Prezident İlham Əliyev Göytəpə su anbarının açılışında iştirak etmişdir

Aprelin 29-da Prezident İlham Əliyev Cəlilabadda Göytəpə su anbarının açılışında iştirak etmişdir.
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına məlumat verdi ki, Cəlilabad rayonunun torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün Göytəpə çayı üzərində ümumi tutumu 3,7 milyon kubmetr olan su anbarının tikintisi məqsədi ilə 1985-86-cı illərdə işçi layihə hazırlanmışdı. Layihədə torpaq bəndin, suburaxıcı qurğunun, qəza sutullayıcısının, nasos stansiyasının, təzyiqədavamlı boru kəmərinin və suvarma şəbəkəsinin tikintisi nəzərdə tutulmuşdu. 1988-1992-ci illərdə layihənin icrası ilə bağlı bir çox işlər görülsə də, sonrakı dövrdə vəsait çatışmazlığı səbəbindən tikinti işləri dayandırılmışdı. 2005-ci ildə Prezident İlham Əliyevin göstərişinə əsasən bu su anbarının tikintisinin davam etdirilməsinə başlanmış və dövlətimizin başçısının tapşırığına uyğun olaraq layihə daha da təkmilləşdirilmişdir.
Qeyd olundu ki, Göytəpə su anbarında bəndin hündürlüyü 17,5 metrdir. Bəndin üstdən uzunluğu 550 metr, su anbarının ümumi həcmi 3,7 milyon kubmetrdir. Bu hidrotexniki qurğunun faydalı həcmi isə 3,3 milyon kubmetrdir. Təzyiqədavamlı boru kəmərinin uzunluğu 7,14 kilometr, monolit beton üzlüklü suvarma kanallarının uzunluğu isə 12,1 kilometrdir. Anbarın istifadəyə verilməsi Cəlilabadda kənd təsərrüfatının inkişafını sürətləndirəcək, uzun müddət suvarma suyundan korluq çəkən ərazilərin su ilə təmin edilməsinə imkan yaradacaqdır. Bu da öz növbəsində rayonda kənd təsərrüfatı məhsulları istehsalının əsaslı şəkildə artmasına təkan verəcəkdir.
Prezident İlham Əliyev su anbarını işə saldı.
Bildirildi ki, perspektivdə anbarın bəndinin sağ sahilində 300 hektar yeni torpaq sahələrinin suvarılması məqsədi ilə nasos stansiyasının, uzunluğu 2,5 kilometr olan təzyiqədavamlı boru kəmərinin və qapalı suvarma şəbəkəsinin tikintisi, eləcə də su anbarının ətrafındakı kəndlərin əhalisinin gediş-gəlişini yaxşılaşdırmaq üçün Göytəpə çayı üzərində avtomobil körpüsünün inşası nəzərdə tutulmuşdur. Bundan əlavə, bəndin dayanıqlılığının daha da yüksəldilməsi və normal istismarının təmin olunması üçün əlavə tədbirlər planlaşdırılmışdır.
Prezident İlham Əliyev ölkəmizin meliorasiya və irriqasiya sisteminin daha da müasirləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.
Mərasim iştirakçıları dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında