keçirilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycanın nəqliyyat sisteminin, o cümlədən quru və dəniz nəqliyyatı sisteminin tranzit potensialının artırılmasını şərtləndiriləcəkdir. Bunu nəzərə alan cənab Prezidentimizin tapşırığına uyğun olaraq, Ələt qəsəbəsində dünya standartlarına uyğun beynəlxalq dəniz limanının tikintisinə başlanması üçün vəsait ayrılmış və dəqiqləşmə zamanı əlavə vəsaitin də ayrılması nəzərdə tutulur.
Hörmətli cənab Prezident!
Bütövlükdə 2011-ci il dövlət və icmal büdcələrində aparılan dəqiqləşdirmə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, iqtisadiyyatın stimullaşdırılması, 2012-ci il və sonrakı üç ildə dövlət və icmal büdcələri üçün daha böyük bazanın yaradılması yolunda öz müsbət rolunu oynayacaqdır.
Çıxışımın sonunda icazə verin, möhtərəm Prezident, Sizi əmin edim ki, bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, 2011-ci büdcə ilinin uğurla başa çatdırılması və müəyyən etdiyiniz strateji inkişaf xəttinin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinin kollektivi səylərini əsirgəməyəcək, bundan sonra da əzmlə çalışacaqdır.
Dövlət Gömrük Komitəsinin sədri Aydın ƏLİYEV Azərbaycanın iqtisadi inkişaf modelinin uğurla reallaşmasının yüksək inkişaf tempinin təmin edilməsinə, eləcə də beynəlxalq maliyyə böhranının ölkə iqtisadiyyatına təsirini minimuma endirməyə imkan verdiyini bildirərək dedi:
- Zati-alinizin diqqət və qayğısı nəticəsində bazar iqtisadiyyatına keçid dövrünün başa çatdığı ölkəmizdə sahibkarlıq və biznes mühitinin əlverişliliyinin təmin olunmasında gömrük xidmətinin də özünəməxsus rolu vardır. Ötən illərdə olduğu kimi, 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dövlət Gömrük Komitəsi üçün 1 milyard 120 milyon manat büdcə öhdəliyi proqnozlaşdırılmışdır. Cari ilin birinci rübündə Dövlət Gömrük Komitəsi üzrə proqnozlaşdırılan 240 milyon manata qarşı aparılan idxal-ixrac əməliyyatlarından 240,6 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunmuş, proqnoza 100,2 faiz əməl edilmişdir. Ölkənin tərəqqisinə mane ola biləcək mənfi halların aradan qaldırılması məqsədi ilə son illər korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni mərhələsinə başlanılmışdır. Ölkəmizdə bu qəbildən olan problemlərin birdəfəlik aradan qaldırılması cənab Prezidentin həyata keçirdiyi inkişaf strategiyasının əsas məqsədidir.
Şəffaflıq amili ulu öndər Heydər Əliyevin dövlət quruculuğu və siyasətində də daim diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmişdir. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, şəffaflığın artırılması və nəzarətin təkmilləşdirilməsi cənab Prezidentin imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli Fərmanda, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyada və bir sıra digər hüquqi normativ aktlarda da təsbit olunmuşdur. Bu baxımdan, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında 25 fevral 2011-ci il tarixli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 3 mart 2011-ci il tarixli fərmanlarına əsasən, Dövlət Gömrük Komitəsi və digər müvafiq icra orqanlarına bir sıra tədbirlərin görülməsi tapşırılmışdır.
Məlumat üçün bildirmək istəyirəm ki, fərmanın icrası ilə əlaqədar tərəfimizdən bir sıra müvafiq tədbirlər artıq görülmüşdür. Belə ki, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan bütün gömrük idarələrində pos-terminallar quraşdırılmış, qanunvericilikdə müəyyən edilmiş bütün gömrük ödənişlərinin bank və plastik kart vasitəsilə aparılmasına başlanılmış, gömrük orqanlarında göstərilən xidmətlərin operativliyinin və şəffaflığın artırılması məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün Bakıda Baş Gömrük İdarəsi və Astara gömrük idarələrində elektron idarəetmə sisteminin tətbiqinə başlanılmış, qısa müddət ərzində digər gömrük orqanlarında da bu sistemin tətbiqi tam təmin olunacaqdır. Gömrük əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət gücləndirilmiş, gətirilməsi və aparılmasına yol verilməyən əşyaların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasına gətirilməsi qadağan edilən və ya məhdudlaşdırılan əşyaların siyahısı və aidiyyəti üzrə digər normativ hüquqi sənədlər tərtib olunmuş, lövhələrə vurularaq dövlət sərhədinin buraxılış məntəqələrində, o cümlədən gömrük idarələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməsi təmin olunmuşdur.
Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələrini və ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələrini göstərməklə həm adlar, həm də kodlar üzrə axtarışın həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin ödənilməsinə imkan verən elektron avadanlıqlar sifariş edilmiş və tez bir zamanda sərhəd buraxılış məntəqələrində yerləşdiriləcəkdir.
Eyni zamanda, Azərbaycan Respublikasının ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, uçota alınması, nəqliyyat vasitələrinə dövlət qeydiyyat şəhadətnaməsinin və qeydiyyat nişanının verilməsi və digər prosedurları "bir pəncərə" prinsipi əsasında sadələşdirilməsi məqsədilə müvafiq icra orqanları ilə birgə vahid mexanizmin işlənib hazırlanması istiqamətində aidiyyəti tədbirlər görülür və məlum Fərmanda qeyd olunduğu kimi, 3 ay müddətində icrası təmin olunacaqdır.
Cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları,
Şəffaflığın təmin olunması, vergidən yayınmanın, qaçaqmalçılığın qarşısının alınması və hüquqpozmalara qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 4 nəfəri gömrük əməkdaşı olmaqla 11 nəfərdən ibarət böyük cinayətkar qrup sənədlərin saxtalaşdırılması, korrupsiya və digər qanunsuz hərəkətlərinə görə həbs olunaraq məhkəmənin hökmü ilə layiqli cəzalarını almışlar.
2011-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı aparılan mübarizə nəticəsində 4665 hüquqpozma faktı aşkar edilmişdir ki, bu faktların 60-ı cinayət xarakterli olmuşdur. Görülən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 33 fakt aşkar edilmiş, həmin faktlar üzrə 40,7 kiloqram narkotik, o cümlədən 5,6 kiloqram heroin, 1,2 kiloqram tiryək, 29,3 kiloqram həşiş və digər narkotik vasitələr tutulmuşdur.
Cari ilin üç ayı ərzində aşkar olunmuş 4605 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 118 hüquqi və 4487 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Bu faktlar üzrə qeyd olunan şəxslərə 254 min manat cərimə tətbiq edilmişdir. Hesabat dövründə gömrük orqanlarında aparılan idxal-ixrac əməliyyatlarına mərkəzləşmiş qaydada nəzarətin həyata keçirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsində əməliyyat mərkəzi yaradılmış, sərhəd buraxılış məntəqələrindən keçirilən mal və nəqliyyat vasitələrinə videomüşahidə sistemi və nəqliyyat vasitələrinin ölkəyə daxilində hərəkətin izlənməsinə imkan verən izləmə sistemi istismara verilmiş, gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarə sistemi və yeni servis mərkəzi yaradılmışdır.
Cari ilin fevral ayında zati-alinizin xeyir-duası ilə Tovuz gömrük idarəsinin Sınıqkörpü sərhəd buraxılış məntəqəsinin yeni inzibati binası istifadəyə verilmiş, Astara Gömrük İdarəsinin yeni inzibati binası isə xidməti istifadəyə tam hazırdır.
Hesabat dövründə beynəlxalq gömrük əməkdaşlığının inkişafı istiqamətində də bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilmişdir. Belə ki, cənab Prezident, Sizin müvafiq tapşırığınıza əsasən, cari ilin fevral ayında Argentinanın Buenos-Ayres şəhərində Azərbaycan Respublikası və Argentina Respublikası gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, ölkələrimizin iqtisadiyyatının yüksəldilməsində gömrük orqanlarının rolu və bu sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi məqsədi ilə görüşlər keçirilmiş, Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanmışdır.
Martda Avstriyanın Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının narkotik vasitələr üzrə komissiyasının 54-cü sessiyasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti iştirak etmiş, Vyana beynəlxalq mərkəzinin əsas foyesində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş plakat, foto və digər incəsənət əsərlərindən ibarət "Narkotiklərə yox deyək!" adlı sərgi təşkil edilmişdir. Lüksemburq şəhərində Ümumdünya Gömrük Təşkilatının Avropa regionunun gömrük xidməti rəhbərlərinin konfransında iştirak etməklə yanaşı, konfrans zamanı Avropa regionunda digər təmsilçilərlə bərabər, Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsinə namizədliyi dəstəklənmişdir.
Möhtərəm cənab Prezident!
Qürur hissi ilə qeyd etmək istəyirəm ki, gömrük sisteminin dünya standartlarına uyğun qurulması və inkişaf etdirilməsi sizin diqqət və qayğınız nəticəsində mümkün olmuşdur. Cari ilin yanvar ayında Sizin imzaladığınız Sərəncamlarla gömrük əməkdaşlarından 3 nəfərinə ali xüsusi rütbənin verilməsi və gömrük komitəsinin şəxsi heyətinin orden və medallarla təltif edilməsini ölkəmizin bütövlükdə gömrük sisteminin qiymətləndirilməsi kimi qəbul edirik. Eyni zamanda, son məlum Fərmanınızla xüsusi rütbəsi olan gömrük əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilməsi gömrük əməkdaşlarının yüksək dövlət qayğısı ilə əhatə olunmasını bir daha təsdiq edir.
Gömrük Komitəsinin əməkdaşlarına göstərdiyiniz böyük etimada, yüksək diqqət və qayğıya görə bütün gömrük xidməti əməkdaşları adından dərin təşəkkürümü və minnətdarlığımı bildirərək, cənab Prezident, Sizi və bugünkü müşavirə iştirakçılarını əmin etmək istəyirəm ki, ölkəmizin uğurlu inkişafı naminə funksiya və vəzifələrimizin ləyaqətlə yerinə yetirilməsi istiqamətində daha zəruri tədbirlər həyata keçirəcəyik.
Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu RƏHİMOV həyata keçirilən kompleks tədbirləri diqqətə çatdıraraq dedi:
- Ulu öndər Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi" imzalandıqdan sonra neft layihələrinin gerçəkləşməsi, yeni neft və qaz kəmərlərinin çəkilişinə başlanılması ərəfəsində ölkəmizə xarici investisiyalarla bərabər əcnəbi mütəxəssislərin və işçi qüvvələrinin miqrasiyası bir qədər ehtiyatla qarşılanırdı. Məhz həmin dövrdə ümummilli lider öz müdrikliyi və uzaqgörənliyi ilə bu prosesin mahiyyətini açıqlayaraq demişdir: "Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir".
Cənab Prezident! Sizin, ümummilli liderimizin milli dövlətçilik konsepsiyasını inamla və uğurla davam etdirməyinizin nəticəsidir ki, son illər ölkəmizdə ictimai-siyasi sabitliyə və sürətli sosial-iqtisadi inkişafa nail olunmuşdur. Bu da Azərbaycan Respublikasını əcnəbilər üçün daha cəlbedici bir ölkəyə çevirmiş, respublikamıza miqrasiya axınının ildən-ilə artmasına səbəb olmuşdur. Ölkəmizin davamlı inkişafı və təhlükəsizliyinin təmin edilməsi milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini və bu sahədə beynəlxalq əməkdaşlığı zəruri etmişdir.
Cənab Prezident! Sizin, 19 mart 2007-ci il tarixli Fərmanınızla miqrasiya sahəsində mövcud olan problemlərin mərkəzləşdirilmiş və operativ qaydada həll olunması məqsədilə, bu sahədə vahid dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Bununla da miqrasiya proseslərinin idarəedilməsinə nəzarətin gücləndirilməsi, o cümlədən miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqinin təşkili, vaxtaşırı hesabatların və statistik məlumatların hazırlanması Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə bir vəzifə olaraq tapşırılmışdır.
Sizin rəhbərliyiniz və nəzarətiniz altında Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilmiş, miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. 2007-ci il 14 may tarixli Sərəncamınızla Dövlət Miqrasiya xidmətinin strukturu və işçilərinin say həddi müəyyənləşdirildikdən sonra Xidmətin aparatının və strukturuna daxil olan qurumların fəaliyyətini təşkil etmək məqsədi ilə kadr potensialı yaradılmış, xidmət əməkdaşlarının peşə hazırlığının artırılması, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə onların ölkə daxilində və xaricində keçirilən tədbirlərdə, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ixtisasartırma kurslarında iştirakları təmin edilmişdir.
Dövlət Miqrasiya Xidməti beynəlxalq əməkdaşlıq sahəsində də əlaqələr qurmuş, iki və çoxtərəfli əsaslar üzrə münasibətlər inkişaf etdirilmişdir. Beynəlxalq təcrübəni öyrənməklə mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, o cümlədən bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Miqrasiya sahəsindəki qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 20-dən artıq fərman və sərəncamın imzalanması ölkə rəhbərliyi tərəfindən miqrasiya proseslərinin daim diqqət mərkəzində saxlanılmasının, həmçinin Dövlət Miqrasiya Xidmətinə göstərilən qayğının bariz nümunəsidir. Məruzə edirəm ki, miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər bu gün də fəal şəkildə davam etdirilir. Hazırda miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və vahid bazanın formalaşdırılması məqsədi ilə Xidmət tərəfindən "Miqrasiya Məcəlləsi"nin layihəsi digər dövlət orqanlarının yekun rəyləri də nəzərə alınmaqla yenidən işlənilərək hökumətə təqdim olunmuşdur. Möhtərəm cənab Prezident, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi istiqamətində atılan ciddi addımlardan biri də Sizin tərəfinizdən imzalanmış "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 4 mart 2009-cu il tarixli Fərmandır. Bildirmək istəyirəm ki, Dövlət Miqrasiya Xidməti tərəfindən 2009-cu ilin iyul ayının 1-dən "bir pəncərə" prinsipinin tətbiqinə başlanılmış və ötən dövr ərzində miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilmiş, ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları, onlara müvafiq icazələrin verilməsi və onların yaşayış yeri üzrə qeydiyyata alınmaları prosedurları sadələşdirilmiş, nəticədə bu sahədə şəffaflığın tam təmin edilməsinə nail olunmuşdur.
Möhtərəm cənab Prezident! Ötən dövr ərzində xidmətin infrastrukturu inkişaf etdirilmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, Sizin iştirakınızla 2010-cu il mayın 25-də Dövlət Miqrasiya Xidmətinin müasir tələblərə cavab verən yeni inzibati binası istifadəyə verilmişdir. Miqrasiya idarəetmə sisteminin təkmilləşdirilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə Xidmətin beş regional idarəsinin, Heydər Əliyev Beynəlxalq Aeroportunda miqrasiya şöbəsinin fəaliyyəti təmin edilmişdir.
Yevlax şəhərində qanunsuz miqrantların saxlanılması mərkəzinin tikintisi başa çatdırılmış, Bakı şəhərində isə analoji mərkəzin inşasında tamamlama işləri aparılır.
Sizin, 4 iyun 2010-cu il tarixli Fərmanınızın tələblərindən irəli gələn məsələlərin həll edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, o cümlədən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi yaradılmış və digər dövlət orqanlarının müvafiq sistemləri ilə inteqrasiyası təmin edilmişdir.
Yeni fəaliyyətə başlamış Heydər Əliyev Beynəlxalq Aeroportunun miqrasiya şöbəsində, həmçinin Bakı şəhərində yerləşən mehmanxanaların bir qismində əcnəbilər barədə qeydə alınan məlumatların Vahid Miqrasiya Məlumat Sisteminə daxil edilməsi üçün proqram təminatı həyata keçirilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Vahid Miqrasiya Məlumat Sistemi quraşdırılmış, mərkəzi baza ilə real vaxt rejimində əlaqə təmin olunmuşdur.
Cənab Prezident! 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin həmin il avqustun 5-də keçirilən iclasında Siz demişdiniz: "Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur". Bu fikirlər göstərdiyiniz böyük diqqət və qayğı sayəsində bu gün gerçəkləşmişdir. Belə ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilmişdir ki, cari il aprelin 1-dək Azərbaycan Respublikasında olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 452 475 nəfərdir. Həmçinin müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müvafiq icazələrin alınması ilə bağlı müraciət etmiş əcnəbilərin 25 faizini fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, 20 faizini təhsil müəssisələrində əyani təhsil alanlar, 18 faizini Azərbaycan Respublikası vətəndaşları ilə nikahda olanlar, 13 faizini Azərbaycan Respublikası vətəndaşları ilə yaxın qohumluq münasibətində olanlar və s. təşkil edir.
Cənab Prezident!
Bu gün qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində işlək mexanizm yaradılmış, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər gücləndirilmiş, Dövlət Miqrasiya Xidməti ilə Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında birgə tədbirlər planı hazırlanmışdır. Bu istiqamətdə görülən tədbirlər ötən illərlə müqayisədə daha da gücləndirilmiş və nəticədə Dövlət Miqrasiya Xidməti tərəfindən 2010-cu ildə 16680 əcnəbinin sənədləri yoxlanılmış və 12094 qanun pozuntusu aşkar edilmişdir. Hər bir halda qanunvericiliyin tələbinə uyğun olaraq əcnəbilər barəsində müvafiq qərarlar qəbul olunmuşdur. 2010-cu il ərzində qanunvericiliyin tələbinə uyğun olaraq alınmış rüsum və tətbiq edilmiş cərimələrdən dövlət büdcəsinə 14 210 808 manat vəsait daxil olmuşdur.
Miqrasiya sahəsində baş verən yeniliklərin və mühüm tədbirlərin ictimaiyyətə çatdırılması işində daim operativlik təmin olunmuş, vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə müvafiq tədbirlər təşkil olunaraq həyata keçirilmişdir.
Möhtərəm cənab Prezident!
Sizin tərəfinizdən ölkəmizin hərtərəfli inkişafı üçün müəyyənləşdirilmiş daxili və xarici siyasət kursunun yeni mərhələyə keçməsi qarşımıza daha ciddi vəzifələr qoymuşdur. Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti adından Sizi əmin edirəm ki, Azərbaycan Respublikasının miqrasiya siyasətinin uğurla davam etdirilməsi, qarşımıza qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məqsədi ilə bundan sonra da bütün imkanlarımızı səfərbər edəcəyik.
İcazə verin, fürsətdən istifadə edərək, bu sahəyə göstərdiyiniz diqqət və qayğıya görə miqrasiya orqanları işçiləri adından, eləcə də öz adımdan Sizə minnətdarlığımızı bildirim.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında