Azərbaycan Prezidenti İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində görülən işlərlə tanış olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Həmin müşavirədə dövlətimizin başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün aprelin 4-də Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində olmuşdur. 
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Qobustan qəsəbəsinin sxemi əsasında təmirə ehtiyacı olan yollar barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edək ki, 14 min 585 nəfər əhalisi olan Qobustanda artıq qəsəbədaxili yolların əsaslı təmirinə başlanılıb. İndiyə qədər yolların 10 min kvadratmetr hissəsinə yeni asfalt örtüyü döşənib. Yolun qalan 18 min kvadratmetr hissəsinin də asfalt örtüyü təzələnəcəkdir. Məhəllədaxili bütün küçələrdə yeni işıqlandırma sistemi quraşdırılacaqdır.
Qəsəbədə görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü.
Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Qobustan qəsəbəsinin sakinlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Sizi salamlayıram, xoş gördük. Qobustan qəsəbəsinin inkişafı ilə bağlı müvafiq göstərişlər verilmişdir. İndi işlər başlayıbdır. Birinci mərhələdə biz yolların çəkilişi ilə məşğul olacağıq. Çünki buna böyük ehtiyac var. Qobustan qəsəbəsinin yollarının, demək olar ki, hamısı torpaq yollardır. Asfalt salınmayıb, keçmişdə də olmayıb, indi də yoxdur. Əlbəttə, bu, böyük çətinliklər yaradır. Çünki yağış yağanda, qar yağanda bu yollardan keçmək mümkün deyil. İndi mən maşınla gələndə görürdüm, sağ-soldakı küçələrin hamısı torpaq yollardır. Ona görə biz bu gün bu işlərə başlayırıq. Bütün küçələr asfaltlanacaqdır. Bu işlər mərhələlərə bölünübdür. Hər bir mərhələdə müəyyən qədər işlər görülməlidir.
Bütövlükdə Bakı şəhəri qəsəbələrinin inkişafı ilə bağlı müvafiq göstərişlər verilmişdir. Keçən ayın əvvəlində böyük müşavirə keçirilmiş, göstərişlər verilmiş, proqram hazırlanmışdır. Bu ay proqram təsdiq olunacaq və onun icrası nəticəsində qəsəbələrin hamısında bütün infrastruktur məsələləri və sosial məsələlər öz həllini tapacaqdır.
İlk növbədə isə yollar. Çünki buna ən böyük ehtiyac var. Ondan sonra işıq dirəkləri qoyulacaq. Qəsəbə yolları, demək olar ki, işıqlandırılmır, axşamlar qaranlıq olur. Sosial obyektlərə gəldikdə, mənə indi məlumat verildi ki, məktəb tikintisinə ehtiyac var. Xəstəxana çox bərbad vəziyyətdədir. Deyə bilərəm ki, dözülməz vəziyyətdədir. Bu məsələləri biz operativ şəkildə həll edəcəyik.
Bütövlükdə ölkəmizdə böyük quruculuq işləri aparılır. Hər bir bölgəyə, hər bir rayona dair xüsusi proqramlar var. Belə olan halda, Bakı qəsəbələrinin inkişafı ilə bağlı, əlbəttə ki, daha da ciddi tədbirlər görülməlidir.
Son illər ərzində müəyyən işlər görülübdür. Məktəb tikintisi, tibb məntəqələrinin tikintisi layihələri icra olunubdur. Ancaq növbəti illərdə daha da genişmiqyaslı işlər görülməlidir. Bax, indi Bakı-Ələt yolu dünyanın ən yüksək standartlarına cavab verir. Hətta işıq dirəkləri də qurulur. Baxmayaraq ki, dünya təcrübəsində magistral yollarda işıq olmur. Amma biz bunu da edirik. Qəsəbədaxili yollar da elə olmalıdır. Qəsəbələrarası yollar yaxşı olmalıdır. Yəni insanların rahatlığı üçün, işləməsi üçün, yaxşı yaşaması üçün bütün işləri biz görürük. Bu, birinci addımdır. Bundan sonra daha da böyük işlər görüləcəkdir. Yenə də demək istəyirəm ki, qəbul olunacaq proqram bütün qəsəbələri əhatə edəcək və hər bir qəsəbə üçün ayrıca iş qrafiki tərtib olunacaqdır. Bu, böyük bir işdir. Çünki Bakının ətrafında 40-dan çox qəsəbə var. O qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Necə deyərlər, - mən bir dəfə demişəm, - özlüyündə böyük bir şəhər boyda qəsəbələrdir. Əlbəttə ki, bu işləri görmək üçün böyük vəsait və vaxt tələb olunacaqdır. Ancaq mən istəyirəm ki, bütün bu işləri maksimum qısa müddət ərzində görək. Əlbəttə ki, burada yerli icra orqanlarının fəaliyyətindən çox şey asılı olacaqdır. Eyni zamanda, qəsəbə sakinləri də bütün bu gözəl təşəbbüslərə qoşulmalı, fəal iştirak etməlidirlər. Həm də öz təkliflərini, iradlarını bildirməlidirlər ki, hansı məsələlər daha da tez həll olunmalıdır, hansı məsələlər narahatlıq doğurur, harada biz nəyi düzəltməliyik, nəyi etməliyik. Yəni bu bağlantı olmalıdır ki, biz də tam məlumat əldə edək ki, işlər hansı ardıcıllıqla görülməlidir.
Bu gün mən gəlmişəm ki, həm işin başlanğıcı ilə tanış olum, həm sizdən eşidim ki, - istəyiniz nədir, arzularınız nədir, biz nə etməliyik ki, işlər sürətlə və maksimum səmərə ilə aparılsın.
SAKİN: Cənab Prezident! Bizim qəsəbəyə xoş gəlmisiniz! Sizi görməyimizə çox şadıq.
Mən 17 nömrəli şəhər xəstəxanasının baş həkimiyəm. Sizin sərəncamınıza əsasən görülən işlər bizim qəsəbədə də göz qabağındadır. Bizim çox yollarımız asfaltlanıb, işıq, qaz fasiləsiz verilir. Sizə çox minnətdarıq. Rayonumuz da abadlaşır. Abadlıq işləri göz qabağındadır. Ancaq Sizdən bir xahişimiz vardır. Bizim xəstəxana bərbad vəziyyətdədir. 1952-ci ildə tikilmiş köhnə binada yerləşir. Onun yenidən qurulmasına ehtiyac var, poliklinika, təcili yardım xidməti bir həyətdə olsa çox yaxşı olar. Əminik ki, Sizin buraya gəlməyiniz bizim problemimizin həllinə böyük dəstək olacaqdır.
Məktəbimizin də binası kiçikdir. Təzə orta məktəbin də tikilməsinə böyük ehtiyacımız vardır, idman salonu da olsun ki, uşaqlar orada məşğul ola bilsinlər. Başqa problemlərimiz yoxdur.
Prezident İlham ƏLİYEV: Bunları həll edəcəyik.
SAKİN: Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Mən bilirəm ki, qəsəbələrdə qaz, işıq problemləri həll olunub, içməli su problemi vardır, bu da həll olunacaqdır. Məktəb, xəstəxana tikintisi ilə bağlı mən müvafiq göstərişlər verəcəyəm ki, bu məsələ də öz həllini tapsın. Uşaqlar yaxşı şəraitdə oxumalıdırlar. Son illərdə ölkəmizdə iki mindən artıq məktəb binası tikilib, amma yenə də qəzalı vəziyyətdə olan məktəblər vardır. Onları biz bərpa etməliyik, yenilərini tikməliyik. Bunu edəcəyik. Daha hansı məsələlər həll olunmalıdır?
SAKİN: Əvvəlcə təbrik edirik Sizi!
Prezident İlham ƏLİYEV: Sağ olun.
SAKİN: Siz mənə dediniz ki, yerinə yetirəcəyəm, yetirmisiniz. Çox sağ olun, çox minnətdaram. Sizin mənə yaxşılığınız ürəyimi daha da şad edir.
Prezident İlham ƏLİYEV: Bəli, bəli.
SAKİN: Çox xoş gəlmisiniz!
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
SAKİN: Sizə minnətdarlığımı bildirirəm. Sizin sayənizdə lap yaxşı yaşayıram.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
SAKİN: Bircə arzum vardır. Qəsəbəmiz, rayonumuz çox gözəldir, camaatımız hamısı razıdır. Sizin gəlişiniz daha bir ürəkaçan hadisə, əsl bayram kimi bizə xoş təəssürat bağışladı. Bircə xahişim var Sizdən. İmkan olsa, qəsəbənin məktəb problemini həll edərdiniz.
Prezident İlham ƏLİYEV: Bəs uşaqlar haraya gedirlər?
SAKİN: Uşaqlar buradakı məktəbə gedirlər.
Prezident İlham ƏLİYEV: Uzaqdır buradan?
SAKİN: Hə, uzaqdır. Çox uzaqdır. Görürsünüz, yolun kənarı ilə dəstə-dəstə uşaqlar dərsə gedirlər. Amma bu yanda bir məktəb olsa, çox rahat olar.
Prezident İlham ƏLİYEV: Bunu da həll edərik, həll edərik.
SAKİN: Çox sağ olun.
SAKİN: Allah köməyiniz olsun. Sağ olun.
Prezident İlham ƏLİYEV: Ümumiyyətlə, Qaradağ rayonu mənim üçün doğma rayondur, bilirsiniz.
SAKİN: Hamı da Sizi doğma bilir.
Prezident İlham ƏLİYEV: Mən 1995-ci ildən buradan deputat seçilmişəm. Demək olar ki, mənim siyasi fəaliyyətim Qaradağ rayonunda başlamışdır. Çox sevinirəm ki, son illər ərzində Qaradağ rayonunda yaxşı işlər görülüb. Bu yaxınlarda, bir neçə ay əvvəl Lökbatanda olmuşam. Lökbatanı tanımaq mümkün deyil. Həm binalar, həm yollar, istirahət parkları, ictimai yerlər elə gözəlləşib, elə abadlaşıb ki. Bəli, icra hakimiyyətinin başçısından çox şey asılıdır. Mən bütün icra hakimiyyəti başçılarına göstəriş verirəm ki, yaxşı işləsinlər, insanlarla əlaqədə olsunlar. Bütün problemləri həll etməliyik, bunun üçün bütün imkanlar da vardır. Həm siyasi iradə vardır, həm də indi maliyyə imkanlarımız vardır. İqtisadiyyatımız da inkişaf edir. Sadəcə olaraq, problemləri düzgün təhlil etmək lazımdır və onun həlli yolları müəyyən edilməlidir. Ona görə mən ümid edirəm ki, Qobustan qəsəbəsində də qısa müddət ərzində müsbətə doğru çoxlu işlər görüləcəkdir.
SAKİNLƏR: Allah qoysa! Sağ olun, Allah köməyiniz olsun! Sağ olun, cənab Prezident!
SAKİN: Bizim qəsəbəyə gəldiyiniz üçün, bu gözəl bayramı bizə nəsib etdiyiniz üçün Sizə bütün qəsəbənin ictimaiyyəti adından, ziyalıları adından ürəkdən təşəkkür edirik. Sizin Bakıətrafı qəsəbələrin abadlaşdırılması ilə bağlı verdiyiniz bütün tapşırıqların icrası Bakını bir cənnətə çevirir.
Siz çox doğru buyurdunuz, bizim Lökbatan qəsəbəsi buna bariz nümunədir. Yəqin ki, Sizin bu gəlişinizdən sonra qəsəbəmiz də çıraqban olacaq, cənnətə çevriləcəkdir. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Prezident İlham ƏLİYEV: Sağ olun.
SAKİN: Mədəniyyət sahəsində bu qədər böyük işlər gördüyünüzə görə biz Sizə və Mehriban xanıma bütün mədəniyyət işçiləri adından öz minnətdarlığımızı bildiririk. Mənim Sizdən bir xahişim var: bizim qəsəbədə uzun illərdir çox gözəl mədəniyyət evi fəaliyyət göstərir, onun təmiri məsələsində kömək göstərin. Çox xahiş edirik!
Prezident İlham ƏLİYEV: Yaxşı, onu da edərik. Qaradağ rayonunun bütün qəsəbələrində quruculuq işləri daha da sürətlə getməlidir. Çünki bilirsiniz ki, Qaradağ rayonu ən böyük rayondur. Bakının yarısı qədər ərazisi vardır. Qəsəbələr də bir-birindən kifayət qədər aralıdır. Ona görə Qaradağ rayonunun öz xüsusiyyətləri var. Burada əraziyə nisbətən əhali o qədər çox deyil və qəsəbələrin aralı olması işləri bir qədər çətinləşdirir.
Ancaq hər bir qəsəbə üzrə konkret tapşırıqlar verilmişdir və ümid edirəm ki, biz bu proqramın böyük hissəsini 2013-cü ilə qədər həyata keçirəcəyik. O vaxta qədər nəyi görə bilməsək, ondan sonrakı illərdə görüləcəkdir. Çünki mən bir də demək istəyirəm ki, maliyyə vəsaiti baxımından məhdudiyyət olmayacaqdır. Əsas odur ki, tezliklə bunu edək. Bəzi hallarda texniki imkanlar bir az məhdud ola bilər. Amma hər halda, 2013-cü ilə qədər, demək olar ki, növbəti iki il yarım ərzində əsas məsələlər öz həllini tapmalıdır.
SAKİNLƏR: İnşallah, Allah qoysa. Sizə uğurlar arzulayırıq.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən xahişlərinizi yerinə yetirəcəyəm. Məktəb, xəstəxana tikintisi, mədəniyyət evinin təmiri ilə bağlı müvafiq göstərişlər, sərəncamlar veriləcək və işlər görüləcəkdir.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
* * *
Qobustan qəsəbəsinin sakinləri ilə görüşdən sonra Prezident İlham Əliyev Ələt qəsəbəsinə gəldi. Burada da görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, Ələtdə qəsəbədaxili yolların 4 min 500 kvadratmetrinə yeni asfalt örtüyü döşənib. Yolun 22 min kvadratmetr hissəsinə isə asfalt örtüyü döşəmək üçün ilkin hazırlıq işləri başa çatdırılıb.
Prezident İlham Əliyevin tapşırığı ilə Ələt qəsəbəsində məktəb və xəstəxana üçün yeni binaların tikintisinə də başlanılacaqdır. Bütövlükdə Qaradağ rayonunun ayrı-ayrı qəsəbələrində 60 min kvadratmetr daxili yollar əsaslı təmir ediləcəkdir.
Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Ələt qəsəbəsinin sakinləri ilə görüşdü.
Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV qəsəbə sakinlərinə müraciətlə dedi:
- Ələt qəsəbəsində yollar çəkilir. Deyə bilərəm ki, bu tarixdə ola bilər ki, ilk dəfədir burada yollar çəkilir. Mənə verilən məlumata görə bu qəsəbənin yollarının hamısı demək olar ki, torpaq yollar olub. Yağış yağanda, hava şəraiti pozulanda bu yollardan keçmək mümkün deyildir. Ona görə qəsəbə yollarının tikintisi birinci dərəcəli məsələdir - hər bir qəsəbədə, o cümlədən Ələt qəsəbəsində. Amma bu, böyük vəsait tələb edən işdir. İndi mənə məlumat verildi ki, 600 min kvadratmetr asfalt vurulmalıdır ki, bütün qəsəbə yollarını normal vəziyyətə çatdıra bilək. Biz bu işləri tədricən görəcəyik. Bu, birinci mərhələdir. Bakıətrafı qəsəbələrin hamısında quruculuq işləri aparılmalıdır. Tapşırıqlar da verilmişdir. İndi gəlmişəm ki, sizdən eşidim, hansı problemləriniz vardır, biz nəyi etməliyik, birinci növbədə, bundan sonrakı mərhələlərdə nə etməliyik?! Təbii, qarşıya vəzifə qoyulub ki, bütün qəsəbələrdə infrastruktur, yollar, qaz, işıq, su, kanalizasiya xətləri, sosial obyektlər, məktəb, xəstəxanalar tikilməlidir, təmir olunmalıdır və normal vəziyyətə çatdırılmalıdır.
Yenə də demək istəyirəm ki, böyük bir proqramdır. Ancaq hazırda təxirəsalınmaz tədbirlər görülməlidir ki, bu işləri yerinə yetirək.
Qaradağ rayonu inkişaf edir, abadlaşır, yeni müəssisələr yaradılır. Qaradağ rayonu əslində ölkə miqyasında böyük sənaye mərkəzinə çevrilməlidir. Mən keçən dəfə Qaradağ rayonunda olarkən bu barədə fikirlərimi bildirmişəm, ondan sonra Nazirlər Kabinetinin iclasında bu barədə sözlərimi demişəm.
Ölkəmizdə üç əsas sənaye mərkəzi yaradılmalıdır, onlardan biri Qaradağ rayonudur. Hazırda rayonda böyük müəssisələr, sement zavodu inşa olunur, yəqin ki, ikinci sement zavodu da tikilməlidir. Ondan sonra gəmiqayırma zavodu tikilir. Ələt qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarət Limanı tikilir. Bu liman istismara veriləndən sonra burada minlərlə yeni iş yeri açılacaq ki, Ələt qəsəbəsinin sakinləri də orada işləyə bilərlər. Yəni, bütövlükdə rayonun güclü sənaye mərkəzinə çevrilməsi prosesi gedir. Bununla bərabər, bütün sosial məsələlər də öz həllini tapmalıdır. Rayon üçün ilk növbədə, bu yolların salınması böyük əhəmiyyət kəsb edir. Çünki bir daha demək istəyirəm, siz bunu yaxşı bilirsiniz ki, burada asfalt yollar olmayıb. Amma bundan sonra olacaqdır. Bu, birinci yoldur. Artıq xəritədə də göstərilib, biz harada nə işləri görəcəyik. Tezliklə bütün yollar asfaltla örtülməlidir.
SAKİN: Cənab Prezident! Bizim Ələt qəsəbəsinə xoş gəlmisiniz. Həmişə Siz gələsiniz. Sevinirik ki, Siz bu gün bizimləsiniz.Televizor vasitəsilə biz Sizin çıxışlarınıza həmişə diqqətlə qulaq asmışıq, baxmışıq, xüsusən bölgələrdəki çıxışlarınıza. Sevinirik ki, Qaradağ rayonunu addım-addım gəzirsiniz və Ələtə gəlmisiniz. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən müəllimlər qurultayının nümayəndəsi olanda ümummilli liderimizin nitqinə də qulaq asmışam və görüşmüşəm. Fəxr edirəm ki, Sizinlə də görüşürəm.
Oğullar ataların yollarını davam etdirirlər. Buna görə də Sizə minnətdarıq ki, hər şeyi yollardan başlamısınız, çünki yol mədəniyyətdir. Respublikanın hər bir bölgəsində olduğu kimi, Ələtin də, Qaradağ rayonunun digər bölgələrinin də problemləri vardır. Mən bu problemləri Sizə demək istəyirdim, Siz özünüz bu problemlərdən danışdınız. Amma xahiş edərdim ki, su, kanalizasiya problemlərinin həllində bizə kömək edəsiniz. Bilirəm ki, yeni-yeni məktəblər tikilir, bağçalar təmir olunur. İstərdim ki, Qaradağ rayonunu da heç vaxt unutmayasınız və bilirəm ki, unutmursunuz. Mən Sizə ailə səadəti arzulayıram.

{nl}

Səadət isə üfüqdür əl çatmaz ona,
Aydın görünsə də o bizə gendən.
Arzular sığışmır onun yoluna,
Səndən uzaqlaşır yeridikcə sən,
Tapdım səadəti dara düşəndə,
Alıb öz gücümü xəyallarımdan,
Kiməsə, nəyisə, hardasa mən də
Gərək olduğumu bildiyim zaman.
Çıraq ol, nurunuz artsın günbəgün,
Hər yerdə həyatın boğun zülmətin.
Məncə, çıraq olub xalqı üçün yananlar tapıbdır səadətini.
Sizə cansağlığı arzulayıram.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Burada bütün sosial məsələlər tədricən həll olunmalıdır və hər bir qəsəbənin xüsusi inkişaf planı olmalıdır. İndi bütün müvafiq göstərişlər verilmişdir ki, hər bir qəsəbə üzrə təxirəsalınmaz tədbirlərin siyahısı da tutulsun. Əslində bu məsələlər, bu problemlər bəllidir. Biz bunları bilirik. Su, kanalizasiya problemi, əfsuslar olsun ki, nəinki bu qəsəbə üçün, bütün qəsəbələr üçün ciddi problemdir.
İndi ölkəmizdə böyük və geniş proqram icra olunmağa başlayır. Hər bir bölgədə, o cümlədən Bakıda su, kanalizasiya problemlərinin həlli üçün tədbirlər görülür. Hazırda bu, ən ciddi problemdir. Çünki vaxtilə elektrik enercisi ilə bağlı problemlər də tədricən həll olunub. Bu gün bu problem yoxdur. Sizdə də yoxdur. Qazlaşdırma gedir. Ölkəmizin hər bir yerində indi qaz xətləri çəkilir. Bildiyimə görə, Ələt qəsəbəsində də qazlaşdırma aparılıbdır və qaz verilir.
SAKİN: Vəziyyət çox yaxşıdır.
Prezident İlham ƏLİYEV: Ona görə içməli su, kanalizasiya problemləri öz həllini gözləyir. Amma bu problem onilliklər, yüzilliklər ərzində bizim üçün ağrılı problem olub. Əvvəlki dövrdə - maliyyə imkanlarımız məhdud olan zaman xaricdən kredit almaq çətin idi, yəni, problem həll olunmurdu. Hazırda daxili resurslarımız hesabına biz bu problemi həll etməliyik və müvafiq tapşırıqlar verilibdir. Hər bir qəsəbədə, hər bir rayonda su, kanalizasiya problemləri həll olunmalıdır. Bununla bərabər, yenə də qeyd etmək istəyirəm ki, məktəb tikintisi, xəstəxanaların təmiri, tikintisi, yolların çəkilişi getməlidir. Bu yollarda, əlbəttə asfalt da, işıqlar da, işıq dirəkləri də yox idi. Yəni axşamlar bura zülmət qaranlıq idi. Ona görə işıq dirəkləri də qoyulmalıdır. Yəni, biz bu işlərə kompleks şəkildə və çox ciddi yanaşmalıyıq.
Regionların sosial-iqtisadi inkişafı proqramı var və artıq ikinci mərhələsi başlanıbdır. Bakı qəsəbələrinin də proqramı olmalıdır. Bu proqram indi hazırlanır. Bu ay təsdiq olunacaq və mətbuatda dərc ediləcəkdir. Hər bir vətəndaş görəcək ki, onun qəsəbəsində hansı işlər görülməlidir. Bu proqramı çox müfəssəl şəkildə tərtib etmək üçün biz yerlərdən təklifləri yığmalıyıq. Yəni, sizin qaldırdığınız məsələlər, şübhəsiz, bu proqramın çərçivələrinə daxil olunacaqdır. Ola bilsin ki, məktəb, xəstəxana ilə bağlı məsələlər ondan əvvəl də həll edilsin. Prezidentin Ehtiyat Fondundan vəsait ayrılacaq ki, bu məsələlər həll olunsun. Sizdən xahiş edirəm ki, bu proqramın icrası ilə bağlı əgər hər hansı bir problem, narazılıq, şikayət olarsa, həm mənə, həm rayon icra hakimiyyətinə, şəhər icra hakimiyyətinə müraciət edin. Biz bilməliyik ki, nəyi etməliyik, nəyi düzəltməliyik?! Hansı çatışmayan məsələlər var ki, biz tezliklə bunları həll edək.
Mən əminəm ki, yaxın zamanlarda, bir neçə ildən sonra Bakı qəsəbələrinin bütün problemləri öz həllini tapacaqdır.
SAKİNLƏR: Çox sağ olun.
* * *
Sonda sakinlər Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında